Jalə İslam, “Ədəbiyyat və incəsənət”
İnsanlarla donuzların mənafeləri toqquşmur. Onların qaydaları, problemləri eynidir. Məgər işçi qüvvəsi problemi hər yerdə eyni deyil?
Ah Corc Oruel... necə mükəmməl bir əsər, necə mükəmməl təsvirdir bu “Heyvanıstan”.
Kitabı həyatımın ən şanssız və məşğul dövründə oxumuşam, yoxsa çox axıcı bir kitabdır. İnsanoğlu bu kitaba əgər bir şans versə, öz heyvani obrazını tapa bilər(sonsuz sayda Bokserlər).
Stalin hakimiyyətinin fəsadları, qonşu dövlətlərin yaratdığı təhlükə və dırnağarası dostluq, hakimiyyəti qorumağa çalışarkən öz mənliyini itirən hakimiyyət, aşağı təbəqənin kölə kimi işlədilməsi və daha nələr-nələr.
Napaleonun insanlardan xaric bir malikanə qurmağa çalışarkən zamanla özündə insana məxsus əzazil duyğuları tərbiyə etməsindən tutmuş, Snoubolun haqq-ədalətinin beyinsiz kütlə tərəfindən dəstəklənməməsinə qədər , hər şey bütün haqsızlıqları üzümüzə şillə kimi vururdu. Hələ də öz-özümə sual verirəm, -"Snoubolun başçılıq etdiyi hakimiyyət , görəsən, necə olardı?"
Bütün həqiqi mənadan uzaqlaşsaq, kitab eyni zamanda bir mövzunu da çox yaxşı işıqlandırır. Mənfi və müsbət bir-birini çəkən qütblərdir. Nəyə olmaz və yaxud nəyi etmərik deyiriksə, hamısının əksini həyata keçiririk. Çünki düşüncələrimizin fövqündə bütünləşən eynilə bu cür duyğulardır.
“Pəncərənin o tayındakı heyvanlar gah donuzlara, gah da insanlara baxırdılar və artıq onları bir-birindən ayırmaq mümkün deyildi…”
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)