Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Məmməd Nasirinin şeirlərini təqdim edir. 

 

 

AĞ ZƏMİ

 

Ağ zəmilərdə böyüdüm mən

Arayerlərdə böyüdüm mən 

Yaldır uşağı! 

 

Ciblərimi boşaltdım masanın üstünə qarakolda! 

 

- “Arayerçi köpək oğlular! 

Bir paket siqareti vardır, 

Bir də yarımçıq bir kibrit, 

Pul-mul da heç zad!

Kasıb yetimi!” 

 

Suç imiş baxışlarım uzaqlarda

Və məchul imiş baxışlarım uzaqlarda! 

Burda məchulluq yeriməz! 

Şəhər pıçıltılarıyla doludur, 

Və zindanların qapısından o yana dünya 

Qurtarar! 

Sonralar anladım böyüdükcə!

 

Siqaretlərimi verdilər 

Baxdım, altısını götürmüşdülər! 

Tüstü kimi getdi saatlar! 

 

Qapının paslı cırıltısı qazdı beynimi 

Çıxdım eşiyə! 

Günəş almışdı dünyanı ağzına, çeynəyirdi 

- “Keç gəl qızış dayı” 

Bülvar ağzını açmışdı deyirdi mənə 

Sevinirdi 

Bəlkə də sevinmirdi, mənim nəzərimə gəldi! 

 

Bir papirus atdım damağıma 

Günəşin istisini nikotin tüstüsü ilə çəkdim qarnıma

- “Ha h h!!

gün aydın! 

Salam əleyküm yoldan keçənlər! 

Salam əleyküm Mərəndi yaradan divarlar! 

Salam əleyküm!

 

Nə gözəlsiz qızlar! 

Hamınızı sevəcəyəm çadralı, çadrasız! 

Nə gözəlsən insanlıq 

Olsan da, olmasan da! 

 

Nə gözəlsən şəhər! 

Heç bərxod olmamışdım indiyə qədər! 

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Parisdə keçirilən olimpiya oyunlarında cüdoçumuz Hidayət Heydərovun parlaq qələbəsi fonunda biz olduqca işıqlı gənc xanım Şəbnəm Tağıyevanın da qələbəsini qeyd etmək istəyirik. 

 

Şəbnəm dünyaca məşhur Oksford Universitetində magistr təhsili alacaq 3 Dövlət proqramı təqaüdçüsündən biri oldu. Digərləri Zaman Heseynov və Sona Abdullayevadır.

 

Böyük Britaniyanın Oksford Universiteti daim dünyanın ən aparıcı 5 unuversitetləri sırasında qərarlaşır. 

Şəbnəm Tağıyeva və Zaman Hüseynovun ixtisas sahəsi dövlət idarəetməsi, Sona Abdullayevada isə hüquqdur.

Gəlin onları alqışlayaq! 

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Cümə axşamı, 01 Avqust 2024 17:03

Psixoloji saat. Motivasiya nədir?

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Salam, əziz oxucularımız. Bu gün, sizinlə motivasiya haqqında olan biliklərimi bölüşmək istəyirəm. Biliklərimi tam olaraq elmi dildə izah etmək kimi fikrim yoxdur. Və qeyd edim ki, fikirlərim həm öz təcrübə və araşdırmalarımın məhsuludur, həm də təhsil  koçlarının, təcrübəli psixoloqların məsləhətlərindən, aldığım məlumatlardan bəhrələnən fikirlərdir.

Motivasiya qazanıla biləcək duyğudur. Amma necə və nə cür? 

Əsas olan budur.

Motivasiya iki-üç video ilə, iki- üç gözəl sözlər ilə qazanılan bir şey deyil. Ümumiyyətlə, iki-üç sözlə qazanılan bir duyğu necə motivasiya ola bilər ki? Səndə olmayan bir şey, bir hiss olsun, ya da başqa bir şey, əgər bu qədər çətin bir durumda iki- üç dəqiqəyə əldə olunsa idi, o zaman elə hamı ən uğurlu olardı. Hamı motivasiyaverici videolar izləyir, hamı əla sözlər eşitmək istəyir və eşidir. Amma arada heç nə yoxdur. Yenə bir müddət sonra köhnə adəti hallar təkrarlanır. Çünki o "motivasiya" adlandırılan "motivasiya" yox sadəcə insanın özünün özünü aldatması üçün olan kiçik bir qurğudur. 

Amma həqiqətən də motivasiya anlayışı var. Onu qazanmaq da olur. Lakin bu belə asan  yolla qazanılan bir şey deyil. Bunu qazanmaq üçün sağlam fikir, sağlam beyin formalaşdırılmalıdır. Daxilən inam formalaşmalıdır. Saxta, kimdənsə alınan, ötürülən bir şey motivasiya olmaz. Motivasiya insanın daxilində olan duyğudur. Və o duyğunu oyatmaq lazımdır. Bunun üçün də bayaq qeyd etdiyim kimi motivasiya duyğusunu öldürən nədirsə, onu tapmalı və aradan qaldırmalıyıq.

Bilirəm, bu yetəri qədər vacib məlumatlar oldu. Amma qanedici yox. Sizin ağlınızda yenə də müəyyən suallar qalmaqdadır. Onların da cavabını sizə gələn psixoloji saatda mən Nigar verəcəyəm. 

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

 

 

Qazaxıstanda 2-ci Almatı Beynəlxalq Animasiya Festivalı keçirilib. Ölkəmizi festivalda Azərbaycan Animasiya Assosiasiyasından sədri Rəşid Ağamalıyev və Assosiasiyanın üzvü Nəzrin Ağamalıyeva təmsil ediblər.

Azərbaycan Animasiya Assosiasiyasından AzərTAC-a bildirilib ki, festivalın beynəlxalq münasiflər heyətinə Rəşid Ağamalıyev rəhbərlik edib.

Açılış mərasimində festivalın direktoru Anita Chernykh, proqram direktoru Ivan Ardaşov və təsisçisi Anuar Kenzhibayev çıxış ediblər.

Sonra müsabiqə proqramı üzrə “Ən yaxşı tələbə animasiya filmi” kateqoriyasına daxil olan filmlər nümayiş etdirilib.

Üç gün davam edən festivalda yerli, xarici və Mərkəzi Asiya dövlətlərinin filmləri nümayiş etdirilib, ustad dərsləri təşkil olunub.

Festival çərçivəsində 2023-cü ildə Almatı Animasiya Festivalının “Ən yaxşı vizual həll” mükafatı alan “Hədis” animasiya filminin müəllifi Nəzrin Ağamalıyeva ustad dərsi keçib. Ustad dərsindən sonra “Hədis” animasiya filmi yenidən nümayiş olunub.

Festivalın bağlanış mərasimində beynəlxalq münasiflər heyətinin sədri Rəşid Ağamalıyev və münsiflər heyətinin üzvləri Anna Popova, Çingiz Asanaliev və Almaz Kosobaev qalibləri elan ediblər.

Qaliblər “Ən yaxşı Mərkəzi Asiya və MDB Animasiyası”, “Ən yaxşı sənədli animasiya” “Ən yaxşı tələbə animasiya”, “Ən yaxşı beynəlxalq animasiya”, “Ən yaxşı eksperimental animasiya”, “Ən yaxşı animasiyalı musiqi videosu” kateqoriyasında mükafatlandırılıblar.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, virtual sərgidə müəlliflər Ayşən Sadıqlının “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan dili”, Nizami Cəfərovun “Ümumi dilçilik”, Əlistan Əkbərovun “Müasir Azərbaycan dilinin üslubiyyatı”, Rəna Mahmudovanın “Azərbaycan dilinin lüğətçilik tarixi”, Buludxan Xəlilovun “Dil mədəniyyəti”, Qəzənfər Kazımovun “Azərbaycan dilinin tarixi sintaksisi”, Nizami Xudiyevin “Qədim türk yazılı abidələrinin dili” kimi 30-a qədər kitabın qısa annotasiyası, dövrü mətbuat nümunələri təqdim edilir. 

Bununla yanaşı kitabxanada “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” adlı ənənəvi sərgi təşkil edilib. Sərgidə mövzu ilə əlaqədar kitablar və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” adlı biblioqrafik siyahı sərgilənməkdədir.

1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

 

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli avqustun 29-da saat 10:00-da Astara rayon Heydər Əliyev Mərkəzində (ünvan: Astara şəhəri, İstiqlaliyyət küçəsi 26 b) Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Ədəbiyyat və incəsənət” portalı  nazirliyə istinadən xəbər verir ki, vətəndaşlar avqustun 24-dək nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.

 

 “Ədəbiyyat və incəsənət”

(01.08.2024)

“Ədəbiyyat və incəsənət” siyasi proseslərə yazıçı baxışını təqdim edir. Tarixi romanlar müəllifi, eyni zamanda siyasi şərhçi Yunus Oğuz İranın hazırkı durumuna aydınlıq gətirməyə çalışır. HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi bir sıra versiyalara yol açıb. Hadisənin səbəbi, nəticəsinin necə olacağı isə hələlik qeyri-müəyyən olaraq qalır. 

 

HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi hansı anlama gəlir?


HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi sıradan bir hadisə deyil. Təsəvvür edin ki, HƏMAS Lideri Tehranın mərkəzində, şəxsi villasında öldürülüb. Həmin gün Livanda  Hizbullahın komandiri Fuad Şükür də öldürülüb, Bağdadda isə İrana yaxın hərbi hissə bombalanıb. Hələlik məlum olan bu üç hadisənin eyni vaxtda baş verməsi təsadüfi ola bilməz. Həm  də   bu hadisələr İran prezidenti Məsud Pezeşkianın andicmə mərasimi günü baş verib. Xatırladım ki, Məsud Pezeşkian seçki öncəsi bəyan etmişdi ki, İranla Qərb arasındakı soyuq münasibəti yumşaldacaq, qonşu dövlətlərlə əlaqələri genişləndirəcək. Əslində qətl hadisələrinin kökündə bu amillər durur, başqa sözlə, məsələ Məsudun başındadır. Məlumdur ki, islamçılar, radikallar Məsud Pezeşkianı Qərbə yaxınlaşmağa qoymayacaqlar. Əgər İrana yaxın üç qüvvə birdən öldürülübsə, yaxud özləri öldürüblərsə, bu fərq etməz, deməli prezidentdən tələb edəcəklər ki, bunun qisasını almaq lazımdır. Proseslər də onu göstərir ki, hadisələr qisasın alınmasına doğru gedir. Adı  terror qoyulan hadisənin araşdırılması üçün prezident də komissiya yaratdı. İndi yeni prezidentin başında qara buludlar gəzəcək. Bu baxımdan vəziyyət olduqca ağırdır. Güman ki, yeni prezidentin platformasında etniklər üçün nəzərdə tutulan 15-ci bəndi də ləğv edəcəklər.  


Prezident Məsud Pezeşkianın seçki öncəsi vədlərinə baxmayaraq, proseslər tamamilə fərqli istiqamətdə cərəyan edir. Yenə də region dövlətlərdən İran yalnız Ermənistanla əməkdaşlıq edir.

 

Əslində yeni prezident Ermənistanın baş Naziri Paşinyanı qəbul edəndə belə hadisələr olmalı idi.  İran guya bununla  Azərbaycana mesaj verir, ardınca  Seyid Əli Xamenei açıq şəkildə Paşinyana bildirir ki, "Zəngəzur dəhlizi ideyası Ermənistanın maraqlarına cavab vermir". Əslində, bu ideya İranın da maraqlarına cavab vermir. Məlumdur ki, İranda kifayət qədər narkobaronlar, narkotik istehsalçıları var ki, onların təşkilatçılığını himayə edən elə Xameneinin yaxınlarıdır. Belə halda, təbii ki, İran  Zəngəzur dəhlizinin açılmasını istəməyəcək. Çünki Azərbaycan narkotikə qarşı mübarizə aparır, Ermənistanın işğalından azad olunmuş ərazilərdə kifayət qədər narkotik plantasiyalar məhv edilib. İran isə narkotiki Ermənistan vasitəsilə Avropaya keçirir. Bu narkobaronların sırasında erməni də, azərbaycanlı da, fars da var. Onların hamısı Xameneiyə təsir edirlər. Bu marşurut təkcə narkotik deyil, həm də silah, insan alveri, orqan alveri üçün istifadə edilir. Ona görə də İran Zəngəzur dəhlizinin açlmasında maraqlı deyil, çünki bu məsələdə öz maddi gözləntiləri var. İran düşünür ki, Zəngəzur dəhlizi açılmasa onun ərazisindən keçən marşurut beynəlxalq yol olacaq. Ancaq, bu İranın xeyrinə olsa da Ermənistanın vəziyyəti daha da ağırlaşacaq, həmin yoldan Ermənistana keçmək çox çətin olacaq.  Bax, məlum açıqlamadan dərhal sonra İrana yaxın üç qüvvə məhv edilib. 


İranın Azərbaycan və Türkiyə ilə yaxınlaşması mümkündürmü?


Biz əvvəldən xəbərdarlıq etmişdik ki, bölgə dövləti olaraq İran Azərbaycan və Türkiyəyə yaxınlaşmalıdır. İranın xilası, nicat yolu bundadır. Lakin yenidən gedib Ermənistana yaxınlaşdı. Əgər İran bunu başa düşmürsə vəziyyəti çox çətin olacaq. SEPAH prezidentdən tələb edəcək ki, qisas alınsın, artıq ilkin açqlamalarda qeyd olunur ki, hadisəni törədənlərə cavab veriləcək, qisas yerdə qalmayacaq. Ancaq bu cavabın nə dərəcədə effektli olacağı sual altındadır. Vaxtilə İsrailə göndərilən dronlar  elektrik xəttinə ilişib qaldı. İranın cavab zərbəsi bundan ibarətdir. Baş verənlər deməyə əsas verir ki, bu üç hadisə İranın xarici siyasəti üçün ciddi məsələdir. 


Baş verən hadisələrlə bağlı hansı versiyalar özünü doğrulda bilər?


Baş verən hadisə ilə bağlı bir sıra versiyalar irəli sürmək olar. Tutaq ki, deyilə bilər ki, bu hadisələri İsrail törədib. Bəs, İranın təhlükəsizlik qüvvələri niyə hadisənin qarşısını ala bilməyib? İlkin yayılan görüntülərdə əks olunur ki, İsmayıl Haniyə HƏMAS-ın qərargahından çıxıb villasına gedir və orada öldürülür. Əgər onun villası bombalansaydı, dərhal görüntülər yayımlanardı ki, bundan sui-istifadə edə bilsinlər. Sonradan yayılan görüntülərdə isə heç bir fakt məlum deyil. Bilinmir ki, hadisə harada, hansə ölkədə, hansı şəraitdə baş verib. Bunu ona görə edirlər ki, Yaxın Şərqdə vəziyyət yenidən qarışsın. 
Versiyalardan biri odur ki, hadisəni İrandakı radikal qüvvələr törədib. Məqsəd ondan ibarətdir ki, yeni prezidenti sıxsınlar və istədiklərini həyata keçirə bilsinlər. İndi  Məsud ya həmin qüvvələrin sözünə qulaq asmalıdır, ya da özünü aradan götürəcəklər. Belə halda İran mütləq Azərbaycan və Türkiyəyə sığınmalıdır. Başqa bir versiya odur ki, radikal islamçılar hadisəni törədiblər ki, İranın Qərbə, Azərbaycan və Türkiyəyə yaxınlaşmasının qarşısını alsınlar. Yuxarıda qeyd etdik ki, ola bilsin hadisəni İsrail törətsin. Yaxşı bəs, İranın xüsusi təhlükəsizlik qüvvələri harada idi? Öldürülən şəxs  prezidentin xüsusi dəvətilə ölkəyə gələn qonaqdır. Əgər onu qoruya bilmirsənsə, deməli İranda özbaşınalıqdır. İsrail isə hələ ki, rəsmi olaraq hadisəni boynuna götürməyib. Sadəcə, miras naziri deyib ki, "elə terroristin getməyi yaxşıdır". İsrail Hizbullahın komandirini vurdu və boynuna götürdü ki, mən eləmişəm. Amerika dedi ki, İraqda vurulan hərbi düşərgəni biz eləmişik. Amma bunu heç kim boynuna götürmür. Rəisinin ölümünü də heç  kim boynuna götürmədi, axırda məlum oldu ki, onun aradan götürülməsini özləri qabaqcadan planlaşdırıblar. Faktlar deməyə əsas verir ki, İran idarəolunmaz vəziyyətə gətirilib. Sənin beş yüz mindən çox ordun, daxili təhlükəsizlik qüvvələrin olduğu halda prezidentin qonağına qarşı terror törədilirsə, onların hamısını buraxmaq lazımdır.         

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Abdulla Atakişiyev, Dəniz Nəqliyyat Donanması Həmkarlar İttifaqı Komitəsi sədrinin müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü - “Ədəbiyyat və incəsənət” portalı üçün

 

Hazırda bütün diqqətlər Parisə - növbəti Yay Olimpiya Oyunlarına yönəldilib. Amma idman yalnız stadionlarda, zallarda, hovuzlarda düzənlənən mübarizələrdirmi? Xeyir! 

 

Bütün  tarixi  dövrlərdə  xalqını,  vətənini  sevən  hər  bir  kəs  sağlam  nəsil  formalaşdırmaq  haqda  fikirləşib. Vətən  torpağında  işləyib,  onu  inkişaf  etdirmək  üçün,  Vətən  sərhədlərini  yağı  düşməndən  qorumaq  üçün  fiziki  və  əqli  cəhətdən  sağlam  nəsil  yetişməlidir. Danılmaz  faktdır  ki,  sağlam  bədəndə  sağlam  ruh  olar.                                            Sağlamlığın  əsas  faktorlarından  biri,  bəlkə  də  birincisi  hərəkətdir,  fiziki  tərbiyə  və  idmandır. Fiziki  tərbiyə  nəinki  insan  bədənini  inkişaf  etdirir,  möhkəmlədir,  eyni  zamanda  onun  ruhunu  cilalayır,  daha  insani  hisslər  aşılayır. Maraqlı  haldır  ki, Şərq  idman  məktəblərində  idman  idmançını  həm  fiziki,  həm  də  ruhi  cəhətdən  inkişaf  etdirib  möhkəmlədir. Bu  iki  faktoru  bir-birindən  ayrı  təsəvvür  etmək  mümkün  deyil.

Fiziki  tərbiyə  və  idman  çox  ağır  zəhmət,  iradə  və  dözüm  tələb  edir. İnsanda  güclü  xarakter  formalaşmasına  kömək  edir. İlk  qələbə  əzmi  yaranır,  ilk  qələbə  sevinci  duyulur. Qalib  gəlmək  məktəbi məhz  burada,  bu  yolda  yaranır. İnsanda  öz  gücünə,  iradəsinə  inam  meydana  gəlir. İnsan  özünü  ilk  dəfə  qalib  rolunda  görür.İlk  baxışdan  asan  və  cəlbedici  görünən  bu  yol  çox  çətin,  ağır  zəhmət,  iradə  və  dözüm  tələb  edən  bir  yoldur. Bu  yolda  hər  adam  tab  gətirə  bilmir. İdman  ancaq  cəsurları sevir,  qiymətləndirir  və  yüksəldir.Əlbəttə,  yüksək  nəticələr  qazanmaq  üçün  idmanın  hər  hansı  bir  növü  ilə  məşğul  olmaq,  idman  zallarında  gərgin  və  müntəzəm  məçqlər  aparmaq,  qələbə  ruhu  ilə  yaşamaq  lazımdır.

Ancaq  bu  yolun  kütləvi  surətdə  hamı  tərəfindən  keçilməsi  mümkün  olmayan  bir  işdir.  Bununla  belə,  gündəlik ruh  yüksəkliyi  qazanmaq,  sağlam  hıyat  tərzi  keçirmək  üçün  fiziki tərbiyə  və  hazırlıq  işi  ilə  məşğul  olmaq  mümkündür. Bunun  üçün  ancaq  olan  boş  vaxtdan  səmərəli  istifadə  edib,  fiziki  tərbiyə,  hazırlıq  işi  ilə  məçğul  olmaq lazımdır.  

Budur,  səhər  saat  altını  vurur. Böyük  ruh  yüksəkliyi  ilə  yorğanı  üstündən  atıb  ayağa  qalxırsan. Bu  hərəkəti  etmək  üçün  çox  fikirləşib,  götür-qoy  etmisən,  ancaq  hər  səhər  tezdən  durmaq  lazım  gəldikdə  isə,  bu  işi  sabaha  qədər  təxirə  salmısan.  Beləcə  günlər  ötmüş,  aylar  keçmişdir. İndi  isə  ən  böyük  qələbə  -  səhərin  şirin  yuxusuna  qələbə  çalınmışdır. Artıq  sən  həyətdəsən. Xırda  addımlarla  üzü  küləyə  doğru  qaçırsan. Budur  sağlam  həyat  tərzinin  başlanğıcı. İlk  addım  atıldı. Gündəlik  fiziki  tərbiyə  və  idmanı  həyatımızın  amalına, məqsədinə  çevirməliyik. Bu  işi  o  dərəcədə  inkişaf  etdirməliyik  ki,  gündəlik  vərdişə,  hətta  adətə  çevrilsin. Həyatımızı  idmansız  təsəvvür  etməyək. İdman  yaxşı  şeydir,  o,  insanı  möhkəmlədir. Ancaq  idman  köməkçidir.  İnsan  hər tərəfli  inkişaf  etməlidir.  Belə  ki,  o,  yaxşı  qaçmağı,  üzməyi,  sürətlə  və  gözəl  yeriməyi  bacarmalıdır.  Bir  sözlə,  insanın  hər  bir  orqanı  saz,  özü  isə  normal  və  sağlam   adam  olmalıdır.  Bunun  yeganə  yolu  isə  idman  və  fiziki  tərbiyədir. Bu  yolda  qazanılan  ən  boyük rekord  möhkəm  can  sağlığı  olacaqdır.Fiziki  tərbiyə  və  idmanla  yaxından  dostluq  insanı  səmərəli  çalışmağa,  şən  dincəlməyə,  həyatın  dolğunluğunu  gənclikdə  və  yetkin  yaşlarda  duymağa  kömək  edəcəkdir.İdmançını  ilk  baxışda  tanımaq  olur. O,  yığcam  və  təmkinlidir,  hərəkətləri  dəqiqdir. Əzələləri  qabarıq,  üzünün  rəngi  sağlamdır. Hətta  yaşı  çox  olsa  da,  öz  tay-tuşlarından  sağlam   və  fəal  olması  ilə  seçilir.İdmançı  içki  içmir  və  popiros   çəkmir. İdmançı  həddən  artıq  yemək  yemir.  İdmançı  təkcə  bədəncə  yox,  ruhən  də  möhkəm  adamdır.İdmançı  A.S.Avdulina  idmanı  və  fiziki  tərbiyəni  belə  qiymətləndirir:

“Cavanlığımda  onurğa  sümüyümdən  ağır  zədə  almışdım.  Mənə  elə  gəldi  ki,  bundan  sonra  idman  haqqında  düşünməyə  belə  dəyməz.  Amma  elə  idmanla,  fiziki  əməklə  məşğul  olmaq,  fəal  həyat  tərzi  məni  ömürlük  əlil  olmağa  qoymadı,  çalışmaq  imkanı  verdi.”

 

İdmanla,  fiziki  tərbiyə  ilə  məşğul  olmaq  heç  vaxt  gec  deyil. Əgər  sizin  yaşınız  qırxı,  hətta  altmışı  keçmişsə  fərqi  yoxdur,  idmançı  olmağa  səy  gəstərin.  İdman  salonu  qoy  sizin  eviniz,  stadion  isə  sizin  həyətiniz,  bağça  -  bağ,  park,  bulvar  olsun.            Təsadüfi  deyildir  ki,  görkəmli  loğman  İbn  Sina  yazırdı:             

“İdmanla  məşğul  olan  adamın  heç  bir  müalicəyə  ehtiyacı  yoxdur. Onun  müalicəsi  hərəkətdir. Həm  də  idman  hərəkətləri  ilə  məşğul  olduqda,  ona  qarşı  düşünülmüş  münasibət  əsas  yer  tutur. Adamın  yerinə  yetirdiyi  hər  bir  hərəkət  onun  beynində  həkk  olunur  və  bu  məşq  düşünülərək  edildikdə,  onun  təsiri  daha  dəyərli  olur.”

 

İnsanları  müxtəlif  və  çətin  problemlərlə  üzbəüz  qoymuş  müasir  dünyamızda  böyük  idmanla  məşğul  olmaq  bir  çoxları  üçün  əl çatmaz  olsa  da,  fiziki  hərəkətlərlə,  sağlamlıq  gimnastikası  ilə  demək  olar  ki,  yaşından  asılı  olmayaraq   hamı  məşğul  ola  bilər. Buna  isə,  sadəcə  həvəs  və  məhəbbət,  bir  balaca  da  özünü  müəyyən  müddət  ”məcbur”  etmək  üçün  iradə  lazımdır. Zəhmətə,  zəhmətkeşə  olan  məhəbbətim,  eyni  zamanda  məndə  idmana  böyük  həvəs  və  güclü  maraq  tərbiyə  etmişdir. Bütün  İdmana  olan  güclü  məhəbbətimə  baxmayaraq,  böyük  idmanla  məşğul  olmaq  imkanından  xaric  olmuşam.  Lakin  qarşıya  çıxan  çətinliklər  nə  qədər  maneələr  yaratsa  da,  idmana  həvəsimi  söndürə  bilməmişdir, əksinə  daha  da  alovlandırmışdır.  Əldə  olan  imkandan  və  şəraitdən  istifadə  edərək,  ancaq  özüm  üçün  bədən  tərbiyəsi  və  idmanla,  fiziki  hərəkətlərlə  məşğul  olmaqla,  fiziki  hazırlığımı  artırmağa  çalışmışam  və  eyni  zamanda  müəyyən  mənada    buna  nail  də  olmuşam.  Mən  ayrılıqda  götürükdükdə  nə  üzgüçülüyün,  nə  idman  yerişinin,  nə  qaçışın  əleyhinə  deyiləm.  Eyni   zamanda  konki  sürməyi  bacarmağın,  sərrast  güllə  atmağın,  ağırlıq  qaldırmağın,  turnikdə  mürəkkəb  hərəkətlər  etməyin,  hündürlüyə  tullanmağın  və  yaxşı  tennis  oynamağın  da,  bir  sözlə   insan  həyatı  üçün  vacib  fiziki  bacarıq  və  səriştənin  tərəfdarıyam.Məhz   bunların  vəhdəti  fiziki  kamilliyə  yol  açır,  insanı  uzun  ömürıü   edir.           Bu  dediklərimizə  canlı  sübut  olaraq  və  bir  az  da  təvəzökarlıqdan  kənar  olsa  da  qeyd  etmək  istəyirəm  ki,  mən  idman  qaçışını,  velosiped  sürməyi,  piyada  uzaq  və  enişli  -  yoxuşlu  yollarla  gəzməyi,  ağırlıq  daşları  qaldırmağı,  üzməyi,  turnikdə  ayrı-ayrı  normativ  hərəkətləri  etməyi,  şərq  döyüş  növlərindən  götürülmüş  müxtəlif  qaydaları  məşq  etməyi bacarır, bunlarla məşğul olur, hər  bir  fiziki  hərəkətdən zövq  alıram.  Bir  az  gurultulu  səslənsə  də  həyatımı  idmansız  təsəvvür  edə  bilmirəm.                                     Lap  gənclik  illərində  hərbi  xidmət  dövründə  iki  mindən  artıq  əsgər  və  zabitin  xidmət  etdiyi  hərbi  hissədə  keçirilən  turnik  hərəkətləri  üzrə  idman  yarışında  1976-cı  ildə  3-cü,  1977-ci  il  ilin  may  ayında  isə  1-ci  yerə  layiq  görülmüşəm.  Komandanlıq  tərəfindən  medal  və  tərifnamə  ilə  təltif  olunmuşam.  Bu  yarışlardan  başqa  heç  bir  idman  yarışında  iştirak  edə  bilməmişəm, qismət   olmayıb. Ancaq  çətinliklərə  baxmayaraq,  həmişə  öz  üzərimdə  işləyib bir  növ  öz  idman  formamı   saxlamağa  çalışmışam. Bundan  başqa,  müxtəlif  vaxtlarda  və  müxtəlif  idman  növləri  üzrə  ”çempionatlar”ımı   keçirmişəm. Bir  az  qeyri-adi  səslənsə  də,  bu   ”çempionatlar”ın  qalibi  olaraq  “Çempion”  adına  layiq  görülmüşəm.

Hələ  Gəmiçiliyin  birləşmiş  yataqxanasında  yaşayan  vaxt  səhərlər  Akademiya    bağında  qaçar,  müxtəlif  idman  hərəkətlərini  yerinə  yetirərdim.  Bir  saat  davam  edən  ilk  uzaq  məsafəli  qaçış  “Yarış”ının  marşrutu  yataqxanadan  başlayır,  Olmip  mağazasının  qabağından  keçərək,  S.Vurğun  küçəsindən  keçərək,  Neftçilər  prospekti,  Bakı  soveti  metro  stansiyası,  Şəhidlər  Xiyabanı,  H.Cavid  prospekti  ilə  keçib  yenə  yataqxananın  qabağında  başa  çatırdı.Sonralar  isə  bu  qaçışın  vaxtı  və  məsafəsi  tədricən  artırılırdı. 2  saat  30  dəqiqəlik  qaçışın  məsafəsi  isə  Yeni  Günəşli  qəsəbəsində  poçt  binasının  qabağından  başlayaraq,  Hövsan  qəsəbəsinə  və  geriyə  davam  etdi.

Velosiped  idmanı  da  ən  çox  marağıma  səbəb  olan  idman  növüdür.  Müntəzəm  olaraq  bü  idman  növü  ilə  məşğul  olur,  uzaq  məsafələr  qət  etməyə  cəhd  göstərirəm.  Ən  böyük  arzularımdan  biri  tezliklə  azad  edəcəyimiz  Qarabağ torpaqları  da  daxil  olmaqla  bütün  Azərbaycanı   qarış-qarış  gəzməkdən  ibarətdir.

Ağır  çəkili  daşları  çox  asanlıqla  oynadan  daş  pəhləvanlarına  həmişə  qibtə  hissləri  ilə  baxmışam.  Ona  görə  də  gənc  yaşlarımdan  24,  32kq.-lıq  ağırlıq  daşları  ilə  də  müntəzəm  məşqlər  edərdim, bu  daşlar  məni  təmin  etmədiyindən  sonradan qeyri-standart,  çəkisi  57kq.  olan  bir  ağırlıq  daşı  düzəltmişdim.  Tək  əlimlə  həmin  daşı  10  dəfələrlə  qaldırardım.  Güc  təcəssümü  olan  həmın  daşı  gəncliyin  yadigarı  kimi  bu  gün  də  saxlayıram. Əllərimdəki  qabarların  bir  çoxu  məhz  bu  ağırlıq  daşlarından  qalmadır.

Piyada  gəzmək  insan  orqanizmi  üçün  həddən  artıq  xeyirdir.  Özü  də  bunun  üçün  heç  bir  idman  zalı,  idman  aləti  lazım  deyildir,  ancaq  həvəs  və  səbr.  Mən  piyada  gəzməyə  də  çox  üstünlük  verirəm.  Saatlarla  piyada  gəzməkdən  zövq  alıram. Yayda  çox  vaxt  Zığ  qəsəbəsi  yaxınlığında  dərə-təpəli  torpaq  yollarda  tər  tökərək  gəzmək  mənim  adi  işimdir.

Üzmək,  üzgüçülük  isə  daha  yüksək  səviyyəli,  hörmətəlayiq  idman  növlərindən  biridir. Təəssüf  hissi  və  ürək  ağrısı  ilə  qeyd  etmək  istəyirəm  ki,  ərazimizin  bir  hissəsinin  Xəzər  sahilində  yerləşməsinə,  torpaqlarımızda  su  hövzələrinin,  çayların  çoxluq  təşkil  etməsinə baxmayaraq,  üzməyi  bacaranların  sayı  ölkəmizdə   həddən  artıq  azdır.Acınacaqlı  haldır  ki,  həyatlarının  çox  hissəsini  sular  qoynunda  keçirən  dənizçilərimiz  arasında  üzməyi  bacaranları  barmaqla  saymaq  olar. Dənizə  baxaraq,  ilhama  gələrək  yeni  -  yeni  sənət  əsərləri  yaradan  sənətkarlarımıza  həddən  artıq  hörmət  hissi  ilə  yanaşıram. Çox  istərdim  ki,  onlar  dənizi  daxildən  duymağı,  mavi  dalğalarla  yarışmağı  da  bacarsınlar.Mən  isə  özümü  mavi  sular  qoynunda,  çılğın  dalğalar  qoynunda  daha  sərbəst  hiss  edirəm. Sərbəst  üsulla  iki  saatdan  artıq  bir  vaxtda  üzərək  bu  ”Çempionat”ın  da  qalibi  olmağa  cəhd  göstərmişəm. Mən  deyərdim  ki,  hər  bir  azərbaycanlı  üzməyi  bacarmalıdır. Bu  bizim  devizimiz,  simvolumuz  olmalıdır. Xəzərin  sahilində  yaşayaraq  üzməyi  bacarmamaq  ən  azı  biabırçılıqdır.Yaxın  dostum  Rasimin  başına  gələn  bir  faciəvi hadisə  bir  daha  məni  bu  barədə  düşünməyə  vadar  edir. Rasim  ailəsi  ilə  dənizə,  yayın  istisindən  müvəqqəti  xilas  olmağa  gedir. Dənizdə  çimərək  üzməyi  öyrənmək  istəyir. Suyun dizinə  qədər  çıxdığı  bir  yerdə  arxası  üstə  uzanaraq  üzməyə  çalışır. Ancaq  adi  üzmək  vərdişi  olmadığından  suyun  belə  bir  dayaz  yerində  su  onu  batırır. Nə  qədər  çalışsa  da  nə  ayağa  dura  bilir,  nə  də  üzü  üstə  çevrilə. Xoşbəxtlikdən  kiçik  dalğalar  onu  yaxında  olan  sahilə  çıxarır. O,  suyun  daha  dayaz  yerində  qumun  üstündə  uzanaraq,  nəfəsini  alıb  ayağa  qalxır. Bir  növ  düşdüyü  vəziyyətdən  utanır,  xəcalət  çəkir.  

 

Artıq  30  ilə  yaxındır  ki,  hərbi  xidməti  başa vurmağıma  baxmayaraq,  bu  gün  də  böyük  həvəslə  turnik  idman  növü  ilə  məşğul  oluram. Ona  görə  də  əllərimdən  qabalar  əskik  olmur. Bu  gün  də  30  il  qabaqkı  cəldiklə  və  həvəslə  bütün  əsgəri  normativləri  yerinə  yetirmək   bacarığına  malikəm. Hərdən  dost-tanışlarım,  qohumlarım  bu  illərlə  qazandığım  vərdişlərdən  əl  çəkməyimi  məsləhət  bilirlər. Mən  isə  hələlik  eyni  həvəslə,  məşqlərimi  davam  etdirirəm. Əllərimdəki  qabarlar  bir  növ  mənim  gerbimdir,  bayrağımdır.Hərdən  yarı  gerçək,  yarı zarafat  evdəkilərə  deyirəm:   ”Nə  vaxt  görsəniz ki,  mən  daha  səhər  saat  6-da  yuxudan  durmuram,  idman  hərəkətləri  etmirəm,  əllərimdəki  qabarlar  tədricən  yoxa  çıxır, bilin ki,  qocalıram, həyatımın  günəşi  artıq  yavaş-yavaş  qüruba  enir.!!!”Bir  şeyi  də  qeyd  etmək  istəyirəm  ki,  çox  vaxt  insanlarda  belə  bir  fikir  formalaşır. İdman  sağlamlıqdır. İdmançı  uzun  ömürlü  olmalıdır. Həqiqətdə  isə  belə  deyildir,  idman  sağlam  həyat  tərzidir.Həyat  -  ömür  isə  Yaradan  Tanrı  tərəfindən  təyin  edilmiş  vaxtdır. İdmançı  yaşadığı  bu  vaxtı  ayaq  üstə,  cəld,  çevik,  sağlam,  fəal  həyat  tərzi  şəraitində  keçirir. “Sağlamlığının  qayğısına  qalmayanlar  isə  əslində  özlərinə  ölüm  hökmü  oxuyurlar.”

Bütün  bu  deyilənlərdən  belə  bir  nəticəyə  gəlmək  olar. Müstəqil  Azərbaycanımızda  yaranan  abu-hava,  iqtisadi,  siyasi  şərait  yetişən  gənc  nəsil  arasında  idmanın  kütləviliyinə  təkan  verməlidir.Məktəblərimizdə  aparılan  idman  dərslərinin  səviyyəsi  o  dərəcədə  yüksəlməlidir  ki,  orta  məktəbi  bitirən  hər  bir  gənc  nəinki  ruhən,  həm  də  fiziki  cəhətdən  yuxarıda  sadaladığımız  vərdişlərə  yiyələnərək  işğal  olunmuş  vətən  torpaqlarını  düşmən  tapdağından  xilas  edə  bilən  qəhrəman,  xilaskar  Azərbaycan  əsgərinə  çevrilə  bilsin.

Son  olaraq  bir  daha  qeyd  etmək  istəyirəm  ki,  hansı  yaşda  olmağınızdan  asılı  olmayaraq  müəyyən  idman  hərəkətləri  ilə  məşğul  olmağa  çalışın. Hətta  mahir  idmançı  ola  bilməsəniz  də,  zərər  çəkməzsiniz. Sizin  rekordunuz  möhkəm  cansağlığı  olacaqdır.Siz  bəzən  öz  yaşınızdan  şikayətlənirsiniz? Sağlamlığınız  isə  əladır,  işiniz  maraqlıdır. Lakin  siz  özünüzü  qoca  hesab  edirsiniz. Nə  üçün?  Görünür,  ona  görə  ki,  sizdə  hələ  “əlli  yaşında  nəyə  isə  başlamaq,  girişmək,  öyrənmək,  əylənmək  gecdir” kimi  köhnəlmiş  fikir  çox  möhkəmdir.

Bu  düz  deyildir  və  zərərlidir.Ürək  nə  qədər  döyünürsə  ömrünüzü  tam,  mənalı  yaşayın. Hesab  etməyin  ki,  40  və  ya  50  yaşında  siz  artıq  qocalmısınız. Bu  nə  qocalıqdır,  nə  də  onun  müjdəçisi. Bu  da  gənclikdir.    Qoy  bu  ikinci,  öz  fizioloji  proseslərinə  görə  birincidən  bir  qədər  fərqlənən  gənclik  olsun,  lakin  son  nəticədə  gəncliyin  keçirdiyi  həyat  sevincləri  yetkin  insana  da  müəyəssərdir!İnsan  sağlam  həyat tərzi  keçiriməklə,  idman  və  fiziki  tərbiyə  ilə  müntəzəm  məşğul  olmaqla  ömrünün  son  dəqiqələrinə  qədər  fəal,  müstəqil  və  yaradıcı  həyat  sürə  bilər. Odur  ki,  yaşınızdan  asılı  olmayaraq  bədəninizi  bürüyən  tərdən,  əllərinizdə  yaranan  qabarlardan  qorxmadan  həyatda  idman  vərdişlərinə  yiyələnməyə  çalışın!       Beləliklə,  əziz  dostlar,  sizə  uğurlar,  müvəffəqiyyətlər!!! Unutmayın ki, İDMAN  HƏYATDIR,   HƏTTA  BİR  AZ  DA  ONDAN   ÇOX!!!

 

 

Redaksiyadan: Gənclərimizi daha sağlam, gümrah həyata, uğurlu karyeraya sövq edən Abdulla Atakişiyevlə sizləri daha yaxından tanış etmək üçün sabah əmıkdaşımız Habil Yaşarın onunla müsahibəsini təqdim edəcəyik. 

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

 

Əsl sənət sənətkardakı qarşısıalınmaz istəkdən yaranır deyirlər, bu gün Azərbaycan sovet təsviri sənətində ofort, ksiloqrafiya və linoqravüra texnikalarını ilk dəfə tətbiq edən rəssam Həsənağa Mustafayevin doğum günüdür.

 

Teatr rəssamı kimi tanınmış Həsənağa  Mustafayev 1896-cı il avqust ayının 1-də Bakıda anadan olub. O, 1925-ci ildə Bakı Ali Rəssamlıq Məktəbini, 1931-ci ildə Moskva Ali Bədii Texniki İnstitutunu bitirib. 1933-1937-ci illərdə SSRİ Böyük Teatrında fəaliyyət göstərib. Azərbaycan Opera və Balet Teatrında “Nərgiz”,  “Şah İsmayıl”, “Stansiya nəzarətçisi” və s. kimi operalara, Azərbaycan Musiqili Komediya Teatrında “Evliykən subay”, “Beş manatlıq gəlin”, ”O olmasın, bu olsun” və s. komediyalarına bədii tərtibat vermişdir. Azərbaycan sovet təsviri sənətində ofort, ksiloqrafiya və linoqravüra texnikalarını ilk dəfə tətbiq edən də məhz Həsənağa Mustafayev olmuşdur. “Arabaçı” (ofort), “Üzüm” yığımı” (ksiloqrafiya), “Zorxana” (linoqravüra) kimi əsərləri onun ən çox diqqət çəkən əsərləri sıraslndadır

Həsənağa Mustafayev 1938-ci ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi”, 1940-cı ildə “Əməkdar artist” fəxri adlarna layiq görülmüşdür. O, 1977-ci il aprel ayının 22-də Bakıda vəfat edib.

Ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Qədim Azərbaycan incəsənət nümunələri dizayner Gülnarə Xəlilovanın əsərlərində avqustun 1-dən 4-dək Kapadokya Moda və Mədəniyyət həftəsi çərçivəsində təqdim olunacaq.

 

AzərTAC xəbər verir ki, qonaqlara orta əsrlərin eskizlərini, xalça naxışlarını, Qarabağın motivlərini, Azərbaycanın rəmzi olan nar, qurama, ipək üzərində işləri əks etdirən iki "Miniatür" və "Cizgi" kolleksiyası təqdim olunacaq. 

Gülnarə Xəlilova Azərbaycan Milli geyim mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Cizgi" brendinin sahibidir. Kolleksiyaları ABŞ, İngiltərə, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.