Şəhidlər barədə şeirlər - Əli Rzalı

 

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Əli Rzalı

 

Əli Rzalı 2002-ci il aprel 17-də Yardımlı rayonunun Bilnə kəndində anadan olub.

 

Azərbaycan Ordusunun əsgəri olan Əli Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Əli Rzalı oktyabrın 2-də şəhid olub. Yardımlı rayonunda dəfn olunub.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Rzalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

Bir şəhid tanıyıram,
Tarixin yaddaşında.
Bir şəhid tanıyıram,
Düz on səkkiz yaşında.

Bir şəhid tanıyıram.
İgid, qəhrəman olan.
Bir komada böyüyüb,
Vətənə qurban olan.

O şəhidin anası,
Bala odunda yanar,
O şəhidin atası,
Əlləri qabar-qabar.

O şəhidin arzusu,
Böyüyüb anasının,
Qayğısına qalmaqdı,
Böyük adam olmaqdı.

Şəhiddən böyükmü var?
Vətənin canındadır.
Mələklərin içində,
Tanrının yanındadır.

Yadındadır tarixin,
Zəfər qayəsi kimi.
Adı şəhid Əlidir.
Quran ayəsi kimi.

Bir şəhid tanıyıram.
Ürəklərdə yaşayır.
Onu Tanrı seçibdi,
Onu göylər tanıyır.

 

 “Ədəbiyyat və incəsənət”

(12.08.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.