Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
"Bizim çətin əsrimizdə ən çətini insan olmaqdır. İstər alim, istər sənətkar ol, istər xəstə baxıcısı fərqi yoxdur. Əgər sən qürurla səslənən insan adına layiq deyilsənsə heç kimsən"
Bu gün daha çox uşaq yazıçısı kimi tanınan nasir, tərcüməçi, ssenarist, əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Ələviyyə Babayevanın doğum günüdür.
Ələviyyə Babayeva 1921-ci il avqust ayının 12-də Bakıda dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra Tibb institutuna daxil olmuşdur.
Lakin, ədəbiyyata olan sevgisi hələ orta məktəb dövründə şeir yazmağa başlayan Ələviyyə Babayevanı üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət univerisitetinin filologiya fakültəsinə gətirir.
O, 1951-1973-cü illərdə “Azərbaycan qadını” jurnalında məsul katib, 1973-1985-cı illərdə “Gənclik” nəşriyyatında Müasir ədəbiyyat şöbəsinin müdiri və baş redaktor, bir müddət də Azərbaycan yazıçılar birliyində tərcümə bölməsinin rəhbəri olub.
Ələviyyə xanım ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat" qəzetində dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlayıb.
"Mənim müəlliməm" adlı ilk kitabı isə 1950-ci ildə "Uşaqgəncnəşr"də çap olunub. Və bundan sonra onun bir-birinin ardınca "Hekayələr", "Tək ağac", "Kənd yolları", "Payızda", "Yenə bahardı", "Tut ağacı", "Süsən sünbül", "Hörüklər", "Adamlar və talelər", "Hardasan, dost, harda", "Əlvida", "Dəli Sona", "Son döngə" və s.kitabları işıq üzü görüb.
Əsərləri rus, ingilis, türk, bolqar, çin, yapon və başqa dillərə tərcümə olunub və həmin ölkələrin nəşriyyatlarında çapdan çıxıb.
Ələviyyə Babayeva eyni zamanda uzun illər tərcümə və jurnalistliklə də məşğul olub. Gənc yaşlarından müasir rus və xarici ölkə ədəbiyyatından da tərcümələr edib. L.Tolstoy, İ.Turgenev, A.Çexov, M.Qorki, V.Korolenko, G.Paustovski, A.Qaydar, V.Byankin, V.Astafyev, V.Ponova, Y.Çaruşin, Y.Sotnik, A.Zegeres (alman dilindən) və başqalarının əsərləri onun tərcüməsində kütləvi tirajla çap olunub.
Onun "Adamlar və talelər", "Səni axtarıram" romanları və 1964-cü ildə işıq üzü görən "Kölgə" povesti oxucular tərəfindən xüsusi maraqla qarşılanıb.
1979-cu ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Ələviyyə Babayeva 2014-cü il sentyabr ayının 23-də - 93 yaşında vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(12.07.2024)