Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Budur, “Paris-2024" Yay Olimpiya Oyunları başa çatdı, ölkəmizin medal sıralamasındakı yekun mövqeyi bəlli oldu. Bu olimpiadada 7 medal qazanan ölkəmiz Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürdü.
Gəlin bir daha medalçılarımızın adlarına diqqət edək.
Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxdılar.
Bununla da Azərbaycan medal əyarına görə bundan əvvəlki Tokio olimpiadasındakı nəticəsini yaxşılaşdırdı. İdmançılarımız 2021-ci ildə Yaponiya paytaxtında keçirilmiş yarışda 3 gümüş və 4 bürünc mükafata sahib çıxmış, medal sıralamasında 67-ci olmuşdu. İki dəfədən çox irəliləmək, əlbəttə ki əladır.
Ümumən, Paris olimpiadasında 15 idman növü üzrə 48 idmançımız iştirak etdi.
Növbəti yay Olimpiya oyunları 2028-ci ildə Los-Ancelesdə keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)