Qolları olmayan da qucaqlaya bilərmiş - AKTUAL Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Hal-hazırda bir çox insanın daxildən yaraları və müxtəlif travmaları var. Hətta, deyərdim ki, travmaların təməl qaynağı məhz uşaqlıqdan yaranan valideyn-övlad münasibətlərinin düzgün təmzimlənməməsinə əsaslanır. Bəzilərimizin atası ilə, bəzilərimizin anası ilə hələ də, arasında qocaman və artıq aşılması mümkün olmayan dağlar var. Və bəzilərimiz ən doğmalarımıza yadlaşmışkən özümüzə gələcəkdə övlad sahibi olan zaman "hiss etdiyimi hiss etdirməyəcəyəm" sözü vermişik. 

Bu gün iş çıxışı metrodan ekskalatora keçən zaman gördüyüm mənzərə məni çox kövrəltdi və duyğularımı sizinlə bölüşmək istəyirəm.

İndi isə sual verim. 

Hansınızın ata-anası sağdı? Hansınızın əlləri var? Yaxşı, hansınızın atası iki əlini də itirdiyi halda onu qucaqlayıb?

Ekskalatorda gördüyüm mənzərə tam olaraq bu idi. Qarşımda 35-40 yaşlarında hündür boylu, arıq bir kişi var idi. İlk baxışda əlləri cibində gözləyən insan görüntüsü yaratsa da, 1dəqiqə çəkməmiş arxamdan pilləkənləri tələsə-tələsə qalxan 5-6yaşlarında bir qız uşağı məni itələyib atasını qucaqladı. Elə bu zaman, atanın əlini cibindən çıxaran zaman hər iki əlinin biləyindən kəsildiyinin fərqinə vardım. Ancaq atanın qızının saçını oxşayacaq əlləri olmasa da, onu bərk-bərk qucaqlayıb başından öpdü.

İndiyə qədər getdiyim hər yerdə uzun-uzun dayanıb heyran olduğum mənzərələrin şəklini çəkmişəm. Ancaq bu, mənim çəkməyə əlim gəlməyən ən gözəl mənzərə idi. Düz qarşımda, saf sevginin - valideyn sevgisinin mənzərəsi var idi.

Əllərimiz olmaya bilər, ayaqlarımız olmaya bilər, hətta gözümüz, qulağımız, ağzımız belə olmaya bilər. Ancaq yaşadığımız müddətcə daşıdığımız qəlbimizdə sevgi bəlkə də, heç axtarmadığımız, artıq ümidimizi itirdiyimiz balaca və dərin köşələrdə hər zaman var. Məhz o kiçicik, bağlılıq duyğusu, sevgi göstərişi heç bir maneə tanımır. Siz siz olun sevginizi hiss etdirməyi öyrənin. Ən çox da, övladlarınıza öyrədin o sevgini. Qorxmayın, onlara özünüzü göstərməkdən, duyğularınızı hiss etdirməkdən. Gözləriniz görməsə belə qəlbinizlə baxın onlara. Qoyun onlar böyüyəndə “mənim atam ağır adam idi, bir dəfə başımı sığallamadı” deyib idealında kişi profilini bu qədər soyuq birinə çevirməsinlər. Və əziz analar, oğlanlarınıza “ana cəfakeş olar, saçını süpürgə edər, yeri gəlsə yeməz yedirdər”dən əlavə ana sevgisinin timsalında qadın sevgisinin sağaltmayacağı yara, isitməyəcəyi ocağ olmadığını öyrədin ki, onlar da gələcəkdə, gözünün alovunu söndürdükləri xanımın saçlarını süpürgə etmək əvəzinə qəlblərinə çiçək baxçaları əksinlər.

İcazə verin, gələcək nəsillər özlərinə "ən az hiss etdiyim doğmalıq qədər övladıma doğma olacam" sözünü versinlər.

Sevginin və şəfqətin sağaltmayacağı yaranı Yaradan yaratmayıb. 

Sevdiklərinizi gec olmadan doyunca qucağlaya bilməniz diləyi və sevgilərlə.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.