Super User

Super User

Avqustun 8-də “YARAT” Müasir İncəsənət Məkanında Honkonq rejissoru Vonq Kar-Vayın “Sevgi əhvali-ruhiyyəsi” (“In the Mood for Love”) filminin nümayişi olacaq. 

 

AzərTAC xəbər verir ki, filmin nümayişi “Müşahidə olunmayan arzular” qrup sərgisi çərçivəsində həyata keçirilir. 

Ekran əsərində hadisələr 1960-cı illərin Honkonqunda cərəyan edir. Öz həyat yoldaşlarının xəyanətindən xəbər tutan böyük mənzildəki qonşular – jurnalist Çou Movan və katibə Su Liçjen birlikdə daha çox vaxt keçirməyə başlayırlar. Onlar hətta bir-birinə aşiq olsalar da, bunu bəyan etməyə cəsarət etmirlər. Qüsursuz reputasiyası olan nadir filmlərdən biri sayılan “Sevgi əhvali-ruhiyyəsi” Toni Lyuna Kann kinofestivalında (2000-ci il) ən yaxşı kişi aktyor mükafatını qazandırıb və bu ekran əsəri BBC telekanalının 2016-cı ildə bütün dünya üzrə kino tənqidçiləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, XXI əsrin ən yaxşı 100 filminin siyahısına daxil edilib. 

Filmin nümayişindən sonra “Atrium” anti-kinoklubunun nümayəndəsi Eldar Albertssonla ekran əsərinin müzakirəsi olacaq. 

“Sevgi əhvali-ruhiyyəsi” filmi Azərbaycan dilində subtitrlə göstəriləcək. 

Qeyd edək ki, Honkonq rejissoru Vonq Kar-Vay özünün poetik kino dili və romantik dramları ilə seçilir. Onun filmlərinin arasında “Çunkinq ekspresi” kimi maraqlı film də var. Rejissorun “Birlikdə xoşbəxtik” ekran əsəri isə 1997-ci ildə Kann kinofestivalında ən yaxşı rejissor işinə görə mükafatına layiq görülüb. Vonq Kar-Vay bu mükafatı alan ilk Honkonq rejissorudur.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

Avqustun 16-dan 31-dək Həştərxanda Rusiyanın “Mədəniyyət” milli layihəsi çərçivəsində ənənəvi “Xəzər mövsümü” Beynəlxalq Klassik İncəsənət Festivalı keçiriləcək.

 

AzərTAC xəbər verir ki, Xəzəryanı ölkələr Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistanın mədəniyyətini təbliğ edən festivala bu il Özbəkistan və Belarusdan da qonaqlar qatılacaq.

Festivalın açılış konserti avqustun 17-də Həştərxan Kremlinin meydanında olacaq.

Konsertdə Rusiyanın Əməkdar artisti, Başqırdıstan və Tatarıstan respublikalarının Xalq artisti İldar Abdrazakov, Rusiya və Şimali Osetiyanın Əməkdar artisti Aqunda Kulayeva, Azərbaycanın Xalq artisti Dinarə Əliyeva, Hamburq Dövlət Operasının solisti, Böyük Teatrın dəvətli solisti Dövlət Nurgəldiyev və Türkmənistandan tanınmış müğənni Ayna Seyitkuliyeva, Qazaxıstanın Əməkdar incəsənət xadimi, Astana Opera Dövlət Opera və Balet Teatrının aparıcı səhnə ustası Talqat Musabayev, İrandan viola ifaçısı, beynəlxalq müsabiqələr laureatı Amin Qafari və başqa məşhur ifaçılar çıxış edəcəklər.

Kabardin-Balkar Respublikasının (RF) Xalq artisti Mixail Qolikovun idarəsi ilə Xəzərətrafı dövlətlərin simfonik orkestrinin ifasında dünya bəstəkarlarının əsərləri səslənəcək. 

Festivalın tədris proqramı çərçivəsində “Vokal akademiyası”, “Orkestr akademiyası” və “Balet akademiyası”nın açıq dərsləri keçiriləcək.

Bundan əlavə, Xəzərətrafı dövlətlərdən olan artistlərin solo konsertləri, “Rusiya – Xəzərətrafı” fotosərgisi də nəzərdə tutulub.

Festival A.S.Darqomıjskinin “Su pərisi” operasının Həştərxan Kremlində premyerası ilə başa çatacaq.

“Xəzər mövsümü” festivalı Rusiya Mədəni-kütləvi Proqramlar üzrə Direktorluğu, Həştərxan Vilayəti Hökuməti və vilayət Mədəniyyət Nazirliyinin dəstəyi, Həştərxan Opera və Balet Teatrı və Həştərxan Filarmoniyasının tərəfdaşlığı ilə təşkil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Hələ heç kəs poeziyada sürrealizm göstərə bilməyib. Dünyada yalnız fransız poeziyasında bunu Renuarda görmüşük, bir də yəhüdi poeziyasında Mendelştamda və Brodskidə. 

Adilsə göstərib. O özü həm də rəssam idi, impressionist rəsmlər çəkirdi. 

Bəli, biz iddia edirik ki, Adil Mirseyidin yazdıqları poeziyamızın qızıl fondudur. Kim razılaşmırsa, özü bilər. 

 

bəxti yatmiş bir ömrü 

oyada bilmədi quşlar röyadan

dur ayağa yuxu yiyəsi dur qalx ayağa

nə umursan bu dünyadan

gün doğub qarşı dağa

yüz sirrin qıfılı qırıldı birdən

mənim ayağım üzüldü yerdən

gözüm görməz oldu dilim lal oldu

haqdan savayı hər şey bir anda xəyal oldu

sən harasa getməliydin bu səhər

gedib geri dönməmək var bilirəm 

bir buludun üstündə oturub gözlə səbrlə gözlə

mən Allah eşqinə sənə gəlirəm

bir şair xəyaləti dolaşar bu dünyada

damağında tüstülənər qəlyanı

birdən qafası qızar birdən qaynayar qanı

dolaşar gecə yarı İstanbulda, Parisdə

Ləkidə Şəkidə Bakıda Varşavada

bilirəm ki sənin xəbərin yoxdu

mən intihar elədim yağmurlu bir havada

bir şair xəyaləti dolaşır bu dünyada

bir gün sənin gözünə görünəcək röyada

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”in Qarabağ bölməsi

 

Nadir Qədimli ixtisasca iqtisadçı olmasına baxmayaraq, hələ 1998-ci ildə onun “Qarabağım qan ocağım” mənzum dramı rejisor Ədalət Ziyadxanov tərəfindən Əbdürəhman bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulur. Tərbiyəvi əhəmiyyət kəsb edən məzmuna, poetik rəngarəngliyinə, aktyorların oyununa, rejissor quruluşuna, dekorasiya tərtibatına görə tamaşa böyük uğur qazanır. Əsərin belə uğurlu alınması Azərbaycan DövlətTeleviziyasının diqqətindən yayınmır. Tamaşa AzTV tərəfindən kadra alınır və hazırda orada qorunub saxlanılır.


Bundan başqa şairin Ağdam Dövlət Dram Teatrında “Özəlim, Gözəlim”, “Təftiş əməliyyatı”, “Günahsızlar” pyesləri tamaşaya qoyulub. Hətta “Özəlim, Gözəlim” komediyası əsasında televiziya tamaşası hazırlanmışdı. Yeri gəlmişkən, Ağdam Dövlət Dram Teatrı ötənilki mövsümü şair Nadir Qədimlinin “Günahsızlar” əsəri əsasında hazırlanan tamaşa ilə açıb və ilk tamaşa hərbçilər üçün təqdim edilib. 

44 günlük müharibədən sonra səhnəyə qoyulan “Günahsızlar” tamaşası festivala təqdim olunub. Üstəlik, Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının “Fəxri Diplom”una layiq görülüb.

İndi isə keçək xəbərimizə. Bu isti yay günlərində Atatürk Mərkəzində Nadir Qədimlinin növbəti “Ürəyimə yağan yağış” adlı yeni kitabının təqdimat mərasimi oldu. Xatırladım ki, “Sənsiz dünyam”, “Ürəklərdə göyərən dərd”, “Daş məhəbbət”, “Danışır Azərbaycan “ kitablarından sonra sayca beşinci olan “Ürəyimə yağan yağış” ”Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. 328 səhifədən ibarət kitabın redaktorluğu və ön sözü şair Namiq Hacıheydərliyə məxsusdur. Kitabda şairin müxtəlif mövzularda olan şeirləri toplanıbdır. Həmişə Vətən həsrəti ilə yaşayan şairin şükür ki, arzuları çin oldu. 30 illik həsrət vüsalə döndü. Ancaq Nadir Qədimin bu səpkili şeirləri işğal dövrünü özündə yaşadan həsrət nəğmələri və tarixdir:


Hər çiçək gözümdə bir dərd topası,

Oydu bu içimi dərd oyum-oyum.

İstədim boylanam dağlara sarı,

Dağların boyuna, çatmadı boyum.

 

Hər bahar qəlbimdə ümid göyərir,

Hər bahar qəlbimdə bir ümid solur.

Deyirəm gələn yaz yurda gedərik,

Nə yazım yaz olur, nə yurd, yurd olur.

 

Nadir Qədimlinin hansı şeirini oxudum, öz dərdimi gördüm, öz yurd həsrətimi, yuva nisgilimi gördüm. Hərdən yurdumuz üçün burnumuzun ucu göynəyəndə, ürək qübar edəndə şairin misraları hisslərimizə tərcüman olurdu:

 

Dərd əhliyəm, dərdlər yatır sinəmdə,

Yadlar qurub alaçığın binəmdə,

Mən hansı dərdimə dərman tapmışam?

Bir danışam, bir sevinəm, güləm də!

 

Başqa bir şeirdə şairin iç dünyasında yaşadığı qəm, kədər, dərd və həyatın çətinlikləri poetik şəkildə təsvir olunub. Zamanın dəyişməzliyi, məhəbbətə və arzuyaçatma çətinlikləri, dost və qardaş münasibətləri qabarıq təsvir olunur:


Ömrümə çalınan qəm havasına.
Yaxınım bildiyim sirdaş oynayır.
Zamanın hökmünə neyləmək olar.
Qardaşın qanıyla qardaş oynayır.

Dünyaya gəlmişəm bilməm nə haxla..
Savaşa çıxmışam dərdlə, nahaqla..
Ay başım, başını salamat saxla..
Başının üstündə bir daş oynayır.

 

Şair başqa bir şeirində insanın ömrünün boşuna xərclənməsindən, həyata dair arzularının gerçəkləşməməsindən və ümumi çətinliklərdən bəhs edən şair öz həyatının çətinliklərini və ümidsizliyini ifadə edir, həyatın çətinliklərini və insanın çarəsizliyini təsvir edir, Allahdan kömək umur:

 

Havayı xərclənən ömür,

havada qaldı, Allahım!

Canıyla əlləşən canım

Davada qaldı, Allahım!

 

Yollar yolumu qucmadı,

Yolsuz yolumdan qaçmadı,

Arzular qanad açmadı,

Yuvada qaldı ,Allahım!

 

Dönük çıxma kökə, soya,

Kim unuda, kim də saya,

Üzlərdəki abır- həya

Obada qaldı,Allahım!

 

Halal-haqqı üzə dedim,

Dərdimi dənizə dedim,

Bir də gördüm son ümidim-

Adada qaldı, Allahım!

 

Şair Vətən müəharibəsindən sonra dağlara gedib bənövşə axtarır, ancq uşaqlığındakı, gəncliyindəki dağları görə bilmir və sanki Aşıq Ələsgərin taleyini yaşayır və öz dərdini “Bənövşə” adlı şeirdə bənövşənin təbiətdəki yoxluğunu və bunun səbəblərini təsvir edir. Şeirin müəllifi bənövşənin qar və kol altında gizləndiyini, lakin onu tapa bilmədiyini qeyd edir. Şeir bənövşənin həsrətində olan ürəyin narahatlığını və təbiətin bu gözəlliyindən məhrum olmağı vurğulayır. Bənövşə bahardan küsərək bitməyi dayandırmış kimi təsvir olunur. Bu çiçəyin taledən və boynubükük qalmaqdan yorulduğunu, insanların dərdini öz dərdlərindən üstün tutduğunu bildirir. Şeirdə bənövşənin dərdini heç kimin bilmədiyi və şəhidlərin xətrinə bitmədiyi ifadə olunur:

 

Gözlərim qar altında,

gözlərim kol dibində.

ürəyim hey uçunur,

bənövşə həsrətində.

ha gəzdim addım-addım,

ha baxdım maddım-maddım,

arzum kama yetmədi.

deyən bahardan küsüb,

heç bənövşə bitmədi..

o da bezdi taledən,

boynubükük qalmaqdan.

öz dərdini unudub,

bizləri ağlamaqdan.

bənövşə bəndə düşdü,

qəlbi yaman üşüdü.

bənövşə "can" bənövşə,

bənövşə."qan bənövşə"!

zaval dəydi ətrinə,

dərdi kimsə bilmədi.

Şəhidlərin xətrinə

bənövşələr bitmədi....

 

Ümumiyyətlə, Nadir Qədimlinin şeirləri və əsərləri, onun dərin duyğularını, vətən həsrətini və insanlıq dərdlərini ifadə edir. O, şeir və dramlarında Qarabağın ağrı-acılarını, insanların çəkdiyi əzabları və arzu dolu ümidlərini təsvir etməyi bacarıb. Qədimlinin əsərləri oxucunu onun daxili dünyasına, vətənə və insanlığa olan sevgisinə aparır. Şairin əsərləri Azərbaycan ədəbiyyatının zənginliyini və dərinliyini artırır. Onun yaradıcılığı, keçmişin ağrılarını və gələcəyə olan ümidləri canlı tutaraq oxuculara dərindən təsir edir. "Ürəyimə yağan yağış" kitabı da bu mənada dərin mənalı və təsirli əsərləri özündə cəmləşdirir. Qədimlinin şeirlərindəki duyğular, oxucunun qəlbində əks-səda taparaq, onun əsərlərinin dəyərini və əhəmiyyətini bir daha göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün Qərbi Azərbaycanla bağlı maraqlı faktları təqdim edir.

 

1.                Azərbaycan memarlığının şah əsərlərindən biri olan 1578-ci ildə inşa olunan İrəvan Sərdar sarayını 1918-ci ildə ermənilər yerlə-yeksan etdilər. Hazırda sarayın yerində İrəvan-Ararat şərab zavodu yerləşir.

2.                Qərbi Azərbaycanın (indiki Ermənistan) ən böyük gölü olan Göyçə gölü 78 km uzunluq, 56 km enə malikdir. Cənubi Qafqazın ən iri şirin sulu gölüdür və 2070 m hündürlükdə qərarlaşır.

3.                Qərbi Azərbaycan ərazisində 6 iqlim zonası var. Bu onun yerləşməsi və relyefi ilə əlaqədardır. Qış ayları orta temperatur 0 C˚, yay ayları 25 + C˚ -dir.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Aynar Təbrizlinin şeirlərini təqdim edir. 

 

 

Aynar Təbrizli

Təbrizli

 

I

Həyətdə kölgəmə qılınc atır birisi

Qanı içimə damılır mənim...

 

Yuxudan atılıram...

Adamlar yerə atılırlar sümüklərimin yorğun binasından...

Ayağıma dolaşır

Qıçlarımdan, belimdən, boynumdan yuxarı gedir saçımın buruqluğu...

Rəngim qaçır...

Rəngi qopuq divarlara bənzəyirəm get-gedə

Yediyim işarə barmağımın dərisi ilə

Soyulur bütün varlığım.

 

Silinirəm

Toxunduğum bütün əşyaların barmaq izlərindən

Əllərimin hafizəsindən silinirəm yavaş-yavaş.

Kimliyimdən

Ailə tabutumuzu kefsizlədən iradi

Gülüşlərimdən.

İtirmişəm əllərimi!..

Barmaqlarım piyanoda qalıb...

Əllərim işdə qalıb...

Bu bədəndə başqa insanlar yaşayırmış görən?

Üzümü çimdikləyirəm ki, inanam diriyəm hələ...

 

Kədərliyəm

Kədərliyəm ki, heç bir qucağa qırılmadı düymələrim.

Buraxın unudum tənimdə göynəyən qopuq qanadlarımın yerini...

Buraxın unudum özümü...

Yerimin hara olduğu da bəlli olmasın...

Yaxamdan əl çəkin

Susun soyuq divarlar!

Mat baxış, quru gülüşlərinizdən zəhləm gedir...

Birisi otağıma girir

Deyir ki,

İxtiyarsız işəmək

İradi gülüşlərin etkisidir!

  

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

 

Bazar ertəsi, 05 Avqust 2024 12:00

Təvəkkül Boysunardan “ARAZ AXIR QIYĞACI...”

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Təvəkkül Boysunarın “Araz axır qıyğacı” hekayəsini təqdim edəcəyik.

 

 

Təvəkkül BOYSUNAR

 

 

ARAZ AXIR QIYĞACI...

 

Manatlıq taksiyə minəndən bir az sonra yol pulunu sürücüyə uzadanda sürücü başını arxaya meyilləndirərək:

         – Xanımlar, siz də, zəhmət olmasa, gediş haqqını verərdiz, – dedi və mən həmin günün ilk təəccübünü yaşadım.

         Çünki yanımda oturanlar xanım yox, iki kişi idi. Hətta onların ikisi də bir az artıq çəkili olduğundan, maşına minəndə özümü o dar yerə sığışdırmaq üçün əməlli-başlı əziyyət çəkəsi olmuşdum.

         Fikirləşdim, yəqin, sürücü, çaşdığı üçün belə bir səhvə yol verib və elə bu minvalla da ağzımı açıb hamını güldürəcək bir zarafat etmək istəyirdim ki, sürücüyə tərəf hamar dərili, çılpaq və incə bir qol uzanıb öz manatını verdi. Qorxudan ürəyim döyünməyə başladı və mən həmin döyüntülərin ritmi altında başımı çevirib yanımdakı o iki adama təkrar baxanda gördüm ki, bayaqkı kişilərin yerində iki cavan qız oturub və onların hər ikisinin də əynində uzun ziyafət paltarı var. Amma paltarlarının fərqli yerlərindən saplar sallanırdı, sanki onlar yarımçıq tikilmişdi və sapların bəziləri dartılaraq paltardan sökülmək istədikcə qızlar əlləri ilə həmin sapları bərk-bərk tutmağa çalışırdılar.

Əslində, başqa vaxt olsaydı, çiyinləri, sinələri və kürəklərinin bir qismi açıq olan bu qızların gözəlliyinə, maraqla və zövqlə baxacaqdım, amma indi onlar mənim gözümə o qədər qorxulu görünürdülər ki, başıma nəsə faciəvi bir hadisə gəldiyini düşünür, ürəyimin döyüntüsünü sakitləşdirə bilmirdim.

Bir az sonra birtəhər özümü ələ aldım və metroya az qaldığı üçün pəncərəyə söykənib bir də qızlar tərəfə baxmadan səbirlə yolun sonunu gözlədim. Bu vaxt qabaqda oturan sərnişinə ilk dəfə fikir verəndə onun da qız olduğunu gördüm və bayaq maşına minərkən hər şeyi yanlış anladığım qənaətinə varmaq istəyirdim ki, yerimin daralmağa başladığını, qapıya tərəf sıxıldığımı hiss elədim. Elə həmin andaca yanımdakı iki adamdan biri qalın və kobud kişi səsiylə qabaqda oturan sərnişinə:

– Xanım, sizdə, bəlkə, beşliyə xırda olar, – dedi və mən başımı döndərib onlara baxanda onların yenə də kişiyə çevrildiklərini gördüm. Bir az öncə çətinliklə sakitləşdirdiyim ürəyimin döyüntüləri bu dəfə daha şiddətlə hiss edilməyə başladı və bir anlıq mənə elə gəldi ki, sanki ürəyim yerindən qopub məni tərk etmək, qorxusundan harasa çıxıb qaçmaq istəyir. 

Metroya gedən yolda artıq sonuncu keçidi də arxada qoymuşduq deyə, özümü inandırmağa çalışdım ki, bir az sonra bütün xoşagəlməzliklər sona çatacaq və ayağımı maşından kənara atan kimi hər şey qaydasına düşəcək.

Gözlərimi yumub başımı arxaya söykədim. Günlərdir necə yuxusuz idimsə, yavaş-yavaş huşlandığımı hiss elədim, amma qəfil siqnal səsləri getdiyim yuxudan məni geriyə qaytardı və gözlərimi açanda gördüm ki, artıq metroya çatmışıq.

Sürücü maşını uyğun bir yerdə saxladı, sağ əlimlə qapını açıb ayağımı asfalta qoydum və aşağı düşəndən sonra üzümü çevirib arxa oturacaqdakı iki sərnişinə diqqətlə baxmağa başladım.

Onlar o qədər kök idilər ki, maşından düşməkdə çətinlik çəkirdilər, buna görə də mən bardürün üstündə dayanıb sakit-sakit onlara tamaşa edərkən, bir az əvvəl yanımda oturan kişi, əlini mənə uzadıb kömək istədi. Qəribə bir qorxu hiss etdim, kömək üçün uzanmış əlinə heç bir qarşılıq vermədim, üzümdə heyrət ifadəsi ilə geriyə doğru bir-iki addım atdım və həmin vaxt o sanki elə bunu gözləyirmiş kimi qıvraq və cəld hərəkətlə maşından düşüb mənə barmağını yellədə-yellədə:  

– Belə oldu hə? Yaxşı, tələsməəə, heç eybi yox, – dedi, sonra isə iti addımlarla yanımdan keçib avtobus dayanacağına getdi.  

Yerimdən tərpənmədən bir müddət arxasınca baxdım. Hər şeyi unutmağa çalışaraq metroya tərəf istiqamətləndim və yer altına aparan daş pilləkənin ilk pilləsinə ayaq basan kimi gecə gördüyüm yuxunu həmin gün ilk dəfə olaraq xatırladım.

Amma o yuxunun bu gün başıma gələnlərlə heç bir əlaqəsi yox idi, çünki yuxumda mən, doğulduğum ildən də beş il əvvələ – 1989-cu ilə qayıdıb Araz çayı kənarındakı sərhəd xəttinin yanında, yəni ancaq televiziya ekranlarında gördüyüm bir məkanda atamla yan-yana dayanmışdım. Sərhədin bizə tərəf olan hissəsində ikimizdən başqa heç kəs yox idi və biz ikimiz birlikdə tikanlı məftilləri qırmağa çalışırdıq.  Sərhədin o tayında da iki adam var idi. Onlar bizim hərəkətlərimizi sinxron şəkildə təkrarlayaraq eynən bizim kimi həmin məftilləri qırmaq istəyirdilər. Əynimizdəki paltarların və ətrafdakı hər şeyin rəngi televiziya ekranlarında keçmiş illəri əks etdirən kadrlar sayağı ağ-qara idi. Yuxunun bu hissəsini açıq-aydın xatırlasam da, hiss edirdim ki, orda başqa nələrsə də var idi və həmin şeyləri indi tam xatırlamaq istəməyimə baxmayaraq, onlar heç cür yadıma düşmürdülər.

Bir anlıq ağlıma gəldi ki, bugünkü işlərimi təxirə salıb evə qayıdım. 

Amma bunu edə bilməzdim, çünki indi cibimdəki fləşkartda düz bir aydan bəri gecə-gündüz üzərində işlədiyim elmi məqalə var idi və bu gün evdən çıxmaqda əsas məqsədim həmin məqaləni çap edərək rektorun qəbuluna getmək, kafedradakı boş müəllim ştatı üçün müraciətimi bu dəfə birbaşa rektora etmək idi. Çünki bundan əvvəl müraciət etdiyim şəxslər mənə mane olmaq üçün məntiqsiz bəhanələr uydurmuşdular və indi mən son silahım kimi istifadə edəcəyim bu məqalə sayəsində rektorun qəbulundan istədiyim nəticəni alacağıma inanırdım. Buna o səbəbdən ümidvar idim ki, həmin məqalədə mən üç ay əvvəlin günəşli bir günündə universitet elmi şurasında təsdiq edilmiş dissertasiya mövzum olan Cənubi Azərbaycanla bağlı indiyəcən heç vaxt ortaya qoyulmamış tarixi-fəlsəfi bir yanaşma sərgiləmişdim və rektorun bu cür məqaləyə laqeyd qalması mümkün deyildi.

 

                                                  II

 

Qatara mindikdən sonra qapıya söykənib adamların üzünə baxmağa başladım. Lokomativin sürüdüyü vaqonlardan çıxan ah-nalələrə qulaq asa-asa rektorun qəbuluna gedib-getməməyi bir də götür-qoy etməyə çalışdım. Çünki əgər səhərdən bəri məni təqib edən bu qəribəliklər rektorun otağında, onun dəhlizlərdə gördüyüm ciddi siması ilə üzbəüz oturduğum vaxt da mənim yaxamdan əl çəkməsəydi, onda universitetin elmi tədqiqat mərkəzindəki hazırkı işimi də itirə bilərdim.  

Yağışdan sonra çıxan günəş metrodan universitetə doğru getdiyim piyada yolda əhvalımı bir qədər düzəltdi və sanki məni öz şüalarıyla çəkə-çəkə universitetin qapısı ağzına qədər gətirdi. Universitetin qarşısında bir qədər dayandım, hər şeyin yolunda getdiyinə əmin olmaq üçün başımı qaldırıb, səkidən keçən maşınlara, çəkdirdikləri şəkildə necə düşdüklərini yoxlayan qızlara, bir kənarda dayanıb siqaret çəkən oğlanlara göz gəzdirdim. Hər şey, deyəsən, doğrudan da, yolunda idi.

Mühafizəçilərin arasından keçib universitetə daxil oldum. Bir neçə addım atıb irəli getdikdən sonra birinci mərtəbənin salonundakı oturacaqlarda oturan qızlar eyni vaxtda başlarını qaldırıb mənə baxdılar. Bir anlıq mənə elə gəldi ki, yenə hansısa qeyri-adi hadisə baş verəcək. Həyəcanım yavaş-yavaş baş qaldırmaq istədi. Çünki gözlərini dikib diqqətlə mənə baxan qızların hamısı kiminsə məqsədli şəkildə seçib orda oturtduğunu düşünəcəyim qədər gözəl idilər. Onların mənə yönəlmiş baxışları atdığım addımlarla bir yerdə irəliləyərək ödəniş aparatlarının yanınacan məni müşayiət elədi. Sonra qızlar eyni vaxtda da kirpiklərini aşağı endirib gözlərini məndən çəkdilər və onların enmiş kirpikləriylə bir yerdə bir az əvvəl qabarmağa başlayan həyəcanım da təzədən geri çəkilərək sakitləşdi.

         Kserokopiya budkasındakı printerin yarıqaranlıq ağızlığından bir az sonra kağız şəklində çıxacaq yazımı axırıncı dəfə gözdən keçirtmək üçün sol tərəfdəki ayaqüstü kompüterlərə yaxınlaşdım. Fləşkartımın ucluğu kompüterin dördkünc boşluğunda özünə yer tapdıqdan sonra iç-içə yerləşən otaqların qapısı kimi ard-arda bir neçə qovluğu açıb məqaləyə daxil oldum. Sağ əlimin altındakı siçanın diyircəyini məqalənin sonunacan aramla fırladıb hər şeyin qaydasında olduğunu gördüm və fləşkartı kompüterdən çıxartdığım andan kserokopiya budkasındakı balacaboy qıza ödəniş edib çap olunmuş kağızlarla bir yerdə rektorun ikinci mərtəbədə yerləşən otağına qalxdığım anacan bir neçə dəqiqə keçəsi oldu. Pillələri asta-asta qalxdım. Kağızlara bir dəfə də diqqətlə göz atdım. Hər şey qaydasında idi.

         Artıq üzü yoxuşa istiqamətlənmədiyini hiss edən addımlarım ikinci mərtəbənin qaramtıl mərmərlərinə paralel şəkildə bir neçə dəfə yerə basılıb qalxdı və məni rektorun otağının böyük qapısına tərəf yönləndirdi. Amma əlimi qaldırıb bükülmüş barmaqlarımla qəhvəyi rəngli qapını döymək istəyəndə incə bir qadın səsi məni arxadan çağırdı:  

– Elgün bəy?

Səsə tərəf dönənəcən bu səsin aid ola biləcəyi şəxslərin üzləri beynimdə sürətlə səhifələnərək yoxa çıxdı və qapını döymək üçün qalxan qolum, bədənimə paralel şəkildə yavaş-yavaş yanıma düşdü. Səsin sahibi ona tərəf çevrildiyimi görəndən sonra mənə sarı bir addım da atdı və əlini uzadıb:

– Elgün bəy, xoş gördük, necəsiniz? – dedi.

O, saçlarının yarıdan aşağısı qıvrım olub kürəyinə və çiyninə tökülən, ağ üzünə qələm uzunluğu boyda qara teli düşən; sürmə çəkilmiş gözləri, şəffaf boya vurulmuş dodaqları, incəliyini əziyyətlə qoruduğu hiss olunan bədən quruluşu ilə və başqa nələri iləsə də evli olduğuna məndə şübhə yeri qoymayan təxminən otuz yaşlarında gözəl bir qadın idi.

         – Təşəkkür edirəm, yaxşı olasınız, – deyə cavab verib, əlini sıxdım.

– Bayaqdan oxşadıram sizi, amma fikirləşdim, birdən yanılaram. Mən sizin məqalənizi oxudum o gün. Çox bəyəndim. “Bəyəndim” sözü, bəlkə də, lazımınca ifadə eləmir mənim fikrimi. Necə deyim... Heyran oldum. Hətta bir az da paxıllığım tutdu sizə. Baxdım ki, bizim universitetdə işləyirsiniz, sevindim. Dedim, bəlkə, sizi üzbəüz görə bilərəm. Bayaq da sizi aşağıda gördüm, içəri girdiyiniz vaxt... Fikirləşdim, sizə öz ürək sözlərimi deyim.

Bu yaxınlarda heç bir məqaləm çap olunmamışdı. Axırıncı məqaləmin, bəlkə də, artıq bütün nüsxələri kitab rəflərinin tozu altında qalan gözdənkənar bir jurnalda çap olunmağından isə bir neçə il keçirdi. Yenidən nəsə qəribə şeylər baş verdiyini hiss etsəm də, təmkinimi qoruyub ona cavab verdim:

         – Çox təşəkkür edirəm, minnətdaram. Hansı məqaləni nəzərdə tutursunuz?

         – Yeni çap olunan... Cənubi Azərbaycanla bağlı yazdığınız... İnanırsız, o qədər təsirləndim. Amma sizin məqalə sırf tarixi tədqiqat da deyildi e. Mənim xoşuma gələn də bu oldu. Yanaşmanız çox maraqlıydı. Üstəgəl, ifadə tərziniz o qədər bədiidir ki, elə yerlər oldu, az qaldı, kövrələm. Çox xoşuma gəldi.

         Haqqında danışdığı məqalə, kompüter ekranından kənara çıxmağına ilk dəfə olaraq bir az əvvəl imkan verdiyim, rektora göstərmək üçün bu dəqiqə əlimdə tutduğum, amma hələ heç bir yerdə çap etdirmədiyim məqalə idi.

İçimdə baş qaldıran təlaşı bu dəfə daha asanlıqla yatırmağa ona görə müvəffəq ola bildim ki, təəccübümü qarşımdakı qadına hiss etdirib daha da pis vəziyyətə düşmək istəmirdim və məqalənin, heç olmasa başqasının yox, öz adımdan çap olunmağı narahatlığımı bir qədər azaldırdı. Ona görə də qeyri-adi heç nə yoxmuş kimi davranaraq:

– Çox sağ olun, minnətdaram. Hiss olunur ki, əməlli-başlı diqqətlə oxumusuz, – dedim.

– Hə, əlbəttə, məqalənin adını görən kimi məni cəlb elədi. Bizim əslimiz də Cənubi Azərbay...

Bir az əvvəl döymək istədiyim, indi isə arxamı çevirib dayandığım qapı açılaraq qadının sözünü yarımçıq qoydu. İkimiz də içəridən çıxan adama baxdıq və bu zaman söhbəti yarımçıq qalmış qadın yeni cümləsinə başqa sözlərlə başladı:

– Siz, deyəsən, rektorun qəbuluna gedəcəkdiniz, hə? Mən sizi saxlamayım, keçin içəri, istəyirsiz. Sizə uğurlar. Mən onsuz da buralardayam, o gördüyünüz otaq bizim iş otağımızdı. Nəsə lazım olsa, buyura bilərsiniz.

Bir neçə dəqiqə sonra sarışın və balacaboy katibə, rektorla nə üçün görüşmək istədiyimi soruşaraq qələminin nazik ucu ilə ad-soyadımı kağıza yazdı və mən növbə gözləyən iki adamın əyləşdiyi divanın yaxınlığında ayaq üstə dayanıb gözləməyə başladım, amma çox keçməmiş rektorun otağından əlində tutduğu kağızları sinəsinə sıxan gənc bir xanım çıxdı və növbəsi çatmış adamlardan biri bu vaxt ayağa qalxıb otağın qapısına yaxınlaşanda mən onun boşalmış yerində oturdum. Katibə qız otağa ondan əvvəl daxil olub rektora xəbər verdi və yalnız o çıxdıqdan sonra bayaq divandan qalxan adam rektorun qəbuluna girə bildi. 

Divardakı saatın sürətli və sürətsiz əqrəblərinə baxa-baxa istər-istəməz bu gün başıma gələnləri  bir də xatırladım.

         ...Növbəm çatanacan həmin saatın sürəti az olan əqrəblərindən nisbətən uzun olanı, ard-arda iki fərqli rəqəmin üstündən keçib üçüncüyə çatdı və mən bu müddət ərzində əvvəlcə qapının ağzındakı qıvrımsaçlı qadının məqaləm haqqında səsləndirdiyi tərifləri yadıma salaraq hər şeyin yaxşı olacağına özümü inandırmağa çalışdım, sonra isə bayaq qəbula girən adamın içəridən çıxmağına və yanımda oturan digər adamın ayağa qalxıb rektorun otağına tərəf getməyinə tamaşa elədim. 

Sürətsiz əqrəblərin uzun olanı, dördüncü rəqəmə çatanda katibə qızın səsini eşitdim. O, əlində qeyd kağızı tutub mənə tərəf baxaraq:

– Sizin növbənizdir, müəllim, – dedi və mən içimdəki həyəcanla bir yerdə ayağa qalxdım.

Ayaqlarım bir-birinə çarpaz şəkildə qayçı kimi açılaraq beş addım atdı və məni rektorun otağının qapısı ağzına çatdırdı.

Katibə qız otağa məndən əvvəl girdi, amma içəridə yenə də çox qalmadı, bir neçə saniyə sonra çıxdı və mənə baxaraq nəzakətlə:

– Keçə bilərsiniz, – dedi.

Növbəti addımlarımı atıb qapıya yaxınlaşdım və əlimi qapının dəstəyinə uzadanda kimlərsə uca səslə sanki mahnı oxuyaraq şüarlar səsləndirməyə başladı. Arxaya dönüb, katibə qızın öz işiylə məşğul olduğunu, gözləmə otağına məndən sonra daxil olmuş kök qadının isə bir az əvvəl əyləşdiyim divanın yanında ayaq üstə dayanaraq sakitcə öz telefonuyla oynadığını görəndə özümdən savayı heç kəsin bu səsi eşitmədiyini başa düşdüm və başqa qeyri-adi şeylərin də baş verməməsi üçün çox ləngimədən dəstəyi əyib, qapını açdım.                     

Rektor öz masasının arxasında qollarını geniş açaraq və ovuclarını, masanın bir az sonra yaxından görəcəyim şabalıdı üstünə söykəyərək oturmuşdu. İçəri girib qapını arxamca örtdükdən sonra nəğməli şüarların səsi kəsildi və mən rektorun mənə baxan qaşqabaqlı nəzərləri ilə öz aramdakı məsafəni azaldaraq həmin nəzərlərin üzbəüzündəki oturacağa tərəf irəlilədim.

         Onu heç vaxt bu cür acıqlı görməmişdim. Sanki rahatlığını pozmuş adamdan baxışlarındakı zəhərlə qisas almaq istəyirdi.

Bu gün onsuz da səhərdən bəri bütün işlərimin tərs getməyi bəs deyilmiş kimi indi ən vacib məqamda da, deyəsən, növbəti uğursuzluğa yaxınlaşırdım. Amma artıq geriyə dönüş yox idi, ona görə də rektorun qarşısındakı yumşaq üstlüklü oturacağa çatan kimi:

– Salam, Habil müəllim, – dedim. O, başını tərpədərək salamımı aldı və mən yanında dayandığım stulun yumşaqlığını altımda əzərək masanın arxasında əyləşdim. 

         Qaşları arasındakı düyünün yaratdığı qaranlıq batıqlara, ülgüclə dibdən təraş olunmuş üzünə, qarnının yarısı masanın altında qalan iri bədəninə, əyninə gen olan pencəyinə, pencəyinin rəngi ilə səsləşən iri düyünlü qalstukuna ötəri şəkildə göz gəzdirə-gəzdirə sözə başladım:

         – Habil müəllim, mən universitetdə yarımştat elmi işçi kimi çalışıram. Bizim fakültədə, Azərbaycan tarixi kafedrasında boş müəllim yeri var. Sizdən xahiş etmək istəyirdim ki...

         O, bayaqdan bəri qaşqabaqlı üzünün arxasında dayanmış kəlmələriylə ilk dəfə danışaraq mənim sözümü kəsdi:

– Kafedra müdirinə deyin, təqdimat yazsın.

         Hiss elədim ki, neçə gündən bəri beynimdə rektora demək üçün hazırladığım sözlər bir az əvvəlki cümləmin yarımçıq kəsildiyini görüb geriyə çəkildilər, amma mən gücümü toplayıb onları təzədən dilimin ucunda ard-arda düzməyə çalışdım:

– Aha, başa düşdüm, çox sağ olun. Sadəcə, bilirsiz... mən özüm uzun müddətdir, tarixi tədqiqatla məşğulam. Və düşünürəm ki, bu sahədə ciddi nailiyyət əldə eləmişəm. Bu məqaləni sizin oxumağınız üçün çıxarmışam. Burda mən Cənubi Azərbaycanla bağlı...

Bu dəfə o, yenə də mənim sözümü kəsdi və dilimin ucunda düzülüb növbə gözləyən sözlər təzədən dağılışaraq yoxa çıxdılar:

– Bunları da təqdimatda qeyd eləyər.

Daha sonra o, acığından heç nə əksilməmiş baxışlarını gözlərimin içinə zillədi və mən hiss elədim ki, o baxışlar elə həmin andaca ayağa qalxıb otaqdan çıxmağımı görmək istəyir.

Həftələrdir üstündə işlədiyim məqaləyə o heç gözünün ucuyla da baxmamışdı. Mən ayağa qalxıb otağı tərk etməli olduğumu hiss edirdim və o, üzümə zillədiyi baxışlarındakı zəhərlə məni qapıya tərəf hər an bir az da yaxınlaşdırırdı.  

Təmkinlə ayağa qalxdım, əlimdəki A4 kağızlarını stolun üstünə qoyub, rektora tərəf sürüşdürdüm və deyəcəyim növbəti sözləri ancaq ondan sonra ard-arda düzüb gərgin sükutu poza bildim:

– Başa düşdüm, Habil müəllim, sizin dediyiniz kimi də edəcəm. Amma bu məqaləni burda qoyuram. Mən bu məqaləyə görə bir aydır, yuxusuzam. İstəsəniz, bir gözdən keçirərsiniz.

Sonra hiss etdim ki, bu dəfə dilimin ucuna heç gözləmədiyim sözlər gəlməkdədir və mən özümü saxlaya bilməyib o sözləri də rektorun mənə zillənmiş nəzərlərinə tərəf səsləndirdim:

– Çünki bu məqalə universitetin kafedralarına doluşmuş savadsız müəllimlərin ona-buna pulnan yazdırdığı məqalələrdən deyil. Bunu mən alnımın təriynən yazmışam; bir aydır, yuxusuz qalıb yazmışam.

Amma rektor qolunu sol tərəfdəki telefona sarı aparıb dəstəyi qaldıranda və xəttin o biri üzündəki adama növbədə gözləyən şəxsi içəri buraxmağı tapşıranda mənə elə gəldi ki, nə dediyimi eşitməyib.

Bu dəmdə qapı açıldı, katibə qız içəri girdi, rektora nəsə dedi, rektor da ona nəsə dedi, qız çıxdı, növbədə məndən sonra olan kök qadın qapının ağzında göründü, içəri daxil olub rektorun stoluna tərəf irəlilədi, katibə qız da yenidən içəri girib əlindəki kağızları rektora apardı və bütün bunlar baş verərkən onlar elə davrandılar ki, sanki, mən orda yoxam. Məqaləni stolun üstündən götürmədim, qapıya tərəf irəliləyib otaqdan çıxdım, gözləmə otağındakı divanda əyləşən yaşlı kişinin mənə yönəlmiş baxışlarını arxamda qoyub otağı da tərk elədim, amma açılmış qapı dəhlizdən otağa dolan küləyin qarşısını yenidən kəsib tam örtülməyə macal tapmadan katibə qız məni arxadan çağırdı. Onun səsi dəhlizə çıxarkən, bayaq içəri girən küləyin bir qismini də özüylə çölə qaytardı və mən qapını təzədən geniş açıb ona tərəf dönəndə əlində tutduğu məqaləmi gördüm:

– Kağızları yaddan çıxarmısız, müəllim.

Mənə sarı uzatdı, aldım və:

– Yaddan çıxarmamışdım, özüm saxladım, rektor oxumalıydı, – deyə cavab verdim, amma o heç nə demədən öz masasına tərəf getdi və stolunun üstündəki kağızları yerbəyer etməyə başladı. 

İçimdə dəhşətli bir qəzəbin baş qaldırdığını hiss elədim və qapını arxamca elə möhkəm çırpdım ki, bayaqkı kimi otağa girmək istəyən külək əzilərək dəhlizin mərmərləri üstünə səpələndi. Dəhlizdə sakitcə dayandım, gicgahlarımda döyünən əsəbi hiss edə-edə o tərəf-bu tərəfə göz gəzdirdim.

         Rektorun qəbuluna girərkən pəncərədən səslərini eşitdiyim adamlar həmin an yenidən şüarlar səsləndirməyə başladılar. Onların nə dediyini anlamaq üçün hərəkətsiz qalıb dinləməyə çalışdım. Amma heç nə başa düşə bilmirdim, çünki bu səslər dəhlizin həm sağından, həm solundan, həm də yuxarı və aşağı mərtəbələrdən gəlirdilər və mənə çatdıqları vaxt sanki yanımdaca bir-birilərinə qarışıb anlaşılmaz olurdular.

Qabağa gedib pilləkəndə oturmaq, başımı məhəccərə söykəyib gözlərimi yummaq və bir az sonra tənəffüs vaxtı tələbələrin hay-küylə enib-qalxacaqları pilləkəndə axşam növbəsinin son dərsi qurtaranacan yatmaq istədim.

Amma sağa dönən kimi bayaqkı qıvrımsaç qadının bir az aralıda durub mənə baxdığını gördüm. O, üzündə qayğıkeş bir ifadəylə mənə sarı gəldi və aramızdakı məsafə, söhbət üçün uyğun bir məsafəyə qədər azalanda:

– Yaxşı olmadı? – deyə sual verdi.

Məyus-məyus:

– Yox, –  dedim.

 

                                               III

 

Bir az sonra rektorla axırıncı dəfə söhbət etmək üçün təzədən gözləmə otağına daxil olanda katibə qız şaqqıltı ilə açdığım qapının səsinə başını masadan qaldırıb mənə baxanda, “içəridə adam var, heç olmasa gözləyin, o çıxsın” deyə həyəcanla xahiş edəndə bu gün başıma gələn qəribə hadisələr içində bircə o qıvrımsaç qadının mənə kömək üçün hansısa sehrli qüvvələr tərəfindən göndərildiyini düşünürdüm. 

Çünki o məndən rektorla nə söhbət etdiyimi soruşanda, mən yarımçıq qalmış cümlələrimin masanın böyür-başında necə tökülüb qaldığını danışanda, rektorun dediklərini onun üçün bir-bir təkrar edəndə, o:

– Yaxşı, niyə kefinizi pozursuz? Madam ki təqdimat yazdırmağınızı istəyib, niyə etmirsiz? – deyə cavab verəndə həmin boş ştata müəllim keçməyim üçün mənə mane olan bütün şəxslər haqqında qadına danışmağa başladım və qəfildən xatırladım ki, rektorun qəbuluna girərkən əsas niyyətlərimdən biri məhz bunları ona demək idi və tərslikdən, bunların heç biri içəridə olarkən yadıma düşməmişdi.

Amma söhbət edə-edə birlikdə dəhlizin ortasına qədər gəldiyim qıvrımsaç qadın təəssüfümün uzun çəkməsinə imkan vermədi, incə, ağ və gözəl əlini kədərli halda çiynimdən asılan qolumun arxasına toxundurdu, “gec deyil, rektor hələ otağındadır” – dedi, mənim tərəddüd etdiyimi görəndə isə bu dəfə əlimdən tutdu. Mən təəccüb içində onun təbəssümlü üzünə və əlimdən tutan əlinə baxanda isə o:

– Gəlin, – deyib məni öz arxasınca rektorun otağına tərəf apardı.

Bir neçə addımdan sonra mahnı oxuyan adamların səsini təkrar eşitdim və ilk dəfə olaraq o qarışıq səslər içindən nəyisə başa düşdüm:

                           

Araz, səndən kim keçdi?

         Kim qərq oldu, kim keçdi?

 

Başımı qaldırıb ikinci mərtəbənin hündür tavanına baxdım, səsin hardan gəldiyini anlamağa çalışdım. Sanki eşitdiyim səsin də fərqindəymiş kimi qadın, arxaya döndü, tutduğu əlimi yavaşca sıxıb özünə sarı çəkdi, gülümsədi və pıçıldayaraq:

– Gəliiinn, – dedi.

Mahnı səsləri elə həmin dəqiqədəcə sanki küləyin əsib dağıtdığı kül kimi çəkilərək dəhlizin künc-bucağına yığılıb yavaş-yavaş yoxa çıxdılar və bir neçə addım atandan sonra mən qadına baxaraq yorğun səsimlə:

– Yuxusuzam, – dedim.

Amma qadının mənə bu dəfə bayaqkından da fərqli baxmağı və tutduğu əlimi öz varlığını hiss etdirərcəsinə yenidən sıxmağı mənim otağa inamla girməyim üçün, katibə qızın “gözləyin” sözünə məhəl qoymamağım üçün və rektorun qəzəbli baxışları qabağında heç nədən çəkinməməyim üçün kifayət elədi.

– Habil müəllim, – deyə sözə başladığım an onunla üzbəüzdə oturan qadın da arxaya dönüb çaşqınlıqla mənə baxırdı.

– Habil müəllim, mən bu məqalədən ötrü... – yuxusuz olduğumu bir dəfə də təkrarlamamaq üçün cümləmi yarımçıq qoydum, amma sonra ard-arda səsləndirdiyim cümlələrdə birinci dəfə unutduqlarımın hamısını deyə bildim. Rektor sanki heç məni eşitməyibmiş kimi yenə də sol tərəfindəki telefonun dəstəyini götürüb asta səsiylə kiməsə nəsə dedi. Bir az sonra arxamca açılan qapıdan katibə qız içəri girdi və mənə:

– Müəllim, zəhmət olmasa, gələrdiniz, işə qəbul üçün sizinlə sual-cavab ediləcək, – deyərək nəzakətlə müraciət etdi.

Mən məqsədimə çatdığımı düşünərək onunla birgə otaqdan çıxdım. Katibə qız bu dəfə masası üstündəki kvadrat formalı, sarı rəngli qeyd kağızına kiminsə adını və dörd rəqəmli otaq nömrəsi yazdı və:

– Zəhmət olmasa, qeyd etdiyim otağa gedərdiniz. Sizinlə sual-cavab edəcək şəxs sizi orda gözləyir, – dedi.

Əlimdəki kağızla birgə otaqdan çıxdım, bu dəfə qapını arxamca bərk çırpmadım və dəhlizə addımımı qoyan kimi qıvrımsaç qadının pilləkənin məhəccərinə söykənib məni gözlədiyini gördüm. O, otaqdan çıxdığımı görüb iti addımlarla mənə sarı gəldi, əlimdəki kağızı alaraq gözdən keçirəndə otağı tanıdığını deyib, bayaqkı kimi yenə də əlimdən tutdu. Biz həmin dəhlizi əvvəlcə axıra qədər getdik və dəhlizin sonunda indiyəcən heç vaxt istifadə etmədiyim və görmədiyim pilləkənlə yuxarı qalxdıq, bayaq eşitdiyim səslər yenə eşidildi, növbəti mərtəbənin dəhlizinə girmədən yenə pilləkəndən istifadə etdik və o qədər çox qalxdıq ki, mən neçə mərtəbə qalxdığımızı saya bilmədim. Ayaqlarım yoruldu, sürətim azaldı, qadınsa mənim əllərimdən tutub növbəti pilləkənləri də qalxmalı olduğumuzu israrla deyir, məni ruhlandırır, hərdənsə ona qarşı da içimdə bir şübhə yaranmasına səbəb olurdu. Ona bir dəfə də yuxusuz və yorğun olduğumu demək istədim, amma növbəti pilləkəndən sonra dəhlizdə sakit-sakit və yorğun-yorğun dayanıb nəfəsimizi dərəndə o:

– Çatmışıq, bu mərtəbədədir, – deyərək yorğunluğumu bir anlıq unutdurdu.

Üzündəki tərə yapışan telini qoparmaq üçün əlimi buraxsa da, çox keçmədən yenə tutdu və biz, heysiz, asta addımlarımızla, müsahibənin keçiriləcəyi otağı axtarmağa başladıq. Həmin vaxt şüarlar və mahnı səsləri lap yaxından eşidildi, amma qarışıq cümlələrə görə yenə heç nə anlaya bilmədim. Arabir əlindəki kağıza baxan qadın bir neçə addımdan sonra bir otağın qabağında dayandı, “buradır” deyə pıçıldadı:

– Mən sizi burda gözləyirəm, uğurlar, – dedi, əlimi buraxdı və mən qapını açıb içəri daxil oldum.

Qarşısındakı qaramtıl masanın üstündə istintaq otaqlarındakı kimi yarıqaranlıq işıqlar yanan qadın məni görcək və salamımı aldı və əliylə işarə edərək:

– Buyurun, əyləşin, – dedi. Eynəyi ardındakı gözləriylə, əlində tutduğu kağızları nəzərdən keçirdi. – Siz, deməli, Cənubi Azərbaycan tarixi üzrə mütəxəssis olduğunuzu iddia edirsiniz, eləmi? – dedi.

– Mütəxəssis deyəndə ki... Yəni elmi işimin mövzusu Cənub Azərbaycan tarixiylə bağlıdı.

– Nə gözəl, deməli, Cənubi Azərbaycan. Çox əla... Olsun...

         Səsinin tonunu aşağı salıb az qala pıçıldayaraq:

         – Mən sizə kömək etməyə çalışacam, çünki sizin bu işə qəbul olmağınızı istəyirəm. Vicdanlı və dürüst birinə oxşayırsız. Onsuz da bu otağa kimlər gəlirsə, bu cür olduğu üçün bura düşür. Bir sözlə, mən sizin tərəfinizdəyəm. Amma sizə verməli olduğum suallar da var. Bu suallar bir az çətin ola bilər. Ancaq verməliyəm. Bu məndən asılı deyil, xahiş edirəm, məni başa düşün.

         – Başa düşürəm, siz narahat olmayın, mən öz ixtisasımı lazımınca bilirəm. Dəstəyiniz üçün də təşəkkür edirəm.

         Sonra o:

  Birinci sual, – deyib sualları səsləndirməyə başladı:

– 1945-ci ildə Təbrizdə qurulmuş Azərbaycan hökumətinin himnini oxuyan səkkiz nəfər mədrəsə tələbəsi Təbrizin hansı küçəsində himn oxuyarkən İran qoşunu tərəfindən qətlə yetirilmişdi?

Əvvəlcə istədim ki, təəccübümü gizlətmədən “nə?” deyə bağırım, amma sonra, bəlkə də, bu sualın asan olduğunu, sadəcə, həyəcandan mənə çətin görsəndiyini düşünərək cavabı tapmağa çalışdım. Qərq olduğum sükutun içindən mənə kömək edəsi bircə cavab da əlimə keçmədi. Oxuduğum bütün kitabların gözümə görünən xəyalları həmin yarıqaranlıq sükutun içində açıq səhifələri ilə qanad çalaraq məndən uzaqlaşıb yoxa çıxdılar.

         Başımı yorğun-yorğun yelləyib:

– Bilmirəm, – dedim.

O isə:

– Növbəti sual, – deyib kağızına göz gəzdirərək suallara davam etdi:

– İkinci Qarabağ müharibəsi vaxtı Azərbaycan ordusunu dəstəkləmək üçün Arazın cənubunda dayanaraq müharibəni izləyən Güney Azərbaycan türklərinin ifa etdiyi saz havasının adı nə idi?

Bu sualın cavabını bilmək, əslində, mənimçün çətin olmamalıydı, çünki həmin videonu öz gözlərimlə görmüşdüm, amma tərslikdən ordakı saz havasının nə olduğu ilə heç vaxt maraqlanmamışdım.

– Bilmirəm, – deyə ruhdan düşmüş halda ikinci sualın da cavabını verdim.

         – Üçüncü sual: 1947-ci il may ayının 22-də Təbrizdəki “Gülüstan bağı”nda qurulmuş dar ağacına gətirilərkən sanki öz toyuna hazırlaşıbmış kimi əyninə milə-mil pencək və ağ köynək geyinən, qırmızı qalstuk taxan milli azadlıq mücahidi kim idi?

         Cavabı bildiyim üçün sevincdən az qala qışqıraraq dedim:

– Firudin İbrahimi.

Amma nədənsə onun məni eşitmədiyini düşündüyümə görə həmin cavabı ard-arda bir neçə dəfə təkrar elədim.

         O:

– Dördüncü sual, – deyib məni susdurdu və ani olaraq üzümə baxandan sonra sualı səsləndirdi, – Milli azadlıq hərəkatının fəallarından olan əri İran qoşunu tərəfindən güllələndikdən sonra dul qalan, İranın cənubundakı səhralıqlara sürgün edilən, sürgün vaxtı bir fars bəyzadəsi tərəfindən evlilik təklifi almağına baxmayaraq, onu rədd edən və “mən inqilabçı qadınıyam, inqilabçı qadınlarının başqa taleyi olmur” deyən Cənubi azərbaycanlı qadın, ömrünün sonlarını Şimali Azərbaycanda başa vurarkən hər gecə anasının vaxtilə onun üçün oxuduğu hansı bayatıları yada salıb ağlayırdı?

– Bilmirəm, – yenə də asta və yorğun səsimlə dedim və üzümdə yazıqanə bir ifadəylə əlavə elədim, – Axı bunların tarixə nə dəxli?

– Beşinci sual: xahiş olunur, diqqətli olasınız. İrandan mühacir düşən, Bakıda, Nərimanov prospektindəki evində tək yaşayan, pərən-pərən olmuş ailə üzvlərinin heç birindən xəbər tuta bilməyən və qırx ildir səsini eşitmədiyi qardaşının bir axşam Qərbi Almaniyadan etdiyi zəngə cavab verərkən həyəcandan telefon dəstəyi arxasındaca keçinən 68 yaşlı tarix müəllimi Həsən Səttari hər dəfə yağış yağanda Bakının hansı küçələrini Ərdəbilin küçələrinə bənzədirdi və...

– Bilmirəm, – sualı yarımçıq kəsərək dedim.

– Altıncı sual. Bu bayatının müəllifi kimdir:

        

         Araz, Araz, xan Araz,

Sultan Araz, xan Araz,

         Elimdən xəbər gətir,

         Evimi yıxan Araz.

 

– Bilmirəm, – dedim.

– Növbəti sual. Bu sual həm də müasir Şimali Azərbaycan tarixinə aiddir. Asan olacaq, ruhdan düşməyin, cəhd eləyin. İkinci Qarabağ müharibəsi vaxtı Arazın o tayında dayanıb atasıyla bir yerdə müharibəyə tamaşa edən uşaq “ata, ordumuz hardadır?” deyə soruşanda Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Şuşa əməliyyatını başlatmağına nə qədər müddət qalırdı?

Mən bu videoya da baxmışdım, ancaq həmin kadrları indi yenidən yadıma salsam da, cavab vermək üçün bu, yetərli deyildi.

– Bilmirəm, bilmirəm, bilmirəm! – eyni sözü üç dəfə ucadan təkrar eləyib ayağa qalxdım.

O isə buna məhəl qoymadan yeni sualını səsləndirməyə başladı:

– 2016-cı ildə Qarabağda Aprel döyüşləri gedərkən Təbriz stadionundakı futbol azarkeşlərinin oxuduğu şüarlar...

Sualı sonacan eşidə bilmədim, çünki həmişə anlamaqda çətinlik çəkdiyim qarmaqarışıq səslər bu vaxt qəfildən yüksələrək qadının sözlərini tamamən eşidilməz etdi. Lakin həmin səslər indi sanki dolaşığı açılan iplər kimi bir-birindən ayrılmış və aydınlaşmışdı. Qulaqlarımı şəkləyib dinləyərkən, izdihamlı bir futbol stadionundan gəlirmiş kimi xorla oxunan cümlələri, hər cümlədən sonrakı alqış səslərini, hay-küy və qışqırıqları eşidirdim:

 

Sən çağırsan, gələrəm məəəən,

         Sən yaşaaaa, Aaaa-zər-baycaaaan!

         Eybi yoxdur, ölərəm məəəən,

         Sən yaşaaaa, Aaaa-zər-baycaaaan!

 

                                            ***

 

Dəstəyi əyib qapını açdım və otağı tərk edib dəhlizə çıxdım.

         Kürəyini divara söykəyib gözləyən qadın, otaqdan çıxdığımı görən kimi mənə tərəf gəldi, içəridə baş verənləri soruşmadan əlimdən tutdu və yenə də məni öz arxasınca apararaq:

– Gedək, – dedi.

Bu dəfə özümü saxlaya bilməyib soruşdum:

– Siz o səsləri eşidirsiz?

– Eşidirəm, gəlin.

Sonra sanki biz həmin səslərdən qabağa keçdik və endiyimiz pilləkənlər boyunca onlar bir müddət bizi təqib etdilər.  

                             

                                             ***

 

Əlində tutduğu əlim məni qadının arxasınca dartır, pilləkənlərdən sürətlə endirirdi, yenə yorulmağa başladığımı hiss edir, dayanıb nəfəsimi dərmək istəyirdim, amma o, fasilə vermədən düşməli olduğumuzu deyir, arabir əlimi sıxaraq mənə xəbərdarlıq edirdi.

Nə qədər çox pilləkən endiksə, mənə elə gəldi ki, qalxarkən onlar bu qədər deyildilər, hər dəhlizin içindən küləklər keçir, biz pilləkənlərə tərəf dönərkən üzümüzə vururdu. Yorulan ayaqlarımın dincini almaq üçün bu dəfə onun dediklərinə məhəl qoymadan dayanıb pilləkəndə oturdum, dartdığı əlimi daha öz arxasınca apara bilməyib o da dayandı, əlimi buraxdı, üzünə yapışmış telini qopardı, pilləkəndə mənim yanımda oturdu, heç nə danışmadıq, sonra mən onun təng olmuş nəfəsinə qulaq asa-asa ayağa qalxdım, pillələri bu dəfə asta-asta enməyə davam elədim, o da yanımca gəldi, gənc sevgilililər kimi bir-birimizin əlindən tutduq və bir neçə mərtəbə də endik. Sonra o, tutduğu əlimi bu dəfə də öz arxasınca apararaq pilləkənlərə tərəf burulmaq istəyən addımlarımı dəhlizin içinə yönəltdi.

– Burdan gəl, burdan birbaşa çıxışa çıxa biləssən, – dedi.

Mən onun dediklərinə qulaq asdım. Dəhlizin sonundakı pilləkəni enib sağa dönəndən sonra özümü universitetin bufetində tapdım. İçimdəki təşəkkür hissini təbəssümlə yanımda dayanan qadına ötürmək üçün sağa döndüm, amma qadından əsər əlamət yox idi, o getmişdi. Ətrafıma diqqətlə göz gəzdirdim, tələbələr əllərində tutduqları plastik stəkanlarla yanımdan keçib getdilər, gülüşlü səslərini eşidə-eşidə bufetin çıxışına tərəf addımlayıb birinci mərtəbəyə qalxdım, təkəmseyrək adamların divardakı cədvəllərə baxdığı uzun dəhlizdən asta və yorğun addımlarımla keçdim, dəhlizin sonuna çatanda binanın içinə girdiyim vaxt baxışlarını qaldırıb mənə baxan gözəl qızların oturduğu oturacaqlara nəzər saldım və hamısının boş olduğunu gördüm.

Binanı tərk eləyib həyətə çıxdım. Avtobus dayanacağından məni universitetin digər binasına aparacaq avtobusa son anda çata bildim. Yerimi tutub başımı şüşəyə söykədim və yatmağa çalışdım. Düşməli olduğum dayanacağa çatanda öz-özümə ayıldım, sürüdüyüm addımlarımla universitet binasının həyətinə daxil oldum, iş otağımın yerləşdiyi dördüncü mərtəbəyə qalxdım, günorta fasiləsi olduğundan qapısı bağlanmış otağı açarımla açdım, içəri girdim, pəncərələri də açdım və pəncərədən aşağıda şəkil çəkdirən tələbələri görəndə yenə həmin mahnıların, şüarların qarmaqarışıq şəkildə eşidilməyə başladığını hiss etdim. Amma artıq ürəyimdə heç nəyə təhəmmül qalmadığı üçün, pəncərələri təzədən örtərək bu səsin məni narahat etməsinə imkan vermədim; masam arxasında oturaraq qollarımı masa üstünə sərdim, başımı qollarım üstünə qoyaraq gözlərimi yumdum, hər şeyi unutmağa çalışaraq məni aparması üçün yuxunu gözləməyə başladım.[1]

 

                                     

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

 

 



[1] Hekayədə xalq şairi Sabir Rüstəmxanlının “Ömür kitabı”nda təsvir edilən və Güney Azərbaycandakı azadlıq mücahidlərinin taleyindən bəhs edən bəzi nüanslar yer almışdır.

Bazar ertəsi, 05 Avqust 2024 09:33

LİDERLİYİN 21 QANUNU – 8.Tavan qanunu.

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

1.     İntuisiya qanunu

«Liderlər hər şeyi liderlik prizmasından qiymətləndirirlər».

Reallıq belədir ki, məhz lider intuisiyası görkəmli liderləri yaxşı liderlərdən fərqləndirir. Lider gərək situasiyanı oxusun və instinktiv olaraq hansı hərəkət variantını seçəcəyini bilsin.

Bəzi insanlar liderlik xüsusiyyətləri ilə doğulurlar. Onlarda liderlik intuisiyası da anadangəlmə olur. Bəziləri doğulanda heç bir liderlik instiktinə malik olmurlar, amma yaşadıqca liderlik keyfiyyətlərini əxz edirlər. Eləcə də liderlik intuisiyası onlara sonradan gəlir.

İntuisiya liderlərə liderliklə bağlı bir çox gizlinləri oxumağa kömək edir. Liderlər cari situasiyanı oxumağı bacarırlar. Liderlər tendensiyaları oxumağı bacarırlar. Liderlər öz resurslarını oxumağı bacarırlar. Liderlər öz adamlarını oxumağı bacarırlar. Və nəhayət, liderlər özlərini oxumağı bacarırlar.

Liderlik elmdən daha çox incəsənətdir.

 

Əvvəl təqdim edilən qanunlar isə burda sıralanıb:

8.Tavan qanunu.

«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».

Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.

Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.

 

2.Təsir qanunu.

«Liderliyin həqiqi ölçüsü təsirdir».

Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.

 

3.Proses qanunu.

«Lider bir gün ərzində deyil, günbəgün olurlar».

Liderə çevrilmək prosesi haradasa aksiya bazarında müvəqqəti kapital investisiyasına bənzəyir. Siz bir günə varidat toplamaq istəyirsinizsə, uğur qazanmağa əsla şansınız yoxdur. Burada ən vacib olan olduqca uzun məsafəyə qaçışda sizin gündəlik hərəkətlərinizdir. Liderlik – çox mürəkkəb məfhumdur. Onun olduqca çox aspektləri var: təcrübə, emosional güc, hörmət, insanlarla ünsiyyət təcrübəsi, nizam-intizam, perspektiv, uzaqgörənlik, vaxtında qərarvermə bacarığı, hücuma keçmə əzmi. Bunların hamısı qeyri-maddi şeylərdir, onları birdən-birə əldə etmək mümkünsüzdür. Məhz buna görə də liderlərə effektiv olmaq üçün belə uzun müddətlik möhkəmlənmə, güclənmə lazım gəlir.

Con Maksvell iddia edir ki, liderliyin bir çox aspektlərini o özü məhz uzun illərdən sonra 51 yaşında hiss etməyə başlayıb. Liderləri digərlərindən fərqləndirən əsas cəhətlər məhz öz bacarıqlarını inkaşaf etdirmək, yaxşılaşdırmaq qabiliyyətidir. Uğurlu liderlər öyrənməyi bacarır və sevirlər. Və öyrənmə prosesi onlarda ömür boyu davam edir.

«İnsan nəyi bilmədiyini bilmirsə, o inkişaf edə bilməz».

 

4.Liderlik – inkişaf qanunlarına tabedir. Naviqasiya qanunu.

«Gəminin sükanını hər kəs fırlada bilər, ancaq kursu tapmaq üçün lider lazımdır».

Bəzi şturmanlar limanı tərk etməzdən öncə bütün baş tutacaq səyahəti beyin süzgəclərindən keçirə bilirlər. Onlar gözəl bilirlər ki, lazım olan məntəqəyə çatmaq üçün nə qədər güc sərf etmək, komandaya ekspedisiyanın uğur qazanması üçün kimləri salmaq lazımdır. Onlar üfüqdəki maneələri hamıdan tez görürlər.

Lider elə bir şəxsdir ki, başqaları görəndən daha çox görür, başqaları duyandan daha çox duyur.

Bəzən eyni zamanda dörd təyyarənin məhv olmasından danışılır. Bu ona görə olur ki, qırıcı təyyarə dördlükdə sıx halda uçanda mütləq onlardan birinin pilotu aparıcı olur, lider olur. O, öndə gedir, digər üçü ardınca gedərək onun hərəkətlərini təkrarlayır. Bu təkrarlama sonadək, hətta lider sürəti itirib dağa çırpılanda belə davam edir.

Naviqatorlar üçün hər bir keçmiş uğur və uğursuzluq özlüyündə informasiya, müdriklik mənbəyidir. Uğurlar insana özünü daha yaxşı tanımağa, öz bacarıq və istedadına daha çox güvənməyə imkan verir. Uğursuzluqsa səhvləri görüb onların üzərində işləməyə, onları düzəltməyə imkan yaradır.

Naviqatorlar bir çox mənbələrdən informasiya toplayır, aşağı səviyyədə nə baş verdiyini öyrənmək üçün komanda üzvləri ilə daim təmasda olurlar. Onlar situasiyanı dərindən öyrənməyə çalışırlar.

«Əgər siz açıq gözlərlə fəaliyyət göstərməsəniz həyat daim sizə qurşaqdan aşağı gözlənilməz zərbələr vuracaq», - yazır müəllif. O yazır: «Optimizmlə realizmi, intuisiyayla planlaşdırmanı, inamla faktları balanslaşdırmaq çox çətindir. Amma yol göstərən lider kimi effektiv olmaqçün məhz bunlar vacibdir».

Con Maksvell kitabın bu bölümündə öz liderlik fəaliyyətində daim istifadə etdiyi strategiyanı da göstərib:

 - Bütün fəaliyyət ardıcıllığını öncədən düşünmək;

 - məqsədi lokallaşdırmaq və sistemləşdirmək;

 - prioritetləri ünvanlı korrektə etmək;

 - əsas personalı müəyyənləşdirib onu məlumatlandırmaq;

 - planın bəyənilməsi üçün vaxt rezervasiya etmək;

 - reallaşdırmaya fəal qoşulmaq;

 - gözlənilən problemlərə uyğunlaşmaq;

 - uğurları təbii şəkildə görmək və qeyd etmək;

 - hər gün öz planına nəzarət etmək.

Con Maksvellin naviqasiya qanununun əsas məğzi – hazırlıqdır.

 

5.E.F.Xatton qanunu.

«Əsl lider danışanda insanlar ona qulaq asır».

Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir.

«E.F.Xatton» - maliyyə xidməti göstərən kompaniyadar. ABŞ-da belə bir televiziya reklamı var imiş bir zamanlar: Ağzınadək dolu restoranda iki nəfər maliyyə mövzusunda danışırmış. Biri deyirmiş ki, hansısa investisiya barədə filan şey eləmək lazımdır. Bu vaxt ikinci deyirmiş ki, hər şey yaxşıdır, amma mənim brokerim Xatton deyir ki... Həmin an səs-küylü restoranda lal sükut yaranırmış, hamı gözləyirmiş ki, ikinci personal Xattonun sözlərini söyləsin.

Maksvell məhz buna görə öz növbəti qanununu hamının qulaq asdığı Xattonun adı ilə adlandırıb.

Əgər siz əvvəl heç tanımadığınız insan qrupu ilə görüşə gedirsinizsə, cəmi beş dəqiqəyə onların hansının lider olduğunu sezə biləcəksiniz. Kiminsə sualı yarananda bütün qrup uzvləri kimə baxırlar? Kimin sözlərini gözləyirlər? Bax real lider odur.

Vəzifəcə lider birinci danışır, real lidersə sonda.

 - Həqiqi liderlik həmişə daxildən gəlir, xarakterin gücündə özünü göstərir;

 - Liderlik ətrafdakılarla yaxşı əlaqə qura bilmək, güclü çevrəyə malik olmaqdan qaynaqlanır; lazımi adamları tapa bilməklə əlaqələndirilir;

 - Lider çoxlu informasiyaya malik olur;

 - Liderlik intuisiya qabiliyyəti tələb edir;

 - Liderlik təcrübədən qaynaqlanır;

Maksvell Xatton qanununun məğzini dərk etməkçün liderlik arzusunda olan insana məsləhət görür ki, özü-özünə bu sualları versin:

 - Mən danışanda insanlar həqiqətənmi məni dinləyirlər?

 - Onlar bu mövzuda başqa birisinin də danışmasını arzulamırlar ki?

 

6.Möhkəm özül qanunu

«Liderliyin əsası etibardır»

Sistematik olaraq yaxşı qərarlar qəbul edən, öz hesabına qələbələr yazan lider komandasının etibar kreditini daim yüksəldir. O, hətta nöqsan buraxanda belə etibarına xələl gətirmir.

Özünə etibar qazanmaqçun liderdə kompetentlik, xarakter, habelə ətrafındakılarla əlaqə yaradıb müntəzəm bu əlaqəni saxlamaq bacarığı olmalıdır.

General Şvartskopf yazır: «Liderlik strategiya və xarakterin güclü birliyidir. Əgər siz bu iki keyfiyyətdən birindən imtina etməyə məcbursunuzsa, onda yaxşısı budur strategiyasız qalın».

Liderin xarakteri güclü olanda insanlar ona etibar edirlər, eləcə də onlarda çalışdıqları təşkilatın gözəl gələcəyinə böyük inamları yaranır. Güclü xarakter – liderin möhkəm özül üzərində bərqərar olması deməkdir.

Liderlər necə olur ki, özlərinə hörmət qazanırlar? Ağıllı qərarlar qəbul edəndə, öz səhvlərini etiraf edəndə, bir də ardıcıllarının, təşkilatının maraqlarını öz şəxsi maraqlarından üstün tutanda.

Liderin möhkəm xarakteri ardıcılları arasında ona etibar yaradır. Amma elə ki, lider ümidləri doğrultmur, o, insanları ardınca aparmaq qabiliyyətini itirir. Möhkəm özül qanunu məhz budur.

 

7.     Hörmət qanunu.

«İnsanlar təbii şəkildə elə bir liderin ardınca gedirlər ki, o, onlardan güclü olur».

1820-ci ildə ABŞ-ın cənubundakı Merilend ştatında anadan olan Qarriet Tabmen adlı zənci qadın cəmi 30 yaşında liderə çevrilərək Peyğəmbərin şərəfinə Musa adlandırıldı. Xırda mehmanxanalarda döşəmələri silən, zibil daşıyan, hədsiz dərəcədə yoxsul olan, savadı olmayan, yeniyetməliyində iş yerində sahibkar tərəfindən başına dəmir parçası ilə vurularaq ağır zədə alıb sağlamlığını belə itirən bir qadının lider olmaq ehtimalı neçə faiz ola bilər? Əlbəttə ki, sıfır deyəcəksiniz.

O dövrdə qara dərililər cənub ştatlarında qul hesab edilirdilər. Bununla əsla razılaşmayaraq «ya azadlıq, ya ölüm» devizi ilə Tabmen şimala – Filadelfiyaya qaçır. Özü azad olur, ancaq Merilenddə qalan qohumlarını da azadlığa çıxarmaq fikri ilə yaşayır. Tezliklə gizli dəmir yolu vasitəsilə gedib onları da Filadelfiyaya gətirə bilir. Bundan sonra qadın hər bahar həyatı ilə risk edərək cənub ştatlarına gedib çox sayda zənciləri xilas edərək Şimala gətirməyə başlayır. O, qorxu bilməz birinə çevrilir, onun liderliyi isə get-gedə möhkəmlənir.

1850-1860-cı illərdə Qarriet Tabmen 19 dəfəyə Cənubdan 300-dən çox qul çıxara bilir, «mənim qatarım bircə dəfə də relsdən çıxmayıb», - söyləyən qadın xilas etdikləri arasında bircə nəfəri belə itirmir.

Cənubdakı ağ ağalar hətta onun başına 12 min dollar pul da qoyurlar. Bununla belə, onun gözünü qorxuda bilmirlər. Tabmenin şöhrəti get-gedə artır, o, Amerika tarixinə ən çox qulun azadlığına nail olmuş insan kimi düşür.

Tabmen şimalda təşkil edilən iclaslarda iştirak edir, onu tək zəncilər deyil, bütün cəmiyyət lider kimi tanımağa başlayır. Hətta Avraam Linkoln hökumətində dövlət katibi olmuş Frederik Duqlas, senator Uilyam Syuard, məşhur inqilabçı Con Braun belə bu qadından liderlik sirlərini öyrənirlər.

Beləliklə, əslində lider olmaqçun heç bir perspektivi görünməyən Qarriet Tabmen inanılmaz gücü və təsiretmə qabiliyyəti ilə liderə çevrilir. Səbəb sadədir: insanlar onların özlərindən güclü olan liderin ardınca gedirlər. Heç vaxt olmur ki, insanlar kiminsə ardınca elə-belə getsinlər. Onlar, liderliyinə hörmət etdikləri adamların ardınca gedirlər.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının Oxucularımızın yaradıcılığı rubrikasında bu gün sizlərə Bəhram Bilaloğlunun şeirləri təqdim edilir.

 

 

Adam var ki təbəssümü-

Səadətə işıq saçır.

Qaranlıqlar arxasından-

Günəş olur, şəfəq saçır.

 

Vəfa gəzsən ondan yapış-

Qopma, eşqin yolçusudur.

Şəffaf edir dünya üzün-

Yaradanın ovçusudur.

 

Gözlərində gözlər gəzir-

Yanağlara çökmək üçün.

Xoşbəxtlikdi tək amalı-

Bu amalla kömək üçün.

 

Fərdlər görür, qəm, qüssəli-

Yol göstərir, iz göstərir.

Hərdən tutur əllərindən-

Allahından göz istəyir.

 

 

***

 

Gözümdə gül açır-

Qışda da güllər.

Güllərin içində-

Axdı gül illər.

 

Bilmədim kəm nədir-

Duymadım ki mən.

Ömrümə güllərdən-

Toxundun vətən.

 

Böyüdü sevgim də-

Boy atdı səndə.

Bəxtəvər illərim-

Yaşadı məndə.

 

Sevincim yaraşdı-

Saxladı zirvə.

Zirvənin dikindən-

Almadım zərbə.

 

 

***

Görüş vaxtı təyin edib-

Çağırmısan görüşünə.

Tərk etmişəm qüssəni mən-

Qovuşmuşam gülüşünə.

 

Ömür elə keçib ömrüm-

Bahar olub bilməmişəm.

Çiçək açıb ağaclarım-

Bara dolub bilməmişəm.

 

Neçə fəsil ötür indi-

Şahı sənsən fəsillərin.

Cücərdikcə həyat eşqin-

Yaşayacaq nəsillərin.

 

Qışı,yayı nə fərqi var-

Təbiətin əsəridir.

Yaradandır lütf eyləyən-

Təb sənətin kəsəridir.

 

 

 

***

Elə tutqunam ki-

Dolmuşam daha.

İztirab çəkirəm-

Batıram aha.

 

Zalım bu dünyanın-

Közündə, odda.

Qovrulan aşiqtək-

İz saldım yadda.

 

Üzü təbəssümdür-

Altı kədər, qəm.

İçində dəm alıb-

Yanılmışam mən.

 

Gecələr ortağım-

Olsa da dərdə.

Gündüzlər çevirdi-

Qorxmaz bir mərdə.

 

 

***

Açır gözlərimdə bəsirət nuru-

Düşən sabahlarda, görürəm səni.

Tanıtma özünü boşu boşuna-

Xəstə ruh halından, dərirəm səni.

 

Kin düşüb üstünə, ləkəsi artır-

Sıxır məhəbbəti seçimdə gedir.

Daha qınamağa yer də qalmayıb-

Təvazö, əzimin biçində gedir.

 

Sanma arifləri aldadacaqsan-

Süzür süzgəcindən ələyir belə.

Nadanla qurulan həyata baxsan-

Kədəri, qüssəni bələyir belə.

 

Ümidlər gül açar, ömür çağında-

Ayrılar, ayrılığ yolunda gedər.

Neçə ayrılığın, sonun görmüşəm-

Hamısı tanrının qolunda gedər.

 

 

Yaşa-yaşa Azərbaycan

 

Danışsam da zaman-zaman.

Böyüyəcək eşqim inan.

Susmaz, məğrur olar bu can.

Yaşa-yaşa Azərbaycan.

 

Gərəyimsən, dirəyimsən.

Azad ölkəm, ürəyimsən.

Məğlub olmaz kürəyimsən.

Yaşa-yaşa Azərbaycan.

 

İmtahanlar keçmisən sən.

Dağ zirvəsin seçmisən sən.

Eşq şərbətin içmisən sən.

Yaşa-yaşa Azərbaycan.

 

Qürur yerim vətənimsən.

Yarı canım, bil tənimsən.

Məzlumlara yetənimsən.

Yaşa-yaşa Azərbaycan.

 

 

***

Fələk gətirərdi qəmi səhərlər-

Alardım qəmini satardım tənha.

Gözümdən düşərdi, həm səhər, həm qəm-

Salardım özümü əfsus günaha.

 

Məni də nə vaxtsa, tərk edəcəklər.

Halıma baxanda, dərk edəcəklər.

Əməl yumruğunu, bərk edəcəklər.

Nankor adamlara, vurmaqdan ötrü.

 

Olsa da həyatın hər bir neməti.

Ehtiyac olacaq sözü, söhbəti.

Olmaz ki qəlbində pak məhəbbəti.

Şən edə bir könül, yar ondan ötrü.

 

 

Gətirər sevgidən, sevgi toxuyar.

Qurandan surələr, ayə oxuyar.

Nəticə çıxarar, tox olar o yar.

Qırılmaz zənciri, qırmaqdan ötrü.

 

 

Mənim o şəhərdə nəyim qalıb ki?!-

Daş divarlar belə unudub məni.

Gəzdiyim səkilər, ağaclar,otlar-

Yaddaşsız adama, tanıdıb məni.

 

Elə bilirdim ki, o adam mənəm-

Unudan adamam, gəzən adamam.

Könüllər içində bir taxt qurmuşam-

Qurulan taxtları çözən adamam.

 

Nədənsə baxanlar kama çatmayıb-

Qovuşmaq özü də kam olur bəzən.

Kainat sirrinə qarışmamışam-

Anlayıb duyanlar, dəm olur bəzən.

 

Ümmandır, dəryadır qərib şəhərim-

Sıxıb bağrına da neçə qəribi.

Qəriblər şəhəri qoyacam adın-

Daha unutmaz ki məntək qəriqi.

 

 

***

Çəkirəm qəmini ey gül-

Asıram qəm otağımdan.

Bəşərə son sözüm olsun-

Anlasın, həyat bağımdan.

 

Nə qədər adam keçibdir-

Allaha çatana əhsən.

Hələ də ayılmayan var-

Soracaq batana, kimsən?!.

 

Ölçüsü bilinməyən var-

Çalışır, düz yola gəlsin.

Gülənə deyin siz Allah-

Baxsın öz halına,gülsün.

 

Əməlim ta ibrətimdi-

Qılıram savab əməldə.

Yetiş imdada Zəmanım-

qıl beyəti, təməldə.

 

 

 

***

Səhərin ətrini bənzətdim gözə-

Aşkar görünən də göz özü imiş.

Həyatdan istədim bir şeir yazım-

Yazılan, şairin düz sözü imiş.

 

Ruhuma yaxınlar gəlin, əyləşin.

Dünyanın üzünə daha öyrəşin.

Çıxın intizardan siz, hey dirəşin.

Bilin ki bu dünya qəm yuvasıdır.

 

Nələr görmədim ki cavan yaşımda.

Ağardı saçlarım, əfsus başımda.

Taleyin bəxşində, möhnət daşında.

Baxdım ki, hava da nəm havasıdır.

 

Günəş gözləyirdim şəfəqi gəldi.

Qaranlıq gecələr, gündüzlə əldi.

Küçələr sevinir, kənarı güldü.

Durduğum küçə də tən yarısıdır.

 

Aydın görünən bir, pak aya baxın.

Gündüzdən gizlənir, onunla axın.

Olmayın ildırım, səssizcə çaxın.

Düşünün, bəşərin dəm acısıdır.

 

 

***

Apararsa mələk məni-

Könüllərdə taxt quraram.

Sıxsa bir an tənhalığım-

Dərhal orda, vaxt quraram.

 

Tərk edərəm qalammaram-

Ruha təkid eyləyərəm.

İmanımı artırarsa-

Artdığını söyləyərəm.

 

Səba yeli çatar,dünya -

Azan vaxtı səpər gedər.

İman əhli dərmək üçün-

Namazından çəpər edər.

 

Yanılmadım getməyimdən-

Təqva dedi,gördüm,gəldim.

Oyanandan bu vaxtadək-

Şənəm deyir,gülür qəlbim.

 

 

***

Bakı buxtasından Bakıya baxdım-

İllərin zəhməti, bəhrəsi vardı.

Yıxılmaz duruşu, cəsarətilə-

Dünya meydanında dağdı, vüqardı.

 

Neçə adamları alıb qoynuna -

Saxlayıb eşq, torpağ, nəfəsi üstə.

Günləri keçdikcə, baxır Bakımız-

Adına söykənən mərd, səsi üstə.

 

Kimlər boy atmayıb, böyüyüb səndə-

Qorxmazlıq hissinə çatmaqdan ötrü.

Vətən qorumağı, öyrətmisən sən-

Sevgiyə, eşqlərə batmaqdan ötrü.

 

Qürurla, şərəflə çəkilir adın-

Yaşayır sinəndə uca bayrağın.

Düşmənə göz dağı, verdikcə adın-

Yaşa, qürur yerim, ulu torpağım!

 

 

***

Viran etdin dost könlünü-

       Haqqın nədi bilmədim ki.

Viranələr altda qaldım-

      Yaşayıram, ölmədim ki.

Çözdüm bəşər tarixini-

      Aradım ki xislət belə.

İnsan geni mürəkkəbdir-

      Seyyid, çözmə,dua elə.

Əzablardan təngə gəldim-

      Sınmadım heç, yorulmadım.

Çəkdim əzab şəklini mən-

      Olsun təkan, qürur adım.

Zaman özü dərman dedin-

      Susdum yaman, səbrə getdim.

Kaş ki xəta qılmazdım mən-

      Elə bil ki qəbrə getdim.

 

 

***

Ölçüyə gəlməz ki eşqim-

Ha ölç, sən de, faydası yox.

Sərhəd boyu nişansızdı-

Yeddi qatda, qaydası yox.

 

Yeddisi də özünküdü-

Yazan odur, bəyan odur.

Bəşər özü məəttəldir-

Cızan odur, həyan odur.

 

Dəyişməyən hecaların-

Arasında vergül gəzdim.

Məna-məna, açmaq üçün-

Açılmayan bir gül çözdüm.

 

Yaşamağa ümidimdir-

İndi açsa,tək qalaram.

Unutduğum adamlar da-

Gəlsə sənsiz, həkk qılaram.

 

 

***

Sonunda yandırar neçə ürəyi-

Sevgini kül edən, ayrılıq adım.

Bu dünya, o dünya, nə fərqi var ki?!-

Sevinim şəninə, həzzindən dadım.

 

İçirər ağunu, şirin adıyla-

Yanmaz acısına, dartar, aparar.

Gözlə görmədiyin,qəlblərə baxsan-

Haqsızsan deyərək, səni qoparar.

 

Tale nə etsin ki, yaradan da nə?-

Açırsan sərhəddi,dünya boyunca.

Vəfa qılmadığın, sözə, duyğuya-

Yaşat öz haqqını, gözlər doyunca.

 

Heykələ, ordenə, həvəs ölçmə gəl-

Yatır həvəsini, sevgidən başla.

Ömrünə girənlər qəm, kədərdisə-

Çıxar göz önünə, güzgüdən başla.

 

 

 

 

***

Eşqi görən qəlb gözüdür-

Şah damardan yaxındasan.

Sevgi deyil, məhəbbətdir-

Unutma sən, axındasan.

 

Hissə-hissə, damcı-damcı-

Sınağından, düz keçmisən.

Mövla özü, eşq adlıdır-

Doğrulardan göz seçmisən.

 

İllərini xərcləmisən-

Almaq üçün, eşq dadını.

Yetişəssən niyyətinə-

Çağıranda "Haqq"adını.

Müsafirsən, çatmamısan-

Yolun üstə mələklər var.

Yetmək nədir bilirsənsə-

Nakam olan, diləklər var.

 

Əməllərim apararsa-

Çataram tez ünvanıma.

Ərz edirəm Uca Allah-

Apar məni, öz yanına.

 

 

***

İlahi,

dünyadan köçməyim gəlib-

Sanıram o dünya, gül bağçasıdır.

Güllərin içində yaşamaq üçün-

Sınaqdır bu dünyam, qəm boxçasıdır.

İllərdi yetişir sinəmin üstə-

Ağrıdır acısı, dözümsüz olur.

Sevgidən sevgiyə addım atanda-

Baxış var gözümdə, gözümsüz qalır.

Gözləyən gözlərim yanır halıma-

Çoxdandır yaz fəsli başlayıb, gedim.

Şeytanı qovublar, şeytan rədd olub-

Yollarım açıqdır, bir xəyal edim.

Vəsf edən gözümdə nələr yoxdu ki-

Quru ağaclar da yaşıl görünür.

İnsanlar düşəndə, cənnət yoluna-

Addımlar iz salır, eşqə bürünür.

 

 

***

Təbiət verdiyi gözəlliklərin-

İçində yaşamaq, ən gözəl hissdir.

Əzəldən qaydalar belə yazılmış-

Keçinə bilməyən deyir ki pisdir.

 

Səmimi duyğular, bənd olar onda-

Sadəlik kökündən süzülər gələr.

Kimin ki qanında təkəbbür var a-

Bilin ki o insan əzilər, ölər.

 

Hər bir fərd içində, dünya yaşadır-

Özü də dünyanın dinc sakinidir.

Dəyəni, əyəni, söz deyəni yox-

Büsbütün aləmin, gənc sakinidir.

 

Həyatda ömrünü fərsiz sürənlər-

Ədalət acısı çəkər deyərlər.

Xəyanət toxumun torpağ cücərtməz-

İnsanlar cücərdər,əkər deyərlər.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

 

 

Sentyabrın 10-da, saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında  Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində ecazkar, məlahətli səsi, yüksək səhnə mədəniyyəti, həssas obraz duyumu ilə qəlblərdə yaşayan, Xalq artisti, professor Mobil Əhmədovun anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konsert proqramı keçiriləcək. 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyanın mətbuat xidmətindən verilən məlumata görə, konsert proqramında Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistlərinin ifasında sənətkarın repertuarından mahnılar,  operettalardan ariyalar səsləndiriləcək.

 

Biletləri filarmoniyanın kassasından və iticket.az saytından əldə etmək mümkündür.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(05.08.2024)

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.