Super User
Tanınmış türkiyəli aktrisa Bakıda monotamaşa ilə çıxış edəcək
Mədəniyyət Nazirliyinin dəstəyi, “Caspian Media Group”un təşkilatçılığı ilə Türkiyənin məşhur kino və teatr aktrisası Sumru Yavrucuk “Şerli Valentin” monotamaşası ilə Bakıda çıxış edəcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, səhnə əsəri oktyabrın 5-6-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunacaq.
İkipərdəli monotamaşada gündəlik həyatın cansıxıcılığında itib-batan Şerli Valentinin hekayəsi diqqət mərkəzinə çəkilir. O özünü yenidən kəşf edir və həyat yolunda ayaqları üstə möhkəm dayanmağa başlayır.
Tamaşanın rejissoru teatr sahəsi üzrə bir sıra mükafatların laureatı olan Sumru Yavrucukun özüdür. O həm də tamaşadakı bütün obrazları canlandırır.
Qeyd edək ki, S.Yavrucuk “Yabancı damat” serialındakı obrazı ilə məşhurlaşıb. Daha sonra “Fatmagülün suçu nə?”, “Şahanə həyatım”, “Evlilik haqqında hər şey” kimi seriallarda da unudulmaz obrazlar canlandırıb.
“Ədəbiyyat və incəsənət”
(08.08.2024)
Azərbaycan ilə Türkiyə arasında muzey işi və arxeologiya sahələrində birgə layihələr müzakirə edilib
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankaradakı Anadolu Mədəniyyətləri Muzeyinin müdiri Yusuf Kıraç ilə görüşərək, muzey işi və arxeologiya sahələrində əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edib.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, muzeydə keçirilmiş görüş zamanı arxeologiya sahəsində Türkiyənin qədim və zəngin muzeyi olan Anadolu Mədəniyyətləri Muzeyi ilə Azərbaycanın aparıcı muzeyləri arasında əməkdaşlıq, təcrübə mübadiləsi müzakirə edilib. Anadolu Mədəniyyətləri Muzeyində Azərbaycan və Türkiyə alimlərinin, tədqiqatçılarının birgə görüşünün keçirilməsi, arxeoloji qazıntılar zamanı aşkar olunmuş qədim mədəniyyət nümunələrinin təqdimatı, birgə elmi konfransın keçirilməsi, mədəniyyət sahəsi üzrə elmi mübadilə proqramlarının reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Samir Abbasov Azərbaycanda son illər aparılan arxeoloji qazıntılar zamanı çoxlu maddi-mədəniyyət nümunələrinin aşkar edildiyini, ölkəmizin ərazisinin qədim insan yaşayış məskənlərinin, Kür-Araz, Xocalı-Gədəbəy və b. mədəniyyətlərin beşiyi olduğunu söyləyib.
Tərəflər iki ölkə muzey rəhbərlərinin qarşılıqlı səfərləri, Türkiyədə muzey fondlarının reyestri, onların tədqiqi sahəsində yeni yaradılmış onlayn Muzey Milli İnventar Sisteminə (MUES) Azərbaycan, Türk dövlətləri, İpək yolu üzrə dövlətlərin muzeylərinin qoşulmasına dair fikir mübadiləsi aparıb, Azərbaycan muzeylərinin sözügedən sistemə qoşulmasına dair təkliflər dəyərləndirilib, bu sahədə birgə iş aparılması müzakirə olunub.
Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış MUES sisteminin əsas məqsədi bütün muzeylərdə olan əsərlər haqqında ətraflı məlumatların saxlanılacağı milli məlumat bankının yaradılmasıdır.
Hər il yüz minlərlə turistin ziyarət etdiyi nüfuzlu Anadolu Mədəniyyətləri Muzeyində Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlərin, təqdimatların keçirilməsi razılaşdırılıb və muzey ziyarət olunub. Anadolu Mədəniyyətlər Muzeyində müxtəlif bölmələr, Türkiyə ərazisində arxeologiya sahəsində aparılan qazıntı və tədqiqatlar nəticəsində aşkar olunmuş eksponatlar, Anadolu ərazisindəki mədəniyyətlərə dair abidələrə baxış keçirilib.
“Ədəbiyyat və incəsənət”
(08.08.2024)
Azərbaycan “Sarayevo Film Festival”da “Sanki Yoxsan” filmi ilə təmsil olunacaq
Avqustun 16-dan 23-dək Sarayevoda keçiriləcək “Sarajevo Film Festival” (SFF) kinofestivalında Azərbaycan rejissor Azər Quliyevin “Sanki Yoxsan” filmi ilə təmsil olunacaq.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, film bundan əvvəl 77-ci Kann beynəlxalq qısametrajlı filmlər kinofestivalının müsabiqə proqramına daxil edilib.
Rejissorun həm də Nicat Muxtarovla birgə ssenari müəllifi olduğu 16 dəqiqəlik film festivalın qısametrajlı filmlər proqramına daxil edilib.
Filmdə baş rollarda Milana Həsənova, Oqtay Mehdiyev və Elşən Məmmədov çəkilib.
“Sanki Yoxsan” filmi avqustun 21-də və 23-də nümayiş olunacaq.
30-cu festivalda laureatlar populyar filmlərinin nümayişində iştirak edəcək, ən son quruluşlarını təqdim edəcək və ustad dərsləri keçəcəklər.
Meq Rayan açıq havada yerləşən 2 min nəfərlik kinoteatrda 1998-ci ildə çəkilmiş “Sizə məktub var” romantik komediyasının xüsusi nümayişini, həmçinin özünün də baş rolda oynadığı, ən son rejissorluq işi olan “Daha sonra nə baş verdi” filmini təqdim edəcək.
Təşkilatçılar əlavə ediblər ki, “Sarayevonun ürəyi” fəxri mükafatı fələstinli rejissor Eliya Süleymana da təqdim olunacaq.
SFF direktoru Yovan Maryanoviç deyib ki, belə kino sənayesi xadimlərini Sarayevoya gətirmək və onları region gəncləri ilə tanış etmək “böyük üstünlükdür”: “Bu, uzun müddət davam edən əlaqələrdir və biz insanların festivalın böyüməsinə və daha da inkişaf etməsinə imkan verərək, geri qayıtmasını görürük”.
Festival bosniyalı rejissor, “Oskar” mükafatı laureatı Danis Tanoviçin “Mənim gecikmiş yayım” filminin dünya premyerası ilə açılacaq.
SFF 1992-ci ildən 1995-ci ilə kimi Bosniya müharibəsinin sonunda bir qrup kino həvəskarı tərəfindən yaradılıb və o vaxtdan bəri dünyanın hər yerindən kino sənayesi xadimlərinin dəstəyini qazanıb. Bu il festivalda 240 film nümayiş olunacaq. Cənub-Şərqi Avropa, Ukrayna və Cənubi Qafqazdan 54 film, o cümlədən 19 dünya premyerası dörd – bədii, qısametrajlı, sənədli və tələbə filmləri kateqoriyalarında “Sarayevonun ürəyi” mükafatı uğrunda mübarizə aparacaq
“Ədəbiyyat və incəsənət”
(08.08.2024)
Bu gün “YARAT”da Honkonq rejissorunun “Sevgi əhvali-ruhiyyəsi” filmi göstəriləcək
Bu gün - avqustun 8-də “YARAT” Müasir İncəsənət Məkanında Honkonq rejissoru Vonq Kar-Vayın “Sevgi əhvali-ruhiyyəsi” (“In the Mood for Love”) filminin nümayişi olacaq. “Ədəbiyyat və incəsənət” xəbər verir ki, bu barədə “YARAT”ın yaydığı məlumatda deyilir.
Xatırladaq ki, filmin nümayişi “Müşahidə olunmayan arzular” qrup sərgisi çərçivəsində həyata keçirilir.
Ekran əsərində hadisələr 1960-cı illərin Honkonqunda cərəyan edir. Öz həyat yoldaşlarının xəyanətindən xəbər tutan böyük mənzildəki qonşular – jurnalist Çou Movan və katibə Su Liçjen birlikdə daha çox vaxt keçirməyə başlayırlar. Onlar hətta bir-birinə aşiq olsalar da, bunu bəyan etməyə cəsarət etmirlər. Qüsursuz reputasiyası olan nadir filmlərdən biri sayılan “Sevgi əhvali-ruhiyyəsi” Toni Lyuna Kann kinofestivalında (2000-ci il) ən yaxşı kişi aktyor mükafatını qazandırıb və bu ekran əsəri BBC telekanalının 2016-cı ildə bütün dünya üzrə kino tənqidçiləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, XXI əsrin ən yaxşı 100 filminin siyahısına daxil edilib.
Filmin nümayişindən sonra “Atrium” anti-kinoklubunun nümayəndəsi Eldar Albertssonla ekran əsərinin müzakirəsi olacaq.
“Sevgi əhvali-ruhiyyəsi” filmi Azərbaycan dilində subtitrlə göstəriləcək.
Qeyd edək ki, Honkonq rejissoru Vonq Kar-Vay özünün poetik kino dili və romantik dramları ilə seçilir. Onun filmlərinin arasında “Çunkinq ekspresi” kimi maraqlı film də var. Rejissorun “Birlikdə xoşbəxtik” ekran əsəri isə 1997-ci ildə Kann kinofestivalında ən yaxşı rejissor işinə görə mükafatına layiq görülüb. Vonq Kar-Vay bu mükafatı alan ilk Honkonq rejissorudur.
“Ədəbiyyat və incəsənət”
(08.08.2024)
“SALAM” Beynəlxalq Uşaq və Gənclər Filmləri Festivalı başlayır
Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədovun təsis etdiyi “SALAM” Beynəlxalq Uşaq və Gənclər Filmləri Festivalı avqustun 26-da Azərbaycan-Avropa Məktəbində keçiriləcək.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, avqustun 29-dək davam edəcək festivalda Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Pakistan, Ukrayna, İtaliya, Almaniya, İsveç, Polşa, Belçika və Böyük Britaniya kimi ölkələrdən 600-ə yaxın məktəbli iştirak edəcək.
Festival 2019-cu ildə “Narimanfilm” Kinostudiyasının Baş direktoru və festivalın baş icraçı direktoru Nəriman Məmmədov tərəfindən təsis edilib.
Azərbaycan Təhsil və Elm Nazirliyi və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənən “SALAM” BUGFF həm yerli, həm də beynəlxalq aləmdə müsbət rəylər alaraq mədəni həyatda özünəməxsus yer tutub. Festival Azərbaycan gəncləri ilə müxtəlif ölkələrdən olan həmyaşıdları arasında dostluq əlaqələrinin formalaşmasına, Azərbaycan mədəniyyətinin təbliğinə və gənc nəslin qlobal mənəvi dəyərlərə uyğun tərbiyə olunmasına şərait yaradıb.
Festivalın builki buraxılışında iştirakçılarda xoş təəssüratın yaradılması və Azərbaycanın mədəniyyət sahəsində canlandırması gözlənilir. Festivalın proqramı və iştirak edən filmlərin siyahısı daha sonra elan ediləcək, yeniliklər festivalın internet səhifəsində və sosial mediada yerləşdiriləcək.
Festivalın əsas məqsədi yüksəkkeyfiyyətli peşəkar filmləri nümayiş etdirməklə gənclərdə bədii zövq və kino haqqında dərin anlayışın formalaşdırılmasıdır. Təşkilatçılar festivalın gənclər arasında mədəni mübadilə və sənəti qiymətləndirməyə davam edəcəyinə ümidlidirlər.
“Ədəbiyyat və incəsənət”
(08.08.2024)
MƏTİ OSMANOĞLU – “Xorxe Borxesin “Dörd dövrə”si
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun Gənc yazarlar üçün nəzəriyyə dərsi təqdim ediləcək.
Müxtəlif ölkələrin, eləcə də ayrıca bir xalqın ədəbiyyatında yaradılan əsərlərdə süjetlərin bir-birinə oxşaması, bəzən də əhvalatların bir-birini təkrarlaması nəzəri fikrin diqqət mərkəzində olan məsələlərdəndir və süjetlərin təsnifatı ilə bağlı bir neçə yanaşma mövcuddur. Keçən əsrin ortalarında Uilyam Foster-Harris “Bədii əsərin əsas düsturları” əsərində yalnız üç əsas süjet tipinin olduğunu iddia etmiş, Kristofer Buker isə bu sayı yeddiyə qaldırmışdı. Yazıçı Ronald Tobias 20-yə qədər əbədi süjetin mövcud olduğu qənaətində idi...
Bədii əsərlərdə təməl təşkil edən süjetlərin tipoloji ümumiliyi ilə bağlı Argentina yazıçısı, XX əsrdə dünya ədəbiyyatında dərin izi qalan Xorxe Luis Borxesin (tam adı Xorxe Fransisko İsidoro Luis Borxes Asevedo) də fərqli baxışı var.
Uşaqlığından ispan, ingilis dillərini bilən, sonradan alman, fransız, latın, italyan və qədim skandinav dillərini öyrənən, ömrünün sonuna doğru ərəb dili ilə maraqlanan yazıçının fəlsəfə və psixologiya elminə də bələdliyi vardı.
Dünyanın hər yanında maraqla oxunan esselər, şeirlər və hekayələr müəllifi kimi tanınan Xorxe Borxesin həyatının maraqlı faktlarından biri də budur ki, əsərlərinin böyük hissəsini yazarkən onun gözləri görmürdü. Atasından gələn irsi xəstəliyə görə 56 yaşından sonra görmə qabiliyyətini tamamilə itirmişdi. Lakin böyük iradəyə və yaşamaq əzminə malik, gözlərində işıqlı dünya sonsuz qaranlıqlara qərq olan yazıçı fəal həyat tərzini davam etdirmişdi, ömrünün qalan 30 ilinin bir hissəsini Argentina Milli Kitabxanasının direktoru vəzifəsində çalışmış, universitetlərdə mühazirələr oxumuş, 10 şeir kitabı və üç hekayələr kitabı nəşr etdirmişdi.
Ən uzun əsərinin həcmi 14 səhifə olan Borxes qısa yazmağa üstünlük verirdi. Şifahi şəkildə beş dəqiqəyə ifadə edilməsi mümkün olan fikri uzadıb, qalın kitab yazmağa isə ağılsızlıq kimi baxırdı.
Nobel mükafatına ilk dəfə 25 yaşında təqdim olunsa da, bu mükafatı heç vaxt almadı...
Borxesin dünya ədəbiyyatında ciddi maraq doğuran, dalğalanma yaradan yazılarından biri də oxuculara 1972-ci ildə təqdim etdiyi “Dörd dövrə” essesidir. Bu yazıda söhbət bədii əsərlərdəki süjetlərin tipoloji təsnifatından gedir. Müəllifin qənaətinə görə, dünya ədəbiyyatı tarixində yaranmış bütün süjetli əsərlər dörd təməl əhvalata əsaslanır:
Şəhərin mühasirəyə alınması;
Yurda qayıdış;
Axtarış;
Tanrı səviyyəsinə yüksələn insanın özünü fəda etməsi.
Yazıda göstərilən anlayışlara aydınlıq gətirmək üçün bu yığcam qeydləri nəzərinizə çatdırmağı zəruri hesab etdik.
Şəhərin mühasirəyə alınması əhvalatının mahiyyəti bundan ibarətdir ki, düşmənin hücumuna məruz qalan şəhər qalasının arxasındakı insanlar döyüşdə məğlub olacaqlarını əvvəlcədən bildikləri halda, şəhəri sona qədər qoruyurlar. Bu cür əsərlərdə baş qəhrəman qələbəni görmədən öləcəyini bilir. Borxes məğlub olacağını bilən, lakin son nəfəsinə qədər döyüşən qəhrəmanın əhvalatına antik yunan mifologiyasından Axillesin süjetini nümunə göstərir.
“Dörd dövrə”nin birincisi barədə öz mülahizəsini əsaslandırmaq üçün müəllif Gözəl Helenin əhvalatını da xatırladır. Yunan mifologiyasında Helen Troya müharibəsinin başlanmasının əsas səbəbkarı hesab edilir. Qeyri-adi gözəlliyi ilə kişilərin ruhunu yerindən oynadan bu qadın Sparta hökmdarının arvadı idi. Lakin Troya şahzadəsi Paris onu qaçırmışdı. Ehtimallardan biri bu idi ki, Paris Helenin özünü deyil, onun ruhunu qaçırdıb. Borxesin fikrincə, Helenin ruhunun qaçırdılması, yaxud axeylərin içində gizləndikləri nəhəng içi boş taxta at kimi elementlər əsas əhvalatı – şəhərin mühasirəyə alınmasını sehrlə yükləyir.
Yurda qayıdış əhvalatının öz kökündən ayrı düşən baş qəhrəmanı böyük macəralar yaşayır, geriyə, öz yurduna qayıtmaq üçün çoxlu əngəllərdən aşmalı, sınaqlardan keçməli olur. Borxes bu əhvalatın qəhrəmanına nümunə göstərmək üçün də Homerin yaradıcılığına, “Odisseya” eposuna üz tutur.
Odisseyin səyahəti də Troyadan başlayır. O, başının dəstəsi ilə adadan-adaya səyahət edir, onu öz vətəninə qaytaran yolda çoxlu sınaqlardan keçməli olur. Sınaqlardan biri də onun dəniz tanrısı Poseydonun qəzəbinə gəlməsidir. Odissey bu sınaqdan keçmək üçün dalğır canavarlarla vuruşur, o biri dünyaya gedib çıxır, hiyləgər qüvvələrin tilsimini sındırmalı olur. Ətrafındakı insanları itirən, gəmisindən uzaq düşən, təklənən Odisseyin öz yurdu İtaka adasına qayıtması ilə əhvalat sona çatmır. 10 il sürən macəralarla dolu səyahətdən sonra evinə qayıdan Odisseyi burada yeni sınaq gözləyir. Doğma yurdun kişiləri Odisseyin öldüyünə əmin idilər və arvdı Penelopanı almaq üçün onun evinə basqın etmişdilər. Odissey sədaqətli arvadına göz dikənləri öldürür və uzun ayrılıqdan sonra həm öz yurduna, həm də xoşbəxtliyinə qovuşur.
Borxesin yurda qayıdış əhvalatına əsaslanan süjetlərə nümunə kimi göstərdiyi “şimal tanrıları” isə Skandinviya mifologiyasının qəhrəmanlarıdır – onlar göylərdə yaşayan varlıqlardır.
Axtarış süjetinin qəhrəmanları daimi axtarışdadırlar, kimi özünü axtarır, öz başlanğıcına çatmağa can atır, kimi də xəzinə, sərvət tapmağın həvəsindədir.
Bu süjetə aid nümunə də yunan mifologiyasından gətirilib.
Yason öz qanuni taxt-tacına sahib olmaq üçün qızıl qoç dərisini axtarmağa məcbur olur. Bu axtarışın müsbət nəticə verəcəyi qeyri-mümkün görünsə də, Yason cadugər Medeyanın köməyi ilə öz axtardığını tapır.
Borxes bu süjet tipindən danışarkən Azərbaycan nağıllarında, eləcə də klassik ədəbiyyatımızda adı sıx çəkilən mifik Simurq quşu obrazına da istinad edir və diqqəti insanın özünə səyahətinə yönəldir. Simurqla bağlı süjetin mərkəzindəki başlıca fikir insanın özünü fiziki və mənəvi cəhətdən tanıması, içindəki Allahı kəşf etməsidir.
Qeyd edək ki, Şərq ədəbiyyatında da bu quş özünü axtarmağın rəmzi kimi mənalandırılır.
Axtarış əhavalatı üzərində qurulmuş süjetlər barədə danışan müəllif müqəddəs kasanı (qraal) da xatırladır. Xristianların İsa peyğəmbərlə əlaqələndirdikləri bu obraz ədəbiyyatda əlçatmaz məqsədi ifadə edən bir metafora kimi qəbul olunub.
Tanrı səviyyəsinə yüksələn insanın özünü fəda etməsi əhvalatının mahiyyəti isə bundan ibarətdir ki, baş qəhrəman ümumi maraq naminə qurban getməyə hazırdır. Bu hekayə, əslində, qəhrəmanın intiharından bəhs edir. Burada bədii əsərin baş qəhrəmanının ali məqsədə nail olmaq üçün özünü fəda etməsi, qurban verməsi nəzərdə tutulur.
Borxes “Dörd dövrə” essesində dördüncü dövrəyə aid bu nümunələri xatırladır:
•İsa Məsih müqəddəs kitabda – “İncil”də xalqının günahlarını yumaq üçün çarmıxa çəkilib.
•Yunan mifologiyasının qəhrəmanlarından olan Attis tanrılar anası Kibelanın həm oğlu, həm də sevgilisi idi. Ananın bu sevgisindən ağlını itirən Attis özünü axtalayıb, kişilikdən məhrum və sonda məhv edir.
•Skandinaviya mifologiyasının qəhrəmanı Odin "qadın" xasiyyətlərinə malik müharibə və poeziya tanrısıdır. Rəvayətə görə, o, hikmət qazanmaq üçün gözünü qurban verib, nizə ilə ağaca sancılmış vəziyyətdə qalıb.
Onu da deyək ki, 2016-cı ildə tədqiqatçılar süni intellektdən istifadə edərək maraqlı bir esperiment aparıblar. Qutenburq universal elektron kitabxanası layihəsi çərçivəsində 1737 bədii əsərdəki əhvalatlar təhlil olunub və bu nəticəyə gəlinib ki, həmin əsərlər altı təməl süjet xətti üzərində qurulub.
Xorxe Borxesin “Dörd dövrə”si sizlərə sabah təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(08.08.2024)
Sumqayıtın görkəmli simaları - MİNARƏ TAHİROVA
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Sumqayıt özünün növbəti yubileyini qarşılayır. Noyabrda şəhər 75 illiyini qeyd edəcək. Bu rubrikada sizləri Sumqayıtın görkəmli simaları ilə tanış etməkdəyik. Bu dəfə Minarə Tahirova barədə danışacağıq.
İlk təhsilimi Sumqayıtın məhşur liseylərindən biri olan TTEL-də almışam. Sumqayıtlı olan bir çox insana Minarə xanım kimdir desəm, bu suala sevə-sevə, ətraflı cavab verə bilər. Ancaq bir çox insan təəssüf ki, bizim qədər şanslı deyil. Çünki, biz- məhz TTEL-in 1987-2011 dönəminə - yəni Minarə xanımın direktorluğu dönəminə düşən şagirdləri olaraq Minarə müəllimədən əsl təhsil xadimi necə olar, elm-irfan ocaqlarında ön plana nələr çəkilməlidir, rüşvətsiz və sadəcə savad dərəcəsi ilə şagirdlər, hətta, müəllimlər necə bir-birindən ayırd edilər onu öyrənmişik.
Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olmuşdur. Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır.
1981–1983-cü illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, 1983–1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir.
1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Həmin lisey uzun müddət Sumqayıtda "Minarənin liseyi" adı ilə tanınıb.
O eyni zamanda :
Respublika qabaqcıl maarif xadimi" döş nişanları;
2000-ci ilin 18 martında Prezidentin Fərmanı ilə "Əməkdar müəllim"
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü;
2006-cı il "Şöhrət" ordeni kimi bir sıra fəxri fərman və dövlət ordenlərlə tətlif olunmuşdur.
Ətraflı məlumat almaq istəyən hər kəs bu məlumatları vikipediadan əldə edə bilər ancaq, bizim Minarə xanım haqqında olan fikir və düşüncələrimiz 5-6 elmi cümlə ilə kifayətlənmir. Biz Minarə müəlliməni bir ana, bir nənə qədər doğma bilirdik. Əfsuslar olsun ki, hal-hazırda adı bəzən neqativ işlərdə hallanan bizim gözəl liseyin hər qarışında Minarə müəllimənin çox əməyi var. Bir müəllim düşünün ki, 15sentyabr bilik günündə çıxış edən zaman məktəblilərin valideynləri tərəfindən ona hədiyyə olunan gül buketlərini masasının üstünə düzür və məktəbində çalışan xadimə xanımları ilk öncə məktəbin mərkəzinə çağırır, ona hədiyyə olunan bütün gülləri həmən xanımlara təqdim edib, adəta bir ana şəfqəti ilə onlarla qucaqlaşardı. Sonra isə üzünü bütün kolleqalarına və valideynlərinə tutub deyərdi: “Bilin ki, savadlı kadrlar hər zaman yetişə bilər, lakin savaddan öncə mərhəmət, vicdan, əməyə sayğı kimi ali duyğuları övladlarınıza aşılamağa çalışın.
Qoymayın ki, onlar cəmiyyətdə varlı və kasıb arasında təbəqələşmə yaratsınlar”. Yadımdadır ki, Minarə xanım məktəbi buraxmalı olduğu zaman bütün müəllimlər onunla sağollaşarkən gözləri dolu-dolu ondan danışıb məktəbdə nə qədər əziyyəti olmasını dil boğaza qoymadan bizlərə anlatırdılar.
Bir direktor düşünün ki, məktəb təmirə bağlanan zaman əlinə boyanı alsın və divarları özü boyasın.
Bir direktor düşünün ki, şagirdlər məktəbə rahat gələ bilsin deyə öz şəxsi vəsaiti hesabına məktəbdən mərkəzi yola qədər asfalt çəkdirsin.
Bir direktor düşünün ki, həftədə mütləq ən azı bir dəfə bir sinifə baş çəkib müəllimlərin dərs metodlarını dinləsin, onları incitmədən rəy bildirsin.
Bir direktor düşünün ki, övladı olmasa belə yüzlərlə şagird onun vəfatını eşidib tabutunu çiyinlətinə alsınlar.
Bir direktor düşünün təhsilə, elmə can qoysun və bu gün onun yetirmələri Azərbaycanın hər yerindən səs salsın.
Bu gün istənilən sektoru ələk-vələk etsək, sizə arxayınlıqla deyə bilərəm ki, siz oralarda Minarənin yetirmələri, davamçıları ilə rastlaşacaqsınız.
Minarə Tahirova 20 oktyabr 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.
Bu gün mən öz növbəmdə qələminə güvənən gənc yazar, həyatının başlanğıcında olan, özü üçün dönüm nöqtəsi yaratmağa çalışan bir xanım olaraq onu hörmətlə yad edir və düşünürəm ki, Minarə müəllimənin həyat hekayəsinə yaxından şahid olan hər kəs bu yazdığlarımı oxuyan zaman daha çox təsirlənəcək, TTEL-də keçirdikləri Minarə müəlliməli günlərini yad edəcəkdir.
Minarələr təkcə məscidləri yox, elm ocaqlarını da gözəlləşdirərmiş. Qəbriniz nurla dolsun Minarə müəllimə!
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)
“Ağ duvaqlı duman kimi gəlmisən…” UNUDULMAZ SEVGİ ŞEİRLƏRİNDƏ
Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”
Unudulmaz sevgi şeirlərindən növbəti təqdim edəcəyim sevilən şair Ayaz
Arabaçıdandır. O da çox içdən yazır, çox kövrəldir, duyğulandırır.
Xoş mütaliələr!
Ağ duvaqlı duman kimi gəlmisən,
Bütün gecə çıxmamısan yuxumdan.
Gözlərimi yuman kimi gəlmisən,
Bütün gecə çıxmamısan yuxumdan.
Məəttələm bu sevdanın oynuna,
Yol almısan xəyallardan qoynuma,
Uşaq kimi sarılmısan boynuma,
Bütün gecə çıxmamısan yuxumdan.
Birdən-birə çiçəkləyib linc əlim,
Könlüm saptək incəldikcə incəlib.
Həsrətimiz bir yastıqda dincəlib,
Bütün gecə çıxmamısan yuxumdan..
Qurban olum kitabına-dərsinə..
Çırpındıqca balıq kimi tər sinə,
Çevirmişəm balıncımı tərsinə,
Bütün gecə çıxmamısan yuxumdan.
Yuxuda da bəxt arallar ay dəli,
Buna ayrı vaxt arallar ay, dəli,
Demirsənmi axtarallar ay dəli,
Bütün gecə çıxmamısan yuxumdan.
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)
ƏN YENİ POEZİYA: “Bu axşam sevgi qoxuyur…”, İbrahim İlyaslı
“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün şair ibrahim İlyaslı “Bu axşam sevgi qoxuyur” söyləyəcək.
Bu axşam sevgi qoxuyur,
Sumqayıtda hər künc-bucaq.
Yağış, külək və yarpaqlar,
Avtobuslar... dayanacaq!
Səriliblər üzü üstə
Yollar duyğulu-duyğulu.
Səkiylə bir qız yürüyür,
Arxasınca zeytun kolu.
Çiçək kimi pardaqlanır
Binaların daş-divarı.
Heyrətindən xumarlanır
Odaların eyvanları.
İşıqforda sıralanır
Qırmızı da yaşıl kimi.
Hər ağac bir aşıq olub,
Dilləndirir “sarı sim”i.
Ürəklərə sığal çəkir
O qızın ayaq səsləri...
Bir də nə görsəm yaxşıdı -
Söyləmək mənə ar gəlir...
Ədəbiyyat və incəsənət”
(07.08.2024)
GÜLÜŞ KLUBUnda filoloq
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Kişi gəlib restoranda yemək istəyir, amma görür ki, bütün masalar tutulub.
Belədə o, düz ortaya gəlib telefonu götürərək ucadan deyir:
-Xanım, siz düz şübhələnirsiniz, əriniz indi gəzdiyi xanımla restoranda şam edir. Gəlib öz gözünüzlə görə bilərsiniz.
Bunu eşidən kimi ayrı-ayrı masaların arxasından iyirmiyə yaxın cütlük durub restoranı tərk edir.
2.
Məşhur deputatımız abituriyent övladının filoloq olmaq istəyini eşidəndə bərk əsəbləşərək deyib:
-Sənin başına at təpib? Nə filoloq?
Sən qurtarandan sonra elə bilirsən iş tapacaqsan? Bura Hindistan deyil, anladımmı? Burda fil nə gəzir?
3.
Vəkil:
-Siz zərərçəkmişi son dəfə nə zaman görmüsüz?
Şahid:
-28-dən 1-nə keçən gecə.
Vəkil:
-Hansı ayın?
4.
Bir erməni gənc Sevan gölünə düşüb boğulur və çığırıb kömək istəyir.
İki polis keçir, onun çığırtısına məhəl belə qoymurlar. Bunu görən gənc ölümdən qurtulmaq yolunu tapıb da qışqırır:
-Paşinyan istefa!
Cəld polislər suya atılıb onu çıxardır, bölməyə aparırlar.
5.
Unutdum ki, iti yemləmişəm, ya yox. Hər ehtimala qarşı bir də yemlədim. İt də hər ehtimala qarşı bir də yedi.
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)