Super User

Super User

Bazar ertəsi, 05 Avqust 2024 17:07

İqbal Nəhmət YARADICILIQ EMALATXANASINDA

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

“Yaradıcılıq emalatxanası" bu dəfə qapılarını sevimli şairimiz İqbal Nəhmət üçün açdı.

 

-Xoş gördük, İqbal bəy.

Yaradıcılığınız mövzu bolluğu, poetizmi, təsir gücü ilə oxucularınızın zövqünü oxşayır.

Sözləriniz cümlələrə çevrilib ruha təsir edir. Cümlələrinizi cazibəli edən isə İqbal Nəhmət istedadıdır.

 

Nəfsinə satılır bəşər övladı,

İnsan olan yerdə cin yaddan çıxıb.

Hərə bir məzhəbin qurbanı olub,

İman gedən yerdə din yaddan çıxıb.

 

Çoxu öldürübdü asıb haqqını,

Çoxunun yeyiblər susub haqqını,

Dartıb aparıblar kasıb haqqını, 

Milyonu deyirlər min yaddan çıxıb.

 

Həyat bir tamaşa izləyən yoxdu,

Mənəm-mən deyirlər biz deyən yoxdu,

Hamı düz yoldadı, düz gedən yoxdu,

Döngələr sahibsiz tin yaddan çıxıb.

 

Əziz Şairimiz, nəfsə güc gəlmək çoxmu çətindir?

Bəlkə də, bütün bəlalar nəfsi ram etmə gücündə olmadığımız üçün başımıza gəlir?

 

-Salam Ülviyyə xanım, öncəliklə Sizə təşəkkür edirəm. Bu maraqlı sualınıza elə maraqlı bir seirimlə cavab verirəm.

 

Hərənin var öz yalanı,

Qızarsa üzü boydadı.

Bu dünyanın yüz yalanı,

Bir dənə düzü boydadı!

 

Çalış eyləməzin xumar,

Saçına çəkilən tumar,

Nəfs dediyimiz zəhrimar,

Adamın gözü boydadı.- 

 

-Məlumdur ki, Milli Məclisə deputatlığa namizədliyini verənlərin siyahısında yer almısınız, uğurlar diləyirik.

Növbəti sualım isə belədir- Şair İqbal Nəhmət seçkilərdə qalib olsa, nələr gerçəkləşər?

 

-Mən Vətənimi, xalqımı, bayrağını, yurdumu sevən adamam! Öz doğma Yardımlı rayonundan namizədliyimi irəli sürmüşəm! Camaatımız məni sevir, indiyə kimi istər öz ədəbi yaradıcılığımla, istərsə də, ictimai fəaliyyətimlə kiçikdən-böyüyə hər kəsin rəğbətini qazana bilmişəm məncə. Əgər millət vəkili seçilərsəm, çox şeyin yaxşıya doğru dəyişəcəyinə əminəm. Çünki mən bunu hamıdan çox istəyirəm. Calışacağam ki, əvvəlki dövrlərdən fərqli olaraq, hər bir Yardımlı vətəndaşı millət vəkilinin onun yanında olmasını hiss etsin. Dövlətimiz, dövlətçiliyimiz naminə bütün var gücümlə çalışıb, camaatımızın mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam!

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

Güllü Eldar Tomarlı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şəxsi “KəlağayıMuzeyi”nin direktoru, AYB və AAB-nin üzvü - “Ədəbiyyat və incəsənət” üçün

 

Arzu Əyyarqızının ''Ən müqəddəs pay kəlağay'' adlı yeni kitabı işıq üzü gördü. Kitab Mirvarid Dilbazi Poeziya  Məclisinin mənəvi dəstəyi və xaricdə yaşayan Elvira Həmidlinin maddi dəstəyi ilə ''Elm və təhsil'' - nəşriyyayında  nəşr olunub. Kitabın redaktoru- araşdırmaçı, yazar, publisist Vaqif Osmanlı, ön söz müəllifi- Güllü Eldar Tomarlı, məsləhətçi- Elvira Həmidli, rəyçi- Vüsal Sehranoğludu.

İnşallah, gənc şair Arzu Əyyarqızının kitabının təqdimatı Bakıda, sonra Cəlilabadda olacaq.

Arzu Əyyarqızının lirik dünyası onun milli ruhu, azadlıq, haqq-ədalət savaşı, sevgisi kimi saf və duyğuludur, şeirləri milli ruh nəğmələridir. Hər bənd, hər misranın çəkisi var. Gənc olsa da, müdrik düşüncələri oxucunu düşünməyə vadar edir. Çağdaş gənclərin əksəriyyətindən fərqli olaraq milli ruh, milli kimlik, milli əxlaq, milli dünyagörüş onun  fkir dünyasının təməlidir. Başında, çiynində min illərdir Azərbaycan xanımlarının qürurla gəzdirdiyi, nənələrimizin mirası qədim milli baş örtüyümüz kəlağayını - abır, həya, ismət, namus, gözəllik, yaraşıq rəmzimizi bu gün ləyaqətlə gəzdirən, şeirlərində tərənnüm edən Arzu xanımın milli mənəvi dəyərlərə sayğısı sonsuzdur. Onun kəlağayı sevgisi özü, şeirləri qədər safdır.

 

 Nə gözəl yaraşıq verirsən mənə,

 Al rəngdə, butalı gözəl kəlağay.

 Namusum, iffətim, başımın tacı,

 Sən Odlar Yurduma özəl kəlağay. 

     

Arzu xanım adını tariximizin şanlı səhifələrinə yazan, “Vətənin qoynuna köçən” şəhidlərin əziz və qədirbilən  bacısıdır. Vətənin və onun şeirlərinin qəhrəmanları “sıldırım qayalara ayaq izləri ilə bərabər” cəsarətini, rəşadətini həkk edən ərənlərdi, dişiylə, yumruğuyla, düşmənə nifrətiylə silahlanan, keçilməzlikləri keçən igidlərdi. 

 

 Qalxıb zirvələrə sancdı bayrağı, 

 Əsdi qorxusundan, titrədi yağı. 

 Qurban hünərinə, Vətən dayağı -

 Alqış bozqurduma, alqış əsgərə!

 

 Arzu Əyyarqızı heç vaxt özündən razı deyil, özünü şair hesab etmir, ancaq onun şeirlərini oxuyan belə düşünmür, çünki onun yazdıqlarından poetik ətir var. Onun “dərdlinin dərdini bilən” və duyan lirik düşüncələri həmkarlarına “Haqqın dərgahından gələn şeirlər yazmağı” məsləhət görür. Nə olsun ki, Arzu xanım gəncdir, agıllı məsləhətin yaşı olmur. Sözün nahamar yolları gəncləri də kamilliyə doğru aparır: 

 

 Enişdi, yoxuşdu şairin yolu, 

 Cibləri boş olar, ürəyi dolu.   

 Onun var-dövləti - imzası, qolu,

  Hər zaman tox olar gözü şairin.

 

O, “dünya vecinə olmayanları” sözünün qamçısı ilə tərbiyə etməyə çalışır. Ən yaxşı tərbiyə metodu söz olsa da, ilahi sözü anlamayanlara hərdən mənəvi qamçı da göstərmək lazımdır. Şair xanım “günahlar içində gərdiş edənlərə, nankora, nadana quyruq bulayan”lara xəbərdarlıq edir ki, “həyat bumeranqdır, çıxacaq qarşına etdiyin hər iş”.

 

 Xor nəfsinə yenik düşmə,

 Şeytanlara satar səni.

 

     Arzu Əyyarqızı bu dünyadan, bəşər övladlarından, mənəvi dünyamızdan narahat, Türk qızıdır, xanımıdır, qələmlə silahlanıb eybəcərliklərlə, tamahının köləsinə çevrilənlərlə savaşan söz döyüşçüsüdür. Hər şeirində heç olmasa bir misra ilə incə-incə həssas məqamları vurgulayır: 

 

 Anlaqlılar susub, xəyala dalıb,

 Qanmazlar məclisin başını seçir.

 

 Varlı kimi görünürük,

 Haqqımızı sata-sata.

 

Arzu Əyyarqızının lirik qəhrəmanının sevgi hissləri də özü kimi təvəzökardı. Həm də, çox şey istəmir, “gözü toxdu”.  Yazır ki, “gözlərin gözümü, izlərin izimi, sözlərim sözümü sevsə bəsimdir”. Nəhayət istəyinin mənəvi zirvəsi lap ucadır:

 

 Olsan da səbəbkar saçımda dənə,

 Gəl, al ürəyimi verirəm sənə.

 Nəfəsin, varlığın yetərdi mənə,

 Ürəyin özümü sevsə bəsimdir.

 

 Uğurlu söz adamını söz yaşadır və yaşadacaq. Arzu xanım da buna əmindi. Çünki sözün xidmətində vicdanla dayanıb. Nə olsun ki, zamanın ən ağır şələsi - söz və fikir yükü belindədi, yorulmur, usanmır, qələminə müraciəti qəlbinin hökmüdür: “haqsızlığın kəs bağrını, ədalətin hakimi ol, yaz, qələmim, yaz doğrunu, Vicdanıma salma ləkə, təriflərə etmə meyil, Haqqı qoru, Haqqa əyil!”.

Arzu Əyyarqızının söz, fikr, düşüncə dünyasının leytmotivi budur!

Mən hər şeirə poeziya demirəm. Arzu xanımın “Ruhum içir göz yaşımı” şeiri ilahi dərdin poeziyasıdır!

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsində nə var, nə yox? Vaxtaşırı bu sualı bölmənin sədri Qafar Cəfərliyə ünvanlayır, ondan hər dəfəsində mütləq bir tədbir barədə bilgi alırıq. Bu dəfə də belə oldu. 

 

3 avqust 2024-cü il tarixdə  AYB Lənkəran Bölməsinin "Söz" ədəbi məclisində Cəlilabad şəhərində yaşayan şair Tarıverdinin bu il işıq üzü görən "İlahi hikmət", “Xoş gəldin Ramazan" və "Bir il də yaşa" adlı kitablarının təqdimatı keçirilib.

Tədbirdə Cəlilabad, Astara, Masallı və Lənkərandan olan şair və yazıçılar iştirak ediblər. 

Ćıxış edənlər şair Tarıverdinin yaradıcılığı barədə fikir və düşüncələrini bölüşüblər.

Tədbirdə iştirak edən AMEA-nın Ədəbiyyat İnstitutunun ədəbi-tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflinin çıxışı, xüsusən tənqidi fikirləri maraqla qarşılanıb. Axı Vaqif müəllim ədəbi tənqidimizin canlı koreifeyidir.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

Bazar ertəsi, 05 Avqust 2024 15:43

“Köhnə hamam” - Kənan Hacının hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Kənan Hacının nəsri  təqdim edilir. 

 

 

 

Mən onu ölmüş bilirdim. Uzun zaman idi ki, səsi-sorağı eşidilmirdi, valideynləri də əlini üzmüşdü. Deyirdilər, itkin düşüb. Amma bu günlərdə ondan məktub aldım. Yazırdı ki, "hekayələrini oxuyub səndən ümidimi üzdüm. Sən böyük yazıçı ola bilərdin, amma axırda cızmaqaraçı oldun. Onu da yazırdı ki, sənin hekayələrinin əvvəlini oxuyan kimi axırının necə qurtaracağı o dəqiqə bilinir". 

Sözün qısası, məni yaş yuyub quru sərmişdi. Deyirdi ki, tale sənə gözəl fürsətlər vermişdi, yazı-pozuda nə gördün ki, özünü bu mənasız işə fəda elədin? 

Dostumun bu sözləri zərrə qədər xətrimə dəymədi. Əksinə, çox sevindim ki, o, sağ-salamatdır. Bəs bu illər ərzində harada yaşamışdı, niyə valideynlərindən, dostlarından bir xəbər tutmamışdı? İlin-günün bu vaxtı kim-kimə məktub yazır? Poçtalyona ehtiyac olmayan bu dünyada bu zərfi kim gətirib mənim qapımın arasına qoymuşdu?! Zərfin üzərində ünvan yazılmamışdı. Sadəcə, ad yazılmışdı: Zakir. 

Cavanlığında min hoqqadan çıxırdı, görünür, köhnə xasiyyətini heç tərgitməyib. Buna bax, hələ bir mənə öyüd-nəsihət verir. Tənqidçi olub mənimçün. Əlimə keçsəydi, ona dişimin dibindən çıxanı deyərdim. Ata-anasının gözünü illərdən bəri yolda qoyan oğula nə deyəsən? Dərd-qüssə yazıqların belini büküb, vaxtsız-vədəsiz qocalıblar. Bu qoçağın dünya-aləm vecinə deyil. Görəsən, onlara bir əlcə məktub yazıbmı? 

Məktubun sonunda yazmışdı ki, sabah gecə saat on ikidə səni köhnə hamamın tinində gözləyəcəm. Köhnə hamam da kəndin qurtaracağında, dəmiryolu xəttinin keçdiyi yerdə idi. Uşaq vaxtı atam məni bu hamama aparardı, yadımdadır, qatar keçəndə hamamda ayağımızın altında yer silkələnirdi, elə zənn edərdin ki, zəlzələdir. Hamamın daimi müştəriləri bu titrəşmələrə öyrəncəli idilər. Bu hamama həftənin tək günləri arvadlar, cüt günləri kişilər gəlirdi. Zakir hardansa bir deşik tapıb arvadlara, qızlara baxırdı. Hətta orda gördüyü qızlardan birinə möhkəm vurulmuşdu da. O da yadıma gəlir ki, qıza onun adından şeir yazmaq üçün mənə ilan dili çıxarıb yalvarmışdı. İndi bu adam mənim yazdıqlarımı bəyənmirdi. Qızın evlərinin həndəvərində o qədər hərlənmişdi ki, idmançı qardaşı tutub onu xurd-xəşil eləmişdi. Odu-budu, bir də həmin qızın adını dilinə gətirmədi. 

O vədələr dayımla bazarda gül satırdıq, yaxşıca qazanırdım. Zakirin borc adıyla məndən aldığı pulun sayını-hesabını çoxdan itirmişdim. Heç vaxt qaytarmayacağını bilsəm də, həmişə cibinə pul basırdım. Çünki Zakir dost üçün ölümə gedən oğlan idi. Dələduzluğu, fırıldaqçılığı olsa da, ürəyi təmiz idi. Ciyərli oğlan idi Zakir. Onu heç nəylə sındırmaq, ələ almaq mümkün deyildi. Özündən qat-qat güclülər onun cəsarəti qarşısında sarsılırdılar. Cəsarət onun üstünlüyü idi. Qorxu hissi bu adama büsbütün yad idi. Gecə vaxtı qəbiristanlığın içindən kəsə yolla kəndə girməyi mənə o öyrətdi. Bir dəfə gecənin bir aləmi hansısa naməlum qəbrin üstündə "düd" deyincə içib ağlamışdıq. O qəbir kimin idi, biz niyə ağlayırdıq? Bunu nə o bilirdi, nə də mən. Qəribə idi ki, içəndən sonra o, heç nəyi xatırlamırdı. Səhər gecəki əhvalatı ona mən danışırdım, təəccüblə üzümə baxırdı. İçki onun yaddaşını yuyub aparırdı. Mən isə içəndən sonra daha ayıq olurdum. Elə buna görə Zakir mənim yanımda arxayınca içirdi. Bilirdi ki, onu atıb heç yerə gedəsi deyiləm. 

Bir gün mənsiz hansısa qonaqlığa getdi və qayıtmadı. Deyilənə görə, möhkəm içibmiş. Sonuncu dəfə onu həmin məclisdə görüblər və Zakir o məclisdən necə çıxıb, hara gedib, bunları bilən yox idi. 

İndi də bu məktub... Ay səni, Zakir! Bircə bu oyun qalmışdı ki, başımıza açmayasan. 

Fikir məni götürmüşdü. Zakir görüş yeri kimi niyə o köhnə hamamın yanını seçmişdi? Bir də, niyə gecə saat on ikidə? Bəlkə kiminsə onu görəcəyindən ehtiyat edirdi? Axı bu səfeh niyə qaçaqlar kimi kəndə gizlicə gəlir? Bu müəmmadan heç cür baş aça bilmirdim. Bütün gecəni gözümə yuxu getmədi. Zakirlə uşaqlıqdan başlayan dostluğumuzun müxtəlif anlarını, birgə yaşadığımız macəraları bir-bir gözümün önündən keçirdim, bunların bəzilərini əsərlərimdə yazmışam. Amma yazılmayanlar daha çoxdur və mən nəyəsə görə o əhvalatları heç cür yaza bilmirəm. Mən axı Zakiri ölmüş bilirdim. Fikirləşirdim ki, hər şeyi çılpaqlığı ilə yazsam, onun ruhunu narahat etmiş olaram. Sən demə, bu avara hardasa oturub mənim yazdıqlarımı oxuyur, mənim yazıçı olmağıma heyfislənirmiş. Köhnə hamam bunun ağlına hardan gəlib? Orda çılpaq gördüyü qız çoxdan ərə gedib, oğul-uşaq yiyəsidir. Hamamın sahibi Camal kişi elə o zaman Zakirin qulağını burub şapalağının altına salmışdı. "Bir də burdan arvadları güdsən, sənin şalvarını çıxarıb lüt anadangəlmə kəndə göndərəcəm, it balası!" - demişdi. 

İşdə də fikrim Zakirin yanında qalmışdı. Müdir altdan-altdan məni süzüb soruşdu:

- Səhərdən diqqət edirəm, yaman fikirlisən. Nəsə bir hadisə baş verməyib ki?

- Yoox, hər şey qaydasındadır, - dedim, - bir az başım ağrıyır. 

Zənnlə xeyli üzümə baxıb bir söz demədi. Hiss elədim ki, inanmadı. Qəliz bir kitabın redaktəsini tapşırmışdılar, fikrim dağınıq olduğundan cümlələri təkrar-təkrar oxusam da, heç nə anlamırdım. Bu da əsəblərimə toxunurdu. Bir neçə cəhddən sonra mətni yaddaşa verib kompüteri söndürdüm. Belə vəziyyətdə işləmək mümkün deyildi. 

 

*

Gecənin qaranlığı köhnə hamamı da udmuşdu. Dünya büsbütün səssizliyə bürünmüşdü. Bu səssizlik qaranlıqla əlbir olub Zakirə şərait yaradırdı ki, o, bu zülmətin dibində Səriyyəni ağuşuna çəkib kamına çatsın. Bu, həmin Səriyyə idi ki, Zakir ona görə elə bu hamamın böyründə yaxşıca döyülmüşdü. 

Gecə Səriyyənin xəyanətinin üstünü ört-basdır edirdi. Səriyyə bu qaranlıq gecələrdə sevmədiyi ərini sevdiyi Zakirə dəyişirdi. Gecənin də elə bil qulaqları kar, gözləri kor olmuşdu. Heç nə görmürdü, heç nə eşitmirdi. 

- Elə arzulayırdım ki, səndən bir uşağım olsun, özü də qız istəyirdim.

Qadının uçunan səsi Zakirin bütün varlığını cuşa gətirdi, damarında qanı qaynadı, sinəsinə sıxılmış dolu döşləri ovuclayıb ağzına təpdi. Hıçqırıq, inilti, zarıltı bu gecənin dərinliyində baş verən günahdan xəbər verirdi. Zakirin o anlarda işin sonrasını fikirləşəsi ağlı qalmamışdı, o, nəfsinin əsirinə çevrilmişdi. Nəfs ona günah hissini unutdurmuşdu. Bu vədələr nəfsin xırmanında dən üyüdürdü. Səriyyənin də bədəni torpaq kimi canlanırdı, dirçəlirdi. Arzularının bu qaranlıqda it-bat olacağından qorxub möhkəm-möhkəm Zakirə sarılmışdı. İçindəki güclü istək, təbii instinktlər qorxu hissinə qalib gəlmişdi. 

Bu məqamda müəllif özünü saxlaya bilməyib hadisəyə münasibətini bildirir: Qadın nəsə etmək istəyirsə, heç bir qüvvə bu istəyin qarşısını ala bilməz. Zakirin əməlinə gəldikdə isə belə deyirlər: xəyanət kişilərin fitrətindədir. Qadını xəyanətə sürükləyən sevgisizlikdir, vəssalam. Onu zorla sevmədiyi oğlana ərə vermişdilər, bu da nəticəsi. 

 

*

Gecə saat on ikini gözləməyə səbrim çatmadı, evdən çıxıb kəndin küçələrində veyil-veyil dolaşmağa başladım. Çayçı Yaşarın çayxanasında zəif işıq közərirdi, kənd cayılları domino çırpır, arada mübahisə edirdilər. Heç mənə əhəmiyyət verən olmadı, bir küncdə oturub çay sifariş verdim. Yaşarın xoruzquyruğu çayından içə-içə televizorda nümayiş etdirilən mənasız filmə baxmağa başladım. Qumarbaz Tofiq canhövlü özünü içəri təpəndə hamının diqqəti ona yönəldi. Tofiq pırpız qaşlarını oynada-oynada şalvarının cibindən çıxardığı yaylıqla üzünün tərini silib nəfəs dərdi. 

- Alə, xəbərüvüz var? Köynə hamamın yanından meyit tapıblar. 

Çayçı Yaşarın təəccübdən sifəti uzandı:

- Nə danışırsan? Orda neçə gündür ustalar yer qazırdı, nəsə obyekt tikirlər, deyəsən.

- Hə də, traktor yeri qazanda görüblər ki, yerdən sür-sümük çıxır. Polisə xəbər veriblər, prokurorluqdan da tökülüb gəliblər.

Damarımda qanım dondu, çay boğazımda qaldı. Çayxanadan necə çıxdığım yadıma gəlmir. Uzaqda polis maşınlarının sirenasını görəndə ayaq saxladım. Köhnə hamamın yaxınlığına heç kəsi buraxmırdılar. Cavan polis çavuşuna  yaxınlaşıb soruşdum:

- Qardaş, burda nə baş verib?

O da laqeyd görkəmdə mənə əhəmiyyət vermədən dodaqucu dilləndi:

- Kişi meyidi tapıblar. 

Saata baxdım, on ikiyə beş dəqiqə qalırdı. Ora-bura vurnuxsam da, təzə heç bir məlumat ala bilmədim. Hələ də ətrafa boylanıb Zakiri axtarırdım. Fikirləşirdim ki, bəlkə hadisədən xəbəri var, məni elə buna görə bura çağırıb. Zakir gözə dəymirdi. Saat bir oldu, camaat yavaş-yavaş dağılışmağa başladı. Yeyin addımlarla evə tələsdim. 

Gecəni səhərə qədər dəli kimi evin bütün künc-bucağını ələk-vələk elədim. Zakirin məktubu yağlı əppək olub göyə çəkilmişdi...

 

Ədəbiyyat və incəsənət”

(05.08.2024)

Bazar ertəsi, 05 Avqust 2024 15:22

BİR SUAL, BİR CAVAB ilə Qulu Ağsəslə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Bu dünyada heç kəsə demədim...

O dünyada soruşsalar:

-sən kimsən?-

gözümü yumub, ağzımı açacam!

Deyəcəm ki, altındakı skamyada bir yol özü oturmayan yorğun ağacam.(Qulu Ağsəs)

 

 Qulu bəy, qışda donmasınlar deyə, “daxilinizi ovub, yuva düzəldib isindirdiyiniz, yayda isti bişirməsin deyə, ayaq üstə dayanıb kölgə yaradıb qoruduğunuz “dostlarınız" naxələf çıxanda hansı cümləni işlədirsiniz? Və yaxud, ümumilikdə dost deyib arxadan qılınc vuranlara nə söyləyərdiniz, amma poetik dillə söyləmənizi xahiş edirəm.

 

CAVAB

Dost axtarışı gənclik vaxtlarında olur. Sonra insan artıq özünə qapılır, xüsusilə yaradıcı insanlar dost-düşmən axtarışından vaz keçir. Yəni, onun üçün artıq nə dost var, nə də düşmən. Mənim üçün insan var, İnsan!  İnsan həm dostdur, həm də düşmən. O insan da uzaqda əlçatmaz bir varlıq deyil, o mənim özüməm. Mən həm özümün dostu, həm də düşməniyəm. Ona görə də heç bir xəyanətdən incimirəm və bu, artıq məni  təəccübləndirmir.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, Hindistanın Yeni Dehli şəhərində Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası keçirilib. Komitə 26 yeni mədəni irs və təbii obyekti UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edib. Sessiya, həmçinin Nauru dövlətinin Ümumdünya İrs Konvensiyasını ratifikasiya etməsi və onun 196-cı iştirakçı dövlət olması ilə yekunlaşıb.

 

Sessiyada vacib bir qərar da qəbul edilib ki, bu barədə sonda danışacam. 

Təşkilatın saytının yazdığına görə, komitə 26 yeni obyekti, o cümlədən yeni kitabə hesab edilən irs nümunələrinə aid 2 əsas əlavəni qeydə alıb. Digər nümunələrə 20 mədəni, 5 təbii obyekt daxildir. Beləliklə, bu nümunələr dünyada irsin ən yüksək səviyyədə qorunmasından faydalanır. Onların menecerləri indi UNESCO-nun texniki və maliyyə yardımı üçün yeni imkanlara çıxış əldə edəcəklər. Bu obyektlərin təsdiqi ilə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nümunələrin ümumi sayı 168 ölkədə 1223-ə çatdırılıb. 

Komitə, həmçinin artıq Ümumdünya İrs Siyahısına daxil edilmiş 123 digər obyektin konservasiyası vəziyyətini də araşdırıb. Konvensiyanın iştirakçısı olan bir neçə dövlətə - Kolumbiya, Mavriki, Laos Xalq Demokratik Respublikası və Birləşmiş Tanzaniya Respublikasına öz ərazilərindəki irs abidələrində yeni konservasiya işlərinin maliyyələşdirilməsi üçün 235,520 ABŞ dolları məbləğində əlavə vəsait ayrılıb. Bu yeni vəsait Afrika, Asiya-Sakit okean, ərəb dövlətləri, Latın Amerikası və Karib hövzəsində ilin əvvəlindən artıq təsdiqlənmiş 22 beynəlxalq yardım sorğusuna əlavə olunacaq və ümumi məbləği 695,201 dollar təşkil edəcək. 

UNESCO öz tərəfdaşları ilə birgə bəşəriyyətin ümumi irsinin qorunması istiqamətində bütün dünyada fəaliyyət göstərir. 

İndi isə vəd etdiyim məsələ barədə: Kiyev, Lvov və Odessa şəhərlərində tarixi əhəmiyyət kəsb edən mədəniyyət abidələrin təhlükə yaratdığına görə sessiyada Rusiya əleyhinə bəyanat səsləndirilməsinə səbəb olub. Nəticədə, Rusiya mandatdan məhrum edilib. Rusiyanın UNESCO-dakı daimi nümayəndəsi Rinat Alyiitdinov etiraz bildirsə də bunun heç bir xeyri olmayıb. 

Yekunda Ümumdünya İrs Komitəsinin 2025-ci ilin yayında keçiriləcək növbəti sessiyasının Bolqarıstanın paytaxtı Sofiyada professor Nikolay Nenovun sədrliyi ilə keçiriləcəyi bildirilib. 

Mədəniyyətin xilası naminə dünyanın birləşməsi arzusuyla! 

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün şair Faiq Hüseynbəyli  “Dünyası dağılan adam” söyləyəcək. 

 

Xoş gəlmisən bu dünyaya,

Yenidən doğulan adam.

Söz ilə dirilib gələn,

Səs ilə yox olan adam. 

 

Yığılar hamı başına,

İşıq tut kor yaddaşına.

Yıxılar damın başına,

Dünyası dağılan adam. 

 

Tanı ilmə-naxışından,

Dünyanı bir baxışından.

Yolun eniş-yoxuşunda,

Ürəyi dağ olan adam. 

 

Əyilməz ömrün qürura,

Olanlar gec olur sonra...

Əl açdın günəşə, nura,

Gecələr sıxılan adam. 

 

Ədəbiyyat və incəsənət”

(05.08.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Səbzəli çolpa soyutmasının hazırlanma qaydasını təqdim edəcəyik.

 

 DÜSTUR 

§ Çolpa – 190 qr

§ Kök – 100 qr

§ Zəngilər soğanı – 35 qr

§ Yaşıl bibər – 25 qr

§ Acı bibər – 15 qr

§ Kartof – 45 qr

§ Dəfnə yarpağı – 3 qr

§ Sarıkök – 1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Çolpa təmizlənir, ütülür, yuyulur. Pətənək təmizlənir, yuyulur və bütöv halda qazana qoyulur. Üzərinə su, doğranmış kök, təmizlənmiş, dilimlənmiş kartof, təmizlənmiş xırda soğan, bibər, duz, istiot, sarıkök, dəf- nə yarpağı əlavə olunur və bişirilir. Çolpa hazır olduqda ələkdən süzülür. Bütöv və ya doğranmış halda boşqaba düzülür. Xörək kahı, bişmiş tərəvəz- lər və limonla bəzənir, süfrəyə verilir.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

Bazar ertəsi, 05 Avqust 2024 13:40

GÜLÜŞ KLUBUnda xiyar

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Oğlan:

-Gözəl, sizin ürəyinizdə mənə yer tapılarmı?

Qız:

-Hansı cərgədən istəyirsiz?

 

2.

Qudurasan, ay xiyar. Bazar günü sənin qiymətinin 2,50 - 3 manat olduğunu gördük. Xiyar 4 -5 manat olan pomidora xeyli yaxınlaşdı. Avqust ayında tarixi boyu buna yaxın bir şey olmamışdı. 

 

Bahalaşıbdır xiyar,

Salatsız qaldın, ay yar.

Qızıl qiymətinədir pomidor.

Eh. Yaşamaq indi çox zor! 

 

3.

Gürcü Moskva küçəsində kabab satır:

-Qoyun ətindən dadlı kabab var!

Biri yaxınlaşıb soruşur:

-Donuz ətindən kababın yoxdur?

Gürcü deyir:

-Qatso, sən öl bu qoyun sağlığında elə donuz qoyun olub ki. 

 

4.

İsraildə yaşayan bir ərəb uşağı birinci sinfə gedir. Müəllim soruşur:

-Adın nədir?

Uşaq “Məhəmməd” deyəndə müəllim təəccüblənir:

-Bura yəhudi məktəbidir, sən bundan sonra adını soruşanda Moyşa de, əks təqdirdə səni döyərlər.

Uşaq dərsdən sonra evə gələndə atası onu yanına çağırır:

-Məhəmməd, gəl yanıma.

Uşaq reaksiya vermir. Bu hal üç dəfə təkrarlanandan sonra atası ona yaxınlaşıb soruşur:

-Oğlum, sənə nə olub?

Uşaq deyir:

-Mən Məhəmməd deyiləm, Moyşayam. 

Belədə atası və anası onu döyürlər. Ertəsi gün uşaq məktəbə gözünün altı göyərmiş, sifəti qançırlar içində gedəndə müəllim soruşur:

-Moyşa, sənə nə olub?

Uşaq deyir:

-Ər-arvad ərəblər məni döydülər. 

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları İsveçrədə keçiriləcək “Avroviziya-2025” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimini elan edir. 

 

AzərTAC xəbər verir ki, seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz müraciətlərini sentyabr ayının 15-nə qədər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.   elektron ünvanına göndərə bilər.

Göndəriləcək mahnılar tam hazır (sözlər, ifa, xronometraj) və “Avroviziya” mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2024-cü il sentyabrın 1-dən əvvəl kommersiya məqsədilə buraxılmamalı, ictimai resurslarda və mediada (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumatları da mütləq şəkildə təqdim etməlidir.

Göstərilən tələblərə cavab verməyən müraciətlər etibarlı sayılmayacaq. 

Kanal seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.