Super User
BİR SUAL, BİR CAVAB Əkbər Qoşalı ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
“Bu - əl, bu - göz, daha nə?
Qalan hər şey bəhanə...
Günəş özü göylərdə,
Nuru, nuru yerdədi.
Eşqdi göyə qaldırır,
Qanada inandır...
Sevgisizlər inanmır,
Odu, budu... yerdədi”...
(Ə.Qoşalı)
Əkbər bəy, ola bilməzmi ki, sevgisizlər dünənin ən güclü aşiqləri olmuş olsun?.. Bəlkə onların sevgisiz yaşayan “ölü” olmalarına səbəbkarlar, sevgi dolu qəlbləri "acımadan donduran buz adamlar"dır...
CAVAB
Bu da ilginc bir təsbitdir – bir gənc yazarımızın qənaəti kimi diqqtəlayiqdir. Məncə, sevda, sevgi, eşq buzlaşa bilməz – o yandırar-yaxar – ya qarşısındakını ya da sahibini... Atəşdən köynək geyinmişlərin könlü buza dönə bilməz deyə düşünürəm. Elə bilirəm, sevgi və ağıl ayrı-ayrı kateqoriyalardır. Sevgisizlik isə həyatdan nəsibini almamışlara aiddir – həm sevgi, həm ağıl baxımından. Bəlkə də, bu, necə deyərlər, üçüncü haldır. Belə olunca, daha çox, utancaqlıq gəlir ağla – bax, o da, münasibətlər sistemində özünü doğrultmamış, nə qarşıdakına, nə utananın özünə xeyir gətirməmiş bir haldır, davranışdır.
Sevgi konkret bir insana – sevgiliyə qarşı deyilsə belə, yenə sevgi vardır, əlbəttə; əlbəttə, kimsə onu büruzə verər, kimsə büruzə verə bilməz; yaxud hal əhli gərəkdir, onu duysun, onun könlündən keçənləri oxuya bilsin...
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)
KİTAB BƏLƏDÇİSİ - Corc Oruellin “Heyvanıstan” əsərinin bədii təhlil
Xəyal Nəsibov və Nemət Tahir, “Ədəbiyyat və incəsənət” üçün
Corc Oruelin “Heyvanıstan” əsəri satirik alleqorik üslubda yazılmış bir romandır. Əsərdə malikanə sahibinin məsuliyyətsizliyindən və laqeydliyindən təngə gələn heyvanlar Qoca Mayorun-donuzun təbliğatı ilə müstəqil yaşamaq eşqinə düşürlər. Nəhayət, heyvanlar üsyan edir və sahiblərini fermadan qovaraq, müstəqil “Heyvanıstan” dövlətini qururlar. Ancaq insanların mənəviyyatına və davranışına xas olan xüsusiyyətlər heyvanlar arasında da baş qaldırır.
Əsərdə yazıçı yeni yaranmış dövlətin sonradan hansı qaydalarla idarə olunması ardıcıllığını dəqiqliklə verib. SSRİ-nin quruluşunda olan ideyaların tədricən necə süquta uğradığını ətraflı təsvir edib. Əsərdə bir çox nəzəriyyələr özünü göstərir. Cəmiyyətdə qadınların rolunu müəyyən etmək kimi məsələnin bu gün də gündəmdə olduğunu nəzərə alsaq, əsərdə olan personajlarda gender bərabərliyinin pozulduğu açıq aydın göstərilir. Buna görə də əsərin Feminizm nəzəriyyəsi baxımından təhlili məqsədə uyğundur. Belə ki romanda Femnizm nəzəriyyəsinə aid xüsusiyyətlər - yazıçının qadınlara münasibəti, kişi obrazların qadınlara münasibəti, qadınların qadınlara münasibəti və kişi və qadın personajların stereotipik ənənəvi xüsusiyyətləri (içən, şiddətə meyilli, ana) araşdırılaraq təhlil edilib.
Beləliklə “Heyvanıstan” romanını oxuduqda görürük ki, müəllif Corc Oruel əsərdəki qadınlara ikinci dərəcəli varlıq kimi yanaşır. Burada bütün qoyunlar, inəklər, toyuqlar, ana donuzlar, itlər, atlardan Klover və Molli qadınları təmsil edirlər. “Heyvanstan” ölkəsində qadınların sayı, ümumilikdə, daha çox olsa da, subardinasiya səviyyəsinə baxdıqda qadınların heç bir vəzifə tutmadığı, söz, haqq sahibi olmadığı aydın görünür. Müəllif Qoca Mayorun dili ilə qadın obrazlı heyvanlara yanaşmasını aydın təsvir edir. Klover dünyaya gətirdiyi dörd övladdan heç birinin taleyini müəyyən etməyə hüququ çatmır və ancaq nəsil artırmaqla məşğuldur. Nappleon itin dünayaya gətirdiyi balaları əlindən alır, özü böyüdür, tərbiyə edir. Toyuqların fikrini soruşmadan yumurtalarını öz mənafeyi üçün bazarda satdırır. Molli obrazı vasitəsi ilə qadınlar yüngül əxlaqlı və qorxaq kimi göstərir. Çünki Molli yalına rəngli lentlər bağlayıb ona qayğı göstərən insanlara özünü göstərir, əlindən qənd alıb yeyir, günlərini əyləncədə keçirir, zəhmət çəkmək istəmir. O, “Pəyə” döyüşü zamanı yoldaşlarına kömək etmək əvəzinə, tövlədə başını oxurda gizlədərək döyüşdən yayınır. Yazıçıya görə qadınları təmsil edən qoyunların şəxsi fikri, qərarı yoxdur, başqalarının sözlərini hər dəfə tutuquşu kimi təkrar edirlər. Qadınların gücsüz olduğunu düşünən kişilər daha çox onları yüngül işlərə-meyvə yığmağa, təmizliyə yönəldirlər. Klover kimi qadınlar oxuyub yazmağı bacarmır, hər şeyi bilsə də, anlasa da, bu həqiqətləri ifadə etməyə cəsarəti çatmır, verilən tapşırıqları yerinə yetirməyə çalışır. Bununla da müəllif qadınların savadsız, cəsarətsiz və müdhi olduğunu ifadə etməyə çalışib. Bütün bunlar nəzərə alaraq qeyd edə bilərik ki, yazıçı Corc Oruel əsərdəki qadınlara qarşı antifeminist mövqe sərgiləyib.
“Heyvanıstan” romanını oxuduqda məlum olur ki, heyvanların yaratdığı dövlətdə əsas idaretmə kişilərin əlindədir. Kişilərin qadınlara münasibəti ancaq onları idarə etmək və onlara aid olan vəzifələri icra etməyə məcbur etməkdən ibarətdir. Qeyd edildiyi kimi qadınların ancaq ana olmaq, nəsil artırmaq, istehsal etmək, işləmək və təmizliyə nəzarət etmək fünkusiyaları var. Kişilər qadınları demək olar ki, dövlətin idarə olunmasında heç bir vəzifəyə yaxın buraxmır. Onların idaretməyə qarışmaq fikirləri və ixtiyarları əllərindən tamamilə alınmışdır. Dövləti idarə edən donuzlar, Napoleonu qoruyan itlər, ondan öndə gedən qara Xoruz, gecə-gündüz işləyərək əziyyət çəkən Bokser də kişləri təmsil edir. Qadınlar o qədər hüquqsuz idilər ki, hətta əsərin bir hissəsində yumurtalarının tamamilə satılmasına etiraz edən toyuqlar hüquqları uğrunda üsyan etsələr də, sonda kişilərin zor tətbiq etməyi nəticəsində mərkəzi hakimiyyətə tabe olurlar. İtlərdən özünə mühafizə yaradan Napoleon öz hakimiyyətini qorumaq üçün işini ancaq kişilərə etibar edir, onları müxtəlif işlərin icrasına göndərir. Napleonum sağ əli Çığırğan manipuliyasiya edir, onun fikirlərini ölkə vətəndaşlarına çatıdırır. Qarğa Mousey utopik, xoşbəxtlik və rahatlıq ölkəsi haqqında məlumat verərək, daha çox işləyənlərin, zəhmət çəkənlərin,
hakimiyyət tabe olanların öldükdən sonra həmin məkana gedəcəyini təbliğ edir. Toyuqlara rəhbərlik edərək, onları qorumalı olan qara Xoruz da ancaq Napoleonun rəhbərliyi altında hərəkər edir, öz qadınlarının hüquqlarının tapdanmasına, nəslinin kəsilmə təhlükəsinə etinasız yanaşır. Hakimiyyətin əsas təmsilçisi olan, donuzların içindən çıxan Napolronun bütün qadınlara hakim olması,onlara sahiblənməsi, yeganə toxumluq donuz olması qadın hüquqsuzluğunun kulminasiya nöqtəsi idi. Beləliklə, kişilərin qadınlara münasibətindən bu qənaətə gəlmək olar ki, kişilər demək olar ki, bütün hakmiyyəti mənimsəyib. Əsərdə kişilər qadınlara tam hüquqsuz və cəmiyyətin idarə olunmasında heç bir rolu olmayan,ancaq kişilərin hakmiyyətinə xidmət edən varlıqlar kimi baxırlar. Bu dövrün reallığı və kişi qadın münasibətinin əyani sübutu kimi təsvir olunur.
Eyni zamanda əsərdə az da olsa, qadınların qadınlara olan münasibəti də görünür. Belə ki V fəsildə qadın obraz olan Kloverlə Mollinin dialoqu bu baxımdan diqqəti çəkir. Klover Mollinin işləmədiyini və boş-boş gəzdiyini görüb onunla söhbət etmək istədyini bildirir. O, Molliyə qonşu fermaya tərəf baxaraq kiminləsə söhbət etdiyini bildirir. Molli bunun yalan olduğunu bildirir. Buna inanmayan Klover onun axurunda axtarış apararaq qənd və müxtəlif rəngli lentlər tapır. Üç gün sonra Molli yoxa çıxır. Göyərçinlər onun Kloverin düşündüyü kimi qonşu fermada olduğunu və xoşbəxt göründüyü xəbərini gətirirlər. Buradan göründüyü kimi Klover Mollinin hərəkətlərini həzm edə bilmir və ona etirazını bildirir. Mollidə bir qadın olaraq Kloverə güvənmir və sirrin açıldığını, tezliklə yoldaş Napoleona çatacağını zənn edərək Heyvanıstanı tərk edir. Buradan o nəticəyə gəlmək olar ki, tipik qadınlararası münasibətdə qadının qadına olan güvənsizliyi və bir qadının digər qadını həzm edə bilməməsi, ona paxıllıq etməsi qadınlarin bir-birinə olan rəqabət hissinin təcəssümüdür.
Göründüyü kimi əsəri oxuduğumuz zaman daha da irəli gedib əsərdəki obrazları cinslərə görə sahib olduqları xarakterə və inandıqları sterotiplərə uyğun qruplaşdırmaq mümkündür. Fermanın sahibi Corc bütün günü sərxoş olur, ailəsinə və fermasına qayğı göstərmir. Harınlamış feodal obrazı yaradan bu surət sanki “kişilər içib sərxoş ola bilər” sterotipinin qurbanı olur. Onun həyat yoldaşı Miss Con isə həyat yoldaşının səhvini düzəltmək, fermaya sahib çıxmaq əvəzinə əlinə keçən qiymətli əşyaları götürərək, aradan çıxır.Bu da varlı qadınların meşşan həyatını təsvir edir. Hakimiyyəti ələ keçirən heyvanlar arasında da bu sterotipik hərəkətləri görə bilərik. Belə ki dişi itlər, donuzlar, toyuqlar, qoyunlar ancaq bala doğmaq,nəsli artırmaq, yüngül işləri görə bilmək xüsusiyyətləri malik olduğunu düşünən erkək heyvanlar onları istismar edir, qadınların hüquqlarını tapdalayırlar. Qadınların –Molli və Kloverin timsalında qeybət etmək, bir-birini nədəsə günahlandırmaq kimi ənənəvi üsuldan istifadə olunur. Kişiləri təmsil edən Napoleon hiyləgərlikdən və itlərin köməyindən istifadə edərək, ”Heyvanıstan”dan Snovbollu qovmaqla hakimiyyətli zorla ələ keçirir. Bundan sonra ona qarşı kim çıxsa, etiraz etmək istəsə, şiddət və zordan istifadə edərək, onun səsini kəsməyi bacarır. Bu xarakterik xususiyyətdə kişilərin şiddətə meyilli və hakimiyyət uğrunda mübarizədə amansız olmalarının nümunəsidir. Az işləməyi, bütün günü bəzənib-düzənib gəzməyi,rahat həyatı seçən Molli yüngül xarakteri ilə diqqəti çəkir. O işləməmək üçün Heyvansıtan tərk edib yenidən faytona qoşulmağı üstün tutur. Bu da “qadın özü müstəqil qərar verə bilməz, kimdənsə aslı olmalıdır” fikrini ifadə edir və bu cür “sərəbəst” qadınların atdığı addımların yanlış və səfehlikdən başqa bir şey olmadığını göstərir. Tək məqsədi dəyirmanı tikib qurtarmaq olan, bütün günü dayanmadan işləyən, Bokseri isə zəhmətkeş, öz gücünə və qabliyyətinə inanmayan, ömür boyu boyunduruqda yaşamağı üstün tutan kişi xarakterinə nümunə gətirmək olar.
Əsərdəki Benjamin obrazı hər şeyi bilsə də, gizlədir, deməyə lüzum görmür. Yəni onun“həqiqəti deməyin heç bir əhəmiyyəti və faydası yoxdur” streotipinin qurbanı olduğunu göstərir. Bu da kişi hər şeyi bilsə də,az danışar, kimi xarakterik xususiyyəti təlqin edir. Hər zaman yoldaş Napoleonun
haqlı olduğunu bildirən Çığırğan obrazı isə bəzi kişilərə xas olan yaltaqlıq və təbliğat işlərini “bacardığını” göstərir. Beləliklə, aydın olur ki, əsərdəki hər bir qadın və ya kişinin xarakterik xüsusiyyəti onların həmcinslərinin xarakteri ilə oxşarlıq təşkil edir. Qadınlar qadınlara, kişilər isə kişilərə məxsus hərəkətləi ilə diqqəti çəkirlər.
Qeyd edildiyi kimi əsəri Femnizm nəzəriyyəsi baxımından təhlil etdikdə belə bir nəticəyə gələ bilərik ki, heyvanlar inqilab və çevriliş hesabına çox gözəl ideyalar əsasında yaranan “Heyvansıtan”kimi dövlət qursalar da, kişi və qadın münasibətlərində gender bərabərliyinin pozulduğu, hüquqların tapdandığı, hakimiyyət naminə həmcinslərinin və qarşı cinsin əzildiği və şiddətə məruz qaldığı bir ölkədə xoşbəxtlik, firəvanlıq və inkişaf ola bilməz. O cəmiyyət xoşbəxt olar ki, orada istər qadın olsun, istərsə kişi, onlar bərabər hüquqlu və bir-birinə hörmət etsinlər. Əks halda “Heyvanıstan”fermasındakı kimi quruluşun süqutu labütdür.
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Döymə çolpa kababı
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Döymə çolpa kababının
hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Çolpa – 187 qr
§ Bitki yağı – 15 qr
§ Pomidor və ya tomat pastası –
10 qr
§ Sarıkök – 0,2 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ soğan – 20 qr, göyərti (cəfəri) – 8 qr, sumaq – 5 qr, dənələnmiş nar – 15 qr, lavaş – 15 qr
HAZIRLANMASI:
2 üsulla hazırlanır.
I üsul: Çolpa ütülür, 4 hissəyə bölünür. Xırda sümüklər, dərisi çıxarılır. Duz, istiot, xırda doğranmış pomidor və ya tomat, bitki yağı, sarıkök vuru- lur və qarışdırılır, 1-2 saat saxlanılır. Sonra şişdə və ya dəmir torda manqalda (və ya təndirdə) bişirilir. Üzərinə az miqdarda kərə yağı çəkilir.
II üsul: Çolpanın xırda tükləri alovda ütülür, yuyulur, təmizlənir, çinədanı təmizlənir, yuyulur. Çolpa bütöv halda toxmaqla döyülür. Eyni qaydada basdırma edilir. Sonra dəmir tora qoyulur və közdə qızardılır. Bişdikdən sonra dörd yerə bölünür və süfrəyə verilir. Yanında bişmiş pətənək, ürək, ciyəri də verilir.
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)
“Vətən həsrətindən ötəsi yalan!..“ - Təvəkkül Məmmədov
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə həvəskar şair Təvəkkül Məmmədovun şeirləri təqdim edilir.
Təvəkkül (Goruslu) Məmmədov 1 iyul 1962-ci ildə Gorus rayonunun Ağbulaq kəndində anadan olmuşdur. Az.NKİ-ni mühəndis mexanik ixtisası üzrə bitirmişdir.
AYB-nin üzvüdür.
Ötəsi yalan
İnsanın doğulub böyüdüyü yer,
Könlünə, ruhuna ilk sevgi, ilk yar,
Yox belə intizar, yox belə qubar,
Vətən həsrətindən ötəsi yalan!
Yolunu gözləyən iki göz kimi,
Bağrını yandıran isti köz kimi,
Dodağın çatladan iti söz kimi,
Vətən həsrətindən ötəsi yalan!
Gecələr röyayla, yuxuyla gələn,
Nəfəsin təngidən...göz yaşın silən,
Oyancaq rəsmiylə gözündə ölən,
Vətən həsrətindən ötəsi yalan!
İllərdi ətrini ala bilməyən,
İnciyib özünə bala bilməyən,
Öləndə məzarın ola bilməyən
Vətən həsrətindən ötəsi yalan!
Deyirlər, zamandır məlhəm hər şeyə,
Bəxtsiz sevənlərə, ərə, kişiyə,
Yurd, ocaq həsrəti başqa haşiyə,
Vətən həsrətindən ötəsi yalan!
Açar səhəri
Bu da yaz yağışı, bu da bir bahar,
Yazın da dumanı, sisi, çəni var.
Tumurcuq düyməsin açan arzular
Günəşlə qızınar, şehlə yuyunar.
Bu da yaz küləyi, bu da bir nəfəs,
Yerin sinəsinə sığalın çəkir.
Türkü, bayatıdı çıxardığı səs,
Laylası oyanış toxumu əkir.
Bu da yaz günəşi, diriliş onda,
Ondadı canlının heyi, təpəri.
Görüncək üfüqdən sarıca donda,
Təbiət sevinclə açar səhəri.
Bayramın mübarək olsun
Əlinin sığalı biləklərinə
"Nəzər duası"nın piri kimidi.
Üflənən sinəsi, kürəklərinə,
Nəfəsin canında diri kimidi.
Ay ana, oğluna yuxuda hay ver,
Nər oğlun yetimin biri kimidi.
Acıda məzara qoyulduğun yer,
Boyunun sığınaq yeri kimidi.
Bilmirəm, fələyin anası varmı,
Vardırsa, bəs səni nədən apardı?
Hayqıran oğluna qulağı karmı,
Analı dünyasın nədən qopardı?
İndi də yüz yaşlı babamı andım,
Əcəl yatağında Ana arardı!
Babamın yerində özümü sandım,
Anasız bu dünya nəyə yarardı!
O da razı qalar, Tanrını sorsan,
Cənnətdə sən kimi bir mələk olsun.
Gecə də, gündüz də qəlbimə yarsan,
Ay ana, bayramın mübarək olsun!
Dilim şəxsiyyətim...
Anamdan yadigar, atamdan qalan,
Rişəsin türk adlı soyumdan alan,
Milli adım olan, mənliyim olan,
Dilim şəxsiyyətim, tanıtımımdır!
Kəlamla tanınır dillər içində,
Adım var, sanım var ellər içində,
Ölçüylə, ülgüylə bəlli biçimdə,
Dilim şəxsiyyətim, tanıtımımdır!
Ahəngi cəngidi, ritmi muğamdı,
Ulumla, dədəmlə birgə doğandı,
Məni tanıtdıran ali məqamdı,
Dilim şəxsiyyətim, tanıtımımdır!
Nə qədər yaşayır, neçəki vardır,
Qəlbimə məlhəmdir, könlümə yardır,
Səsi, sədasıyla dünyaya cardır,
Dilim şəxsiyyətim, tanıtımımdır!
Adamın bir halı olur
Adamın bir halı olur,
Lap kədərdən də aşağı.
Adamın bir halı olur,
Sürüşür qəhər aşağı.
Adamın bir halı olur,
Lap qürubdan da aşağı.
Adamın bir halı olur,
Qəlbdə tufan, gözdə göy qurşağı.
Adamın bir halı olur,
Dalğın, səssiz üsyan edir.
Adamın bir halı olur,
Gedir...ayaqsız gedir!!!
Qışdan özün qoru, ürək
Zaman heysiz, fəsil çaşdı,
Yaş da elə həmin yaşdı,
Bir yan bahar, bir yan qışdı,
Qışdan özün qoru, ürək!
Fəsil-fəsil dönən illər,
Hər dönəmdə özün bəllər,
Çox zərifdi indi güllər,
Qışdan özün qoru, ürək!
Yazın ətri ruha qida,
Hər gün bir az gəlir dada,
Yaxın dayan ocaq-oda,
Qışdan özün qoru, ürək!
Dəyişkəndir indi hava,
Bahar qışla edib dava,
Tutunduqca qovhaqova,
Qışdan özün qoru, ürək!
Çərşənbələr yaza pillə,
Yürüdükcə pillə-pillə,
Qaratoyuq oxur zillə,
Deyir, "özün qoru", ürək!
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)
RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi
“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..
Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.
Sənubər ikinci dəfə deməyimi gözləməyib yerindən sıçradı. Təhlükənin dərəcəsinə onu inandırdıqdan sonra bu qadın tamam başqa bir adam olmuşdu. Beş dəqiqə sonra hazır idi. Gələrkən qapıda artıq suallar yaranmamaqçün taxdığım qrimi mənzilin qarşısında çıxarıb cibimə qoymuşdum. Çıxmazdan əvvəl yenə qrimlənib güzgüyə baxdım. Hər şey qaydasında idi. Sənubər yanımda dayanmışdı. Qrimimə baxan ev sahibəsi heç nə demədi. Ona blokdan çıxarkən üzünü dəsmalla tutmasını tapşırıb,-gedə bilərik,-dedim. Əlimi qapının dəstəyinə uzadanda qəfildən qolumdan tutub gözünü mənə zillədi. Sakitcə nə deyəcəyini gözlədim. Dərindən nəfəs alıb dedi:
-Bəxtiyar müəllim, bilirəm, evdə başıma gətirdiklərindən sonra ona inanmaqla böyük səhv etmişəm. Ancaq onsuz da bütün həyatım səhvlərdən ibarət olub. Üzüm yalandan gülüb, içim qan ağlayıb. Sizi and verirəm, oğlumu mənə qaytarın. O, bu həyatda tək yaşam səbəbimdi. Ona bir şey olsa, bilin ki, mən də ölərəm.
Ehmalca qolumu əlindən çıxardım. Heç nə deməyib sadəcə başımı yellədim. Deməyə bir sözüm yox idi. Qarşıdakı zil qaranlıq gecədə, gedəcəyimiz yerdə hələ ki, məchulluqdan başqa bir şey görmürdüm…
* * *
Nataraz məsələnin bir gün uzandığını eşidəndə möhkəm əsəbləşmişdi. Ancaq pulu gətirəcək adamın reanimasiya şöbəsində olduğunu biləndə bunu yoxlatdırmış və vəziyyətlə barışmaqdan başqa çarəsi qalmamışdı. Bir qədər əvvəl zirzəmiyə düşüb uşağa baş çəkmişdi. Onun hərəkətsiz vəziyyətdə uzanıb qaldığını görəndə nəbzini yoxlamışdı. Nəbzi zəif də olsa, vururdu. Sağ olduğuna əmin olduqdan sonra yuxarı qalxıb həyətə çıxmışdı.
Bir qədər həyətin ortasında dayanıb sonra təsbehini əlində fırlada - fırlada evin dalına keçdi. Asta addımlarla günortaya qədər qazıdığı çuxurun yanına gəldi. Çuxurun dərinliyi hələ ona lazım olan qədər deyildi. Bayaq yorulduğu üçün işini yarımçıq qoyub evə dincəlməyə keçmişdi. İndi nahar edib yorğunluğunu çıxardıqdan sonra yenə işinə davam etmək fikrindəydi. Ay işığında çuxurun dərinliyinə bir də baxdı. Sonra təsbehi cibinə qoydu, torpağa sancdığı beli götürüb çuxurun içinə atdı, ardınca özü də ora tullandı. Əllərinə tüpürüb beli torpağa sancdı. Çuxur bu gecə hazır olmalıydı. Ona bircə bu gecəni başa vurub sabah axşamı gözləmək qalırdı. Vaxt yetişəndə isə onu bezdirmiş bu uşaqdan da, maymaq Ağamirzədən də birdəfəlik canını qurtaracaqdı. İş elə gətirmişdi ki, haçansa istifadə etmək məqsədi ilə illərlə çörək kəsib özünü dost kimi göstərdiyi «xlebnik»i özü ona belə gəlirli bir iş təklif eləmişdi. Riskli olsa da, bu onunçün göydəndüşmə olmuşdu. Pula çox ehtiyacı var idi. Sakit həyətlərin birində öz ayaqları ilə gəlib maşınına oturan uşağı bir anda xüsusi məhlulla yatızdırıb asanlıqla qaçırmışdı. Onu bura, bağ evinə gətirib zirzəmidə zəncirlədikdən sonra xeyli götür - qoy edib öz planını qurmuşdu. Elə səhərisi gün gedib xarici pasport almaq üçün ərizə vermişdi. Alınacaq pullarla ölkəni tərk edəcəkdi. Pulları kiminləsə bölmək fikri yox idi. Bununçünsə hər şey bitəndən sonra əvvəlcə Ağamirzəni, sonra isə onsuz da ölüm ayağında olan uşağı aradan götürəcəkdi. Heç də ürəyiyumşaq biri kimi tanımadığı Ağamirzənin bir neçə dəfə «uşağa heç nə olmasın» deməsi onu şübhələndirsə də, bunu bir yerə yoza bilməmişdi. Ancaq bu ona elə də maraqlı deyildi. Onsuz da qərarını vermişdi. Öz qaydaları ilə yaşayan bu qəddar adam, əvvəllər olduğu kimi, bu cinayətində də heç bir şahid saxlamaq fikrində deyildi. Bunları fikirləşə - fikirləşə axşamdan əsməyə başlayan zəif küləyin get - gedə gücləndiyini görüb torpağı daha sürətlə qazımağa başladı. Tam əmin olmaq üçün çuxuru ən azı özü içərisində görünməz olana qədər qazıyacaqdı.
* * *
Maşını ofisin qarşısında saxlayıb Sənubərə maşında gözləməsini tapşırdım. Seyfdən silahımı götürüb qayıtğmağım iki dəqiqə çəkdi. Saata baxdım. Üçə on beş dəqiqə işləmişdi. Yerini bilmədiyimiz bir bağ evini tapmaq üçün ideal vaxt deyildisə də, planlaşdırdığım əməliyyat üçün bu vaxt ən uyğun gələni idi. Maşını yerindən tərpətdim. Binəqədi yolu ilə gedəcəkdim. Bir azdan şəhərkənarı yola çıxıb sürəti artırdım. İyirmi dəqiqə sonra dənizə düşən əsas yolla sağa dönən sonuncu döngəyə çatdım. Sənubər bu döngəni nişan vermişdi. Sürəti azaldıb maşını sağa, hər iki tərəfi bağ evləri olan küçəyə döndərdim. Bağ mövsümü olmadığı üçün ancaq tək-tük evlərdə işıq yanırdı. Maşının işığında yol boyu maraqlı mənzərə yaranırdı. Bu küçədəki evlərin bəziləri möhtəşəm villalar, bəziləri isə uçuq - sökük daxmalar idi. Hətta elələri var idi ki, qapısının illərlə açılmadığı ilk baxışdan bilinirdi. Belə bağların darvazalarının qabağını kol - kos basmışdı. Salonun güzgüsündə Sənubərə göz qoyur, onun diqqətlə baxa bilməsi üçün maşını lap asta sürətlə sürürdüm. Bütün diqqətini yolun sağına yönəltmişdi. Döndükdən sonra gəldiyimiz məsafəni gözəyarı ölçürdüm. Sənubər bu küçə ilə bağa çatmaq üçün təxminən iki yüz metr piyada getdiklərini demişdi. Ancaq heç yüz əlli metr getməmiş birdən səsləndi:
- Burada saxlayın.
Onu eşitmirmiş kimi sürəti dəyişmədən yoluma davam etdim. O, təəccüblə mənə baxıb, - niyə saxlamadınız, bayaq keçdiyimiz darvaza mənə tanış gəldi, - dedi.
Gülümsəyib heç nə demədim. Bir qədər də irəli gedib geniş bir yer tapıb maşını orada saxladım. Deyilən darvazadan təxminən əlli metr uzaqlaşmışdıq. Bu məsafəni piyada qayıdacaqdıq.
- Burada düşürük, telefonunuzu söndürüb maşına qoyun, - deyib düşdüm. Tez-tez zəng vuran sürücünün yersiz zəngi işləri korlaya bilərdi.
Maşının işıqlarını söndürmüşdüm deyə küçəni yalnız maşının salon işıqları işıqlandırırdı. Düşüb qapıları bağlayanda o işıq da söndü. Hər yan qaranlığa qərq oldu. Ayağımızın altını görmürdük. Büdrəməməsi üçün Sənubərin qolundan tutub gəldiyimiz yolla geriyə, ona tanış gəlmiş bağ evinə tərəf getməyə başladıq. Nəsə deyərsə, pıçıltı ilə danışmasını tapşırdım ona. Bir azdan həmin yerə çatdıq. Küçədə tam sakitlik idi. Gözümüz nisbətən qaranlığa öyrəşmişdi. Darvazaya diqqətlə baxdım. Yuxarı tərəfində vurulmuş lövhədə «satılır» elanı yazılmışdı. Deyəsən qohumları buranı da satıb pulunun dalına keçmək istəyirlər. Sənubər hər iki tərəfi dairəvi hörülmüş divar olan darvazaya baxıb dedi:
- Oxşayır, deyəsən buradır.
Birdən darvazanın sol tərəfinə tərəf gedib aşağı əyildi. Əlini yerə sürtüb nəyisə yoxladı. Sonra pıçıltı ilə dedi:
- Məni qucağınıza alıb bir qədər qaldıra bilərsiniz?
- Bilərəm, - qısa cavab verdim. Buraya oynamağa gəlməmişdik və əgər Sənubər bunu istəyirsə, deməli, belə etməyə əsaslı səbəbi var idi. O, daş hasarın lap yanına gəlib arxasını mənə tərəf çevirdi. Başını azca arxaya döndərib yenə pıçıltı ilə dedi:
- Əlim hasarın üstünə çatana qədər qaldırın.
Yaxınlaşıb iki əlimlə belindən tutmaq istəyəndə dedi:
- Belə mənim qabırğalarımı əzərsiz. Mümkünsə ayaqlarımdan tutub qaldırın.
Heç nə deməyib ayaqlarını budlarından yuxarı qucaqlayıb onu qaldırdım. Aşağıdan onun nə etdiyinə baxırdım. Əlini uzadıb divarın üstünə sürtməyə başladı. Əli nəyəsə toxunanda bir anlıq dayanıb sonra dedi:
- Endirin.
Ehmalca onu yerə qoydum.
Düşən kimi də həyəcanla dedi:
- Buradı, dəqiq yadıma düşdü. Qapının yanında ayaqları yerə basdırılmış taxta skamya var idi. İndi yoxdu. Amma ayaqlarının yeri qalıb. Açarı hər iki gəlişimizdə hasarın üstündən götürürdü. Gedəndə də yenə ora qoyurdu. İkinci dəfə oraya qoyanda, axı düşüb itər, dedim. Oradakı daşlardan birində oyuq var, ora qoyuram, çıx özün qoy, bax dedi. Skamyanın üstünə çıxıb əlimlə oyuğu tapıb açarı qoymuşdum onda. Əlimi sürtdüyüm həmin oyuqdu. Bunlar indi bura gələndə yadıma düşdü.
-Yəqin ki, oyuq boş idi?
-Hə, açar olsa, əlimə dəyərdi. Balaca, bir az dərin bir oyuqdu. Ora təkcə küçə qapısının açarını qoyurdu.
Bunu mənə əvvəlcədən izah etsə, rahatca əlimi uzadıb o oyuğu yoxlaya bilərdim. Bu həngaməyə də ehtiyac olmazdı. Ancaq deməyi lazım bilmədim. Söhbətimizdən sonra arxayınlığını itirən Sənubər indi elə vəziyyətdə idi ki, yalnız övladını fikirləşirdi. Hər halda daha şübhə yox idi. Bizə lazım olan bağı tapmışdıq. Gələrkən şansımızı cəmi iyirmi faiz dəyərləndirmişdim. Ancaq araşdırmalarımda ortaya çıxan ən xırda ipuclarından da yapışmaq adətim olduğu üçün buraya qədər gəlməyi lazım bilmişdim. Sənubərin yaddaşı yaxşı imiş. Bu bağı tapmağımız irəli atılmış çox yaxşı bir addım oldu. Görək məni içəridə nə gözləyir?.. Qaranlıqda əlimi darvazadakı giriş qapısının dəstəyinin ətrafına sürtdüm. Əlim qıfıl asmaq üçün olan halqalara toxunanda dayandım. Deməli, qapı çöldən asma qıfılla bağlanır. Qıfıl isə yoxdur. Bu o deməkdir ki, izinə düşdüyümüz həriflərdən biri böyük ehtimalla buradadır. Sənubərə baxdım. Üşüdüyü aşkar hiss olunurdu. Qolundan tutub, - ardımca gəlin, - dedim. Mən irəlidə, o bir qədər arxada gəlib maşına çatdıq. Burada bu gözəl qadın öz missiyasını başa vururdu. Bundan sonrasını maşında oturub gözləməklə keçirəcəkdi. Maşına çatanda dedim:
- Burada qalırsız. Bir azdan Layiqə gəlib sizi götürəcək.
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)
OXUCULARIMIZIN YARADICILIĞI – İnci Məmmədzadənin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Oxucularımızın yaradıcılığı rubrikasında İnci Məmmədzadənin “Edam olunmuş ədalət” hekayəsini oxucularına təqdim edir.
2024-cü il fevral ayı... Çöldə lopa-lopa qar yağırdı. Sanki keçən il yağmayan qar dənəciklərini də özündə birləşdirmişdi bu qar topaları. Bayırda əsən güclü külək vıyıltı ilə pəncərə şüşələrinin aralıqlarından süzülərək, otaqda əyləşənlərə az da olsa üşütmə verirdi. Zəhra nənə irəli-geri sallanan oturacaqda əyləşərək sevimli nəvələrinə rəngli-rəngli şərflər hörürdü. Onlar isə azalan sıra televizorun qarşısında, yerdə oturaraq cizgi filmə baxırdılar. Sağda – ilk başda 12 yaşlı Fariz, ondan sonra qəhvəyi – qonur saçlı 10 yaşlı Ülviyyə və ondan 5 yaş balaca Nuranə. Birdən verilən cizgi filmini xəbərlər əvəz etdi. Xocalı faicəsindən danışılırdı. Bayaqdan bəri bütün fikri hörgüdə olan bu yaşlı qadın illər əvvəl xalqına qarşı törədilmiş faciənin adını eşitdikdə diqqətini televizora yönəltdi. İndi qulağı eşitdiklərini dinləməkdə, gözləri isə edilən dəhşətləri görməkdə idisə, fikri ta faciənin başladığı illərə getmişdi. Necə də dəhşətli anlar idi... Xatırladıqca gözündən damla-damla yaş axır, yavaş-yavaş yanağından süzülərək artıq demək olar ki, bitən şərflərin üzərinə tökülür, onları isladırdı.
Birdən necə oldusa böyük nəvəsi üzünü yana çevirdi və nənəsini kədərli gördü. Televizorda gördüklərini hələ tam dərk etməyən Fariz nənəsinin kövrəlməsinin səbəbinin bu danışılanlar olduğunu başa düşdü. Ayağa durub ona yaxınlaşdı. Qardaşının oturduğu yerdə olmadığının fərqinə varan Ülviyyə də bacısının əlindən tutub evin böyük nəvəsinin ardınca getdi və nənənin ətrafında sakitcə əyləşdilər. Elə bir səssizliklə gəlmişdilər ki, onun diqqəti hələ də yayınmamışdı. O, Xocalı faciəsini düşünürdü.
Farizin – Nənə sənə nə oldu? – sualı onu keçmişdən ayırıb uşağa tərəfə baxmağa məcbur etdi: -Bir az kövrəldim, mənim ağıllı nəvəm deyib - əli ilə başını sığalladı uşağın.
—Nə üçün nənə can ? – Fariz onu maraqlandıran növbəti sualı verdi. Nənəsi onun başını bir də sığallayıb, sözə başladı.
Fevral ayının 25-di. Yuxudan tər içində, hövlnak ayılmışdım. Qalxıb yerimdə oturdum, gördüklərimi düşünməyə başladım, amma nəsə bir nəticəyə gələ bilmədim. Babanız da məni o vəziyyətdə görüb nə olduğunu soruşdu. Heç nə demədim, nəsə danışılacaq yuxu deyildi. Başımı qaldırıb saata baxdım. Artıq 7 idi, uşaqlar məktəbə getməli idi. Əynimi geyinib uşaqları oyatdım. Mətbəxə enib yemək hazırladıqca yenə yuxumu düşünməyə başladım. Çox qəribə, qorxulu bir yuxu idi. Artıq fevralın sonuna yaxınlaşırdıq. Havalar isinmək bilmədən qışın oğlan çağını kəndin sakinlərinin iliklərinə qədər hiss etdirirdi. Həmin günü qarın yağmağa başlaması ilə hər tərəf daha da şaxtaya bürüdü. Asta-asta əsməyə başlayan külək bu şaxtanı bütün nəfəsimizdə hiss etdirirdi. Qar dənəcikləri getdikcə artmağa başlamışdı. Havanın temperaturu çox aşağı düşdü. Nə o soyuq, nə də o günlər çox insanın yaddaşından silinməyəcəkdi.
Gecə düşdü. Saat 10-11 arası olardı. Çox insan yatmaq üzrə idi. Birdən tüklər ürpədici səslər eşitməyə başladıq. Ayağa qalxıb pəncərədən çölə boylandım. Gördüklərim məni qorxuya saldı. İnsanlar arxalarına baxmadan qaçırdılar. Bir qədər uzağa baxdıqda onların qaçmasına səbəb olan tankları, əli silahlı yırtıcıları gördüm. İnsanların üzlərindəki kədər, qorxu dolu gözləri hələ də yaddaşımdan silinməyib.
Qonşumuzda bir ailə yaşayırdı – Zəhra nənə sözünə davam etdi - Cəmi-cümlətanı bir övladları var idi. O qızcığaz illər sonra onlara bəxş olunmuşdu. Qaçdıqları yerdə 6 yaşlı uşağın ayaqqabısı ayağından çıxdı, geriyə dönüb onu götürmək istəyəndə erməni gülləsinə tuş gəldi. Anası: Balam – deyə qışqırdı. Alnından vurmuşdular. O alın ki, atası qızını hər daim o hissədən öpürdü. Və indi anasının bütün üzü qızının al qanına boyanmışdı. Üzərindəki qanı görən qadın özünü itirdi. Gözləri, dodaqları əsməyə başladı. Ayaqları cismini saxlaya bilmədi, o, tirtap yerə yıxıldı. Çox qəribə idi, bu mənzərə qarşısında onun gözlərindən yaş axmırdı, qurumuşdu göz yaşları sanki. Öz-özünə danışmağa başladı: Gözəl qızım, nastı balam, mavi gözlüm deyə sayıqlayırdı. Atasının gözləri doldu, hönkür-hönkür ağlamağa başladı. Erməni vəhşiləri kişini tutub kənara çəkdilər. Vəhşi sözü az qalar bu caniləri təsvir etməyə. Gözləri qarşısında qızını süngüyə keçirdilər. Qan ətrafa fışqırdı. Ermənilərin əllərindən vurnuxub çıxmaq istədi, alınmadı. Döyməyə başladılar, sonra dizləri yerə çökük vəziyyətdə başını yuxarı qaldırdılar. Onsuz da canı yanırdı, bir az da yandırmaq istədilər. On il bir yastığa baş qoyduğu yoldaşına gözləri önündə təcavüz etməyə başladılar. O qədər qəddar insanlardı ki, acı verməkdən doymurdular. Xanımı dinmirdi, yerdə yatan cansız bir bədən idi sanki. Qadının saçından tutub ayağa qaldırdı vəhşi erməni canisi. Əlindəki bıçaqla qadının başını kəsməyə başladı. Yoldaşının gözü hədəqəsindən çıxacaq qədər böyüdü. Bir insan necə mərhəmətsiz, vicdansız ola bilər axı? Qızını, xanımını gözləri önündə həyatdan məhrum etdilər. Yaşasaydı bu anlar gözləri önünə bəlkə də hər an gələcəkdi. Yaşamağa imkan versəydilər. Lakin onu da öldürdülər, qollarından tutub qarın üzərində sürüyə-sürüyə tankın altına atdılar, sonra da üzərindən keçib qanına qəltan etdilər. Onlar bir ailəni beləcə məhv etdilər.
Danışdıqca gözlərindən yaş axırdı Zəhra nənənin. Kiçik nəvəsi Nuranə nənəsinə yaxınlaşıb balaca əlləri ilə onun göz yaşlarını sildi, ağlama nənə can – dedi. Zəhra nənə Nuranəni qucağına alıb öpüb bağrına basdı – özümdən aslı deyil gözəl nəvəm, kövrəlirəm o günlər yadıma düşəndə - deyib uşağın alnından öpdü. Elə bu vaxtlarda Sabir kişi gəlib çıxdı. Uşaqlar onu görər-görməz sevincək üstünə qaçdılar. Baba nəvələrini bağrına basıb öpüb – qoxladı. Xanımını kədərli halda görən Sabir yaxınlaşıb onun əllərindən tutdu, - Sənə nə olub? – deyərək təmkinlə soruşdu. Nənəsi cavab vermək istəyəndə, birdən Ülviyyə onu qabaqladı:
—Xocalıdan danışan nənəm, danışdıqca ağlayır.
Sabir keçib yoldaşının yanında əyləşdi, uşaqlar da onların başına toplaşaraq bardaş qurub oturdular. Bu dəfə 1992-ci ildə baş vermiş faciədən, qətliamdan, insan qırğınından Sabir kişi danışmağa başladı:
O vaxtı Hüseynağa adlı bir döyüşçü var idi. Düşmənimiz olan ermənilər onun qabırğalarını sındırmışdılar. Yadıma gəlir, Səttar adlı bir döyüşçümüzün başına isə daha betərini gətirmişdilər. Ondan soruşdular: Səttar kişi, sənin Zahid adında oğlun var? Dedi, “yox”. Tərarən soruşdular: Səttar kişi diqqətli ol, sənin Zahid adında oğlun var? Yenidən “yoxdur” dedi.
Meyitin üstünə fanarı vurun dedilər. Pərdəni çəkdilər, açıldı pərdə. Ata gördü ki, oğlunu öldürüblər. “Aman, Zahid oğul” – deyəndə “Bəs deyirdin o adda oğlun yoxdur” çığırtısı ilə həmin əyləşdiyi stolda, taxta stolda kəlbətinlə dişlərini çıxarmışdılar erməni terrorçuları.
Bunlar vicdansız ermənilərin insanlara etdikləri vəhşiliklərin bir qismidi. Çox əzab veriblər, çox. Sonra birdən Sabir kişinin də gözlərindən yaş süzülməyə başladı. Yanağından axan duzlu su damcıları mavi rəngli köynəyinə tökülür, yavaş-yavaş isladırdı. Gözləri isə yol çəkirdi babanın. Nəvələrinin, xanımının ona diqqətlə baxdığını sezdikdə yenidən sözə başladı.
Faiq Alməmmədova deyirlər ki – „Sən deynən ki, Qarabağ ermənilərindi, biz səni öldürməyəcəyik”. Lakin Faiq bunu demir. Ona görə də bədənini “aşsüzənə” döndərmişdilər, bədənində salamat yer yox idi onun. Eyni sualı Təvəkkül adlı yaşlı bir sürücüyə də verirlər. O da demir. Bağlayırlar ağaca əlləri arxada çarpazlanmış şəkildə. 8 yaşlı Xəzəngül: Mənim atamı öldürməyin, nolar – deyir. Orda camaatın gözü qarşısında onu diri-diri, benzin töküb yandırdılar ermənilər.
Sabir kişi dayandı, artıq danışa bilmirdi. Gözlərindən yaş gilə-gilə tökülürdü. Üzünü televiziyaya çevirdi. Xocalı soyqırımının canlı şahidi danışırdı. Sabir kişi pultu əlinə alaraq televizorun səsini artırdı. Faciənin şahidi olmuş Bahar ana yaşanmış erməni vəhşiliklərindən birini danışır. O belə qeyd edir: Bir cavan gəlinin meyidini gətirirlər. Görürlər ki, qadının qarnı enib-qalxır, tərpəniş var. Qarnını açırlar, 4 dənə pişik balası gəlinin qarnından çölə çıxır.
Fariz birdən: Nə? – deyə qışqırdı. Bayaqdan səssiz, sakit dinləyən Ülviyyə ağlamağa başladı, ona baxıb balaca qızcığaz Nuranə də ağladı. Nənə və baba uşaqların başlarını sığallayıb: Ağlamayın gözəllərim, amma heç vaxt ermənilərin törətdiyi bu qətliamı, məsum insanlara qarşı etdikləri bu vəhşilikləri unutmayın. Oxuyun, savadlı olun, ölkəmizi hər yerdə təmsil edin və törədilmiş Xocalı soyqırımını dünyaya tanıdın, xalqımıza da, bütün insanlığa da unutdurmayın, - söylədilər.
Sabir kişi bir qədər sonra başqa bir hadisədən, daha doğrusu bir igidin həyatından danışmağa başladı.
Əziz nəvələrim Xocali faciəsi qəlbində mərhəmət duyğusu olmayan ermənilərin bizə etdikləri nə ilk, nə də son mənəvi və siyasi təcavüzdür. 2020-ci il 27 sentyabr – sərhəd xəttində qəhrəmancasına vuruşaraq, ermənilərdən fərqli olaraq öz rəqiblərinin günahsız, döyüş meydanından kənarda olan insanlarını deyil də, onların qarşısında duran silahlıları düçmən sayan igidlərimizin qazi olduğu və ən uca zirvələrdən biri olan şəhidlik zirvəsinə ucaldığı 2-ci Qarabağ müharibəsinin başladığı tarix... Xalqımız bu müharibədə 3000-dən yuxarı qəhrəman oğullarını torpağa dəfn etdi.
Sabir bir az dayanıb gözlərinin yaşını sildi, yenə danışmağa başladı. Azərbaycanın işğal altında olan torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizdən biri də Allahın möcüzələrindən biri olan Nurəhməd idi. Sabir onun barəsində danışacaqdı.
*****
1995-ci 2 iyun Ulubəyovlar ailəsində sıradan günlərdən biri idi. Ta ki bu günü təqvimdə özəl bir günə çevirən igidin dünyaya göz açdığı zamana qədər. Atası oğluna atasının adını – Nurəhməd ismini qoymuşdu. Günlər, aylar bir-birini əvəz etdi.
Nurəhməd böyüyür, ilk öncə Xətai rayon 29 nömrəli məktəbdə ibtidai təhsil alır, qalan 7 illik təhsilini isə 25 nömrəli tam orta məktəbdə başa vurur. Həyatının hər dönəmində olduğu kimi yenə insanların sevgisini qazanır. Nurəhmədi məktəbə özündən 13 yaş böyük olan bacısı Ruməyya aparıb-gətirir, onun dərsləri ilə məşğul olurdu. Yay tətilində bacısı ona imla yazdırır, hardasa səhv yazdıqda vərəqi cırır və bir daha yazdırırdı. 11-ci sinifi başa vurduğu 2012-ci il tarixində Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının iqtisadiyyat fakültəsinə daxil olur. 4 illik təhsil müddətində tərbiyəsi, savadı, qabiliyyəti və təmiz qəlbi ilə müəllimlərinin, tələbə yoldaşlarının sevimlisinə çevrilir. Universiteti başa vurub 2016—2017-ci illərdə Vətənə olan borcunu yerinə yetirmək üçün Tovuza – hərbi xidmətə yollanır. O, maddi texniki təminat bölüyündə atıcı vəzifəsində xidmət göstərir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşçüsü kimi öz borcunu dərk edir, komandirlərinin verdiyi tapşırıqları layiqincə yerinə yetirirdi. Özünü bacarıqlı və işgüzar bir əsgər kimi göstərmişdi. Xidmətini başa vurub qayıtdıqdan sonra müxtəlif yerlərdə çalışmışdır. Şəhidlik zirvəsinə ucalmazdan qabaq “AZEUROTEL” MMC-nin mühasibat uçotu və maliyyə şöbəsində mühasib vəzifəsində çalışırdı. O, anası üçün sirdaş olub, hər şeyi Nurəhmədə danışır, onunla məsləhətləşərdi. Evin ortancıl övladı- özündən 11 yaş böyük olan qardaşı Amid çox istəyib ki, Nurəhməd yetkin, çalışqan, cəmiyyətdə öz yerini bilən və heç kimdən asılı olmayan bir şəxs olaraq yetişsin. İndi Nurəhməddən ona 2019-cu ildə Sankt-Peterburqdan onun üçün gətirdiyi fincan və Rusiyada qardaşı üçün çəkdiyi videolar xatirə qaldı. Şəhidimiz təriflənməyi sevməzdi, sadə insan idi. Hərdən atası onu tərifləyəndə qəribə gülüşlə gülər – həri papa, həri- deyərdi. O dostları üçün də əvəzedilməz bir insan idi. Nurəhməd əsgərlikdə olanda dostunun ad gününü qeyd etmək üçün 3 günlük məzuniyyət götürmüşdü. Onun bu düşüncəsi dostuna qarşı olan hörmətindən, sevgisindən irəli gəlirdi. Və bu, uşaqlıq dostu Məftun üçün unudulmaz bir xatirəyə çevrildi. Nurəhmədi itirmək sözsüz ki, ona çox təsir etmişdi. Onunla fəxr edib qürur duyur, bir o qədər də üzülürdü. Necə üzülməsin, axı 20 ilə yaxın bəlkə ondan da çox dostluq etdiyi, ona qardaşı qədər əziz olan can dostunu itirmişdi. Lakin əldən heç nə gəlmirdi. Hər kəsin haqqında yazılmış bir ölüm hökmü var. Ən gözəl yanı o idi ki, Nurəhməd şəhidlik zirvəsi ilə əbədi həyata köçmüşdü. Allah şəhadətini qəbul etsin. Amin. Hər kəsə qismət olmur bu zirvəyə ucalmaq. Yalnız seçilmişlər... Nə xoş ki, bu gözəl bəndə də seçilənlər arasında idi. O, Məftun qədər digər dostu Orxan üçün də əvəzedilməz dostlardan biri olub. O qeyd edir ki, şəhidimizi tanıdığı müddət ərzində onun üzündə bir kədər hissi yox idi, həmişə gülərüz idi. Özlərinin kefi bir az pis olanda da üzlərini həmişə güldürərdi. Hər il saat 12 olanda bir-birlərinin evlərinə gedər, ad günlərini təbrik edərdilər. Bu, 3 dostun ən gözəl xatirələrindən biri idi. 2020-ci il martın 7-si Nurəhməd sevdiyi xanımla – öz sinif yoldaşı ilə nişanlanır. Pandemiya ilə əlaqədar evlənə bilmirlər. Qismət... İyun ayının 2-si Ulubəyovlar ailəsində hər kəs süfrə başına yığışmış deyib-gülürdülər. Nurəhmədin 25 yaşı tamam olurdu. Lakin bu gözəl günün səbəbkarının gözü qapıda idi. Çünki istəkli bacısı Ruməyya məclisdə iştirak etmirdi. Düşünürdü ki, yəqin ki, işi var, yoxsa onun üçün ana qədər doğma olan bacısı balaca qardaşının doğum gününü unuda bilərdimi? Xeyr.
Məclisin ən gur vaxtında yeznəsi qapıdan içəri girib onlara sevindirici xəbər verir. Həmin gün dayısının sevimlisi – bacısı qızı dünyaya gəlir. Nurəhmədlə eyni gündə dünyaya göz açan mələyə dayısının adı ilə əlaqələndirib Mahinur adı qoyulur. Bu ad günü şəhidimizin qeyd etdiyi son yaş günü olur. Qəlbində vətən eşqi var idi. Sentyabrın 20-si dostu ilə aralarında deyib-gülməklə yanaşı Qarabağda olan hadisələri də müzakirə edirlər. O zamanda da lazım gəlsə könüllü döyüşlərdə iştirak edərəm demişdi, dediyi kimi iştirak da etdi. Səhəri gün yəni sentyabrın 21-i Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi tərəfindən ehtiyatdan həqiqi hərbi xidmətə çağırılır. O gün heç kəs bilmirdi bu təlimlər nə üçün idi. Ta ki 27 sentyabra – bitdiyi günə qədər nə qədər göz yaşının axmasına səbəb olan 2-ci Qarabağ müharibəsinin başladığı günə qədər. 30 illik işğala 44 gündə son qoymuşdu bu müharibə. Nurəhməd vətənpərvər oğlan idi. Arxa sıralarda vuruşmaq onun üçün deyildi. İxtisası hərbi qulluqçu olmadığı üçün sentyabrın 27-si rəsmi ərizə yazır və oktyabrın 3-dən Füzuli uğrunda döyüşlərə qatılır. Ailəsi ilə də son danışığı elə bu tarixdə olub. Yalnız qardaşı Amid ilə ayın 7-nə qədər danışıblar. Qardaşından halallıq istəyib, çünki bilirdi ki, şəhid ola bilərdi. Döyüşün ağırlığını dərk edirdi. Oktyabrın 7-si Vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Ayın 8-i axşam saatlarında onun nəşi doğulub-böyüdüyü evinə gətirilir. Həmin günün səhəri Allahın onlara bəxş etdiyi, ailəsinin son beşiyi böyük bir izdihamla 2-ci Fəxri və Şəhidlər Xiyabanında dəfn olunur. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Nurəhmədin ən böyük arzusu səsinin yüksəklərdən gəlməsi idi. O, şəhidlik məqamına ucalması ilə bu arzusuna çatdı. Nə xoş ki, o, artıq dünya günahlarından uzaqdı. Məkanın Cənnət, ruhun şad olsun şəhid qardaşımız. Amin. Biz inşallah şəhidimizi unutmayacaq, unutdurmayacağıq. Qəlblərimizdə və yaddaşlarımızda daim yaşayacaq. Allaha əmanət ol şəhid qardaşım Amin.
Qurani-Kərim’də Şəhidlik haqqında buyurulur: Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz. (Bəqərə surəsi 154)
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)
*****
Bu il son illəri idi Farizgilin . Məktəbdən artıq məzun olur, yeni bir həyata qədəm qoyurdular. Sinif yoldaşları ilə düşünüb qərara gəlmişdilər ki məzun günündən əvvəl 2-ci Qarabağ müharibəsində Allah rızası üçün, vətən yolunda canını fəda edən şəhidlərimizi ziyarət etsinlər. 13 iyun səhər saatlarında sinif rəhbəri ilə bu ilki 11-lər toplaşaraq 2-ci Fəxri və Şəhidlər Xiyabanına yola düşdülər. Hər bir vətən igidini ziyarət edib, onun üçün rəhmət oxuyur və dua edirdilər. Ən sonuncu şəhidin ismini oxuyanda, bu ad Farizə tanış gəldi. Düşündü ki, nə vaxtsa onun adını eşidib, həyatı haqqında duyub. Xatırlamaq üçün sadəcə 2 dəqiqə kifayət etdi. Aha, 5 il bundan əvvəl babası onun necə vətənpərvər bir oğul olduğu barədə ona və bacılarına danışmışdı. Müəllim ən sonuncu şəhidi də bu ilin məzunları ilə tanış etmək üçün qəbrin üzərində yazılan adı ucadan oxudu – Şəhid NurəhmədUlubəyov. Onun üçün də dua edib, rəhmət oxudular, əbədi həyatınız Cənnət, ruhunuz şad olsun deyib, yavaş – yavaş igidlərin uyuduğu bu səssiz məkanı tərk etdilər.
)
LİDERLİYİN 21 QANUNU- 10.Maqntizm qanunu
LİDERLİYİN 21 QANUNU
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
10.Maqntizm qanunu
«Siz özünüz kimi olanları cəzb edirsiniz»
Effektiv liderlər həmişə yaxşı adamları axtarırlar. Bu, əksər hallarda məhz onların özlərinə bənzəyən, onlara lazım olan xarakterə malik olan, onlardakı keyfiyyətlərə malik olan adamlar olur. Məhz maqnetizm qanunu da budur: siz özünüz kimi olanları cəzb edirsiniz.
Pessimist və optimistlər az halda bir-birini cəzb edə bilər. Daha çox, yaşıdlar bir-birini cəzb edə bilirlər. Sosial mənsubiyyət, əlaqələr və ətraf da cəzbetmədə rol oynayır.
İnsanları həm də eyni mənəvi dəyərlər cəzb edə bilir. Başqa bir cəzbetmə obyekti – həyat təcrübəsidir.
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)
“Sən getdin, qapımı döydü küləklər...” – TURAL CƏFƏRLİNİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Tural Cəfərlinin özüylə söhbəti və şeirləri təqdim ediləcək.
özüylə söhbəti...
İlk dəfə şeir yazdığım günü xatırlamıram. Bəlkə də, qış idi, darıxırdım, ya da adi bir gün idi, yazmaq ehtiyacım var idi...
Mənə görə, ədəbiyyat axtarış yox, itirmək istəyidir. Adətən, şeir yazmaq üçün əvvəlcə heç nə etmirəm, heç nə oxumuram. Sadəcə, müşahidlərimlə baş-başa qalıram, küçələri gəzirəm, ağacları dinləyirəm, küləyi danışdırıram, səmanı seyr edirəm... Sonra axşam düşür, bir kofe içib gecəni dəvət edirəm yazı masama. Bu romantik ab-havada şeir yazmaq su içmək kimi bir şeydi... Yox, elə deyil. Oturub şeir yazmaq deyə bir şey yoxdur mənim üçün, bu, bir hesablama, planlanlaşdırma da deyil... Gərək hər şey öz vaxtını gözləsin, küləyi çöldə saxlayıb otağındakı ab-havanı bilməlisən, içindəki sükutu dinləməlisən, qalanı düzələcək...
...və şeirləri
DEYƏRDİM
Olmasaydı uşaq kimi küsməyin,
Bu sevginin daşını at, deyərdim.
Məndən sonra bir iş tapıb özünə,
Hamı kimi başını qat, deyərdim.
Darıxanda kitab oxu, keçəcək,
Yun bir ipdən corab toxu, keçəcək.
İnan mənə, dərdin çoxu keçəcək,
Qalan dərdi gələn qış sat, deyərdim.
Səhər durub şehə danış yuxunu,
Sübh azanı mehdən alım qoxunu.
Tuşlayaraq hərdən eşqin oxunu,
Ürəyimə nizətək bat, deyərdim.
Ehsan edib yoxluğunu gözümə,
Şərab içdim gəlmək üçün özümə.
Minbər bildim üz çevirib sözümə,
Günahıma oyanma, yat, deyərdim.
Tale yazan yazıb kədər gönündə,
Ömür gedir karvan kimi yönündə.
Bir gün gəlib dayansam düz önündə,
Gözəlliyin görüb mən mat, deyərdim.
DÜŞƏRSƏN…
Gedəndə adam bir xəbər eyləyər,
Demirsən yağışa, qara düşərsən?!
Duamı arxanca yollayım barı,
Bəlkə, ondan sonra xara düşərsən…
Nəfəsim içimdən çıxan tüstüdü,
Yerdə məni tutan göyün üstüdü.
Bu qərib baxışlar məzar büstüdü,
Çox baxma, qorxuram, gora düşərsən.
Gizlədə bilmərəm aşkar olanı,
Saxlamaq olarmı qəlbə dolanı?!
Gəl dəymə, incitmə vaxtsız solanı,
Bəlkə, yoxluğumdan vara düşərsən.
Məcnun deyiləm ki, dərdindən öləm,
Nə Yusif deyiləm, quyuda güləm.
Musa da deyiləm, dəryanı böləm,
Gözləmə, gözləsən, zara düşərsən.
Çoxdan atılıbdır, göyərməz daşım,
Dəmlənib, dən olub kədərdən aşım.
Yaman zəifləyib son vaxt yaddaşım,
Unutsam, bilmirəm, hara düşərsən…
VECSİZLİK...
Qəribə adamsan, baş açmaq olmur,
Sevmirsən, sevəni dəli bilirsən.
Elə bil qarşına Məcnun çıxacaq,
Olmaya özünü Leyli bilirsən?!
Bəlkə də, oxuyub sevgi romanı,
Deyirsən, aşiqlər bir ağıldadı...
Sən bilən, Əslilər, Züleyxalar da
Dastanda, əsərdə, tək nağıldadı?..
Sən uşaq deyilsən, tutum əlindən,
Hamıya dərs verib keçərsən özün.
Uzaqdan içimi görə bilirsən,
Demək ki, açıqdı bəsirət gözün.
Sən getdin, qapımı döydü küləklər,
Hərdən deyinirdim, külək susurdu...
Hara gedirdimsə, düşüb arxamca
Sənli xatirələr məni pusurdu.
Dinləyib gecənin ay sükutunu,
İçimdə ulayan iti qovurdum.
Elə ki darıxdım o itdən ötrü,
Düşüb küçələrin gözün ovurdum...
GÜNORTA
Bu qədər adam var bu boz şəhərdə,
Heç kimə qaynayıb-qarışmaq olmur.
Yadları anlayıb yola verirsən,
Özündən küsəndə barışmaq olmur.
Gül gözəl olmazdı, solmasa əgər,
Yağış düşməz, bulud dolmasa əgər.
Anan namaz üstə olmasa əgər,
Canını Allaha tapşırmaq olmur.
Bir axşam özgəyə dönüb gedərsən,
Bezib öz kölgəndən çönüb gedərsən,
Gözünün önündə sönüb gedərsən,
İçində çölünlə yarışmaq olmur...
SƏNİN YOXLUĞUNA SAĞLIQ DEYİRƏM
Deyəsən, gözümün yaddaşı gedib,
Arana baxıram, dağlıq deyirəm.
Elə ki darıxdım, badə əlimdə,
Sənin yoxluğuna sağlıq deyirəm.
Soruşma nə edim xatirələri?!
Sən ki unutmaqda qoçaq adamsan.
Dərdimi-sərimi necə danışım?!
Axı sən duyğudan qaçaq adamsan...
Beləcə başımı qatıram mən də,
Həsrətin küləyi əsdikcə xəfif.
Sən əzbər bildiyim şeir kimisən,
Ay üzün nəqarət, baxışın rədif.
Güzgüdə özümə baxmıram daha,
İncidir saçımın dən olan yeri.
Getmisən, eybi yox, barı geri ver,
Döyünmür qəlbimin “sən” olan yeri.
Kaş ki, öyrədərdin tərk etməyi də,
Bir dəfə özümdən çıxıb gedəydim.
Əhdinə vəfasız adamlar kimi,
Verdiyim sözümdən çıxıb gedəydim.
QATAR
İnan ki, hamıdan soruşdum hər gün,
Dedilər, bir qatar apardı səni.
Elə bil içimdən bir yarpaq kimi
Kimsə gülə-gülə qopardı səni.
Çəkilib oturdum öz xarabamda,
Bayquşlar uladı canavar kimi.
Əsirdim xatirən olan yerlərə
Hər axşam mülayim gilavar kimi.
Qayıtsan, özünlə bir az kül gətir,
Dərdimin başına qoyacam onu.
Bizi kor eyləyən ayrılığın da
Gözünü çıxarıb, oyacam onu.
Darıxsan, yum gözün, bir az söy məni,
Nəbadə qarğışa keçərsən, gülüm.
Hərdən şərab süzüb mənim yerimə,
Qəmin sağlığına içərsən, gülüm.
İtirmə vaxtını unutmaq üçün,
Özündən muğayat olgunan əsas.
Bir gün mən olmasam, səni aparan
O əclaf qatardan alarsan qisas.
ŞUŞA
Elə bil göy üzü yerə enibdi,
Tanrının sərdiyi xalıdı Şuşa.
Dünyanın ən gözəl çiçəklərindən
Yığılıb, süzülən balıdı Şuşa.
Bir yanı qaladı, bir yanı meşə,
Saf suyu az qala qayanı deşə.
Təbiət sevməkdir ən gözəl peşə,
Cənnətin başqa bir halıdı Şuşa.
Günəş də sevinir səhər obaşdan,
Musiqi sədası gəlir hər daşdan.
Tanıdım mən səni o kaman qaşdan,
İsmətin örpəyi, şalıdı Şuşa.
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)
ƏDƏBİYYATIMIZIN ƏN GÖZƏL HEKAYƏLƏRİ – Anar, “Mən, sən, o və telefon”
“Ədəbiyyat və incəsənət” portalı Ədəbiyyatımızın ən gözəl hekayələrinin dərcinə başlayır. İlk olaraq oxuyacağınız Xalq yazıçısı Anarın “Mən, sən, o və telefon” hekayəsi olacaq. Nəsə bir müdhiş cazibə var bu hekayədə. Onu hey oxumaq, oxumaq istəyirsən.
Anar özü də bu hekayəni ən yaxşı hekayəsi adlandırıb.
Telefon nömrələri
Oxşamaz bir-birinə
amma hamısında
insan səsi...
...pis günlər
oxşamaz bir-birinə
birində özün susarsan,
birində telefon.
Vaqif Səmədoğlu
Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki... Telefon nömrələri də ölür.
Ömrün boyu çox rəqəmləri unudacaqsan: pasportunun nömrəsini, axırıncı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, Aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını.Başqa rəqəmləri. Hamısını unudacaqsan.
Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə ətri.
Bəzən mən qara telefonun dəstəyini elə qaldırırdım, elə bil royalın qapağını qaldırıram. Bəzən bu qara dəstəyi elə qoyurdum, elə bil tabutun qapağını örtürəm.
İndi bu nömrə yoxdur. Yəni ki, var, amma mənimçün yoxdur. Mənimçün bu nömrə indi yasaq ərazidir.
Barmağımın altında telefon dairəsində yerləşən bu beş rəqəm indi mənim üçün keçilməz bir məsafədir - kilometrdir, millər, parseqlər.
Mən bu məsafənin beşdə dördünü keçə bilərəm - dörd rəqəmi yığa bilərəm, amma heç vədə son rəqəmi - beşincini yığmayacağam. Sənin nömrən bağlı qapıdır - açarını itirmişəm.
Səni görməyə də bilərdim. Zəng edirdim, səsini eşidir və deyirdim: əzizim, əlin niyə belə soyuqdur?
Səni görməyə də bilərdim, amma məsafədən belə duyurdum. Sahil kəndlərinin sakinləri dənizi görməyəndə belə onu duyduqları kimi.
İndi isə dəniz qeyb oldu. Yoxa çıxdı.
Min dəfə təkrar olunan əhvalat mən, sən, bir də o, əlbəttə. Amma bir də telefon. Hər şey Rasimin toyundan başlandı.
Firuz tostunu davam etdirirdi:
- Biz beş yoldaş idik. Lap o filmdəki kimi, yadınızdamı: onlar beş nəfər idi.
Mən, Kamal, Murad, Rasim, Seymur. Bizi bir-bir fəth etdilər, bir-bir boyunduruğa saldılar. Bax, bunlar saldı - bizim xanımlar. hələ evdə də bir çətən külfətimiz var - oğul-uşaq.Bəli, külfət bizi basdı, yaman basdı - hamı gülüşdü. - Bu gün də biz Rasimi itiririk. Heyf ondan.Əlbəttə, mən zarafat edirəm. Xoşbəxt olun Fəridə, Rasim. Mən sizə çoxlu səadət, cansağlığı, uzun ömür arzulayıram.Oğullu, qızlı olasınız. Amma sizin sağlığınıza içmişik, yenə içəcəyik. İndi bu badələri mən axırıncı igidin sağlığına - bizim canımız-ciyərimiz Seymurun sağlığına qaldırmaq istəyirəm. Subaydı-sultandı. Sağ ol, var ol, bülbül ol, qəfəsdə olma.
Hamı mənə baxırdı, gülüşlərin və badələrin cingiltisi arasından tanış üzləri görürdüm - dostlarımın üzlərini. Üzlərdə sevincli, bir qədər də təəccüblü ifadə vardı.
Qonaqlar dağılışanda biz hamımız - Firuz, Kamal, Murad arvadlarıyla, bir də mən tək, bir yerdə çıxdıq. Biz yatmış şəhərin gecə küçələriylə addımlayırdıq və birdən Firuzun arvadı mənim qoluma girdi:
- Yaxşı, Seymur, sənin toyunu haçan eləyirik?
- Uzaq gələcəkdə.
- Belə niyə? Yoxsa sən bu naqqalın sözlərinə inanırsan? - O, şıltaq bir nəvazişlə ərinin böyrünə qısıldı. - Elə bilirsən ki, ailə həyatı cəhənnəmdir?
Firuz:- Özünə layiq qız tapa bilmir, - dedi.
- Doğrudan? Uşaqlar, eşidirsiniz? Gəlin Seymura bir qız tapaq. Səninçün Bakının ən gözəl qızını tapsaq, evlənərsən?
- Mütləq, - dedim, - ancaq bir şərtlə. Gərək, bax elə bu saat, bu dəqiqə tapasınız. Yoxsa fikrimi dəyişərəm.
Kamal:-Gözümün işığı, - dedi, - gecənin bu vaxtında sənə hardan qız tapacağıq? Küçədən tapmayacağıq ki... həm də gecənin bu vaxtında küçələri gəzən qızı almazsan yəqin.
- Bəli, - dedim, - tamamilə doğru buyurursunuz. Odur ki, bu söhbəti xətm edək.
- Mənim bir təklifim var, gəlin Seymura telefonla qız tapaq. Budur, bax, avtomatdavar, - Kamal əlavə etdi.
- Gözəlfikirdir, - dedim, - ammaikiqəpikliyimyoxdur.
Hər tərəfdən mənə iki qəpikliklər uzatdılar. Budkaya girdim.
- Nömrəni deyin.
Firuz:
- Əşi, ağlına gələn nömrəni çək, - dedi. - Məsələn... - birdən o, sözünü yarımçıq qoydu. - Yox, qardaş, keçəl suya getməz. Birdən qayınananla yola getmədin, yapışacaqsan mənim xirtdəyimdən.
- Qorxaq, - dedim, - məsələ də bundadır. Evlənmək ciddi işdir. Heç kəs məsuliyyəti boynuna götürmür. Kamal, bəlkə sən deyəsən.
- Mənim bir təklifim var, - deyə Firuzun arvadı sözə qarışdı. Onun həmişə bir təklifi olurdu, - heç kəs boynuna məsuliyyət götürmək istəmir. Gəlin onda məsuliyyəti bölüşək. Hərə bir rəqəm desin.
Firuz:- Əla, - dedi. O həmişə arvadının təkliflərini bəyənirdi. - İki. Mən iki çəkdim.
Firuzun arvadı:- Doqquz, - dedi.
Kamal:- Sıfır, - dedi və arvadına baxdı, - Sən de.
- Mən? Nə deyim, bilmirəm... yaxşı, dörd.
Murad:- Beş, - dedi.
Bircə Muradın arvadı heç nə deyə bilmədi, çünki dəstəkdən artıq kəsik siqnallar eşidilirdi.
- Nişanlım yatıb, - dedim, hamı gülüşdü. Mən dəstəyi asdım.
Yolumuza davam etdik, yavaş-yavaş dağılışdıq, hərə öz evinə getdi və mən, nədənsə, özümü çox tənha hiss elədim.
Dəniz bağına qayıtdım, uzun müddət adamsız bulvarı dolandım, qaranlıq dənizə və uzaqdakı rəngbərəng işıqlara baxırdım, birdən zəng elədiyim telefon nömrəsi yadıma düşdü. Gecə saat iki idi.
Mən yaxındakı avtomat budkasına girdim, yarığa iki qəpiklik saldım və nömrəni yığdım.
Telefonun dəstəyindən qadın səsi eşidildi. Yuxulu səs də deyildi, belə - azacıq yorğun, azacıq da təəccüblü.
- Bəli.
- Salam.
- Salam. Kimdir?
- Mənəm. Gəlin tanış olaq.
Mən sillə kimi üzümə vurulacaq sərt cavab gözləyirdim. Ya da elə bilirdim ki, üzünə çırpılan qapı kimi dəstək də birdən asılacaq. Amma nə söydü, nə asdı. Səsi əvvəlki kimi sakit idi.
- Axı tanışlıq üçün vaxt bir az gecdir.
- Gecdir? Xeyr, əsla! Əsil vaxtdır. Mən bu saat ən yaxın bir yoldaşımın toyundan çıxmışam. Bu, mənim axırıncı subay dostum idi. Mənə elə gəlir ki, bu gün onun toyu yox, yası idi.
- Vay, vay, vay. Elə niyə deyirsiniz? Bəs siz özünüz evli deyilsiniz?
- Yox. Bəs siz ərdəsiniz?
O güldü.
- Tanışlığın elə birinci dəqiqəsindən hər şeyi bilmək istəyirsiniz?
- Bağışlayın, siz Allah. Elə bilməyin ki, mən telefon xuliqanlarındanam. Yox, nədənsə, təklikdən bağrım çatlayır. Odur ki, dedim zəng eləyim, bir adamla danışım.
- Bəs mənim nömrəmi hardan tapdınız?
- Təsadüfən. Ağlıma gələn rəqəmləri yığdım, vəssalam.
- Əcəbdir.
- Bilirsiniz, bir az içmişəm, odur ki, özümü çox yalqız hiss eləyirəm.
- Olur, eybi yoxdur.
- Sizinlə görüşə bilərik?
- Yox, bax, bu baş tutan iş deyil. Gəlin belə danışaq.İndigecdir. Gedin evinizə, yıxılıb yatın. Səhər duracaqsız, bütün dərdi-qəminiz uçub gedəcək. Görərsiz.
- Axı mən sizi görmək istəyirəm, heç olmasa danışmaq istəyirəm sizinlə.
- Telefonumu ki, bilirsiniz. Sabah ayılandan sonra yenə də görsəniz ki, mənimlə danışmaq istəyirsiz, zəng eləyin.
- Doğrudan?
- Doğrudan. Gecəniz xeyrə qalsın.
- Xeyrə qarşı. Sabah sizə zəng eləyəcəyəm.
Gülməlidir vallah, amma dəstəyi asıb boş, adamsız küçələrlə addımlayarkən mənə elə gəlirdi ki, daha mən də tək deyiləm. Mənim də kimimsə var.
Səhərisi gün, təbii ki, mən zəng eləmədim. Bütün günü yüz əlli iki min işlə məşğul oldum və hər şeyi unutdum. Bir neçə gündən sonra iş planının müzakirəsində laboratoriya müdirimizlə möhkəm toqquşduq. O həm də mənim elmi rəhbərim idi.
Müzakirədən sonra Firuz məni evlərinə apardı. Biz onunla bir institutda işləyirdik. Yolda o mənim başıma ağıl qoyurdu, deyirdi ki, cırtqoz olma, hər şey üçün partlama.Əgər haqlısansa da həqiqəti ifadə və müdafiə etməyin müxtəlif formaları var. Hamını özünə düşmən eləməklə heç kəsi inandıra bilməyəcəksən. Bir az rəftarın olsun, qılığın olsun.Görürsən ki, biri düz danışmır. Deynən ona ki, siz, görünür məsələyə hərtərəfli nəzər salmamısınız, mənə elə gəlir ki, bu məsələyə bir də baxsanız, mənimlə razılaşarsınız.Yoxsa sənin kimi: siz heç bir şey qanmırsınız, nadansınız, cahilsiniz. Ona görə də...
- Ona görə də, - dedim, - sənin bu siyasətçiliyin lap məni boğaza yığıb.
- Yaxşı, görürəm ki, səninlə adam kimi danışmaq olmaz. Gedək bizə çay içməyə...
Firuzun arvadı:- Bilirsən, - deyirdi, - heç birimiz onu öyrətməmişik. Bilmirəmheç busözlərihardanbilir, özü tapıb, deyir: anna, atta.
Obiryaşı təzə tamamolmuş oğullarındandanışırdı.Firuzobiriotaqdaevpaltarlarını, məstlərinigeyinibgəldi.
- Doğrudan, - dedi, - qəribədir. Bilirsən mən təzə bir nəzəriyyə icad eləmişəm. Mənə elə gəlir ki, dili uşaqlar yaradıblar. Böyüklər yox, məhz uşaqlar. Biz - böyüklər də onların düzəltdiyi sözlərdən istifadə edirik.Seymur əmisi, de görüm, harda belə şirin bala görmüsən, kimin belə oğlu var, hə?..
Nə qədər eləyirdim telefon nömrəsini yada sala bilmirdim. İkinci yarısı yadımda idi, əvvəlindəki iki rəqəmi də yadımda idi, üçüncü rəqəm sıfır idi, bəs ikinci - yadıma sala bilmirdim kibilmirdim.
- Bura bax, Səmayə, o axşam sən hansı rəqəmi dedin?
- Hansı axşam? Nə rəqəm?
İzah etməli oldum. Bir yığın zarafata, gülüşə, fərziyyəyə, məsləhətə qulaq asmalı oldum. Ələ saldılar, doladılar, başıma ağıl qoydular. Amma hamısı bir yana - qapıdan çıxanda Səmayə dedi:
- Hə, yadıma düşdü: doqquz. Mənim trolleybusumun nömrəsidir.
- Allo. Salam. Mənəm.
- Salam. Kimdir?
- Nə tez unutdunuz. Yadınızda, mən sizə zəng eləmişdim. Üç gün bundan qabaq. Elə bu vaxtlar idi.
- Onda səsiniz başqa idi, - dedi və istehzayla əlavə etdi, - ya bəlkə bu səfər danışan başqa adamdır, keçən səfər evlənənin indi də başqa dostu təklikdən şikayət edir? Məşğulətçin telefon macəralarına qurşanmısız.
O, sərt və kəskin danışmağı bacarırdı.
- And olsun ki, mənəm. Yəqin keçən səfər səsim sərxoş səsi idi, onunçun tanımadız. İndi necə, tanıyırsınızmı?
-Hə, indi tanıdım. Mənə elə gəldi ki, başqa adamdır, bağışlayın, - o, arxayınlıqla güldü. - Deməli, bu gün ayıqsınız.
- Yüz faiz. Ayıq vaxtımda zəng elədim ki, mənim haqqımda yanlış təsəvvürünüz olmasın. Sonra elə bilərsiz içkibazam. İldə-ayda bir dəfə içirəm.
- Yaxşı ki, zəng elədiniz, yoxsa bu axşam mən də yaman darıxırdım. Radiom xarab olub.
- Siz həmişə belə gec yatırsınız?
- Hə, gecə yarısına qədər radioya qulaq asıram. Amma bu gün radiomun lampası xarab olub, lap dəli kimiyəm.
Dəstəkdən piano səsi eşidilirdi. Lap uzaqdan eşidilirdi.
- Siz suallara cavab verməyi sevmirsiz, amma deyin, kimdir bu keçə vaxtı piano çalan?
- Aa, - o güldü. - Bizdə deyil, qonşudadır. Bir zəhlətökən qızdır ki, səhərdən axşamacan çalır. Divarlar nazikdir, bu qammalar məni lap cana yetirib. Radiom işləyəndə heç olmasa eşitmirəm onun çalmasını.
- Radioyla nəyə qulaq asırsınız ki?
- Efir evimin içi kimidir. Bax burda həmişə gecə konserti var - elə bil mən onun radio-dalğaları üzərində gəzən barmaqlarını görürdüm - burda da kəsik-kəsik melodilərdir, uzaq okeanların üstündən uçub gəlir. Burda həmişə tufan uğuldayır, burda da anlamadığım bir dildə danışırlar. Burda həmişə səs-küy olur. Konferansye zarafat edir, camaat gülür, əl çalır, mən sözləri başa düşmürəm, amma hamı gülür, fit verir, əl çalır, mən də şənlənirəm. Burda da nə isə intim bir verilişdir. Kişiylə qadın lap yavaş, pıçıltıyla danışırlar, mikrofonda nəfəslərini də eşidirəm. Radio qəribə şeydir. Elə bil bütün dünya mənim otağımdadır. Dünyanın gecəsi. Göy, melodiyalar, dramlar, təyyarələr...
- Təyyarələr niyə?
- Qulaq asın, - dedi. Başa düşdüm ki, susub dinləyir. Mən də qulaq verdim və bir qədər sonra təyyarə uğultusu eşitdim. Görəsən bu təyyarə bizim evin də üstündən keçəcəkmi? Görəsən onun evi hansı səmtdədir, şəhərin hansı tərəfində?
- Radioyla təyyarələr qohumdurlar, eləmi? - deyə qəfilcəyə soruşdu.
-Hardan qohumdurlar ki?
- Səmadan, - dedi və yenə susdu. İndi dəstəkdən təyyarə uğultusu deyil, yenə də bayaqkı kimi yeknəsəq qammalar eşidilirdi.
- Mən elə hey danışıram, danışıram, siz isə susursunuz. Siz də mənə bir şey danışın.
Özüm də özümə təəccüblənə-təəccüblənə, bilmirəm heç niyə, mən bu yad adama heç kəsə danışmadıqlarımı danışmağa başladım.
İşdəki çətinliklərimdən, köhnə dostum Firuzla günü-gündən uzaqlaşmağımızdan, elmi rəhbərimi neçin sevmədiyimdən, müzakirədə ona ağzımdan çıxanı dediyimdən və başqa-başqa bu kimi şeylərdən. Ona heç bir dəxli olmayan şeylərdən.
Niyə mən bunları məhz ona danışırdım? Özüm də bilmirəm. Amma özümü saxlaya da bilmirdim.
Birdən özümə gəldim. Tələsik onunla xudafizləşib dəstəyi asdım.
Evimə tərəf addımlaya-addımlaya düşünürdüm. Düşünürdüm ki, bunu kimə danışsam inanmaz. Doğrudan da tanımadığın, üzünü belə görmədiyin adama qəlbini necə açmaq olar? Mən onun haqqında nə bilirdim? Heç nə.
Bircə onu bilirdim ki, gecələr o, radio dinləməyi sevir, qonşusu isə pianoda qamma çalır.
Bu hekayənin iştirakçılarından biri - telefondur. Mən telefon haqqında bir neçə kəlmə demək istəyirəm. Son vaxtlar mən telefonlar barəsində çox düşünürdüm: onlar mənə qəribə və müxtəlif cür görünürdülər. Bizim laboratoriya müdirimizin otağında - masanın üstündə qara bir telefon aparatı var. Hər dəfə bu aparata baxanda mənə elə gəlirdi ki, onun xətti dinamik məftilinə oxşayır. Müdirin daima nigaran, daima təlaşlı, qorxu çəkən gözlərinə baxanda mənə elə gəlirdi ki, bu telefonu onun otağına gec partlayan mina kimi qoyublar. O hər zəngdən, hər hərəkətdən diksinirdi.
Yəqin ona elə gəlirdi ki, bu mina-telefon hər dəqiqə bəd bir xəbərlə partlaya bilər. Bir gün zəng eləyib ona deyəcəklər ki, səni işdən çıxarıblar, yaxud arvadın qaçıb...
Kanselyariyamızda da telefon vardı. Amma diski rəqəmsiz, bağlı, qara bir dairə idi, elə bil möhürlənmişdi. Mənə elə gəlirdi ki, bu telefon təkərsiz maşın, ünvansız məktub kimi köməksiz və acizdir. O, sanki mütiliyin, asılılığın, passivliyin, təşəbbüssüzlüyün rəmzi idi - sənə zəng vura bilirlər, amma sən heç kəsə zəng vura bilmirsən.
Bu tipli telefonların müqabilində telefon avtomatlar da mövcud idi. Telefon avtomatlar disksiz telefonların tam əksi idi. Sən zəng edə bilirsən, amma sənə cavab verə bilmirlər.
Zəng elə ağzına gələni de, lap söy, kim səni tapacaq? Telefon avtomatlar - cəzasızlığın, məsuliyyətsizliyin, özbaşınalığın rəmzi idi. Onların üstünlüyü bombardmançı təyyarənin silahsız gəmi üzərindəki üstünlüyünə oxşayırdı.
Bilsəniz evimdə telefon olmamasına nə qədər hayıfsılanırdım? Əlimə keçən iki qəpikləri Hacı Qara kimi xəsisliklə yığır, gizlədirdim. Tanış-bilişdən iki qəpik toplayırdım, imkan düşən kimi ayrı pulu xırdalayıb iki qəpiklik alırdım.
Hər gecə ona zəng eləyirdim. Həmişə də gec zəng eləyirdim. Bu, vərdiş və adət halını almışdı.
Bu söhbətlərə alışmışdım - onun bir az yorğun, bir az istehzalı, bir az kədərli səsinə, divar dalından eşidilən yeknəsəq qammalara, radionun güclə sezilən nəfəsinə, təyyarə uğultusuyla dolu pauzalara.
Mən indi onun haqqında bəzi şeyləri öyrənmişdim, amma çox az şey. Bilirdim ki, adı Mədinədir, tək yaşayır. Bilirdim ki, gözləri qonurdu, çəkməsinin nömrəsi otuz beşdir. Bundan artıq heç nə bilmirdim.
Bir dəfə soruşdum:
- Neçə yaşındasınız?
- Eh, qoca qarıyam, nəvələrim, nəticələrim var, - dedi və mən onun cavan səsindən duydum ki, məni dolayır. Və bir də bildim ki, nə yaşından danışmaq istəyir, nə işindən, nə də ailə vəziyyətindən.
Mən də inad edib soruşmurdum. O özü də bu barədə məndən bir şey soruşmurdu, amma bilirdi ki, iyirmi doqquz yaşım var, subayam, elmi idarədə işləyirəm.
Bircə adımı bilmirdi. Nədənsə ona əsil adımı deyil, başqa ad demişdim: Rüstəm. Niyə? Bilmirəm. Bəlkə onun da əsil adı Mədinə deyildi, başqa idi.
- Axı biz haçan görüşəcəyik?
- Neylirsiz görüşməyi? - dedi. - Bəyəm belə pisdi? Sizi bilmirəm, amma mənimçün bu telefon söhbətləri çox xoşdur. Həyatıma nə isə təzə bir şey gətirir. Mənə xoşdur ki, müəyyən saatlarda zəng gözləyirəm. Zəng eləyən adamı heç tanımıram, üzünü də görməmişəm, ona görə də onunla açıq danışa bilirəm, o da ürəyindəkiləri mənə deyə bilir. Məni heç vaxt görməyib, heç təsəvvür də eləmir ki, necəyəm. Məgər bu pisdir?! Görüşərik, bir-birimizi bəyənmərik, hər şey də pozulub gedər. Əgər bir-birimizi bəyənsək belə yenə hər şey dəyişər, adiləşər, bayağılaşar. Gəlin əlaqələrimizi elə bu şəkildə saxlayaq. İnandırıram sizi, bu, daha yaxşıdır. Ondansa işinizdən danışın. O məsələ necə oldu? Davanızı deyirəm? Ötüşdü?
- Yox. Ərizə vermişəm, gedirəm ordan.
- Hara?
- Hələ bilmirəm. Siz nə məsləhət görürsünüz?
O, cavab vermədi və mən təyyarə uğultusunu eşitdim.
Yeni ili Firuzgildə qarşılayırdıq. Təzə bəylə gəlin - Rasimlə Fəridə də gəlmişdilər. On ikiyə on dəqiqə qalmış masanın arxasına keçdik. Masanı Firuzun arvadı, başqa arvadların iştirakıyla çox yaraşıqlı düzəltmişdilər.
Mən hamıdan gec gəlmişdim, soyuq idi, qarlı-çovğunlu küçədən sonra evin istisi, işığı adama daha xoş gəlirdi.
Saat on ikini vurdu, bir-birimizi qucaqlayıb öpdük, hamıya, hamıya xoşbəxtlik, səadət arzuladıq və Firuz dedi ki, bu il tarixi il olacaq - Seymur evlənəcək. Biz bir qədəh də içdik və Firuz məni kənara çəkdi.
O, axşamdan içmişdi, lap dəm idi və qədəhin böyründən tutub tək bir mənim sağlığıma tost deyirdi. Özü də ancaq mənə deyirdi.
- İçirəm sənin sağlığına. Həmişə belə olasan. Mərd, prinsipial, amma bir az da ülfətli, qılıqlı, rəftarlı. Həyata açıq gözlə baxasan. Bilirəm ürəyində mənə gülürsən, bəlkə də nifrət edirsən. Elə bilirsən ki, mən də bax bütün bunlardan - o par-par parıldayan təzə mebelini göstərdi, - ya da Səmayənin şubasından ötrü mənliyimi satmışam. Yox. Mən heç bir vaxt vicdanımın əleyhinə getmərəm, heç vədə elə söz demərəm ki, vicdanım onu qəbul eləməsin. Buna əmin ola bilərsən. Amma... - o, pauza verdi, - amma gərək adamın ağlı başında olsun. Xoruz kimi atılmasın hər dəqiqə ortalığa. Elə yer var, gərək çəkiləsən, güzəştə gedəsən, elə yer də var ki, gərək qabarasan, sözünün üstündə möhkəm dayanasan. Bəzi xırda işlərdə güzəştə getmək lazımdır ki, böyük işlərdə getməyəsən.
- Bəlkə də sən haqlısan. Amma mənimçün bu haqq-hesab çox qəliz məsələdir, burda geri çəkil, orda irəli çıx, mən belə idmandan baş çıxara bilmirəm.
O, əlini yellədi:
- Ay-hay. Yaxşı, gəl içək. Yeni ildən harda işləyəcəksən?
- Qəzetdə, - dedim. - Dünəndən əmrim verilib.
- Özün bilən yaxşıdır, amma məndən soruşsan nahaq getdin.
O, royalın arxasına keçdi, çalmağa başladı, arvadı da oxudu. Bizim radionun son mahnılarından. biri idi. Birdən mənim yadıma qammalar, sonra isə radio düşdü.
- Tost demək istəyirəm, - dedim.
Hamı təəccüblə mənə baxdı, bilirdilər ki, mən heç vaxt tost-zad deyən deyiləm.
- Bax, biz hamımız burdayıq, bir yerdə, kefimiz də sazdır. Gəlin amma fikirləşək görək bu axşam tək qalanlar neyləyir? Məsələn, növbətçilər, yol baxıcıları.
- Kim, kim? - deyə ordan-burdan səsləndilər.
- Yol baxıcıları deyirəm. Bəli, o yol baxıcıları ki, qatarların cədvəlini əzbər bilir, təpə-tənha daxmalarından gecə vaxtı, qarda-çovğunda yola çıxıb qatarları ötürürlər.
Rasim: - Dinməyin, deyəsən aşnamız dəmdir, - dedi, hamı bərkdən gülüşdü.
Firuz tez mənə baxdı və ayağa durdu: - Dayanın, dayanın, - dedi. - Deyəsən xətrinə dəydi. Xahiş edirəm gülməyəsiz, məsələ ciddidir. Deməli, yol baxıcılarının sağlığına, eləmi Seymur?
Hamı qədəhləri qaldırdı.
- Yox, - dedim, - mən yol baxıcılarının sağlığına demək istəmirdim. Sözümü ağzımda qoyduz. Mən başqa bir adamın sağlığına içmək istəyirdim və bax, əgər dolayıb eləsəz, məndən inciməyin.
- Pah atonnan. Yaxşı, de gəlsin..., -yerbəyerdən səsləndilər.
- Mən bir adamın, bir tək-tənha, yalqız adamın sağlığına içmək istəyirəm. İndi o, oturub radionun qabağında. O, bütün radiostansiyaların proqramını, cədvəlini bilir. Yol baxıcısı qatarların qarşısına çıxan kimi o da efirdəki konsertlərin qabağına çıxır. Bütün dünya onun otağındadır, bütün bu dünyayla birlikdə o necə təkdir...
Mən bir qurtuma qədəhi başıma çəkdim.
Hamı səssiz-səmirsiz içdi, təəccüblə baxışdı, amma bir şey demədilər. Bir azdan sonra isə başqa şeylərdən danışmağa başladılar.
Mən dəhlizə çıxdım, nömrəni yığdım və dinləməyə başladım. Dəstək susurdu. "Bu da sənin yol gözətçin - deyə düşündüm. - Nahaq sən onun dərdini çəkirsən. O da yəqin hardasa yeni ili qarşılayır. Niyə də qarşılamasın axı?"
Sonra mən yenə zəng elədim. İstədim ki, yeni ilini Moskva vaxtıyla təbrik eləyəm. Cavab çıxmadı, bir saatdan sonra yenə zəng elədim, Praqa vaxtıyla yeni ilini təbrik etmək istədim, yenə hay vermədi. Bir saat da keçdi, yenə zəng elədim. Hansı vaxtla yeni il idi, bilmirəm, bəlkə Qrinviç vaxtıyla.
Nəhayət, səhər altının yarısında, küçədəki avtomatdan zəng eləyəndə cavab çıxdı.
- Sizi Atlantik yeni iliylə təbrik edirəm, - dedim.
Yəqin ki, nə demək istədiyimi başa düşmədi, mən də izah eləmədim.
- Sizsiz? İndicə girmişəm qapıdan.
- Bilirəm. Bütün gecəni sizə zəng vurmuşam.
- Rəfiqəmgildəydim.
- Dəxli yoxdur, - dedim, -yeni ildə mən sizə vacib bir şey demək istəyirəm. Mən sizi sevirəm. Özü də dəliçəsinə sevirəm.
- Belə de. - O güldü. - Əcəb şad xəbərdir. Yeni il pis başlamır.
- Siz mənim əzizim, gözümün işığısınız, bilmirəm hansı sözləri demək lazımdır, amma mən heç kəsi belə sevməmişəm. Bilirəm, sizə gülməli gəlir, axı biz heç bir-birimizi görməmişik. Amma neyləmək, bu belədir ki, var. Mən sizsiz yaşaya bilmərəm.
- Daha doğrusu, mənim telefonumsuz, - dedi. - Bilirəm, bu sözlər havayı söhbətdir, amma hər halda onları eşitmək xoşdur.
İlk dəfə idi ki, bizim söhbətimizi qammalar müşayiət etmirdi. Səhər açılırdı. Mən vaxtilə musiqi məktəbində oxuduğuma görə ağlıma belə bir bənzətmə gəldi - həyatın xromotik qamması - ağ və qara pərdələrin - gündüzlərin və gecələrin, yaxşı, işıqlı günlərin və pis, qaranlıq günlərin ardıcıllığı...
- Mən sizi haçan görəcəm axı? Amma siz düz deyirsiniz, görüşməyək. Bu, məhəbbətin ən gözəl formasıdır, bir-birimizə telefon xətləriylə bağlanmışıq. Gözəl əlaqədir.
- Birtərəfli əlaqədir, - dedi, - o, mənada ki, mənə zəng edə bilirsiz, amma mən sizə yox.
- Bəli, ona görə də mən sizi görməliyəm. Ünvanınızı deyin, bu saatca gəlim ora.
- Xahiş edirəm sizdən,- dedi və səsində ağrı duydum.
Davam etdi:
-Xahiş edirəm, bu sevinci məndən almayın. Belə təklifi mənə çoxları edir. Siz də etsəz, sizinlə də salam-kalamım kəsiləcək, - susdu, sonra əlavə etdi, - amma sizə mən çox isnişmişəm. Siz ilk adamsınız ki, ərimin ölümündən sonra özümə yaxın, məhrəm bilirəm.
Yanvarın ikisində təzə işimə gəldim. Bütün günü böyük bir materialı redaktə etdim, işin axırına yaxın makinaçıya verdim. Dedim ki, mütləq səhərə hazır edin. Kanselyariyanın qabağında böyük bir siyahı asılmışdı - işçilərin familiyaları və telefon nemrələri.
Mən gözucu bu siyahıya nəzər saldım və birdən diksindim - elə bil tanımadığım adamlar içində tanış bir sifət görmüşdüm.
- Vəlizadə kimdir? - deyə xəbər aldım.
- Bizim makinaçıdır. İndicə material verdiz e, ona... Nədir ki?
Mən pəncərədən baxdım. Qonur gözlü makinaçı pilləkənlərlə aşağı düşürdü. Dikdaban çəkmələri - tuk-tuk-tuk, - pilləkəndə səslənirdi və mən bilirdim ki, onun çəkməsinin nömrəsi otuz beşdir.
Bu, lap nağıla oxşayırdı. Tale bizi bir idarədə rastlaşdırmışdı, amma o hələ bu barədə bir şey bilmirdi. İndi o, makinasında mənim verdiyim böyük materialı yazarkən heç ağlına da gətirmir ki, bu materialı ona mən vermişəm, yəni, bilir ki, mən vermişəm, amma bilmir ki, mən oyam, yox, daha doğrusu, necə deyim, mən - mənəm.
Mən özümü saxlaya bilmirdim, bu yeniliyi ona çatdırmaq istəyirdim, avtomatdan ona zəng elədim. İlk dəfə belə erkən zəng vururdum və telefon susurdu. "Zərər yoxdur, həmişəki vaxt zəng edərəm, qoy sürpriz olsun".
Gecə ona zəng vurdum.
- Salam. İki saat bundan qabaq sizə zəng eləmişdim.
- Belə tez niyə? Rəfiqəmgildə idim. Əlimdə işim vardı, onlarda işləyirdim.
Gülüşümü güclə boğaraq: - Nə işdi ki? - deyə soruşdum.
- Evə iş götürmüşəm. Təzə müdirimizin tapşırığıdır.
- Təzə müdir?
- Hə, bu gün idarəmizə təzə şöbə müdiri gəlib.
- Yox əşi, - mən yenə də gülməkdən özümü güclə saxlayırdım, - hə, necədir təzə şöbə müdiriniz?
- Nə deyim vallah. Nə isə məni açmadı. Çox təkəbbürlüdür. Düzdür, ilk təəssüratla çətindir demək, amma, hər halda...
Mən quruyub qaldım. Bu variant heç mənim ağlıma gəlməmişdi.
- Niyə xoşunuza gəlməyib ki?
- Əşi, heç. Birinci təəssürat çox vaxt səhv olur. Bəlkə də yaxşı adamdır. Hər halda, özünü belə tox tutur. Hündür, göyçək oğlandır. Sifəti də gözəldir, amma bir az forsludur deyəsən... Adama elə bil yuxarıdan aşağı baxır. Danışanda da belə əmrlə danışır: sabaha çap eləyin.
İlk dəfə olaraq o öz peşəsi haqqında ağzından söz qaçırtdı. Amma mən bu sözdən yapışıb, onun peşəsini soruşmadım, axı onsuz da bilirdim.
- Bəs sizin işiniz nə oldu? - deyə soruşdu. - Təzə işə düzəldiniz?
Onda mənim ağlıma da gəlmədi ki, qəribə bir oyun başlayıram, amma ani olaraq hansı daxili qüvvəsə məni saxladı və belə cavab verdim:
- Yox, bilirsiz, fikrimi dəyişdim. Köhnə yerimdə qaldım.
Səhərsə ilk dəfə Mədinəni, mənim Mədinəmi gördüm. Yəni dünən də görmüşdüm onu. Amma dünən bu sifət başqa sifətlərdən biri idi, xoş, yapışıqlı bir sifət idi, amma xüsusi bir şeylə ayrılarından fərqlənmirdi. Adi bir sifət... Bəlkə hətta ona gözəl də demək olardı, amma nə isə solğun, tutqun bir gözəllik idi bu. Bütün bunlar dünən idi. Bu gün isə hər şey bambaşqa idi. Onun çap etdiyi kağızlara baxa-baxa oğrun-oğrun özünə də nəzər salırdım. Onun mənə yad olan zahiri görünüşüylə bu qədər yaxın, dogma, məhrəm səsi arasında, real varlığıyla telefon varlığı arasında bir ahəng, uyğunluq axtarırdım.
Mən onunla çox mehriban, həssaslıqla davranırdım və çox maraqlanırdım, görüm o bu dəyişikliyi duyurmu?
Bunu bilmək üçün axşamı gözləyirdim. Telefon saatını.
- Deyirdim də sizə, ilk təəssürat çox vaxt aldadıcı olur. Sən demə belə mehriban, belə həssas adammış ki...
- İkinci təəssürata da çox inanmayın. O da aldadıcı ola bilər.
- Yox, yox, dünən onun gözlərinin içinə baxa bilməmişdim. Bu gün baxdım - "görəsən haçan baxıb ki, mən sezməmişəm", - deyə düşündüm. - Bilirsiz gözləri nə təmizdir, ağıllıdır.
- Qısqanıram sizi ha, - dedim.
Bu oyun belə başladı. Mən artıq bu oyunun qaydalarını da bilirdim. O isə hər şeydən bixəbər idi.
Artıq mən heç bir şey edə bilməzdim. Hadisələr mənim nəzarətimdən, ixtiyarımdan çıxmışdı. Poçt qutusuna atdığın məktub kimi.
Bu oyunun öz çətinlikləri vardı. Gərək bütün sözlərini, ifadə, düşüncə tərzini dəyişdirəydin. Telefonda bir adam olaydın, işdə başqa. Hərəsinin də öz aləmi, öz davranışı, öz psixologiyası.
İşdə mən tamam başqa adam idim. Xeyirxah, amma arada pərdə saxlayan, bir qədər özünü çəkən. Telefonla o mənə mənim barəmdə danışırdı, hər hərəkətimi, hər addımımı, üzümün hər ifadəsini təhlil edirdi.
Çox vaxt söhbəti mən özüm salırdım, amma axır vaxtlar hiss edirdim ki, mənim söz açmağıma heç ehtiyac qalmır. O özü həvəslə Rüstəmlə uzun-uzadı telefon söhbətləri zamanı Seymur müəllimdən danışırdı. Amma Seymurla heç vaxt Rüstəm barəsində danışmırdı. Ümumiyyətlə, onun telefon həyatı haqqında heç kəsin təsəvvürü yox idi.
Mən bilmirdim sevinim buna, ya kədərlənim. Bəzən mənə elə gəlirdi ki, onun bu barədə heç kəslə danışmamasına səbəb tam bir laqeydliyi, biganəliyidir. Bəzən də əksinə düşünürdüm. Düşünürdüm ki, o bunu ən titrək, ən əziz, ən sirli bir hiss kimi gizlədir, heç kəsə açmaq istəmir. Qəribə şey idi - elə bil duyğularım qatmaqarışıq düşmüşdü.
Təsəvvür edin, Seymur kimi mən onu telefon həyatına qısqanırdım. Gecə telefon söhbətlərində isə məni - Rüstəmi onun Seymur haqqında uzun-uzadı söhbətləri əsəbiləşdirirdi.
Bir dəfə ona: - Gəlin, - dedim, - bir-birimizə "sən" deyək. Axı çoxdan tanışıq.
- Yaxşı, gəl, - deyə telefondan cavab eşitdim.
- Sağ ol, gecən xeyrə qalsın, - dedim və uşaq kimi sevindim ki, indi Mədinə mənimlə "sən" deyə, onunla isə "siz” deyə danışır.
Birdən ağlıma gəldi ki, ilk dəfə özüm haqqında, özümün ikinci "Məni" haqqında özgə bir şəxs kimi düşünürəm.
- Mənə elə gəlir ki, sən bir balaca ondan kəsirsən?
- Nə bilirsən? - deyə işvəylə cavab verdi, - bəlkə o məndən bir balaca kəsir?
Mən hirslə dəstəyi asdım. Üç gün ona zəng eləmədim. İşdə isə o gün həvəslə mırt vururduq. İdarənin köhnə işçilərindən biri mənə yanaşdı:
- Əbəs yerə özünü yorma, - dedi və gülümsündü, hələ heç kəs bizim bu balaca xanımın qəlbini fəth eləyə bilməyib.
Hər üçümüz güldük, Mədinə gedəndən sonra müsahibim dedi:
- Rahibə kimi bir şeydir. Heç kəs onun ürəyinə yol tapa bilmir. Vəfalı arvad imiş. Əri neçə il bundan qabaq həlak olub.
Öyrəndim ki, əri təyyarəçi imiş, göydə həlak olub.
O gün işdən gec çıxmışdım. Qapıdan çıxanda eşitdim ki, Mədinə makinada nə isə yazır. Onun uzun, nazik barmaqları vardı və o, makinada yazanda adama elə gəlirdi ki, pianoda çalır.
Gecə ona zəng elədim.
- Salam.
- Salam. Deməli, sənin özündən çıxmağın da varmış. O gün niyə dəstəyi çırpdın? Sənin açığına bu gün Seymur məni evə ötürdü.
- Necə? - deyə mən təəccüblə soruşdum və təəccübümün səmimiyyətinə inana bilərsiniz.
- Elə, işim çox idi. Gec çıxdım. O da məni ötürdü. Çünki mərifətli adamdır.
"Daha doğrusu, mərifətsiz, gicin biridir" - deyə düşündüm. Kül ağlıma, elə gec qalmışdı, mən də vidalaşıb getdim, fikrimə gəlmədi ki, ötürüm".
Ancaq mən başqa şeyi də anlamışdım. Başa düşmüşdüm ki, onu ötürmək istəsəm, “yox” deməz, hətta bəlkə ona xoş gələr. Bəlkə də acıqla deyirdi, telefonu çırpdığım üçün məni - Rüstəmi hirsləndirmak üçün deyirdi.
Deməli, o mənə - telefon tanışına da laqeyd, biganə deyildi. Ancaq bunu necə biləsən? Bunu bir vaxt bilə biləcəyəmmi?
Gümanlar, fərziyyələr içində çaşıb qalmışdım. Amma bircə şeyi dəqiq dərk etmişdim və odur ki, gələn səfər o işdən gec çıxanda nə etmək lazım olduğunu bilirdim.
Biz gediş-gəlişi azalmış, adamları seyrəlmiş küçələrlə keçirdik və mən ondan soruşdum:
- Bəs işiniz olmayanda axşamlar neyləyirsiz?
- Evdə otururam, - dedi.
- Elə tək-tənha oturursunuz evdə?
- Bəli, nədir ki? Oxuyuram, radioya qulaq asıram.
Görəsən radio haqqında danışdıqlarını indi də danışacaqmı? Amma tamam başqa məsələdən söz saldı və mən bununçun ona minnətdar idim.
- Bu da mənim pəncərəm, - deyə üçüncü mərtəbəni göstərdi.
- Bəlkə pilləkən qaranlıqdır, qoyun sizi yuxarıyacan ötürüm.
- Yox, - dedi.
Amma mən geri çəkilmək istəmirdim,
- Bəlkə məni evinizə dəvət edəsiz?
- Məmnuniyyətlə. Amma indi gecdir, - o, saatına baxdı və mən hiss elədim ki, əsəbiləşir.
- Gecdir? Siz belə tezdən yatırsınız?
- Yox, amma... - o, narahat idi, söz tapa bilmirdi.
- Yaxşı, indi ki, mənə bir stəkan çay vermək istəmirsiniz, gəlin bir az da gəzişək, hava alaq.
O dinmədi. Biz bir neçə dəfə onların evlərinin başına hərləndik. Mən yaman getmək istəyirdim onun evinə. Telefon söhbətlərindən mənə bu qədər tanış olan bu ala-işıq mənzili, radionu, yumşaq kürsünü görmək istəyirdim.
Bəlkə də o gün məni evinə dəvət etsəydi, hər şeyi ona deyəcəkdim.
Ancaq dəhliz qapısının qarşısında ayrılarkən o, əlini tələsik mənə uzatdı.
- Yaxşı, hələlik Seymur müəllim. Çox sağ olun. Gecəniz xeyrə qalsın.
Gülümsündü, cəld çevrilib qaçdı.
Mən onun addım səslərini dinləyirdim və birdən hər şeyi başa düşdüm. Başa düşdüm ki, o niyə tələsir, əsəbiləşir, tez-tez saata baxırdı. O, telefon zənginə gecikməkdən qorxurdu. Mənim zəngimə.
Bir neçə gündən sonra bizim məsul katib istehsalat müşavirəsində axmaq bir çıxış elədi.
Mən söz aldım və onu birtəhər elədim. O mənə cavab vermədi və birdən mənim yazığım gəldi bu kişiyə. Neçə ildir qəzetdə işləyir, yəqin hələ heç kəs onunla bu tonda danışmayıb. Özü də adam içində.
Müşavirədən sonra mən özümü narahat hiss elədim, əvvəla ona görə ki, tamamilə haqlı deyildim, ikincisi ona görə ki, Firuzun məsləhətlərini xatırladım, üçüncüsü də ona görə ki, bu işdən də getmək istəmirdim. Axı Mədinə burda işləyirdi. Nə isə məsul katibin otağına getdim, üzrxahlıq elədim.
Gecə Mədinəyə zəng eləyəndə bilirdim nədən danışacaq.
- Bilirsən, Rüstəm, - onun səsində bir canlanma, həvəs vardı, - bizim Seymur bilirsən necə mərd adamdır. Bu gün mən olmamışam, amma hamı danışır ki, müşavirədə durub məsul katibi birtəhər eləyib. Yaş yuyub, quru sərib. Ağzından çıxanı deyib. Bilirsən, hamı bundan danışır. Axı hələ indiyə kimi onun bir sözünü iki eləyən olmayıb. Özü də bu qədər adamın içində kişini biabır eləyəsən.
- Bilirəm, - dedim, - bu tipdə adamları mən yaxşı tanıyıram. İclaslarda alovlu nitqlər deyirlər, adamların içində basıb-kəsirlər, amma sonra təklikdə gedib üzr istəyirlər. Yəqin sənin Seymurun da iclasdan çıxıb gedib o kişinin yanına, şahidsiz-zadsız yıxılıb ayağına, başlayıb yalvarmağa.
O, kədərli səslə: - Axı belə niyə danışırsan? - dedi. - Niyə sən onu sevmirsən?
- Ona görə ki, sən onu sevirsən. Mən də səni sevirəm.
- Çox gözəl. Hamımız bir-birimizi sevək də.
- Əlbəttə, sən zarafat elə. Bəla ondadır ki, onunla sən görüşürsən, üzbəüz danışırsan, kinoya gedirsən.
- Kinoya? Nə bilirsən ki, onunla kinoya gedirəm.
- Niyə də getməyəsən?
O güldü. Görünür bu fikir ona xoş idi.
- Mənimlə isə ancaq telefonla əlaqə saxlayırsan.
- Axı biz səninlə danışmışdıq.
- Sən mənim haqqımda ona bir şey demisən?
- Nə danışırsan? Mən bu barədə heç kimə, heç vaxt bir kəlmə də deməyəcəyəm. Mənimçün bu, necə deyim, - o bir an susdu, söz axtardı, - müqəddəs bir şeydir.
Səhərisi günü biz onunla kinoya getmişdik. Film sınaqçı pilotlar haqqında idi və Mədinə qəhərlənmişdi. Bəlkə buna görə onda qəlbini boşaltmaq ehtiyacı vardı və biz bulvarla evə qayıdarkən o mənə həlak olmuş ərindən danışırdı.
Deyirdi ki, bizim bütün ömrümüz göydə keçdi. Göydə tanış olduq. O pilot idi, mən adicə sərnişin. Sonra mən stüardessa işləməyə başladım ki, həmişə onunla olum. Evləndik. Bakıdan - Moskvaya, Moskvadan - Bakıya uçurduq və təyyarədə xəlvət guşə tapıb öpüşürdük. Sonra boynuma uşaq düşdü, məzuniyyətə çıxdım. Axırıncı dəfə onu trapa qədər ötürdüm.
Ayrılanda onların dodaqları arasında məsafə yox idi, amma bilmirdilər ki, bu məsafə həyatla ölüm arasındakı məsafədir. Əbədi göylə, onun heç bir vaxt qayıtmayacağı əbədi göylə - yer arasında, Mədinənin onu daim gözləyəcəyi yer arasındakı məsafə.
Təyyarə yerindən tərpənəndə Mədinə onun arxasınca su atdı. Yəqin aviasiya tarixində ilk dəfə idi ki, müasir hava laynerinin ardınca, min il bundan qabaqkı adət üzrə su atırdılar. Sonra o, göyə qalxdı. Sonra yağış yağdı.
Mədinə ayaq saxladı, nəyəsə qulaq verməyə başladı. Bir qədərdən sonra bu uğultunu mən də eşitdim və başa düşdüm ki, o bu səsi hamıdan qabaq eşidir. Biz göydə hərəkət edən rəngbərəng işıqlara baxırdıq və Mədinə dedi:
- Onun qəbri ordadır. Arvadlar ərinin qəbri üstə qəbiristanlığa gedir, mən də göyə baxıram.
Sonra Mədinə mənə danışdı ki, bəzən axşamlar aerodroma gedir, elə-belə bir kənarda dayanır, düşən, qalxan təyyarələrə tamaşa edir.
Sonra dedi ki, uşaq da ölü doğuldu, ərinin bu yadigarı da qalmadı.
Mən əlimi onun üzünə çəkib yanaqlarındakı göz yaşlarını sildim, sonra dəli kimi onu öpməyə başladım.
O: - Yox, yox, yox, lazım deyil, - deyirdi və mən hiss edirdim ki, get-gedə o bu sözləri daha böyük çətinliklə deyir.
Mən onu ötürdüm və dərhal zəng elədim.
Səsi həyəcanlı və hətta bir qədər şən idi və mənim bütün romantiklərə - havada, yerdə, dənizdə həlak olmuş bütün biçarələrə yazığım gəldi.
- Bilirsən, - dedim. - İndi işdə də onunla "sən" deyə danışırdıq, - dünən biz ayrılan kimi sənə zəng elədim, telefonun məşğul idi. Gecənin o vaxtında kiminlə danışırdın belə?
Mən heç gözləməzdim. Onun rənginin qaçdığını, sifətinin gərginləşdiyini duydum. Amma tez özünü ələ aldı və dedi:
- Yəqin ayrı yerə düşmüsən. Mən gələn kimi yatdım...
- Dünən səni yuxumda görmüşəm.
- Qəribədir, həyatda heç bir vaxt görmədiyin adamı yuxuda neçə görmək olar?
- Səsini görmüşdüm yuxuda. Bir də "Nerinqa" radionu.
- "Nerinqa"nı yenə təsəvvür edə bilərəm, amma səsimi necə görmüsən, heç ağlıma sığışdıra bilmirəm. Səncə, mən necəyəm? Heç məni təsəvvür edə bilirsənmi?
- Əlbəttə. Hündür boylu, uzun qıçlı, uzun saçlı - mən onun əsil görkəminə uyğun olmayan şeyləri deyirdim.
- Afərin sənə, - dedi. - Lap düz təsəvvür edirsən. İndi mən hər gecə sənin yuxuna girəcəyəm.
- Yəqin sən tək mənim yuxuma girmirsən...
- Yenə başladın?
- Yox, bilirsən, deyirlər, Məhin Banu hər gecə yüz kişinin yuxusuna girirmiş. Sənin tirajın neçədir?
- Mən bircə nüsxəyəm və ancaq sənin yuxuna girirəm. Sən mənim gözümün işığısan.
- Hədsiz dərəcədə minnətdaram.
- Bura bax, gözümün işığı, bir məsələni səninlə məsləhətləşmək istəyirəm. Amma, xahiş edirəm, özündən çıxma, hay-küy salma, telefonu da atma.
Mən bu söhbəti üç gündü gözləyirdim. Üç gündü təəccüblənirdim ki, niyə bu barədə danışmır.
- Qulaq as. Amma əvvəl yanına gətir validol qoy.
- Yaxşı, ürəyimi çəkmə.
- Yaxşı. Üç gün bundan qabaq Seymur mənə təklif elədi ki, ona ərə gedim. Ürəyin getmədi ki?
- Yox, - dedim. - Nə cavab verdin ona?
- Hələ heç bir cavab verməmişəm. Səninlə məsləhətləşmək istəyirəm. Axı sən mənim ən yaxşı, ən əziz dostumsan. Ən əziz adamımsan.
"Qadın psixologiyası qəribədir. Başqasına aşiq olan kimi sən ən yaxşı dost, ən yaxın adam olursan".
- Lazım deyil - dedim və ən qəribəsi bu idi ki, mən səmimi deyirdim. - heç kəsə getmə. Ya da mənə gəl. Mən səni sevirəm. Ay allah, kaş telefonla evlənmək olaydı.
O qəhqəhə çəkdi. Bir qədər əsəbi və süni gülürdü.
- Ağıllı oğlan ol. Axı sən hələ lap balaca uşaqsan.
- Mən? Nə bilirsən, sən ki, məni görməmisən.
- Mən hiss edirəm. Hər şeydən hiss edirəm, sənin səsindən, xasiyyətindən, mənlə əlaqəndən. Yalvarıram sənə, həmişə belə qal, böyüməyə tələsmə.
- Nə bilirsən, bəlkə mən sənin Seymurundan böyüyəm?
- Yox, yox əzizim. Qadın hissləri heç vaxt aldatmır.
Bu lap məzhəkəyə oxşayırdı, amma mənim gülməyə həvəsim yox idi. Nə isə doğrudan da ağrı, kədər, intizar duyurdum.
- Lazım deyil, Mədinə, - deyirdim. - Bəs mən nə edəcəm? Axı ərin icazə verməyəcək ki, gecə sənə zəng vurum.
- Fikirləşib bir şey taparıq. Telefon əlaqəsi xəyanət deyil, günah deyil. O vaxta sənin də evində telefon olacaq, mən özüm sənə zəng eləyəcəm.
Axı ona necə başa salaydım ki, bu heç bir vaxt mümkün olmayacaq.
- Məni başa düş, - deyirdi, səsi ciddi və kədərli idi, - bax, - siz kişilər hərdən təklikdən, tənhalıqdan şikayətlənirsiz. Mənim lap gülməyim tutur, çünki siz əsil təkliyin nə demək olduğunu heç vaxt başa düşə bilməzsiniz. Elə təklik ki, onu yalnız qadın başa düşə bilir. Gecə ayılırsan, divarlar üstünə gəlir... nə isə, qəmli şeylərdən danışmayaq. Sən nə desən, onu edəcəm. İstəyirsən “yox” deyim.
Mən ona nə deyə bilərdim? O susdu, sonra mən təyyarə uğultusu eşitdim və başa düşdüm ki, bu özü elə cavabdır. Heç bir vaxt bizim heç birimiz - nə mən - Rüstəm, nə də mən - Seymur onun həlak olmuş ərinin yerini tuta bilməyəcəyik.
O axşam işdən sonra ilk dəfə məni evinə dəvət etdi. Mən dəhlizi və mərtəbəni bilirdim, amma mənzil qapısını tanımırdım. Qaranlıqda başqa qapını döydüm. Açan olmadı.
Kibrit çəkdim və qapının üstündə not vərəqində yazılmış "Açar qonşudadır" sözlərini oxudum. Not kağızını görən kimi qammalar yadıma düşdü və bildim ki, qapını çaşdırmışam. Çönüb qarşıdakı qapını döydüm.
"Nerinqa" radiosu, yumşaq kürsü, torşer - hər şey eynilə mən təsəvvür elədiyim kimiydi.
- Bu saat, Seymur, sənə əntiqə musiqi tutacam, - dedi. - Sən qulaq as, mən də çay qoyum.
Sonra mən onu öpürdüm, qucaqlayır, oxşayırdım. Hiss edirdim ki, ona qadınlığı xoş və çətin bir ağrıyla qayıdır.
Divar dalında lap yaxınlıqda qamma çalmağa başladılar, birdən o mənim əllərimin arasından çıxdı və nəyəsə qulaq asmağa başladı.
Mən də dinləyirdim. Bilirdim ki, bir neçə saniyədən sonra mən də bu uğultunu - təyyarə uğultusunu eşidəcəyəm. Amma heç bir töyyarə - filan yox idi. Birdən başa düşdüm ki, Mədinə nəyə qulaq verir. Mədinə telefonu dinləyirdi. Bu vaxtlar o zəng edərdi.
O - yəni mən.
Bilirdim ki, o daha zəng eləməyəcək, daha heç bir vaxt zəng eləməyəcək, amma bir an mən də şübhələndim, mən də gözlədim və mən də möcüzə arzuladım - istədim, telefon səslənsin.
Telefon susmuşdu.
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)
BALET ƏFSANƏSİ - Rəfiqə Axundovanın doğum gününə
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bu gün milli balet sənətinin əfsanəsi adlandırılan Azərbaycanın xalq artisti, şərəf nişanı və şöhrət ordenli baletmeyster Rəfiqə Axundovanın doğum günüdür.
Rəfiqə Axundova 1931-ci il avqustun 7-də Bakıda dünyaya gəlib.
Bakı xoreoqrafiya məktəbində təhsil alıb.
1951-ci ildə Azərbaycan Opera və Balet Teatrında çalışmağa başlayıb.
20 il burada solist kimi fəaliyyət göstərir və 1990-cı ildə həmin teatrın baş baletmeysteri olub.
l998-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində plastika və baletmeyster sənəti fənlərindən dərs deyib. Onun təşəbbüsü və rəhbərliyi ilə universitetdə “rəqs laboratoriyası” yaradılıb. “Qız qalası”, “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Məhəbbət əfsanəsi”, “Jizel” və s. baletlərdə əsas partiyaların ifaçısı olub.
Rəfiqə xanım həm də yaradıcı bir sənətkar olub. Həyat yoldaşı xalq artisti Maqsud Məmmədovla birlikdə
Azərbaycan Opera və Balet Teatrında “Xəzər balladası”, “Qobustan kölgələri”, “Azərbaycan süitası”, “Şelkunçik” "Yallı", "Babək", 1975-1978-ci illərdə Qara Qarayevin “İldırımlı yollarla” və “Yeddi gözəl” kimi baletlərinə quruluş verib.
O, eyni zamanda "Dədə Qorqod", "Qərib cinlər diyarında", "Qaynana", "Bəyin oğurlanması" və başqa filmlərdə milli rəqslərə quruluş verib.
Uzun müddət Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib, Əlcəzairdə “Üç inqilab” adlı baletini və “Muğam” musiqili xoreoqrafiya lövhəsini tamaşaya qoymaqla adını bu ölkənin mədəniyyət tarixinə həkk etdirib. XX əsrin 70-ci illərində Novosibirskdə “İldırımlı yollarla” baletinə quruluş verib, Qahirədə “Yeddi gözəl”, Antverpendə “Kaleydoskop” baletlərini tamaşaya qoyub. 1969-cu ildə Parisdə keçirilən VII Beynəlxalq Rəqs Festivalında onun iştirakı ilə “Xəzər balladası”, “Qobustan kölgələri”, “Azərbaycan süitası” nümayiş etdirilib. Paris Rəqs Akademiyasının diplomuna layiq görülən Rəfiqə Axundovanın özünəməxsus sənəti və istedadı haqqında Fransa mətbuatı maraqlı rəylər dərc edib. Rəfiqə xanım həmçinin 1994-cü ildə Qara Qarayevin “Yeddi gözəl” baletini Ankarada tamaşaya qoyub.
Gördüyü işlərə və balet sənətinə verdiyi tövhələrə görə Rəfiqə Axundova 1958-ci ildə respublikanın əməkdar artistti, 1970-ci ildə xalq artisti fəxri adlarına, şərəf nişanı ordeni və şöhrət ordeninə layiq görülüb.
Xalq artisti 6 fevral 2024-cü il tarixində, 93 yaşında vəfat edib İkinci Fəxri xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)