Bu gün - avqustun 8-də “YARAT” Müasir İncəsənət Məkanında Honkonq rejissoru Vonq Kar-Vayın “Sevgi əhvali-ruhiyyəsi” (“In the Mood for Love”) filminin nümayişi olacaq. “Ədəbiyyat və incəsənət” xəbər verir ki, bu barədə “YARAT”ın yaydığı məlumatda deyilir.
Xatırladaq ki, filmin nümayişi “Müşahidə olunmayan arzular” qrup sərgisi çərçivəsində həyata keçirilir.
Ekran əsərində hadisələr 1960-cı illərin Honkonqunda cərəyan edir. Öz həyat yoldaşlarının xəyanətindən xəbər tutan böyük mənzildəki qonşular – jurnalist Çou Movan və katibə Su Liçjen birlikdə daha çox vaxt keçirməyə başlayırlar. Onlar hətta bir-birinə aşiq olsalar da, bunu bəyan etməyə cəsarət etmirlər. Qüsursuz reputasiyası olan nadir filmlərdən biri sayılan “Sevgi əhvali-ruhiyyəsi” Toni Lyuna Kann kinofestivalında (2000-ci il) ən yaxşı kişi aktyor mükafatını qazandırıb və bu ekran əsəri BBC telekanalının 2016-cı ildə bütün dünya üzrə kino tənqidçiləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, XXI əsrin ən yaxşı 100 filminin siyahısına daxil edilib.
Filmin nümayişindən sonra “Atrium” anti-kinoklubunun nümayəndəsi Eldar Albertssonla ekran əsərinin müzakirəsi olacaq.
“Sevgi əhvali-ruhiyyəsi” filmi Azərbaycan dilində subtitrlə göstəriləcək.
Qeyd edək ki, Honkonq rejissoru Vonq Kar-Vay özünün poetik kino dili və romantik dramları ilə seçilir. Onun filmlərinin arasında “Çunkinq ekspresi” kimi maraqlı film də var. Rejissorun “Birlikdə xoşbəxtik” ekran əsəri isə 1997-ci ildə Kann kinofestivalında ən yaxşı rejissor işinə görə mükafatına layiq görülüb. Vonq Kar-Vay bu mükafatı alan ilk Honkonq rejissorudur.
“Ədəbiyyat və incəsənət”
(08.08.2024)