DAHA 26 OBYEKT - UNESCO Ümumdünya İrs Siyahısına əlavələr edilib

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, Hindistanın Yeni Dehli şəhərində Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası keçirilib. Komitə 26 yeni mədəni irs və təbii obyekti UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edib. Sessiya, həmçinin Nauru dövlətinin Ümumdünya İrs Konvensiyasını ratifikasiya etməsi və onun 196-cı iştirakçı dövlət olması ilə yekunlaşıb.

 

Sessiyada vacib bir qərar da qəbul edilib ki, bu barədə sonda danışacam. 

Təşkilatın saytının yazdığına görə, komitə 26 yeni obyekti, o cümlədən yeni kitabə hesab edilən irs nümunələrinə aid 2 əsas əlavəni qeydə alıb. Digər nümunələrə 20 mədəni, 5 təbii obyekt daxildir. Beləliklə, bu nümunələr dünyada irsin ən yüksək səviyyədə qorunmasından faydalanır. Onların menecerləri indi UNESCO-nun texniki və maliyyə yardımı üçün yeni imkanlara çıxış əldə edəcəklər. Bu obyektlərin təsdiqi ilə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nümunələrin ümumi sayı 168 ölkədə 1223-ə çatdırılıb. 

Komitə, həmçinin artıq Ümumdünya İrs Siyahısına daxil edilmiş 123 digər obyektin konservasiyası vəziyyətini də araşdırıb. Konvensiyanın iştirakçısı olan bir neçə dövlətə - Kolumbiya, Mavriki, Laos Xalq Demokratik Respublikası və Birləşmiş Tanzaniya Respublikasına öz ərazilərindəki irs abidələrində yeni konservasiya işlərinin maliyyələşdirilməsi üçün 235,520 ABŞ dolları məbləğində əlavə vəsait ayrılıb. Bu yeni vəsait Afrika, Asiya-Sakit okean, ərəb dövlətləri, Latın Amerikası və Karib hövzəsində ilin əvvəlindən artıq təsdiqlənmiş 22 beynəlxalq yardım sorğusuna əlavə olunacaq və ümumi məbləği 695,201 dollar təşkil edəcək. 

UNESCO öz tərəfdaşları ilə birgə bəşəriyyətin ümumi irsinin qorunması istiqamətində bütün dünyada fəaliyyət göstərir. 

İndi isə vəd etdiyim məsələ barədə: Kiyev, Lvov və Odessa şəhərlərində tarixi əhəmiyyət kəsb edən mədəniyyət abidələrin təhlükə yaratdığına görə sessiyada Rusiya əleyhinə bəyanat səsləndirilməsinə səbəb olub. Nəticədə, Rusiya mandatdan məhrum edilib. Rusiyanın UNESCO-dakı daimi nümayəndəsi Rinat Alyiitdinov etiraz bildirsə də bunun heç bir xeyri olmayıb. 

Yekunda Ümumdünya İrs Komitəsinin 2025-ci ilin yayında keçiriləcək növbəti sessiyasının Bolqarıstanın paytaxtı Sofiyada professor Nikolay Nenovun sədrliyi ilə keçiriləcəyi bildirilib. 

Mədəniyyətin xilası naminə dünyanın birləşməsi arzusuyla! 

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.