Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə şair İsmayıl Mərcanlı İmanzadənin şeirləri təqdim edilir. 

 

 

Zəfərin mübarək, Vətən!

 

Allah cəmi şəhidlərimizə 

rəhmət eləsin!

 

Xoş günlərdən soraq verir

Axşamın-səhərin, Vətən!

Düşmənlərə göz dağıdır

Hər təzə Zəfərin, Vətən!

İgid-ərən oğulların

Tapdayıb bəndi-bərəni,

Bir həmləylə sevindirdi

Xocalını, Əsgəranı,

Xocavəndi, Ağdərəni...

"Dəmir Yumruq"dan güc aldı

Qatlanmaz qanadın-qolun!

Qırdın paslı qıfılını

Xankəndiyə gedən yolun!

Qarşında tab gətirmədi

Zülmə sipər olan "barı".

Diz çöküb, aman dilədi

Səndən harsın dığaları...

Başın sağ olsun... yenə də

Haqq yolunda cəngə çıxıb,

Candan keçənlərin də var!

Qanlı şəhid köynəyiylə

Ulu Tanrı Dərgahına

Vaxtsız köçənlərin də var...

Qalibiyyət simvoludur

Üçrəngli bayrağın sənin!

Bütövləşən sərhədlərin

Sabahkı növrağın sənin!..

Türkün-türkə can borcu var,

Nə yalqızsan, nə tək, Vətən!

Hünərindən soraq verən

Zəfərin mübarək, Vətən!

 

 

Deyəsən, zalımın 

axırı varmış...

 

Zəmanə elə hey öz gərdişində,

Bəxtimiz kiminsə qanlı dişində.

Sonu görünməyən müşkül işin də,

Hardasa bir gizli "cığırı" varmış!

 

Dünya toy-bayrammış ağıldan kəmə,

Sızlaya-sızlaya öyrəşdik qəmə...

Üzünü görəndə bildik ... heç demə,

Dərdin də yüngülü, ağırı varmış!

 

Yalana züy tutar məddah gədələr,

Məzlumu susdurar qorxunc hədələr...

Deyəsən, yanılıb müdrik dədələr,

"Xəmir yeyən"in də fağırı varmış!

 

Haqq öz yerin tapır, ya tez, ya da gec,

Səmtini dəyişən deyil ağır köç...

Yəqin ki, bu qədər üzülməzdik heç

Bilsəydik zalımın axırı varmış!..

Yaşda nə günah var axı

 

Böhtanın tez çıxır boyu,

Nə çoxmuş iblisin tayı...

Kəsək bulandırır suyu,

Daşda nə günah var axı?!

 

Yamanlıq duranda üzə

Dərd qənim kəsilir bizə.

Dildi kül üfürən gözə,

Başda nə günah var axı?!

 

Qəlb ömrün acısın dadan,

Yamanca fəndgirmiş nadan...

Gözdür adamı aldadan,

Qaşda nə günah var axı?!

 

Haqsızlıq səbri daşdıran,

Yalan söz göz qamaşdıran...

Ağılmış başı çaşdıran,

Yaşda nə günah var axı?!

 

 

Hələ görüləsi 

xeyli işim var

 

Hər günüm, hər anım səsli-soraqlı,

Ömür "gündəliyim" min bir varaqlı.

Doğma elim-obam Arazqıraqlı,

Nə iti xəncərəm, nə paslı sancaq,       

Öz xəttim, öz imzam, öz yerişim var.

Yolumu kəsənlər olsa da, ancaq -

Hələ görüləsi xeyli işim var!

 

Hərdən yanıb-sönən işıq deyiləm,

Sazı qırıq telli aşıq deyiləm,

Yanılıb aldanan uşaq deyiləm,

Niyə daldalanım hardasa axı?!

Nə gizli sifətim, nə keçmişim var...

Gəzib-dolaşsam da, aranı-dağı -

Hələ görüləsi xeyli işim var!

 

Əzəldən halına heç yanmasam da,

Sözdü dilimdəki ən şirin tam da...  

Ürəyim çırpınır yazı masamda,

Heç zaman "ütülü" olmayıb yolum,

Həm sərt bir yoxuşum, həm enişim var.

Niyə ömrün-günün cəngində qalım?! - 

Hələ görüləsi xeyli işim var!

 

Paxılım, bədxahım, yamanım olub,

Səbrimə, "dur!" deyən amanım olub,

Bir tikə sonuncu gümanım olub.

Üstümdən qarayel keçsə də belə,

Yaxşı ki dözümüm, ağlım-huşum var.

Hələ dönməliyəm doğma bir elə -

Hələ görüləsi xeyli işim var!

 

 

Qalmışam

 

Əlimi uzatdım, çatmadı göyə,

Niyə hər düz kəlmə acıdır, niyə?

Düzlərin yanında durmuşam deyə,

Özüm də həmişə düzdə qalmışam.

 

Mən elə əzəldən bir az utancaq,

Dilim nə tikandı, nə paslı sancaq.

Arabir işartım sönsə də, ancaq

Yaxşı ki bir qalam közdə qalmışam.

 

Bəxtimi səsləyib, tutmadım dilə,

Saflıqdan süzüldüm hey gilə-gilə...

Səsim uzaqlara çatmasa belə,

Özüm-öz gücümlə üzdə qalmışam.

 

Nadan yaxınıma gələ bilməyib,

Bir kimsə dərdimdən ölə bilməyib.

Yamanlıq rəddimi silə bilməyib,

Üstünü toz basmış izdə qalmışam.

 

İstəyə möhtacdır çay da, dəniz də,

Həyat eşqi varsa, bükülməz diz də.

Adımı çəksəniz, çəkməsəniz də,

Onsuz da kəlmədə, sözdə qalmışam.

 

 

Səni niyə sevim ki?!

 

Aramızda dikələn sədləri sən qırmadın,

Həsrətinlə sızladım, gəlib ovundurmadın.

Heç verdiyin sözə də sonda yaxın durmadın -

Səni niyə arayım, səni necə sevim ki?!

 

Ayrılıq aramızdan yel kimi keçdi-getdi,

Bir uğursuz sevgi də səmtini seçdi, getdi.

Yanıb-yaxılıb dedim, bu da bir köçdü, getdi -

Ərşə qalxdı harayım, səni necə sevim ki?!

 

İllər keçdi... anladım ilk eşqim lal-utancaq,

Tapdanmış gümanlarım paslanmış iynə, sancaq...

Unuda bilməsəm də ülvi eşqimi, ancaq -

Uçub könül sarayım... səni necə sevim ki?!

Çəkil pəncərədən, qız...

 

Köksün torpaq, eşqin dən,

Hələ yolun duman-çən.

Bəs, könlünü hər yetən

Vərəqləyir nədən, qız?

 

Qismətini ara-gəz,

Sevgi deyil ki həvəs...

Qəlbdə iz sala bilməz

Qəfil gəlib-gedən, qız!

 

Aldansan şirin dilə

Yanıb dönərsən külə.

Qoy, eşqin bir az hələ

Boylansın zirvədən, qız!

 

Gözlə, ağlın çaşmasın,

Könlün yersiz daşmasın.

Gözlərin qamaşmasın,

Çəkil pəncərədən, qız!..

 

 

Adam olmaq çətinmiş...

 

Hər yetən indi özün

Hamıdan üstün sanır.

Nə vicdan dilə gəlir,

Nə üz-üzdən utanır...

 

Dil yanılıb, çaşanda

Doğru sözdən qan çıxır.

Yamanlıq başa keçir,

Qəlb sızlayır, can çıxır!

 

Yaxşılıq düşmür yada,

Qaçır hər şeyin dadı.

Qulaqlara çatmayır

Yerin, göyün fəryadı!

 

Maraqlar toqquşanda

Tapdalanır duz-çörək.

Kasıb, anan ölməsin,

Di, dərdə tablaş, görək?!

 

Qohum-qardaş, dost-tanış

Yadlaşır asta-asta.

Adam olmaq çətinmiş

Vallah, bu basabasda!..

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Kəpənək qanadlarımla,

Çəkdim dünyanın yükünü.

Payıza qatdım ömrümü,

İndi də yarpaq tökümü. 

(Təranə Turan Rəhimli)

 

Təranə xanım, ömrünün yazı qışa dönən, yaz ömründə saralan, qönçə solan ümidini itirib qışa təslim olan "obrazlara" nə söyləyərdiniz?  O cümlələr "Günəşə ümid və sevgi" yaradardı.

 

CAVAB

Mən bir tək mütləq tanıyıram - Allah. Qalan nə varsa, müvəqqətidir, keçicidir. Kədər, qəm, ümidsizlik, dərd... bunlar hamısı keçicidir, əbədi deyil. İnsanın ümidləri daim solmağa davam edə bilməz. Qış da daimi deyil axı. Ümid itmir, ölmür. Ümid itəndə insan son nəfəsini vermiş olur. Gələn dərdin belə başını sığallamağı öyrənmək lazımdı, çünki ömrümüzdə o da qonaqdı. Həmin obrazlara "Bütün gücünüzlə inanın, sabaha möhkəm inanın" deyərdim.

 

Ədəbiyyat və incəsənət”

(09.08.2024)

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

 

Ağamirzə fikrə getdi.

- Bəs, əgər yalan deyirsənsə?

Üzümü ona tutub dedim:

- Sənin azca da ağlın varsa, başa düşməlisən ki, mən buraya gələrkən artıq Cahandarın kimliyini öyrənə bilmişəm. Adamım da hazırda orada müşahidə aparır.

Saata baxdım. Dördə iyirmi beş dəqiqə qalırdı. Tələsmək lazım idi. Cahandarın evinin qapı-pəncərəsinin möhkəm olması oraya asanlıqla daxil olmaq imkanlarımı sıfıra endirirdi. Üstəlik, ev sahibi qazdan ayıq biri idi. Onun da Ağamirzə kimi araq içib yatdığına heç inamım yox idi. Cahandar kimi bu işlərdə bişmiş biri evində oğurlanmış adam saxladığı halda sayıqlığı heç vaxt əldən verməz. Ağlıma bir fikir gəlmişdi. O qapını elə Ağamirzəyə açdıracaqdım. İndi söhbəti uzaqdan başlayıb ona gətirirdim. Artıq iradəsini tam sındırdığım «əsirimə» dedim:

- Onun bağı buradan çox uzaqdadı?

- Yox, piyada da getmək olar.

- Sənin pulu alana qədər oraya hansısa səbəbdən getməyin planlaşdırılıb aranızda?

- Yox. Mən pul verilənə qədər burada qalmalıyam.

- Bəs oraya getməyin üçün plandankənar hansı səbəb ola bilər?

- Elə bir şey ağlıma gəlmir.

- Onda mənə qulaq as deyim.

* * *

 Layiqə qaranlıq küçədə, kirayəyə götürdüyü «Toyota Korolla» markalı maşında oturub ətrafı dinləyə bilməsi üçün öz tərəfindəki şüşəni azca aşağı endirmişdi. Sənubər arxa oturacaqda oturmuşdu. Heç biri danışmırdı. Ətrafda da sakitlik idi. Bu sakitliyi bir az əvvəl başlayan və yavaş - yavaş güclənən küləyin vıyıltısı, bir də haradasa hərdən ulayan bayquşun səsi pozurdu. Gecənin bu saatında yalnız bağ evləri olan küçədə bir adam da gözə dəymirdi.

Buradakı lazım olan ünvanı tapandan sonra maşını təxminən on beş metr kənarda saxlayıb əvvəlcə küçədə müşahidə aparmışdı. Ətrafdakı evlərin heç birində işıq yanmadığına əmin olub sonra qonşu bağın hasarından içəri aşmışdı. Həmin bağın Cahandarın həyətinə bitişik divarından baxıb lazım olanları öyrənmişdi. Tam qaranlıq olan bağda diqqətlə qulaq asanda evin arxa tərəfindən səs gəldiyini eşitmiş, bir qədər yerini dəyişib səsin nə səs olduğunu müəyyən etmişdi. Kimsə evin arxasındakı geniş sahənin tən ortasında yeri qazırdı. Zəif ay işığında adamın sinəsinə qədər çalanın içində olduğu görünürdü. Amma o yenə də qazımağa davam edirdi. Təxminən qırx dəqiqə də qazdıqdan sonra oradan çıxan adamı görəndə Layiqə qeyri - ixtiyari diksinmişdi. Əlində bel tutub dayanmış yekəpər adamın ay işığında görünən silueti həqiqətən çox qorxunc idi. Yadına Bəxtiyarın sözləri düşdü: Ehtiyatlı ol, adam çox təhlükəlidir, boyu da iki metrə çatır. Şübhə yox idi, bu müşahidə apardığı bağın sahibi, onlara lazım olan adam idi. Amma gecənin bu vaxtı, qaranlıq bağda dayanmadan işləyib belə dərin çala qazması onun nəyinə lazım idi? Məlum məsələ idi ki, niyyəti yaxşı deyildi. Adamın beli kənara atıb evə keçdiyini görəndə gəldiyi yolla hasardan aşıb maşına qayıtmış,  gördüklərini zəng edib şefinə demişdi. Bundan sonra telefonuna gəlmiş mesajla şefinin maşınının olduğu yeri tapmış, Sənubəri götürüb buraya qayıtmışdı. İndi o, Bəxtiyardan gələcək növbəti tapşırığı gözləyirdi. Hələ ki, səssiz rejimə qoyub ekran işığını minimuma qədər azaltdığı telefonu susurdu. Haradasa yenə də bayquş uladı. Layiqə əli ilə belindəki qaz tapançasını yoxlayıb yerində qurdalandı. İndi əsas məsələ yuxuya getməmək idi.

* * *

 Əllərini arxadan qandalladığım Ağamirzənin boynunu büküb mənə baxdığını görəndə davam etdim:

- İndi səninlə Cahandarın bağına gedirik. Ora çatanda nə edəcəyini deyəcəm.

- Bunu etmək olmaz, o hər şeyi başa düşəcək.

- Bilirəm, ancaq başqa yolumuz yoxdur.

- O məni öldürər.

Ağamirzənin səsində açıq-aşkar qorxu hiss olundu.

- O səni onsuz da sağ qoymayacaqdı. Mən isə sənə sağ qalmaq şansı verirəm. İndi əsas məsələ balaca Ağanı xilas etməkdir. Sənin barəndə sonra qərar verərik.

Uşağın adını çəkəndə onun bir anlıq diksindiyi gözümdən qaçmadı. Ancaq yenə də Cahandarın qarşısındakı qorxusu ona güc gəlirdi. Mənə inamsız baxdığını görüb əlavə etdim:

- Narahat olma. Mən yaxında olacam. Buna imkan vermərəm. Mənə təkcə onu evdən çıxarmağın lazımdır. Qalanı ilə sənin işin olmasın.

- Elə isə gedək. Təki uşağa bir şey olmasın.

Bunları deyib Ağamirzənin əllərini arxadan açıb ön tərəfdən qandalladım. Masanın üstünə qoyduğu köhnə mobil telefon aparatını götürüb cibimə qoyduqdan sonra birlikdə həyətə, oradan da küçəyə çıxıb maşını saxladığım yerə gəldik. Sənubəri aparan Layiqə açarları əvvəlki yerinə qoymuşdu. Əvvəlcə sağ tərəfdəki qapını açıb onun oturmasını gözlədim. Sonra sükan arxasına keçib mühərriki işə saldım. Onun göstərdiyi torpaq yollarla bağların arasından keçib bir azdan lazım olan ünvana çatdıq. Layiqənin maşını bir qədər irəlidə saxladığını bilirdim. Ağamirzə bağın qapısını nişan verəndən sonra irəli sürüb onun dayandığı yerdə saxladım. Ona maşında qalmasını tapşırıb düşdüm. «Toyota Korolla» markalı maşının sağ qabaq qapısını açıb salona baxdım. Layiqə sükan arxasında, Sənubər isə arxa oturacaqda oturmuşdular. Onlara qısa təlimat verdim:

- Sənubər xanım, siz burada qalırsız. Nə olur olsun, maşından düşməyəsiz. Layiqə, sən mənimlə gəlirsən.

Layiqə cəld maşından düşüb yanıma gəldi. Ona qısaca, Sənubər eşitmədən nə edəcəyini başa saldım. Sonra öz maşınıma yaxınlaşıb qapısını açdım və Ağamirzəni yerə düşürtdüm. Qandalları onun qollarından çıxarıb Layiqəyə verdim. Ağamirzə bir anlıq çaşqın-çaşqın «Toyota»nın yanında dayanmış Layiqəyə baxıb başını aşağı saldı. Görünür gecənin bu vaxtı buraya qədər gəlib onu yatdığı yerdə yaxalamış, hələ də kim olduğundan baş açmadığı adamın yanında bir qadının da olduğu ona çox təəccüblü gəlmişdi. İrəlidə biz, arxamızca Layiqə səs salmadan, ehtiyatla Cahandarın bağına tərəf getdik. Qapıya çatanda cibimdən Ağamirzənin telefonunu çıxarıb ona verdim. Cahandara nə deyəcəyini ona yolda başa salmışdım. Bütün bu müddətdə Layiqə qaça bilməməsi üçün Ağamirzəni tapançasının nişangahında saxlayacaqdı. Onun «Molla»dan necə qorxduğunu görəndə bu ehtimalı istisna etməmişdim. Adamın ona tuşlanmış tapançanın qaz tapançası olduğunu bilməsi vacib deyildi. Hər halda bu tapança da onun qaçmasının qarşısını almağa kifayət edirdi. İndi əvvəlcə mən əgər Cahandar həyətə çıxarsa, onu bir an da gözdən qoymamaq üçün lazımi mövqe seçib yaxşıca gizlənməli, sonra işarəmlə o, zəng etməli idi. Bağın divarının lap yanında bitmiş iri iydə ağacı kamuflyaj üçün əla yer idi. Yarpağını töksə də, sıx budaqları qaranlıqda məni tam gizlədə bilərdi. Bir anda ağaca dırmaşdım. Bir qədər əvvəl zəif əsən külək əməlli - başlı güclənmiş, iydə ağacının budaqlarını tərpədib hərdən üzümə çırpırdı. Buna əhəmiyyət verməyib həyəti mümkün qədər gözdən keçirdim. Sonra Ağamirzədən götürdüyüm naqanı cibimdən çıxarıb çaxmağını dabana çəkdim və əlimlə işarə verdim. Bunu görən Ağamirzə əlində hazır tutduğu telefonun düyməsini basdı. Köhnə aparatın ekranı işıqlandı. Bir qədər aralıda dayanmış Layiqə silahını qaldırıb Ağamirzəyə tuşladı. Başlandı! Yaxın bir neçə dəqiqədə hər şey məlum olacaqdı. Məni narahat edən, tülküdən də bic olan «Molla»nın evə qapanıb çıxmaması idi. Məcburiyyətdən qısa müddətdə qurduğum planın yeganə zəif bəndi bu idi. Əgər belə olarsa, onu danışıqlara çəkməkdən başqa çarəm qalmırdı. Cahandar ağıllı adam idi və evə qapanmasının yalnız ilk bir saatda ona nəsə verə biləcəyini təxmin edəcəkdi. Bu ona hansısa şərtlərini irəli sürmək, yaxud çıxış koridoru istəmək üçün lazım olardı. Sonrakı saatlarda barrikada qurub evdə qalmağının ona heç nə verməyəcəyi məlum məsələ idi. Ona görə də, hər şey istədiyim kimi getməzsə və əgər o, evdən çıxmazsa, bu varianta onu inandıracağıma əmin idim. Təki uşağı sağ - salamat qaytarmağa razı olaydı. Özü hara cəhənnəm olur olsun. Onunla sonra da məşğul olmaq olar.

Yaranmış ani sükutu Ağamirzənin xırıltılı səsi pozdu: Mənim yerimi öyrəniblər. Birtəhər qaçıb canımı qurtarmışam. Burdayam, tez gəl qapını aç.

Telefonun o başında uzun sükut yarandı. Ağamirzənin mənə tərəf baxıb başını yelləməsindən Cahandarın susduğu aydın olurdu. Gözlərimi evin mən olduğum tərəfə baxan pəncərələrindən ayırmırdım. Sükut xeyli uzandı. Görünür ev sahibi yaranmış bu fors - major vəziyyətdə necə hərəkət edəcəyini götür - qoy edirdi. Birdən pəncərənin birində hərəkət edən zəif parıltı göründü. Bu telefon aparatından düşən işıq idi. Deyəsən, telefonu əlində tutmuş adam qapıya tərəf gəlirdi. Yəni o qapını açmağa gəlir? Əzələlərimin necə gərildiyini hiss etdim. Saniyələri sayırdım: Bir saniyə, iki saniyə, üç, dörd. Şaqqıldayan qıfılın get - gedə şiddətlənən küləyin yaratdığı vıyıltıya qarışan səsi qulağıma dəyəndə rahat nəfəs aldım. Deyəsən planımın ehtiyat variantına ehtiyac olmayacaqdı. Bunun ardınca qapı yavaş-yavaş açılmağa başladı. Ehtiyatla evdən çıxıb ətrafa boylanan adam tez - tez sağa - sola baxa - baxa asta addımlarla küçə qapısına tərəf gəlməyə başladı. Gizləndiyim ağac qapıdan cəmi üçcə metr sağ tərəfdə idi. Ona görə də demək olar ki, «Molla» birbaşa mənimlə üzbəüz gəlirdi. Elə bu səbəbdən yeriyərkən sağ əlini yellətmədiyi diqqətimi çəkdi. Hərif əlində silah tutmuşdu. Bu əlbəttə gözlənilən idi. İndi maksimum diqqətli olub onun artıq bir hərəkət etməsinə imkan verməməliydim. Qapının çöl tərəfində dayanmış, qorxusundan və soyuqdan tir - tir əsən Ağamirzə ilə bu əsən küləyin vıyıltısının mənim üçün heç bir fərqi yox idi. Ancaq mən ona heç nə olmayacağına söz vermişdim. Sözümü isə həmişə tutmuşam. Cahandar qapıya yaxınlaşırdı. Bir addım qalmış dayanıb yenə ətrafı gözdən keçirdi. Sonra əlini uzadıb qapının cəftəsini açdı və üç addım geri çəkildi. Bu üç addım mənim üçün həyəcan təbili idi. Əlimdə tutduğum silahın dəstəyini möhkəm sıxdım. Cahandar çəkilib yerini bərkitdikdən sonra yoğun səslə dedi:

- Gəl içəri.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Aynar Təbrizlinin şeirlərini təqdim edir. 

 

 

Aynar Təbrizli

Təbrizli

 

 

IV

Nə olar doktor

Bunlara inandır ki,

Xəstə deyiləm!

İnandır ki, skripka səsi yaranır

Tavanda cızdığım dırnaqdan!

İnandır ki, tabloların arxasını söküb içinə girməyim normaldır

İnandır ki, sadəcə albomlarda xoşbəxt yaşayır insanlar

Doğru həyatda deyil...

İnandır ki, pəncərədən dışarı qovduğum

Canavar doğal kölgəmdir

Gecələr boğazıma caynaq atan anormal qorxudur kölgəm...

Doktor, hər gün birini öldürürəm beynimdə

Əl-ayağını sapa düzürəm

Boynumdan asıram bənd-bənd...

İnandır ki, bacarıqlıyam

Tavana dayandırıb nəfəsim dayanana qədər özümü xır-xıralamaqda...

İnandır ki, öz ovcumda ölə də bilərəm...

 

Bilirsən

Cib telefonuma zəng açıb özümlə savaşmağımı ciddiyə almırlar...

Bədənimi qaşındıran allergiya deyil

Bu bir adsız dəri xəstəliyidir

Onu soymaq, şəritə sərmək gərəkdir...

De bilsinlər ki, yatağım qorxuncdur

Saqın girməsinlər otağıma!

İnandır ki, üşüyəndir

Yatağımda yatan boşluq

Yorğansız qaldığında

Dişi dişinə dəyir..

 

Nə olar doktor bunlara anlat

Yatağımdakı canavar mənəm...

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Sabah - 10 avqustda Azərbaycan ədəbiyyatına fəlsəfi hekayə və pritça janrını gətirən, Tarixi romanlar və fəlsəfi antologiya-ensiklopediyalar müəllifi kimi də tanınan, fəlsəfə elmləri üzrə Fəxri Doktor adına layiq görülmüş filosof Əlisa Nicatın doğum günüdür. Ağsaqqalımızın 87 yaşı tamam olur!

 

Əlisa Qulam oğlu Hüseynov 1936-cı il avqust ayının 10-da Azərbaycanın Lerik rayonunun Yuxarı Gədik kəndində dünyaya gəlib.

Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsil alıb.

Bədii yaradıcılığa orta məktəb dövründən başlayan Əlisa Nicatıın “Bircə söz” adlı ilk şeiri 1955-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub.

1964- cü ildə ilk şeirlər kitabı olan “Yay axşamı”, 1970-ci ildə isə ilk hekayələr kitabı olan “Bir qız, üç çinar” işıq üzü görüb.

1990-cı ildə Bakıya köçən filosof mətbuat sahəsində çalışmağa başlayıb. 1991- 1992-ci illərdə “Turan” adlı müstəqil ədəbi, siyasi, tarixi, fəlsəfi jurnal buraxıb. 

1983-cü ildə ən tanınmış ərəslərindən sayılan  "Qızılbaşlar" romanı, 1993-cü ildə “Nağıllara dönən tarix”, 1994-cü ildə “Ruhların söhbəti”, 1995-ci ildə  “Dünya sərkərdələri”  və “Dünya filosofları”,  1997-ci ildə “Kədər şərabı”, 1998-ci ildə  “Dünya tarixçiləri”, 1999-cu ildə “Yüz böyük azərbaycanlı”, 2000-ci ildə “Karvan” , 2009-cu ildə  “Tarixin qürubu”  kitablarını nəşr etdirib.

Bundan başqa o tərcüməçiliklə də məşğul olub. Mətbuat orqanlarında redaktor kimi çalışıb.

Azərbaycan ədəbiyyatına fəlsəfi hekayə və pritça janrını gətirən Əlisa Nicat daha çox Tarixi romanlar və fəlsəfi antologiya-ensiklopediyalar müəllifi kimi də tanınır. 

O, 1999-cu il aprel ayının 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Elmi şurasının qərarı ilə səmərəli elmi və elmi-maarifçilik fəaliyyətinə görə fəlsəfə elmləri üzrə Fəxri Doktor adına layiq görülüb.

Allah ömür versin, yüzü görsün!

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

İnsanlarla donuzların mənafeləri toqquşmur. Onların qaydaları, problemləri eynidir. Məgər işçi qüvvəsi problemi hər yerdə eyni deyil? 

 

Ah Corc  Oruel... necə mükəmməl bir əsər, necə mükəmməl təsvirdir bu “Heyvanıstan”.

Kitabı həyatımın ən şanssız və məşğul dövründə oxumuşam, yoxsa çox axıcı bir kitabdır. İnsanoğlu bu kitaba əgər bir şans versə, öz heyvani obrazını tapa bilər(sonsuz sayda Bokserlər). 

Stalin hakimiyyətinin fəsadları, qonşu dövlətlərin yaratdığı təhlükə və dırnağarası dostluq, hakimiyyəti qorumağa çalışarkən öz mənliyini itirən hakimiyyət, aşağı təbəqənin kölə kimi işlədilməsi və daha nələr-nələr. 

Napaleonun insanlardan xaric bir malikanə qurmağa çalışarkən zamanla özündə insana məxsus əzazil duyğuları tərbiyə etməsindən tutmuş, Snoubolun haqq-ədalətinin beyinsiz kütlə tərəfindən dəstəklənməməsinə qədər , hər şey bütün haqsızlıqları üzümüzə şillə kimi vururdu. Hələ də öz-özümə sual verirəm, -"Snoubolun başçılıq etdiyi hakimiyyət , görəsən, necə olardı?"

 

Bütün həqiqi mənadan uzaqlaşsaq, kitab eyni zamanda bir mövzunu da çox yaxşı işıqlandırır. Mənfi və müsbət bir-birini çəkən qütblərdir. Nəyə olmaz və yaxud nəyi etmərik deyiriksə, hamısının əksini həyata keçiririk. Çünki düşüncələrimizin fövqündə bütünləşən eynilə bu cür duyğulardır. 

 

“Pəncərənin o tayındakı heyvanlar gah donuzlara, gah da insanlara baxırdılar və artıq onları bir-birindən ayırmaq mümkün deyildi…”

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” (Naxçıvan bölməsi)

 

 

Hər gün təkrar keçdiyimiz yerlərdən biri də qəbiristanlıqlardır. İnanmıram ki, kiminsə yolu buradan düşməyə. Hər kəs üçün qəbiristanlıq fərqli bir mənaya sahibdir. Demək olar ki, ən əzizimizin uyuduğu bu məkan bizə həyatla yoxluğun bağçası və yaxud qapısı kimi görünür. Qəbiristanlıqlar mənə gül bağçasını xatırladır. Biri əzizini, biri gəncini, biri isə sevdiyini itirir bu yollarda. İtkilərlə barışa bilməyən doğma insanlar çarəni güldə, çiçəkdə axtarır. Başlayır məzar üzərində gül bağçası yaratmağa. Təsadüfən məzarlığa gələnlər isə bu mənzərə qarşısında qəlbən parçalanır. Hiss və emosiyalarına sahib ola bilməyərək hıçqırıqlarını boğa bilmirlər. Unutmayaq ki, ayrılıqlar zamansızdır. Bədən müvəqqəti, ruh isə əbədidir. Ölümlə qol-boyun gəzdiyimiz hər gün düşünürəm ki, biz onlara baxdığımız kimi, onlar da bizə baxa bilirmi? Bizə heç olmasa xatirələr qalır, sizinsə heç təsəvvürünüz, xəyalınız belə yoxdur. Qazancınız, sadəcə, üstü gül bağçası olan qəbirlərdir. Bəzən bu lal qəbiristanlıq qarşısında o qədər mənalı və vahiməli anlar keçir ki qəlbimizdən. Görəsən, anaların övladlarına çəkdikləri sığallar, nakam sevgilərin qondurduğu öpüşlər qoyarmı ki, torpaq altında o bədənlər çürüsün? 

Ölüm elə bir mərhələdir ki, o gələndə biz yox oluruq. Biz yox olan kimi o bizim yerimizi tutur. Çünki o gələndə biz artıq mövcud olmuruq. Əbədi ayrılıq saatları başlayır. Əslində, ölüm heç nədir. Yalnız qorxu, sevdiyin adamlardan ayrılmaq qorxusu. Və yaxud başlanmış bir həyatın amansız sonu. Bu ayrılıq bizə həyatın özündən də uzun görünür. Hər dəfə sevdiklərimizin qəbirini ziyarət edəndə bizə elə gəlir ki, ağlamağa öyrəşmişik. İstər-istəməz qəhərlənir, qeyri- ixtiyari gözyaşı tökməyə başlayırıq. Hara gediriksə, harada oluruqsa sinəmizdə daima bir ölü ürəyi gəzdiririk. Mənim çox zaman əşyalara, bəzək-düzəyə, divarlara, şkafda səliqə ilə asılmış paltarlara acığım tutur. Düşünəndə ki, bizim düzəldib ərsəyə gətirdiyimiz düzən bizsiz qalacaq, onda birmənalı şəkildə qəbul edirəm ki, bu, əşyaların qələbəsidi, canlı aləmin yox. Kaş ki torpaq bizi udanda əşyalarımızı da bizimlə birgə uda, nə yaxşı olar. Yadıma Misir fironları gəldi bir anlıq. Ölərkən onlarla bərabər böyük bir saray heyətini də diri-diri basdırırmışlar yaxınları. O dünyada əziyyət çəkməsin, bu dünyadakı kimi qulluğunda durmağı bacarsınlar. 

Nənəm deyərdi ki, bala, xeyirdən-şərdən qalma, bu elə bir tüstüdür ki, hər kəsin bacasından çıxacaq. Zaman keçdikcə başa düşdüm ki, bir kənd qadını olan nənəm, əslində, mənə yaşamın və ölümün fəlsəfəsini danışırmış. 

Bizi həyata bağlayanlar zamanla ölümlə tanışçılığımıza vəsilə olur. Artıq ölüm gələndə sizə qovuşacağımızı yox, sizin keçdiyiniz tanış yoldan keçəcəyimizi düşünəcəyik. Ölü ilə vidalaşmaq çox ağır işdir. Başına gəlməyən bilməz. Bu ayrılıq dəhşətli dərəcəyə çatanda insan şüurunu itirir.

İnsan əzizini itirəndə tək adamlıq yox, iki adamlıq yaşamağı öyrənir. Bu gün yanınızda olan adamlar üçün xoşbəxt olmağı öyrənin. Həmin anı ömrünüzdən ayırıb ondan kiçik bir ada düzəldin. İllər keçəcək, qəbiristanlıqda uyuyan bədənlər torpağa, quma dönəcək. Gələcəyin adamı isə üzü günəşə uzanıb o bir ovuc qumu barmaqları arasından süzəcək. Onda nə qəbiristanlıq, nə bu qəbirlər, nə də gül bağçası olacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün söz ədəbi tənqidindir, görkəmli tənqidçi Vaqif Yusiflinin “Yeni ədəbi nəsil” məqaləsi təqdim edilir.

 

 

YENİ ƏDƏBİ NƏSİL

 

1.Ədəbi nəsillərə bir gəlişmə

 

Ədəbiyyatda nəsil anlayışı şərti və nisbidir. Belə ki, sözün yaşarılığını müəllif yaşı təyin eləmir. O söz çox istedadlı cavan bir müəllifin bədii təxəyyülündən də doğa bilər, yaşlı bir sənətkarın qələmindən də. İndi otuz səkkiz yaşlıları çox vaxt cavan şair adlandırırlar, halbuki, bu yaşda Əli Kərim öz ömrünü başa vurmuşdu. Yaxud 30-35, həttra 40 yaşlı elə “cavanlar” var ki, onların yazdığı şeirlər,  hekayələr, müəllifləri kimi həyatdan əlini üzmüş qocalara bənzəyir. Lakin “ədəbi gənclik” anlayışına bir qədər başqa – “rəsmi” şəkildə də yanaşmaq olar.  Bütün zamanlarda insan ömrünün ən təzə, ən təravətli, ən qaynar dövrü gənclikdir və bunu ədəbiyyata şamil edəndə “təzə səs”, “təzə nəfəs”, “təravətli söz” ifadələri yada düşür. XX əsr Azərbaycan ədəbiyyatı bir neçə “ədəbi gənclik” dövrü keçirmişdir və məlum oldu ki,  bu dövrlərin hər biri ədəbiyyatda yeni bir nəslin özünüifadəsinin başlanğıcı olub. Və o da maraqlıdır ki, yeni ədəbi nəslin gəlişi qalmaqalsız və mübarizəsiz keçməmişdir. Xatırlayaq 60-cı illəri. Bu elə bir dövr idi  ki,  artıq ədəbiyyatda bir çox şablonlar, stereotiplər dağılmalıydı – həyatın, cəmiyyətin inkişaf tempi qarşısında köhnə bədii təfəkkürə duruş gətirmək mümkün deyildi. Formalar, qəliblər sınmalı, dağılmalıydı. 60-cı illərdə bu missiyanı ustad Rəsul Rzanın başçılığı ilə “altmışıncılar” ədəbi nəsli həyata keçirdi. “Altmışıncılar”  Azərbaycan poeziyasında sənətin inkişafına sədd çəkən köhnə, yıpranmış ənənələrdən imtina etdilər, “qum dənəsində kainat” axtardılar, Azərbaycan poeziyası vasitəsilə dünyaya pəncərə açdılar. “Altmışıncılar” özlərindən sonra gələn ədəbi nəsillərin taleyində də müəyyən rol oynadı. “Yetmişincilər” hesab etdiyimiz ədəbi nəsil – Ramiz Rövşən, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Eldar Baxış, Vaqif Bəhmənli keçilmiş yolu təkrar etmədilər.  Ancaq mahiyyət etibarıilə bu nəsil də eyni ədəbi missiyanı yerinə yetirdi. Ədəbiyyata 70-ci illərin sonları, 80-ci illərin əvvəllərində gələn nəsil bu sanki hamar, heç bir maneə törətməyən yolla irəliləməyə başladı. Onlar da bir nəsil kimi formalaşdılar – Rüstəm Behrudi, Tofiq Qaraqaya, Ağacəfər Həsənli, Əjdər Ol, Adil Cəmil, Zahid Sarıtorpaq, Əlisəmid Kür, Ramiz Qusarçaylı, Akif Əhmədgil, Barat Vüsal, Ağamir Cavad, Məhəmməd Astanbəyli adları ilə təmsil olunan bu ədəbi nəsil (onların sırasında Adil Mirseyidin, Əhməd Oğuzun, Nisəbəyimin, Sabir Adilin ölümünə təəssüflənirik) müxtəlif fərdi üslubları ilə diqqəti cəlb etdilər.

Sonra gəlir “doxsanıncılar”. Hərəsi bir yol seçən “doxsanıncılar” nəsli də eyni həqiqətə ayrı-ayrı prizmalardan baxdılar. Məqsəd nə idi? Məqsəd o idi ki, bədii sözün potensialı artsın, ədəbiyyat – söz sənəti dünya, gerçəklik sözün dünyasına çevrilsin. Bu ədəbi nəsil içərisində kimlərisə fərqləndirmək olar. Başda Salam Sarvan, Qulu Ağsəs, Balayar Sadiq, Əlizadə Nuri, Məlahət Yusifqızı, Rəsmiyyə Sabir, Tərlan Əbilov, Bilal Alarlı, Fərqanə Mehdiyeva, Əlirza Həsrət “doxsanıncılar” içində istedadlı şairlər kimi diqqəti cəlb etdilər və əlbəttə, Salamın sözə münasibətindəki təzəliklər indi də unudulmayıb:  “Söz ilə oyun oynadım”.

Təbii ki, “doxsanıncılar” içində Avropa şeir modellərinin milli şeir ölçüləri ilə əvəzlənməsi hallarını  biz heç də tənqid etmirik. Rasim Qaracanın, Azad Yaşarın, Həmid Herisçinin, Murad Köhnəqalanın, Zahir Əzəmətin, Xanəmirin, İbrahim İbrahimlinin modernist şeirə meyilləri bir təzə hava idi.

 

2.İkimininci illərin ədəbi nəsli “Ulduz”un üç sayında.

 

“Ulduz” jurnalı yeni ədəbi nəslin yaradıcılığını əks etdirən seçmə nümunələri oxuculara təqdim edir (iyun – 2023, Proza, oktyabr – 2023, poeziya yanvar – 2024 – tənqid). Nəsr nümunələri yalnız hekayələrdən ibarətdir və onları gənc nasir Furqan seçib, şeirlərdən ibarət nümunələri Ramil Əhməd, tənqid yazılarını isə Elnarə Qaragözova hazırlayıb. Əlbəttə, onların hər birinin seçimində natamamlıq ola bilər, hansı gənc şair və  nasir bu seşimlərdən kənarda qala bilər, yaxud Furqan, Ramil Əhməd, Elnarə xanım öz ədəbi zövqlərinə uyğun seçim ediblər. Lakin bütün bunlar o qədər də əhəmiyyətli deyil.

 

3.Poeziya

 

Dahi rus tənqidçisi V.Q.Belinski yazırdı: “Kim istəsə ki yazdığı şeirlərdə şairliyi görünsün, o gərək əvvəlcə qəlbən şair olsun və təbiətinə uyğun olaraq həyatın poetik tərəfini görsün”. Bu fikri müəyyən mənada ikimininci illərdə ədəbiyyata gələn gənc şairlər haqqında söyləmək olar. Hər bir gənc şairin ədəbiyyata gəlişi müxtəlif yollardan keçə bilər: kimisi ədəbiyyata hansı ustadınsa kitabından, o kitabdakı şeirlərin təsirindən, kimisi poeziya iqliminin zahiri, cəlbedici havasından (belələri nə qədər desən var), kimisi də daxili tələbatdan, ürəyinin səsiylə. Fikrimizcə, ikimininci illərin gənc şairləri ədəbiyyata, poeziya aləminə ürəyinin səsi ilə gəliblər, burada, təbii ki, istedad amili mühüm rol oynayır. Aqşin Evrən,  Allahşükür Ağa, Fərid Hüseyn, Günel Şamil qızı, İntiqam Yaşar, Ramil Əhməd, Ruslan Dost Əli, Şəhriyar del Gerani, Ulucay Akif, Habil Rzanur –  indi bu adlar müasir poeziyamızın gənclik bölmələrindən tez-tez səslənir. “Poeziya” sayına ön söz yazan gənc şair Ramil Əhməd yazır: “Əminliklə demək olar ki,  “Ulduz” jurnalının bu  nömrəsi ədəbi mühitin poetik dünyagörüşünü geniş bir şəkildə əks etdirməkdədir. Bu poetik nümunələr şeirimizdəki istiqamətlər, üslublar, işlənən ana mövzular haqqında fikir yaratması baxımından önəmlidir”. Ramil Əhməd öz yaşıdlarının şeirləri barədə çox yüksək fikirdədir. Təbii ki, burada təshih edilməli ifadələr var: “Ədəbi mühitin poetik dünyagörüşü” əvəzinə “şeirimizin gənc nəslinin poetik aləmi” ifadəsini işlətmək daha məqbul görünərdi.

XXI əsr təkcə dünyada, konkret olaraq bir məmləkətdə, ictimai həyatda, baş verən hadisələrdə deyil, ədəbiyyatda, xüsusilə poeziyada öz əksini tapır. Bu gənc şairlər elə bir dövrdə yaşayırlar ki, dünya onların gözləri qarşısında dəhşətli mənzərələrlə canlanır  – müharibələr, insan ölümləri, aclıq, səfalət, mənəviy­yatsız­lıq­ dalğaları bir-birini əvəz edir. Dünyanın əzəli, əbədi rəngi, ahəngi dəyişir. Biz Azərbaycan adlı bir məmləkətdə yaşayırıq və yaxın keçmişdə bütün bu mənzərələr bizə tanışdır. Amma müstəqillik sevinci, məlum düşmən üzərində qələbələrimiz, heç şübhəsiz, poeziyaya, o sıradan gənc şairlərin düşüncə tərzinə də təsirsiz qalmayıb. Gənc şair Gülay Tahirlinin şeirlərində Vətənin keçmişi və müasir dövrü tarixi həqiqət kimi dərk olunur: insan və Vətən vəhdəti şeirin qayəsinə çevrilir:

 

Mən ən çox sənə bənzəyirəm, Vətən!

Ürəyim sənin kimi parçalanıb.

Xəritən kimi kiçilmişəm,

Zərrə-zərrə biçilmişəm,

Nə qədər idim,

Nə qədər olmuşam, Vətən!

 

Ən çox torpağına bənzəyirmiş adam.

Minillik yaralarını əlimdə sıxsam, sıxsam,

Ürəyim qoruyarmı, görən?

 

Darıxma, Vətən, darıxma.

O quşlar ki var:

Təbrizindən dən gətirib

Bakında əkən quşlar,

Onlara baxıb deyərəm,

ümid var.

 

Əlbəttə, gənc şairlərin yaradıcılığında Vətənə, torpağa, mənəvi dəyərlərimizə, yaxın və uzaq tarixi keçmişimizə, Qarabağ müharibəsinə həsr olunan, sadəcə dəb xatirinə deyil, milli duyğu kimi yazılan şeirlər heç də az deyil. İkinci Qarabağ müharibəsinin iştirakçısı Həsən Kürün əksər şeirlərində onun cəbhə xatirələri, döyüşçü həyatı əks olunur. “Cəbhədən məktub” şeiri döyüşçü atanın qızına yazdığı təsirli sözlərlə diqqəti cəlb edir:

 

Mən burda yaxşıyam, sən də yaxşı ol,

Bilim ki, sənin də günün şən keçir:

İnan, göndərdiyin bütün dualar

Gəlir başımızın üstündən keçir,

Allah başımızın üstədir, qızım.

 

İki mininci illərin gənc şairlərini müxtəlif mövzular üzrə qruplaşdırmaq olar, amma bunun heç bir səmərəsi yoxdur, çünki şairin şairliyini mövzu deyil, onun şeirində özünü necə ifadə etməsi müəyyən edir. Özünüifadə hər hansı şairin fərdi poetik üslubuyla bağlıdır. Ədəbiyyatı müxtəlif adamlar yaradır, lakin onların hamısını müəyyən ideya birləşdirir, ancaq ayrılıqda hər birinin öz dünyası, fərdi yaradıcılıq keyfiyyətləri, fərqli yazı manerası var. Poeziyada üslub ilk növbədə, şairin həyat hadisələrinə özünəməxsus və subyektiv münasibəti ilə bağlıdır. Əgər iki şair payızı eyni cür, eyni poetik vasitələrlə qələmə alırsa, burada fərdilikdən söhbət gedə bilməz.

Fərdi üslubu ilə seçilən bir neçə gənc şairin şeirləri barədə söz açaq. Ramil Əhməd bu gənc şairlər arasında xüsusilə seçilir, desək, səhv etmərik. On il öncə onun “Zaman tuneli” adlı ilk şeirlər kitabı çapdan çıxmışdı (o zaman 21 yaşı vardı). O kitabda Ramil metaforik düşüncə tərzini şeirlərində başlıca ifadə vasitəsinə çevirmişdi. Ancaq bizi daha çox maraqlandıran onun “Müharibə” silsiləsindən olan şeirləri idi. Ramil də bir çox yaşıdları kimi, müharibəni görməyib, o, dünyaya gələndə müharibə bitmişdi. Ancaq onun şeirlərində müharibədən sonrakı ovqat ön plana keçir, deməli, müharibə hələ bitməyib – şikəst qollar, qoparılmış ayaqlar, evin divarlarındakı şəhid ataların şəkili, sevgililərin göz yaşları... hələ varsa, müharibə bitməyib.

Ramil Əhməd müasir şeir mədəniyyətinə yiyələnmiş cavan şairdir. Təbii ki, XXI əsrin poeziyası (dünya və milli aspektdə) yeni poetik qanunauyğunluqlarla təsbit olunur. Baxın:

 

Üzündə təbəssüm donmuş şəhərin dəlisi,

Tül pərdələrin ardındakı gizlin baxışlar,

Yayılan pıç-pıçlar, dedi-qodular;

Kölgəsini qovalayan uşaqlar,

Yarpağı titrəməyən,

Yarpağı soyuqqanlı qatilin əlləri kimi

Titrəməyən ağaclar,

Gözlərinə baxa bilmədiyim yandırıcı bir

günəş,

Çayımın rəngsizliyində gülümsəyən evin

qadınsızlığı

         Ruhumu saran dibsiz bir çan sıxıntısı

hamısı, hamısı, hamısı...

 

Raminin  “Can sıxıntısı” adlı şeiri başdan-ayağa beləcə metaforalarla, sözlərin və ifadələrin assosiasiyalarla  ifadəsi ilə diqqəti cəlb edir. Ümumiyyətlə, müasir şeirdə məna və məzmunun bədii təsvir vasitələrindəki orijinal metaforalar, təşbehlərlə ifadəsi daha çox gənc şairlərin şeirlərində nəzərə çarpır. Bəzi  misallara müraciət edək:

 

“Ayrılıq” ölüm deyil,

ölmək deyil,

“Ayrılıq”

heç vaxt şuxluğunu, itirməyən,

aranızda yaşayan diridir.

(Cahan Seyidzadə)

 

İflic adamın göz yaşları qədər kimsəsizəm,

Nə əllər kömək edir,

Hə də çiyinlər.

Payız axşamüstüsü

Yorğun ağacların qorxulu yuxusu kimiyəm.

Ölmək – yaşayanlara qalib gəlməkdir

deyir içimdəki qoca.

(Habil Rzanur)

 

Qollarını itirsə də, geri dönməyən əsgər,

Olmayan qollarıyla

Yol göstərmək istəyirdi yoldaşlarına.

İndi

Fərqi yox idi, amma

Ondan uzaqda döyüşən qolları

Ön cəbhədə

Usta dirijor kimi

Qələbə nəğmələri bəstələyirdi.

(Malik Atilay)

 

Müharibə şəkilləri asılıb

Gözlərimlə dünyanın arasında.

Güllələnmiş körpənin “ana” hayqırtısı

bəzəyir qulaqlarımı –

sırğa əvəzi.

(Şahanə Müşfiq)

 

Misalların sayını yenə artırmaq olar. Bu yazıda Aqşin Evrənin “İnikas” şeirindəki insan-təbiət vəhdəti ilə bağlı orijinal deyimləri, Aygün Bayramlının “Qayağı” şeirindəki uçmaq metamarfozası, Arzu Hüseynin bitib-tükənməyən sevgi duyğuları, Allahşükür Ağanın “pəncərədən gözəl görünən payız”, Cavid Qasımovun “Görürsənmi, əzizim, Bizdən çox-çox uzaqda afrikalı uşaqlar günəş şəkli çəkirlər” misraları ilə başlayan gözəl bir şeiri, Eminqueyin hər bir şeirindəki az qala poetik aforizmlərə çevrilən deyim-duyumları, Nadir Yalçının özünəməxsus şeir dili, Günel Şamilqızının sadə və səlis dillə ifadə etdiyi həqiqətlər, Səddam Laçının “Yuxuyozma”, “Tremor rəssam”, “Unudulan qadın” şeirlərindəki poetik obrazlar, Sərdar Aminin “Göbələkli kötüyü”, Şəfa Vəlinin “Mən səninüçün darıxıram, İlahi” misrası ilə onun bütün şeirlərinin zəncirvari birliyi haqqında daha geniş söz açmaq olardı.

Biz İntiqam Yaşarın, Ruslan Dost Əlinin, Ruzbeh Məmmədin və Şəhriyar del Geraninin şeirlərindən də qısaca söz açmaq istəyirik.  Fikrimizcə, bu şairlərin hər biri fərdi poetik üslublarını artıq müəyyənləşdiriblər. Maraqlıdır ki, onların şeirlərində bəzən eyni mövzulara müraciət olunsa da, bu şeirlərdə tamam başqa notlar nəzərə çarpır. İntiqam Yaşar darıxmağa bir ayrı məna verir, Ruzbeh Məmməd bir ayrı, Şəhriyar da tamam ayrı. Ruslan Dost Əli bu şairlərin heç birinə bənzəmir (“Sənin saçların tökülər, mənim əllərim, neyləyim?”).

Nəticə etibarilə deyək ki, “Ulduz”un gənc şairlərə həsr etdiyi say uğurludur, (bir çox cavan şairlər bu sayda görüşməsələr də...)

 

Proza və Ədəbi tənqid bölümləri isə növbəti dəfə sizlərə təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

 

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə yenə daimi müəllifimiz Əlizadə Nuridir. Cəlilabadda yazıb yaradan şair yenə kədərin rəsmini çəkib.

Təbii ki, oxunaqlıdır və təsirlidir. 

Xoş mütaliələr.

 

Minib bir gəmiyə çıxıb gedəsən,

Səni yola sala onun əlləri...

 

O qız əllərini arxanca ata,

Ata əllərini su əvəzinə.

 

Götürüb qaçdığın arzularını

Hər axşam sərəsən ay işığına...

 

...Çatasan dünyanın son limanına,

Səni qarşılaya onun əlləri...

 

Heyrətdən özünü itirəsən ki:-

Sən ki, yatmamısan, bu nə yuxudu?

Haçan gəlib səni keçdi o əllər-

Yoxsa o əllərin öz ağ gəmisi

Yoxsa ki, o qızın öz dənizi var?!

 

...Qaçıb o əlləri qucaqlayasan,

Bağrına basasan son ümid kimi.

 

Sonra ovcundakı o əllər üçün,

Bir üzük yonasan gün işığından...

 

Sonra düşünərsən:- bəs bu əlləri,

O qızın canından kim dərib sənə?

Kimsə ürəyinə pıçıldaya ki:-

,,Təkcə öpmək üçün deyil o əllər

Tanrı uçmaq üçün göndərib sənə..."

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Ördəklə qora mütəncəminin

hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun! 

 

DÜSTUR 

§ Ördək (ev ördəyi) – 200 qr

§ Soğan – 35 qr

§ Kərə yağı – 35 qr

§ Qora – 25 qr

§ Qoz ləpəsi – 25 qr

§ Nar – 40 qr

§ Göyərti – 8 qr

§ Sarımsaq – 2 qr

§ Sarıkök – 0,1 qr

§ Zəncəfil – 1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Təmizlənmiş ev ördəyinin xırda tükləri alovda ütülür. Oynaq hissələrindən tikələrə bölünür, artıq dəri, xırda sümüklər çıxarılır, yuyulur. Qa- zanda su qaynadılır, doğranmış ördək hissələri qazana yığılır, yarı bişirilir. Hazır olduqda ətlər sudan çıxarılır, işgənəsi ələkdən süzülür. Münasib qazanda (tavada, teştdə) kərə yağı əridilir, yarıbişmiş ətlər qızardılır. Sonra aypara şəklində doğranmış soğanla birlikdə qızardılır. Sonra üzərinə əzil- miş qora, xırda doğranmış sarımsaq, isladılıb təmizlənmiş qoz ləpəsi, duz, istiot, sarıkök, sürtkəcdən keçirilmiş təzə zəncəfil, ördək işgənəsi əlavə olunur və qarışdırılır. Qazanın ağzı bağlanır və vam odda bişirilir. Sonda xörəyə nar dənələri əlavə olunur, qarışdırılır və ocaqdan götürülür. Ağzı bağlı vəziyyətdə 5-6 dəqiqə yer dəmi alır. Son- ra boşqaba çəkilir, üzərinə doğranmış göyərti səpilir və süfrəyə verilir. Bu müsəmmə də plov və çilovlarla süfrəyə verilə bilə

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.