“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün söz ədəbi tənqidindir, görkəmli tənqidçi Vaqif Yusiflinin “Yeni ədəbi nəsil” məqaləsi təqdim edilir.
YENİ ƏDƏBİ NƏSİL
1.Ədəbi nəsillərə bir gəlişmə
Ədəbiyyatda nəsil anlayışı şərti və nisbidir. Belə ki, sözün yaşarılığını müəllif yaşı təyin eləmir. O söz çox istedadlı cavan bir müəllifin bədii təxəyyülündən də doğa bilər, yaşlı bir sənətkarın qələmindən də. İndi otuz səkkiz yaşlıları çox vaxt cavan şair adlandırırlar, halbuki, bu yaşda Əli Kərim öz ömrünü başa vurmuşdu. Yaxud 30-35, həttra 40 yaşlı elə “cavanlar” var ki, onların yazdığı şeirlər, hekayələr, müəllifləri kimi həyatdan əlini üzmüş qocalara bənzəyir. Lakin “ədəbi gənclik” anlayışına bir qədər başqa – “rəsmi” şəkildə də yanaşmaq olar. Bütün zamanlarda insan ömrünün ən təzə, ən təravətli, ən qaynar dövrü gənclikdir və bunu ədəbiyyata şamil edəndə “təzə səs”, “təzə nəfəs”, “təravətli söz” ifadələri yada düşür. XX əsr Azərbaycan ədəbiyyatı bir neçə “ədəbi gənclik” dövrü keçirmişdir və məlum oldu ki, bu dövrlərin hər biri ədəbiyyatda yeni bir nəslin özünüifadəsinin başlanğıcı olub. Və o da maraqlıdır ki, yeni ədəbi nəslin gəlişi qalmaqalsız və mübarizəsiz keçməmişdir. Xatırlayaq 60-cı illəri. Bu elə bir dövr idi ki, artıq ədəbiyyatda bir çox şablonlar, stereotiplər dağılmalıydı – həyatın, cəmiyyətin inkişaf tempi qarşısında köhnə bədii təfəkkürə duruş gətirmək mümkün deyildi. Formalar, qəliblər sınmalı, dağılmalıydı. 60-cı illərdə bu missiyanı ustad Rəsul Rzanın başçılığı ilə “altmışıncılar” ədəbi nəsli həyata keçirdi. “Altmışıncılar” Azərbaycan poeziyasında sənətin inkişafına sədd çəkən köhnə, yıpranmış ənənələrdən imtina etdilər, “qum dənəsində kainat” axtardılar, Azərbaycan poeziyası vasitəsilə dünyaya pəncərə açdılar. “Altmışıncılar” özlərindən sonra gələn ədəbi nəsillərin taleyində də müəyyən rol oynadı. “Yetmişincilər” hesab etdiyimiz ədəbi nəsil – Ramiz Rövşən, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Eldar Baxış, Vaqif Bəhmənli keçilmiş yolu təkrar etmədilər. Ancaq mahiyyət etibarıilə bu nəsil də eyni ədəbi missiyanı yerinə yetirdi. Ədəbiyyata 70-ci illərin sonları, 80-ci illərin əvvəllərində gələn nəsil bu sanki hamar, heç bir maneə törətməyən yolla irəliləməyə başladı. Onlar da bir nəsil kimi formalaşdılar – Rüstəm Behrudi, Tofiq Qaraqaya, Ağacəfər Həsənli, Əjdər Ol, Adil Cəmil, Zahid Sarıtorpaq, Əlisəmid Kür, Ramiz Qusarçaylı, Akif Əhmədgil, Barat Vüsal, Ağamir Cavad, Məhəmməd Astanbəyli adları ilə təmsil olunan bu ədəbi nəsil (onların sırasında Adil Mirseyidin, Əhməd Oğuzun, Nisəbəyimin, Sabir Adilin ölümünə təəssüflənirik) müxtəlif fərdi üslubları ilə diqqəti cəlb etdilər.
Sonra gəlir “doxsanıncılar”. Hərəsi bir yol seçən “doxsanıncılar” nəsli də eyni həqiqətə ayrı-ayrı prizmalardan baxdılar. Məqsəd nə idi? Məqsəd o idi ki, bədii sözün potensialı artsın, ədəbiyyat – söz sənəti dünya, gerçəklik sözün dünyasına çevrilsin. Bu ədəbi nəsil içərisində kimlərisə fərqləndirmək olar. Başda Salam Sarvan, Qulu Ağsəs, Balayar Sadiq, Əlizadə Nuri, Məlahət Yusifqızı, Rəsmiyyə Sabir, Tərlan Əbilov, Bilal Alarlı, Fərqanə Mehdiyeva, Əlirza Həsrət “doxsanıncılar” içində istedadlı şairlər kimi diqqəti cəlb etdilər və əlbəttə, Salamın sözə münasibətindəki təzəliklər indi də unudulmayıb: “Söz ilə oyun oynadım”.
Təbii ki, “doxsanıncılar” içində Avropa şeir modellərinin milli şeir ölçüləri ilə əvəzlənməsi hallarını biz heç də tənqid etmirik. Rasim Qaracanın, Azad Yaşarın, Həmid Herisçinin, Murad Köhnəqalanın, Zahir Əzəmətin, Xanəmirin, İbrahim İbrahimlinin modernist şeirə meyilləri bir təzə hava idi.
2.İkimininci illərin ədəbi nəsli “Ulduz”un üç sayında.
“Ulduz” jurnalı yeni ədəbi nəslin yaradıcılığını əks etdirən seçmə nümunələri oxuculara təqdim edir (iyun – 2023, Proza, oktyabr – 2023, poeziya yanvar – 2024 – tənqid). Nəsr nümunələri yalnız hekayələrdən ibarətdir və onları gənc nasir Furqan seçib, şeirlərdən ibarət nümunələri Ramil Əhməd, tənqid yazılarını isə Elnarə Qaragözova hazırlayıb. Əlbəttə, onların hər birinin seçimində natamamlıq ola bilər, hansı gənc şair və nasir bu seşimlərdən kənarda qala bilər, yaxud Furqan, Ramil Əhməd, Elnarə xanım öz ədəbi zövqlərinə uyğun seçim ediblər. Lakin bütün bunlar o qədər də əhəmiyyətli deyil.
3.Poeziya
Dahi rus tənqidçisi V.Q.Belinski yazırdı: “Kim istəsə ki yazdığı şeirlərdə şairliyi görünsün, o gərək əvvəlcə qəlbən şair olsun və təbiətinə uyğun olaraq həyatın poetik tərəfini görsün”. Bu fikri müəyyən mənada ikimininci illərdə ədəbiyyata gələn gənc şairlər haqqında söyləmək olar. Hər bir gənc şairin ədəbiyyata gəlişi müxtəlif yollardan keçə bilər: kimisi ədəbiyyata hansı ustadınsa kitabından, o kitabdakı şeirlərin təsirindən, kimisi poeziya iqliminin zahiri, cəlbedici havasından (belələri nə qədər desən var), kimisi də daxili tələbatdan, ürəyinin səsiylə. Fikrimizcə, ikimininci illərin gənc şairləri ədəbiyyata, poeziya aləminə ürəyinin səsi ilə gəliblər, burada, təbii ki, istedad amili mühüm rol oynayır. Aqşin Evrən, Allahşükür Ağa, Fərid Hüseyn, Günel Şamil qızı, İntiqam Yaşar, Ramil Əhməd, Ruslan Dost Əli, Şəhriyar del Gerani, Ulucay Akif, Habil Rzanur – indi bu adlar müasir poeziyamızın gənclik bölmələrindən tez-tez səslənir. “Poeziya” sayına ön söz yazan gənc şair Ramil Əhməd yazır: “Əminliklə demək olar ki, “Ulduz” jurnalının bu nömrəsi ədəbi mühitin poetik dünyagörüşünü geniş bir şəkildə əks etdirməkdədir. Bu poetik nümunələr şeirimizdəki istiqamətlər, üslublar, işlənən ana mövzular haqqında fikir yaratması baxımından önəmlidir”. Ramil Əhməd öz yaşıdlarının şeirləri barədə çox yüksək fikirdədir. Təbii ki, burada təshih edilməli ifadələr var: “Ədəbi mühitin poetik dünyagörüşü” əvəzinə “şeirimizin gənc nəslinin poetik aləmi” ifadəsini işlətmək daha məqbul görünərdi.
XXI əsr təkcə dünyada, konkret olaraq bir məmləkətdə, ictimai həyatda, baş verən hadisələrdə deyil, ədəbiyyatda, xüsusilə poeziyada öz əksini tapır. Bu gənc şairlər elə bir dövrdə yaşayırlar ki, dünya onların gözləri qarşısında dəhşətli mənzərələrlə canlanır – müharibələr, insan ölümləri, aclıq, səfalət, mənəviyyatsızlıq dalğaları bir-birini əvəz edir. Dünyanın əzəli, əbədi rəngi, ahəngi dəyişir. Biz Azərbaycan adlı bir məmləkətdə yaşayırıq və yaxın keçmişdə bütün bu mənzərələr bizə tanışdır. Amma müstəqillik sevinci, məlum düşmən üzərində qələbələrimiz, heç şübhəsiz, poeziyaya, o sıradan gənc şairlərin düşüncə tərzinə də təsirsiz qalmayıb. Gənc şair Gülay Tahirlinin şeirlərində Vətənin keçmişi və müasir dövrü tarixi həqiqət kimi dərk olunur: insan və Vətən vəhdəti şeirin qayəsinə çevrilir:
Mən ən çox sənə bənzəyirəm, Vətən!
Ürəyim sənin kimi parçalanıb.
Xəritən kimi kiçilmişəm,
Zərrə-zərrə biçilmişəm,
Nə qədər idim,
Nə qədər olmuşam, Vətən!
Ən çox torpağına bənzəyirmiş adam.
Minillik yaralarını əlimdə sıxsam, sıxsam,
Ürəyim qoruyarmı, görən?
Darıxma, Vətən, darıxma.
O quşlar ki var:
Təbrizindən dən gətirib
Bakında əkən quşlar,
Onlara baxıb deyərəm,
ümid var.
Əlbəttə, gənc şairlərin yaradıcılığında Vətənə, torpağa, mənəvi dəyərlərimizə, yaxın və uzaq tarixi keçmişimizə, Qarabağ müharibəsinə həsr olunan, sadəcə dəb xatirinə deyil, milli duyğu kimi yazılan şeirlər heç də az deyil. İkinci Qarabağ müharibəsinin iştirakçısı Həsən Kürün əksər şeirlərində onun cəbhə xatirələri, döyüşçü həyatı əks olunur. “Cəbhədən məktub” şeiri döyüşçü atanın qızına yazdığı təsirli sözlərlə diqqəti cəlb edir:
Mən burda yaxşıyam, sən də yaxşı ol,
Bilim ki, sənin də günün şən keçir:
İnan, göndərdiyin bütün dualar
Gəlir başımızın üstündən keçir,
Allah başımızın üstədir, qızım.
İki mininci illərin gənc şairlərini müxtəlif mövzular üzrə qruplaşdırmaq olar, amma bunun heç bir səmərəsi yoxdur, çünki şairin şairliyini mövzu deyil, onun şeirində özünü necə ifadə etməsi müəyyən edir. Özünüifadə hər hansı şairin fərdi poetik üslubuyla bağlıdır. Ədəbiyyatı müxtəlif adamlar yaradır, lakin onların hamısını müəyyən ideya birləşdirir, ancaq ayrılıqda hər birinin öz dünyası, fərdi yaradıcılıq keyfiyyətləri, fərqli yazı manerası var. Poeziyada üslub ilk növbədə, şairin həyat hadisələrinə özünəməxsus və subyektiv münasibəti ilə bağlıdır. Əgər iki şair payızı eyni cür, eyni poetik vasitələrlə qələmə alırsa, burada fərdilikdən söhbət gedə bilməz.
Fərdi üslubu ilə seçilən bir neçə gənc şairin şeirləri barədə söz açaq. Ramil Əhməd bu gənc şairlər arasında xüsusilə seçilir, desək, səhv etmərik. On il öncə onun “Zaman tuneli” adlı ilk şeirlər kitabı çapdan çıxmışdı (o zaman 21 yaşı vardı). O kitabda Ramil metaforik düşüncə tərzini şeirlərində başlıca ifadə vasitəsinə çevirmişdi. Ancaq bizi daha çox maraqlandıran onun “Müharibə” silsiləsindən olan şeirləri idi. Ramil də bir çox yaşıdları kimi, müharibəni görməyib, o, dünyaya gələndə müharibə bitmişdi. Ancaq onun şeirlərində müharibədən sonrakı ovqat ön plana keçir, deməli, müharibə hələ bitməyib – şikəst qollar, qoparılmış ayaqlar, evin divarlarındakı şəhid ataların şəkili, sevgililərin göz yaşları... hələ varsa, müharibə bitməyib.
Ramil Əhməd müasir şeir mədəniyyətinə yiyələnmiş cavan şairdir. Təbii ki, XXI əsrin poeziyası (dünya və milli aspektdə) yeni poetik qanunauyğunluqlarla təsbit olunur. Baxın:
Üzündə təbəssüm donmuş şəhərin dəlisi,
Tül pərdələrin ardındakı gizlin baxışlar,
Yayılan pıç-pıçlar, dedi-qodular;
Kölgəsini qovalayan uşaqlar,
Yarpağı titrəməyən,
Yarpağı soyuqqanlı qatilin əlləri kimi
Titrəməyən ağaclar,
Gözlərinə baxa bilmədiyim yandırıcı bir
günəş,
Çayımın rəngsizliyində gülümsəyən evin
qadınsızlığı
Ruhumu saran dibsiz bir çan sıxıntısı
hamısı, hamısı, hamısı...
Raminin “Can sıxıntısı” adlı şeiri başdan-ayağa beləcə metaforalarla, sözlərin və ifadələrin assosiasiyalarla ifadəsi ilə diqqəti cəlb edir. Ümumiyyətlə, müasir şeirdə məna və məzmunun bədii təsvir vasitələrindəki orijinal metaforalar, təşbehlərlə ifadəsi daha çox gənc şairlərin şeirlərində nəzərə çarpır. Bəzi misallara müraciət edək:
“Ayrılıq” ölüm deyil,
ölmək deyil,
“Ayrılıq”
heç vaxt şuxluğunu, itirməyən,
aranızda yaşayan diridir.
(Cahan Seyidzadə)
İflic adamın göz yaşları qədər kimsəsizəm,
Nə əllər kömək edir,
Hə də çiyinlər.
Payız axşamüstüsü
Yorğun ağacların qorxulu yuxusu kimiyəm.
Ölmək – yaşayanlara qalib gəlməkdir
deyir içimdəki qoca.
(Habil Rzanur)
Qollarını itirsə də, geri dönməyən əsgər,
Olmayan qollarıyla
Yol göstərmək istəyirdi yoldaşlarına.
İndi
Fərqi yox idi, amma
Ondan uzaqda döyüşən qolları
Ön cəbhədə
Usta dirijor kimi
Qələbə nəğmələri bəstələyirdi.
(Malik Atilay)
Müharibə şəkilləri asılıb
Gözlərimlə dünyanın arasında.
Güllələnmiş körpənin “ana” hayqırtısı
bəzəyir qulaqlarımı –
sırğa əvəzi.
(Şahanə Müşfiq)
Misalların sayını yenə artırmaq olar. Bu yazıda Aqşin Evrənin “İnikas” şeirindəki insan-təbiət vəhdəti ilə bağlı orijinal deyimləri, Aygün Bayramlının “Qayağı” şeirindəki uçmaq metamarfozası, Arzu Hüseynin bitib-tükənməyən sevgi duyğuları, Allahşükür Ağanın “pəncərədən gözəl görünən payız”, Cavid Qasımovun “Görürsənmi, əzizim, Bizdən çox-çox uzaqda afrikalı uşaqlar günəş şəkli çəkirlər” misraları ilə başlayan gözəl bir şeiri, Eminqueyin hər bir şeirindəki az qala poetik aforizmlərə çevrilən deyim-duyumları, Nadir Yalçının özünəməxsus şeir dili, Günel Şamilqızının sadə və səlis dillə ifadə etdiyi həqiqətlər, Səddam Laçının “Yuxuyozma”, “Tremor rəssam”, “Unudulan qadın” şeirlərindəki poetik obrazlar, Sərdar Aminin “Göbələkli kötüyü”, Şəfa Vəlinin “Mən səninüçün darıxıram, İlahi” misrası ilə onun bütün şeirlərinin zəncirvari birliyi haqqında daha geniş söz açmaq olardı.
Biz İntiqam Yaşarın, Ruslan Dost Əlinin, Ruzbeh Məmmədin və Şəhriyar del Geraninin şeirlərindən də qısaca söz açmaq istəyirik. Fikrimizcə, bu şairlərin hər biri fərdi poetik üslublarını artıq müəyyənləşdiriblər. Maraqlıdır ki, onların şeirlərində bəzən eyni mövzulara müraciət olunsa da, bu şeirlərdə tamam başqa notlar nəzərə çarpır. İntiqam Yaşar darıxmağa bir ayrı məna verir, Ruzbeh Məmməd bir ayrı, Şəhriyar da tamam ayrı. Ruslan Dost Əli bu şairlərin heç birinə bənzəmir (“Sənin saçların tökülər, mənim əllərim, neyləyim?”).
Nəticə etibarilə deyək ki, “Ulduz”un gənc şairlərə həsr etdiyi say uğurludur, (bir çox cavan şairlər bu sayda görüşməsələr də...)
Proza və Ədəbi tənqid bölümləri isə növbəti dəfə sizlərə təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)