Super User
VAQİF YUSİFLİ, “Yeni ədəbi nəsil”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün söz ədəbi tənqidindir, görkəmli tənqidçi Vaqif Yusiflinin “Yeni ədəbi nəsil” məqaləsi təqdim edilir.
YENİ ƏDƏBİ NƏSİL
1.Ədəbi nəsillərə bir gəlişmə
Ədəbiyyatda nəsil anlayışı şərti və nisbidir. Belə ki, sözün yaşarılığını müəllif yaşı təyin eləmir. O söz çox istedadlı cavan bir müəllifin bədii təxəyyülündən də doğa bilər, yaşlı bir sənətkarın qələmindən də. İndi otuz səkkiz yaşlıları çox vaxt cavan şair adlandırırlar, halbuki, bu yaşda Əli Kərim öz ömrünü başa vurmuşdu. Yaxud 30-35, həttra 40 yaşlı elə “cavanlar” var ki, onların yazdığı şeirlər, hekayələr, müəllifləri kimi həyatdan əlini üzmüş qocalara bənzəyir. Lakin “ədəbi gənclik” anlayışına bir qədər başqa – “rəsmi” şəkildə də yanaşmaq olar. Bütün zamanlarda insan ömrünün ən təzə, ən təravətli, ən qaynar dövrü gənclikdir və bunu ədəbiyyata şamil edəndə “təzə səs”, “təzə nəfəs”, “təravətli söz” ifadələri yada düşür. XX əsr Azərbaycan ədəbiyyatı bir neçə “ədəbi gənclik” dövrü keçirmişdir və məlum oldu ki, bu dövrlərin hər biri ədəbiyyatda yeni bir nəslin özünüifadəsinin başlanğıcı olub. Və o da maraqlıdır ki, yeni ədəbi nəslin gəlişi qalmaqalsız və mübarizəsiz keçməmişdir. Xatırlayaq 60-cı illəri. Bu elə bir dövr idi ki, artıq ədəbiyyatda bir çox şablonlar, stereotiplər dağılmalıydı – həyatın, cəmiyyətin inkişaf tempi qarşısında köhnə bədii təfəkkürə duruş gətirmək mümkün deyildi. Formalar, qəliblər sınmalı, dağılmalıydı. 60-cı illərdə bu missiyanı ustad Rəsul Rzanın başçılığı ilə “altmışıncılar” ədəbi nəsli həyata keçirdi. “Altmışıncılar” Azərbaycan poeziyasında sənətin inkişafına sədd çəkən köhnə, yıpranmış ənənələrdən imtina etdilər, “qum dənəsində kainat” axtardılar, Azərbaycan poeziyası vasitəsilə dünyaya pəncərə açdılar. “Altmışıncılar” özlərindən sonra gələn ədəbi nəsillərin taleyində də müəyyən rol oynadı. “Yetmişincilər” hesab etdiyimiz ədəbi nəsil – Ramiz Rövşən, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Eldar Baxış, Vaqif Bəhmənli keçilmiş yolu təkrar etmədilər. Ancaq mahiyyət etibarıilə bu nəsil də eyni ədəbi missiyanı yerinə yetirdi. Ədəbiyyata 70-ci illərin sonları, 80-ci illərin əvvəllərində gələn nəsil bu sanki hamar, heç bir maneə törətməyən yolla irəliləməyə başladı. Onlar da bir nəsil kimi formalaşdılar – Rüstəm Behrudi, Tofiq Qaraqaya, Ağacəfər Həsənli, Əjdər Ol, Adil Cəmil, Zahid Sarıtorpaq, Əlisəmid Kür, Ramiz Qusarçaylı, Akif Əhmədgil, Barat Vüsal, Ağamir Cavad, Məhəmməd Astanbəyli adları ilə təmsil olunan bu ədəbi nəsil (onların sırasında Adil Mirseyidin, Əhməd Oğuzun, Nisəbəyimin, Sabir Adilin ölümünə təəssüflənirik) müxtəlif fərdi üslubları ilə diqqəti cəlb etdilər.
Sonra gəlir “doxsanıncılar”. Hərəsi bir yol seçən “doxsanıncılar” nəsli də eyni həqiqətə ayrı-ayrı prizmalardan baxdılar. Məqsəd nə idi? Məqsəd o idi ki, bədii sözün potensialı artsın, ədəbiyyat – söz sənəti dünya, gerçəklik sözün dünyasına çevrilsin. Bu ədəbi nəsil içərisində kimlərisə fərqləndirmək olar. Başda Salam Sarvan, Qulu Ağsəs, Balayar Sadiq, Əlizadə Nuri, Məlahət Yusifqızı, Rəsmiyyə Sabir, Tərlan Əbilov, Bilal Alarlı, Fərqanə Mehdiyeva, Əlirza Həsrət “doxsanıncılar” içində istedadlı şairlər kimi diqqəti cəlb etdilər və əlbəttə, Salamın sözə münasibətindəki təzəliklər indi də unudulmayıb: “Söz ilə oyun oynadım”.
Təbii ki, “doxsanıncılar” içində Avropa şeir modellərinin milli şeir ölçüləri ilə əvəzlənməsi hallarını biz heç də tənqid etmirik. Rasim Qaracanın, Azad Yaşarın, Həmid Herisçinin, Murad Köhnəqalanın, Zahir Əzəmətin, Xanəmirin, İbrahim İbrahimlinin modernist şeirə meyilləri bir təzə hava idi.
2.İkimininci illərin ədəbi nəsli “Ulduz”un üç sayında.
“Ulduz” jurnalı yeni ədəbi nəslin yaradıcılığını əks etdirən seçmə nümunələri oxuculara təqdim edir (iyun – 2023, Proza, oktyabr – 2023, poeziya yanvar – 2024 – tənqid). Nəsr nümunələri yalnız hekayələrdən ibarətdir və onları gənc nasir Furqan seçib, şeirlərdən ibarət nümunələri Ramil Əhməd, tənqid yazılarını isə Elnarə Qaragözova hazırlayıb. Əlbəttə, onların hər birinin seçimində natamamlıq ola bilər, hansı gənc şair və nasir bu seşimlərdən kənarda qala bilər, yaxud Furqan, Ramil Əhməd, Elnarə xanım öz ədəbi zövqlərinə uyğun seçim ediblər. Lakin bütün bunlar o qədər də əhəmiyyətli deyil.
3.Poeziya
Dahi rus tənqidçisi V.Q.Belinski yazırdı: “Kim istəsə ki yazdığı şeirlərdə şairliyi görünsün, o gərək əvvəlcə qəlbən şair olsun və təbiətinə uyğun olaraq həyatın poetik tərəfini görsün”. Bu fikri müəyyən mənada ikimininci illərdə ədəbiyyata gələn gənc şairlər haqqında söyləmək olar. Hər bir gənc şairin ədəbiyyata gəlişi müxtəlif yollardan keçə bilər: kimisi ədəbiyyata hansı ustadınsa kitabından, o kitabdakı şeirlərin təsirindən, kimisi poeziya iqliminin zahiri, cəlbedici havasından (belələri nə qədər desən var), kimisi də daxili tələbatdan, ürəyinin səsiylə. Fikrimizcə, ikimininci illərin gənc şairləri ədəbiyyata, poeziya aləminə ürəyinin səsi ilə gəliblər, burada, təbii ki, istedad amili mühüm rol oynayır. Aqşin Evrən, Allahşükür Ağa, Fərid Hüseyn, Günel Şamil qızı, İntiqam Yaşar, Ramil Əhməd, Ruslan Dost Əli, Şəhriyar del Gerani, Ulucay Akif, Habil Rzanur – indi bu adlar müasir poeziyamızın gənclik bölmələrindən tez-tez səslənir. “Poeziya” sayına ön söz yazan gənc şair Ramil Əhməd yazır: “Əminliklə demək olar ki, “Ulduz” jurnalının bu nömrəsi ədəbi mühitin poetik dünyagörüşünü geniş bir şəkildə əks etdirməkdədir. Bu poetik nümunələr şeirimizdəki istiqamətlər, üslublar, işlənən ana mövzular haqqında fikir yaratması baxımından önəmlidir”. Ramil Əhməd öz yaşıdlarının şeirləri barədə çox yüksək fikirdədir. Təbii ki, burada təshih edilməli ifadələr var: “Ədəbi mühitin poetik dünyagörüşü” əvəzinə “şeirimizin gənc nəslinin poetik aləmi” ifadəsini işlətmək daha məqbul görünərdi.
XXI əsr təkcə dünyada, konkret olaraq bir məmləkətdə, ictimai həyatda, baş verən hadisələrdə deyil, ədəbiyyatda, xüsusilə poeziyada öz əksini tapır. Bu gənc şairlər elə bir dövrdə yaşayırlar ki, dünya onların gözləri qarşısında dəhşətli mənzərələrlə canlanır – müharibələr, insan ölümləri, aclıq, səfalət, mənəviyyatsızlıq dalğaları bir-birini əvəz edir. Dünyanın əzəli, əbədi rəngi, ahəngi dəyişir. Biz Azərbaycan adlı bir məmləkətdə yaşayırıq və yaxın keçmişdə bütün bu mənzərələr bizə tanışdır. Amma müstəqillik sevinci, məlum düşmən üzərində qələbələrimiz, heç şübhəsiz, poeziyaya, o sıradan gənc şairlərin düşüncə tərzinə də təsirsiz qalmayıb. Gənc şair Gülay Tahirlinin şeirlərində Vətənin keçmişi və müasir dövrü tarixi həqiqət kimi dərk olunur: insan və Vətən vəhdəti şeirin qayəsinə çevrilir:
Mən ən çox sənə bənzəyirəm, Vətən!
Ürəyim sənin kimi parçalanıb.
Xəritən kimi kiçilmişəm,
Zərrə-zərrə biçilmişəm,
Nə qədər idim,
Nə qədər olmuşam, Vətən!
Ən çox torpağına bənzəyirmiş adam.
Minillik yaralarını əlimdə sıxsam, sıxsam,
Ürəyim qoruyarmı, görən?
Darıxma, Vətən, darıxma.
O quşlar ki var:
Təbrizindən dən gətirib
Bakında əkən quşlar,
Onlara baxıb deyərəm,
ümid var.
Əlbəttə, gənc şairlərin yaradıcılığında Vətənə, torpağa, mənəvi dəyərlərimizə, yaxın və uzaq tarixi keçmişimizə, Qarabağ müharibəsinə həsr olunan, sadəcə dəb xatirinə deyil, milli duyğu kimi yazılan şeirlər heç də az deyil. İkinci Qarabağ müharibəsinin iştirakçısı Həsən Kürün əksər şeirlərində onun cəbhə xatirələri, döyüşçü həyatı əks olunur. “Cəbhədən məktub” şeiri döyüşçü atanın qızına yazdığı təsirli sözlərlə diqqəti cəlb edir:
Mən burda yaxşıyam, sən də yaxşı ol,
Bilim ki, sənin də günün şən keçir:
İnan, göndərdiyin bütün dualar
Gəlir başımızın üstündən keçir,
Allah başımızın üstədir, qızım.
İki mininci illərin gənc şairlərini müxtəlif mövzular üzrə qruplaşdırmaq olar, amma bunun heç bir səmərəsi yoxdur, çünki şairin şairliyini mövzu deyil, onun şeirində özünü necə ifadə etməsi müəyyən edir. Özünüifadə hər hansı şairin fərdi poetik üslubuyla bağlıdır. Ədəbiyyatı müxtəlif adamlar yaradır, lakin onların hamısını müəyyən ideya birləşdirir, ancaq ayrılıqda hər birinin öz dünyası, fərdi yaradıcılıq keyfiyyətləri, fərqli yazı manerası var. Poeziyada üslub ilk növbədə, şairin həyat hadisələrinə özünəməxsus və subyektiv münasibəti ilə bağlıdır. Əgər iki şair payızı eyni cür, eyni poetik vasitələrlə qələmə alırsa, burada fərdilikdən söhbət gedə bilməz.
Fərdi üslubu ilə seçilən bir neçə gənc şairin şeirləri barədə söz açaq. Ramil Əhməd bu gənc şairlər arasında xüsusilə seçilir, desək, səhv etmərik. On il öncə onun “Zaman tuneli” adlı ilk şeirlər kitabı çapdan çıxmışdı (o zaman 21 yaşı vardı). O kitabda Ramil metaforik düşüncə tərzini şeirlərində başlıca ifadə vasitəsinə çevirmişdi. Ancaq bizi daha çox maraqlandıran onun “Müharibə” silsiləsindən olan şeirləri idi. Ramil də bir çox yaşıdları kimi, müharibəni görməyib, o, dünyaya gələndə müharibə bitmişdi. Ancaq onun şeirlərində müharibədən sonrakı ovqat ön plana keçir, deməli, müharibə hələ bitməyib – şikəst qollar, qoparılmış ayaqlar, evin divarlarındakı şəhid ataların şəkili, sevgililərin göz yaşları... hələ varsa, müharibə bitməyib.
Ramil Əhməd müasir şeir mədəniyyətinə yiyələnmiş cavan şairdir. Təbii ki, XXI əsrin poeziyası (dünya və milli aspektdə) yeni poetik qanunauyğunluqlarla təsbit olunur. Baxın:
Üzündə təbəssüm donmuş şəhərin dəlisi,
Tül pərdələrin ardındakı gizlin baxışlar,
Yayılan pıç-pıçlar, dedi-qodular;
Kölgəsini qovalayan uşaqlar,
Yarpağı titrəməyən,
Yarpağı soyuqqanlı qatilin əlləri kimi
Titrəməyən ağaclar,
Gözlərinə baxa bilmədiyim yandırıcı bir
günəş,
Çayımın rəngsizliyində gülümsəyən evin
qadınsızlığı
Ruhumu saran dibsiz bir çan sıxıntısı
hamısı, hamısı, hamısı...
Raminin “Can sıxıntısı” adlı şeiri başdan-ayağa beləcə metaforalarla, sözlərin və ifadələrin assosiasiyalarla ifadəsi ilə diqqəti cəlb edir. Ümumiyyətlə, müasir şeirdə məna və məzmunun bədii təsvir vasitələrindəki orijinal metaforalar, təşbehlərlə ifadəsi daha çox gənc şairlərin şeirlərində nəzərə çarpır. Bəzi misallara müraciət edək:
“Ayrılıq” ölüm deyil,
ölmək deyil,
“Ayrılıq”
heç vaxt şuxluğunu, itirməyən,
aranızda yaşayan diridir.
(Cahan Seyidzadə)
İflic adamın göz yaşları qədər kimsəsizəm,
Nə əllər kömək edir,
Hə də çiyinlər.
Payız axşamüstüsü
Yorğun ağacların qorxulu yuxusu kimiyəm.
Ölmək – yaşayanlara qalib gəlməkdir
deyir içimdəki qoca.
(Habil Rzanur)
Qollarını itirsə də, geri dönməyən əsgər,
Olmayan qollarıyla
Yol göstərmək istəyirdi yoldaşlarına.
İndi
Fərqi yox idi, amma
Ondan uzaqda döyüşən qolları
Ön cəbhədə
Usta dirijor kimi
Qələbə nəğmələri bəstələyirdi.
(Malik Atilay)
Müharibə şəkilləri asılıb
Gözlərimlə dünyanın arasında.
Güllələnmiş körpənin “ana” hayqırtısı
bəzəyir qulaqlarımı –
sırğa əvəzi.
(Şahanə Müşfiq)
Misalların sayını yenə artırmaq olar. Bu yazıda Aqşin Evrənin “İnikas” şeirindəki insan-təbiət vəhdəti ilə bağlı orijinal deyimləri, Aygün Bayramlının “Qayağı” şeirindəki uçmaq metamarfozası, Arzu Hüseynin bitib-tükənməyən sevgi duyğuları, Allahşükür Ağanın “pəncərədən gözəl görünən payız”, Cavid Qasımovun “Görürsənmi, əzizim, Bizdən çox-çox uzaqda afrikalı uşaqlar günəş şəkli çəkirlər” misraları ilə başlayan gözəl bir şeiri, Eminqueyin hər bir şeirindəki az qala poetik aforizmlərə çevrilən deyim-duyumları, Nadir Yalçının özünəməxsus şeir dili, Günel Şamilqızının sadə və səlis dillə ifadə etdiyi həqiqətlər, Səddam Laçının “Yuxuyozma”, “Tremor rəssam”, “Unudulan qadın” şeirlərindəki poetik obrazlar, Sərdar Aminin “Göbələkli kötüyü”, Şəfa Vəlinin “Mən səninüçün darıxıram, İlahi” misrası ilə onun bütün şeirlərinin zəncirvari birliyi haqqında daha geniş söz açmaq olardı.
Biz İntiqam Yaşarın, Ruslan Dost Əlinin, Ruzbeh Məmmədin və Şəhriyar del Geraninin şeirlərindən də qısaca söz açmaq istəyirik. Fikrimizcə, bu şairlərin hər biri fərdi poetik üslublarını artıq müəyyənləşdiriblər. Maraqlıdır ki, onların şeirlərində bəzən eyni mövzulara müraciət olunsa da, bu şeirlərdə tamam başqa notlar nəzərə çarpır. İntiqam Yaşar darıxmağa bir ayrı məna verir, Ruzbeh Məmməd bir ayrı, Şəhriyar da tamam ayrı. Ruslan Dost Əli bu şairlərin heç birinə bənzəmir (“Sənin saçların tökülər, mənim əllərim, neyləyim?”).
Nəticə etibarilə deyək ki, “Ulduz”un gənc şairlərə həsr etdiyi say uğurludur, (bir çox cavan şairlər bu sayda görüşməsələr də...)
Proza və Ədəbi tənqid bölümləri isə növbəti dəfə sizlərə təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin, ”Onun əllərinə ithaf...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə yenə daimi müəllifimiz Əlizadə Nuridir. Cəlilabadda yazıb yaradan şair yenə kədərin rəsmini çəkib.
Təbii ki, oxunaqlıdır və təsirlidir.
Xoş mütaliələr.
Minib bir gəmiyə çıxıb gedəsən,
Səni yola sala onun əlləri...
O qız əllərini arxanca ata,
Ata əllərini su əvəzinə.
Götürüb qaçdığın arzularını
Hər axşam sərəsən ay işığına...
...Çatasan dünyanın son limanına,
Səni qarşılaya onun əlləri...
Heyrətdən özünü itirəsən ki:-
Sən ki, yatmamısan, bu nə yuxudu?
Haçan gəlib səni keçdi o əllər-
Yoxsa o əllərin öz ağ gəmisi
Yoxsa ki, o qızın öz dənizi var?!
...Qaçıb o əlləri qucaqlayasan,
Bağrına basasan son ümid kimi.
Sonra ovcundakı o əllər üçün,
Bir üzük yonasan gün işığından...
Sonra düşünərsən:- bəs bu əlləri,
O qızın canından kim dərib sənə?
Kimsə ürəyinə pıçıldaya ki:-
,,Təkcə öpmək üçün deyil o əllər
Tanrı uçmaq üçün göndərib sənə..."
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Ördəklə qora müsəmməsi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Ördəklə qora mütəncəminin
hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Ördək (ev ördəyi) – 200 qr
§ Soğan – 35 qr
§ Kərə yağı – 35 qr
§ Qora – 25 qr
§ Qoz ləpəsi – 25 qr
§ Nar – 40 qr
§ Göyərti – 8 qr
§ Sarımsaq – 2 qr
§ Sarıkök – 0,1 qr
§ Zəncəfil – 1 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Təmizlənmiş ev ördəyinin xırda tükləri alovda ütülür. Oynaq hissələrindən tikələrə bölünür, artıq dəri, xırda sümüklər çıxarılır, yuyulur. Qa- zanda su qaynadılır, doğranmış ördək hissələri qazana yığılır, yarı bişirilir. Hazır olduqda ətlər sudan çıxarılır, işgənəsi ələkdən süzülür. Münasib qazanda (tavada, teştdə) kərə yağı əridilir, yarıbişmiş ətlər qızardılır. Sonra aypara şəklində doğranmış soğanla birlikdə qızardılır. Sonra üzərinə əzil- miş qora, xırda doğranmış sarımsaq, isladılıb təmizlənmiş qoz ləpəsi, duz, istiot, sarıkök, sürtkəcdən keçirilmiş təzə zəncəfil, ördək işgənəsi əlavə olunur və qarışdırılır. Qazanın ağzı bağlanır və vam odda bişirilir. Sonda xörəyə nar dənələri əlavə olunur, qarışdırılır və ocaqdan götürülür. Ağzı bağlı vəziyyətdə 5-6 dəqiqə yer dəmi alır. Son- ra boşqaba çəkilir, üzərinə doğranmış göyərti səpilir və süfrəyə verilir. Bu müsəmmə də plov və çilovlarla süfrəyə verilə bilə
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)
GÜLÜŞ KLUBUnda Feyrinin qiyməti
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Qoca kommunist dedi:
-Zato sovetin vaxtında qlobal istiləşmə zad yox idi.
2.
Əhalinin bir ovucu gəlirini ona görə gizlədir ki, qorxur əlindən alarlar. Digər böyük əksəriyyəti isə ona görə gizlədir ki, deməyə utanır.
3.
Birinin boynu, birnin qarnı, birinin qaraciyəri piylənir. Bu binəvanın da beyni piylənib.
4.
Marketdə dünən Feyri qabyuyanının üstünə köhnə qiymət 5.50 və endirimli qiymət 4.60 yazılmışdı. Bu gün köhnə qiymət 6.90 və endirimli qiymət 5.50 yazdılar.
Həyasız köpəkuşağıdırlar sadəcə.
5.
Temperatur
+33
Hiss edirsən, sanki
+39
İl
2024
Hiss edirsən, sanki
12-ci əsr
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)
LİDERLİYİN 21 QANUNU - 12. Yaxın çevrə qanunu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər
12. Yaxın çevrə qanunu.
«Liderin potensialı onun yanında olan insanlarla ölçülür».
Hər bir liderin potensialını onun yanında, çevrəsində olan insanlarla təyin etmək mümkündür. Əgər bu insanlar mənən güclüdürlərsə, onda həmin lider bütün təşkilata böyük təsir göstərmək qabiliyyətində olacaq. Yox, əgər, onlar zəifdirlərsə, lider heç nə eləyə bilməyəcək. Məhz bu da yaxın çevrənin qanunudur.
Personal düzgün seçiləndə potensial sanki raket kimi göyə yüksəlir.
Con Maksvell yazır: «Tanrı məni ən yaxşı əməkdaşlardan ibarət çox gözəl komanda ilə mükafatlandırıb. Amma mən hələ nöqtə qoymuram. Mən bundan sonra – növbəti onillikdə də ondan sonra da bu komandanı möhkəmləndirəcəyəm, öz yaxın ətrafıma digər yaxşı adamları cəlb edəcəyəm. Mən axı bilirəm ki, məndə çoxlu istifadə olunmamış potensial qalıb. Əgər mən öz imkanlarımı tam realizə etmək istəyirəmsə, mütləq özümü ən yaxşı insanlarla əhatə etməliyəm. Bu, qarşıda qoyulmuş məqsədlərə çatmağın yeganə yoludur».
Yaxın çevrə qanunu da məhz budur.
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)
Şəhidlər barədə şeirlər - Qənbər Qənbərli
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Qənbər Qənbərli
Qənbər Qənbərli 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı.
Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər Qənbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Qənbər Qənbərli sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə nəşi tapılıb və ailəsinə təhvil verilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qənbər Qənbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Kaş kisəninyerinə
Mən ölərdim, deyirəm.
Dahasəndə vətənsən.
Sənlə fəxreləyirəm.
Döyüşdə göstərdiyin
İgidliyinə qurban.
Üzündəkinurabax,
Şəhidliyinə qurban.
Yeddi aydır hardasan?
Hamı yollara baxıb,
Ağladı, susdu səni.
Öpüb Şuşa dağları,
Bağrına basdı səni?
Sən bu xalqın and yeri,
Cəsarət qalasısan,
Dağların dağ qardaşı,
Vətənin balasısan.
Gəlir şəhid xəbəri,
Od üstə od qalanır.
Elə baxma şəkildən
Ürəyim parçalanır.
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)
FƏXRİ SUMQAYITLILAR - uşaqlı-böyüklü hamının sevdiyi şair Əşrəf Veysəlli
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt 75 layihəsində bu gün Sumqayıt şəhərində yaşayıb yaradan ustad şair Əşrəf Veysəllidir. Görək şair nə danışacaq.
ƏHVAL-RUHİYYƏ
Doğrudur, çəkişmələr, dünyəvi hadisələr, insan psixologiyasına mənfi mənada təsir edə biləcək hadisələrlə doludur dünya, amma Azərbaycanın son vaxtlar əldə edə bildiyi uğurları görəndə, xüsusilə Qarabağ torpaqlarının, itirilmiş torpaqların geri qaytarıldığını görəndə adam yaşamaq istəyir. Adam Qarabağın gələcəyini görmək istəyir, Qarabağın gözəlliyini görmək istəyirsən. Amma əldən gedənlərçün də təəssüflənirsən, indi ele şeylər gedib ki, onları geri qaytarmaq qeyri-mümkündür. Məsələn, ola bilər ki, bizim kəndimizdən də gözəl kənd tikəcəklər, Qarabağdan da gözəl Qarabağ yaradacaqlar, amma Qarabağ olmayacaq, ovaxtki gördüklərimiz olmayacaq. Yeni bir psixologiya yaranacaq, yeni bir nəsil yaranacaq, amma adam yenə də görmək istəyir, yenilikləri görmək istəyir, xalqını, dövlətini görmək istəyir, biləsən ki, sən doğrudan da qədim dövlətə və dövlətçiliyə malik olan bir xalqsan və bu gün həmin o möhkəm özüllər üzərində dövlətini yarada bilmisən, qoruya bilirsən. Bu mənada adam Azərbaycan ordusunda xidmət göstərən oğulları, xüsusilə Şuşanın geri qaytarılmasında xidmət edən oğulları, qollarına ildırımları dolayıb hücuma keçən oğulları bağrına basıb öpmək istəyir. Şəhidlərimizin ruhu şad olsun. Azərbaycan övladları canlarından keçdi və elə bilirəm ki, siyasi mənada da Xalq və İqtidar birliyi yarandı. Əgər yaranmasa idi, əgər türkləşmə getməsə idi, Türkiyə dövləti kimi bir dövlət Azərbaycana mən burdayam deməsə idi, bəlkə də bizim işlərimiz yenə də yaxşı getməzdi. Çox şükür həyat bu mənada gözəlləşir və adam istəyir hey yaşasın.
FÜZULİ
Füzuli torpağı bilirsiniz də Muğam Mərkəzi olub. Seyid Şuşinski Füzulidəndir, Zülfü Adıgözəlov Füzulidəndir, Ağabala Abdullayev Füzulidəndir, yəni muğamatın, muğamın özəyinin Qarabağ torpağında olması bir daha deyir ki, buranın gələcəyi var. O gələcək Allahın köməkliyi ilə olacaq. Yüksək mədəni dəyərlər yenidən yaranacaq, yenidən Füzulidə o mədəniyyət ocaqları yarancaq. Füzilidə böyük mədəniyyət evi var idi, görüşlər keçirilərdi, İslam Rzayev və başqaları gələrdi. Mənim heç yadımdan çıxmaz, orada poeziya gecəsi keçirilirdi, mən məxmər pencəyimi Çingiz Əlioğluna saxlaması üçün verdim, girdim poeziya gecəsinə, qulaq asdım. Elə günlər olub, Füzulinin o cür coşub çağlayan günləri olub. O vaxtlar yenidən başlayacaq. Füzilidə də, Ağdamda da, Şuşada da Allahın köməkliyi ilə həyat yenidən qaynayacaq. Kəlbəcər kimi gözəl bir yer, Laçın kimi dağların zirvəsində yerləşən, dağların tacına bənzəyən yer düşmən tapdağında qala bilməzdi. Doğrudan da, Ulu Öndər Heydər Əliyev çox gözəl qeyd etmişdi, “Biz ora qayıdacayıq, hökmən qayıdacayıq”. Və xoş ki biz yenidən Şuşanı ala bildik, biz yenidən itən torpaqları qaytara bildik, adam kövrəlir bunları danışdıqca, gördükcə, hiss etdikcə, Allahin izni ilə işıqlı və çox gözəl görürəm gələcəyimizi.
XATİRƏLƏR
Ədəbiyyat haqqında fikirləşəndə, korifeylərimiz haqqında düşünəndə mən çox möhtərəm adamlarla görüşmüşəm. Çox zəngin, mənəviyyatı zəngin insanlarla görüşmüşəm. Məsələn, mən Mehdi Hüseyn haqqında kiçik bir xatirə deyim sizə. Deməli, o vaxtları dəbdə idi, hamımız Arazı tənqid edirdik, Araz ilandır, Araz cəlladdır, hərə bir şeir yazırdı, az qalmışdıq hamımız Arazı boğazından asaq (gülür –red.). Mənim də bir yazım var idi.
Torpağı yandırıb, yaxır Araz,
Arazdı bir qəlbi ikiyə parçalayan.
Parçalanmış qəlbimin, qanıdır Araz.
Bu şeirimi oxuyurdum, Osman Sarıvəllinin otağında, Gənclər günündə. Bu vaxt Mehdi Hüseyn girdi içəri, belə baxdı, dedi: ”Cavan oğlan, ürəyin də o qədər qanı olar?” Dedim, o boyda ürəyin qanı da o boyda olar. Azərbaycan boyda ürəyin qanı da Araz qədər olar. Güldü, dedi: ”Osman, bu, aşıq olmağına aşıqdır”. Elə orda mənim şeirlərimi çap etdilər.
Çox böyük nasirimiz Fərman Kərimzadə, həm də rəssam idi. Ədəbi aləmə gəlirdi, hekayələrini oxuyurdu, amma o qədər utancaq idi, heç yerə getmirdi .Mən girdim onun qoluna, gətirdim Əbülhəsən Ələkbərzadənin yanına. Dedim, böyük yazıçıdır, xahiş edirəm dinləyin və yazılarını çap edin. Üç böyük hekayəsini “Azərbaycan” jurnalında çap etdilər. ”Sonuncu eksponat” və.s. Bu hekayə çap olunanda, məni əsgərliyə göndərdilər. Sonradan Əbülhəsən dedi ki, sən deyən hekayələr, çap olundu.
Xəlil Rza Ulutürk ilə bağlı, Süleyman Rüstəm ilə bağlı da xatirələrim var. Süleyman Rüstəm çox xeyirxah adam idi. Mən deyim ki, bir yazı oxudum. Lirik poema, “Bir gecəlik ayrılıq” adında, xoşlarına gəldi. O vaxt Tofıq Bayram “Ulduz”jurnalında işləyirdi və Tofiq Bayramdan yazı keçirmək mümkün deyildi. Çox tələbkar yazar idi, o qoymazdı, pis yazı getsin “Ulduz”jurnalında. Mənim poemam xoşlarına gəldi. Tofiq Bayram dedi: ”Əşrəf, gəl belə edək, mən də yazaram bunun haqqında, amma istəmirəm. İstəyirəm ki, xalq yazıçısı yazsın sənin haqqında”. Dedim, hə nə olar. O götürdü və təqdim etdi Süleyman Rüstəmə. Az keçdi, bir də gördüm “Azərbaycan Gəncləri“ həmin poemamı verib, Süleyman Rüstəmin uğurlu yolu ilə. Orda Süleyman Rüstəm yazmışdı ki, Azərbaycanın bütün mətbuat orqanlarının qapısı bu gəncin üzünə açıq olmalıdır. Özünün 70-dən yuxarı yaşı vardı, 6-cı mərtəbədə yerləşirdi “Azərbaycan Gənclər”jurnalı, özü oraya qalxıb yazını təqdim etmişdi. Mən onunla əyani şəkildə görüşə bilmədim, telefonla zəng vurdum, təşəkkür etdim. Dedi, , sənin şeirini evdə arvad da əzbərdən bilir.
Maraqlı hadisələr çoxdur, hamısın danışsam qurtarmaz. Əli Kərimlə də yaxın ünsiyyətdə olmuşuq. O vaxtlar mənim “Ulduz “jurnalında şeirlərim çap olunmuşdu, “Səadət”, bir də, “Küknar haqqında ballada” şeirlərim. O şeirləri oxumuşdu və xoşuna gəlmişdi. Təbrik elədi məni. Əli çox incə yumora, incə zarafata və çox poetik tutuma malik olan dünyaya sahib idi. Onun ilk efir yazısı da Sumqayıtdan gedib. Sumqayıtda Feyzi Mustafayev yaşayırdı, Əli Kərim haqqında “Dinmə, ey kədər “ kitabını ilk Feyzi Mustafayev yazıb. Feyzigildə Əli Kərimlini dindirmişik, bizə şeirlər oxuyub. ”Zoya kimi”,”Qaytar ana borcunu“, “İlk Sevgi” - bax bu şeirləri öz ifasında səsləndirib. Bu şeirlər radioda gedib, o vaxt Feyzi Mustafayev təqdim edib. Əli Kərim Sumqayıtla bilavasitə əlaqədə idi, həm də Əli Kərimin bir əsəri var idi, istəyirdi ki, Sumqayıt Teatrında tamaşaya qoyulsun. Şəkidə qoymuşdular, adı “Ürək güzgüsü” idi. Maraqlı mövzu idi. Belə ki, hər kəs öz ürəyinin təmizliyindən danışır, hamı deyir mənim ürəyim təmizdir. Bir nəfər ürək güzgüsü adlı aparat kəşf edir. Deyir, kimin ürəyi təmizdirsə, gəlsin baxaq. Heç kim yaxın getmir (gülür –red.). Əli Kərim Sumqayıtda yaşayarkən tez-tez poeziya görüşlərində olurdu. Əli Kərim görüşlərin birində dedi ki, mən arzu edirəm, Sumqayıtda poeziya klubu və ya poeziya teatrı yaransın. Bu, Əlinin arzusuydu. Uzun müddət biz mübarizə apardıq ki, ”Əli Kərim” Poeziya klubu yaransın. Poeziya klubu yarandı, ancaq Əli Kərimin adın vermirdilər. O vaxt Əli Kərimi başqa cür tanıyırdılar. Onda deyirdilər, Səməd Vurğunun adını vermək lazımdır. Mən etiraz etdim. Əyani şəkildə etiraz etdim və sübut etdim ki, Əli Kərim də Əli Kərimdir. Səməd Vurğun sevimli şairimizdir, Xalq şairimizdir, adına çox şeylər var. Kitabxanamız var, küçəmiz var, ən böyük Mədəniyyət ssarayı onun adınadır, ancaq Əli Kərim adına heç nəyimiz yoxdur. Ondan sonra razılaşıb Əli Kərimin adın təsdiqlədilər. ”Əli Kərim” Poeziya evi beləcə yarandı. Min şükür, hal-hazırda həmin poeziya evi çox böyük və çox gözəldir. Sumqayıtın bir ədəbiyyat ocağına çevirilib. Əli Kərim heç vaxt yaddan çıxmayan, sözün əsl mənasında poeziya adamı idi, şeir adamı idi. Çox böyük sənətkar idi.
SUMQAYIT ƏDƏBİ MÜHİTİ
Əvvəla, bir şey deyim ki, Sumqayıtda ilk dəfə SSRİ Yazıçılar Birliyinin üzvü mən olmuşam. Məndən əvvəl bir nəfər olub, ancaq o, azərbaycanlı deyildi. Mən Sumqayıta gələndə, gördüm burada ədəbi mühit var. Xasay Cahangirov ədəbi birliyə rəhbərlik edirdi. Sonra Qulam Feyzullayev var idi. Qəzəllər müəllifiydi, əruzda yazanlardan idi. Yəni, baxırdın ki, burada ədəbi mühit var, ancaq o səviyyədə deyil ki, burada böyük görüşlər keçirilsin. Vaqif İbrahimin poeziya evinə rəhbərliyi ilə, Sumqayıtda ciddi mənada ədəbiyyata gəliş, ədəbiyyata ciddi münasibət başladı.Və deyim ki, hər şey münasibətdən asılıdır. Kim nə deyir, desin, hər şey münasibətlərdən asılıdır. O vaxt mən işsiz idim. Sumqayıtda mədəniyyət şöbəsinin müdiri bilirsən kim olub? Erməni. Ticarət şöbəsinin müdiri, bilirsən kim olub? Erməni.Tamara var idi, Rəsulova Tamara. Bizim mədəniyyətin rəhbəri o idi. Onun atası azərbaycanlı idi, anası erməni idi. O da şeirlər yazırdı, ancaq rusca yazırdı. Elə oldu ki, Vaqif bir fənd işlətdi, dedi: “Əşrəf, sən işsizsən, Tamara xanımın şeirlərindən, bir-ikisini Azərbaycan dilinə tərcümə et, o sənə bir ştat versin”. Mən də onun şeirlərindən bir-iki bənd tərcümə etdim, elə-belə tərcümə etdim, boğazdan yuxarı (gülür –red). Tamara xanımın xoşuna gəldi, dedi yaxşıdır və mənə iş verdi. Beləcə, Sumqayıtın mədəniyyət şöbəsinin müdiri olan erməni qadına kəf gəldik. Mənə nə iş verdi? Şahmat klubunun direktoru işini (gülür –red.). Halbuki, mən ömrümdə şahmat oynamamışam. Şahmat nədir, bilmirəm, dama nədir bilmirəm. Şeirimdə də var:
Gör məni hayana atdı günlərim,
Nə çalım fəryadı qırıq simlə mən,
Piyada qaldılar, atlı günlərim,
Şahmat oynayıram, taleyimlə mən.
Mən oldum şahmat klubunun direktoru. Elə oldu ki, yavaş -yavaş poeziya klubu ilə şahmat klubu cütləşdi, eyni binada yerləşdirildi. Birinci mərtəbə şahmat klubu oldu, ikinci mərtəbə poeziya klubu oldu. Axırda gördülər mən ədəbiyyat adamıyam, məni verdilər poeziya klubuna direktor. Ancaq poeziya klubunun yaranma təşəbbüskarlığı, dediyim kimi, Əli Kərimdən gəlmişdi. Çox görüşlər keçirmişik orada. Bunu xatirə kimi deyirəm. Mən universitetdə oxuyurdum, universitetdən çıxıb gələndə bir beşmərtəbəli binanın qabağında çay evi var idi, yanında bir söyüd ağacı var idi, həmin söyüd ağacının yanında Əli Soltan mənim qarşımı kəsdi. Mən onu tanıyırdım, o məni tanımırdı. Mən ondan yaşda balaca idim, o isə yazıçı, şair kimi tanınırdı. Kəsdi qarşımı, dedi, ‘Mən Sumqayıta gedirəm, mənim yol pulum yoxdur. Bacımgilə gedirəm, mənə yol pulu ver”. İnanırsan? Mənim də cibimdə cəmi 50 qəpik pulum vardı, çıxardıb verdim. Dedim, buyur. Olan pulum budur, verirəm sənə. 50qəpiyi aldı, dedi, “Ola bilər ki,bu pulu mən sənə qaytarım, ola bilər ki, qaytarmayım. Ancaq bir şeir demək istəyirəm“. Dedim ki, de. Dedi :
Bəzən düşünürəm, fikrə dalaraq,
Kaş çata bilərdim, yoldaşlarıma.
İllərlə su kimi içdiyim araq,
Bu gün çevrilibdi, göz yaşlarıma.
50 qəpiyə almışam mən bu şeiri ondan. Mən nə etdim? Mən cavan oğlan idim, getdim elektrik qatarına mindim, pulsuz evə gəldim (gülür –red.).
SUMQAYIT İZLƏRİ
Sumqayıtda ədəbi mühit formalaşdı. Var ədəbi mühit, nəticələri də var. Gözəl şairlər var Sumqayıtda.Yəqin, hamısını tanıyırsan cavanlarından tutmuş Sabir Yusifoğluna kimi hamısı yaxşı şairlərdir. Sumqayıtın özündə həyat qaynayır, həmişə də belə olub. Bax, Sovet dönəmində də müxtəlif yerlərdən axıb gələn insanlar var ki, Sumqayıtda yaşayırlar, onların aralarında poetik mənada, ədəbi mənada, ədəbi əlaqələr yaranıb. Burada Həmzə Səfərov yaşayırdı. Sənin yadına gəlməz Həmzə Səfərov çox gözəl rus dilini bilirdi və rus poeziyasını Azərbaycan dilinə tərcümə edirdi. Onun bir şeiri var idi, bir bəndini deyim. Deyir:
Məhəbbətin yollarında qüssədən ,
Səadətdir saçlarıma düşsə, dən.
Məhəbbətsiz ömr eyləyən kimsədən,
Bir aşiqin məzar daşı yaxşıdır.
Həmzə Səfərovun şeiridir. Görürsən nə qədər gözəldir. O gün televizorda qulaq asıram, bizim Seyran çıxış edir. Bir şeir dedi.
Keçmə şairindən, muğənnisindən,
Könlümü o yerə bağlar deyirlər.
Döysən Qarabağda bir uşağı sən,
Muğamat üstündə ağlar deyirlər.
Seyran dedi, əfsuslar olsun ki, bu şeirin müəllifi kimdir, bilmirəm. Amma mən bilirəm, bunun müəllifi Fikrət Cavadovdur. Fikrət deyirdi:
Mən qardaş itirmişəm,ay qardaşı olanlar ,
Mən qardaş itirmişəm,ay qardaşsız qalanlar.
Mən gəlin itirmişəm, hərisi alınmayıb,
Mən beşik itirmişəm, laylası çalınmayıb.
Nə gözəldir. Yəni, Sumqayıt ədəbi mühiti var, poeziyası var. Yəqin, Gülbala Mehdinin yaradıcılığı ilə tanışsan, çox gözəl və inandırıram sizi ki, haqqında ürək dolusu danışıla bilinəcək bir şairdir. Yəni, çoxdur Sumqayıtda yaxşı şairlər. Ədəbi mühitin özünün formalaşmasında burada ləyaqətli insanların yaşaması vacib amildir. Mən burda bir adam tanıyırdım, daha doğrusu gənclik illərimdə qollarımdan yapışan, mənə dayaq duran insanlardan biriydi, Zəbi Abdullayev. Çox zəngin bir kişi idi. Uzun müddət ikinci katib işləmişdi Xızıda. Ələkbər Cavadov var idi, Qubanın birinci katibi işləyirdi, Mircəfər Bağırovun dövründə. Yəni, deyirəm bunlar zəngin adamlar idi. Zəbi ilə nə hər adam ədəbiyyatdan danışa bilərdi, nə də dini söhbətlər etmək olardı. Çox savadlı adam idi, Zəbi Abdullayev. O, həmişə Füzulidən misallar gətirirdi. Klassik ədəbiyyatı gözəl bilirdi. Bizim bəxtimiz elə gətirdi ki, biz tədbirlərdə onları gördük. Sonra elə oldu ki, bizim Sumqayıtda ədəbi məclisə Süleyman Rüstəm, poeziya evinə isə Rəsul Rza rəhbərlik etdi. Yəni, Azərbaycan Xalq şairləri bir növ bağlanmışdılar Sumqayıta. Həm ədəbi-bədii tədbirlər, həm ədəbi-bədii gecələr, kitab müzakirələri bol olurdu, ümumiyyətlə, canlanırdı həyat.”Canlanır hər qarış yer Sumqayıtda” - bu sözlər həqiqətən də həqiqətə uyğun sözlər idi. Ona görə də Sumqayıtda yaxşı yazarlar çoxdu.
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)
ELÇİNİN ÖZÜNÜN ƏN SEVDİYİ HEKAYƏSİ - “Parisdə avtomobil qəzası”
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycanın ən yaxşı hekayələrinin dərcini davam etdirir. Bu dəfə Xalq yazıçısı Elçinin“Parisdə avtomobil qəzası” hekayəsini sizlərə təqdim edirik. Bəyənəcəyinizə əsla şübhə etmirik.
Ş ə h r ə b a n u x a n ı m.
Hatəmxan ağa və Şəhrəbanu xanım ölmüş imişlər ki, bir firəng Şahbazı tovlaşdırıb Parisə apara!..
M ü s y ö J o r d a n.
Dimaj Paris!.. Mon diyö!.. Mon diyo.
(M.F.Axundov, «Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah cadukuni-məşhur»)
I
Kərim müəllim qarışıq yuxu görürdü, çoxdan ölüb getmiş adamlar idi, özü də atası, anası, yaxın adamları deyildi, köhnə qonşuları idi, iyirmi beş il bundan əvvəlki məktəb direktoru idi, arvadının uzaq qohumları idi, Nuridənin əvvəlki ərlərindən biri idi, hamı bir yerə yığışıb qarpız yeyirdi və o qarpız o qədər böyük idi ki, hər dilimi bir qayıq boyda və həmin çoxdan ölüb getmiş adamlar çıxıb bu dilimlərin üstündə oturmuşdular, əlləri ilə qarpızdan böyük-böyük parçalar qoparırdılar, əlləri, ayaqları qarpızın suyuna bulaşa-bulaşa yeyirdilər; qarpız qıpqırmızı idi və Kərim müəllim yuxuda bu al qırmızıya baxa-baxa hiss etdi ki, kimsə güllə atır, güllənin səsini eşitdi, sonra güllənin səsini bir də eşitdi və gözlərini açdı, başa düşdü ki, yuxu görürdü, amma yenə güllə səsi eşitdi, dikəlib yerində oturdu və yenə də açıq-aşkar güllə səsi eşidəndə cəld yerindən qalxıb pəncərənin qabağına gəldi.
Kərim müəllimgilin yaşadığı ikimərtəbəli qədim binanın qabağında balaca bir bağ var idi, səhər tezdən təqaüdçülər girəcəkdəki köşkdən qəzet alıb bu bağda oturub oxuyurdu, sonra analar, nənələr, dayələr bu bağa uşaq gətirirdi və uşaq arabaları skamyaların qabağında pianino dilləri kimi yan-yana düzülürdü, günortadan sonra yenə təqaüdçülər bu bağa yığışıb nərd və domino oynayırdı, sonra da gecə düşürdü, bu bağ da kimsəsizləyirdi, sakitlik çökürdü, sonra səhər açılırdı və hər şey eynilə təkrar olunurdu.
Kərim müəllim pəncərədən həmin bağa baxdı və gördü ki, bir nəfər əlində tüfəng tutub nişan alır, o birisi də onun yanında dayanıb, əllərində iri əlcəklər var və doğrusu, Kərim müəllim əvvəlcə qorxdu, çünki ömründə birinci dəfə idi ki, qarşısında əli tüfəngli adam dayanmışdı və bu adam hələ səhərin gözü açılmamış nişan alırdı, atırdı; sonra Kərim müəllimə elə gəldi ki, kino çəkirlər, çünki bir dəfə – on il bundan əvvəl bu bağda kino çəkmişdilər, amma indi bütün bağda, ətrafdakı küçələrdə bu iki nəfərdən başqa heç kim yox idi, təkcə bağın aşağı başında, bu iki nəfərdən bir az aralıda, küçədə balaca bir furqon maşını dayanmışdı; kim idi bunlar, oğru idilər?
Tüfəngilə nişan alan adam yenə atdı və bu dəfə Kərim müəllim güllə səsi ilə bərabər bir it zingiltisi də eşitdi və gördü ki, iri əlcəklər geymiş adam qaça-qaça zeytun ağaclarına tərəf getdi və zeytun ağaclarının dibində yerə sərilib zingildəyən bir itin qulaqlarından yapışdı, iki əli ilə də iti yerdən qaldırdı, aparıb maşının furqonuna atdı.
Kərim müəllim başa düşdü ki, bu iki nəfər şəhəri yurdsuz-yuvasız, xəstə itlərdən təmizləyir, yəqin Bakının sanitariya idarəsindəndilər, amma, hər halda, yurdsuzyuvasız da olsa, xəstə də olsa, səhərin gözü açılmamış bu yazıq itləri beləcə vurmaq Kərim müəllimə pis təsir elədi, hətta pəncərədən qışqırıb bu tüfəngli və əlcəkli adamlara bir-iki söz demək istədi, amma sonra fikirləşdi ki, dünyada hərə bir peşə sahibidi və it vurmaq da bunların peşəsidi, sonra burasını da fikirləşdi ki, çox ola bilsin ki, həmin o tüfənglinin atdığı güllə qurğuşun deyil, yuxu dərmanıdı və itləri yuxuladıb götürüb aparırlar. Həmin iki nəfər bir az da bağın o tərəfinə-bu tərəfinə baxdı, diqqətlə baxdı, hətta Kərim müəllim o tüfənglinin də, əlcəklinin də gözlərində uzaqdan-uzağa bir hərislik sezdi və fikirləşdi ki, yəqin bu iki nəfər əmək haqqını gətirdikləri itlərin sayına görə alırlar; sonra əlcəkli əlcəyini çıxartdı, tüfəngli tüfəngini maşının kabinəsinə qoydu və ikisi də maşına oturub sürüb getdilər.
Kərim müəllim bir müddət də pəncərənin qabağında dayanıb bağa baxdı, qarşıdakı ikimərtəbəli, üçmərtəbəli binalara baxdı: hamı yatmışdı, təzəcə açılan həmin avqust səhəri hələ heç kim yuxudan durmamışdı, bağın qabağında, küçələrin kəsişdiyi tindəki meyvə-tərəvəz köşkü də boş və adamsız idi, qarpızlar köşkün yanındakı böyük dəmir qəfəsə yığılmışdı və qəfəsin qapısında da iri dəmir qıfıl var idi.
Birdən Kərim müəllimə elə gəldi ki, bu qarpızlar dustaqdı, bu qarpızları o dəmir qəfəs içində həbsə salıblar və Kərim müəllimin özünün ağlına gələn bu fikirdən xoşu gəlmədi, çünki Kərim müəllim boş-boş danışmağı və boş-boş şeylər fikirləşməyi xoşlamırdı. Əsnəyə-əsnəyə tüklü sinəsini qaşıdı və fikirləşdi ki, necə olub ki, atılan güllələrin səsinə heç kim yuxudan oyanmayıb?
Kərim müəllim bu binalarda yaşayan adamların hamısını tanıyırdı, rastlaşanda kimisilə dayanıb hal-əhval tuturdu, kimisilə elə-eləcə salamlaşıb keçirdi, kimisini də, xüsusən sonradan köçüb gələnləri kənardan-kənara tanıyırdı, amma hamısını tanıyırdı, çünki Kərim müəllim indi yaşadığı bu mənzildə anadan olmuşdu, ömründə heç vaxt başqa yerdə yaşamamışdı, yalnız bir dəfə – on yeddi il bundan əvvəl ailəsini yayda bir aylığa Nalçikə aparmışdı, bir dəfə də doqquz il bundan əvvəl on iki günlüyə Şuşa sanatoriyasına getmişdi.
Kərim müəllim gözlərini bağdan çəkib otağın divarından asdıqları saata baxdı – bu divar saatını pedaqoji fəaliyyətinin otuz illiyi münasibətilə məktəbdən Kərim müəllimə hədiyyə vermişdilər və əslində bu hədiyyə Kərim müəllimin bütün həyatında yeganə təltifi idi – saat altıya iyirmi dəqiqə qalmışdı və Kərim müəllim başa düşdü ki, təzədən yerinə girməyinin mənası yoxdur, asta addımlarla mətbəxə tərəf getdi.
Kərim müəllimgilin iki otağı, şüşəbəndi, mətbəxi var idi və Kərim müəllim ikinci otaqdan keçəndə bir anlıq yerində donub qaldı: Şərqiyyənin çarpayısının yanında, özünün balaca taxta çarpayısında uzanmış körpə oyaq idi, gözlərini açıb dinməz-söyləməz Kərim müəllimə baxırdı. Birinci dəfə idi ki, bu körpəni beləcə dinməz-söyləməz və beləcə də ciddi görürdü.
Şərqiyyə Kərim müəllimin böyük qızı idi və bu körpə də Şərqiyyənin oğlu idi, yəni Kərim müəllimin nəvəsi idi və yaman da ağlağan idi. Körpə altı ay idi ki, dünyaya gəlmişdi və bu altı ayda elə bir gün olmamışdı ki, oyaq vaxtı ağlamasın. Indi bu körpəni beləcə oyaq və ağlamayan, ciddi görəndə Kərim müəllim əslində bir balaca həyəcanlandı da: bu necə səhər idi belə, açılırdı?
Kərim müəllim təbii ki, dindar deyildi, taleyə-filana da inanmırdı, amma, hər halda, həmin avqust günü səhərin gözü açılmamış həmin tüfəng əhvalatı, qarpızları dustaqlar kimi hiss eləməyi və indi də bu uşağın yatmayıb beləcə diqqətlə Kərim müəllimə baxmağı kişinin ürəyində nəsə bir nigarançılıq yaratdı. Kərim müəllim mətbəxdə qazı yandırdı, çayniki doldurub qazın üstünə qoydu və eləcə asta addımlarla da yatdığı otağa qayıdıb geyinməyə başladı. Kərim müəllimin arvadı Zəhra da, ikinci qızı Züleyxa da, oğlu Hamlet da yatmışdılar və düzdür, bu dəfə Kərim müəllim yuxudan çox erkən durmuşdu, amma, onsuz da, bu evdə Kərim müəllimdən tez duran yox idi, həmişə saat yeddiyə on beş dəqiqə qalmış ayaq üstə olurdu, kostyumunu şotkalayırdı, ayaqqabısını boya ilə silirdi, hələ evin camaatı durmamış gedib gündəlik çörəyi, kefiri, smetanı, qəzetləri alıb gətirirdi, bundan sonra səhər yeməyini yeyib məktəbə gedirdi; ümumiyyətlə, bu evin bazarlıq işləri ta qədim çağlardan Kərim müəllimə baxırdı. Kərim müəllim orta siniflərdə coğrafiya dərsi deyirdi və indi yay tətilində idi, məktəbə getməyəcəkdi, amma yenə də otuz beş illik adəti üzrə, göy zənbili götürüb eləcə asta addımlarla da evdən çıxıb küçəyə düşdü; körpə də bayaqkı ciddi gözləri ilə Kərim müəllimi bayıra yola saldı.
Şəhər tamam bomboş idi, təkcə süpürgəçi kişi küçəni süpürürdü və Kərim müəllimi görəndə ehtiramla salam verdi, Kərim müəllim də süpürgəçinin salamını aldı və yoluna davam elədi. Bu süpürgəçi neçə illər idi ki, səhərlər bu küçə, bağı süpürüb təmizləyirdi və Allahın hər verən günü Kərim müəllim onun gördüyü birinci adam olurdu.
Əlbəttə, dükanlar, qəzet köşkləri hələ bağlı idi və Kərim müəllim əlindəki boş göy zənbili yellədə-yellədə Dənizkənarı bulvara tərəf getdi və beləcə bomboş küçələrlə addımladıqca Kərim müəllimə elə gəldi ki, elə bil, tanımadığı, görmədiyi bir şəhərdədir; düzdür, Kərim müəllim dünyadakı şəhərlərin, ən azı, doxsan faizinin adını əzbər bilirdi və Bakının da bütün küçələrini, dalanlarını, hətta ayrı-ayrı binalarını da (mikrorayonlardan başqa) yaxşı tanıyırdı, amma olan budur ki, həmin avqust günü – şənbə idi – sübh tezdən Bakının bomboş küçələri ilə addımladıqca Kərim müəllimə elə gəldi ki, tanımadığı, görmədiyi bir şəhərdədir və bu şəhərin sakinləri də yalnız küçələri təmizləyən süpürgəçilərdən ibarətdir.
Məktəbdə uşaqlar Kərim müəllimə «Zənbil» təxəllüsü vermişdilər, yəni Kərim müəllim Zənbil, çünki uşaqlar qorxduqları, ehtiyat etdikləri Kərim müəllimə şəhərdə təsadüfən rast gələndə həmişə əlində zənbil olardı, ya ət dükanının qabağında növbəyə durardı, ya yumurta alardı, ya da ki, başqa bir şey alardı, sonra uşaqlar sinifdən sinfə keçdikcə, məktəbi qurtardıqca və yenidən məktəbə daxil olduqca fikir verdilər ki, bu zənbil həmişə göy rəngdə olur və təxəllüsün əvvəlinə «Göy» sözünü də əlavə etdilər, yəni ki, Kərim müəllim Göy Zənbil, sonra uşaqlar həmin təxəllüsün də əvvəlinə «Köhnə» sözünü əlavə elədilər, yəni ki, Kərim müəllim Köhnə Göy Zənbil: Bu təxəllüsün sorağı Kərim müəllimin özünə də gəlib çatmışdı və Kərim müəllimi qətiyyən narahat eləməmişdi, acıqlandırmamışdı, çünki Kərim müəllim fikirləşmişdi ki, eybi yox, özləri böyüyüb əllərinə zənbil alanda başa düşərlər. Intəhası bir iş vardı və Kərim müəllimin də həmin işdən xəbəri yox idi ki, müəllimlər də öz aralarında Kərim müəllimi həmişə Köhnə Göy Zənbil deyə çağırırdılar (özündən çəkindikləri üçün yanında, təbii ki, belə demirdilər).
Dənizkənarı bulvar da bomboş idi, Kərim müəllimdən başqa kimsə yox idi, amma çoxlu qağayı var idi və quşlar sahil boyu dənizin üstü ilə uçurdu, hərdən aşağı enib dimdiyini suya vururdu və quşların qurultusu-qaqqıltısı bulvarın o kimsəsizliyi içində elə aydın, elə dəqiq eşidilirdi ki, elə bil, adi qurultu-qaqqıltı deyildi, elə bil, quşlar nə isə deyirdilər, danışırdılar; amma Kərim müəllim xəyal aləminə qapılan adamlardan deyildi və bu dəm dükanda smetanın olub-olmayacağı məsələsi Kərim müəllimi qağayıların deyib-danışmasından qat-qat artıq maraqlandırırdı; sonra Kərim müəllim bu quşlara, daha doğrusu, şəhərin sanitariya idarələrinə hirsləndi, çünki fikir vermirdilər, şəhərin bütün çirkabı dənizə tökülürdü, buna görə də qağayılar gəlib burda özlərinə yem axtarırdı.
Kərim müəllim əlindəki boş zənbili yellədə-yellədə sahil boyu addımladıqca qərara aldı ki, bu gün, ya da sabah şəhərin sanitariya vəziyyəti barədə Bakı Sovetinə məktub yazacaq və həmin məktubun ilk cümlələrini fikrində yazmağa başladı və bu zaman bayaqkı tüfəng atan və it daşıyan o iki nəfər yadına düşdü, sonra da gözlərini açıb dinməz-söyləməz baxan o uşaq yadına düşdü.
Şərqiyyənin əri Salman fizika ilə məşğul olurdu, deyirdilər ki, istedadlı alimdir, amma istedad nə ev idi, nə pul idi, nə də maşın idi: Salman da Kərim müəllimgillə bir yerdə olurdu və əgər, doğrudan da, dünyada bəxt deyilən bir şey vardısa, Şərqiyyənin bəxti gətirməmişdi; düzdü, Salman içən, gəzən, deyinən adam deyildi, səhər çıxıb gedirdi işə, bir də axşam gəlirdi, şənbə, bazar günləri də Şərqiyyəni kinoya aparırdı, bulvarda gəzməyə aparırdı, hətta bir dəfə Şüvəlana, gülçülük sovxozuna da aparmışdı, amma Salmanın əynindəki kostyumdan başqa heç nəyi və məktəbi qurtarandan sonra Qarabağda kənddə qoyub gəldiyi qohumlarından savayı heç kimi yox idi. Şərqiyyə iki il bundan əvvəl – necə tapışdılar, harda tanış oldular, Allah bilir – Salmana ərə getmişdi, çünki ... (Kərim müəllim bulvarda gəzə-gəzə biriki dəfə öskürdü) çünki Şərqiyyəni alan yox idi.
Salman indi Bakıda deyildi. Parisdə idi.
Salmanın işlədiyi institutun Fransa alimləri ilə əlaqəsi var idi və Salmanı təcrübə keçməkdən ötrü altı ay müddətinə Parisə göndərmişdilər, sonra Parisdən bir fransız alimi altı ay müddətinə Bakıya gələcəkdi. Kərim müəllim başa düşürdü ki, əgər Salman fərqli olmasaydı, Parisə göndərməzdilər, amma Salman o qədər qaradinməz, həmişə sükut içində olan bir adam idi ki, kürəkəninin Parisə getməyi Kərim müəllimgilin ailəsində elə mühüm bir hadisə olmadı.
Həmin avqust səhəri, boş göy zənbili yellədə-yellədə sahil boyu addımladıqca birdən-birə, nədənsə, Salmanın Parisdə olmağı, o uzaq, böyük və yad şəhərdə yaşaması Kərim müəllimə qəribə gəldi və Kərim müəllim ürəyindəki bu hissin şövqü ilə bir anlıq ayaq saxladı, qıpqırmızı qızarmış üfüqə baxdı və üfüqün beləcə qırmızılığı, göyün tərtəmizliyi və maviliyi, dənizin beləcə sakitliyi və genişliyi, hətta qağayıların sahil boyu uçuşması, quruldayıb-qaqqıldaması Kərim müəllimin xoşuna gəldi, Kərim müəllim bu təbiət mənzərəsini bəyəndi.
Bulvarda ləngidiyi üçün dükanlarda növbəyə durası oldu, meyvə-tərəvəz köşkünün yanından ötəndə bu qərara gəldi ki, bir dənə də qarpız alsın və bir xeyli müddət seçib yaxşı bir Zirə qarpızı aldı, sonra qəzet köşkündə də növbəyə durub radio və televiziya proqramını, təzə qəzetləri aldı və buna görə də evə həmişəkindən gec gəldi.
Qapını Nuridə xanım açdı və Kərim müəllim Nuridə xanımı səhər-səhər öz evlərində görəndə, Nuridə xanımın ciddi sifətinə baxanda başa düşdü ki, nəsə bir hadisə baş verib.
Nuridə xanım Kərim müəllimin böyük bacısı idi və Azərbaycanda ilk qadın idman müəllimlərindən biri idi, həyət tərəfdən Kərim müəllimgillə üzbəüz binada yaşayırdı.
Bir əlində yekə Zirə qarpızı, o biri əlində də göy zənbil tutmuş Kərim müəllim gözlərini bacısının həmişəki kimi pudralanmış boyalanmış səliqəli sifətindən çəkmədən soruşdu:
– Nə olub?
Nuridə xanım kişi səsi kimi yoğunlaşmış səsi ilə:
– Heç nə, – dedi. – Qorxma, keç içəri.
Kərim müəllim içəri girdi, Zəhranı da, Züleyxanı da, Hamleti də otaqda ayaq üstə durmuş gördü, Şərqiyyə də evdə idi, körpəsinin yanında oturub başını aşağı dikmişdi və deyəsən, yavaş-yavaş ağlayırdı, amma, hər halda, evdəkilərin hamısını beləcə salamat görməyi Kərim müəllimi bir balaca sakitləşdirdi və Kərim müəllim fikirləşdi ki, bəlkə Abdulla ölüb? Amma Nuridə xanımın həmişəki zəhmi nəsə başqa şeydən xəbər verirdi və Nuridə xanım əri ölmüş arvada oxşamırdı.
– Salman avtomobil qəzasına düşüb. – Bunu Nuridə xanım dedi və Şərqiyyə daha da için-için ağlamağa başladı.
– Salman gəlib bəyəm Parisdən? – Bunu da Kərim müəllim soruşdu.
Nuridə xanım zəndlə qardaşının gözlərinin içinə baxdı:
– Bəyəm Parisdə maşın-zad yoxdu?
Nuridə xanım özündən iki yaş kiçik qardaşı ilə həmişə fəxr edirdi və həmişə də Kərim müəllimi əri Abdullaya nümunə gətirirdi, amma hərdən elə olurdu ki, iti və sərt baxışlarını qardaşının da gözlərinin içinə sancırdı və bu zaman Kərim müəllim elə bil ki, öz şagirdlərindən biri olub özünü itirirdi; sonra Nuridə xanım əlində tutduğu teleqramı qardaşına uzatdı və Kərim müəllim teleqramı alıb pəncərənin qabağına keçdi ki, işıq yaxşı düşsün və oxumağa başladı: doğrudan da, teleqramda yazmışdılar ki, Salman Parisdə avtomobil qəzasına düşüb, indi xəstəxanadadı, amma burasını da yazmışdılar ki, həyatı üçün təhlükəli bir şey yoxdur.
– Nə olsun? – dedi Kərim müəllim. – Yazıblar ki, həyatı üçün təhlükə-zad yoxdu. Parisin həkimlərinin əlində Salmanı sağaltmaq su içmək kimi, zad kimi, bir şeydi.
Qəribə idi, bir az bundan əvvəl Nuridə xanım da Zəhraya eyni sözləri demişdi. Zəhra bu teleqramı alanda Kərim müəllim bulvarda gəzə-gəzə fikrən Bakı Sovetinə məktub yazırdı. Və Zəhra uzun-uzun illər boyu adət etdiyi günlərin eyniliyi bir balaca pozulan kimi, yəni nəsə gözlənilməz bir xəbər gələndə, yaxud əvvəldən nəzərdə tutulmamış bir hadisə baş verəndə o saat özünü itirirdi, bilmirdi ki, nə eləsin, sonra telefonun dəstəyini götürüb Nuridə xanıma zəng elədi, çünki yenə də özünü itirmişdi, teleqramı telefonla oxudu və Nuridə xanım da hər günkü səhər idmanı yarımçıq kəsildi deyə, narazılıqla eyni sözləri dedi: «Nə olsun? Özləri yazırlar ki, təhlükəli bir şey yoxdur. Parisin həkimlərindən arxayın ol, Salmanın görmədiyi günlərdi, əvvəlkindən yaxşı düzəldəcəklər onu». Sonra Nuridə xanım yenə səhər idmanını davam etdirdi, amma bu dəfə özü səhər idmanını yarımçıq kəsib təzədən Zəhraya zəng elədi: « – Bir də oxu o teleqramı» – dedi, sonra da tələsik geyinib qardaşıgilə gəldi; indi Kərim müəllim də əvvəlcə eyni sözləri dedi. Nuridə xanım keçib otaqdakı yeganə yumşaq kürsüdə oturdu və dedi:
– Dalını oxu.
Kərim müəllim teleqramın ardını oxumağa başladı: yazırdılar ki, Salmanın yaxın qohumlarından biri Parisə gələ bilər və o avtomobildə ki, Salman qəzaya uğramışdı, həmin avtomobilin mənsub olduğu şirkət bütün xərcləri öz boynuna götürür. Kərim müəllim bu sözləri oxuyandan sonra yenə də bacısına baxdı, əvvəlcə bilmədi ki, bu xəbərə necə münasibət bəsləsin, sonra hirsləndi:
– Həyasızlığa bir bax, e! Durduğu yerdə kişini salırlar xəstəxanaya, sonra da pul təklif edirlər.
Düzdü, Kərim müəllim bu sözləri dedi, amma burasını da hiss etdi ki, bu sözlər, beləcə hirslənməyi heç kimə təsir etmədi, sonra Kərim müəllimin gözləri balaca taxta çarpayısında uzanmış körpəyə sataşdı: uşağın gözləri açıq idi, amma ağlamırdı və Kərim müəllim az qaldı soruşsun ki, buna nə olub belə, niyə ağlamır? Amma heç nə soruşmadı və Şərqiyyəyə baxdı: Şərqiyyə xısın-xısın ağlayırdı, tez-tez burnunu çəkirdi, amma heç nə demirdi, dinib-danışmırdı və Kərim müəllim fikirləşdi ki, doğru deyiblər ki, ər ilə arvadın torpağı bir yerdən götürülüb, çünki Şərqiyyə də əri kimi qaragün idi.
Nuridə xanım Kərim müəllimin Şərqiyyəyə baxdığını görüb:
– Yox, Şərqiyyə gedə bilməz. – dedi. – Əlində südəmər körpəsi var.
Züleyxa tələsik dedi:
– Hə, Şərqiyyə gedə bilməz. Mən getsəm yaxşıdı, nə lazımdı eləyərəm orda!
Şərqiyyə daha da bərkdən ağladı; ona görə yox ki, Parisə gedə bilmir, südəmər körpəsi var, uşaq da yaman ağlağandır, ona görə ki, hamı və o cümlədən Şərqiyyə də yaxşı bilirdi ki, Züleyxanın Salmandan zəhləsi gedir və bacısının Salman kimi yöndəmsiz, geyimsiz-kecimsiz, dilsiz-ağızsız bir adama ərə getdiyi üçün öz rəfiqələrindən utanır.
Hamlet Züleyxanın sözlərindən incidi və şüşəbəndin açıq pəncərəsinin qabağına gedib arxasını evdəkilərə çevirdi; Hamlet yaşca Şərqiyyədən də, Züleyxadan da böyük idi, amma evdə onu böyük yerinə qoyan yox idi və Hamletin də belə bir münasibətə etirazı ondan ibarət olurdu ki, inciyib küsürdü.
Nuridə xanım dedi:
– Böyük olan yerdə kiçik danışmaz. Biz, – Nuridə xanım əli ilə Kərim müəllimi göstərdi – o rəhmətliklərin yanında cınqırımızı çıxarmazdıq.
Nuridə xanım çoxdan vəfat etmiş valideynlərini nəzərdə tuturdu və doğrusu, Nuridə xanım valideynləri və özləri ilə əlaqədar o qədər cürbəcür misallar çəkirdi, xatirələr danışırdı ki, Kərim müəllim daha atasını da, anasını da həqiqətdə olduqları kimi yox, Nuridə xanımın misallarındakı, xatirələrindəki kimi təsəvvür edirdi. Züleyxa acıqla bibisinə baxdı, çünki Züleyxa özünü bu evdə hamıdan ağıllı və diribaş hesab edirdi və indi də yaxşı başa düşürdü ki, Nuridə xanım özü fürsətdən istifadə edib Parisə getmək istəyir.
Hamlet şüşəbəndin açıq pəncərəsinin qabağından otağın ortasına gəldi və bibisinə baxdı, atasına, anasına baxdı, Züleyxaya, Şərqiyyəyə baxdı, hətta balaca taxta çarpayısına uzanıb əllərini gözlərinin qabağında oynadan və diqqətlə əllərinə baxa-baxa səsini də çıxartmayan körpəyə baxdı və yanıb yaxıla-yaxıla:
– Hər yerdə mənim hörmətim var, bircə bu evdən başqa! – dedi, bir balaca qəhərləndi və sürətlə gedib bayır qapısını açdı və ardınca da qapını çırpdı.
Kərim müəllim cavanlıq çağlarında teatra gedib «Hamlet»ə baxmışdı və o unudulmaz tamaşanın təsiri ilə yeganə oğlunun adını Hamlet qoymuşdu və indi Nuridə xanım açıq-aşkar bir rişxəndlə qardaşı oğlunun ardınca baxdı, çünki Hamletin yaşı otuz beşi keçmişdi, amma hələ də bir sənət sahibi deyildi, hələ də orta məktəb şagirdi kimi, gələcək üçün cürbəcür planlar qururdu, gah ssenari yazırdı və gecə-gündüz bu ssenarinin eşqi ilə yaşayırdı, gah gedib aeroportda işə düzəlirdi və məşhur gömrükxanaçı olmaq eşqilə yaşamağa başlayırdı, gah da səhərdən axşamacan kitabxanada oturub filosofların, xüsusən Feyerbaxla Hegelin əsərlərini oxuyurdu və bu dəfə də qalın-qalın dəftərləri yazıb doldura-doldura Feyerbaxın Hegeldən üstün olduğunu sübut edirdi, filosof olmaq eşqilə yaşamağa başlayırdı.
Nuridə xanım:
– Oturub məsləhət eləmək lazımdı, – dedi. – Məsləhətli don gen olar.
II
Kərim müəllim o oxuculardan idi ki, qəzetin birinci səhifəsindən axırıncı səhifəsinə kimi bütün yazıları oxuyardı və indi də şüşəbənddə oturub qəzet oxuyurdu.
Nuridə xanım səhərdən bəri qardaşıgildə idi və mətbəxdə oturub həm havanın, həm də yanan qazın istisindən tər tökə-tökə yarpaq dolması bişirməkdə Zəhraya kömək edirdi.
Züleyxa böyük otaqda, divanda uzanıb gündəlik oxuyurdu. Bu gündəliyi Züleyxaya tramvay parkında birgə işlədikləri rəfiqəsi vermişdi. Gündəlik çox gözəl xətlə yazılmışdı, səhifələrində gül, bülbül, iki tərəfindən də ox sancılmış ürək şəkilləri var idi və Züleyxanın rəfiqəsi bu şəkilləri rəngli qələmlərlə çəkmişdi. Gündəlikdə söhbət nakam məhəbbətdən gedirdi, oğlanların vəfasızlığından danışılırdı, amma Züleyxa diqqətini toplayıb özünü tamamilə bu gündəliyə həsr edə bilmirdi, heç bir başqa qayğı çəkmədən yalnız bu gündəliklə yaşaya bilmirdi, çünki dəqiqədə bir şey bəhanə edib mətbəxə gedirdi ki, görsün Nuridə xanım nə danışır. Nuridə xanım heç bir gizli söhbət eləmirdi, çünki Nuridə xanım həmişə Kərim müəllimə inanmışdı və indi də inanırdı; düzdü, Nuridə xanım çıxıb öz evlərinə getmədi, qorxdu ki, getsə, Züleyxa dava-dalaş salar və birdən Paris məsələsi onsuz həll olunar, amma, hər halda, Nuridə xanım öz qardaşına inanırdı və bilirdi ki, əvvəl-axır Parisə Nuridə xanım özü gedəcək.
Abdulla ikinci otaqda oturub mürgüləyirdi və hərdənbir də mizin üstündəki teleqrama baxıb gülümsəyirdi, başını bulayırdı və yenə də əsnəyib mürgüləyirdi. Abdulla dəllək işləyirdi, Nuridə xanımın dördüncü əri idi, amma özündən əvvəlki ərlərdən fərqli olaraq etibarlı çıxmışdı, qaçmamışdı və düz on altı il idi ki, bir yerdə yaşayırdılar. Nuridə xanım evə zəng eləyib Abdullanı çağırmışdı və Abdulla da səhərdən bəri mürgü döyə-döyə günorta yeməyini gözləyirdi və mürgüləyəmürgüləyə də müxtəlif bəhanələr fikirləşirdi ki, günorta yeməyindən sonra buradan çıxıb gedə bilsin, çünki çeşməyinin qabında beş manat pul gizlətmişdi və hərgah buradan çıxıb gedə bilsəydi, bu gün həyat gözəl olacaqdı. Züleyxa hər dəfə Abdullanın yanından keçəndə çalışırdı ki, nəfəs almasın, çünki həmişə olduğu kimi, yenə də Abdulladan ucuz kişi ətrinin iyi gəlirdi və bu iy gəldikdə oxuduğu hisslərdən, həyəcanlardan, rəngli qələmlərlə çəkilmiş şəkillərdən sonra Züleyxaya çox pis təsir edirdi.
Abdullanın öz biclikləri var idi və bu biclikləri yalnız Nuridə xanım başa düşə bilirdi. Abdulladan ətir iyi ona görə gəlirdi ki, dəllək işləyirdi və dəlləkxananın ətri bədəninə hopurdu, – bu öz yerində – ona görə ki, səhər-səhər, fürsət tapıb içdiyi arağın qoxusunu öldürmək üçün üz-gözünə ətir vururdu. Şərqiyyə şüşəbəndin aşağı başında oturub uşağı əmizdirirdi və uşaq yenə də altı aylıq həyatında birinci dəfə idi ki, belə ciddi idi, ağlamırdı və hər dəfə Kərim müəllimin gözü uşağa sataşanda kişi məəttəl qalırdı.
Həmin avqust günü hava get-gedə qızırdı və günorta Bakıda bir isti var idi, nəfəs almaq mümkün deyildi və birdən-birə dağların başındakı gözəl Şuşa Kərim müəllimin yadına düşdü və Kərim müəllimin təsəvvüründə şimşək çaxdı, göy guruldadı və bir şıdırğı yağış başladı ki, kişinin qəzet tutmuş əli aşağı düşdü, gözləri uzaq bir nöqtəyə zilləndi və Kərim müəllim qəflətən fikirləşdi ki, görəsən, Parisdə də yağış yağır?
Əlbəttə, Kərim müəllim Qərbi Avropanın və o cümlədən də Fransanın iqlim şəraitinə yaxşı bələd idi, amma indi birdən-birə Paris sirli və eyni zamanda, adamın ürəyini qəribə təzə hisslərlə dolduran bir şəhərə çevrilmişdi.
Nuridə xanım dedi ki, xörək hazırdır, Zəhra otaqdakı mizin üstünə qab-qacaq düzməyə başladı və Kərim müəllim də ac idi, amma Kərim müəllim ürəyinin dərinliyində istəmirdi ki, xörək hazır olsun, istəmirdi ki, yığışıb süfrənin arxasında otursunlar, istəmirdi ki, indicə birdən-birə yağmağa başlayan bu şıdırğı yağışın altından çıxsın; Kərim müəllim yaxşı bilirdi ki, evdəki bu sakitlik müvəqqətidi, bilirdi ki, hamının fikri-zikri başqa yerdədi və indi ciddi söhbət başlayacaq. Bu vaxt qapının zəngi çalındı, Hamlet tələsik içəri girdi, bir-bir evdəkilərə baxdı, sonra Abdullaya yaxınlaşıb pıçıltıyla nəsə soruşdu, Abdulla başını buladı, yəni ki, yox, sonra Hamlet də mizin arxasında əyləşdi.
Hamı mizin arxasında idi və yarpaq dolmasını yeməyə başlamışdılar, təkcə uşaq balaca taxta çarpayısında uzanıb əllərini gözlərinin qabağında oynadırdı və təəccüblə əllərinə baxırdı, elə bil ki, əllərinə baxa-baxa dünyanı kəşf eləməyə başlayırdı.
Heç kim heç nə danışmırdı, boşqaba dəyən çəngəl-bıçağın səsi eşidilirdi, Abdulla bir-iki dəfə yavaşdan öskürdü, Züleyxa bir-iki dəfə üzünü yana çevirib havanı üfürdü ki, Abdulladan gələn ətir iyini özündən kənar eləsin; Züleyxa dolmanı yeyirdi, heç nə demirdi, gözləyirdi və o gözəl gündəlikdəki çılğın məhəbbət hissləri aləminə dala bilmirdi, narahat idi.
Hər halda, Nuridə xanım Nuridə xanım idi və sükutu da o pozdu:
– Heyf, Şərqiyyə əliuşaqlıdı... Ana olmağın qayğısı da çoxdu də...
Bu dəfə Züleyxa gizli bir rişxəndlə bibisinə baxdı, çünki Nuridə xanımın əvvəlki ərlərindən hansındansa bir qızı var idi və o qız indi gərək ki, Kazanda yaşayırdı; nə Nuridə xanım, nə də Kərim müəllimgil heç vaxt o qız haqqında heç nə danışmırdılar və o qız da heç vaxt məktub yazmırdı, Bakıya gəlmirdi və ümumiyyətlə, Nuridə xanım da, Kərim müəllimgil də özlərini elə aparırdılar ki, elə bil, dünyada heç o qız olmamışdı; nə isə, o qızın işi bir sirri-xuda idi.
Nuridə xanım sözünə davam elədi:
– Şərqiyyə Parisə gedə bilməz...
– Parisə mən gedəcəyəm! – Bunu Züleyxa dedi.
Şərqiyyənin gözləri doldu, amma, həmişəki kimi, heç nə demədi. Nuridə xanım acıqla Züleyxaya baxdı, sonra da Kərim müəllimə baxdı, yəni ki, nə üçün sözünü demirsən? Əlbəttə, əvvəl-axır son söz Kərim müəllimin idi və mizin arxasında oturanlar bunu yaxşı bilirdi ki, Kərim müəllimin son sözü, həmişəki kimi, Nuridə xanımın xeyrinə olacaq.
Düzdü, Kərim müəllim qəzetləri bir kənara qoyub gəlib mizin arxasında əyləşmişdi, yarpaq dolması yeyirdi, amma Kərim müəllim hələ də o şıdırğı yağışın, o qəfil yağışın altından çıxmamışdı və ən qəribəsi bu idi ki, və Kərim müəllim özü də burasını hiss edirdi ki, əslində həmin yağışın altından çıxmaq istəmir; ömründə Kərim müəllimdə belə şey olmamışdı, Kərim müəllim həmişə istini isti kimi qəbul etmişdi, soyuğu da soyuq kimi qəbul etmişdi və heç vaxt yağışa ehtiyac hiss etməmişdi, heç vaxt boş xəyal aləminə qapılmamışdı, amma indi birdən-birə beləcə şimşək çaxdı, beləcə göy guruldadı, beləcə yağış başladı və o yağışın sərini ürəyini beləcə təzə hisslərlə doldurdu. Kərim müəllim ürəyindəki bu təzə hisslərin nə olduğunu, nə dediyini və nə istədiyini bilmirdi, amma bir təzəlik, yenilik hiss edirdi və bu təzəlik eyni zamanda bir qüssə də gətirirdi, ötüb gedən bir ömürdən, həyatın eyniliyindən xəbər verirdi.
Kərim müəllim üzünü arvadına tutdu:
– Sən nə deyirsən?
Kərim müəllimin bu sualı çox gözlənilməz oldu, çünki uzun-uzun illərdən bəri bu evdə adət etmişdilər ki, Zəhra həmişə səhərdən axşama kimi ayaq üstə olsun, xörək bişirsin, qab-qacaq təmizləsin, paltar yusun, yayda mürəbbə bişirsin, sirkəbadımcan qoysun, pal-paltarı naftalinləsin, qışda da xəmir xörəkləri bişirsin və təbii ki, Zəhranın ciddi məsələlərə qarışmağa macalı olmurdu; əslində, Zəhranın ciddi məsələlərə qarışmağa heç həvəsi də yox idi və bu barədə Şərqiyyə anasına çəkmişdi; amma Zəhranın verdiyi cavab Kərim müəllimin sualından da gözlənilməz oldu:
– Vallah, ay Kərim, bəlkə elə mən özüm gedim?
Kərim müəllimin heyrətdən gözləri bərəldi:
– Nə?
– Hə də... Gedib əyin-baş da alıb gətirərəm sizinçün...
Züleyxa özünü saxlaya bilmədi:
– Sənin bəyəm təzə modalardan başın çıxır?
– Niyə çıxmır?
Kərim müəllim bayaqkı heyrətlə:
– Sən tək-tənha durub buradan Parisə gedəcəksən? – soruşdu.
– Nolar, ay Kərim, ömrümdə bir dəfə də mən bir yerə gedərəm də...
Nuridə xanım Zəhranın gözlənilməz cavabından sonra indi-indi özünə gəlirdi və acıqla dedi:
– Ömründə bir dəfə niyə? O boyda Nalçikə getməmisən?
Kərim müəllim gözünü arvadından çəkdi.
Doğrudan, görəsən, Parisdə yağış yağır?
Hamlet həyəcanını gizlətməyə çalışa-çalışa evə gələndən bəri ilk dəfə səsini bərkdən çıxardı:
– Siz heç bilirsiniz nə danışırsınız? Paris nədi bəyəm, Maştağaya getməkdi sizinçün? Paris Parisdi e, Paris! Parisə gedən adamın gərək təcrübəsi olsun. Parisə gedən adam gərək indiyə qədər, heç olmasa, bir dəfə xaricə getmiş olsun!
Abdulla səhərdən bəri bütün bu söz-söhbətə fikir vermirdi və təkcə bunu fikirləşirdi ki, nə bəhanə gətirib aradan çıxsın, çeşməyin qutusunu açsın, bu gözəl dünyada sərbəst olsun, azad olsun, bir az boğazını yaşlasın, sonra da gedib qırx il bir yerdə dəlləklik etdikləri Martirosu nərddə udsun, amma Hamletin dediyi sözləri eşidəndə əvvəlcə, elə bil, qulaqlarına inanmadı, sonra gördü ki, Hamletin sözlərindən sonra hamı və o cümlədən Nuridə xanım da təəccüblə ona baxır və sinəsini irəli verib belini dikəltdi, qəflətən bütün vücudunu titrədən həyəcanını gizlətmək istədi; məsələ burasında idi ki, həmin isti avqust günü Kərim müəllimgilin evində, süfrə arxasında əyləşən adamlardan heç biri heç bir vaxt xarici ölkədə olmamışdı və bu sahədə heç bir təcrübəsi olan yox idi, təkcə Abdulla müharibə vaxtı Avstriyanın azad olunmağı uğrunda vuruşmuşdu və bu barədə də özü yox, həmişə Nuridə xanım danışardı.
Əlbəttə, Abdulla heç vaxt gözləməzdi ki, beləcə sayılsın, təcrübəsi beləcə qiymətləndirilsin və Abdulla tamamilə əmin idi ki, Parisə Nuridə xanım gedəcək, qalan sözlər boş söhbətdir və əslində Abdulla ürəyinin gizlinində sevinirdi ki, Nuridə xanım Parisə gedəcək, çünki, heç olmasa, on-on beş gün tək qalacaqdı, on-on beş gün bu fani dünyada azad nəfəs alacaqdı, Bakıda sərbəst yaşayacaqdı. Abdulla özünün Parisə gedəcəyini heç ağlına da gətirmirdi, amma indi səhərdən bəri fikirləşib tapdığı, saf-çürük etdiyi bəhanələr də birdən-birə yadından çıxdı, çeşmək qutusunun içindəki beşlik də yadından çıxdı, növbəti dəfə usta Martirosu nərddə udmaq şövqü də yadından çıxdı və birdən-birə də Abdullanın köksünü bir fərəh hissi doldurdu, çünki özü öz gözlərində ucalmışdı.
Kərim müəllim arvadının gözlənilməz sözlərindən sonra, indi də oğlunun dediklərinə heyrət etdi, oğluna, sonra «içki düşkünü» Abdullaya baxdı, amma təmkinini pozmadı və sakitcə soruşdu:
– Nə demək istəyirsən?
– Demək istəyirəm ki... – Hamlet yavaş-yavaş qızarmağa başladı. – Yaxşı olardı Fəridə getsin!..
– Kim?
– Fəridə!.. Bu sahədə onun təcrübəsi var!.. Keçən il... Keçən il Bolqarıstana turist səfərinə getmişdi!..
Kərim müəllim heç nə başa düşmədi:
– Fəridə kimdi?
Hamlet daha da bərk qızardı. Züleyxa dedi:
– Beş ildi bu, Fəridəni sevir, gecə-gündüz onun dərdindən ah çəkir. Fəridə də buna əl vermir. Indi yəqin bunun qabağına şərt qoyub ki, Parisə getsin!.. Adını da dəyişdirmək istəyir Fəridənin dərdindən...
Kərim müəllim sidq-ürəkdən təəccüb etdi:
– Adını niyə?
– Fəridənin xoşu gəlmir bunun adından!..
Kərim müəllim oğluna baxdı və təkcə:
– Malades! – dedi.
Bircə anın içində Abdullanı soyuq tər basmışdı və Abdullanın sinəsindən səssiz bir ah qopmuşdu ki, ay axmaq, bu qədər yaşamısan dünyada, amma hələ də başında ağıl deyilən şey yoxdu, xoruz kimi quyruğunu pırpızlaşdırıb sinəni qabağa vermişdin, bilmirdin ki, dünya fanidir, ömür bivəfa?
Kərim müəllim həmin dəqiqələrdə ömründə heç vaxt olmadığı bir ikilik içində idi: öz evində, hələ atasından qalmış mizin arxasında əyləşmişdi, yarpaq dolması yeyirdi, söhbətə rəhbərlik edirdi, eşitdiyi sözlərə heyrət edirdi, amma, eyni zamanda, Kərim müəllim o şıdırğı yağışdan tamam çıxa bilmirdi və əslində çıxmaq istəmirdi, çünki o yağışın sərinində bir təzəlik var idi və bu təzəlik adamı özünə çəkirdi, bu təzəlikdə bir şirinlik var idi.
Uşaqlar məktəbi bitirirlər, dağılıb hərə bir yerə gedir, təzələri məktəbə gəlir və onlar da Kərim müəllimə Köhnə Göy Zənbil deyir.
Kərim müəllim bir-bir Zəhraya, Züleyxaya, Hamletə, Şərqiyyəyə, Nuridə xanıma, bu «içki düşkünü» Abdullaya baxdı və qəflətən fikirləşdi ki, bu adamlardan heç birinin ağlına gəlmədi ki, desin, Parisə sən get və bu qəfil fikir, doğrusu, az qaldı Kərim müəllimi kövrəltsin, amma eybi yox idi, çünki Kərim müəllimin bunların təklifinə ehtiyacı yox idi; sonra Kərim müəllimin gözü balaca taxta çarpayısına uzanıb əllərini gözlərinin qabağında oynadan və diqqətlə də öz əllərinə baxan uşağa sataşdı və yenə təəccüb etdi ki, balam, bu uşaq nə yaman düzəlib belə, səhərdən bəri bir dəfə də olsun ağlamayıb.
Görəsən, Parisdə yağış yağır?
Bu dəfə Kərim müəllimin özünün özünə acığı tutdu: bu nə axmaq sualdı belə, təkrar edirsən? Və Kərim müəllim silkinib o şıdırğı yağışın altından çıxdı, avqust gününün istisinə qayıtdı, yenə də həmişəki Kərim müəllim oldu. Şərqiyyə bütün günü birinci dəfə ağzını açıb nəsə demək istədi:
– Görəsən, Salman yazıq...
Kərim müəllim acıqla qızının sözünü kəsdi:
– Nə Salman-Salman salmısan? Salmanın nə dəxli var bura?
Sonra da Kərim müəllim qəti sözünü dedi:
– Parisə mən özüm gedəcəyəm!
Hamlet yerindən sıçradı:
– Axı, mən... Axı, mən... Axı, mən Fəridəyə söz vermişəm!
Kərim müəllim altdan-yuxarı oğluna baxdı və yalnız əlini havada yelləməklə kifayətləndi və:
– Ay-hay!.. – dedi.
Əvvəlki ərləri, Kərim müəllimgil, adi tanışlar, bir sözlə, dünyada heç kim heç vaxt Nuridə xanımın ağlamağını görməmişdi, amma indi birdən-birə Nuridə xanımın gözləri doldu və dodaqları səyriyə-səyriyə:
– Axı, sən, onsuz da, bütün dünyaya bələdsən... – dedi.
Kərim müəllim çalışdı ki, bacısının üzünə baxmasın və dedi:
– Bir var bilmək, bir də var gözünlə görmək.
Nuridə xanım daha heç nə demədi, gözlərindən iki damla yaş giləsi diyirlənib sifəti ilə axdı – deyəsən, daha qocalırdı – və ayağa qalxıb Kərim müəllimgildən çıxdı. Abdulla da ayağa qalxıb Kərim müəllimə baxdı, çiynini çəkdi və Nuridə xanımın ardınca mənzildən çıxdı.
Kərim müəllim başa düşdü ki, Nuridə xanım bir də bu evə ayaq basmayacaq. Hamlet yenə də bir-bir atasına, anasına, bacılarına baxdı və yanıb yaxıla-yaxıla soruşdu:
– Mən... Bəs mən... Bəs mən Fəridəyə nə deyim?
Züleyxa:
– Get de ki, axmağın böyüyüyəm! – dedi və böyük otağa keçdi.
III
Həmin avqust günü axşamçağı idi. Kərim müəllim şüşəbənddə oturub çay içirdi və fikirləşirdi ki, sabah sübh tezdən durub bazara, dükana yox, əlaqədar idarələrə getməlidir ki, Paris səfərinin kağızkuğaz işlərini həll etsin və məktəbdəki müəllimlərin sifətləri bir-bir gəlib dururdu Kərim müəllimin gözlərinin qabağında və bu sifətlərdəki açıq-aşkar heyrət, doğrusu, Kərim müəllimin xoşuna gəlirdi.
Zəhra mətbəxdə qabları yuyurdu və yuya-yuya da fikirləşirdi ki, səhər durub halva çalmaq lazımdı və kişinin yoluna halva qoymaq lazımdı, çünki halva elə şeydi ki, heç vaxt xarab olmur, özü də adam doyuzduran şeydi, yoxsa ki, qərib ölkədi, nə bilirsən nə verəcəklər yeməyə, deyirlər ki, Fransada ilbiz yeyirlər, hələ deyirlər ki, eşşək əti də yeyirlər.
Hamlet acıq eləyib çıxıb getmişdi və deyirdi ki, axşam gəlib çamadanını götürəcək və ümumiyyətlə, bu evdən biryolluq gedəcək, amma hamı yaxşı bilirdi ki, bir azdan Hamlet gəlib mətbəxdə oturacaqdı və axşam yeməyini yeyəcəkdi, çünki Hamletin beləcə küsüb getməyi çox olmuşdu və həmişə acanda da geri qayıtmışdı. Züleyxa yenə də böyük otaqda, divanda uzanıb o gözəl gündəliyi oxuyurdu və indi tamamilə həmin gündəlikdəki çılğın hisslər aləminin içində idi və o yerdə ki, Züleyxa səliqə ilə gündəliyin səhifəsinə tikilmiş qoşa kino biletini gördü, özünü saxlaya bilmədi, bir-iki dəfə hıçqırıb için-için ağladı, çünki rəfiqəsi sevdiyi o vəfasız oğlanla sonuncu dəfə bu biletlərlə kinoya getmişdi və bu biletlər indi həmin məhəbbətin sonuncu yadigarı idi.
Şərqiyyə bayaq yarpaq dolması yedikləri mizin üstünə şal salıb uşağın əsgilərini ütüləyirdi.
Uşaq balaca taxta çarpayısında uzanmışdı və yenə də əllərini gözlərinin qabağında oynadırdı. Bu vaxt qapının zəngi çalındı. Kərim müəllim gəlib qapını açdı.
Poçtalyon idi, Kərim müəllimə teleqram verdi və kağızına qol çəkdirib getdi. Kərim müəllim əlində tutduğu teleqramı oxudu, sonra bir də oxudu. Teleqram Salmandan idi, yazırdı ki, narahat olmayın, xəstəxanadan çıxıram və heç kimin də Parisə gəlməyinə ehtiyac yoxdu.
Züleyxa zəngin səsinə gündəlikdən ayrılıb durub qapının yanına gəlmişdi və Kərim müəllimdən heç nə soruşmadı, teleqramı alıb özü oxudu və dedi:
– Axmaq Salman! Mən onun yerinə olsaydım, indi hamınızı gətirtmişdim Parisə!
Kərim müəllim otağa tərəf gedə-gedə fikirləşdi ki, gərək bayaq təklif eləyəydi ki, Parisə Nuridə getsin, amma qanadına baxmamışdı ki, nə biləydi ki, axırı belə olacaq; sonra Kərim müəllim nəvəsinin çarpayısının yanında ayaq saxladı. Uşaq gözlərinin qabağında oynatdığı əllərinə baxırdı, sonra Kərim müəllimə baxdı, yenə də əllərinə baxdı və birdən-birə bərkdən ağlamağa başladı. Kərim müəllim qalın qaşlarını çatdı:
– Hə, başladı yenə çığırmağa... – dedi.
Züleyxa:
– Etiraz edir də! – dedi.
Kərim müəllim qalın qaşlarını çatdı:
– Nə etiraz? Kimə etiraz edir?
Züleyxa:
– Elə bizim hamımıza! – dedi. Sonra güldü: – Protest eləyir bizə! – Sonra da böyük otağa qayıtdı ki, o nakam məhəbbətin sonuncu yadigarı olan qoşa biletə yenə də tamaşa eləsin.
Kərim müəllim qızının sözlərindən bir şey başa düşmədi, gəlib pəncərənin qabağında dayandı və qarşıdakı bağa baxdı: təqaüdçülər oturub domino və nərd oynayırdılar və xəbərləri yox idi ki, bu gün səhərin gözü açılmamış sanitarlar bu bağdan neçə sahibsiz it apardılar, sonra Kərim müəllimin yadına düşdü ki, şəhər Sovetinə məktub yazmalıdır və bu günün işini sabaha qoymaq lazım deyil; qələmkağız götürüb mizin arxasına keçdi, amma uşaq çox bərk ağlayırdı və Kərim müəllimin fikirlərini dağıdırdı.
Uşağı kiritmək mümkün olmadı, gecə yorulub yatana qədər ağladı.
Avqust, 1983. Şüvəlan.
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)
XORXE BORXES, “Dörd dövrə” essesi
Dünən vəd etdiyimiz kimi, “Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun Gənc yazarlar üçün nəzəriyyə dərsində dünyaşöhrətli argentinalı yazar Xorxe Borxesin “Dörd dövrə” essesini təqdim edir.
Xorxe BORXES
DÖRD DÖVRƏ
Cəmi dörd əhvalat var.
Biri, ən qədimi, hücuma məruz qalan və qəhrəmanların müdafiə elədikləri qalalı şəhər haqqındadır.
Müdafiəçilər şəhərin qılınc zərbələrinə və atəşə tutulmağa məhkum olduğunu, əbəs yerə müqavimət göstərdiklərini bilirlər. Fatehlərin ən məşhuru Axilles qələbəni görməmiş ölməyə məhkum olduğundan xəbərdardır. Aradan keçən əsrlər süjetə sehr elementləri gətirdi. Yəni inandılar ki, uğrunda ordular bada gedən Helen gözəl bir bulud, gözə görünən bir xəyal imiş; Axeyləri gizlədən nəhəng at isə içərisi boş ruh imiş. Bu əfsanəni ilk söyləyən Homer olmayacaqdı; XIV əsr şairinin bir misrası ağlıma gəlir: “The borgh brittened and brent to brondes and askes”*; Dante Qabriel Rossetti, yəqin ki, Troyanın taleyinin Parisin Helenə olan ehtiraslı eşqinin alovlandığı anda həll olunduğunu təsəvvür edəcəkdi; Yets, Ledanın qu quşu şəklini almış Tanrıya qovuşduğu ana üstünlük verəcəkdi.
İkinci əhvalat da birinci ilə əlaqəlidir, qayıdış haqqındadır. Qorxunc dənizlərin üzündə on il dolaşandan və sehrli adalarda məskən salandan sonra üzüb vətəni İtakaya gələn Odisseydən, eləcə də şimal tanrılarından bəhs edir, həmin tanrılar yer məhv olandan sonra onun yenidən yaşıllaşdığını və parlayaraq dənizdən necə yüksəldiyini görmüş, o ərəfədə döyüşdükləri yerdəki otlar arasından şahmat fiqurlarını tapmışdılar.
Üçüncü əhavalat axtarış haqqındadır. Bunu əvvəlkinin bir variantı da hesab eləmək olar. Bu, qızıl yun tapmaq üçün dənizlərdə üzən Yasonun əhvalatıdır, bir də otuz fars quşunun əhvalatıdır, onların hər biri və hamısı öz tanrısının – Simurqun üzünü görmək üçün bir anda dağlardan, dənizlərdən keçir. Keçmişdə hər cəhd xoşbəxt sonluqla bitərdi. Sonda qəhrəmanlardan biri qızıl almaları oğurlayar, o biri də müqəddəs kasanı əldə etməyi bacarardı. İndi axtarışlar uğursuzluğa məhkumdur. Kapitan Ahab balinanı vurur, lakin balina sonda onu məhv edir; Ceymsin və Kafkanın qəhrəmanları da ancaq məğlubiyyət gözləyə bilərlər. Biz cəsarət və inanc baxımından o qədər yoxsuluq ki, xoşbəxt sonluqda yalnız kütləvi zövqlərin kobud şəkildə uydurduğu rəğbəti görürük. Cənnətə inanmaq iqtidarında deyilik, cəhənnəmə isə ondan da az inanırıq.
Son əhvalat Tanrının intiharı haqqındadır. Friqiyada Atis özünü çıxdaş edir və öldürür; Odin özünü özünə – Odinə qurban verir, nizə ilə sancıldığı ağacdan doqquz gün asılı qalır; İsa Məsih romalı legionerlər tərəfindən çarmıxa çəkilir.
Cəmi dörd əhvalat var. Nə qədər zamanımız olsa da, onları bu və ya digər şəkildə yenidən nağıl edəcəyik.
Qeyd
*Bu misra Orta əsrlərin ingilis dilində təxminən aşağıdakı mənanı verir: “Alınmış, ocaq yerinə və külə dönmüş qala”. Misra "Ser Qaveyn və yaşıl cəngavər" adlı möhtəşəm alliterasiyalı poemadandır, əsər Haramzadə Vilyamın rəhbərliyi altında İngiltərənin fəthindən bir neçə əsr sonra yaradılmış olsa da, Sakson dilinin ilkin musiqisini qoruyub saxlayır.
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)
Əlindən tutmadığımız uşaqlarımız - AKTUAL
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Mən də bugün şahid olduğum bir mənzərədən az öncə yazısı paylaşılmış həmkarım Kübra Quliyevanın yazısına bir cavab olaraq, ya da necə deyərlər, həmsəs olaraq rəy bildirmək istədim.
Övladına sevgi göstərən insanlar gördükcə hər yerdə o qədər kövrəlirəm və həyəcan keçirirəm ki. Bu sevgidən tam olaraq məhrum olmamışam heç zaman, nə yalan deyim. Amma məhrum olma qorxusunu mən də yaşamışam. Kiminin valideyni sağkən var olmur yanında, kimininki də ruhunu qoyub gedir geridə.
Bugün bir "ana" obrazıyla rastlaşdım və öz anama içimdən təşəkkür etmək gəldi. Əslində uşaq ikən bir çox şeyi anlamazdıq. Məsələn, yol keçərkən, ya alışverişdə ikən anamızın əlimizdən tutmasının nə qədər önəmli, nə qədər mənalı olduğunu dərk etməzdik çoxumuz. Hətta sən demə, mən bugünə qədər də dərk etməmişəm. Bugün gördüyüm mənzərə bilirsiniz nə idi? Qabaqda övladı yoxmuşcasına əlində markaların alışveriş çantalarıyla gedən "müasir" bir ana və onun iti addımlarına çatmaq üçün arxadan yarı addımlayaraq, yarı qaçaraq irəliləyən 5-6yaşlarında bir oğlan uşağı. O an sorğuladım səbəbsizcə ki, istəmədiyin, sevgi göstərməyəcəyin bir övladı niyə dünyaya gətirəsən ki axı? Cavab tapa bilmədim. Çünki bu sualın heç bir məntiqli cavabı yoxdur. Hə, təbiiki bu 5-10saniyə şahid olduğum mənzərə o ananın övladını sevmədiyini göstərmir, amma diqqətsiz valideyn necə olur, bax ona gözəl örnəkdir. Məsələn o səhnəni görəndə anamın hara getsəm əlimi buraxmağa qorxması mənim üçün böyük anlam qazandı. O an içimdən "mənim uşağım arxamdan bu cür qaçmağa məcbur olmayacaq" sözünü verdim. Düzdür, indiyə qədər də öz xəyallarımda fərqli bir ana olacağımı təsəvvür etmişdim. Hətta bununla bağlı da aylar öncə fikirlərimi, hisslərimi paylaşmışdım. Amma düşünmək bir yana, insan gözüylə görəndə anlayırmış bəzi şeyləri.
Gələcəkdə mənim qızım ya oğlum, kim olar, haralara gedər, necə uğurlar qazanıb necə uğursuzluqlardan keçər, bilmirəm. Həyatdı, bəlkə də yaxşı ana, nümunəvi valideyn olub örnək övladlar yetişdirə bilmərəm. Amma nə olur olsun, bu dünyada sevgisiz böyüyən uşaqlar silsiləsində say artırmayacağam. Onu dəqiq bilirəm.
Bəlkə çoxunuza məsləhət verəcək qədər olğun deyiləm. Ya da çoxunuzun düşüncəsi qədər yetişməyib düşüncəm. Amma həmkarımın sözlərinə qüvvət deyib, sizdən xahiş etmək istəyirəm ki, övladlarınıza sevgini qaşıq-qaşıq, qorxaraq yox, dolu-dolu verin. Heç kim sevgidən ölməyib, inanın, amma insan ruhu sevgisizlikdən ölə biləcək qədər həssasdır. Sarılmaq nəfəsinizi kəsməz, amma bir gün bir məzar başında son dəfə sarılmadınız deyə ağlayarkən kəsilə bilər nəfəsiniz...
Sevgiylə qalın.
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)