Komitə sədri Xalq artistinə məktub ünvanlayıb

 

Bu gün Azərbaycan Respublikasının Xalq artisti, Bakı Bələdiyyə Teatrının baş rejissoru Mərahim Fərzəlibəyovun 75 yaşı tamam olur. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa sənətkarın bu özəl günü ilə bağlı ona təbrik məktubu ünvanlayıb. 

 

Komitə sədrinin məktubunda Xalq artistinin həyat və fəaliyyətinin ən ümdə məqamlarına vurğu edilib. “Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir:

 

“Hörmətli Mərahim müəllim,

Sizi – görkəmli teatr rejissorunu 75 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz səhnəyə hələ orta məktəb illərindən maraq göstərmisiniz. Məktəbi bitirdikdən sonra bir müddət ictimai və yaradıcı fəaliyyətlə məşğul olmuş, sonra ali təhsil almaq üçün Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə yollanmısınız. Orada Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun (indiki Rusiya Dövlət İncəsənət İnstitutunun) Rejissorluq fakültəsinə daxil olmusunuz. İxtisas müəlliminiz – dünyaşöhrətli rejissor, görkəmli sənətkar, professor Georgi Tovstonoqov başda olmaqla, görkəmli sənətkar-pedaqoqlardan sənətin incəliklərini öyrənibsiniz (1970-1975). Ali təhsilinizi başa vurduqdan sonra, təyinatla Çeçenistan paytaxtı Qroznı şəhərindəki M.Lermontov adına Dövlət Rus Dram Teatrına göndərilmiş, həmin teatrda quruluşçu rejissor vəzifəsində çalışmış (1975–1977), müxtəlif əsərlərə səhnə quruluşu vermisiniz.

Sonra, Sumqayıt Dövlət Dram Teatrında baş rejissor (1977–1981) işləmiş, daha sonra, Akademik Milli Dram Teatrına rejissor təyin olunmusunuz. – Akademik teatrda əsasən çağdaş Azərbaycan dramaturqlarının, eləcə də, dünya klassiklərinin əsərlərinə fərqli səhnə quruluşları vermisiniz.

Siz həmçinin (dəvətlə) Naxçıvan Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında müxtəlif tamaşalar hazırlamısınız. 80-ci illərin əvvəllərində C.Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyası nəzdində fəaliyyət göstərən Kino-Aktyor Teatrı truppası ilə birlikdə Azərbaycanlı və xarici müəlliflərin  pyesləri əsasında yaddaqalan tamaşalar hazırlamısınız.

2006-cı ildə, Akademik Milli Dram Teatrına baş rejissor təyin olunmusunuz.

2018-ci ildən Bakı Bələdiyyə Teatrının baş rejissorusunuz.

Teatr sənətinin inkişafında göstərdiyiniz xidmətlərə, rejissorluqda qazandığınız uğurlara görə 1982-ci ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adına layiq görülmüsünüz. 2019-cu ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinizə görə “Şöhrət” ordeni ilə təltif edilmisiniz.

 

Sizi bütün sənət uğurlarınız və yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, möhkəm cansağlığı diləyir, ən xoş arzularımızı yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.