Super User
VAQİF YUSİFLİ, “Yeni ədəbi nəslin prozası”
“Ədəbiyyat və incəsənət” portalı görkəmli tənqidçi Vaqif Yusiflinin “Yeni ədəbi nəsil” məqaləsinin ilk 3 hissəsini sizlərə təqdim etmişdi. Ədəbi nəsillərə bir gəlişmə;İkimininci illərin ədəbi nəsli “Ulduz”un üç sayında və Poeziya.
Bu günsə sizə Proza bölümünü təqdim edəcəyik.
“Ulduz”un gənc Azərbaycan nasirlərinə həsr etdiyi sayda ancaq onların hekayələrinə yer verilib. Bu da təbiidir. Hekayə, nəsr janrları içərisində həcminə görə ən kiçiyidir. İkincisi tanınmış yazıçıların yaradıcılıq yolunu izlədikdə onların ilkin olaraq hekayəyə müraciət etdiklərinin şahidi oluruq. (Mirzə İbrahimovun, Mir Cəlalın, İlyas Əfəndiyevin, Ənvər Məmmədxanlının, Yusif Səmədoğlunun, Anarın, Elçinin, İsa Məlikzadənin, Afaq Məsudun, Məmməd Orucun ədəbiyyata gəlişi məhz hekayə ilə başlanıb).
Böyük qırğız yazıçısı, dünya şöhrətli Çingiz Aytmatov məqalələrinin birində yazırdı: “Hekayəni damla ilə müqayisə etmək olar. Lakin bu damlalarsız okean ola bilməz. Mənim fikrimcə, hekayə dövrün mozaikasıdır. Mozaika isə, məlum olduğu kimi, xırda və zərif hissəciklərdən ibarətdir. Hekayə həmçinin qravüraya bənzəyir. Yazıçı əməyindəki ifadə vasitələri – zəriflik, maksimum yığcamlıq, detalların dəqiqliyi də qravüranı xatırladır”.
Böyük ədibimiz Mir Cəlal Paşayev isə yazırdı: “Hekayənin əsasını xarakterik bir hadisə, yığcam bir süjet, ümumiləşdirici bir mətləb, şirin, sadə söyləmə üsulu təşkil edir”.
Gəlin, bu meyarlarla bizim gənc nasirlərin hekayələrinə müraciət edək. Əlbəttə, “Proza” sayında təqdim edilən hekayələrin heç də hamısı bu meyarlara cavab vermir, amma biz sözün əsl mənasında HEKAYƏ adını doğruldan nümunələrdən söz açacayıq.
Nadir Yalçının “Nina Nikolayevna” və “Səfər müəllimə nəsə olub”, Həmid Piriyevin “Şanapipik haqqında mahnı”, “Şaftalı çiçəkləri fəsli”, Furqanın “Mustafa Həbibzadənin meyidinin mən oğurlamışam”, “Yeni dünya düzəni” hekayələri, fikrimizcə, janrın tələblərinə az-çox cavab verir. Nadir Yalçın “Nina Nikolayevna” hekayəsində xarakterk bir obraz yaradır. “Kafir qızı” Nina bir müsəlman ailəsinin gəlini olur. Təbii ki, bu müsəlman ailəsində hamı ona yad nəzərlə baxır və günlərin bir günü məlum olur ki, onun boynunda xaç var. Kəndin şəriət “aşiqləri” şikayətə gəlirlər, onun boynundakı xaç qeybə çəkilir. Nina müsəlmanlığı qəbul edir və getdikcə kəndin müsəlman qadınlarından seçilmir. Amma o öləndən sonra məlum olur ki, xaçı saçlarının arasında gizlədib: “Nina... O necə də sədaqətli idi. Ninanın saçı ölüncə nazilmədi, təravətdən düşmədi, həmişə gur, qıvrım-qıvrım dalğalandı”.
Maraqlı hekayədir, – deməkdən özümüzü saxlamırıq. “Xarakterik bir hadisə”, “Ümumiləşdirici mətləb”, “Sadə, şirin təhkiyə” – bir az da novella janrını xatırladır.
Nadir Yalçının ikinci hekayəsi də maraqlı süjet əsasında qurulub. Səfər müəllimin qardaşının faciəsi ilə bağlı söylədikləri çox təsirlidir. Amma bu hekayədə (xüsusilə, başlanğıcda) artıq təsvirlər, süjetlə bağlı olmayan hissələr də diqqətdən yayınmır. Ümumiyyətlə, Nadir Yalçının istedadlı bir hekayəçi kimi formalaşmağına inanırıq. Həmid Piriyevin “Şanapipik haqqında mahnı” hekayəsində müəlifin kənd həyatına, kəndçi xarakterinə, adət-ənənələrə bələd olduğu aydın görünür. Hər bir abzasda müəlifin koloritli, şirəli dili hiss olunur. Amma bununla yanaşı, müəllifə sual verməli oluruq: hər şey (təsvirlər, adamlar, onların səciyyəsi) yerli-yerində, amma onun təsvir elədiyi kənd bu günün kəndidirmi?
Digər hekayələr haqqında da qısaca söz açaq. Furqanın “Mustafa Həbibzadənin meyidinin mən oğurlamışam” və “Yeni dünya düzəni” hekayələrində xoşagələn cəhət odur ki, bu hekayələrdə müəllif kompozisiya bitkinliyinə riayət edib. Nihat Pirin “Bir kəndin manifesti” hekayəsi haqqında da eyni fikri söyləyə bilərik. Müəllif kənd həyatının xarakterik bir yönünü – dini xurafatı, insanların etiqadını, inamını təhkiyə hədəfinə çevirir. Yumor hissi ilə ciddilik bir-birini əvəz edir.
Ümumiyyətlə, gənc nasirlər arasında hekayənin həcmi ilə bağlı iki meyil diqqəti cəlb edir. Cavanların bir qismi, məsələn, Orxan Həsəni, Həmid Piriyev, Orxan Çuvarlı uzun hekayə yazırlar, amma Nadir Yalçının, Təvəkkül Boysunarın, Orxan Saffarinin, Rəvan Cavidin hekayələri həcmcə qısa və yığcamdır. Əlbəttə, hekayənin həcmi heç də onun bədii dəyərini təyin edə bilməz, amma “uzun” hekayələr içində elələri olur ki, təfsilatlar həddini aşır, müəllif qayəsi uzunçuluğa, yoruculuğa meydan verir. Yaxşı hekayədə hər şey obrazların və hadisələrin təsviri, ölçülü-biçili olmalıdır – nə uzunçuluğa yol verib həddini aşasan, nə də hekayə qısa olsun deyə, normativ meyarı kiçildəsən. Bu baxımdan Rəvan Cavidin “Dəvələr, atlar, şarlar” və “Xudavi” hekayələrini (həmçinin öncə təqdir etdiyimiz digər hekayələri) Çexov və Mirzə Cəlil üslubuna uyğun hesab edirik.
Nəhayət, araşdırmanın sonuncu ədəbi tənqid hissəsini isə sabah diqqətinizə çatdıracağıq.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
Şəhidlər barədə şeirlər - Əli Rzalı
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Əli Rzalı
Əli Rzalı 2002-ci il aprel 17-də Yardımlı rayonunun Bilnə kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Əli Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Əli Rzalı oktyabrın 2-də şəhid olub. Yardımlı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Rzalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Bir şəhid tanıyıram,
Tarixin yaddaşında.
Bir şəhid tanıyıram,
Düz on səkkiz yaşında.
Bir şəhid tanıyıram.
İgid, qəhrəman olan.
Bir komada böyüyüb,
Vətənə qurban olan.
O şəhidin anası,
Bala odunda yanar,
O şəhidin atası,
Əlləri qabar-qabar.
O şəhidin arzusu,
Böyüyüb anasının,
Qayğısına qalmaqdı,
Böyük adam olmaqdı.
Şəhiddən böyükmü var?
Vətənin canındadır.
Mələklərin içində,
Tanrının yanındadır.
Yadındadır tarixin,
Zəfər qayəsi kimi.
Adı şəhid Əlidir.
Quran ayəsi kimi.
Bir şəhid tanıyıram.
Ürəklərdə yaşayır.
Onu Tanrı seçibdi,
Onu göylər tanıyır.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Darıxmağın rəsmi...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə yenə daimi müəllifimiz Əlizadə Nuridir. Cəlilabadda yazıb yaradan şair yenə kədərin rəsmini çəkib.
Təbii ki, oxunaqlıdır və təsirlidir.
Xoş mütaliələr.
Yuxuma dağıtmısan,
Saçının yumşağını.
Sən yoxsan, kim böyütsün
Bu sevda uşağını?
Yol tapıb çıxa bilmir,
Bu tinim, bu dalanım.
Mən sevgi qaçqınıyam-
Gəl, səndə daldalanım...
Bu yolu göndərmisən,
Sən mənə azmaq üçün?
Ürəyim bir divarmış
Şəklini asmaq üçün.
Ümidim körpə kimi,
Ağlayır qundağında.
Arzularım can verir
Kədərin qucağında.
Hardasan,hardan bilim,
Mən hara üz döndərim?-
Darıxmağın rəsmini
Çəkib sənə göndərim.
Özün məndən uzaqsan,
Kölgən keçir yanımdan.
Adına soyuq dəyər
Düşmə dodaqlarımdan...
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
Görkəmli bəstəkar və sənətşünas-alim Rəhilə Həsənova vəfat edib
Çağdaş Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən olan istedadlı bəstəkar, sənətşünas-alim Rəhilə Teymur qızı Həsənova dünyasını dəyişib.
AzərTAC cəbər verir ki, 73 yaşlı bəstəkar avqustun 10-da ABŞ-da vəfat edib.
O, bir sıra elmi məqalələrin, dərs vəsaitlərinin (o cümlədən, “Solfecio” müəllif dərsliyinin), monoqrafiyaların müəllifidir. 2005-ci ildə “Musiqi nəzəriyyəsi fənlərarası tədqiqat obyekti kimi” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2009-cu ildən ABŞ-da yaşayan R.Həsənova burada da bəstəkar və pedaqoq kimi fəaliyyətini davam etdirib.
R.Həsənovanın əsərləri vətənindən kənarda – ABŞ, İngiltərə, Almaniya, Avstriya, İtaliya, Fransa, İsveçrə, Rusiya, Ukrayna, Hollandiya, Yaponiya, İsrail və başqa ölkələrdə ifa olunur, nüfuzlu beynəlxalq festivalların proqramına daxil edilir. ABŞ, Böyük Britaniya, Almaniya və Polşada bəstəkarın müəllif konsertləri böyük uğurla keçirilib. 2004-cü ildə Almaniyada “Dərviş” adlı kompakt-diski işıq üzü görüb.
Rəhilə Həsənova “Cavidi-dəstgah” xor operası, “Pendulum Clocks” duo-operası, 3 simfoniya, simfonik orkestr üçün “Ulduzların laylası”, “The Solitary Voice”, “Yurt”, “Eos – Helios”, müxtəlif kamera heyətlər üçün “Səcdə”, “Ürfani”, “Dərviş”, “Mərsiyə”, “Səma”, “Pirəbədil”, “Müğfil”, “Nüvə”, “Zərrə”, piano kvinteti üçün “Perfect Equilibrium”, iki piano və iki saxophone üçün “Dəniz”, piano üçün: “Monad” sonatası, “Alla Meyxana” fantaziyası, “Çeşmə”, “Jasmin ləçəkləri”, “Payız palitrası”, “New Baroque Fugues and Postludes” silsilələri, orqan üçün “Qəsidə”, “Səhra”, solo alətlər üçün “Dance of Fire” (violino), “Zoom in-Zoom” (saxophone soprano), “Penetrations” (bass clarinet) və s. əsərlərin müəllifidir.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
Avqustun 8-də musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb. Bu barədə “Ədəbiyyat və incəsənət”
Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, müxtəlif ixtisaslar üzrə keçirilən imtahanlarda ümumilikdə 286 nəfər namizəd iştirak edib.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən keçid balını toplamış və vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı müvafiq qaydada yaradılmış 16 komissiya tərəfindən yoxlanılıb.
Qeyd edək ki, müsabiqənin nəticələri barədə məlumat yaxın günlərdə namizədlərin “MyCulture” vahid şəxsi kabinetinə (my.culture.az) göndəriləcək. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
Varisin daha iki bestselleri təkrar nəşr olundu
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Yazıçı Varisin daha iki bestselleri “XAN” nəşriyyatında seriya şəklində nəşr olundu. Söhbət ilk dəfə 2012-14-cü illərdə işıq üzü görmüş “Yol ayrıcında azıb qalanlar” və “Yaşıl üzlü gündəlik” romanlarından gedir.
“Ədəbiyyat və incəsənət” portalının “XAN” nəşriyyatının rəhbəri Səbihi Şahmursoydan aldığı məlumata görə, yazıçı ilə nəşriyyat arasında bağlanmış müqaviləyə görə 2023-24-cü illərdən başlayaraq yaxın 7 il ərzində yazıçının 5 kitabının ölkə hüdudları daxilində nəşri və satışı hüququ “XAN” nəşriyyatına məxsus olacaq.
2023-cü ilin sonlarında “Son məktub” və “Əzilmiş fotoşəkillər”, indi “Yol ayrıcında azıb qalanlar” və “Yaşıl üzlü gündəlik” kitabları nəşr edilibdir, yaxın günlərdə isə “Bir ovuc torpaq” kitabı işıq üzü görəcək.
Yeni kitablar bu hündən etibarən satış şəbəkəsinə daxil olacaq.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
MədəniyyətimİZ layihəsində növbəti qonaq Nəriman Həsənzadədir
Bu gün — avqustun 12-i, saat 17:00-da “Libraff” kitab mağazasında (“Elmlər Akademiyası” metrosunun çıxışı) Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsinin tərkib hissəsi olan bu görüşün moderatoru gənc şair Nadir Yalçın olacaq.
Təşkilatçılar bütün şeirpərvərləri dəvət edirlər.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
“Euronews” telekanalında Qəbələdən bəhs edən reportaj yayımlanıb
“Euronews” telekanalı Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq çərçivəsində hazırladığı "Qəbələdə arxeoloji möcüzələr və adrenalin dolu macəra" adlı videoreportaj yayımlayıb.
Dövlət Turizm Agentliyindən AzərTAC-a verilən məlumata görə, reportajda qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələnin Çuxur kəndində aparılmış arxeoloji qazıntılar, tapılan saxsı qablar, təndir, digər tarixi və mədəni irs nümunələrindən bəhs olunur.
Həmçinin milli mətbəx nümunələrinin dadına baxılır, onların hazırlanma qaydası və tarixi haqqında ətraflı məlumat verilir.
Reportaj Qəbələnin təbiət mənzərələrinin nümayişi və turizm istirahət kompleksində kanat gəzintisi ilə davam edir.
Telekanal əməkdaşı turizm istirahət kompleksində yay turizmi üzrə təqdim edilən xidmətlərdən istifadə edərək, təəssüratlarını izləyicilərlə bölüşür.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
“Paris-2024" başa çatdı, Azərbaycan medal sıralamasında 30-cu oldu
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Budur, “Paris-2024" Yay Olimpiya Oyunları başa çatdı, ölkəmizin medal sıralamasındakı yekun mövqeyi bəlli oldu. Bu olimpiadada 7 medal qazanan ölkəmiz Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürdü.
Gəlin bir daha medalçılarımızın adlarına diqqət edək.
Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxdılar.
Bununla da Azərbaycan medal əyarına görə bundan əvvəlki Tokio olimpiadasındakı nəticəsini yaxşılaşdırdı. İdmançılarımız 2021-ci ildə Yaponiya paytaxtında keçirilmiş yarışda 3 gümüş və 4 bürünc mükafata sahib çıxmış, medal sıralamasında 67-ci olmuşdu. İki dəfədən çox irəliləmək, əlbəttə ki əladır.
Ümumən, Paris olimpiadasında 15 idman növü üzrə 48 idmançımız iştirak etdi.
Növbəti yay Olimpiya oyunları 2028-ci ildə Los-Ancelesdə keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
Adamlar və talelər...
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
"Bizim çətin əsrimizdə ən çətini insan olmaqdır. İstər alim, istər sənətkar ol, istər xəstə baxıcısı fərqi yoxdur. Əgər sən qürurla səslənən insan adına layiq deyilsənsə heç kimsən"
Bu gün daha çox uşaq yazıçısı kimi tanınan nasir, tərcüməçi, ssenarist, əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Ələviyyə Babayevanın doğum günüdür.
Ələviyyə Babayeva 1921-ci il avqust ayının 12-də Bakıda dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra Tibb institutuna daxil olmuşdur.
Lakin, ədəbiyyata olan sevgisi hələ orta məktəb dövründə şeir yazmağa başlayan Ələviyyə Babayevanı üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət univerisitetinin filologiya fakültəsinə gətirir.
O, 1951-1973-cü illərdə “Azərbaycan qadını” jurnalında məsul katib, 1973-1985-cı illərdə “Gənclik” nəşriyyatında Müasir ədəbiyyat şöbəsinin müdiri və baş redaktor, bir müddət də Azərbaycan yazıçılar birliyində tərcümə bölməsinin rəhbəri olub.
Ələviyyə xanım ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat" qəzetində dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlayıb.
"Mənim müəlliməm" adlı ilk kitabı isə 1950-ci ildə "Uşaqgəncnəşr"də çap olunub. Və bundan sonra onun bir-birinin ardınca "Hekayələr", "Tək ağac", "Kənd yolları", "Payızda", "Yenə bahardı", "Tut ağacı", "Süsən sünbül", "Hörüklər", "Adamlar və talelər", "Hardasan, dost, harda", "Əlvida", "Dəli Sona", "Son döngə" və s.kitabları işıq üzü görüb.
Əsərləri rus, ingilis, türk, bolqar, çin, yapon və başqa dillərə tərcümə olunub və həmin ölkələrin nəşriyyatlarında çapdan çıxıb.
Ələviyyə Babayeva eyni zamanda uzun illər tərcümə və jurnalistliklə də məşğul olub. Gənc yaşlarından müasir rus və xarici ölkə ədəbiyyatından da tərcümələr edib. L.Tolstoy, İ.Turgenev, A.Çexov, M.Qorki, V.Korolenko, G.Paustovski, A.Qaydar, V.Byankin, V.Astafyev, V.Ponova, Y.Çaruşin, Y.Sotnik, A.Zegeres (alman dilindən) və başqalarının əsərləri onun tərcüməsində kütləvi tirajla çap olunub.
Onun "Adamlar və talelər", "Səni axtarıram" romanları və 1964-cü ildə işıq üzü görən "Kölgə" povesti oxucular tərəfindən xüsusi maraqla qarşılanıb.
1979-cu ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Ələviyyə Babayeva 2014-cü il sentyabr ayının 23-də - 93 yaşında vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(12.07.2024)