Könül, “Ədəbiyyat və incəsənət”
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz, Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Sənin ol cəlb eyləyən vəslinə and içdim inan, Hicrinə yandı canım, yox daha taqət sənsiz!
Başqa bir yarı necə axtarım, ey nazlı sənəm? Bilirəm sən də dedin: "Yox yarə hacət sənsiz!"
Sən mənim qəlbimə hakim, sənə qul oldu könül, Sən əzizsən, mən ucuz, mən heçəm, afət, sənsiz!
Nə gözüm var arayım mən səni, bəxtim də ki yox, Nə də bir qaçmağa var məndə cəsarət sənsiz!
Sən Nizamidən əgər arxayın olsan da, gülüm, Gecə-gündüz arayıb olmadı rahət sənsiz!
Biz dahi Nizami Gəncəvinin təmsil etdiyi xalqın nümayəndələriyik. Bununla sadəcə qürur duymalıyıq. Və dünya klassik poeziyası və fəlsəfəsinin 10 ən dahisi sıralanmasında yer alan Nizamimizə sahib çıxmalıyıq. Ən azından fars şovinizminin Nizamini İran şairi etməsi çabalarına qatı etirazımızı bildirməliyik.
Azərbaycan dövlətinin Nizami Gəncəvi ilə bağlı keçirdiyi beynəlxalq miqyaslı tədbirləri əsasən Nizami Gəncəvi mərkəzi edir. Budur, bu sıraya yeni rəhbərliyin gəlişindən sonra büsbütün fəallaşan Gəncə Dövlət Filarmoniyası da qoşulub. Filarmoniya Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncədə sentyabrın 11-dən 15-dək dahi şair və mütəfəkkirin xatirəsinə həsr olunmuş "Nizami günləri" keçirəcək.
Nə olacaq bu günlərdə?
Filarmoniyadan aldığımız məlumata görə, “Nizami günləri" çərçivəsində Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans, şairin şeirlərindən ibarət "Qiraət axşamı", muğam və klassik romanslardan ibarət konsert proqramı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs heyətinin konserti, Əfrasiyab Bədəlbəylinin "Nizami" operası nümayiş etdiriləcək.
Məkan olaraq isə əlbəttə ki, dahi şair Nizami Gəncəvinin məqbərəsinin önü seçilmişdir.
Hüsnün gözəl ayətləri, ey sevgili canan! Olmuş bütün aləmdə sənin şəninə şayan
Gəl eylə inayət, mənə ver busə ləbindən, Çünki gözəlin busəsidir aşiqə ehsan.
Sordum ki, "könül hardadır" aldım bu cavabı. "Heç sorma, tapılmaz onu axtarsa da insan".
Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdüm Kim, qanım ilə əl yuma, ey afəti-dövran!
İnsafın əgər varsa, açıq de, bu Nizami, Sənlə necə rəftar eləsin, ey mahi-taban?
Gəl söylə, cavabın nə olar, sorğu zamanı, Əhvalımı səndən soruşarsa Qızıl Arslan?
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)