Güney Azərbaycan Poeziyası Antologiyasında Məmməd Nasirinin “Ağ zəmi” şeiri Featured

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Məmməd Nasirinin şeirlərini təqdim edir. 

 

 

AĞ ZƏMİ

 

Ağ zəmilərdə böyüdüm mən

Arayerlərdə böyüdüm mən 

Yaldır uşağı! 

 

Ciblərimi boşaltdım masanın üstünə qarakolda! 

 

- “Arayerçi köpək oğlular! 

Bir paket siqareti vardır, 

Bir də yarımçıq bir kibrit, 

Pul-mul da heç zad!

Kasıb yetimi!” 

 

Suç imiş baxışlarım uzaqlarda

Və məchul imiş baxışlarım uzaqlarda! 

Burda məchulluq yeriməz! 

Şəhər pıçıltılarıyla doludur, 

Və zindanların qapısından o yana dünya 

Qurtarar! 

Sonralar anladım böyüdükcə!

 

Siqaretlərimi verdilər 

Baxdım, altısını götürmüşdülər! 

Tüstü kimi getdi saatlar! 

 

Qapının paslı cırıltısı qazdı beynimi 

Çıxdım eşiyə! 

Günəş almışdı dünyanı ağzına, çeynəyirdi 

- “Keç gəl qızış dayı” 

Bülvar ağzını açmışdı deyirdi mənə 

Sevinirdi 

Bəlkə də sevinmirdi, mənim nəzərimə gəldi! 

 

Bir papirus atdım damağıma 

Günəşin istisini nikotin tüstüsü ilə çəkdim qarnıma

- “Ha h h!!

gün aydın! 

Salam əleyküm yoldan keçənlər! 

Salam əleyküm Mərəndi yaradan divarlar! 

Salam əleyküm!

 

Nə gözəlsiz qızlar! 

Hamınızı sevəcəyəm çadralı, çadrasız! 

Nə gözəlsən insanlıq 

Olsan da, olmasan da! 

 

Nə gözəlsən şəhər! 

Heç bərxod olmamışdım indiyə qədər! 

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.