Super User

Super User

Çərşənbə axşamı, 06 Avqust 2024 10:37

ƏN YENİ POEZİYA: “Durub hara gedəsən”, Adilə Nəzər

“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün şair Adilə Nəzər “Durub hara gedəsən” söyləyəcək. 

 

DURUB HARA GEDƏSƏN

 

Həyat elə bil susub, nə "de" var, nə "danış" var,

Durub hara gedəsən?!

Dost deməklə alınmır, indi dost yox, tanış var,

Durub hara gedəsən?!

 

Yuvasından perikmiş quşlar da qəribsəyir, 

qapalı qəfəsində budaq-budaq sınırsan.

Yarımçıqlar özünü bütövdən üstün sayır,

əlin Allaha çatmır, - içinə sığınırsan...

Durub hara gedəsən?!

 

Yaxınında olanlar doğma olsa da yaddır,

Dünən tanıdıqların bu gün ötüb- boyatdır..

Həsəd aparılası müqəddəs heç nə yoxdur,

Biri qazanc düşünür, birinin dərdi addır...

Durub hara gedəsən?!

 

Durub hara gedəsən, hamı kükrəyir, əsir,

Biri o birisinin bərəkətini kəsir.. 

Məgər bəlli deyilmi,

hər ürək döyüntüsü əcəlin ayaq səsi…

bilən də, bilməyən də ölümünə tələsir...

Durub hara gedəsən?! 

 

Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Çərşənbə axşamı, 06 Avqust 2024 09:29

BİR SUAL, BİR CAVAB Qəşəm Nəcəfzadə ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Mövlanə gözəl söyləyib ki: " Dilinin küsdüyü insanla qəlbin saatlarla danışar"

Qəşəm bəyin səbri çatır saatlarla özü ilə danışsın, yoxsa, əlini telefona atıb: " Gəl  üz-üzə danışıb, problemləri həll edək" - söyləyir?

 

CAVAB

Həyatda mənəvi-psixoloji  əziyyət çəkib çox gərginliklər yaşamışam. Nadanın biri mane olduqda susmuşam, amma üsyan etmək də pis deyil, zərbələri özümə vurmuşam. Telefonla heç nəyi həll etməmişəm. Telefon əşyadır, hissləri ifadə edə bilməz. Ona görə də həmin adamın özü ilə söhbət edirəm, ya marşrutda, ya bir küncdə əyləşib kofe içərək, ya onunla  öz maşınıma əyləşib İsmayıllı meşələrinə gedərək..

 

Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Çərşənbə axşamı, 06 Avqust 2024 10:05

“Fattahov Roma - ən arxa sıra!” - Ulucay Akifin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Ulucay Akifin nəsri  təqdim edilir. 

 

Dünən Roma öldü...

Sinfimizin ən yekəpər uşağı idi. Ona əyripəncə ayı ("kosolapıy medvedğ") deyirdik. Doğrudan da, ayı boyda idi. Ona belə deməyimiz heç xətrinə dəymirdi, əksinə, çox xoşuna gəlirdi. Hərdən mənə elə gəlirdi, onun, doğrudan da, pəncələri var. Kimləsə dalaşanda, ya öz aramızda zarafatlaşanda, uzun qollarını, böyük əllərini havada ayı pəncəsi kimi yelləyirdi, heç kim yaxınına düşə bilmirdi, qabağına çıxanı vurub aşırdırdı.

Hansımızınsa davası olanda, Romaya deyirdik, "bez problem, bratan", - deyib düşürdü qabağa.

Yadıma düşür, bir dəfə elə məktəbin yaxınlığında, JEK-in aşağısında onu Azərbaycan bölməsinin uşaqları təkləmişdi. Biz iki-üç uşaq idik, onlar isə bizdən daha çox və yaşca da böyük idilər. Düzü, bizə nəsə eləmirdilər, elə Romanı döymək istəyirdilər, onunla dalaşırdılar. Davanın bir məqamında Roma qurumuş ağacın budağını qoparıb nəriltiylə cumdu onu təkləyənlərin üstünə. Arxalarına baxmadan qaçdılar. Belə idi Roma.

Ləzgi idi. Çox qalın səsi var idi. O danışanda, elə bilirdim ayı donquldanır. Amma heç kobud deyildi. Öz gücünün fərqində idi, amma gücü ilə kimisə əzmək, qorxutmaq, incitmək niyyəti yox idi. Zarafat eləməyi xoşlayırdı. Düzdü, bunu elə də yaxşı bacarmırdı, amma şən oğlan idi.

Çox vaxt nadinc, oxumayan, şuluq uşaqlar arxa partada otururdu ki, müəllimin gözündən uzaq olsun. Roma da belə idi. Həmişə ən arxa partada otururdu. Birinci sinifdən arxa sıranı özünə məskən seçmişdi. Amma nə qədər arxada otursa da, gizlənə bilmirdi. Çünki hamımızdan nəhəng idi. Astaca danışmaq istəyəndə belə səsini hamımız eşidirdik.

Dərslərini heç oxumurdu. "Dvoyşnik" idi. Aldığı ən yaxşı qiymət "3" olurdu. Amma müəllimlər onu çox istəyirdilər. Çünki ürəyi təmiz idi. Müəllimlərə qarşı hörmətsizlik eləmirdi. Ən çox da, Ziyədxan müəllimin hər dəfə onun gicgahındakı saçından tutub dartaraq ayağa qaldırmağına şaqqanaq çəkib gülürdük.

Yadımdadı, ədəbiyyat dərsində Turgenevin "Mumu" əsəri haqqında ifadə yazırdıq. Əlbəttə ki, bütün dərslərdə olduğu kimi, Roma bu dərsə də hazır deyildi, əsəri oxumamışdı. Amma ifadəni yazmağa məcbur idi. Hamı kimi Roma da vərəqi doldurub müəlliməyə vermişdi.

Növbəti dərsdə müəllimə yoxlama yazımızın qiymətlərini bizə açıqlayanda Romanı ayağa qaldırdı:

-Fataxov Roma! Vstanğ! (Ayağa qalx!) Rasskaji rebətam çto tı napisal v izlojenii! (İfadədə nə yazdığını uşaqlara danış!)

Ədəbiyyat müəllimimiz Elmira xanımın sözlərində qəzəb yox idi. Gülürdü. Roma da gülməmək üçün özünü sıxıb saxlamışdı.

-Sədğ! Ə sama rasskaju! Neqodəy! (Otur! Özüm danışacam! Yaramaz!) - Elmira xanım bu dəfə bir az daha ciddi dedi. Ayağa qalxıb Romanın Turgenevin "Mumu" əsəri haqqında yazdığı ifadəni oxumağa başladı:

"Bir gün Gerasim (red. əsərin baş qəhrəmanı) tək yaşamaqdan bezib bazardan özünə 5 şirvana it aldı"

Müəllim elə ilk cümləni oxuyan kimi bütün sinif gülməyə başladı. Roma özü də arxa partada başını aşağı salıb gülürdü. Biz gah müəllimimizə, gah da Romaya baxıb əylənirdik.

"Gerasim itin adını Mumu qoydu. Onu evə gətirib "Head and Shoulders" şampunuyla yaxşıca çimizdirdi" - müəllim növbəti cümləni oxudu.

Müəllimimizin gülməkdən gözləri yaşarmışdı.

"Gerasim Mumuya çoxlu yemək alırdı. Hər gün 2 şirvan pul xərcləyirdi ona. Mumu kef eləyirdi" - növbəti cümlə...

Əyləncə böyüdükcə daha da ürəkdən gülürdük.

Sonra müəllim Romanın yazdığı ifadənin son cümləsini oxudu:

"Bir gün Gerasimin pulu qurtardı. Gördü ki, Mumuya yemək ala bilmir. Aparıb Mumunu bazarda 5 şirvana satdı".

Sizə yalandan bu cümləyə çox kədərləndiyimizi, sinfə sükut çökdüyünü deməyəcəm. Bu sonluğa da xeyli gülmüşdük. Deyəsən, həmişə "2" alan Roma həmin gün ömründə ilk dəfə yoxlama işindən "3" almışdı.

Mən çox sonralar, tələbəlik illərimdə ədəbiyyatın postmodernizm cərəyanı ilə tanış olanda, ədəbiyyatda dekonstruktivizmin nə olduğunu öyrənəndə fərqinə varmışdım ki, mənim tanıdığım ilk postmodernist, dekonstruktivist yazıçı da elə bizim Roma idi.

-Fattahov Roma! Ən arxa sıra! Ruhun şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Çərşənbə axşamı, 06 Avqust 2024 11:21

Elçin Ağazadənin sənədli filmi təqdim olunub

Nizami Kino Mərkəzində inklüziv cəmiyyətin inkişafına töhfə olaraq gənc rejissor Elçin Ağazadənin ekranlaşdırdığı “Problem yoxdur” sənədli filminin təqdimatı keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, film əlilliyi olan şəxs Alik Cəfərovun həyat hekayəsindən bəhs edir. 

Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib. 

Pedaqoq Aygün Qasımova və "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin sədri, Milli Paralimpiya Komitəsinin nəzdində paravelosiped idman növü üzrə milli komandanın baş məşqçisi Amid Həsənquliyevin aparıcılığı ilə təşkil olunan təqdimat mərasimində ekran əsərinin özəlliyindən söhbət açılıb. Onlar bu filmin və bu tədbirin inklüziv cəmiyyətin inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.

Tədbirin təşkilatçılarından olan inklüziv təhsil mütəxəssisi Zivər Xanlarova çıxışında bildirib ki, inklüziv təhsilin geniş miqyasda tətbiqi məqsədilə qəbul olunan “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası davam edir. O, inklüzivliyin milli mənəvi dəyərlərimizlə yaşayan xalqımız üçün yad olmadığını söyləyib. Bildirib ki, bu ali dəyərləri yaşatmaq üçün hər sahədə hər bir vətəndaşın üzərinə düşən vəzifələr var. Bu baxımdan Elçin Ağazadənin indiyə kimi fiziki məhdudiyyəti olan istedadlılara aid çəkdiyi sosial çarxlar, autizmli uşaqlara həsr etdiyi və Amerikanın Florida ştatında "Ən yaxşı sosial film" nominasiyası üzrə qalib olmuş “Uğur böcəyi” sosial filmi olduqca təqdirəlayiqdir. O, istedadlı rejissorun şəhidlər və qazilər üçün çəkdiyi sənədli filmlər, şəhid övladlarından ibarət “Zəfər sədası” klipi, milli dəyərlərlə yanaşı “Cənnət ətri” və “Başqa həyat” kimi mənəvi dəyərləri də aşılayan sənədli filmlərinin nümunə olduğunu misal çəkərək onun yaradıcılığının, fəaliyyətinin bu baxımdan çox təqdirəlayiq olduğunu bildirib. 

Təhsil eksperti İlhamə Axundova inklüziv cəmiyyətin formalaşması üçün emosional zəkanın önəmindən və belə filmlərin insanlarda empatiya duyğusunun inkişafından bəhs edib. 

Əlilliyi olan şəxs Fərid Abışovun tarda ifası tədbirə xüsusi rəng qatıb. 

Daha sonra tədbirə təşkilati dəstək olan “Azestetik” şirkətinin rəhbəri Fariz Məmmədov çıxış edib. 

Tədbirdə filmin çəkilməsində böyük dəstəyi olan “Mənəvi Dünya” İctimai Birliyinin sədri mərhum Hacı Şahin Həsənlinin xatirəsi yad edilib və videoçarx göstərilib. Birliyin sədr müavini Samir Pənahov çıxışında Hacının dəyərli fikirlərindən danışıb.

Sonra film nümayiş olunub. 

Filmin nümayişindən sonra çıxış edən natiqlər rejissora təşəkkür edərək təəssüratlarını bölüşüblər. 

Sonda rejissor Elçin Ağazadə ekran əsərinin yaranmasından və bu işdə əməyi keçən digər insanlardan danışıb. 

Filmin qəhrəmanı Alik Cəfərovun və anasının səhnəyə gəlişi böyük sevgi və coşqu ilə qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

İsrailin populyar “Artikl” ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin rus dilinə tərcümə edilmiş “Sevirəm”, “Yoldaş”, “Dilənçi” şeirlərinin yayımına başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Dövlət Tərcümə Mərkəzi məlumat yayıb. Məlumata görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin rus dilinə tərcümə müəllifi mərkəzin rus dili mütəxəssisi, tanınmış tərcüməçi Püstə Axundovadır.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “Artikl” ədəbiyyat jurnalı mütəmadi olaraq səhifələrində Stiven Ceyms Kennet, Corc Oruell, Yusteyn Qorder, Stiven Kovi kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Dünəndən başlayaraq avqustun 8-dək musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu il müsahibədə 337 nəfər namizədin iştirakı təmin edilib. 

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Namizədlər https://shorturl.at/lBgA2 linki vasitəsilə müsahibə mövzuları ilə yenidən tanış ola bilərlər.

Müsahibə mərhələsinin nəticələri əsasında tələb olunan balı toplamış namizədlər müvafiq qaydada musiqi və incəsənət məktəblərində müəllim vəzifəsinə təyin olunacaq.

Qeyd edək ki, müsahibə mərhələsinin qrafiki barədə məlumat namizədlərə “MyCulture” vahid şəxsi kabinet (https://my.culture.az), sms və elektron poçt vasitəsilə göndərilib.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Çərşənbə axşamı, 06 Avqust 2024 08:30

POETİK QİRAƏTdə Afaq Şıxli, “Getdi”

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə Afaq Şıxlının debütüdür. Moskvada yazıb yaradan şairə bu günlərdə haqq dünyasına qovuşmuş şair Elman Tovuz barədə yazıb.

Təbii ki, oxunaqlıdır və təsirlidir. 

 

Getdi

(Bənzərsiz dostumuz Elman Tovuza)

 

Payıza ümid bağlayan,

Yay bitməmiş uçdu getdi.

Dərdi dərində saxlayan

Öz içindən qaçdı getdi.

 

Varlığıyla bir Tur kimi!

Qəlbi vardı – büllur kimi.

Ömrümüzdən, o, nur kimi

Necə gəldi, keçdi, getdi...

 

As olmaq işin çətini,

Yüzü çəkər həsrətini.

Əbədiyyat xələtini

Öz boyuna biçdi getdi.

 

Olmasaydı ölüm-itim

Tükənməzdi dost sərvətim.

Otağını qoydu yetim,

Son qapını açdı getdi.

 

Gələn hər nə varsa – Haqdan,

Nə yaxından, nə uzaqdan.

O bezməzdi yaşamaqdan,

Əcəl onu seçdi, – getdi.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.

 

Şəhidimiz Vüqar Əvəzovun atası Məmmədağa Əvəzova həkimlər tərəfindən təyin olunan diaqnoz əsasında pnevmoretinopeksiya əməliyyatı icra olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına fonddan məlumat verilib. 

 

Əməliyyatın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan hissəsi “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

 

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

 

İbrahim İlyaslı, AYB-nin poeziya bölməsinin rəhbəri - “Ədəbiyyat və incəsənət” üçün

 

Şair bu dünya ilə vidalaşandan sonra ömrünün davamı onun ədəbi irsi - şeirləri olur. Bu mənada, Sən ömrünü sahanə bir şəkildə sürmədəsən, Akif Səməd! 

 

Sənsiz keçən 20 il ərzində həyatda olduğu kimi, ədəbiyyatda da çox fırtınalar qopdu, çox dağlar yerindən silkələndi, çox təpələr yerlə bir oldu, çox qayalar ovulub toza-torpağa döndü. Ancaq, zaman ötdükcə, şeirimizin AKİF SƏMƏD zirvəsi bütün əzəməti ilə daha aydın görünməyə başladı, ədəbiyyatda baş verən qasırğalar o dağın qayasından bir çarpana belə qopara bilmədi. İnanclılar bir daha əmin oldular ki, sən demiş; "Mərəkə hələ sonradı, Ölüm ömrün sonu deyil."

 

Sən 45-ində 105 yaşlı Aşıq Ələsgər misallıydın! 65-ində də eləcəsən!

 

*

 

Şair Akif Səmədə

 

Nə olur bizə haqq olur,

Bizim işlər haqq iləndi.

Şah kimdi? – Allahın qulu,

Hökmü-fərma taxt iləndi.

 

Dünya qananla doludur,

Sağ yenə sağın soludur.

Yol olan yoxluq yoludur,

Varlıq olan vaxt iləndi.

 

Eşq nədi – işığın səsi,

Eşq nədi – sözün nəfəsi.

Eşqdi Allahın kölgəsi,

Eşqə düşmək baxt iləndi.

 

Şəkildə: Akif Səməd xalası oğlu İbrahim İlyaslını hərbi xidmətə yola salarlən. 1981-ci il.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

 

Türkiyənin Antalya şəhərində qardaş ölkədə fəaliyyət göstərən “Saküder” Beynəlxalq Sənət və Sənətkarlar Birliyi Dərnəyinin yaranmasının 20-ci ildönümü münasibətilə Beynəlxalq İncəsənət Görüşü Rəsm Sərgisi açılıb.

 

AzərTAC xəbər verir ki, sərgi Antalya Muzeyinin sənət qalereyasında təşkil edilib.

 

Türkiyə, Azərbaycan, Rusiya, Ukraynadan olan rəssamların əsərlərinin nümayiş olunduğu sərgidə ölkəmizi Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynov, rəssamlar Günəş Abbas, Anar Hüseynzadə, Bənövşə Ağayeva, Sevda Rüstəmova və Təranə Qəmərlinskaya təmsil edir.

 

Tədbirin açılış mərasimində çıxış edən “Saküder” in rəhbəri Ali Eser incəsənətin həyatımızdakı rolundan danışıb, xüsusilə Türk dünyası rəssamlarının mədəniyyətimizin dünyada birgə tanıdılması və təbliğindəki rolunu qeyd edib.

 

Sərginin açılışında “2024-cü il sənət” mükafatının təqdimetmə mərasimi də keçirilib.

 

Mükafata layiq görülən türkiyəli rəssam Nərmin Ünal çıxışı zamanı müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Rəhim Məmmədova xüsusi təşəkkürünü ifadə edib.

 

Avqustun 15-dək davam edəcək sərgidə ümumilikdə 24 rəssamın əsərləri nümayiş olunur.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.