“Prezident İlham Əliyevin Astana səfəri Cənubi Qafqaz və Mərkəzi Asiya regionları üçün mühüm əhəmiyyət kəsb edir” - ADƏM İSMAYIL BAKUVİ Featured

“Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 9 avqust tarixində Qazaxıstana səfəri və Astanada keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının sammitində iştirakı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə və möhkəmlənməsinə xidmət edir. Həmçinin birmənalı olaraq qeyd etmək lazımdır ki, bu tarixi səfər eyni zamanda da istər Cənubi Qafqaz, istərsə də Mərkəzi Asiya regionları üçün mühüm əhəmiyyət kəsb edən hadisədir. Hər zaman öz çıxışlarında dərin məntiqə və danılmaz faktlara əsaslanan dövlət başçımız Astana sammitində etdiyi çıxışında da xüsusi olaraq vurğuladı ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Otuz ildən artıqdır ki, ölkələrimiz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparır, bir-birilərinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirirlər. Hazırda müşahidə olunan regional əməkdaşlığın yeni formatı isə ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq. Cənab Prezident İlham Əliyev Ötən il Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən Sammitdə iştirakını xatırladaraq bildirdi ki, Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.”

 

Bu fikirləri “Ədəbiyyat və incəsənət”ə verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi ifadə edib.

 

Fikirlərini davam etdirən müsahibimiz qeyd edib ki, son vaxtlar planetimizin hər yerində gedən ziddiyyətli proseslər ciddi narahtlıq doğurur və ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir: “Məhz bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri xüsusi önəm kəsb edir. Dövlətimizin başçısı öz çıxışında bir daha belə bir vacib məqamı diqqət mərkəzinə gətirdi ki, Ermənistanın işğalından azad edilmiş ərazilərimizin, Qarabağın bərpasına Mərkəzi Asiya ölkələri tərəfindən verilən dəstək qardaşlıq münasibətlərimizin mühüm təzahürlərindən biridir. Məlumdur ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Cənab Prezident bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə bir daha öz təşəkkürünü bildirdi. Dövlət başçımız öz çıxışında bunu da qeyd etdi ki, bu gün bütün dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi xüsusi önəm kəsb edir.”

 

Daha sonra politoloq A.İ.Bakuvi qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin əsasında ilk növbədə Vətən müharibəsindən sonra ölkəmizin nəqliyyat-logistika imkanlarının genişlənməsi faktı durur: “Azərbaycan hazırda Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar da məhz ölkəmizin ərazisindən həyata keçirilir. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında ən təhlükəsiz və iqtisadi cəhətdən sərfəli nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Təsadüfi deyil ki, cənab Prezident öz çıxışında Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri kimi məhz nəqliyyat-tranzit sahəsində əməkdaşlığı qeyd etdi. Diqqətə çatdırıldı ki, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. Bu gün Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir və artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Bütün bunlar belə deməyə əsas verir ki, bun gün Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi məqsədilə bütün istiqamətlər üzrə uğurlu addımlar atılır” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.