Super User

Super User

Çərşənbə axşamı, 06 Avqust 2024 17:40

“Ulduz” jurnalının iyul-avqust sayı işıq üzü görüb

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, jurnalın yeni nömrəsində yenə də bir-birindən maraqlı materiallar dərc olunub.

Jurnalın yeni formatda ikinci sayı yazıçı Mirmehdi Ağaoğlunun “Özüylə söhbət”i və hekayəsi ilə başlayır. Ardından “Şeir vaxtı” rubrikasında Rəbiqə Nazimqızının şeirləri yer alıb. Jurnal oxucuları üçün Təranə Dəmir, Pərviz Qurbanlı, Pərviz Axund, Aynur Qafarlı, Cavid Fərzəli, Ceyhun Ötkəm kimi müəlliflərin də şeirlərini bu nömrədə təqdim edir.

“Ulduz”un ənənəvi “Qısa fikirlər xəzinəsi” Məhəmməd Füzuliyə, eləcə də digər görkəmli şəxslərin aforizmlərinə həsr olunub.

Nəsr əsələrinə gəldikdə, Əfsanə Laçının bir neçə hekayəsi, İlahə Səfərzadənin “Lal”, Qafar Cəfərlinin “Gülzəri” adlı hekayəsi, eləcə də Xalq yazıçısı Natiq Rəsulzadənin “Hifz et və bağışla” əsəri bu nömrədə oxucuların görüşünə gəlib.

“Nobel mükafatçıları” rubrikasında ədəbiyyatşünas alim İlham Abbasov görkəmli yazıçı Tomas Elitoun yaradıcılığı barədə araşdırma ilə çıxış edir.

Jurnalının keçirdiyi müsabiqənin finalçıları barəsində filologiya üzrə elmlər doktoru İradə Musayeva əsərlərin tənqid və təhlilini verib.

“Ustad dərsləri” rubrikasında filologiya üzrə elmlər doktoru Məti Osmanoğlu “Təbiətlə ədəbiyyat bir araya gəldikdə” yazısı, eləcə də Herman Hessenin “Sənətkar və psixoanaliz” adlı tərcüməsi yer alıb.

"Yazı masası" rubrikasının budəfəki qonağı Xalq şairi Nəriman Həsənzadədir.

“Dərgidə kitab”da Mənsurə Qaçayqızının bir neçə əsəri, “Dərgidə sərgi” rubrikasında isə rəssam, musiqişünas Təranə Nurinin üç rəsm əsəri dərc olunub.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Etibar Əbilov, “Ədəbiyyat və incəsənət” üçün

 

Dünən - avqustun 5-də Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov növbəti ad gününü qeyd etdi. Təbii ki, ona səmimi təbriklərimizi çatdırdıq. Mənsə Xalq rəssamımızın ad gününü hollandların qeyri-adi şəkildə təbrik etmələri barədə danışmaq istəyirəm. 

Dahi Rembrantın həmvətənləri üzərində Sakit müəllimin çəkmiş olduğu rəsm əsərini açıqca olaraq kütləvi şəkildə cap eləyiblər. Əlbəttə ki, bu, az iş deyil. 

 

Məlumat üçün bildirək ki, Sakit Qulam oğlu Məmmədov 1958-ci ilin 5 avqustunda Neftçalada anadan olub, 2018-ci ildən Azərbaycanın xalq rəssamıdır, professordur.

YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Türk Dünyası" Akademiyasının həqiqi üzvüdür. 

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Çərşənbə axşamı, 06 Avqust 2024 16:22

Azərbaycanın rəqs qrupu Ankarada çıxış edib

 

Ankarada keçirilən “Mədəni qarşılıqlı fəaliyyət üzrə paytaxtda beynəlxalq görüşlər” proqramı çərçivəsində 11 ölkədən olan rəqs qruplarının çıxışları olub.

 

AzərTAC xəbər verir ki, Ankara şəhər bələdiyyəsi tərəfindən Gənclər parkında təşkil olunan tədbirdə ölkəmizi “Nuray” rəqs qrupu təmsil edib.

Rəqs qruplarının çıxışlarından əvvəl Ankara sakinlərinə və şəhərin qonaqlarına müraciət edən Türkiyə paytaxtı bələdiyyəsinin sədri Mansur Yavaş dövlətlərarası mədəni əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib. O deyib: “Xalqlarımız mədəni irsi qorumalı, onu gələcək nəsillərə miras qoymalıdır. Biz, həmçinin bu prosesə öz töhfəmizi verməyə çalışırıq”. Mansur Yavaş mədəniyyəti xalqları birləşdirən mühüm körpü adlandırıb.

Türkiyə paytaxtının Keçiören rayon bələdiyyəsinin sədri Mesut Özarslan çıxışında bildirib ki, ötən ay Ankaranın bu məkanında türk dövlətləri nümayəndələrinin iştirakı ilə beynəlxalq mədəniyyət tədbiri də keçirilib. O vurğulayıb: “Fəxr edirik ki, bu gün növbəti böyük mədəniyyət tədbirində iştirak edirik”.

Sonra Türkiyənin üç vilayətindən, həmçinin Azərbaycan, Gürcüstan, Rusiyanın regionları, Özbəkistan, Rumıniya və digər ölkələrdən gəlmiş rəqs qruplarının çıxışları olub.

Milli geyimdə çıxış edən Azərbaycan rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Çərşənbə axşamı, 06 Avqust 2024 16:52

STATUS YAĞIŞI - Kənan Məmmədli ilə

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını öz əməkdaşımız Kənan Məmmədli üçün açır. Buyurun.

 

Məncə, bu xəbərə bütün Azərbaycan sevinir. Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimovun oğlu Davud Həşimov dörd ölkədən, yeddi universitetdən qəbul alıb.

O, növbəti tədris ilindən etibarən təhsilini universitetlərin reytinq sıralamasında TOP 100-ə daxil olan ABŞ-ın "Purdue” universitetində davam etdirəcək.

Davudun kompüter sahəsində kompüter mühəndisliyi üzrə təhsil alması generalımızın arzusu olub, bunu xüsusən qeyd etməliyəm!

Yolun açıq olsun, Davud!

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Çərşənbə axşamı, 06 Avqust 2024 16:06

Divar adamın coğrafiya sevgisi

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi

 

Yamyaşıl bağçada oturmuşdu, ətrafı seyr edirdi. Baxırdı, amma görmürdü sanki, dünyadan qopmuş halda beynindəki suallara cavab axtarırdı Ayaz. Birdən xəfif meh əsməyə başladı, o, sakitcə yavaş əsən küləyi hiss etməyə başladı. Həmin an içindən keçirdiyi bir sual var idi: “Görəsən, külək niyə əsməyə ehtiyac duyur?”

Elə həmin an külək yavaşlığını yerə qoyub sürətlənməyə başladı. Sanki Ayaza nələri isə izah etmək üçün əsirdi. 

Külək əsə-əsə havaya öz səsin buraxaraq: “Ayaz, mənim var olma səbəbimi bilmək istəyirsənsə, coğrafiya fənnini oxumalısan”-dedi. Həmçinin, külək ona bir sirrini də buraxıb getdi. Onun bu sirri isə belə idi: “Mən ona görə varam ki,

insanlara haqsızlıq qarşısında susmamağı, mənim kimi əsib-coşmağı öyrədirəm. Əgər sən də haqsızlıq görsən, susma. Həmişə haqlılığın üçün insanlara əs-coş.”

Bu, Ayaz üçün maraqlı idi, həm də çox maraqlı idi. Uşaq anladı ki, bu dünyada baş verən şeylər səbəbsiz deyil. Bir az sonra anası təkidlə Ayazı evə çağırdı, lakin Ayaz hələ istirahət saatının bitmədiyini dilə gətirdi, haqlıykən əsib-coşdu. Küləyin bir sirrini öyrənmiş, təkcə coğrafiyadan oxumaq qalmışdı. 

Külək yatışdı, bu dəfə isə yağış damlaları Ayazın üzünə düşməyə başladı. İndi isə onun fikrini qarışdıran yağışın var olma səbəbi idi. Yağış bir az sonra yeri tamamilə islatdı və danışmağa başladı: “Ayaz,ey maraqlı uşaq, mənim varlığımın səbəbi yenə də coğrafiya kitabındadır, coğrafiyanı tap və oxumağa başla”-dedi. 

Və davam etdi:

-Amma yenə də sənə bir sirr açım. Mən yağmağa başlayanda insanlar qırağa çəkilir,

təbiəti seyrə başlayır, sanki özlərinə qapanırlar. Bunun səbəbi isə odur ki, mən yağmaqla insanlara insan olduqlarını xatırladıram. Yadında saxla, əzizim, insan olan yerdə cuzi də olsa pis düşüncələr vardır, mən də o düşüncələri yuyur, təmizləyirəm. O pis düşüncələr yuyulduqca insanlar səssizləşir, özlərinə yer tapmadıqları üçün, utandıqları üçün qaçmağa başlayırlar. 

Ayaz bunları öyrəndiyi üçün özünü çox xoşbəxt hiss etdi və yağışa: ”Sən hər zaman sağ ol”,-dedi. 

Ayazı yenə çağırırdılar, bu dəfə o çox əsəbləşdi və içində ailəsinə qarşı pis düşüncələr keçirtdi. Bunun səhv olduğunu bilən Ayaz bu pis düşüncələri yox olsun deyə, yağışın altında tamamilə islandı və özünü günahsız hiss etdi. Çünki o hamı kimi qaçmamışdı. İndi isə geriyə qurulanmaq qalırdı, onun islanma səbəbini kimsə bilməməli idi, çünki o, anasına bu olanları izah etsə, anası özünü pis hiss edərdi. Ona görə də yolunu gözlədiyi gün artıq çıxmağa başladı.

Günəşin şüaları o qədər çox idi ki, Ayaz on dəqiqəyə qurudu. O, günəşin də var olma səbəbini coğrafiyadan öyrənəcəyini təxmin etdi. Bu çoxbilmiş uşağa gülən günəş isə ona əlavə bir sirr vermək istədiyini,

bu sirrin kitabda yazılmadığını dedi. Maraqla dinləyən Ayaz günəşdən belə bir cümlə eşitdi:

-Bu dünyada çox şeyləri yağış yuyur, gün qurudur. Yəni, Ayaz, sənin səhv düşüncəni yuyan yağışdır, heç kim xəbər tutmadan səni təmizə, əvvəki sənə çevirən isə mənəm. Elə indi təmizə çıxardığım kimi.

Ayaz çox təsirlənmiş, fikrə getmişdi ki,

artıq istirahət saatı bitdi, o, evə qayıdıb dərs oxumalı olduğunu xatırladı. 

Qapıdan içəri girər girməz anasına salam verən Ayaz: “Ana, sabah coğrafiya fənnindən dərsim var, zəhmət olmasa,o kitabı şkafdan mənə ver”, -dedi...

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Çərşənbə axşamı, 06 Avqust 2024 15:51

Rəsm qalereyası: Silvio Fortin, “Gül dəstəsi”

Rəsm qalereyası: Silvio Fortin, “Gül dəstəsi”

 

Fransız xanım rəssamı Silvio Fortinin kifayət qədər məşhur “Gül

dəstəsi” rəsm əsəri.

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Yunus Oğuzun “Ordan-burdan” silsiləsindən “Ezop dili” felyetonunu təqdim edir. 

 

Ezop dili çox dərindir, altında qatlar, dərin mənalar var, ya da heyvanların, quşların dililə fikrini çatdırırsan, atmacalar da öz yerində. Belə baxanda bizim atalar sözləri Ezop dilindən çox qədimdir, amma yiyəmiz olmadığı üçün Ezop qabağa düşüb. Vallah, bizdə elə sözlər var ki, Ezopu arxada qoyub, ondan daha böyük mənalarla öndə gedər. Məsələn, biri o birinə deyir ki, eşşək boyunu yerə soxum. Lakonik, sərrast, həm də çox mənalı. Yəni qanmazsan, gönün qalındı, nə desəm də, heç nə başa düşməyəcəksən, öz bildiyini eləyəcəksən. Yaxud, biri o birinə deyir: "Ə, mən sənin tayınam? Get anqır, tayını tap." Hə, bax belə. Adam qarşısındakı insanı eşşək elədi, bir. İkincisi, cəmiyyəti böldü təbəqələrə, varlı və kasıblara. Üçüncüsü, cəmiyyət bölündü danışan heyvanlara və insanlara. Sən demə, pulun varsa, düz eşşəklikdən insanlığa qalxa bilərsən və cəmiyyət də bunu qəbul edəcək, hətta balta atsan belə. Balta da Ezop dilidir. Bə, nə bilmişdiniz?  Balta o adama atılmadı, cəmiyyətə atıldı. Cəmiyyət də baltanın sapını çıxardandan sonra, onu atan gördü ki, daha bu balta olmadı, qayıtdı əvvəlki yerinə. Yaxud, daha bir atalar sözü: "İki eşşəyin arpasını bölə bilmir". Görün nə qədər mənalı, dərin qatlı, hikmətli bir sözdür. Adam nə qədər savadsız ola ki, iki eşşəyin arpasını bölə bilməyə. Niyə? Deməli, təhsilimiz düz deyil, şagirdlərə vurmanı, bölməni, çıxmanı, üstəgəli öyrətmir. Bəs onda müəllimlər nəyi öyrədib maaş kağızına qol çəkirlər? İki eşşəyin arpası gəlib çıxdı cəmiyyətimizin problemlərinin üstünə. Burdan o yana məntiqi düzüb qoşmaq bir addımlıq işdir. Nə isə... Ezop dilli atalar sözlərimiz çoxdur, nə qədər istəsən, kitablar yazmaq olar. Birini də deyim keçək o biri məsələlərə. El arasında bir söz var, sözü yerində deməyəndə, peşimançılıq çəkəndə deyir: "Gətir  bağla dilimə". Bunun kökü Molla Nəsrəddindən gəlir. Bir gün Molla darvazasının qabağında durub, gəlib-gedənə salam verir. Görür ki, bir atlı keçir. Dərhal ona salam verir və deyir ki, gəl, qonağım ol. Atlı da etmə tənbəllik atdan düşür. Baxır ki, atın yüyənini bağlamağa yer yoxdur. Soruşur ki, ay qardaş, bəs atı hara bağlayım? Nəsrəddin baxır ki, atlı zarafat eləyənə oxşamır. Dediyinə peşiman olur, amma cavabını da verməlidir ki, çıxıb getsin. Deyir: "Gətir bağla dilimə". Ezop dili belə olar, e!..

 

Ezop dili dövrümüzdə çox sahələrə sirayət edib, məsələn, siyasi Ezop dili, iqtisadi, jurnalistika, ekologiya, sosial və sairə, və sairə, hətta təhdid Ezop dili var.

Bu TV-lərdə, radiolarda bir də eşidirsən ki, indi də "keçid alırıq" deyir. Bah, yox əşşi, metro alırıq. Ay kişi, sən keçid alansan, nə demək istəyirsən? Hayqırıb demək istəyirsən ki, mənə də bir obyektdən, zaddan verin, başımı girələyim. Yoxsa, keçid alırıq nədir? Keçi alırıq desəydin, ondan yaxşıdır. Demək olmaz ki, keçirik başqa bir mövzuya. Olmaz, çünki Ezop dililə ismarıcını göndərir. Hələ, o biri jurnalistə bax, deyir ki, "bu arada" bir kitab oxudum. Adam aranı düz yüz səksən gün uzadır. Belə ara olur? Özünün Ezop dilindən istifadə edib cəmiyyətə çatdırmaq istəyir ki, guya mütaliə etməyi sevirəm, ziyalıyam, mənimlə yaxşı rəftar edin. Zamanında deyir ki, kitabı nə vaxt oxuyub. Ay canım, gözüm, "bu arada" sözü paralel olaraq proses gedir. Sən isə bunu altı ay saqqız kimi uzadırsan. Di, keç.

Yadıma Parisdə güllə atan Yusif Dikeş düşdü. İsmarıcı belə verərlər, e.., hətta İlon Mask İstanbula gəlib onunla görüşmək istəyir.

Hələ sairlərimizə baxın.  Biri şeirin adını belə qoyub: "Gedirəm". Ə, hara gedirsən, niyə gedirsən? Ezop dilində kimə ismarıc göndərirsən, Allaha, yoxsa cəmiyyətə? Bu dildə danışan ən çox şairlərdir. O gün birisi, sosial şəbəkədə guya şeir deyir: "Sənə verərəm, sənə verərəm. Əcəb eyləyərəm". Di gəl baş çıxart, nə demək istəyir? Özün korlanmısan cəhənnəm, bəs bu cavanları niyə yoldan çıxardırsan? Sən bu yaşda verəndə, bəs bunlar niyə verməsin? Bir sözlə alt qatda belə məna formalaşır ki, hamı elə ondandır... Hələ bəzi müğənnilər elə geyinirlər ki, heç ora Ezopun dili gərək deyil. Adama uzaqdan deyir ki, gəl... gəl...

Həcidən-zaddan da olmadıq.

Başqa birisi də Anardan nəsə qopartmaq istəyirsə, əvvəl tənqid edir, sonra işi düzələrsə, tərifləyir.

Milli mətbuat  günü  münasibətilə redaksiyamıza bir nazirlik təbrik hədiyyəsi göndərib. İçində nə olsa yaxşıdır; açar breloku, qələm, bloknot, uşaq termosu. Nə demək istəyirdilər, sonra başa düşdüm. Heç "Bir qalanın sirri"ndəki Eldostu həkim belə qəliz danışmamışdı. Yadınızda olar, filmdə qutunun içində sim, nar və qanlı daş vardı. El ağsaqqalları belə nəticəyə gəldilər ki, bəs, Simnar xan onu Qanlı Qalaya aparıb. Mən də bu hədiyyənin sirrini açdım. Qələm-müxbir, bloknot-kağız, yəni get yazını yaz, sən hələ uşaqsan-uşaq termosu - arada da  qəhvəni, cayını iç. Qaldı breloka, hə, bu da o deməkdir ki, yazını yaz, amma, çaşma, açarları da itirmə.

Bu zibilliyin də Ezop dili var. Şəhəri vaxtlı-vaxtında zibilyığanlar   təmizləyirlər. Təkcə gözəgörünən zibili yığmırlar. Şəhərdə xüsusi adamlar var ki, gözəgörünməz zibildən təmizləyirlər. Biri vəzifəyə gəlir, o birinin zibilini örtür, bəs üstünü açma, üfunət aləmi basar. O de Mətbuat prospektində zibilin üstü  açılııb. Sən demə bu prospektdə kanalizasiya lyuku varmış. Hacıbala müəllimin vaxtında bu lyukların üstünü örtüblər. Yağış da yağanda prospekt gölə çevrilirdi. İndi COP-29-la bağlı gedən təmirdə asfaltın üst təbəqəsini götürəndə, bu lyuklar göbələk kimi üzə çıxıblar. Adamdan soruşarlar ki, bu lyukların üstünü niyə bağlamışdınız? O qədər alt qatlı mənalar var ki, fikirləşəndə adamın əti ürpəşir.

Qəzet almağa gedəndə görürəm ki, "Ləziz"in qarşısını hər gün 300-400 litr su işlətməklə meydançanı yuyurlar. Elə fikirləşməyin ki, bunu texniki su ilə edirlər. Ay, hay... Bizdə texniki suyun borularını kəsib armatura çeviriblər. Çəmənliyi də, ağacları da, maşınları da, meydançaları da  içməli su ilə yuyurlar. Özü də oralarda su fasiləsiz gəlir. Əhaliyə isə fasilə ilə su verirlər. Hələ bir gün şıdırğı yağış yağan vaxt  işçi çəmənliyə   su verirdi.

Qadından soruşuram ki, suyu niyə israf eləyirsən, indi su uğrunda müharibə gedir. Nə cavab versə yaxşıdır, özü də  Ezop dilində. Dənizin suyu azalıb, mən də dimdiyimdə suyun artmasına kömək edirəm. Di, gəl anla!

Ezop dilində danışan deputatxanaya verilən namizədlər məni daha çox güldürdü. Köhnə deputatların bəzilərindən soruşurlar ki, namizədliyini verirsən? O da müdrükcəsinə cavab verir ki, hələ fikirləşirəm. O birisi deyir ki, ailəm deputatlığımın əleyhinə çıxdı, nə bilim nə... O qədər bəhanə gətirdilər ki, adam istəyirdi ki, ayaq üstə durub onları alqışlasın. A kişilər, biri durub demədi ki, xeyir-duamı ala bilmədim. Kimdən? Yəqin xalqı nəzərdə tuturdular. Onlar onsuz da beş ildə Ezop dilində danışırdılar, elə bundan sonra da elə olacaqlar.

Hələ sən bax, İranın yeni prezidenti Pezişkianla necə Ezop dilində danışdılarsa, seçki ərəfəsi dediyi sözlərin, verdiyi vədlərin ətəyindən əl çəkib, haça-paça qaldı. Alt qat dilində İsmayılı öldürməklə başa saldılar ki, hətərən-pətərən danışma, yoxsa sən də Rəisinin gününə düşərsən. İndi, o bilmir neyləsin... Yanar ağzına əlini soxub, di gəl, əli də yanır. Di get, müharibəni elə. Elə bilirdin əsarətdən qurtulacaqsan.

Ümumiyyətlə, indi hamı Ezop dilində danışır. Mən də bu yazını Ezop dilində yazdım.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün Qərbi Azərbaycanla bağlı maraqlı faktları təqdim edir.

1.Qərbi Azərbaycan ərazisində (indiki Ermənistan) 60 növ faydalı qazıntı çıxarılır. Bunlar arasında Qara metallar (Fe,Mn, Cr), nadir metallar (Ti, Ni, w, Mo, Re), rəngli metallar (Cu, Pb, Al, Zn, Mg), qiymətli metallar (Au, Ag, Pt) vardır.

2.1832-ci il 14 yanvarda açılan İrəvan qəza məktəbi 1869-cu ildə progimnaziyaya, 31 mart 1881-ci ildən isə 5 sinifli gimnaziyaya çevrildi. 

3.1881-ci ildə açılmış İrəvan kişi gimnaziyasının 216 şagirdi olmuş və gimnaziyanın direktoru Vladimir İosifoviç Brajnikov olmuşdur. Təbii ki, şagirdlər yerli sakinlərdən - azərbaycanlı və ruslardan ibarət olmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

 

Çərşənbə axşamı, 06 Avqust 2024 14:48

OXUCULARIMIZIN YARADICILIĞI – Coşqun Xəliloğlunun şeiri

 

 “Ədəbiyyat və incəsənət” portalı Oxucularımızın yaradıcılığı rubrikasında sizlərə Azərbaycan Yazıçılar Birliyinin üzvüç Coşqun Xəloloğlunun şeirini təqdim edir.

                                        

 

ŞUŞAM, AZADSAN, AZAD.

 

Daha çəkmə qüssə, ah,

-Şuşam, azadsan, azad!

Güldü üzünə sabah,

-Şuşam, azadsan, azad!

 

Çıxdın ağır, “sərt qış”dan,

Qurtuldun, bəd qarğışdan,

Gündə yüz yol, alqışlan-

-Şuşam, azadsan, azad!

 

İncisən, başdan başa,

Hər qarışın tamaşa,

Arzum, - bəxtiyar yaşa,

-Şuşam, azadsan, azad!

 

Bax, sevinir Üzeyir,

Natəvan şeir deyir,

Cabbar nəğmə söyləyir,

-Şuşam, azadsan, azad!

 

Səs gəldi- Pənah xandan,

Nəvvabdan, Sadıqcandan:

-Daha olma nigaran,

-Şuşam, azadsan, azad!

 

Xarıbülbül sevincim,

Bulaqların bir incim,

Çox qədimim, lap gəncim,

-Şuşam, azadsan, azad!

 

Sən, musiqi məbədi,

Yaşa, yaşa əbədi,

Necə xoş təntənədi-

-Şuşam, azadsan, azad!

 

Sözüdür - igidlərin,

Mərd əsgər- zabitlərin,

Qəhrəman şəhidlərin,

-Şuşam, azadsan, azad!

 

Sevinir Dərbənd, Təbriz,

Zəfər çalıb ölkəmiz,

Diləyimiz tər-təmiz,

-Şuşam, azadsan, azad!

 

Hər dərdə var bir dərman,

Gerçəkləşdi çox güman,

Yetişdi gözəl zaman,

-Şuşam, azadsan, azad!

 

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

 

Çərşənbə axşamı, 06 Avqust 2024 14:33

RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi

 

 

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

Sənubər söhbətini bitirib mənə baxdı. Yəqin ki, indi yeni suallarımı verməyin növbəsi çatdığını başa düşürdü. Ona dincəlməsi üçün bir qədər vaxt verib saata baxdım. Saat 1 idi. Ruhanənin dediklərindən çox şey aydın olmuşdu. Ancaq bu hələ hər şeyin aydın olduğu demək deyildi. Deyilənləri dinlədikcə vaxt itirməmək üçün paralel olaraq bundan əvvəl öyrəndiklərimlə uzlaşdırırdım. Bu şəhərdə hər hansı konkret məkanı olmadığını öyrəndiyimiz Ağamirzədən fərqli olaraq Cahandar Mollayevin Novxanıda bağ evinin olduğunu müəyyən etmişdi Nadir. Daha doğrusu, adı bağ evi olsa da, özü daimi o evdə yaşayırdı. Ancaq bu hələ uşağın orda saxlanıldığının sübutu deyildi. Cinayətkar dəstənin başqa, bizə məlum olmayan məkanı varsa və mən tam əmin olmadan həmin bağ evini «basaramsa», hər şey puç ola bilərdi. Çünki bundan «Molla»nın xəbər tutması uşağın həyatının birbaşa təhlükəyə atılması anlamına gəlirdi. Bu halda o, izinə düşüldüyünü başa düşər və etdiyi cinayətinin ən böyük sübutu və şahidi olan uşağı düşünmədən aradan götürərdi. Ona görə də tələsmirdim. Ancaq uşağın o bağda ola biləcəyini təsdiqləyən təhlillərim də var idi. Şahid sevməyən «Molla» qaçırılmış uşağı ən etibar etdiyi adamın da qapısına aparmazdı gizlətmək üçün. O bu məsələni mütləq tam gizli saxlamağa üstünlük verərdi. Heç hər adam da kiminsə qaçırılmış uşağının evində saxlanılması kimi bir riskin altına girməyə razılıq verməzdi. Bu ehtimallar balaca Ağanın məhz Cahandarın bağında saxlanıldığı barədə fikirlərimi möhkəmlədirdi.

Məntiqlə əgər qaçırma planını Ağamirzə özü cızıb sonra da uşağı qaçırıb aparıb təkcə bir-iki gün saxlamaq üçün bağında Cahandara təhvil verəcəkdisə, bu  halda o onun nəyinə lazım idi. Elə payız mövsümündə boş olan bağ evlərindən birini bir neçə günlük kirayələyib uşağı oraya gətirər, alacağı iki yüz min manata heç kimi şərik etməzdi. Yox, burada risk dərəcəsi eyni bölünüb. Planı cızan Ağamirzə uşağı lazım olan yerə gətirtməyi, polisə şikayət edilməcəyəcini və pulu almaq üçün özünün gedəcəyini boynuna götürüb. Uşağı gələcəyi yerdən qaçırmaq və xəlvət yerdə saxlamaq isə Cahandarın öhdəsinə düşüb. Buna çox əminəm. Belə bir bölgü olubsa da, burada üçüncü adama nə ehtiyac var idi ki? Az əvvəl Sənubərin danışdıqlarındakı bir məqam da bu ehtimalımı bərkitdi. Fərmanla telefonda danışan həqiqətən Ağamirzənin özü olub. Danışığın mətnini də düşünülmüş şəkildə hazırlayıb və Sənubərə onu aldatsa da, uşaq üçün təhlükə olmadığına eyham vurub. Məhz buna görə Sənubər bu söhbətimizə qədər elə də narahat deyildi. Bu ağıllı qadın ona göndərilən gizli mesajı yetərincə düz başa düşüb. Daha suallarımı verə bilərdim. Üzümü ona tutub soruşdum:

- Ağamirzə tutulanda siz hələ hamilə olduğunuzu bilmirdiz. Sonra da heç vaxt nə görüşməmisiz, nə də əlaqə saxlamamısız. Telefon xəttini təmir etməyə gələrkən İmranın uşağın adının Ağamirzə olduğunu eşitməsi də hələ onun Fərmandan olmamasını düşünməyə tam əsas vermir. Uşağı Fərmandan doğub keçmiş sevgilinizin adını ona verə bilərdiniz. Ağamirzə isə, uşağın atası olduğunu əminliklə bilib sizi bununla şantaj edib. Bu halda uşağın ondan olduğunu o necə bildi?

Sənubər başını bulayıb dedi:

- Məhkəmə zalından çıxaranda cəmi bir dəqiqəliyə ona yaxınlaşmağıma icazə verdilər. Onda qulağına pıçıldamışdım. Kaş ki, deməz olaydım.

Növbəti sualımı verdim:

- İmranın evini tanıyırdınız?

- Təxmini bilirdim ki, köhnə Yasamal bazarı ilə üzbəüz birotaqlı bina evində anası ilə yaşayırdı.

Bu məlumat işə yaramırdı. Bina evində kimisə gizlətmək çox riskli idi. Üstəlik də həmin həyətin lap yaxınlığında polis bölməsi yerləşirdi.

- Bir gün vaxt verərkən pulun gətiriləcəyi yeri dedi sizə?

- Yox, heç sual verməmiş özü dedi ki, dəqiq yeri görüşdən bir qədər əvvəl deyəcək.

Bu da başa düşülən idi. Görüş yerini son ana qədər gizli saxlamalı idilər. Onlara qarşı vaxt və məkan baxımından hər hansı qabaqlayıcı addımların atılması imkanlarını məhdudlaşdırırlar.  

- Başqa tanıdığınız qohumları var idi?

- Onun ümumiyyətlə elə çox qohumu yox idi. Bayaq siz deyəndə sözünüzü kəsmədim. Bircə xalası, bir əmisi var idi. Xalası İmranın anasıdır. O vaxt ağır xəstə idi. Bəlkə də dünyasını dəyişib. Evin pulunun dalına keçən də yəqin ki, əmisi ya da əmisi uşaqlarıdır.

Bunları deyən Sənubər birdən - birə duruxub mənə baxdı. Sonra nəsə yadına salırmış kimi qaşların çatıb əlini siqaret qutusuna uzatdı. Siqaretini alışdırıb bir xeyli fikirləşəndən sonra dedi:

- Yadıma bir şey düşdü. Bəlkə də səhv edirəm. Amma ola bilər ki, işinizə yaradı. Ağamirzənin əmisindən danışanda birdən xatırladım bunu. Ağagilin Novxanıda bağ evi var idi.

- Dəqiq bilirsiniz ki, Novxanıda idi? - cəld soruşdum. Bu təsadüf idimi? Axı Cahandarın da bağı həmin bağ massivində yerləşirdi. Hər halda bu çox yaxşı məlumat idi.

- Bəli, dəqiq bilirəm. Axı özüm illər əvvəl orada olmuşam.

Bəs görəsən hər şeyi öyrənən Nadir bunu necə gözdən qaçırıb, yəqin bunun bir səbəbi var. Bəlkə də o səbəbi indi mənə Sənubər deyəcək. Hər halda onun söhbətini səbrlə dinləməyim bəhrəsini verməyə başlayır. Görək bu qadın daha başqa nə xatırlayacaq.

O davam etdi:

- Bəzi məqamları olduğu kimi danışdığıma görə məni bağışlayın. Ancaq özünüz söhbətin əvvəlində səmimi olmağımı istəmişdiniz. İlk dəfə dostunun evində yatağa girdikdən sonra bu fasilələrlə bir neçə dəfə də təkrarlandı. Onlardan birində dərsə girməməyimi tapşırdı. Görüşdük, məni Novxanıda bir bağa apardı. Atasının bağı olduğunu dedi. Bayaq siz deyəndə ki, onun bu şəhərdə gedəcək bir yeri yoxdur, fikirləşdim ki, onsuz da hər şeyi dəqiqləşdirib sonra buraya gəlmisiniz. Ağlıma gəldi yəqin o bağ da çoxdan kiməsə satılıb. Ancaq söhbət əmisindən düşəndə qəfildən onun dediyi bir söz yadıma düşdü. Bağ atasının olsa da, əmisinin adına sənədləşdirilmişdi. Bəli, o, dəqiq mənə belə demişdi. Deyəsən atası hansısa vəzifədə işləyirmiş, öz adına almağa ehtiyat eləyib, fəhlə qardaşının adına sənədləşdirib. Bilirsiz, o vaxtlar belə idi. Hə, sonra bir dəfə də getdik o bağa.

Aha, deməli belə. Əlbəttə, Nadir bunu öyrənə bilməzdi. O, sadəcə Ağamirzənin ailəsinə aid olan məlumatları dəqiqləşdirməyə imkan tapmışdı. Ehtimal edək ki, əgər o bağ doğrudan da hələ satılmayıbsa, Ağamirzə bağın əmisinin adına olduğuna arxayın olub rahatlıqla orada gizlənə bilər. Sənubəri də yaxşıca şantaj etdiyi üçün onun susacağına, xatırlayırsa belə, bağ haqqında heç nə deməyəcəyinə arxayındı. Bəlkə elə uşağı da orada gizlədir? Yooox, bu bayaqkı təhlillərimə uyğun gəlmir. Uşağı da ora aparacaqdısa, «Molla»nı bu işə qoşmağa bir lüzum qalmırdı. «Molla»nınsa bu işin içində olduğuna Layiqənin Novxanıdan etdiyi zəng zamanı verdiyi çox maraqlı bir məlumatdan sonra heç bir şübhəm qalmamışdı. Bu işi məhz düşündüyüm kimi, öz aralarında «vəzifə» bölgüsü etməklə aşırdıqlarına əminəm. Elə bu gecə o bağı yoxlamaq lazımdır. Ancaq, görəsən Sənubər  illər əvvəl cəmi iki dəfə getdiyi bağın yerini xatırlayırmı?

Üzümü ona tutub soruşdum:

- Səhəri gözləyib bağın yerini dəqiqləşdirmək üçün vaxtımız yoxdur. Bu gecə oraya getsək, nəsə xatırlaya bilərsizmi?

Sənubər gözlərini qıyıb fikrə getdi. Xeyli fikirləşəndən sonra dedi:

- Bəzi şeylər yadımdadı. Dənizə düşən əsas yol bitəndə ortadakı kiçik dairədən sağa - sola yollar ayrılır. Biz o yola çatmamış, sonuncu döngənin yanında avtobusdan düşüb o döngəyə sağ tərəfə döndük. Təxminən iki yüz metr piyada getdikdən sonra bağa çatdıq. Darvazası divardan içəri tərəfə idi. Qarşısında bir maşınlıq yer var idi. Əsas yadımda qalan odu ki, divarın darvazaya dönən hissəsi adi divarlar kimi doxsan dərəcə bucaq altında yox, dairəvi hörülmüşdü. Mən onda ilk dəfə elə divar görürdüm. Çox maraqlı gəldi mənə. Ona görə yadımda qalıb.

- Bəs darvazanın rəngi?

- Təəssüf ki, yadımda deyil.

- Hər halda yoxlamaq lazımdır. Geyinin, ofisə dəyib birlikdə oraya gedəcəyik. Hə, bir də, boyun - boğazınızı yaxşı - yaxşı yuyun. Mümkün qədər ətrinizin iyi hiss olunmasın.

Sənubər ikinci dəfə deməyimi gözləməyib yerindən sıçradı.

 

 “Ədəbiyyat və incəsənət”

(06.08.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.