Super User
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
Avqustun 8-də musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb. Bu barədə “Ədəbiyyat və incəsənət”
Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, müxtəlif ixtisaslar üzrə keçirilən imtahanlarda ümumilikdə 286 nəfər namizəd iştirak edib.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən keçid balını toplamış və vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı müvafiq qaydada yaradılmış 16 komissiya tərəfindən yoxlanılıb.
Qeyd edək ki, müsabiqənin nəticələri barədə məlumat yaxın günlərdə namizədlərin “MyCulture” vahid şəxsi kabinetinə (my.culture.az) göndəriləcək. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
Varisin daha iki bestselleri təkrar nəşr olundu
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Yazıçı Varisin daha iki bestselleri “XAN” nəşriyyatında seriya şəklində nəşr olundu. Söhbət ilk dəfə 2012-14-cü illərdə işıq üzü görmüş “Yol ayrıcında azıb qalanlar” və “Yaşıl üzlü gündəlik” romanlarından gedir.
“Ədəbiyyat və incəsənət” portalının “XAN” nəşriyyatının rəhbəri Səbihi Şahmursoydan aldığı məlumata görə, yazıçı ilə nəşriyyat arasında bağlanmış müqaviləyə görə 2023-24-cü illərdən başlayaraq yaxın 7 il ərzində yazıçının 5 kitabının ölkə hüdudları daxilində nəşri və satışı hüququ “XAN” nəşriyyatına məxsus olacaq.
2023-cü ilin sonlarında “Son məktub” və “Əzilmiş fotoşəkillər”, indi “Yol ayrıcında azıb qalanlar” və “Yaşıl üzlü gündəlik” kitabları nəşr edilibdir, yaxın günlərdə isə “Bir ovuc torpaq” kitabı işıq üzü görəcək.
Yeni kitablar bu hündən etibarən satış şəbəkəsinə daxil olacaq.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
MədəniyyətimİZ layihəsində növbəti qonaq Nəriman Həsənzadədir
Bu gün — avqustun 12-i, saat 17:00-da “Libraff” kitab mağazasında (“Elmlər Akademiyası” metrosunun çıxışı) Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsinin tərkib hissəsi olan bu görüşün moderatoru gənc şair Nadir Yalçın olacaq.
Təşkilatçılar bütün şeirpərvərləri dəvət edirlər.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
“Euronews” telekanalında Qəbələdən bəhs edən reportaj yayımlanıb
“Euronews” telekanalı Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq çərçivəsində hazırladığı "Qəbələdə arxeoloji möcüzələr və adrenalin dolu macəra" adlı videoreportaj yayımlayıb.
Dövlət Turizm Agentliyindən AzərTAC-a verilən məlumata görə, reportajda qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələnin Çuxur kəndində aparılmış arxeoloji qazıntılar, tapılan saxsı qablar, təndir, digər tarixi və mədəni irs nümunələrindən bəhs olunur.
Həmçinin milli mətbəx nümunələrinin dadına baxılır, onların hazırlanma qaydası və tarixi haqqında ətraflı məlumat verilir.
Reportaj Qəbələnin təbiət mənzərələrinin nümayişi və turizm istirahət kompleksində kanat gəzintisi ilə davam edir.
Telekanal əməkdaşı turizm istirahət kompleksində yay turizmi üzrə təqdim edilən xidmətlərdən istifadə edərək, təəssüratlarını izləyicilərlə bölüşür.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
“Paris-2024" başa çatdı, Azərbaycan medal sıralamasında 30-cu oldu
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Budur, “Paris-2024" Yay Olimpiya Oyunları başa çatdı, ölkəmizin medal sıralamasındakı yekun mövqeyi bəlli oldu. Bu olimpiadada 7 medal qazanan ölkəmiz Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürdü.
Gəlin bir daha medalçılarımızın adlarına diqqət edək.
Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxdılar.
Bununla da Azərbaycan medal əyarına görə bundan əvvəlki Tokio olimpiadasındakı nəticəsini yaxşılaşdırdı. İdmançılarımız 2021-ci ildə Yaponiya paytaxtında keçirilmiş yarışda 3 gümüş və 4 bürünc mükafata sahib çıxmış, medal sıralamasında 67-ci olmuşdu. İki dəfədən çox irəliləmək, əlbəttə ki əladır.
Ümumən, Paris olimpiadasında 15 idman növü üzrə 48 idmançımız iştirak etdi.
Növbəti yay Olimpiya oyunları 2028-ci ildə Los-Ancelesdə keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
Adamlar və talelər...
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
"Bizim çətin əsrimizdə ən çətini insan olmaqdır. İstər alim, istər sənətkar ol, istər xəstə baxıcısı fərqi yoxdur. Əgər sən qürurla səslənən insan adına layiq deyilsənsə heç kimsən"
Bu gün daha çox uşaq yazıçısı kimi tanınan nasir, tərcüməçi, ssenarist, əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Ələviyyə Babayevanın doğum günüdür.
Ələviyyə Babayeva 1921-ci il avqust ayının 12-də Bakıda dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra Tibb institutuna daxil olmuşdur.
Lakin, ədəbiyyata olan sevgisi hələ orta məktəb dövründə şeir yazmağa başlayan Ələviyyə Babayevanı üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət univerisitetinin filologiya fakültəsinə gətirir.
O, 1951-1973-cü illərdə “Azərbaycan qadını” jurnalında məsul katib, 1973-1985-cı illərdə “Gənclik” nəşriyyatında Müasir ədəbiyyat şöbəsinin müdiri və baş redaktor, bir müddət də Azərbaycan yazıçılar birliyində tərcümə bölməsinin rəhbəri olub.
Ələviyyə xanım ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat" qəzetində dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlayıb.
"Mənim müəlliməm" adlı ilk kitabı isə 1950-ci ildə "Uşaqgəncnəşr"də çap olunub. Və bundan sonra onun bir-birinin ardınca "Hekayələr", "Tək ağac", "Kənd yolları", "Payızda", "Yenə bahardı", "Tut ağacı", "Süsən sünbül", "Hörüklər", "Adamlar və talelər", "Hardasan, dost, harda", "Əlvida", "Dəli Sona", "Son döngə" və s.kitabları işıq üzü görüb.
Əsərləri rus, ingilis, türk, bolqar, çin, yapon və başqa dillərə tərcümə olunub və həmin ölkələrin nəşriyyatlarında çapdan çıxıb.
Ələviyyə Babayeva eyni zamanda uzun illər tərcümə və jurnalistliklə də məşğul olub. Gənc yaşlarından müasir rus və xarici ölkə ədəbiyyatından da tərcümələr edib. L.Tolstoy, İ.Turgenev, A.Çexov, M.Qorki, V.Korolenko, G.Paustovski, A.Qaydar, V.Byankin, V.Astafyev, V.Ponova, Y.Çaruşin, Y.Sotnik, A.Zegeres (alman dilindən) və başqalarının əsərləri onun tərcüməsində kütləvi tirajla çap olunub.
Onun "Adamlar və talelər", "Səni axtarıram" romanları və 1964-cü ildə işıq üzü görən "Kölgə" povesti oxucular tərəfindən xüsusi maraqla qarşılanıb.
1979-cu ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Ələviyyə Babayeva 2014-cü il sentyabr ayının 23-də - 93 yaşında vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(12.07.2024)
“Prezident İlham Əliyevin Astana səfəri Cənubi Qafqaz və Mərkəzi Asiya regionları üçün mühüm əhəmiyyət kəsb edir” - ADƏM İSMAYIL BAKUVİ
“Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 9 avqust tarixində Qazaxıstana səfəri və Astanada keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının sammitində iştirakı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə və möhkəmlənməsinə xidmət edir. Həmçinin birmənalı olaraq qeyd etmək lazımdır ki, bu tarixi səfər eyni zamanda da istər Cənubi Qafqaz, istərsə də Mərkəzi Asiya regionları üçün mühüm əhəmiyyət kəsb edən hadisədir. Hər zaman öz çıxışlarında dərin məntiqə və danılmaz faktlara əsaslanan dövlət başçımız Astana sammitində etdiyi çıxışında da xüsusi olaraq vurğuladı ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Otuz ildən artıqdır ki, ölkələrimiz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparır, bir-birilərinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirirlər. Hazırda müşahidə olunan regional əməkdaşlığın yeni formatı isə ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq. Cənab Prezident İlham Əliyev Ötən il Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən Sammitdə iştirakını xatırladaraq bildirdi ki, Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.”
Bu fikirləri “Ədəbiyyat və incəsənət”ə verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi ifadə edib.
Fikirlərini davam etdirən müsahibimiz qeyd edib ki, son vaxtlar planetimizin hər yerində gedən ziddiyyətli proseslər ciddi narahtlıq doğurur və ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir: “Məhz bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri xüsusi önəm kəsb edir. Dövlətimizin başçısı öz çıxışında bir daha belə bir vacib məqamı diqqət mərkəzinə gətirdi ki, Ermənistanın işğalından azad edilmiş ərazilərimizin, Qarabağın bərpasına Mərkəzi Asiya ölkələri tərəfindən verilən dəstək qardaşlıq münasibətlərimizin mühüm təzahürlərindən biridir. Məlumdur ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Cənab Prezident bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə bir daha öz təşəkkürünü bildirdi. Dövlət başçımız öz çıxışında bunu da qeyd etdi ki, bu gün bütün dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi xüsusi önəm kəsb edir.”
Daha sonra politoloq A.İ.Bakuvi qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin əsasında ilk növbədə Vətən müharibəsindən sonra ölkəmizin nəqliyyat-logistika imkanlarının genişlənməsi faktı durur: “Azərbaycan hazırda Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar da məhz ölkəmizin ərazisindən həyata keçirilir. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında ən təhlükəsiz və iqtisadi cəhətdən sərfəli nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Təsadüfi deyil ki, cənab Prezident öz çıxışında Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri kimi məhz nəqliyyat-tranzit sahəsində əməkdaşlığı qeyd etdi. Diqqətə çatdırıldı ki, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. Bu gün Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir və artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Bütün bunlar belə deməyə əsas verir ki, bun gün Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi məqsədilə bütün istiqamətlər üzrə uğurlu addımlar atılır” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
Bakıda Abay Günü qeyd olunub
Görkəmli qazax şairi və maarifçisi Abay Kunanbayulının 179 illiyinin qeyd olunması ilə əlaqədar Bakıda Qazaxıstanın Azərbaycandakı Səfirliyinin, Türk Mədəniyyəti və İrsi Fondunun, Azərbaycanın yaradıcı ziyalıların, abayşünasların və yazıçıların, habelə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qazaxıstanlı tələbələrin iştirakı ilə xatirə tədbiri keçirilib.
“Ədəbiyyat və incəsənət” portalının Qazaxıstanın ölkəmizdəki səfirliyindən aldığı məlumata görə, tədbirin əvvəlində iştirakçılar şairin adını daşıyan küçədə yerləşən xatirə lövhəsi önünə gül qoyaraq, onun xatirəsini yad ediblər.
Qazaxıstanın Azərbaycandakı Səfirliyinin müşaviri Yedil Mırzaxanov öz salamlama nitqində qonaqları Abay Günü münasibətilə təbrik edərək, onun dəyərli yaradıcılığın gələcək nəsillər üçün əvəzsiz əhəmiyyət daşıdığını və qazax xalqının mənəvi zənginliyini təşkil etdiyini qeyd edib. Diplomat, Abayın əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi ilə bağlı uzunmüddətli fəaliyyətlərinə, bütün Türk dünyası və dünya ədəbiyyatı üçün sərvət sayılan onun irsinə nümayiş etdirdikləri hörmətə və sevgiyə görə abayşünaslara təşəkkürünü bildirib.
Öz növbəsində, Azərbaycanın yaradıcı ziyalılar və abayşünaslar Abayın həyatı və yaradıcılıq yolu haqqında söz açdılar və onun şəxsiyyətinin və əsərlərinin bütün dünyada hörmətlə qarşılandığını vurğulayıblar.
Tədbir qazaxıstanlı və azərbaycanlı gəncləri tərəfindən Abayın "Közimnin karası" və "May tüni" kimi məşhur əsərlərinin ifası ilə tamamlanıb.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
Varis: Ədib ilk olaraq auditoriyanı düşünüb yazmalıdır
Ədib ilk olaraq auditoriyanı düşünüb yazmalıdır.
“Report” xəbər verir ki, bu sözləri Əməkdar jurnalist, yazıçı Varis Yolçiyev Report Media Məktəbinin tələbələri ilə görüşdə deyib.
O bildirib ki, auditoriyanı ələ almaq üçün xüsusi nöqtələr var:
“Kitab yazarkən yazıçının üç abzaslıq şansı olur ki, oxucunu ələ alsın. Bundan sonra ona istədiyini təqdim edə bilərsən. Bu günün yazıçısının ən böyük problemi kimin üçün yazdığını bilməməsidir”.
Ədib yaradıcılıqla bağlı fikirlərini də bölüşüb:
“Özünün ən güclü zərbələrini zəmanənin ən zəif anına saxla. Bu fikir mənim aforizmimdir. Mən yaradıcılığa gələndə cəmiyyətdə kitaba aclıq var idi. Baxmayaraq ki, ilk əsərimi 90-cı illərin sonunda yazmışdım, onu çap etməyim 2008-ci ildə baş tutdu. Anladım ki, zamanım yetişib. Sorğu aparmışdım, auditoriyanı tanıyırdım və bilirdim nə etmək lazımdır. “Sonuncu ölən ümidlərdir” kitabımı dərc elədim. Əsər su kimi içildi”.
V.Yolçiyev “Bir ovuc torpaq” romanına görə “Qızıl kəlmə” mükafatına layiq görüldüyünü vurğulayıb:
“Bir ovuc torpaq” mənim ikinci əsərimdir. “Sonuncu ölən ümidlərdir”dən sonra hiss etdim ki, cəmiyyətə Qarabağla bağlı bir əsər vermək lazımdır. “Bir ovuc torpaq” Milli Qəhrəman Mübariz İbrahimovun ən sevdiyi əsər olub. Bu əsər indi də məni qürurlandırır”.
Xatırladaq ki, V.Yolçiyev 1966-cı il iyunun 7-də Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. “7 gün” qəzetində redaktor, “168 saat” qəzeti və Prezidentin İşlər İdarəsinin "Azərbaycan" nəşriyyatında baş redaktor kimi fəaliyyət göstərib.
Beynəlxalq Yazıçılar Gildiyası, Azərbaycan Yazıçılar Birliyi, Rusiya Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın "Əməkdar jurnalisti". Soçidə (Rusiya) keçirilən LIFFT - 2019 Avrasiya Ədəbiyyat Festivalının laureatıdır. Hazırda “Ədəbiyyat və incəsənət” xəbər portalının baş redaktoru, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının Türk dövlətləri və türkdilli xalqlar üzrə katibidir.
“Sənə inanıram”, “Yetmiş yeddinci gün”, “Əzilmiş fotoşəkillər”, “Metamorfoz”, “Bir ovuc torpaq”, “Yol ayrıcında azıb qalanlar”, “Son məktub”, “Yaşıl üzlü gündəlik”, “Üçbucaq”, “Qızıl cib saatı”, “Qızıl ləçəklər” kimi əsərləri işıq üzü görüb.
“Sonuncu ölən ümidlərdir” kitabı yeddi dəfə nəşr olunmaqla Azərbaycanda ən çox satılan əsərlərdən biri kimi tanınır.
TARI BU CÜR ECAZKAR DİLLƏNDİRƏN TƏK O ÖZÜDÜR - Möhlət Müslümovun 70 yaşına
Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi - “Ədəbiyyat və incəsənət” üçün
Bu gün Azərbaycan Milli Konservatoriyasının professoru, xalq artisti, prezident təqaüdçüsü, gözəl tarzən Möhlət Müslümovun 70 yaşı tamam olur.
Azərbaycan milli mədəni sərvətimiz olan gözəl milli alətimiz tar musiqi alətinin əsrarəngiz ifaçıları ilə həmişə zəngin olub . Möhlət Müslümov da bu silsilədən olan gözəl sənətkarlarımızın davamçısıdir, dövrümüzün ən gözəl musiqicilərindən biridir. Onun ifasını dinləyən hər kəs musiqinin ecazkar dərinliyində özünü itirir və uzun müddət xoş təəsuratdan oyana bilmir.
Tar ifaçısı, Azərbaycan Respublikasının Xalq artisti Möhlət Müslümov Azərbaycan Milli Konservatoriyasının professorudur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri olmaqla yanaşı Azərbaycanın istedadlı, vətənsevər, musiqi sənətinin inkişafında çox xidmətləri olan bir sənətkardır.
Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq Artisti Siyavuş Kəriminin Milli Musiqinin təhsilinin inkişafı naminə gördüyü bir çox müqəddəs missiyalarından ən başlıcası bu cür gözəl sənətkarlarımızı bu təhsil ocağına dəvət etməsidir.
Bəli, Möhlət Müslüov kimi sənətkarların timsalında Azərbaycan Milli Konservatoriyası Musiqi məbədinə çevrildi . Hamının can atdığı öz musiqi savadını püxtələşdirmək üçün seçim etdiyi universitetlərdən biri oldu. Xalq artisti Möhlət Müslümov da bu ocağın bir hissəsi, gərəkli sənətkarlarımızdan biridir.
Möhlət Müslümov Azərbaycan musiqisini uzun illər boyu böyük məharət və ustalıqla dünyada təmsil edib. Azərbaycan Musiqisini və mənfur düşmənlərimizin mənimsəmək xülyaları olan tar Milli alətimizi bütün dünyaya Azərbaycan musiqi əsərləri ilə tanıdan və sevdirən bir sənətkardır. Onun beynəlxalq festivallarda, müsabiqələrdə çıxışları və yetirmələrinin çıxışları da hər birimizə məlumdur. Türkiyə, Rusiya, Fransa, ABŞ, Kanada, İngiltərə, İtaliya, Şotlandiya, Belçika, Macarıstan, Tailand, İsrail, Hindistan, Tunis, Mərakeş, Polşa, Ruminiya, Qətər, İordaniya, Nikaraqua, Kosta-Rika şəhərlərində Azərbaycan musiqisinin təbliği ilə yanaşı olaraq xarici ölkələrdə iyirmidən çox kompakt diski buraxılmışdır.
Möhlət Müslümov 2000-ci ildə Əməkdar artist, 2005-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüş, 2006-ci ildən Prezident mükafatçısı, 2009-cu ildən Azərbaycan Respublikasının Prezidentinin fərdi Təqaüdçüsüdür.
Uzun və gözəl sənət yolu keçmiş sənətkar Möhlət Müslümovun həyat yoluna nəzər salsaq onun sənət üçün son dərəcə fədakar olduğunun şahidi oluruq.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri şöbəsini tar ixtisası üzrə bitirdikdən sonra
1975-ci ildən Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrində solist, 1988-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Cabbar Qaryağdıoğlu adına muğam üçlüyünün solisti, 1988-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllim, baş müəllim vəzifələrində işləmişdir. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının Professorudur . Bütün fəaliyyəti dövründə Azərbaycan Milli Musiqisinin inkişafına həsr etmiş sənətkarımız bu gün 70-nə qədəm qoyur. Gözəl tarzən Möhlət Müslümovun ifalarının sədaları altında bu yazını bitirirəm. Onun Fikrət Əmirovun "Lay -Lay" musiqi əsərinin ifasının sehrində yazıram. Möhlət Müslümovu ifasında "Bayatı Şirazı", "Zabul Segahı" dinlərkən musiqimizin ruhu və bu ruhu bizə məharətlə çatdıran Möhlət Müslümovla yalnız fəxr etmək olur, qürur duymaq olur. Azərbaycan Milli Konservatoriyasının rektoru və sənət qaynayan kollektivi adından sənətkarı təbrik edirik. Ona bundan sonra da Azərbaycan musiqisini dünyada təbliğində, tədrisində davam etməyi, gözəl ruh, gümrahlıq diləyirik.
Bundan əminəm ki, Azərbaycan Milli musiqisinin dəyərli daşıyıcısı olan, sənətkar oğlu olan Möhlət Müslümovun 70 illik yubileyi hər bir zaman sənətkarlara dəyər verən dövlətimiz tərəfindən təntənəli qeyd olunacaq. Möhlət Müslümov həm gözəl ailə başçısı, gözəl dost və həmkardır. Möhlət müəllim xatirələrinin birində dünyaya dil açdıqda belə musiqi ilə olduğunu vurğulayıb. Onun dediklərindən sevimli tar alətinə necə sonsuz bir məhəbbəti olduğunu görürürk .
İlk öncə Azərbaycan Milli Konservatoriyasının professoru olan ailə üzvümüz, xalq artisti Möhlət Müslümovu təbrik etməyi özümüzə borc bildik.
Xalq Artisti Möhlət Müslümov Xalqına,torpağına,dövlətinə,mədəniyyətinə, bağlı bir sənətkardır.Öz üzərində çalışaraq,hər gün gözəl zərgər məharətiylə bu sənəti ucaldan bir sənətkar musiqiçidir.
Onun müsahibəsində dediyi kimi 70 yaş bu mübarək və xoşbəxt günlərimizə təsadüf edən Möhlət müəllim Şuşada görüşüb gözəl yubleyinizi birgə qeyd edək.
Azərbaycan Musiqi tarixində sizin təkcə Çahangir Çahangirovun “Ana” əsərinin ifası ilə tarixin yaddaşına həkk olunmağınız var, gözəl sənətkarımız. Təbriklərimizi qəbul edin.
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)