Çağdaş Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən olan istedadlı bəstəkar, sənətşünas-alim Rəhilə Teymur qızı Həsənova dünyasını dəyişib.
AzərTAC cəbər verir ki, 73 yaşlı bəstəkar avqustun 10-da ABŞ-da vəfat edib.
O, bir sıra elmi məqalələrin, dərs vəsaitlərinin (o cümlədən, “Solfecio” müəllif dərsliyinin), monoqrafiyaların müəllifidir. 2005-ci ildə “Musiqi nəzəriyyəsi fənlərarası tədqiqat obyekti kimi” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2009-cu ildən ABŞ-da yaşayan R.Həsənova burada da bəstəkar və pedaqoq kimi fəaliyyətini davam etdirib.
R.Həsənovanın əsərləri vətənindən kənarda – ABŞ, İngiltərə, Almaniya, Avstriya, İtaliya, Fransa, İsveçrə, Rusiya, Ukrayna, Hollandiya, Yaponiya, İsrail və başqa ölkələrdə ifa olunur, nüfuzlu beynəlxalq festivalların proqramına daxil edilir. ABŞ, Böyük Britaniya, Almaniya və Polşada bəstəkarın müəllif konsertləri böyük uğurla keçirilib. 2004-cü ildə Almaniyada “Dərviş” adlı kompakt-diski işıq üzü görüb.
Rəhilə Həsənova “Cavidi-dəstgah” xor operası, “Pendulum Clocks” duo-operası, 3 simfoniya, simfonik orkestr üçün “Ulduzların laylası”, “The Solitary Voice”, “Yurt”, “Eos – Helios”, müxtəlif kamera heyətlər üçün “Səcdə”, “Ürfani”, “Dərviş”, “Mərsiyə”, “Səma”, “Pirəbədil”, “Müğfil”, “Nüvə”, “Zərrə”, piano kvinteti üçün “Perfect Equilibrium”, iki piano və iki saxophone üçün “Dəniz”, piano üçün: “Monad” sonatası, “Alla Meyxana” fantaziyası, “Çeşmə”, “Jasmin ləçəkləri”, “Payız palitrası”, “New Baroque Fugues and Postludes” silsilələri, orqan üçün “Qəsidə”, “Səhra”, solo alətlər üçün “Dance of Fire” (violino), “Zoom in-Zoom” (saxophone soprano), “Penetrations” (bass clarinet) və s. əsərlərin müəllifidir.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)