Əlindən tutmadığımız uşaqlarımız - AKTUAL Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Mən də bugün şahid olduğum bir mənzərədən az öncə yazısı paylaşılmış həmkarım Kübra Quliyevanın yazısına bir cavab olaraq, ya da necə deyərlər, həmsəs olaraq rəy bildirmək istədim. 

 

Övladına sevgi göstərən insanlar gördükcə hər yerdə o qədər kövrəlirəm və həyəcan keçirirəm ki. Bu sevgidən tam olaraq məhrum olmamışam heç zaman, nə yalan deyim. Amma məhrum olma qorxusunu mən də yaşamışam. Kiminin valideyni sağkən var olmur yanında, kimininki də ruhunu qoyub gedir geridə. 

Bugün bir "ana" obrazıyla rastlaşdım və öz anama içimdən təşəkkür etmək gəldi. Əslində uşaq ikən bir çox şeyi anlamazdıq. Məsələn, yol keçərkən, ya alışverişdə ikən anamızın əlimizdən tutmasının nə qədər önəmli, nə qədər mənalı olduğunu dərk etməzdik çoxumuz. Hətta sən demə, mən bugünə qədər də dərk etməmişəm. Bugün gördüyüm mənzərə bilirsiniz nə idi? Qabaqda övladı yoxmuşcasına əlində markaların alışveriş çantalarıyla gedən "müasir" bir ana və onun iti addımlarına çatmaq üçün arxadan yarı addımlayaraq, yarı qaçaraq irəliləyən 5-6yaşlarında bir oğlan uşağı. O an sorğuladım səbəbsizcə ki, istəmədiyin, sevgi göstərməyəcəyin bir övladı niyə dünyaya gətirəsən ki axı? Cavab tapa bilmədim. Çünki bu sualın heç bir məntiqli cavabı yoxdur. Hə, təbiiki bu 5-10saniyə şahid olduğum mənzərə o ananın övladını sevmədiyini göstərmir, amma diqqətsiz valideyn necə olur, bax ona gözəl örnəkdir. Məsələn o səhnəni görəndə anamın hara getsəm əlimi buraxmağa qorxması mənim üçün böyük anlam qazandı. O an içimdən "mənim uşağım arxamdan bu cür qaçmağa məcbur olmayacaq" sözünü verdim. Düzdür, indiyə qədər də öz xəyallarımda fərqli bir ana olacağımı təsəvvür etmişdim. Hətta bununla bağlı da aylar öncə fikirlərimi, hisslərimi paylaşmışdım. Amma düşünmək bir yana, insan gözüylə görəndə anlayırmış bəzi şeyləri. 

Gələcəkdə mənim qızım ya oğlum, kim olar, haralara gedər, necə uğurlar qazanıb necə uğursuzluqlardan keçər, bilmirəm. Həyatdı, bəlkə də yaxşı ana, nümunəvi valideyn olub örnək övladlar yetişdirə bilmərəm. Amma nə olur olsun, bu dünyada sevgisiz böyüyən uşaqlar silsiləsində say artırmayacağam. Onu dəqiq bilirəm. 

Bəlkə çoxunuza məsləhət verəcək qədər olğun deyiləm. Ya da çoxunuzun düşüncəsi qədər yetişməyib düşüncəm. Amma həmkarımın sözlərinə qüvvət deyib, sizdən xahiş etmək istəyirəm ki, övladlarınıza  sevgini qaşıq-qaşıq, qorxaraq yox, dolu-dolu verin. Heç kim sevgidən ölməyib, inanın, amma insan ruhu sevgisizlikdən ölə biləcək qədər həssasdır. Sarılmaq nəfəsinizi kəsməz, amma bir gün bir məzar başında son dəfə sarılmadınız deyə ağlayarkən kəsilə bilər nəfəsiniz... 

Sevgiylə qalın.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.