“Ədəbiyyat və incəsənət” Akademik Dram Teatrının mətbuat katibi, gözəl yazıçı və dramaturq Cavid Zeynallının Gürcüstanın Batumi şəhərinə aid yol qeydlərini diqqətinizə çatdırır.
Batumi. Gecə 12-ni keçib. Hələ Trabzona getməmiş yol yoldaşım Alikə demişdim ki, geri qayıdanda Şükriyyə xanımın böyüdüyü, Əhməd Cavada qoşulub qaçdığı evi görmək istəyirəm.
Sözün düzü, evi tapacağımıza o qədər də inanmırdım. Şükriyyə xanımın nəticəsi Javada yazdım. Ünvanı dəqiq dedi: Selim Kimşiaşvili küçəsi, 7.
Alik sağ olsun, ürəklə yanaşdı. Xəritəyə yazdı, it gəzdirən gürcü xanımdan soruşduq. Nəhayət, həmin ev...
Qapını döydük. Ya gec idi, ya da evdə heç kim yox idi deyə, səsimizə səs verən olmadı. Amma şəkildə gördüyünüz tərzdə mən də həyətə boylandım, Üzeyir də.
Şükriyyə xanım bu evdən 1916-cı ildə, Novruz bayramına az qalmış çıxıb. Qızılbaş şairə - Əhməd Cavada qoşulub qaçdığına görə atası Süleyman bəy onu düz 20 il danışdırmayıb.
Şükriyyə xanım o günləri belə xatırlayırdı: "Piyada yolla, ayrı-ayrılıqda gedib şəhərin kənarına çıxdıq, faytona mindik. Onunla ilk dəfə yan-yana oturduq. Birdən məni dəli bir ağlamaq tutdu. Mənə elə gəldi, doğma şəhərimi bir də ömrüm boyu görməyəcəm".
“Ədəbiyyat və incəsənət”
(08.08.2024)