Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Sabah - 10 avqustda Azərbaycan ədəbiyyatına fəlsəfi hekayə və pritça janrını gətirən, Tarixi romanlar və fəlsəfi antologiya-ensiklopediyalar müəllifi kimi də tanınan, fəlsəfə elmləri üzrə Fəxri Doktor adına layiq görülmüş filosof Əlisa Nicatın doğum günüdür. Ağsaqqalımızın 87 yaşı tamam olur!
Əlisa Qulam oğlu Hüseynov 1936-cı il avqust ayının 10-da Azərbaycanın Lerik rayonunun Yuxarı Gədik kəndində dünyaya gəlib.
Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsil alıb.
Bədii yaradıcılığa orta məktəb dövründən başlayan Əlisa Nicatıın “Bircə söz” adlı ilk şeiri 1955-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub.
1964- cü ildə ilk şeirlər kitabı olan “Yay axşamı”, 1970-ci ildə isə ilk hekayələr kitabı olan “Bir qız, üç çinar” işıq üzü görüb.
1990-cı ildə Bakıya köçən filosof mətbuat sahəsində çalışmağa başlayıb. 1991- 1992-ci illərdə “Turan” adlı müstəqil ədəbi, siyasi, tarixi, fəlsəfi jurnal buraxıb.
1983-cü ildə ən tanınmış ərəslərindən sayılan "Qızılbaşlar" romanı, 1993-cü ildə “Nağıllara dönən tarix”, 1994-cü ildə “Ruhların söhbəti”, 1995-ci ildə “Dünya sərkərdələri” və “Dünya filosofları”, 1997-ci ildə “Kədər şərabı”, 1998-ci ildə “Dünya tarixçiləri”, 1999-cu ildə “Yüz böyük azərbaycanlı”, 2000-ci ildə “Karvan” , 2009-cu ildə “Tarixin qürubu” kitablarını nəşr etdirib.
Bundan başqa o tərcüməçiliklə də məşğul olub. Mətbuat orqanlarında redaktor kimi çalışıb.
Azərbaycan ədəbiyyatına fəlsəfi hekayə və pritça janrını gətirən Əlisa Nicat daha çox Tarixi romanlar və fəlsəfi antologiya-ensiklopediyalar müəllifi kimi də tanınır.
O, 1999-cu il aprel ayının 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Elmi şurasının qərarı ilə səmərəli elmi və elmi-maarifçilik fəaliyyətinə görə fəlsəfə elmləri üzrə Fəxri Doktor adına layiq görülüb.
Allah ömür versin, yüzü görsün!
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)