Abdulla Atakişiyev, Dəniz Nəqliyyat Donanması Həmkarlar İttifaqı Komitəsi sədrinin müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü - “Ədəbiyyat və incəsənət” portalı üçün
Hazırda bütün diqqətlər Parisə - növbəti Yay Olimpiya Oyunlarına yönəldilib. Amma idman yalnız stadionlarda, zallarda, hovuzlarda düzənlənən mübarizələrdirmi? Xeyir!
Bütün tarixi dövrlərdə xalqını, vətənini sevən hər bir kəs sağlam nəsil formalaşdırmaq haqda fikirləşib. Vətən torpağında işləyib, onu inkişaf etdirmək üçün, Vətən sərhədlərini yağı düşməndən qorumaq üçün fiziki və əqli cəhətdən sağlam nəsil yetişməlidir. Danılmaz faktdır ki, sağlam bədəndə sağlam ruh olar. Sağlamlığın əsas faktorlarından biri, bəlkə də birincisi hərəkətdir, fiziki tərbiyə və idmandır. Fiziki tərbiyə nəinki insan bədənini inkişaf etdirir, möhkəmlədir, eyni zamanda onun ruhunu cilalayır, daha insani hisslər aşılayır. Maraqlı haldır ki, Şərq idman məktəblərində idman idmançını həm fiziki, həm də ruhi cəhətdən inkişaf etdirib möhkəmlədir. Bu iki faktoru bir-birindən ayrı təsəvvür etmək mümkün deyil.
Fiziki tərbiyə və idman çox ağır zəhmət, iradə və dözüm tələb edir. İnsanda güclü xarakter formalaşmasına kömək edir. İlk qələbə əzmi yaranır, ilk qələbə sevinci duyulur. Qalib gəlmək məktəbi məhz burada, bu yolda yaranır. İnsanda öz gücünə, iradəsinə inam meydana gəlir. İnsan özünü ilk dəfə qalib rolunda görür.İlk baxışdan asan və cəlbedici görünən bu yol çox çətin, ağır zəhmət, iradə və dözüm tələb edən bir yoldur. Bu yolda hər adam tab gətirə bilmir. İdman ancaq cəsurları sevir, qiymətləndirir və yüksəldir.Əlbəttə, yüksək nəticələr qazanmaq üçün idmanın hər hansı bir növü ilə məşğul olmaq, idman zallarında gərgin və müntəzəm məçqlər aparmaq, qələbə ruhu ilə yaşamaq lazımdır.
Ancaq bu yolun kütləvi surətdə hamı tərəfindən keçilməsi mümkün olmayan bir işdir. Bununla belə, gündəlik ruh yüksəkliyi qazanmaq, sağlam hıyat tərzi keçirmək üçün fiziki tərbiyə və hazırlıq işi ilə məşğul olmaq mümkündür. Bunun üçün ancaq olan boş vaxtdan səmərəli istifadə edib, fiziki tərbiyə, hazırlıq işi ilə məçğul olmaq lazımdır.
Budur, səhər saat altını vurur. Böyük ruh yüksəkliyi ilə yorğanı üstündən atıb ayağa qalxırsan. Bu hərəkəti etmək üçün çox fikirləşib, götür-qoy etmisən, ancaq hər səhər tezdən durmaq lazım gəldikdə isə, bu işi sabaha qədər təxirə salmısan. Beləcə günlər ötmüş, aylar keçmişdir. İndi isə ən böyük qələbə - səhərin şirin yuxusuna qələbə çalınmışdır. Artıq sən həyətdəsən. Xırda addımlarla üzü küləyə doğru qaçırsan. Budur sağlam həyat tərzinin başlanğıcı. İlk addım atıldı. Gündəlik fiziki tərbiyə və idmanı həyatımızın amalına, məqsədinə çevirməliyik. Bu işi o dərəcədə inkişaf etdirməliyik ki, gündəlik vərdişə, hətta adətə çevrilsin. Həyatımızı idmansız təsəvvür etməyək. İdman yaxşı şeydir, o, insanı möhkəmlədir. Ancaq idman köməkçidir. İnsan hər tərəfli inkişaf etməlidir. Belə ki, o, yaxşı qaçmağı, üzməyi, sürətlə və gözəl yeriməyi bacarmalıdır. Bir sözlə, insanın hər bir orqanı saz, özü isə normal və sağlam adam olmalıdır. Bunun yeganə yolu isə idman və fiziki tərbiyədir. Bu yolda qazanılan ən boyük rekord möhkəm can sağlığı olacaqdır.Fiziki tərbiyə və idmanla yaxından dostluq insanı səmərəli çalışmağa, şən dincəlməyə, həyatın dolğunluğunu gənclikdə və yetkin yaşlarda duymağa kömək edəcəkdir.İdmançını ilk baxışda tanımaq olur. O, yığcam və təmkinlidir, hərəkətləri dəqiqdir. Əzələləri qabarıq, üzünün rəngi sağlamdır. Hətta yaşı çox olsa da, öz tay-tuşlarından sağlam və fəal olması ilə seçilir.İdmançı içki içmir və popiros çəkmir. İdmançı həddən artıq yemək yemir. İdmançı təkcə bədəncə yox, ruhən də möhkəm adamdır.İdmançı A.S.Avdulina idmanı və fiziki tərbiyəni belə qiymətləndirir:
“Cavanlığımda onurğa sümüyümdən ağır zədə almışdım. Mənə elə gəldi ki, bundan sonra idman haqqında düşünməyə belə dəyməz. Amma elə idmanla, fiziki əməklə məşğul olmaq, fəal həyat tərzi məni ömürlük əlil olmağa qoymadı, çalışmaq imkanı verdi.”
İdmanla, fiziki tərbiyə ilə məşğul olmaq heç vaxt gec deyil. Əgər sizin yaşınız qırxı, hətta altmışı keçmişsə fərqi yoxdur, idmançı olmağa səy gəstərin. İdman salonu qoy sizin eviniz, stadion isə sizin həyətiniz, bağça - bağ, park, bulvar olsun. Təsadüfi deyildir ki, görkəmli loğman İbn Sina yazırdı:
“İdmanla məşğul olan adamın heç bir müalicəyə ehtiyacı yoxdur. Onun müalicəsi hərəkətdir. Həm də idman hərəkətləri ilə məşğul olduqda, ona qarşı düşünülmüş münasibət əsas yer tutur. Adamın yerinə yetirdiyi hər bir hərəkət onun beynində həkk olunur və bu məşq düşünülərək edildikdə, onun təsiri daha dəyərli olur.”
İnsanları müxtəlif və çətin problemlərlə üzbəüz qoymuş müasir dünyamızda böyük idmanla məşğul olmaq bir çoxları üçün əl çatmaz olsa da, fiziki hərəkətlərlə, sağlamlıq gimnastikası ilə demək olar ki, yaşından asılı olmayaraq hamı məşğul ola bilər. Buna isə, sadəcə həvəs və məhəbbət, bir balaca da özünü müəyyən müddət ”məcbur” etmək üçün iradə lazımdır. Zəhmətə, zəhmətkeşə olan məhəbbətim, eyni zamanda məndə idmana böyük həvəs və güclü maraq tərbiyə etmişdir. Bütün İdmana olan güclü məhəbbətimə baxmayaraq, böyük idmanla məşğul olmaq imkanından xaric olmuşam. Lakin qarşıya çıxan çətinliklər nə qədər maneələr yaratsa da, idmana həvəsimi söndürə bilməmişdir, əksinə daha da alovlandırmışdır. Əldə olan imkandan və şəraitdən istifadə edərək, ancaq özüm üçün bədən tərbiyəsi və idmanla, fiziki hərəkətlərlə məşğul olmaqla, fiziki hazırlığımı artırmağa çalışmışam və eyni zamanda müəyyən mənada buna nail də olmuşam. Mən ayrılıqda götürükdükdə nə üzgüçülüyün, nə idman yerişinin, nə qaçışın əleyhinə deyiləm. Eyni zamanda konki sürməyi bacarmağın, sərrast güllə atmağın, ağırlıq qaldırmağın, turnikdə mürəkkəb hərəkətlər etməyin, hündürlüyə tullanmağın və yaxşı tennis oynamağın da, bir sözlə insan həyatı üçün vacib fiziki bacarıq və səriştənin tərəfdarıyam.Məhz bunların vəhdəti fiziki kamilliyə yol açır, insanı uzun ömürıü edir. Bu dediklərimizə canlı sübut olaraq və bir az da təvəzökarlıqdan kənar olsa da qeyd etmək istəyirəm ki, mən idman qaçışını, velosiped sürməyi, piyada uzaq və enişli - yoxuşlu yollarla gəzməyi, ağırlıq daşları qaldırmağı, üzməyi, turnikdə ayrı-ayrı normativ hərəkətləri etməyi, şərq döyüş növlərindən götürülmüş müxtəlif qaydaları məşq etməyi bacarır, bunlarla məşğul olur, hər bir fiziki hərəkətdən zövq alıram. Bir az gurultulu səslənsə də həyatımı idmansız təsəvvür edə bilmirəm. Lap gənclik illərində hərbi xidmət dövründə iki mindən artıq əsgər və zabitin xidmət etdiyi hərbi hissədə keçirilən turnik hərəkətləri üzrə idman yarışında 1976-cı ildə 3-cü, 1977-ci il ilin may ayında isə 1-ci yerə layiq görülmüşəm. Komandanlıq tərəfindən medal və tərifnamə ilə təltif olunmuşam. Bu yarışlardan başqa heç bir idman yarışında iştirak edə bilməmişəm, qismət olmayıb. Ancaq çətinliklərə baxmayaraq, həmişə öz üzərimdə işləyib bir növ öz idman formamı saxlamağa çalışmışam. Bundan başqa, müxtəlif vaxtlarda və müxtəlif idman növləri üzrə ”çempionatlar”ımı keçirmişəm. Bir az qeyri-adi səslənsə də, bu ”çempionatlar”ın qalibi olaraq “Çempion” adına layiq görülmüşəm.
Hələ Gəmiçiliyin birləşmiş yataqxanasında yaşayan vaxt səhərlər Akademiya bağında qaçar, müxtəlif idman hərəkətlərini yerinə yetirərdim. Bir saat davam edən ilk uzaq məsafəli qaçış “Yarış”ının marşrutu yataqxanadan başlayır, Olmip mağazasının qabağından keçərək, S.Vurğun küçəsindən keçərək, Neftçilər prospekti, Bakı soveti metro stansiyası, Şəhidlər Xiyabanı, H.Cavid prospekti ilə keçib yenə yataqxananın qabağında başa çatırdı.Sonralar isə bu qaçışın vaxtı və məsafəsi tədricən artırılırdı. 2 saat 30 dəqiqəlik qaçışın məsafəsi isə Yeni Günəşli qəsəbəsində poçt binasının qabağından başlayaraq, Hövsan qəsəbəsinə və geriyə davam etdi.
Velosiped idmanı da ən çox marağıma səbəb olan idman növüdür. Müntəzəm olaraq bü idman növü ilə məşğul olur, uzaq məsafələr qət etməyə cəhd göstərirəm. Ən böyük arzularımdan biri tezliklə azad edəcəyimiz Qarabağ torpaqları da daxil olmaqla bütün Azərbaycanı qarış-qarış gəzməkdən ibarətdir.
Ağır çəkili daşları çox asanlıqla oynadan daş pəhləvanlarına həmişə qibtə hissləri ilə baxmışam. Ona görə də gənc yaşlarımdan 24, 32kq.-lıq ağırlıq daşları ilə də müntəzəm məşqlər edərdim, bu daşlar məni təmin etmədiyindən sonradan qeyri-standart, çəkisi 57kq. olan bir ağırlıq daşı düzəltmişdim. Tək əlimlə həmin daşı 10 dəfələrlə qaldırardım. Güc təcəssümü olan həmın daşı gəncliyin yadigarı kimi bu gün də saxlayıram. Əllərimdəki qabarların bir çoxu məhz bu ağırlıq daşlarından qalmadır.
Piyada gəzmək insan orqanizmi üçün həddən artıq xeyirdir. Özü də bunun üçün heç bir idman zalı, idman aləti lazım deyildir, ancaq həvəs və səbr. Mən piyada gəzməyə də çox üstünlük verirəm. Saatlarla piyada gəzməkdən zövq alıram. Yayda çox vaxt Zığ qəsəbəsi yaxınlığında dərə-təpəli torpaq yollarda tər tökərək gəzmək mənim adi işimdir.
Üzmək, üzgüçülük isə daha yüksək səviyyəli, hörmətəlayiq idman növlərindən biridir. Təəssüf hissi və ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, ərazimizin bir hissəsinin Xəzər sahilində yerləşməsinə, torpaqlarımızda su hövzələrinin, çayların çoxluq təşkil etməsinə baxmayaraq, üzməyi bacaranların sayı ölkəmizdə həddən artıq azdır.Acınacaqlı haldır ki, həyatlarının çox hissəsini sular qoynunda keçirən dənizçilərimiz arasında üzməyi bacaranları barmaqla saymaq olar. Dənizə baxaraq, ilhama gələrək yeni - yeni sənət əsərləri yaradan sənətkarlarımıza həddən artıq hörmət hissi ilə yanaşıram. Çox istərdim ki, onlar dənizi daxildən duymağı, mavi dalğalarla yarışmağı da bacarsınlar.Mən isə özümü mavi sular qoynunda, çılğın dalğalar qoynunda daha sərbəst hiss edirəm. Sərbəst üsulla iki saatdan artıq bir vaxtda üzərək bu ”Çempionat”ın da qalibi olmağa cəhd göstərmişəm. Mən deyərdim ki, hər bir azərbaycanlı üzməyi bacarmalıdır. Bu bizim devizimiz, simvolumuz olmalıdır. Xəzərin sahilində yaşayaraq üzməyi bacarmamaq ən azı biabırçılıqdır.Yaxın dostum Rasimin başına gələn bir faciəvi hadisə bir daha məni bu barədə düşünməyə vadar edir. Rasim ailəsi ilə dənizə, yayın istisindən müvəqqəti xilas olmağa gedir. Dənizdə çimərək üzməyi öyrənmək istəyir. Suyun dizinə qədər çıxdığı bir yerdə arxası üstə uzanaraq üzməyə çalışır. Ancaq adi üzmək vərdişi olmadığından suyun belə bir dayaz yerində su onu batırır. Nə qədər çalışsa da nə ayağa dura bilir, nə də üzü üstə çevrilə. Xoşbəxtlikdən kiçik dalğalar onu yaxında olan sahilə çıxarır. O, suyun daha dayaz yerində qumun üstündə uzanaraq, nəfəsini alıb ayağa qalxır. Bir növ düşdüyü vəziyyətdən utanır, xəcalət çəkir.
Artıq 30 ilə yaxındır ki, hərbi xidməti başa vurmağıma baxmayaraq, bu gün də böyük həvəslə turnik idman növü ilə məşğul oluram. Ona görə də əllərimdən qabalar əskik olmur. Bu gün də 30 il qabaqkı cəldiklə və həvəslə bütün əsgəri normativləri yerinə yetirmək bacarığına malikəm. Hərdən dost-tanışlarım, qohumlarım bu illərlə qazandığım vərdişlərdən əl çəkməyimi məsləhət bilirlər. Mən isə hələlik eyni həvəslə, məşqlərimi davam etdirirəm. Əllərimdəki qabarlar bir növ mənim gerbimdir, bayrağımdır.Hərdən yarı gerçək, yarı zarafat evdəkilərə deyirəm: ”Nə vaxt görsəniz ki, mən daha səhər saat 6-da yuxudan durmuram, idman hərəkətləri etmirəm, əllərimdəki qabarlar tədricən yoxa çıxır, bilin ki, qocalıram, həyatımın günəşi artıq yavaş-yavaş qüruba enir.!!!”Bir şeyi də qeyd etmək istəyirəm ki, çox vaxt insanlarda belə bir fikir formalaşır. İdman sağlamlıqdır. İdmançı uzun ömürlü olmalıdır. Həqiqətdə isə belə deyildir, idman sağlam həyat tərzidir.Həyat - ömür isə Yaradan Tanrı tərəfindən təyin edilmiş vaxtdır. İdmançı yaşadığı bu vaxtı ayaq üstə, cəld, çevik, sağlam, fəal həyat tərzi şəraitində keçirir. “Sağlamlığının qayğısına qalmayanlar isə əslində özlərinə ölüm hökmü oxuyurlar.”
Bütün bu deyilənlərdən belə bir nəticəyə gəlmək olar. Müstəqil Azərbaycanımızda yaranan abu-hava, iqtisadi, siyasi şərait yetişən gənc nəsil arasında idmanın kütləviliyinə təkan verməlidir.Məktəblərimizdə aparılan idman dərslərinin səviyyəsi o dərəcədə yüksəlməlidir ki, orta məktəbi bitirən hər bir gənc nəinki ruhən, həm də fiziki cəhətdən yuxarıda sadaladığımız vərdişlərə yiyələnərək işğal olunmuş vətən torpaqlarını düşmən tapdağından xilas edə bilən qəhrəman, xilaskar Azərbaycan əsgərinə çevrilə bilsin.
Son olaraq bir daha qeyd etmək istəyirəm ki, hansı yaşda olmağınızdan asılı olmayaraq müəyyən idman hərəkətləri ilə məşğul olmağa çalışın. Hətta mahir idmançı ola bilməsəniz də, zərər çəkməzsiniz. Sizin rekordunuz möhkəm cansağlığı olacaqdır.Siz bəzən öz yaşınızdan şikayətlənirsiniz? Sağlamlığınız isə əladır, işiniz maraqlıdır. Lakin siz özünüzü qoca hesab edirsiniz. Nə üçün? Görünür, ona görə ki, sizdə hələ “əlli yaşında nəyə isə başlamaq, girişmək, öyrənmək, əylənmək gecdir” kimi köhnəlmiş fikir çox möhkəmdir.
Bu düz deyildir və zərərlidir.Ürək nə qədər döyünürsə ömrünüzü tam, mənalı yaşayın. Hesab etməyin ki, 40 və ya 50 yaşında siz artıq qocalmısınız. Bu nə qocalıqdır, nə də onun müjdəçisi. Bu da gənclikdir. Qoy bu ikinci, öz fizioloji proseslərinə görə birincidən bir qədər fərqlənən gənclik olsun, lakin son nəticədə gəncliyin keçirdiyi həyat sevincləri yetkin insana da müəyəssərdir!İnsan sağlam həyat tərzi keçiriməklə, idman və fiziki tərbiyə ilə müntəzəm məşğul olmaqla ömrünün son dəqiqələrinə qədər fəal, müstəqil və yaradıcı həyat sürə bilər. Odur ki, yaşınızdan asılı olmayaraq bədəninizi bürüyən tərdən, əllərinizdə yaranan qabarlardan qorxmadan həyatda idman vərdişlərinə yiyələnməyə çalışın! Beləliklə, əziz dostlar, sizə uğurlar, müvəffəqiyyətlər!!! Unutmayın ki, İDMAN HƏYATDIR, HƏTTA BİR AZ DA ONDAN ÇOX!!!
Redaksiyadan: Gənclərimizi daha sağlam, gümrah həyata, uğurlu karyeraya sövq edən Abdulla Atakişiyevlə sizləri daha yaxından tanış etmək üçün sabah əmıkdaşımız Habil Yaşarın onunla müsahibəsini təqdim edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(01.08.2024)