Super User

Super User

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Mən də bugün şahid olduğum bir mənzərədən az öncə yazısı paylaşılmış həmkarım Kübra Quliyevanın yazısına bir cavab olaraq, ya da necə deyərlər, həmsəs olaraq rəy bildirmək istədim. 

 

Övladına sevgi göstərən insanlar gördükcə hər yerdə o qədər kövrəlirəm və həyəcan keçirirəm ki. Bu sevgidən tam olaraq məhrum olmamışam heç zaman, nə yalan deyim. Amma məhrum olma qorxusunu mən də yaşamışam. Kiminin valideyni sağkən var olmur yanında, kimininki də ruhunu qoyub gedir geridə. 

Bugün bir "ana" obrazıyla rastlaşdım və öz anama içimdən təşəkkür etmək gəldi. Əslində uşaq ikən bir çox şeyi anlamazdıq. Məsələn, yol keçərkən, ya alışverişdə ikən anamızın əlimizdən tutmasının nə qədər önəmli, nə qədər mənalı olduğunu dərk etməzdik çoxumuz. Hətta sən demə, mən bugünə qədər də dərk etməmişəm. Bugün gördüyüm mənzərə bilirsiniz nə idi? Qabaqda övladı yoxmuşcasına əlində markaların alışveriş çantalarıyla gedən "müasir" bir ana və onun iti addımlarına çatmaq üçün arxadan yarı addımlayaraq, yarı qaçaraq irəliləyən 5-6yaşlarında bir oğlan uşağı. O an sorğuladım səbəbsizcə ki, istəmədiyin, sevgi göstərməyəcəyin bir övladı niyə dünyaya gətirəsən ki axı? Cavab tapa bilmədim. Çünki bu sualın heç bir məntiqli cavabı yoxdur. Hə, təbiiki bu 5-10saniyə şahid olduğum mənzərə o ananın övladını sevmədiyini göstərmir, amma diqqətsiz valideyn necə olur, bax ona gözəl örnəkdir. Məsələn o səhnəni görəndə anamın hara getsəm əlimi buraxmağa qorxması mənim üçün böyük anlam qazandı. O an içimdən "mənim uşağım arxamdan bu cür qaçmağa məcbur olmayacaq" sözünü verdim. Düzdür, indiyə qədər də öz xəyallarımda fərqli bir ana olacağımı təsəvvür etmişdim. Hətta bununla bağlı da aylar öncə fikirlərimi, hisslərimi paylaşmışdım. Amma düşünmək bir yana, insan gözüylə görəndə anlayırmış bəzi şeyləri. 

Gələcəkdə mənim qızım ya oğlum, kim olar, haralara gedər, necə uğurlar qazanıb necə uğursuzluqlardan keçər, bilmirəm. Həyatdı, bəlkə də yaxşı ana, nümunəvi valideyn olub örnək övladlar yetişdirə bilmərəm. Amma nə olur olsun, bu dünyada sevgisiz böyüyən uşaqlar silsiləsində say artırmayacağam. Onu dəqiq bilirəm. 

Bəlkə çoxunuza məsləhət verəcək qədər olğun deyiləm. Ya da çoxunuzun düşüncəsi qədər yetişməyib düşüncəm. Amma həmkarımın sözlərinə qüvvət deyib, sizdən xahiş etmək istəyirəm ki, övladlarınıza  sevgini qaşıq-qaşıq, qorxaraq yox, dolu-dolu verin. Heç kim sevgidən ölməyib, inanın, amma insan ruhu sevgisizlikdən ölə biləcək qədər həssasdır. Sarılmaq nəfəsinizi kəsməz, amma bir gün bir məzar başında son dəfə sarılmadınız deyə ağlayarkən kəsilə bilər nəfəsiniz... 

Sevgiylə qalın.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Hal-hazırda bir çox insanın daxildən yaraları və müxtəlif travmaları var. Hətta, deyərdim ki, travmaların təməl qaynağı məhz uşaqlıqdan yaranan valideyn-övlad münasibətlərinin düzgün təmzimlənməməsinə əsaslanır. Bəzilərimizin atası ilə, bəzilərimizin anası ilə hələ də, arasında qocaman və artıq aşılması mümkün olmayan dağlar var. Və bəzilərimiz ən doğmalarımıza yadlaşmışkən özümüzə gələcəkdə övlad sahibi olan zaman "hiss etdiyimi hiss etdirməyəcəyəm" sözü vermişik. 

Bu gün iş çıxışı metrodan ekskalatora keçən zaman gördüyüm mənzərə məni çox kövrəltdi və duyğularımı sizinlə bölüşmək istəyirəm.

İndi isə sual verim. 

Hansınızın ata-anası sağdı? Hansınızın əlləri var? Yaxşı, hansınızın atası iki əlini də itirdiyi halda onu qucaqlayıb?

Ekskalatorda gördüyüm mənzərə tam olaraq bu idi. Qarşımda 35-40 yaşlarında hündür boylu, arıq bir kişi var idi. İlk baxışda əlləri cibində gözləyən insan görüntüsü yaratsa da, 1dəqiqə çəkməmiş arxamdan pilləkənləri tələsə-tələsə qalxan 5-6yaşlarında bir qız uşağı məni itələyib atasını qucaqladı. Elə bu zaman, atanın əlini cibindən çıxaran zaman hər iki əlinin biləyindən kəsildiyinin fərqinə vardım. Ancaq atanın qızının saçını oxşayacaq əlləri olmasa da, onu bərk-bərk qucaqlayıb başından öpdü.

İndiyə qədər getdiyim hər yerdə uzun-uzun dayanıb heyran olduğum mənzərələrin şəklini çəkmişəm. Ancaq bu, mənim çəkməyə əlim gəlməyən ən gözəl mənzərə idi. Düz qarşımda, saf sevginin - valideyn sevgisinin mənzərəsi var idi.

Əllərimiz olmaya bilər, ayaqlarımız olmaya bilər, hətta gözümüz, qulağımız, ağzımız belə olmaya bilər. Ancaq yaşadığımız müddətcə daşıdığımız qəlbimizdə sevgi bəlkə də, heç axtarmadığımız, artıq ümidimizi itirdiyimiz balaca və dərin köşələrdə hər zaman var. Məhz o kiçicik, bağlılıq duyğusu, sevgi göstərişi heç bir maneə tanımır. Siz siz olun sevginizi hiss etdirməyi öyrənin. Ən çox da, övladlarınıza öyrədin o sevgini. Qorxmayın, onlara özünüzü göstərməkdən, duyğularınızı hiss etdirməkdən. Gözləriniz görməsə belə qəlbinizlə baxın onlara. Qoyun onlar böyüyəndə “mənim atam ağır adam idi, bir dəfə başımı sığallamadı” deyib idealında kişi profilini bu qədər soyuq birinə çevirməsinlər. Və əziz analar, oğlanlarınıza “ana cəfakeş olar, saçını süpürgə edər, yeri gəlsə yeməz yedirdər”dən əlavə ana sevgisinin timsalında qadın sevgisinin sağaltmayacağı yara, isitməyəcəyi ocağ olmadığını öyrədin ki, onlar da gələcəkdə, gözünün alovunu söndürdükləri xanımın saçlarını süpürgə etmək əvəzinə qəlblərinə çiçək baxçaları əksinlər.

İcazə verin, gələcək nəsillər özlərinə "ən az hiss etdiyim doğmalıq qədər övladıma doğma olacam" sözünü versinlər.

Sevginin və şəfqətin sağaltmayacağı yaranı Yaradan yaratmayıb. 

Sevdiklərinizi gec olmadan doyunca qucağlaya bilməniz diləyi və sevgilərlə.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!

Sənin ol cəlb eyləyən vəslinə and içdim inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz!

Başqa bir yarı necə axtarım, ey nazlı sənəm?
Bilirəm sən də dedin: "Yox yarə hacət sənsiz!"

Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz, mən heçəm, afət, sənsiz!

Nə gözüm var arayım mən səni, bəxtim də ki yox,
Nə də bir qaçmağa var məndə cəsarət sənsiz!

Sən Nizamidən əgər arxayın olsan da, gülüm,
Gecə-gündüz arayıb olmadı rahət sənsiz!

 

Biz dahi Nizami Gəncəvinin təmsil etdiyi xalqın nümayəndələriyik. Bununla sadəcə qürur duymalıyıq. Və dünya klassik poeziyası və fəlsəfəsinin 10 ən dahisi sıralanmasında yer alan Nizamimizə sahib çıxmalıyıq. Ən azından fars şovinizminin Nizamini İran şairi etməsi çabalarına qatı etirazımızı bildirməliyik. 

 

Azərbaycan dövlətinin Nizami Gəncəvi ilə bağlı keçirdiyi beynəlxalq miqyaslı tədbirləri əsasən Nizami Gəncəvi mərkəzi edir. Budur, bu sıraya yeni rəhbərliyin gəlişindən sonra büsbütün fəallaşan Gəncə Dövlət Filarmoniyası da qoşulub. Filarmoniya Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncədə sentyabrın 11-dən 15-dək dahi şair və mütəfəkkirin xatirəsinə həsr olunmuş "Nizami günləri" keçirəcək. 

Nə olacaq bu günlərdə?

Filarmoniyadan aldığımız məlumata görə, “Nizami günləri" çərçivəsində Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans, şairin şeirlərindən ibarət "Qiraət axşamı", muğam və klassik romanslardan ibarət konsert proqramı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs heyətinin konserti, Əfrasiyab Bədəlbəylinin "Nizami" operası nümayiş etdiriləcək. 

Məkan olaraq isə əlbəttə ki, dahi şair Nizami Gəncəvinin məqbərəsinin önü seçilmişdir.

 

Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləmdə sənin şəninə şayan

Gəl eylə inayət, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.

Sordum ki, "könül hardadır" aldım bu cavabı.
"Heç sorma, tapılmaz onu axtarsa da insan".

Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdüm
Kim, qanım ilə əl yuma, ey afəti-dövran!

İnsafın əgər varsa, açıq de, bu Nizami,
Sənlə necə rəftar eləsin, ey mahi-taban?

Gəl söylə, cavabın nə olar, sorğu zamanı,
Əhvalımı səndən soruşarsa Qızıl Arslan?

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

Xarici mətbuatda ICESCO tərəfindən Azərbaycanın Şuşa şəhərinə “İslam dünyasının mədəniyyət paytaxtı” adının verilməsi geniş işıqlandırılır. 

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildirilib ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham Kanadanın www.thej.ca  saytında dərc olunmuş məqaləsində yazıb.

“Şuşa: İslam dünyasının mədəniyyət paytaxtı” sərlövhəli məqalədə diqqətə çatdırılıb ki, Şuşa tarixdəki səyahətinə Qarabağ xanlığı dövründə əsası qoyulmuş, mədəniyyət və ticarət mərkəzi olan, inkişaf edən ipəkçilik və xalçaçılıq sənayesi sayəsində adı uzaq diyarlarda tanınan bir şəhər kimi başlayıb. 18-ci əsrdə şəhər Qarabağın paytaxtı olub. Bu dövrdə şəhərin böyüməsi və mədəni çiçəklənməsi baş verib, bura bir çox şairlərin, yazıçıların, musiqiçilərin və rəssamların vətəninə çevrilib. 

Bildirilib ki, 19-cu əsrin sonlarında Şuşa artıq Qafqazın musiqi və mədəniyyət mərkəzi hesab olunurdu. Şəhər “Qafqazın İncəsənət Məbədi”, “Kiçik Paris” və “Azərbaycanın Musiqi Evi” kimi tanınıb. 

Qeyd olunub ki, şəhərdəki bir çox tarixi tikililərin günümüzə qədər gəlib çatmamasının səbəbi şəhər işğal etdikdən sonra ermənilərin burada törətdiyi vandalizmdir. Məhz 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik erməni işğalından azad edilməsi Şuşada Azərbaycan mədəniyyətinin məhv olması təhlükəsini sovuşdurub.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin veb-saytı istifadəyə verilib. Bu barədə “Ədəbiyyat və incəsənət”ə agentlikdən məlumat verilib. 

Sayt inkubasiya proqramlarında iştirak edən startap layihələrinin tanıdılması, təşəbbüslərinin dəstəklənməsi, inkişaf etdirilməsi və investisiya imkanlarının genişləndirilməsi məqsədilə yaradılıb. Platforma sektorlar üzrə maraqlı investorları bir araya gətirərək startap layihələrinin inkişafına təkan verir.

Saytda layihənin “Tusi (2C) inkubasiya proqramı”nda iştirak etmiş komandalarının startap ideyaları haqqında ASAN TV vasitəsilə hazırlanan videolar yerləşdirilib. Videoda startaplarla ətraflı tanış olan və layihəyə investisiya etmək istəyən investorlar "İnvestisiya et" düyməsinə klikləməklə müraciət edirlər. Müraciətdən sonra tərəflərin görüşü təşkil olunur ki, bu da investorların asan və sürətli şəkildə layihələrə dəstək verməsinə imkan yaradır.

Saytda həmçinin “İnkubasiya proqramı”na qoşulmaq və ya ideyalarını göndərmək istəyən tələbə və gənclər üçün qeydiyyat formaları mövcuddur. Bu formaları doldurduqdan sonra uyğun startaplar və ya gənclər proqrama qoşula bilərlər. Beləliklə, sayt tələbələr və gənc təşəbbüskarlara ideyalarını həyata keçirmək, inkişaf etdirmək və sektorda öz yerlərini tapmaq üçün böyük bir imkan yaradır.

“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda, innovativ ideyaların inkişafı üçün tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsi əsas hədəflərdir.

Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə “Mentorluq proqramı”nı və mentorların iştirakı ilə tələbələrin öz ideyalarından startaplar formalaşdırmaları üzrə iki “İnkubasiya proqramı”nı əhatə edib.

Ümumilikdə layihəyə 2000-dən çox tələbənin 181 startap ideyası təqdim olunub. Bu çərçivədə universitetlərdə mentor kimi hazırlanmış 130-dan çox müəllimin dəstəyi ilə 98 startap komandası formalaşdırılıb. Layihənin rəsmi bağlanış tədbirində ümumi inkubasiya proqramlarının yekunu olaraq formalaşdırılan 19 startap komandası layihələrini təqdim edib və münsiflər heyəti tərəfindən qiymətləndirilən 3 komanda mükafatlandırılıb.

Hazırda layihə çərçivəsində “Bilişim Vadisi” ilə birgə 6 aylıq inkubasiya proqramı həyata keçirilir. Proqramın ilkin mərhələsində qeydiyyatdan keçmiş 47 komandadan 30 komanda seçilib. İkinci mərhələdə “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi” tərəfindən təyin olunmuş hakim heyətinin qiymətləndirməsinə əsasən 10 komanda 6 aylıq inkubasiya proqramında iştirak hüququ qazanıb.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2024)

“Ədəbiyyat və incəsənət” tanınmış şair və siyasi icmalçı Əkbər Qoşalının növbəti yazısını təqdim edir. 

 

Qardaş Türkiyənin populyar pop müğənnilərindən Nil Qaraibrahimgilin 2000-lərdə ekrandan-efirdən əskik olmayan bir mahnısı vardı - “XL” (“extra large”)

deyə… Doğrusu, mahnının sözləri sadədən sadə, hətta (heç kəs qüsura baxmasın), “itotu, bağayarpağı” olsa da, illa cavan-cumrunun dilinə düşmüşdü: 

 

“Onun aşkı bana ekstra larç,

bana ekstra larç, bana ekstra larç,

Giydim ama benim boyum kaç?

benim kilom kaç? daha benim yaşım kaç”?..

 

Durub-dururkən bu, cavan-cumru mahnısı niyə yadıma düşmüş ola? - Yada düşməsinin, incəsənətlə, mahnı ilə birbaşa bağlılığı yoxdur, doğrusu; bağlılıq mahnının sözlərinin, necə deyərlər, “proyeksiyalana bilən” olması və hazırda proyeksiya üçün çox münbit ortamın mövcudluğu ilə bağlıdır. Söhbət məgər haradan, kimdən getmiş ola? - Bəli, bəli, söhbət, nə Türkiyədən, nə Azərbaycandan - iki qardaş ölkənin arasındakı keçici qara zolaqdan - Ermənistandan gedir. - Deməzsizmi, oğurluq-doğurluq, zar-zor 29,8 min kv.km-lik bir əraziyə və (9 min kv.km-lə başlayan) 106 illik bekara dövlətçilik tarixinə malik Ermənistan, böyük dövlətlərlə çiling-ağac oynamağa qalxışıbmış. Bəli, rəsmi İrəvan boyunu aşan - onunçün “XL” işlərlə məşğuldur. Nil xanımın “XL” mahnısının “yutub”da izlənmə sayı Ermənistanın “domovoy knişka”sında olanlarının sayından 2,5 dəfə çoxdur… Güman edirəm, bu mahnını İrəvanda (ümumən Erməniatanda) da dinləmiş, izləmişlər və o üzdən, hazırda “Giydim ama benim boyum kaç?” ricətində bulunanları da olmamış olmaz…

 

Bəli, bu sözlər rəsmi İrəvanın ifasında səslənməli, əslində:

 

“Çok değil arar o beni arada bir,

O benim hayatımın tuzu, biberi.

Özledim, “iyi şeyler düşün” dedi,

Gözlerim bi onun yolunu bekledi,

Onun aşkı bana ekstra larç”…

 

Erməniatan üçün “O” - dünən Rusiyaydı, lap sırağagüncə Fransaydı, bugünlərsə ABŞ-dır, qaliba… 

Deyirlər, artıq ABŞ-dan silah-sursat daşınır və hətta, ABŞ silah-sursatının İrəvandan Zəngəzura aparılmaqda olduğu deyilir…

Zvartnosdan çıxmış olsa belə, Rusiya da arar İrəvanı amma… Amma da kolay-kolay buraxmaz Rusiya Ermənistanı… Özləri bilər - bilməsinə, yalnız Ermənistanın hərbi-siyasi başbilənləri

kimin tarixi torpaqları üzərində kimlərlə bazarlıq edir? - Bir də bunu düşünməli!.. Ayrıca, Rusiya, Gümrüdəki hərbi bazasını, sınır xidmətini bir göz qırpımındamı çıxaracaqmı guya? Lap Rusiya Ermənistandan tamamən çıxdı sayaq - guya Ermənistan dəsvəhal müstəqil dövlətmi olacaq, forpostluqdan çıxıb da, bizimlə mehriban qonşumu olacaq? Əgər belə mehribançılıq yaratmaq, qonşuluq etmək istəyindəsə, xeyir ola Hindistandan, Fransadan, Amerikadan silah-sursat daşıyır?.. Bəlkə, uşaq oyuncaqlarıdır o daşıdlqları, heç atıcı silah-zad deyil də, biz yanlış anlamışıq? Məmməd İsmayıl demiş, “Kimi aldadırsan, a zalımoğlu”?.. Biz çörəyi qulağımızın dibinəmi yeyirik? Səni bizdən daha yaxşı kim tanıyar, kim? Və sən yenə çaşası olsan, bizi kim tutacaq, kim?.. 

Vaxtilə Rusiya, daha sırağagün Fransa, laap bugünlərsə Amerika sənin həyatının duzu, bibəri ola bilər; amma gözü onun-bunun mətbəxində, süfrəsində, duzunda, nə bilim, daha bostanında, bağında qala-qala, nə qarın doyar, nə göz… Hələ bir də, 

“Qız, sənin dilini acı bibər, bibər, bibər 

yandırar, odlandırar, odlandırar”sa, durum daha acınacaqlı olmazmı?.. - Deyirəm, görün, necə də təvafüqlükdür - bir öncəki misal N.Qaraibrahimgildən, bu misra isə N.Qaraçuxurludandır… Və Ermənistanın son illərki hoqqalarının, “XL” geyinmə cəhdlərinin mütləq əksəriyyəti Qarabağla bağlı olub… İndi isə qara və dəmir yolları keçəcək Zəngəzur önplana çıxır. Və “XL” geyən Ermənistan nəyi, kimi özləyərək, “iyi şeylər” düşünür, gözləri kimin yolunu və nə məqsədlə gözləyir? - bu barədə təfsilatlı bilgim olmasa da amma dəqiq bilirəm ki, “O”nun “aşk”ı, ehtirası Ermənistana ekstra larç, ekstra larç…

 

Bax, gör daha nə deyir:

“Onu çok sevmek söyle neye yarar?

Yapıştırırsın o bi daha kırar.

Söyledim, “sana bi şey olmaz” dedi,

Gezindim bulamadım onun gibisini,

Onun aşkı bana ekstra larç”…

 

Mövsümə, duruma görə dəyişən “O”nu çox sevmək nəyə yarar? - söyləyək: bəli, bəli, yapıştırarsan, yapışdırarsan, o bir daha qırar. Və söylənər Ermənistan söylənməyinə də, “sana bi şey olmaz” deyər “O” - Amerika. - Sırağagün Fransa, öncələr Rusiya dediyi kimi… Qullanar yəni; yəni qullanılmalı qullanılmalıdır…

Uzaqlarda gəzinmək-zad gərək deyildi, əslində; əslində, Ermənistanın nicatı çox-çox yaxınındaydı, (Tanrı ağzımı əyməsin) ona şah damarından daha yaxınıydı… Hələ də şah damarından daha yaxın…

Yoxsa, Ermənistan ən yaxınındakına da “Onun aşkı bana ekstra larç”mı deyər?..

 

Sonda

bir sual vermiş və bir dəqiqləşdirmə aparmış olaq: 

 

Ermənistan, sənin yaşın kaç?..

 

Bütün “aşk”lar sana “ekstra larç”, “ekstra larç”… Sən hələ böyüməliydin, alınmadı… Saçını çox tez kəsdirdin… 

Belə!..

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2024)

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında sentyabrın 13-də Xalq artisti, dünyaşöhrətli bəstəkar Arif Məlikovun xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan, sevilən mahnılarından ibarət konsert proqramı keçiriləcək.

 

Bu barədə “Ədəbiyyat və incəsənət”ə filarmoniyadan məlumat verilib. 

Məlumata görə, Filarmoniyanın Kamera Orkestri və Estrada Ansamblının müşayiəti ilə keçiriləcək konsert proqramında bəstəkarın “Azərbaycan”, “Güllərim”, “Dənizdə ay çiməndə”, “Gözlərimin dünyası”, “Gəl bizim dağlara”, “İnandım”, “Sən Əslisən, mən Kərəm”, “Şirin qızım”, “Qonaq gəl bizə”, “Dənizə baxıram”, "Günəş ürəkli” və digər unudulmaz mahnıları ifa ediləcək.

Həmçinin gecədə tanınmış pianoçu Ülviyyə Kazımova Arif Məlikovun əsərlərindən "Ötən anlar" silsiləsi və 3 valsla çıxış edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2024)

Cümə axşamı, 08 Avqust 2024 15:44

Şahin İsmayılovun 60 yaşına! - FAZİL MUSTAFA

 

Bu gün tanınmış müğənni Şahin Mehbalı oğlu İsmayılovun 60 yaşı tamam olur. Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa sənətçini yubileyi ilə bağlı təbrik edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda deyilir:

 

“Hörmətli Şahin müəllim,

Sizi 60 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, sənətdə və ictimai fəaliyyətdə yeni uğurlar diləyirəm!

Siz 1971-1981-ci illərdə Xoylu kənd orta məktəbində oxumuş, məktəb illərində 5 il Goranboy üzrə musiqi festivalında və 1982-ci ildə Peşə məktəbləri arasında Respublika üzrə musiqili festival müsabiqəsində birinci ödülə layiq görülmüsünüz. 1982-1988-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində) ali təhsil almısınız. 1988-ci ildə"İstedadlar axtarırıq" ümumrespublika müsabiqəsinin laureatı seçilmisiniz. 

 

Azərbaycan Dövlət Radiosunun “Qızıl fond”unda sizin ifanızda 40-a yaxın mahnı qorunub saxlanılır. 

Dövlət tədbirlərində dəfələrlə uğurlu çıxışlar etmisiniz.

Həmçinin, döyüş bölgələrində, hərbi hissələrdə hərbi-vətənpərvərlik mahnılarından ibarət konsert proqramları ilə yaddaqalan çıxışlarınız olub.

 

Sizi yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2024)

“Ədəbiyyat və incəsənət” Akademik Dram Teatrının mətbuat katibi, gözəl yazıçı və dramaturq Cavid Zeynallının Gürcüstanın Batumi şəhərinə aid yol qeydlərini diqqətinizə çatdırır. 

 

 

Batumi. Gecə 12-ni keçib. Hələ Trabzona getməmiş yol yoldaşım Alikə demişdim ki, geri qayıdanda Şükriyyə xanımın böyüdüyü, Əhməd Cavada qoşulub qaçdığı evi görmək istəyirəm.

 

Sözün düzü, evi tapacağımıza o qədər də inanmırdım. Şükriyyə xanımın nəticəsi Javada yazdım. Ünvanı dəqiq dedi: Selim Kimşiaşvili küçəsi, 7.

Alik sağ olsun, ürəklə yanaşdı. Xəritəyə yazdı, it gəzdirən gürcü xanımdan soruşduq. Nəhayət, həmin ev...

Qapını döydük. Ya gec idi, ya da evdə heç kim yox idi deyə, səsimizə səs verən olmadı. Amma şəkildə gördüyünüz tərzdə mən də həyətə boylandım, Üzeyir də. 

Şükriyyə xanım bu evdən 1916-cı ildə, Novruz bayramına az qalmış çıxıb. Qızılbaş şairə - Əhməd Cavada qoşulub qaçdığına görə atası Süleyman bəy onu düz 20 il danışdırmayıb.

Şükriyyə xanım o günləri belə xatırlayırdı: "Piyada yolla, ayrı-ayrılıqda gedib şəhərin kənarına çıxdıq, faytona mindik. Onunla ilk dəfə yan-yana oturduq. Birdən məni dəli bir ağlamaq tutdu. Mənə elə gəldi, doğma şəhərimi bir də ömrüm boyu görməyəcəm".

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2024)

Cümə axşamı, 08 Avqust 2024 16:42

Hər işə vaxt tapan QEYRİ-ADİ ADAM

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Onu uzun müddətdir ki, tanıyıram. Abdulla  Atakişiyev Azərbaycan Dövlət Xəzər Dəniz  Gəmiçiliyinin Mənzil-Kommunal Təsərrüfatı  İdarəsində Həmkarlar İttifaqı Komitəsinin  sədri vəzifəsində işləyir. Onunla daha çox “Dəniz”  qəzeti redaksiyasında görüşürdük. Əslində  tanışlığımız da elə burada olub. Maraqlı  yazıları məni cəlb etmişdi. Elə bu  məqalələrin izi ilə onun özü ilə də yaxından  tanış olduq. Onda diqqəti çəkən bir  xüsusiyyət də yaşından qıvraq  görünməsidir. Göz dəyməsin, yaşından çox-çox cavan görünür. Redaksiyaya növbəti gəlişində marağımı   gizlədə bilmədim.

-Bu sualı mənə verən çox olub,- dedi.  – Ürəyimi kin, küdurətlə doldurmamağım,  zəhmətə məhəbbətim, eyni zamanda  idmana böyük həvəs və güclü marağımın  nəticəsidir sizləri təəccübləndirən.

İdmana məhəbbətimə baxmayaraq, böyük  idmanla məşğul olmaq imkanından xaric  olmuşam. Lakin qarşıya çıxan çətinliklər nə  qədər maneələr yaratsa da, idmana  həvəsimi söndürə bilməmişdir. İmkandan və  şəraitdən istifadə edərək, ancaq özüm  üçün bədən tərbiyəsi və idmanla, fiziki  hərəkətlərlə məşğul olmaqla, fiziki  hazırlığımı artırmağa çalışmışam və eyni  zamanda müəyyən mənada da buna nail  olmuşam...

 

O daha sonra dedi ki, insanları müxtəlif və  çətin problemlərlə üzbəüz qoymuş müasir  dünyamızda böyük idmanla məşğul olmaq  bir çoxları üçün əlçatmaz olsa da, fiziki  hərəkətlərlə, sağlamlıq gimnastikası ilə  hamı məşğul ola bilər. Buna isə, sadəcə  həvəs və məhəbbət, bir balaca da özünü  ”məcbur” etmək üçün iradə lazımdır.  

- İdman yaxşı şeydir,  - deyə o, sözünə  davam edir,  - insanı möhkəmlədir. Ancaq  idman köməkçidir və onu həyatın  məqsədinə, quru rekordçuluğa çevirmək  olmaz. Biz insanın hərtərəfli inkişaf etməsini  istərdik. Belə ki, o, yaxşı qaçmağı, üzməyi,  sürətlə və gözəl yeriməyi bacarsın, bir  sözlə, onun hər bir orqanı saz, özü isə  normal və sağlam olsun.

 

-  İdmanın  daha  çox  hansı  növünə  üstünlük  verirsiniz?  -  deyə  soruşdum.  

-  Mən  ayrılıqda  götürükdükdə  nə  üzgüçülüyün,  nə  idman  yerişinin,  nə  qaçışın  əleyhinə  deyiləm. Eyni  zamanda  konki  sürməyi  bacarmağın,  ağırlıq  qaldırmağın,  turnikdə  mürəkkəb  hərəkətlər  etməyin,  hündürlüyə  tullanmağın  və  yaxşı  tennis  oynamağın  da,  bir  sözlə   insan  həyatı  üçün  vacib  fiziki  bacarıq  və  səriştənin  tərəfdarıyam.Məhz  bunların  vəhdəti  fiziki  kamilliyə  yol  açır,  insanı  uzunömürıü  edir. Mən  idmandan həm  də mənəvi  zövq  alıram. Sualınızı  konkret  cavablandırmalı  olsaq,  lap  gənclik  illərimdən  turnikə  həvəsim  çox  olub. Müxtəlif  yarışların  qalibi  olmuşam. Otuz  ilin  yol  yoldaşıyıq.      Bundan  başqa, müxtəlif  vaxtlarda  və  müxtəlif  idman  növləri  üzrə  “çempionatlar”ımı keçirmişəm. Bir  az  qeyri  - adi  səslənsə  də, bu “çempionatlar”ın  qalibi  olaraq  ”Çempion”  adına  layiq  görülmüşəm. Yarışların  proqramına  ağırlıqqaldırma,  velosiped,  uzaq  məsafələrə  qaçış....  var. İndinin özündə  gündə  iki  saat  yarım  qaçıram.

Hərdən  yarıgerçək,  yarızarafat  evdəkilərə  deyirəm  ki,  nə  vaxt  səhər  saat  6  -  da  məni  yorğan  -  döşəkdə  görsəniz, bilin  ki,  Abdulla  artıq qocalıb.               

 

-  Siz  öz  işinizdən  başqa,  həm  də  qəzetlə  əməkdaşlıq  edir,  elmi  məqalələr  yazır,  fiziki  işlə  məşğul  olur  və  idmanı  da  unutmursunuz. Buna  necə  imkan  tapırsınız? Yorulmursunuz?      

-  Bunların  hamısına  təkan  verən  elə  idmandır. Çox  istərdim  ki,  idman  hər  bir  azərbaycanlının  gündəlik  məşğuliyyətinə  çevrilsin,  həyatının  ayrılmaz  hissəsi  olsun.

 

İnanın,  Abdulla  müəllimin   bu  söhbətindən  sonra  içimdən  təəssüf  dolu  bir  gizilti  qopdu: Mən  niyə  idmanla  məşğul  olmuram? Bunun  üçün  məndən  nə  pul  istəyən,  nə  yolumu  kəsən  var...                                                       

Bizi  zəhərləyən  siqaretə,  ömrümüzü  püç  edən spirtli  içkilərə  pul  xərcləyirik,  amma  canımıza  sağlamlıq,  qəlbimizə  gümrahlıq    gətirən  idmana  vaxt  tapmırıq.  TƏƏSSÜF!!!!     

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.