Avqustun 16-dan 31-dək Həştərxanda Rusiyanın “Mədəniyyət” milli layihəsi çərçivəsində ənənəvi “Xəzər mövsümü” Beynəlxalq Klassik İncəsənət Festivalı keçiriləcək.
AzərTAC xəbər verir ki, Xəzəryanı ölkələr Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistanın mədəniyyətini təbliğ edən festivala bu il Özbəkistan və Belarusdan da qonaqlar qatılacaq.
Festivalın açılış konserti avqustun 17-də Həştərxan Kremlinin meydanında olacaq.
Konsertdə Rusiyanın Əməkdar artisti, Başqırdıstan və Tatarıstan respublikalarının Xalq artisti İldar Abdrazakov, Rusiya və Şimali Osetiyanın Əməkdar artisti Aqunda Kulayeva, Azərbaycanın Xalq artisti Dinarə Əliyeva, Hamburq Dövlət Operasının solisti, Böyük Teatrın dəvətli solisti Dövlət Nurgəldiyev və Türkmənistandan tanınmış müğənni Ayna Seyitkuliyeva, Qazaxıstanın Əməkdar incəsənət xadimi, Astana Opera Dövlət Opera və Balet Teatrının aparıcı səhnə ustası Talqat Musabayev, İrandan viola ifaçısı, beynəlxalq müsabiqələr laureatı Amin Qafari və başqa məşhur ifaçılar çıxış edəcəklər.
Kabardin-Balkar Respublikasının (RF) Xalq artisti Mixail Qolikovun idarəsi ilə Xəzərətrafı dövlətlərin simfonik orkestrinin ifasında dünya bəstəkarlarının əsərləri səslənəcək.
Festivalın tədris proqramı çərçivəsində “Vokal akademiyası”, “Orkestr akademiyası” və “Balet akademiyası”nın açıq dərsləri keçiriləcək.
Bundan əlavə, Xəzərətrafı dövlətlərdən olan artistlərin solo konsertləri, “Rusiya – Xəzərətrafı” fotosərgisi də nəzərdə tutulub.
Festival A.S.Darqomıjskinin “Su pərisi” operasının Həştərxan Kremlində premyerası ilə başa çatacaq.
“Xəzər mövsümü” festivalı Rusiya Mədəni-kütləvi Proqramlar üzrə Direktorluğu, Həştərxan Vilayəti Hökuməti və vilayət Mədəniyyət Nazirliyinin dəstəyi, Həştərxan Opera və Balet Teatrı və Həştərxan Filarmoniyasının tərəfdaşlığı ilə təşkil olunur.
“Ədəbiyyat və incəsənət”
(05.08.2024)