Super User

Super User

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Sevilən şair Əkbər Qoşalı bu isti iyul günlərində istirahətini Nabrandan saldı və Xəzər sahilində gözəl bir şeir yarandı. Əsl istirahət oxqatlı, tamamən nikbin.

Buyurun, siz də feyziyab olun. 

 

 

Dəniz qovur istini

Öz istim yetər deyir

Nə Günəş yox olacaq,

Nə Xəzər itər deyir.

 

Sahildə nə hikmət var? -

Fikirlilər axışar

hər axşam-səhər deyir;

Özüm də darıxıram

Adamdan betər deyir…

 

Hər sahilə gəlişim

Özümdən qaçışımdır;

Dodağımdı dalğalar -

Qara torpaq, ağ alın,

İzn ver, öpəm deyir…

 

Dəniz-Torpaq sevgisi

heç zaman bitən deyil.

Tanrı verib bu hökmü,

Qiyamət günündə də,

O höküm keçər deyir.

 

Bu da şair alxışı:

Dalğana təpər! deyir.

 

O qədər öyrəşmişik -

Mən əl edib gedirəm,

Şahə qalxır dalğalar

Mənə elə gəlir ki,

uzaqdan “Əkbər!..” deyir…

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Cümə axşamı, 01 Avqust 2024 14:45

GÜLÜŞ KLUBUnda təyyarədəki gözəlçə

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Təyyarə səmanın ənginlikləri ilə uçur. 

Gənc qız ədayla yanında əyləşmiş kişiyə deyir:

-Bu düzdür ki, kişi müştərilər aviakompaniyalara yanlarında qəşəng qızların oturdulması üçün əlavə pul verirlər?

Kişi baxışlarını illüminatordan çəkməyərək söyləyir:

-Bəli, düzdür. Amma mən bu xidmətdən həmişə imtina edirəm.

 

2.

Düşmənlik qaydalarına əməl edən düşmənlər cəmiyyəti dostluq qaydalarına əməl etməyən dostluq cəmiyyətindən daha yaxşıdır.

 

3

Belə bir versiya var ki, Trampın qulağını güllə  ilə vurmağı Mayk Tayson sifariş edib. 

 

4.

Koronavirus bütün qoxuları insana əlçatmaz edər, təkcə pulun qoxusuna bata bilməz.

 

5.

Ay sürünmək üçün yaranan, sənin axı yıxılmaqdan nə qorxun ola bilər?

 

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Toyuqla zoğal müsəmməsinin hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR 

§ Toyuq əti – 159 qr

§ Soğan – 35 qr

§ Ərinmiş kərə yağı – 30 qr

§ Zoğal – 50 qr

§ Badam – 25 qr

§ Axta zoğal – 25 qr

§ Şəkər tozu – 10 qr

§ Sarımsaq – 2 qr

§ Limon – 10 qr

§ Sarıkök – 0,2 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Toyuq ütülür, oynaq hissələrindən tikələrə doğranır, yuyulur. Xırda sümükləri, dərisi təmizlənir. Tavada (qazanda) yağ əridilir və doğranmış toyuq yarı qızardılır. Üzərinə aypa- ra şəklində doğranmış soğan, xırda doğranmış sarımsaq əlavə edilir və bir yerdə qızardılır. Soğan qızarana yaxın təmizlənmiş badam, yuyulmuş axta zoğal, duz, istiot, sarıkök, zən- cəfil vurulur və səliqə ilə qarışdırılır. Üzərinə su və ya toyuq işgənəsi əlavə olunur, ağzı bağlanır və vam odda bişirilir. Tam bişdikdə 5 dəqiqə müddətində yer dəmi alır. Həmin müddət ərzində zoğal təmizlənir. Üzərinə yağ, şəkər tozu əlavə olunur, tavada və ya sobada qızardılır. Hazır xörək buluda çəkilir, üzərinə günbəz şək- lində qızardılmış zoğal düzülür, limon sıxılır və süfrəyə verilir. Toyuqla zoğal müsəmməsi ayrıca, həm də çilov və plovlarla verilə bilər.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Cümə axşamı, 01 Avqust 2024 14:00

STATUS YAĞIŞI - Cəlil Cavanşir ilə

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını şair Cəlil Cavanşir üçün açır. Buyurun.

 

Liberalların sözüdür, deyir bir məhsulu ala bilmirsinizsə, deməli, o sizin üçün istehsal edilməyib. Necə gözəl təsəllidir. Mən də elə bilirdim ki, bahalı markalar, idman maşınları mənim üçün istehsal edilib, mən ala bilmirəm. Əməlli-başlı sakitləşdim. 

Şükür, heç olmasa bu yaşımda bir dəstə nanə, 1-2 limon ala bilirəm. Bir az düşündüm, İsmayıllı şoru da məhz mənim kimilər üçün istehsal edilib. 

Ümumiyyətlə bu günlər liberal və nikbinəm.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Cümə axşamı, 01 Avqust 2024 13:34

Bu dəfə Rixard Zorgeni “xoşbəxt etdilər”

Mədəniyyət Nazirliyi gözəl bir iş həyata keçirir. Bakı şəhərində heykəltaraşlıq əsərlərinin təmizlənməsi və abadlaşdırılması layihəsi çərçivəsində növbəti təmizləmə-abadlıq işləri davam etməkdədir. Növbəti təmizləmə-abadlıq işləri Sovet İttifaqı Qəhrəmanı, İkinci Dünya müharibəsində sovet kəşfiyyatçısı olmuş Rixard Zorgenin şərəfinə 1981-ci ildə Bakıda ucaldılmış abidə üzərində aparılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə isrinadən xəbər verir ki, hazırda Zorge abidəsi üzərində yüksəktəzyiqli su püskürmə üsulu ilə təmizləmə işləri yekunlaşıb.

Qeyd edək ki, abidənin müəllifləri heykəltaraş Vladimir Siqal, memarlar Rasim Əliyev, Leonid Pavlov, Y. Dubovdur. Abidə Rixard Zorge adına parkda yerləşir. Abidə bürünc və qranitdən hazırlanıb. Abidənin quruluşu qeyri-adidir. Hündür qara qranit pyedestalda, tuncdan və qranitdən hazırlanmış yarımdairəvi abidə qurulub. Onun üzərində mübariz qəhrəmanın üzü həkk edilib. Müəllif kəşfiyyatçının gözlərinə xüsusi diqqət verib.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün şair Faiq Hüseynbəyli  “Hər daşın altında bir ilan yatır” söyləyəcək. 

 

Doğrulardı adamlar, 

yalanlardı adamlar.

Dünyanın yaddaşında

qalanlardı adamlar.

Adamlardı ilanlar, 

ilanlardı adamlar.

Hər daşın altında bir ilan yatır. 

 

Ayaqlar yorğun düşüb,

baş danışır dərdini,

Balıqların diliylə

quş danışır dərdini.

Adamlar daşa dönüb,

daş danışır dərdini.

Hər daşın altında bir ilan yatır. 

 

İzlər düşüb yolların

ağına-qarasına.

Fikrin əlindən gedək

dünyanın harasına?

Ağırdı söz yarası,

duz basıb yarasına-

Hər daşın altında bir ilan yatır. 

 

Ömrün xoş məqamında,

Şirin çağında yatır.

Həqiqətlər solunda,

Yalan sağında, yatır.

Yatır papaq altında,

Fil qulağında yatır,

Hər daşın altında bir ilan yatır. 

 

Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Cümə axşamı, 01 Avqust 2024 12:29

“Yumurta genosidi” - NOVELLA

Samir Mirhüseynzadə, “Ədəbiyyat və incəsənət”

 

Biz rayondan Bakıya köçməmişdən əvvəl mənim böyükəmim xərçəng xəstəliyindən dünyasını dəyişmişdi. Əmimin yası olan vaxtı mənim hələ 10 yaşım var idi və mən evdə yas vaxtı gətir-götür işlərini görürdüm. Bildiyiniz "Bəyin oğurlanması" filmindəki Miriş kimi hiss edirdim özümü.

Bizim evimiz əmimin evi ilə qonşu idi və evlərin sıxlığı nəzərə alınaraq kişilər əmimgildə, qadınlar isə bizim evdə  əyləşmişdilər. Bizim ev daha əlverisli olduğu  üçün Bakıdan gələn qonaqlar bizim evdə gecələməli oldular.

 Qonaqlar Bakıya aparacaqları lazımlı olan yüklərini, "kənd məhsulları"nı bizim evdə saxlayırdılar.

Özləri üçün həm dad baxımından, həm də maddiyat baxımından daha əlverisli olan yumurta almaq qərarına gəlib anamla danışdılar, yumurta almaq istədiklərini deyəndə, anam da: - Ay qızlar, narahat olmayın, başınıza dönüm, mən tapacam sizinçün, - deyib qohumlarımızın ürəyinə sərin su səpdi ki, yumurta işini həll edəcək.  Daha haradan biləydi ki, nələr olacaq....

Anamın "böyük axtarışları" nəticəsində lazım olacaq qədər, yəni  100 ədəd yumurta tapıldı və mənim qaldığım otağın bir küncünə saxlamağa qoyuldu. Mən əl uşağı olan Miriş vəzifəmdən yorulub bir az dincəlmək üçün otağıma daxil olmuşdum ki, gözümə yimurtalara sataşdı, 100 ədəd yumurtanı gördüm. Mən o zaman bu yumurtaların bizim olduğunu sanmışdım... Qismət, belə deyilmiş. Otaqda bu qədər yumurtanı bir yerdə gördüyüm an gözlərimə işıq gəldi, əcəl girlədi məni, sanki gedib qaldım yumurtaların yanında. Bir az fikirləşdikdən sonra ikisini götürüb toqquşdurdum, bu yumurtalararası savaşdan nə qədər ləzzət aldığımı sözlə ifadə edə bilmərəm. Bu zaman mənim iki bacım da otağıma daxil olub nəsə oynamaq istəyirdilər ki, bu cür "gözəl turniri" görüb sevindilər, biri sağ, digəri də sol yanımda əyləşdilər, astaca sual verməyə başladılar

 Sağ tərəfimdə əyləşən:

-Meri qaqa, bu yumurtalar haradandır, noolar de də. Ay Meri qaqa!

 Sol tərəfimdə əyləşən:

-Meri qaqa, biz də oynaya bilərik sənlə?

Mən: -Hə, oynayaq, bacı, sən bunu tut, -deyib sola əlimi uzadaraq yumurtanı verdim.

 Sonra sağa əlimi uzadıb: -Bacı, sən də bunu tut, baxın ha, ikinizə də deyirəm, yumurtanı toqquşduranda elə vurun ki, cığallıq olmasın, düzgün oynayaq, -dedim. 

Və qıraqda hakim ədası ilə dayanıb yumurtaların bir-birinə dəyib şakkıltı ilə qırılmasını seyr edirdim. 

Bu "yarışa" sonra mən də qoşuldum. Necə maraqlı idisə 20-dəqiqəyə yumurtaların hamısın qırıb bitirdik.

Həm də ki, toqquşduranda "qayda pozuntusu" edib cox sınan yumurtanı bilinməsin deyə həyətə atırdıq. Yumurtaların axırına cıxandan sonra getdik həyətə oynamağa .

 Yarım saat keçməmişdi yuxarıdan bir çığırtı səsi gəldi ki, qulaqlarım tutuldu. Həyəcandan bilmədim nə edim, birbaşa qaçdım əmimgilin evinə.

Bir də eşitdim ki, evdən məni çağırırlar, artıq hər şeyin fərqinə rahatlıqla varırdım, həmin  vaxdı ürəyim bəlkə də dəqiqədə 300 dəfə döyünürdü. Bu həyəcanla qayıtdım evə, evdəkilər məni görcək atıldılar üstümə, şikarını görən aslanlar kimi bir sağdan, bir soldan, vurmağa başladılar. Daha məni öldürməkdən betər etdilər. Həmin iki bacımı da anam baş-başa elə vurdu ki, gözlərindən qığılcım çıxdı. Kimsə onların gözlərinə baxsa idi, o zaman "qızların gözlərindən işıq çıxır, yəqin ki, istedad işıqıdır" deyə düşünərdilər. Həmin günü ancaq yükün böyük qismi mənim çiyinlərimə düşmüşdü, bacılarım zərif cins olduqları üçün yalnız baş-başa toqquşma ilə sonlandılar, amma mən oğlan və bir az da dəcəl olduğum üçün tənbehlə şiddətli döyülmək hissini eyni anda yaşadım. Həmin günü əmimin ölümü və yumurta əhvalatından dolayı, içimdə qarışıq hisslərim var idi.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Cümə axşamı, 01 Avqust 2024 12:11

“Suad Dərviş xanımla söhbət”- ESSAD BEY

Leo Essad –Bey Nusenbaum barədə əfsanələr dolaşmaqdadır. Bir neçə təxəllüslə, o cümlədən azərbaycanlı oxuculara yaxşı tanış olan Məhəmməd Əsəd bəy və Qurban Səid təxəllüsü ilə yazdığı bəllidir. Bu məntiqlə, dünyaşöhrətli “Əli və Nino” romanının müəllifi də odur.

Talehə Əliyeva ötən əsrin 20-ci, 30-cu illərində Almaniya mətbuatında sözügedən müəllifə aid bir neçə məqaləni dilimizə çevirib və redaksiyamıza təqdim edib. Onları diqqətinizə çatdırırıq. 

 

MÜASİR TÜRK ƏDƏBİYYATI

Suad Dərviş xanımla söhbət

 

Bu günkü ərəblərin, türklərin, farsların, tatarların ədəbi yaradıcılığı olan Yaxın Şərg ədəbiyyatında müasir Türkiyə ədəbiyyatı demək olar ki, “sivilizasiyalaşdırıcı” rol oynayır.

Avropa düşüncə tərzi, Avropa mədəniyyəti Şərq xalqlarına “Türkiyə modernizmi” vasitəsilə açılır ki, bu məzmun və formaca Şərq dünyasından qopmamaqla Avropaya yaxınlaşmaqdır. “Türkiyə modernizmi” Avropa mədəniyyətinin daşıyıcısı kimi əslində didaktik ədəbiyyatdır, ancaq hələ də sanballı əsərlər yetişdirməyə gücü yetir. Məşhur türk şairi Suad Dərviş xanım bu baxımdan yeni Şərgin xarakterik bir figurudur. Zahirən parisli olan bu xanım öz impressionist yaradıcılığında türkçülüyün minillikər boyu meloncholik-mistik ruhunu əks edir.

“Qara kitab” və” Nə bir səs, nə bir nəfəs” romanları ilə məşhurlaşan Suad Dərviş təhsili ilə əlaqədar hazırda Berlindədir. O, Türkiyə Şairlər Birliyinin xətti ilə Almaniyanın mətbuat və teatr sahəsini öyrənməyə göndərilib.

“Müasir türk ədəbiyyatını 50 il əvvəl Abdul Hak Hamid və Ziya Gök Alp fars-ərəb sehirli dünyasından qoparmışlar. O vaxtdan da Avropa, əsasən də fransız ədəbiyyatı bizim bələdçimiz oldu. Anatole Francesin təsirini xüsusi qeyd etmək istəyirəm. Lakin heç bir halda türk ədəbiyyatı fransızlaşmış deyil.

Müasir Türkiyə ədəbiyyatının hazırda ümumi bir ədəbi xətti yoxdur. Biz ədəbi anarxiya vəziyyətindəyik. Ekspressionistlər, dadaistlər, imacinistlər, simvolistlər, hətta aramızda naturalistlər də var. Bu gün Avropada olan hər ədəbi cərəyanın Türkiyədə iki, üç tərəfdarı var. Onlar da başqa ədəbi məktəblərin 200, ya 300 tərəfdarları ilə amansız mübarizədədirlər. Məsələn, mən özüm, tənqidçilərə görə “mistik çalarlı” , impressionistəm. Bu cərəyan qarmaqarışıqlığında onsuz da hər şeyi istedad həll edir. Simvolistlərin ən görkəmli nümayəndəsi Ahmed Haşimdir. Onun şeirləri türk ədəbiyyatının son yüzilliklərinin şübhəsiz ən yaxşı nümunəsidir. Yakub Kara Karaosmanoğlunun “Rahmet “ və “Bir sərəncam” novellaları almancaya tərcümə olunub. Digər liriklərdən mən Memed Emin və parlaq hekayə yazarı Ahmed Hikməti qeyd etmək istəyirəm.

Bizim zəmanəmız üçün maraqlı və təəccüb doğuran haldır ki, türk ədəbiyyatında məhsuldarlığına görə qadın kişiylə eyni səviyyədə durur. Elə bil yüzilliklər boyunca Hərəmdə türk qadınlarının şairliyi püxtələşilb. Bu gün türk ədəbiyyatının əsaslı hissəsi qadınların əlindədir. İlk növbədə Halide Edib və onun “Yeni Turan” və “Dağa çıxan kürd” əsərlərini qeyd etmək istəyirəm. Halide Edib həm dahı şairə, həm də bizim milli mübarizimiz kimi tanınır. İstiqlal savaşında o, sıravi əsgər kimi cəbhədə vuruşmuş, sonralar Türkiyədə yeganə qadın zabit olmuşdur. Halide Edib türk şeiriyyətinin ən qocaman nəslidir. Ancaq çağdaş ədəbiyyatda da emansipasiyalaşmış türk qadınının böyük rolu var.”

Kişi müşayətçi olmadan, qısa saçlı, əlində kirşan qabı və Türkiyə Şairlər Birliyinin vəsiqəsi ilə Avropada səyahət edən Suad Dərviş xanım özünün də bu ölkənin ədəbiyyatında xidmətləri var. Onun romanları Türkiyədən çox uzaqlarda bütün Şərqdə məşhurdur. Bu mavi gözlü gənc türk qadını zahirən şərqliliyi sezilməsə də, qanı və canı ilə türk olaraq qalmışdır.

 

Sağollaşmaq zamanı manıkürlü əlini uzadıb, musiqili İstanbul türkcəsində mənimlə bir az Hazenkleverin ”Nigahlar göydə bağlanır” əsəri haqda danışdı, Almaniyada senzuranın olub-olmadığını soruşdu.

 

Essad Bey.

 

“Die literarische Welt” qəzeti 5/1929, Nr. 2, S.1(1 1/4)

Almancadan tərcümə etdi: Talehə Əliyeva

Müəllif hüquqları qorunur.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Körpə xəyalıma bükmüşəm səni,

Şeirdən atalı, analı ömrüm.

Göylərin köksünə çəkmişəm səni,

Dodağı dualı, sənalı ömrüm.

 

Kiçicik boğçamda ətirlənmisən,

Körpə gülüşümdən çətirlənmisən,

Şeirlərə dönüb sətirlənmisən,

Məhəbbət ruhuma qonalı, ömrüm.

 

Girib ağuşuma dili lal kimi,

Asılıb dilimdən sirr, sual kimi,

Cismimi seyr edib bir xəyal kimi,

Gölləri yaşılbaş sonalı ömrüm.

 

Geyinib əyninə lalədən köynək,

Unudulub dərdlər, çəkilib göynək,

Naibə şeirdə çırpınan ürək,

Nəğməsi kəkliktək hənalı, ömrüm.

 

Əslində, hər bir şair bu dünyada anadan olan, amma alayı bir aləmdən göndərilən elçidir. Bu dünyadan ona qalan ad və təxəllüs, bu dünyada saxladıqları isə gətirdikləri olur. Bu gün sizə onlardan biri- şair Naibə Yusubludan söhbət açmağa səy göstərəcəm...

Deyir ki;-“Arzum dünyada Azərbaycanımızın xüsusi dəst-xəttini görmək; təhsilimizə ayaq açan yad ünsürləri aradan qaldırmaqdır. Niyə gizlədim, sovet dönəmindən qalma pafoslara, mədhiyyəçiliyə son qoyulmasını, ədəbiyyatımızın bütpərəstlərdən xilas olmasını istəyirəm...”

Naibə Yusublu Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya gəlib. Orta təhsilini Şirvan (Əli Bayramlı) şəhər 10 nömrəli orta məktəbdə başa vurub. Sonra ADPU-nun Filologiya fakültəsini bitirib. O vaxtdan da Şirvan şəhər 20 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir...

 

Qara-qura gecələrdən,

əyri-üyrü küçələrdən,

ilmələri hörülməyən keçələrdən

xoşum gəlmir.

Saxta, iblis gülüşlərdən,

dodaqaltı söyüşlərdən,

bar-bəhərsiz döyüşlərdən

xoşum gəlmir.

Ot-ələfsiz örüşlərdən,

ayaqüstü görüşlərdən,

haqqı danan yürüşlərdən

xoşum gəlmir.

Yad ellərdə rahat yatan

el dərdini başdan atan

halalına haram qatan

vətənsizdən,

ağ rəngi də qara görən 

kəfənsizdən

xoşum gəlmir.

Xoşum gəlmir 

kölgələnən təpələrdən,

sahilləri xımır-xımır,

asta yeyən ləpələrdən.

Xoşlamıram narın,

sısqa yağışları,

Sis-dumanı,

ağ alnıma damğa olan 

qara-qara "naxış"ları,

ellərimə xəyanəti,

məlul, miskin, baxışları,

sərhəd boyu utancından 

üz gizləyən barışları...

Xoşlamıram 

korun-korun öləziyən ocaqları,

namərdlərə meydan verən

veyl, səfil bucaqları,

hər küncündə ilan yatan

soyuq, mənfur qucaqları.

Dağ çayıyam, himə bəndəm,

Soruşmayın kimə daşqın, 

kimə bəndəm.

Kükrəməyə, çağlamağa

nazik, sarı simə bəndəm....

 

Bu, onun “İlmə” şeiridir. Ümumiyyətlə, Naibə xanım bədii yaradıcılığa hələ ədəbiyyatçı olmamışdan çox-çox qabaq, 5-ci sinifdə oxuyarkən başlayıb. Səkkiz kitabın müəllifidir. İlk şeirlər kitabı "Dünya, səndə nəyim qaldı" adlanır. "Özüm olmaq istəyirəm" şeirlər kitabı və "Qəzəllər" toplusu da oxucular arasında maraq doğurub. Nəşr olunası iki şeirlər kitabı, bir romanı və bir hekayələr kitabı var...

Adətən xanımlar “hamıdan gözəl mənəm mən” qənaətilə yaşamağı xoşlayırlar, amma o, yerli-yersiz öyünməkdən çox uzaqdır. “Hər kəs ədəbiyyatda, eləcə də həyatda çəkisini- yerini bilməlidir. Sənətə- sözə qiymət verməyi bacarmalıdır. Söz adamlarına rütbəsinə görə deyil, sözünün qüdrətinə görə hörmət etmək lazımdır. Püxtələşməkdə olan gənc nəslə təmənnasız dəstək olmağa çalışmalıyıq”- söyləyir...

Mütaliə etməyi və tarixi filmləri izləməyi xoşlayır. Yaradıcılıq uğurları isə az olmayıb. Bir-birinin ardınca yazdığı "Tənha köç", "Zərbə", "Gülün yarpıza dönsün", "Gəzən şəhid", "Yüz on ikinci gün" romanları oxucuların rəğbətini qazanıb. Şeirləri, qəzəlləri də oxucuların diqqət mərkəzindədir...

Naibə xanımın yaradıcılığı o qədər zəngindir ki, onu bir söhbətə sığışdırmaq çətindir. İnanıram ki, gələcəkdə Naibə Yusublu imzası Azərbaycanın ən çox sevilən qadın imzaları sırasında tez-tez sadalanacaq...

 

“Yenə lal xatirələr qəm dolu karvana dönüb,

Nəyə küskün, görəsən, qüssəli sarvana dönüb?

 

Dənizin gövhəritək gözdə yatan inci, sədəf,

Axıdır göz yaşı, köksüm dəli ümmana dönüb.

 

Aparır, bilməm hara fikrimi bu çərxi-fələk?

Gətirir kimləri gör, yol bizim ünvana dönüb?

 

Gecə düşcək yürüyür xatirələr cana qonaq,

Nə edim, can da bu günlər özü mehmana dönüb.

 

Gecənin pəncərəsindən asılıb hər diləyim,

Uzanan əllərimiz sirr dolu Pünhana dönüb.

 

Yerə en, Naibə, en xatirələrdən, göyə bax,

Diləyin sirri- Xudatək Ulu Sübhana dönüb.”

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Cümə axşamı, 01 Avqust 2024 11:02

BİR SUAL, BİR CAVAB Rüstəm Behrudi ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Beşin yarısı - gecə...

Sənsiz gecə - bilməcə.

Qayıt, xəlvət, gizlicə,

Ömür, bir an olmadan. 

(Rüstəm Behrudi)

 

 Dəyərli Şairimiz, “Bilməcə"ni açmaq üçün cismi torpağa, ruhu səmayamı qondurmaq lazım?

 

 CAVAB:

İnsan bu bilməcəni açmaq gücündə deyil! Sadəcə ona cəhd eləyə bilər. Bütün bilməcələrin sirri ölüm deyilən şeyin içindədi. O bilməcəni açmaq üçün ölmək lazımdı! Ancaq  heç kim də ölmədən ölmək istəmir!

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.