Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi
Yamyaşıl bağçada oturmuşdu, ətrafı seyr edirdi. Baxırdı, amma görmürdü sanki, dünyadan qopmuş halda beynindəki suallara cavab axtarırdı Ayaz. Birdən xəfif meh əsməyə başladı, o, sakitcə yavaş əsən küləyi hiss etməyə başladı. Həmin an içindən keçirdiyi bir sual var idi: “Görəsən, külək niyə əsməyə ehtiyac duyur?”
Elə həmin an külək yavaşlığını yerə qoyub sürətlənməyə başladı. Sanki Ayaza nələri isə izah etmək üçün əsirdi.
Külək əsə-əsə havaya öz səsin buraxaraq: “Ayaz, mənim var olma səbəbimi bilmək istəyirsənsə, coğrafiya fənnini oxumalısan”-dedi. Həmçinin, külək ona bir sirrini də buraxıb getdi. Onun bu sirri isə belə idi: “Mən ona görə varam ki,
insanlara haqsızlıq qarşısında susmamağı, mənim kimi əsib-coşmağı öyrədirəm. Əgər sən də haqsızlıq görsən, susma. Həmişə haqlılığın üçün insanlara əs-coş.”
Bu, Ayaz üçün maraqlı idi, həm də çox maraqlı idi. Uşaq anladı ki, bu dünyada baş verən şeylər səbəbsiz deyil. Bir az sonra anası təkidlə Ayazı evə çağırdı, lakin Ayaz hələ istirahət saatının bitmədiyini dilə gətirdi, haqlıykən əsib-coşdu. Küləyin bir sirrini öyrənmiş, təkcə coğrafiyadan oxumaq qalmışdı.
Külək yatışdı, bu dəfə isə yağış damlaları Ayazın üzünə düşməyə başladı. İndi isə onun fikrini qarışdıran yağışın var olma səbəbi idi. Yağış bir az sonra yeri tamamilə islatdı və danışmağa başladı: “Ayaz,ey maraqlı uşaq, mənim varlığımın səbəbi yenə də coğrafiya kitabındadır, coğrafiyanı tap və oxumağa başla”-dedi.
Və davam etdi:
-Amma yenə də sənə bir sirr açım. Mən yağmağa başlayanda insanlar qırağa çəkilir,
təbiəti seyrə başlayır, sanki özlərinə qapanırlar. Bunun səbəbi isə odur ki, mən yağmaqla insanlara insan olduqlarını xatırladıram. Yadında saxla, əzizim, insan olan yerdə cuzi də olsa pis düşüncələr vardır, mən də o düşüncələri yuyur, təmizləyirəm. O pis düşüncələr yuyulduqca insanlar səssizləşir, özlərinə yer tapmadıqları üçün, utandıqları üçün qaçmağa başlayırlar.
Ayaz bunları öyrəndiyi üçün özünü çox xoşbəxt hiss etdi və yağışa: ”Sən hər zaman sağ ol”,-dedi.
Ayazı yenə çağırırdılar, bu dəfə o çox əsəbləşdi və içində ailəsinə qarşı pis düşüncələr keçirtdi. Bunun səhv olduğunu bilən Ayaz bu pis düşüncələri yox olsun deyə, yağışın altında tamamilə islandı və özünü günahsız hiss etdi. Çünki o hamı kimi qaçmamışdı. İndi isə geriyə qurulanmaq qalırdı, onun islanma səbəbini kimsə bilməməli idi, çünki o, anasına bu olanları izah etsə, anası özünü pis hiss edərdi. Ona görə də yolunu gözlədiyi gün artıq çıxmağa başladı.
Günəşin şüaları o qədər çox idi ki, Ayaz on dəqiqəyə qurudu. O, günəşin də var olma səbəbini coğrafiyadan öyrənəcəyini təxmin etdi. Bu çoxbilmiş uşağa gülən günəş isə ona əlavə bir sirr vermək istədiyini,
bu sirrin kitabda yazılmadığını dedi. Maraqla dinləyən Ayaz günəşdən belə bir cümlə eşitdi:
-Bu dünyada çox şeyləri yağış yuyur, gün qurudur. Yəni, Ayaz, sənin səhv düşüncəni yuyan yağışdır, heç kim xəbər tutmadan səni təmizə, əvvəki sənə çevirən isə mənəm. Elə indi təmizə çıxardığım kimi.
Ayaz çox təsirlənmiş, fikrə getmişdi ki,
artıq istirahət saatı bitdi, o, evə qayıdıb dərs oxumalı olduğunu xatırladı.
Qapıdan içəri girər girməz anasına salam verən Ayaz: “Ana, sabah coğrafiya fənnindən dərsim var, zəhmət olmasa,o kitabı şkafdan mənə ver”, -dedi...
“Ədəbiyyat və incəsənət”
(06.08.2024)