Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Onu uzun müddətdir ki, tanıyıram. Abdulla Atakişiyev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Mənzil-Kommunal Təsərrüfatı İdarəsində Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləyir. Onunla daha çox “Dəniz” qəzeti redaksiyasında görüşürdük. Əslində tanışlığımız da elə burada olub. Maraqlı yazıları məni cəlb etmişdi. Elə bu məqalələrin izi ilə onun özü ilə də yaxından tanış olduq. Onda diqqəti çəkən bir xüsusiyyət də yaşından qıvraq görünməsidir. Göz dəyməsin, yaşından çox-çox cavan görünür. Redaksiyaya növbəti gəlişində marağımı gizlədə bilmədim.
-Bu sualı mənə verən çox olub,- dedi. – Ürəyimi kin, küdurətlə doldurmamağım, zəhmətə məhəbbətim, eyni zamanda idmana böyük həvəs və güclü marağımın nəticəsidir sizləri təəccübləndirən.
İdmana məhəbbətimə baxmayaraq, böyük idmanla məşğul olmaq imkanından xaric olmuşam. Lakin qarşıya çıxan çətinliklər nə qədər maneələr yaratsa da, idmana həvəsimi söndürə bilməmişdir. İmkandan və şəraitdən istifadə edərək, ancaq özüm üçün bədən tərbiyəsi və idmanla, fiziki hərəkətlərlə məşğul olmaqla, fiziki hazırlığımı artırmağa çalışmışam və eyni zamanda müəyyən mənada da buna nail olmuşam...
O daha sonra dedi ki, insanları müxtəlif və çətin problemlərlə üzbəüz qoymuş müasir dünyamızda böyük idmanla məşğul olmaq bir çoxları üçün əlçatmaz olsa da, fiziki hərəkətlərlə, sağlamlıq gimnastikası ilə hamı məşğul ola bilər. Buna isə, sadəcə həvəs və məhəbbət, bir balaca da özünü ”məcbur” etmək üçün iradə lazımdır.
- İdman yaxşı şeydir, - deyə o, sözünə davam edir, - insanı möhkəmlədir. Ancaq idman köməkçidir və onu həyatın məqsədinə, quru rekordçuluğa çevirmək olmaz. Biz insanın hərtərəfli inkişaf etməsini istərdik. Belə ki, o, yaxşı qaçmağı, üzməyi, sürətlə və gözəl yeriməyi bacarsın, bir sözlə, onun hər bir orqanı saz, özü isə normal və sağlam olsun.
- İdmanın daha çox hansı növünə üstünlük verirsiniz? - deyə soruşdum.
- Mən ayrılıqda götürükdükdə nə üzgüçülüyün, nə idman yerişinin, nə qaçışın əleyhinə deyiləm. Eyni zamanda konki sürməyi bacarmağın, ağırlıq qaldırmağın, turnikdə mürəkkəb hərəkətlər etməyin, hündürlüyə tullanmağın və yaxşı tennis oynamağın da, bir sözlə insan həyatı üçün vacib fiziki bacarıq və səriştənin tərəfdarıyam.Məhz bunların vəhdəti fiziki kamilliyə yol açır, insanı uzunömürıü edir. Mən idmandan həm də mənəvi zövq alıram. Sualınızı konkret cavablandırmalı olsaq, lap gənclik illərimdən turnikə həvəsim çox olub. Müxtəlif yarışların qalibi olmuşam. Otuz ilin yol yoldaşıyıq. Bundan başqa, müxtəlif vaxtlarda və müxtəlif idman növləri üzrə “çempionatlar”ımı keçirmişəm. Bir az qeyri - adi səslənsə də, bu “çempionatlar”ın qalibi olaraq ”Çempion” adına layiq görülmüşəm. Yarışların proqramına ağırlıqqaldırma, velosiped, uzaq məsafələrə qaçış.... var. İndinin özündə gündə iki saat yarım qaçıram.
Hərdən yarıgerçək, yarızarafat evdəkilərə deyirəm ki, nə vaxt səhər saat 6 - da məni yorğan - döşəkdə görsəniz, bilin ki, Abdulla artıq qocalıb.
- Siz öz işinizdən başqa, həm də qəzetlə əməkdaşlıq edir, elmi məqalələr yazır, fiziki işlə məşğul olur və idmanı da unutmursunuz. Buna necə imkan tapırsınız? Yorulmursunuz?
- Bunların hamısına təkan verən elə idmandır. Çox istərdim ki, idman hər bir azərbaycanlının gündəlik məşğuliyyətinə çevrilsin, həyatının ayrılmaz hissəsi olsun.
İnanın, Abdulla müəllimin bu söhbətindən sonra içimdən təəssüf dolu bir gizilti qopdu: Mən niyə idmanla məşğul olmuram? Bunun üçün məndən nə pul istəyən, nə yolumu kəsən var...
Bizi zəhərləyən siqaretə, ömrümüzü püç edən spirtli içkilərə pul xərcləyirik, amma canımıza sağlamlıq, qəlbimizə gümrahlıq gətirən idmana vaxt tapmırıq. TƏƏSSÜF!!!!
“Ədəbiyyat və incəsənət”
(08.08.2024)