Super User

Super User

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

Əbədi yazıçımız Əzizə Cəfərzadə  “Aləmdə səsim var” kitabında Şirvanın 1000 illik paytaxtı olmuş Şamaxını belə təsvir etmişdi: “Şamaxı yollardan başlayır...”

Böyük yazıçımız öz əsərlərində Şamaxıda mövcud olan Azərbaycanın qədim dövlətçilik tarixini yollarla başlamaqda məqsədi o yollardan gəlib keçən insanları, mədəniyyətləri və savaşları göstərmək idi... O yazdıqları da bizdən əvvəl yaşanan tarixlərin açılı və şərəfli səhifələridir.

Həmişə belə olub, Yaradanın bu gözəl məkanının - Azərbaycanın torpağına, suyuna göz dikənlər çox olub. Gəliblər, dağıdıblar, viran qoyub gediblər...

Lakin bu müqəddəs torpaqlarda  qəhrəman və qeyrətli analarımızın dünyaya gətirdiyi ər oğullar, hünərli qızlarımız yenidən əkib- becərib, tikib-qurub yurd yeri edib doğma Vətənimizi. Biz bu Vətəndən ayrılmamışıq. Harada olsaq da torpaq həsrəti bizi rahat buraxmayıb.

....Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” və “Yaşıl dünya naminə həmrəylik ili” adlı tədbirlərdə iştirak etmək üçün Zəngilan şəhərinə yola düşdük.

Mən də “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İB-nin sədri kimi nümayəndə heyətində idim. 

Cəbrayıl rayonundakı postu keçəndən sonra, yenə diqqətimi ermənilərin işğaldan əvvəl qazdıqları üstünü ot basmış bəzi səngərləri çəkdi... Bir az da keçəndən sonra  viran qoyduqları evlərin təməllərinin yerinə yeni təməl döşəndiyini, yeni tikiləcək evlərin təməlinin bir-iki daş qalxdığını görürəm. Yenidən tikiləcəyini gözləyən daş divarlar, daş sütunlar isə mənə əllərini göyə qaldırıb Tanrıdan aman diləyən anaları-ataları, uşaqları xatırladır. O vəhşi xislətlilər bu gözəl yurdlarımızı viran qoyandan sonra yaralı evlərimiz, divarlarımız, binələrimiz düz 30 il bu yurdlarda qollarını göyə qaldırıb, Tanrıdan aman dilədilər. Tanrıdan bu yurdların sahiblərinin gəlib oz ocaqlarını isitmələrini istədilər.

Heç bilirsinizmi ki, daşların da yaddaşı vardır? Uzun illərdir ki, yaponlar daşların  dərin və görünməyən yaddaşında qalan səsləri, fikirləri öyrənmək üçün çalışırlar. Və inanıram ki, buna nail olacaqlar. Sözümün mübtədası odur ki, həmin evlərin, yurdların, qayaların, dağların daş yaddaşında səsimiz, söhbətimiz ruhumuz qalıb. Onu bizim çoxumuz görmürük. Bilənlər isə bilirlər ki, daşlar heç nəyi unutmurlar.

Qolları göyə dikili qalan daşlarımızın harayını, səsini Tanrının öz hökmü ilə başda Ali Baş Komandanımız, Xaqan İlham Əliyev olmaqla, onun şadları, alpları, qazilərinə yetişdirdi və onlara aman verdi. Daşların ruhu və səsi onların cisminə çökdü... O səslərlə, o ruhla qələbə əzmi yüksəldi. Torpaqların, yurdların öz sahibləri qayıdan kimi, burada çəmənlər, ağaclar, çiçəklər başqa hava, başqa naz ilə çiçəkləndilər.

Cəbrayıldan Zəngilana qədər uzanan yol boyu şüşə kimi hamar yollar üzərindən keçdikcə, dünənə qədər sağımızda- solumuzda viran qalmış kimi görünən yurdlarımızda aparılan quruculuq işləri ürəyimiz dağa döndərir... Gəlib Zəngilanın ağappaq evlərlə süstlənmiş zümrüd damlı  Ağalı kəndinə yetişdik.  

“Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” və “Yaşıl dünya naminə həmrəylik ili” adlı panel iclaslarda Agentlik və QHT rəhbərlərinin çıxışlarından gəldiyim nəticə bu oldu ki, ölkəmin nə qədər dəyərli ziyalı və savadlı övladları var ki, bu Vətəni vətən kimi, can kimi sevirlər. Forumda məruzə və çıxışlarda azad olunmuş tarixi torpaqlarımızda və Naxçıvanla həmsərhəd ərazilərdə, dövlətimizə və yurdlarımıza , təbiətimizə ermənilərin vurduqları ziyan və talanlar sadalandı. Eyni zamanda bu ekoloji   fəlakətdən çıxış yolları izah olundu. 

Həmin çıxışlarda ermənilərin Azərbaycan torpaqlarında ekoloji tarazlığı pozması ucbatından dağ mədən sənayesinin  istismarı nəticəsində yaranan ekoloji fəsadlar, ərazimizdəki mina çirklənməsi, Oxçu, Bərgüşad, Araz çaylarına düşmən qonşularımız tərəfindən axıdılan zəhərdən bəhs edildi. O çaylara axıdılan zəhərli suları insanlar tam fərqinə varmadan öz təsərrüfatlarında işlətməyə məcburdurlar. O çirklənmiş sulara görə torpaq, əkdikləri məhsul zəhərlənir. Əgər yoncadırsa, heyvandarlıq yemidirsə- yoncanı yeyən heyvanın südü, buğdadırsa- buğdadan çörək bişirən insanın qanı zəhərlənir. Bir görün ki, 30 il ərzində və bu gün də bu insanlığın və bəşəriyyətin qənimi olan, bizim 1918-ci ilin 27 may tarixində verdiyimiz 9 min kv.m ərazidə -İrəvanda yaşayan ikiayaqlı canlılar təbiətə necə qənim kəsiliblər. Əlbəttə ki, mən inanıram ki, vətəndaş cəmiyyətini təmsil edən QHT nümayəndələrimiz “Yaşıl dünya naminə həmrəylik ili” adlı böyük COP29 topantısında dünya ictimaiyyətinə bu ekoloji fəlakət həqiqətlərini çatdıra biləcəklər.

Panel müzakirələrində iştirak edən məruzəçilər ermənilərin işğal dövründə 60 min hektar yaşıllıq ərazimizi yandırıb viran qoyduqlarını, yaşı min ildən çox olan nadir ağaclarımızı kəsib İrana, Rusiyaya satdıqlarını, xarici investorların əli ilə yerin altındakı sərvətimizi taladıqlarını bildirdilər. O da məlum oldu ki, bu talan edilən sərvətimizdən Ermənistan büdcəsinə çox az miqdarda, investorların qazandıqlarının 6 faizi qədər gəlir gəlirmiş. İndi azad etdiyimiz torpaqlarımızda yerləşən 45 ədəd metal mədənimizdən taladıqları qızıl və digər bahalı sərvətlərimizin əvəzində isə mina, silah və sursat alıb, bizə qarşı istifadə edirdilər.

O çıxışların içərisində yadımda qalanlardan biri də həmin hadisələrin canlı şahidi  Umud Rəhimoğlunun dedikləri oldu:

“1992-ci ildə Bərgüşad, Həkəri, Oxçu , Araz çaylarının ətrafı insan ah-naləsi, uşaqların göz yaşı ilə dolu idi. Araz çayında nə qədər uşağın, qocanın, gəncin gülüşləri boğuldu...”.

… Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatındakı çıxışlarının birində dedi ki: “Biz hamımız türk ailəsiyik!”. On illərlə ürəyimizdə gəzdirdiyimiz, yazdığımız, uğrunda savaşdığımız, ideya davalarında səsləndirdiyimiz, qarşımıza qoyduğumuz hədəfimizi  Prezident İlham Əliyevin təsdiq etməsi “Qızıl alma” hədəfimizə aparan yolun görünməsi idi.

Bax, biz Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ailəsi olaraq, iyunun 24 və 25-ində həmin o türk ailəsinə, türk dövlətlərinə məxsus olan Zəngilan rayonunda –Zəngilana və Zəngəzur yolunun üstündə yerləşən yurdlarımıza qarşı edilən müsibətdən danışdıq, lakin bu danışıqlarda daha ağlamaq, ümidsizlik yox idi. Bizi belə əmin edən tikintisinə şahid olduğumuz Zəngəzura gedən yol idi.

Əlbəttə, işğaldan azad olunmuş ərazilərimizdə gedən quruculuq işlərinə baxdıqca qürür duyuruq. Və bu boyda xərabətin  nə zamansa GÜLÜSTANA dönəcəyi günün çox yaxında oilduğuna inanırıq.  Lakin bu inamın içərisində bir həqiqəti də unutmamalıyıq ki, hər şeyin fövqündə İNSAN dayanır. Ağacları əkən də, torpağı becərən də insandır, insan övladıdır.

Zəngilan forumunda da buralarda yeni ağaclar əkəcəyimiz, evlər tikəcəyimiz haqqında arzularımızın reallaşması barədə fikirlər səsləndirildi.

Zəngilan, Zəngəzur və Zəngi Ata... -- türk torpaqları... O yerləri göprməyənlərə deyim ki, Daşkəndin Zəngi Ata adlı bir rayonu vardır. O rayonda da çinarlar boy-boya düzülüb. Torpaq çinarlara güvəndiyi kimi, insanlar da övladlarına, ailəsinə güvənir.

Daşkənd şəhərinin cənub girişinin 15 kilometirliyində yerləşən Zəngi Ata rayonu və Zəngi ata Mavzoley Mədrəsəsini xatırladım. Bir-birindən bu qədər uzaqlıqda yerləşən hər iki yaşayış məskəninin adının “Zəngi” sözü ilə başlaması isə yəqin ki, qədim “Zəngi” adlı türk tayfalarının adı ilə bağlıdır.  Daşkəndin Zəngi Ata rayonunda yerləşən Zəngi Ata ocağı bu gün müsəlman dünyasının ziyarət yeridir. Zəngilanda yeni inşa olunan məscidimiz də bu gün yenə inanclı insanlara öz qapısını açıb. Onun yanında isə, 1717-ci ildə Zəngilanın nəcib bəylərindən olan Həsənalı bəy sultan Nəsr oğlunun inşa etdirdiyi məscidin işğal illərində dağıdılmış görünüşü bərpa olunmaqla yaddaş üçün saxlanılıb. İçəri keçib həmin məscidin divarlarına çəkdim əllərimi. Daşlara inananlar bilirlər ki, daşın yaddaşı vardır. Yaponiyalı alimlər daşların yaddaşına yazılmış səsləri və təmasları oxumağı öyrəndiyini yuxarıda qeyd etmişdim. Yəqin ki, biz də bir gün bu daşlara hopmuş o səsləri, bu daşlarda sevgisi, ağrısı qalan insanların nə düşündüklərini ağıllı kənd modeli Ağalı kəndində oxuyan uşaqların intellekti  sayəsində biləcəyik.

Bu işləri görmək üçün də xalqımızın sayının çoxalması gərəkdir! Nəinki Azərbaycanın, türk ailəsinə mənsub olan bütün xalqların sayının çoxlaması şərtdir. Lakin gəlin görək, Azərbaycanda yaşayan irqindən, rəngindən, dindindən asılı olmayaraq əhalisinin çoxalması üçün gördüyümüz işlər, irəli sürdüyümüz təkliflər yetərincədirmi? Əfsuslar olsun ki, XEYR!!!

Mən çox istəyirəm ki, ölkəmizdə çoxuşaqlı ailələrin sayı çoxalsın. Bunun üçün dövlət proqramı hazırlansın. Bakıda iş tapmayan, özünü işsiz hesab edən yeni ailələrə və yaxud da iş axtaran gənclərə işğaldan azad olunmuş torpaqlarda iş təklifləri çoxalsın. İş istəyənlərin qarşısına maneələr çıxarılmasın. Gəncləri torpaqdan və vətəndən küsdürməsinlər. Şərtlərdən biri də o olsun ki, həmin yurdlarda çoxuşaqlı ailə sahibi olmaq istəyənlərə əlavə kompensasiyalar ödəniləcək.

Mən onun əleyhinəyəm ki, gənclər buraya tam rahat mənzillərdə yaşamaq üçün köçsünlər. Gəlin ağır sınaq qarşısında olan dövlətimizə belə şıltaqlıq və ərköyünlük nümayiş etdirməyək. Gözünüzün qabağına gərtirin ki, çoxdan yaşadığınız eviniz təbii fəlakət nəticəsində uçulub, dağılıb. (İraq olsun!) Və siz onu yenidən tikməlisiniz. Bilirsiniz də nə qədər əziyyətdir, o evi yenidən qurub-tikmək. İndi bir fikirləşin ki, viran edilmiş yurdlarımızda, təməli və divarları torpağa çevrilən o yerləri tikib-qurmaq üçün nə qədər hövsələ və güc, inam lazımdır. Ona görə də dövlətimizin quruculuq işlərində ona kömək edən vətəndaş olaq. Bu vətənin daşı olarıqsa, dövlətin orada təməl üçün qoyduğu daşın üstündə özümüz də daş ola biləcəyiksə, o zaman, Qarabağda və digər işğaldan azad  edilən ərazilərdə vətəndaşlarımızın sayı artacaq, abadlığımız tez başa gələcək. Əlbəttə ki, bu məsələlərdə məmur vicdanı və xalqa sevgisi əsas şərtdir!

Mən , Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən xahiş edirəm ki, QHT təşkilatları bu gündən etibarən həm də gənclərimiz arasında  çoxuşaqlı ailə olmağın Vətən üçün, Dövlət üçün, ailənin özü üçün nə qədər əhəmiyyətli olduğunu təbliğ etsin. Ailələrdə uşaqların sayının artırılması üçün Təşəbbüs qruplaraı yaradaq. Dövlət və hakimiyyət orqanları qarşısında çoxuşaqlı ailələrin təminatı üçün öhdəlik götürmələrini təklif kimi qəbul etdirək. Bundan sonra isə yenidən qurmağa başladığımız ərazilərə köçüb gəlmək arzusunda olan müəllim də, həkim də, dərzi də, montyor da, quyu qazan da, xalça toxuyan da... bütün sənət sahiblərini inandıraq ki, qoy gəlib müasir vaqon evlərdə yaşasınlar, öz evlərini özləri tiksinlər. Dövlət burada onların yaşaması üçün ilkin ehtiyaclarını hər gün təmin etsin. Kiçik dükanlar ərzağı baha qiymətə satmasınlar. Ərazilərin davamiyyətli ərzaq və məişət əşyaları təminatı olsun ki, hər ay vaxtlı-vaxtında əmək haqlarını alan ailələr alış-verişlərini də təmin edə bilsinlər. Həm də dövlətin tikmək istədiyi bütün obyektləri, müəssisələri bu gənclər özləri inşa etsinlər. Burada sevib-seçdikləri ilə evlənsinlər. Yeni möhkəm ailələrin təməli atılsın. O zaman həmin gənclər bu torpaqlara daha möhkəm köklərlə bağlanacaqlar. Əziyyətlə başa gələn, tikilən evini heç kim dağıtmaq istəməz axı. O zaman boşanmaların da sayı azalacaq. Bir uşaqlı, iki uşaqlı ailələr deyil, bu torpaqlarda, bu yurdlarda 1992-ci ildə olduğu kimi dörd, beş, altı... uşaqlı ailələr yaşayacaq. O uşaqlar böyüyüb , etrmənilərin qətl etdiyi vətəndaşlarımızın ürəklərində qalan arzuları yaşadacaqlar, indi əkmək istədiyimiz 100 mindən artıq çinarları böyüdəcək, sevəcəklər. O çinarların altında sevgi nəğmələri oxuyacaq, artıb-çoxalacaqlar.

Əgər yadınızdadırsa, möhtərəm Prezidentimiz İlham Əliyev Zəngilanda demişdi: “Qoy burada körpə gülüşləri çoxalsın!”.

Gəlin əl-ələ verək, Arazda boğulan körpə gülüşlərini , buralardan göylərə ucalan ah-nalə səslərini toy-bayramla əvəz edək. 1992-1993-cü ildə buralardan qopan, Tanrıya, Kainata ucalan vahiməli səslər göyün yaddaşına yazılıb. O səslər heç vaxt itmir. Kainatda bütün cisimlər öz formasını dəyişdiyi kimi, səs də bir formadan digər formaya keçə bilir. Əgər bu torpaqlarda  uşaq gülüşləri ucalarsa, çoxalarsa, 1992-ci ildən Tanrı dərgahında nigaran yaşayan o səslər yeni uşaq gülüşlərinə çevrilib geri dönəcəklər.

...Zəngəzur yollardan başlanır... Mən inanıram ki, Zəngəzurda  yeni doğulan bir oğlan, və ya bir qız böyüyüb nə vaxtsa kitab yazacaq.  Onun kitabı da  Əzizə Cəfərzadənin yazdığı “Şamaxı yollardan başlayır...”, cümləsinə bənzəyən belə bir cümlə ilə başlayacaq: “Zəngəzur yollardan başlayır... Bu yolu quran , tikən, türk dünyasına qaytaran  İlham adlı bir Xaqan var...”.

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Memarlarımızı tanıyaq” rubrikası altında Azərbaycan memarlıq tarixində respublikanın ilk qadın Əməkdar memarı olan Şəfiqə Zeynalovanın  həyat və fəaliyyətindən bəhs edən geniş məqalə hazırlayıb. “Ədəbiyyat və incəsənət” portalı həmin məqaləni təqdim edir. 

 

XX əsr Azərbaycan memarlığının parlaq simalarından olan Şəfiqə Zeynalova təkcə maraqlı layihələrin müəllifi kimi yox, həm də yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi yadda qalıb.

1922-ci il iyunun 26-da ziyalı ailəsində dünyaya göz açan Şəfiqə sovet hakimiyyətinin qəti əleyhdarı olan Mikayıl Zeynalovun üç qız övladından biri idi. M.Zeynalov 1937-ci ildə repressiya siyasəti nəticəsində həbs edilsə də, doğmaları ilə əlaqəsini heç bir halda kəsməmiş, övladlarının gələcək taleyində önəmli rol oynamışdır. Gənc Şəfiqə də atasının mütərəqqi ictimai-siyasi baxışlarından güc almış, cəmiyyətdə milli ruhlu və bəşəri düşüncəli sənətkar kimi özünü təsdiq edə bilmişdir.

1942-1943-cü illərdə orta məktəbdə riyaziyyat müəllimi işləyən Ş.Zeynalova memarlıq sənətini də elə atasının məsləhəti ilə seçmişdir. O, ilk ali təhsilini Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsində almış, oranı bitirəndən sonra “Azərdövlətlayihə” İnstitutunda memar kimi fəaliyyətə başlamışdır. Şəfiqə xanımın yaradıcılıq epoxasının ən sanballı nümunələri də məhz ömrünün sonuna qədər çalışdığı “Azərdövlətlayihə”də ərsəyə gətirilmişdir.

İstedadlı azərbaycanlı qadın memar kimi 24 yaşında ikən SSRİ Memarlar İttifaqı üzvlüyünə qəbul edilən Ş.Zeynalova 1949-cu ildə Moskva Memarlıq İnstitutuna daxil olmaqla Azərbaycan tarixində bir ilkə imza atmışdır.

İncə zövqə və geniş dünyagörüşünə malik memar kimi Şəfiqə Zeynalova layihələri hazırlayarkən ətraflı araşdırma aparır, yaradıcılığında milli koloritləri daha çox canlandırırdı. Bununla yanaşı, o, yalnız zahiri elementlərlə, məsələn, daş üzərində oyulmuş milli naxışlar və freskalarla kifayətlənmirdi. Şəfiqə xanım qədim Azərbaycan memarlıq tikililərinə dair əsərləri dərindən öyrənir, abidələrin forma və quruluşunu, məkan kompozisiyasını dərk etməyə çalışırdı. Və zaman keçdikcə milli özünəməxsusluğu qabartmaq istəyi onun memarlıq layihələrində geniş nəzərə çarpırdı.

Ş.Zeynalovanın həyata keçirilmiş ilk layihəsi uşaqlara həsr olunmuşdur. 1946-1948-ci illərdə tikilmiş Uşaq dəmir yolu memarın ən uğurlu layihələrindən biri idi və o bu işindən xüsusi zövq alırdı. Qəlbi Vətəninə və xalqına qarşı hər zaman böyük sevgi ilə çırpınan müəllifin uşaqlara hədsiz sevinc bəxş edən həmin estakadanın yanından keçəndə sonsuz fərəh hissi keçirdiyi deyilirdi.

Görkəmli memar Şəfiqə Zeynalova qısa ömründə paytaxtımızın estetik görünüşünü formalaşdıran bir çox binaların layihəsini işləyib-hazırlamış və tikintisinə rəhbərlik etmişdir. “Bakı Soveti” (“İçərişəhər”) metrostansiyasının, Azadlıq prospektində Sov.İKP-nin Arxivinin və Sənaye Tikintisi Nazirliyinin binaları onun zəngin irsinin seçilən nümunələridir. Bundan başqa, Bakı, Sumqayıt, Mingəçevir, Lənkəranda bir sıra yaşayış binalarının, eyni zamanda Sevil Qazıyeva, Mikayıl Müşfiq, Həzi Aslanovun heykəllərinin layihəsi də onun məsuldar fəaliyyətinin nəticəsidir.

Ş.Zeynalovanın müasirliyi ilə diqqətçəkən ən uğurlu işlərindən biri də paytaxtın mərkəzində ucaldılan 17 mərtəbəli göydələndir (“Nizami” metrostansiyasının yaxınlığındakı “Azad qadın” heykəlinin arxa tərəfində yerləşir). Dövrünün nadir memarlıq nümunəsi olan bu bina Bakının mərkəzində ucaldılmaqla vaxtilə paytaxtın müasir simasının zənginləşdirilməsində öz unikallığı ilə seçilmişdir. Dəmir konstruksiyalardan və şüşəli elementlərdən ibarət olan bu göydələn görkəmli alman memar və konstruktor Lüdviq Mis Van Der Roenin yaradıcılığından ilhamlanan Şəfiqə Zeynalova tərəfindən son dərəcə peşəkarlıqla düşünülmüşdür.

Memar Şəfiqə Zeynalovanın son əsərləri indiki Xarici İşlər Nazirliyinin və Bakı Dəmir Yolu Vağzalı binalarının layihəsidir. 28 Aprel (indiki 28 May) küçəsi onun peşəkar karyerasının zirvəsi olmalı idi. Memar həmin küçədə çoxmərtəbəli binaların tikilməsi üçün layihələr hazırlamaq barədə düşünürdü.

Təəssüf ki, ömrünün ən məhsuldar çağında tutulduğu ağır xəstəlik ona ideyalarını sonadək həyata keçirməyə imkan vermir. Şəfiqə Zeynalova 1979-cu il may ayının 1-də 57 yaşında dünyasını dəyişdiyi üçün bir çox layihələri kağız üzərində qalır.

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

Cümə axşamı, 27 İyun 2024 14:38

Komitə sədri Xalq artistinə məktub ünvanlayıb

 

Bu gün Azərbaycan Respublikasının Xalq artisti, Bakı Bələdiyyə Teatrının baş rejissoru Mərahim Fərzəlibəyovun 75 yaşı tamam olur. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa sənətkarın bu özəl günü ilə bağlı ona təbrik məktubu ünvanlayıb. 

 

Komitə sədrinin məktubunda Xalq artistinin həyat və fəaliyyətinin ən ümdə məqamlarına vurğu edilib. “Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir:

 

“Hörmətli Mərahim müəllim,

Sizi – görkəmli teatr rejissorunu 75 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz səhnəyə hələ orta məktəb illərindən maraq göstərmisiniz. Məktəbi bitirdikdən sonra bir müddət ictimai və yaradıcı fəaliyyətlə məşğul olmuş, sonra ali təhsil almaq üçün Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə yollanmısınız. Orada Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun (indiki Rusiya Dövlət İncəsənət İnstitutunun) Rejissorluq fakültəsinə daxil olmusunuz. İxtisas müəlliminiz – dünyaşöhrətli rejissor, görkəmli sənətkar, professor Georgi Tovstonoqov başda olmaqla, görkəmli sənətkar-pedaqoqlardan sənətin incəliklərini öyrənibsiniz (1970-1975). Ali təhsilinizi başa vurduqdan sonra, təyinatla Çeçenistan paytaxtı Qroznı şəhərindəki M.Lermontov adına Dövlət Rus Dram Teatrına göndərilmiş, həmin teatrda quruluşçu rejissor vəzifəsində çalışmış (1975–1977), müxtəlif əsərlərə səhnə quruluşu vermisiniz.

Sonra, Sumqayıt Dövlət Dram Teatrında baş rejissor (1977–1981) işləmiş, daha sonra, Akademik Milli Dram Teatrına rejissor təyin olunmusunuz. – Akademik teatrda əsasən çağdaş Azərbaycan dramaturqlarının, eləcə də, dünya klassiklərinin əsərlərinə fərqli səhnə quruluşları vermisiniz.

Siz həmçinin (dəvətlə) Naxçıvan Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında müxtəlif tamaşalar hazırlamısınız. 80-ci illərin əvvəllərində C.Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyası nəzdində fəaliyyət göstərən Kino-Aktyor Teatrı truppası ilə birlikdə Azərbaycanlı və xarici müəlliflərin  pyesləri əsasında yaddaqalan tamaşalar hazırlamısınız.

2006-cı ildə, Akademik Milli Dram Teatrına baş rejissor təyin olunmusunuz.

2018-ci ildən Bakı Bələdiyyə Teatrının baş rejissorusunuz.

Teatr sənətinin inkişafında göstərdiyiniz xidmətlərə, rejissorluqda qazandığınız uğurlara görə 1982-ci ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adına layiq görülmüsünüz. 2019-cu ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinizə görə “Şöhrət” ordeni ilə təltif edilmisiniz.

 

Sizi bütün sənət uğurlarınız və yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, möhkəm cansağlığı diləyir, ən xoş arzularımızı yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

Redaksiyanın poçtundan rubrikasında Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun məktubuna diqqət edəcəyik.

 

Çoşqun Xəliloğlu yazır: “Salam, hörmətli  redaksiya.Şəhidlər haqqında iki şeirimi  Sizə göndərirəm.Baxmağınızı və məsləhət olarsa, saytınızda dərc etməyinizi xahiş edirəmƏvvəlcədən təşəkkür edirəm.
 

VƏTƏN SEVDALISI, İGİD ETİRAF
Sahil qəsəbəsində anadan olmuş, Birinci Qarabağ müharibəsində şəhid olmuş, hazırda adını daşıdığı Qaradağ rayonundakı  Sahil qəsəbəsindəki 273 nömrəli orta məktəbdə təhsil almış şəhid Etiraf Məhəd oğlu Eyyubovun  əziz xatirəsinə ithaf edirəm.

(28.05.1973.-15.06.1992)

 

Vətəni bilirdin canından əziz,

Əməlin saf idi, qəlbinsə təmiz,

Həyatda qoymusan pozulmaz bir iz,

Vətən sevdalısı, igid Etiraf.

 

Döyüşə yollandın ürəyində əhd,

Arzun - azad olsun hər oba, hər kənd,

Hünərinə şahid oldu Sırxavənd,

Vətən sevdalısı, igid Etiraf

 

Əməli tanıdır hər bir insanı,

Oğullar yaşadır Azərbaycanı,

Yağıda qalammaz Türkün məkanı,

Vətən sevdalısı, igid Etiraf.

 

Ömrün nümunədir gənc nəsillərə,

Mərdliyin düşübdür dildən-dillərə,

Doğma bir övladsan bizim ellərə,

Vətən sevdalısı, igid Etiraf.

 

Ömrünü-gününü vermədin bada,

Səni ehtiramla salırıq yada,

Layiq görülmüsən bir ölməz ada,

Vətən sevdalısı, igid Etiraf.

 

Sahilin adını qaldırdın göyə,

El gördü övladı qadirdi nəyə,

Candan keçdin, Vətən yaşasın deyə,

Vətən sevdalısı, igid Etiraf.

 

Müqəddəs arzular hasilə yetib,

O kədərli illər, o günlər ötüb,

Şuşa həsrətimiz qurtarıb, bitib,

Düşmən əməlinə alıbdır cavab,

Vətən sevdalısı, igid Etiraf.

 

 

ELXAN
Sahil qəsəbəsində anadan olmuş, Birinci Qarabağ müharibəsində şəhid olmuş, hazırda adını daşıdığı Sahil qəsəbəsindəki 253 nömrəli orta məktəbin  məzunu  Elxan Nazim oğlu İsmayılovun əziz xatirəsinə ithaf edirəm.
(16.04.1969.-25.02.1992)


Anacan, mən getməliyəm.
Döyüşə getməsi üçün Elxanın anası Raya xanıma xahişi:

Perik düşüb xoş çağımız,
Pozulubdur növrağımız,
Qan ağlayır torpağımız,
Anacan, mən getməliyəm.

Vətən başımızın tacı,
Qarabağım çəkir acı,
Mənə də var ehtiyacı,
Anacan, mən getməliyəm.

Getməsəm, ölərəm, ana,
Divanə olaram, ana,
Darıxma, gələrəm, ana,
Anacan, mən getməliyəm.

Xeyir-dua ver oğluna,
Pis şey gətirmə ağlına,
Qurbanın olum, ağlama,
Anacan, mən getməliyəm.

Qan ağlayır elim-obam,
Şəhid olub əmim, babam,
Düşmənləri gərək qovam,
Anacan, mən getməliyəm.


Elxan getdi döyüşə

Elxan getdi döyüşə Sahil qəsəbəsindən,
Mərdi döndərmək olmaz, döyüşmək həvəsindən.
Qorxmaz əsgəri idi Birinci batalyonun,
Xətrini istəyirdi əsgər dostları onun.

Qələbə  bizimlədir, bu duman, çən dağılar,
“Elxan” adı gələndə əsirdilər yağılar.
Deyirdi, a dostlarım, Qarabağ canımızdır,
Bu mqəddəs yurd ki var-Azərbaycanımızdır.

Doğma Vətən uğrunda döyüşdü son anadək,
Şəhid olub torpağı qucaqladı anatək.
Daşaltıda ucaldı şəhidlik zirvəsinə,
Döndü cəsarətiylə azadlıq nəğməsinə.

Qəhrəmanı qeyrəti, cəsarəti tanıdır,
Şəhidlər Xiyabanı əbədi məkanıdır.
Hər gün nə qədər  insan gəlir ziyərətinə,
Qəlbən “Əhsən!” deyirlər Vətən məhəbbətinə.


Qəhrəman balasısan


İllər keçdi, vaxt ötdü, çatdı o tarix,  zaman,
Şəhidlərin arzusu çiçək açıbdı, Elxan.
Qələbə bizim oldu, şanlı zəfər qazandıq,
Bu yolda candan keçən hər bir şəhidi andıq.

Oxuduğun  məktəbə verilib sənin adın,
Vətən unutmamışdır öz qeyrətli övladın.
Vaxt var idisakini, oğlu idin Sahilin,
İndi isə qəhrəman balası
san bu elin.

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)


 

 

 

Cümə axşamı, 27 İyun 2024 16:36

Yaxşı ki… - MİNİATÜR HEKAYƏLƏR

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. 

 

Elə axırıdır...

 

Bir tanışı ovqat yaratmaq üçün gecə-gündüz Xeyrəddin Qocaya zəng vuraraq soruşur:

-Xeyrəddin müəllim, bu işlərin axırı necə olacaq?

X.Qoca da hər dəfə belə cavab verir:

-Elə axırıdır də...

 

Yaxşı ki...

 

Xeyrəddin Qocaya zəng vurub bildirirlər ki, Əli adlı iki naziri vəzifəsindən çıxarıblar.

O, qeyri-iradi dillənir:

-Yaxşıdır ki, bizim adımız Əli deyil...

 

Ədəbiyyat və incəsənət”

(27.06.2024)

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Nigar Rəfibəyli. “Alagözlüm, səndən ayrı gecələr…” sətirləri ilə başlayan ölməz şeirin müəllifidir Nigar xanım. O şeirin ki, ona bəslənən və Akif İslamzadənin ifa etdiyi mahnı illərdir ki, dəbdən düşmür. Bu şeirdəki “alagözlü” Nigar Rəfibəylinin həyat yoldaşı, Xalq şairi Rəsul Rzadır. 

Amma Nigar xanımın dillər əzbəri olan bir başqa şeiri də var, “Ayrılıq” adlı. Bu gün sevilən rubrikada məhz bu şeir yayınlanacaq. 

 

 

AYRILIQ



Mən ki, doymamışdım heç vüsalından,


Mənə zülm elədi yaman ayrılıq.


Nə olardı bir gün durub yuxudan


Görəydim ki, olub yalan ayrılıq...


 


Biz ki, bir ruh idik iki bədəndə,


O gülüb-sevinsə gülərdim mən də,


Vüsalın bülbülü uçub gedəndə,


Daş kimi gəlbimdə qalan ayrılıq.

 



Kim qıydı dostların bahar elinə?


Mehriban sözünə, şirin dilinə,


Cananın sazını alıb əlinə


Əğyar mizrabıyla çalan ayrılıq.



 

Mən görəndə orda yaz səhəriydi,


Xoş nəfəs baharın küləkləriydi,


Açılan ağ badam çiçəkləriydi,


İndi onlardımı solan, ayrılıq!


 


Gün çıxar, dağların əriyər qarı,


Pozulmaz dostların əhdi, ilqarı,


Keçər ürək dərdi, könül qubarı,


Gəl etmə meydanda cövlan, ayrılıq!

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

Cümə axşamı, 27 İyun 2024 15:29

BİR SUAL, BİR CAVAB Rüstəm Behrudi ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

" Həyat tərəfindən döyülən çox şeyə nail olacaq. Ağzı duzdan yanmış insan, balın dadını daha yaxşı biləcək. Göz yaşı tökmüşlər daha ürəkdən gülür. Kim ki, ölüb, yaşadığını anlayır." (Ömər Xəyyam)

Rüstəm bəy, əziz Şairimiz, bəlkə, elə həyat anlamı təzadları anlamamız üçündür, nədir həyatın anlamı?

 

CAVAB:

“Mən sizi yaratdım ki, məni tanıyıb, mənə itaət eləyəsiniz". 

Bu bir dini kitabda yazılıb .                  

Yəni deyilir ki, yaradılışın səbəbi, həyatın anlamı budur! Bu çox cılız bir düşüncədir!                     

Mənə görə, ömür-ölümü öyrənmək, yaşamaq, yavaş-yavaş ölməkdi əslində!                   

İnsan da, ona verilmiş ömür də qurulmuş saat kimidi.

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

“Ədəbiyyat və incəsənət”in təqdimatında Zaqatalada yaşayıb yaradan şairə Adilə Aslanovanın doğma bölgəsi barədə ürək sözləri təqdim edilir. 

 

Azərbaycanın hər bir guşəsi gözəldir. Doğulduğum, ta qədimdən "Qafqazın Parisi" adlandırılan Zaqatala isə, nəinki Azərbaycanın, dünyanın ən füsunkar gözəlliyə malik olan şəhərlərindən biridir. Bu gözəlliyi qoruyub saxlamaq, daha da baxımlı etmək, gələcək nəsillərə örnək kimi ötürmək hər bir zaqatalalının müqəddəs borcudur.

AMEA-nın əməkdaşı, əslən Balakənli olan tanınmış tarixçi alim Akif Məmmədli  yazır:

“El arasında deyirlər ki, Zaqatala” az qala 50 il bizdən irəlidir”. Dünən axşamüstü Zaqatala parkına getmişdik və bu fərqi hiss etdim: heç bir kafe və çayxanada bizdəki kimi insanın əsəblərini “cırmaqlayan” səviyyəsiz musiqi, çığır-bağır yox idi və insanlar gerçəkdən istirahət edirdilər... İstirahət parkı dediyin belə olar. Təəssüf ki, reallıq belədir.

Bunun tarixi səbəblərini araşdırmaq istədim və 1851-ci ildə imperatorun əmri ilə Cənubi Qafqazda İmperiyanın ən böyük strateji məntəqəsi Zaqatala qalası olduğu üçün Zaqatalaya şəhər statusunun verildiyi, əsas küçələrdə neft lampalarının yandırılaraq küçələrin işıqlandırıldığı, gəzinti və istirahət parkının salındığı məlum oldu. (Bakıya 1878-ci ildə şəhər statusu verilib) Mənim üçün Azərbaycanımızın hər guşəsi əzizdir. Ancaq, çox istərdim ki, Zaqatala parkındakı mədəni davranış (ət tökən şit musiqilər və çığır-bağır olmadan) Balakənin gözəl parkında da olaydı..."

Daha bir qonşumuz, tanınmış şair- publisist, araşdırmaçı Vaqif Osmanlı yazır:

“Çoxları cənnəti Balkan yarımadasında, yaxud Alp dağlarının ətəklərində axtarır. Zaqatalanı görənlərin gözündə Alp dağlarında gördükləri mənzərələr adiləşir.

Zaqatala elit şəhərdir - insanları, bərəkətli torpağı, saf suyu, havası, təmizliyi və əsrarəngiz təbiəti ilə."

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Fazil Əsədin şeirlərini təqdim edirik. 

 

 

Yalandı

 

Yalanla doğulur çoxu dünyanın,

Oynayıb yerindən oxu dünyanın.

...nəyinə lazımdı axı dünyanın? -

Çoxunun aldığı nəfəs yalandı.

 

Baxışı adamı dəlir eləcə,

Guya dərd-sərini bölür eləcə.

Adamın üzünə gülür eləcə,

Eh, içindən gələn o səs yalandı.

 

Yalanı nəm çəkir - gün altda sərir,

Elə yalan əkir, yalan da dərir...

Hər şeyə ürəkdən həvəs göstərir,

Amma göstərdiyi həvəs yalandı.

 

Qohumu, tanışı, yadı qaradı,

Soyadı yalançı, adı qaradı...

Qoxusu üfunət, dadı qaradı,

Ağa ağ deməyən hər kəs yalandı.

 

 

Göndərir

 

Etdiyin yaxşılıq heç yadda qalmır,

Dua istəyəndə qarğış göndərir.

Başına döndüyüm nəzərə almır,

Günəş istəyəndə yağış göndərir.

 

Sevirəm - sevgimdən naz istəyirəm,

Çoxla işim yoxdu, az istəyirəm.

Bir güllü-çiçəkli yaz istəyirəm,

Başına döndüyüm qar-qış göndərir.

 

Olur ki, bilmirsən hara düşübsən?

Hansı cəhənnəmə, gora düşübsən?..

Amma ki, görəndə dara düşübsən, -

"Şahmat taxtasında" çıxış göndərir.

 

 

Yerinə

 

Yaşayıb gedir nəsillər,

Üzə çıxır əsil sirlər.

Çox vaxt ağacı kəsirlər,

Qurumuş budaq yerinə.

 

Buludtək dolmaq istədim,

Dağlarda qalmaq istədim,

Bir ağac olmaq istədim,

Söykənib bu dağ yerinə.

 

Ağacı qurd içdən yeyər,

Qurd yesə, oğulsan, göyər,

Qaldırır qaranı göyə,

Tanrım, bu da ağ yerinə.

 

 

Mən necə adamam?

 

Yarpaq-yarpaq tökülürəm,

Gövdə-gövdə ağrınıram.

Ağac-ağac əkilirəm,

Meşə-meşə doğranıram -

Mən necə adamam, adam?!

 

Yanıqlı naləyəm, aham,

Özümü yandırır ahım.

Hər dərd-sərindən agaham,

Günahsızlıqdır günahım -

Mən necə adamam, adam?!

 

Ha yandırıb, ha üfürsən,

Qızdırarmı bu şam məni.

Dinsizsən, kafirsən, nəsən?

Öldürərsən axşam məni -

Mən necə adamam, adam?!

 

Yol gedirəm "haqqa" doğru,

Gəlib yetişmiş zamanam.

Çoxalır canımda ağrı,

Yoxsa dərvişəm, şamanam -

Mən necə adamam, adam?!

 

Üstümə cinlər yeriyir,

Ayağım yerdən üzülür.

Baxıram, cismim əriyir,

Ruhum inciyir, əzilir -

Mən necə adamam, adam?!

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

Cümə axşamı, 27 İyun 2024 14:30

GÜLÜŞ KLUBUnda xorvat bayrağı

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Uşaq vərəqdə bir dairə çəkir. Böyüklərdən biri deyir, günəş çəkib. Biri deyir, yox, alma. Digəri deyir, velosiped təkəridir.

Nəhayət, uşaq dözə bilməyərək dillənir:

-Böyüklər necə də axmaqdırlar. Hər şeyi mürəkkəbləşdirməyi sevirlər. Mən adicə dairə çəkmişəm.

 

2.

“Bir işdə ki oğurluq mümkün deyil, o artıq iş deyil, sadəcə hobbidir” (Məmurun etirafı)

 

3.

Xorvatiyanın bayrağını ya taksisürənlər, ya şahmatçılar düşünüblər.

 

4.

Minaaxtaran və elektrik ömürlərində tək bir dəfə səhv edirlər. Həmin vaxt elektrik həm də oynayır.

 

5.

İnsanın kölgəsi səsin əks-sədası ilə eyni cinsdəndir. 

 

6.

İki axmaq adamı tanış et, onlar ömürlük dost olacaqlar. İki ağıllı adamı tanış et, dərhal dalaşacaqlar.

 

7.

Kazino aforizmlərindən: Hər bir tuz haçansa altılıq olub. 

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.