MƏTİ OSMANOĞLU – “Xorxe Borxesin “Dörd dövrə”si Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun Gənc yazarlar üçün nəzəriyyə dərsi təqdim ediləcək. 

 

 

Müxtəlif ölkələrin, eləcə də ayrıca bir xalqın ədəbiyyatında yaradılan əsərlərdə süjetlərin bir-birinə oxşaması, bəzən də əhvalatların bir-birini təkrarlaması nəzəri fikrin diqqət mərkəzində olan məsələlərdəndir və süjetlərin təsnifatı ilə bağlı bir neçə yanaşma mövcuddur. Keçən əsrin ortalarında Uilyam Foster-Harris “Bədii əsərin əsas düsturları” əsərində yalnız üç əsas süjet tipinin olduğunu iddia etmiş,  Kristofer Buker isə bu sayı yeddiyə qaldırmışdı. Yazıçı Ronald Tobias 20-yə qədər əbədi süjetin mövcud olduğu qənaətində idi... 

Bədii əsərlərdə təməl təşkil edən süjetlərin tipoloji ümumiliyi ilə bağlı Argentina yazıçısı,  XX əsrdə dünya ədəbiyyatında dərin  izi qalan Xorxe Luis Borxesin (tam adı Xorxe Fransisko İsidoro Luis Borxes Asevedo) də fərqli baxışı var.  

Uşaqlığından ispan, ingilis dillərini bilən, sonradan alman, fransız, latın, italyan və qədim skandinav dillərini öyrənən, ömrünün sonuna doğru ərəb dili ilə maraqlanan yazıçının fəlsəfə və psixologiya elminə də bələdliyi vardı. 

Dünyanın hər yanında maraqla oxunan esselər, şeirlər və hekayələr müəllifi kimi tanınan Xorxe Borxesin həyatının maraqlı faktlarından biri də budur ki, əsərlərinin böyük hissəsini yazarkən onun gözləri görmürdü. Atasından gələn irsi xəstəliyə görə 56 yaşından sonra görmə qabiliyyətini tamamilə itirmişdi. Lakin böyük iradəyə və yaşamaq əzminə malik, gözlərində işıqlı dünya sonsuz qaranlıqlara qərq olan yazıçı fəal həyat tərzini davam etdirmişdi, ömrünün qalan 30 ilinin bir hissəsini Argentina Milli Kitabxanasının direktoru vəzifəsində çalışmış, universitetlərdə mühazirələr oxumuş, 10 şeir kitabı və üç hekayələr kitabı nəşr etdirmişdi. 

Ən uzun əsərinin həcmi 14 səhifə olan Borxes qısa yazmağa üstünlük verirdi. Şifahi şəkildə beş dəqiqəyə ifadə edilməsi mümkün olan fikri uzadıb, qalın kitab yazmağa isə ağılsızlıq kimi baxırdı.  

Nobel mükafatına ilk dəfə 25 yaşında təqdim olunsa da, bu mükafatı heç vaxt almadı... 

Borxesin dünya ədəbiyyatında ciddi maraq doğuran, dalğalanma yaradan yazılarından biri də oxuculara 1972-ci ildə təqdim etdiyi “Dörd dövrə” essesidir. Bu yazıda söhbət bədii əsərlərdəki süjetlərin tipoloji təsnifatından gedir. Müəllifin qənaətinə görə, dünya ədəbiyyatı tarixində yaranmış bütün süjetli əsərlər dörd təməl əhvalata əsaslanır:

Şəhərin mühasirəyə alınması;

Yurda qayıdış;

Axtarış;

Tanrı səviyyəsinə yüksələn insanın özünü fəda etməsi.

Yazıda göstərilən anlayışlara aydınlıq gətirmək üçün bu yığcam qeydləri nəzərinizə çatdırmağı zəruri hesab etdik. 

 

Şəhərin mühasirəyə alınması əhvalatının mahiyyəti bundan ibarətdir ki, düşmənin hücumuna məruz qalan şəhər qalasının arxasındakı insanlar döyüşdə məğlub olacaqlarını əvvəlcədən bildikləri halda, şəhəri sona qədər qoruyurlar. Bu cür əsərlərdə baş qəhrəman qələbəni görmədən öləcəyini bilir. Borxes məğlub olacağını bilən, lakin son nəfəsinə qədər döyüşən qəhrəmanın əhvalatına antik yunan mifologiyasından Axillesin süjetini nümunə göstərir.

“Dörd dövrə”nin birincisi barədə öz mülahizəsini əsaslandırmaq üçün müəllif Gözəl Helenin əhvalatını da xatırladır. Yunan mifologiyasında Helen Troya müharibəsinin başlanmasının əsas səbəbkarı hesab edilir. Qeyri-adi gözəlliyi ilə kişilərin ruhunu yerindən oynadan bu qadın Sparta hökmdarının arvadı idi. Lakin Troya şahzadəsi Paris onu qaçırmışdı. Ehtimallardan biri bu idi ki, Paris Helenin özünü deyil, onun ruhunu qaçırdıb. Borxesin  fikrincə, Helenin ruhunun qaçırdılması, yaxud axeylərin içində gizləndikləri nəhəng içi boş taxta at kimi elementlər əsas əhvalatı – şəhərin mühasirəyə alınmasını sehrlə yükləyir.

 

Yurda qayıdış əhvalatının öz kökündən ayrı düşən baş qəhrəmanı böyük macəralar yaşayır, geriyə, öz yurduna qayıtmaq üçün çoxlu əngəllərdən aşmalı, sınaqlardan keçməli olur. Borxes bu əhvalatın qəhrəmanına nümunə göstərmək üçün də Homerin yaradıcılığına, “Odisseya” eposuna üz tutur. 

Odisseyin səyahəti də Troyadan başlayır. O, başının dəstəsi ilə adadan-adaya səyahət edir, onu öz vətəninə qaytaran yolda çoxlu sınaqlardan keçməli olur. Sınaqlardan biri də onun dəniz tanrısı Poseydonun qəzəbinə gəlməsidir. Odissey bu sınaqdan keçmək üçün dalğır canavarlarla vuruşur, o biri dünyaya gedib çıxır, hiyləgər qüvvələrin tilsimini sındırmalı olur. Ətrafındakı insanları itirən, gəmisindən uzaq düşən, təklənən Odisseyin öz yurdu İtaka adasına qayıtması ilə əhvalat sona çatmır. 10 il sürən macəralarla dolu səyahətdən sonra evinə qayıdan Odisseyi burada yeni sınaq gözləyir. Doğma yurdun kişiləri Odisseyin öldüyünə əmin idilər və arvdı Penelopanı almaq üçün  onun evinə basqın etmişdilər. Odissey sədaqətli arvadına göz dikənləri öldürür və uzun ayrılıqdan sonra həm öz yurduna, həm də xoşbəxtliyinə qovuşur.

Borxesin yurda qayıdış əhvalatına əsaslanan süjetlərə nümunə kimi göstərdiyi “şimal tanrıları” isə  Skandinviya mifologiyasının qəhrəmanlarıdır – onlar göylərdə yaşayan varlıqlardır.   

 

Axtarış süjetinin qəhrəmanları daimi axtarışdadırlar, kimi özünü axtarır, öz başlanğıcına çatmağa can atır, kimi də xəzinə, sərvət tapmağın həvəsindədir. 

Bu süjetə aid nümunə də yunan  mifologiyasından gətirilib. 

Yason öz qanuni taxt-tacına sahib olmaq üçün qızıl qoç dərisini axtarmağa məcbur olur. Bu axtarışın müsbət nəticə verəcəyi qeyri-mümkün görünsə də, Yason cadugər Medeyanın köməyi ilə öz axtardığını tapır.

Borxes bu süjet tipindən danışarkən Azərbaycan nağıllarında, eləcə də klassik ədəbiyyatımızda adı sıx çəkilən mifik Simurq quşu obrazına da istinad edir və diqqəti insanın özünə səyahətinə yönəldir. Simurqla bağlı süjetin mərkəzindəki başlıca fikir insanın özünü fiziki və mənəvi cəhətdən tanıması, içindəki Allahı kəşf etməsidir. 

Qeyd edək ki, Şərq ədəbiyyatında da bu quş özünü axtarmağın rəmzi kimi mənalandırılır. 

Axtarış əhavalatı üzərində qurulmuş süjetlər barədə danışan müəllif müqəddəs kasanı (qraal) da xatırladır. Xristianların İsa peyğəmbərlə əlaqələndirdikləri bu obraz ədəbiyyatda  əlçatmaz məqsədi ifadə edən bir metafora kimi qəbul olunub. 

 

Tanrı səviyyəsinə yüksələn insanın özünü fəda etməsi əhvalatının mahiyyəti isə bundan ibarətdir ki, baş qəhrəman ümumi maraq naminə qurban getməyə  hazırdır. Bu hekayə, əslində, qəhrəmanın intiharından bəhs edir. Burada bədii əsərin baş qəhrəmanının ali məqsədə nail olmaq üçün özünü fəda etməsi, qurban verməsi nəzərdə tutulur.

Borxes “Dörd dövrə” essesində dördüncü dövrəyə aid bu nümunələri xatırladır:

•İsa Məsih müqəddəs kitabda – “İncil”də xalqının günahlarını yumaq üçün çarmıxa çəkilib.

•Yunan mifologiyasının qəhrəmanlarından olan Attis tanrılar anası Kibelanın həm oğlu, həm də sevgilisi idi. Ananın bu sevgisindən ağlını itirən Attis özünü axtalayıb, kişilikdən məhrum və sonda məhv edir. 

•Skandinaviya mifologiyasının qəhrəmanı Odin "qadın" xasiyyətlərinə malik müharibə və poeziya tanrısıdır. Rəvayətə görə, o, hikmət qazanmaq üçün gözünü qurban verib, nizə ilə ağaca sancılmış vəziyyətdə qalıb. 

Onu da deyək ki, 2016-cı ildə tədqiqatçılar süni intellektdən istifadə edərək maraqlı bir esperiment aparıblar. Qutenburq universal elektron kitabxanası layihəsi çərçivəsində 1737 bədii əsərdəki əhvalatlar təhlil olunub və bu nəticəyə gəlinib ki, həmin əsərlər altı təməl süjet xətti üzərində qurulub.  

 

Xorxe Borxesin “Dörd dövrə”si sizlərə sabah təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.