“Yarpaq-yarpaq tökülürəm…” - FAZİL ƏSƏDİN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Fazil Əsədin şeirlərini təqdim edirik. 

 

 

Yalandı

 

Yalanla doğulur çoxu dünyanın,

Oynayıb yerindən oxu dünyanın.

...nəyinə lazımdı axı dünyanın? -

Çoxunun aldığı nəfəs yalandı.

 

Baxışı adamı dəlir eləcə,

Guya dərd-sərini bölür eləcə.

Adamın üzünə gülür eləcə,

Eh, içindən gələn o səs yalandı.

 

Yalanı nəm çəkir - gün altda sərir,

Elə yalan əkir, yalan da dərir...

Hər şeyə ürəkdən həvəs göstərir,

Amma göstərdiyi həvəs yalandı.

 

Qohumu, tanışı, yadı qaradı,

Soyadı yalançı, adı qaradı...

Qoxusu üfunət, dadı qaradı,

Ağa ağ deməyən hər kəs yalandı.

 

 

Göndərir

 

Etdiyin yaxşılıq heç yadda qalmır,

Dua istəyəndə qarğış göndərir.

Başına döndüyüm nəzərə almır,

Günəş istəyəndə yağış göndərir.

 

Sevirəm - sevgimdən naz istəyirəm,

Çoxla işim yoxdu, az istəyirəm.

Bir güllü-çiçəkli yaz istəyirəm,

Başına döndüyüm qar-qış göndərir.

 

Olur ki, bilmirsən hara düşübsən?

Hansı cəhənnəmə, gora düşübsən?..

Amma ki, görəndə dara düşübsən, -

"Şahmat taxtasında" çıxış göndərir.

 

 

Yerinə

 

Yaşayıb gedir nəsillər,

Üzə çıxır əsil sirlər.

Çox vaxt ağacı kəsirlər,

Qurumuş budaq yerinə.

 

Buludtək dolmaq istədim,

Dağlarda qalmaq istədim,

Bir ağac olmaq istədim,

Söykənib bu dağ yerinə.

 

Ağacı qurd içdən yeyər,

Qurd yesə, oğulsan, göyər,

Qaldırır qaranı göyə,

Tanrım, bu da ağ yerinə.

 

 

Mən necə adamam?

 

Yarpaq-yarpaq tökülürəm,

Gövdə-gövdə ağrınıram.

Ağac-ağac əkilirəm,

Meşə-meşə doğranıram -

Mən necə adamam, adam?!

 

Yanıqlı naləyəm, aham,

Özümü yandırır ahım.

Hər dərd-sərindən agaham,

Günahsızlıqdır günahım -

Mən necə adamam, adam?!

 

Ha yandırıb, ha üfürsən,

Qızdırarmı bu şam məni.

Dinsizsən, kafirsən, nəsən?

Öldürərsən axşam məni -

Mən necə adamam, adam?!

 

Yol gedirəm "haqqa" doğru,

Gəlib yetişmiş zamanam.

Çoxalır canımda ağrı,

Yoxsa dərvişəm, şamanam -

Mən necə adamam, adam?!

 

Üstümə cinlər yeriyir,

Ayağım yerdən üzülür.

Baxıram, cismim əriyir,

Ruhum inciyir, əzilir -

Mən necə adamam, adam?!

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.