Super User
LATIN QRAFİKALI AZƏRBAYCAN ƏLİFBASINA GEDƏN YOL və yaxud tarixə bir nəzər
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” portalı üçün
Əlifba və yazı xalqın milli mədəniyyətinin tərkib hissələrindən biri, başqa sözlə, həmin xalqın mədəniyyət silahı, milli-mənəvi sərvətidir. Ona görə də əlifba məsələsi mədəni inkişaf və tərəqqi üçün həmişə vacib hesab olunub.
Tarixi faktlar sübut edir ki, Azərbaycan qədim əlifbaların yarandığı, müxtəlif əlifbaların istifadəyə edildiyi ölkələrdən biri olmuşdur. Təsadüfi deyildir ki, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin imzaladığı fərmanda oxuyuruq: “Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr vermişdir. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsi ilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək yaşamışdır. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə etmişdir. İslamın qəbuluna qədər olan dövrün yazıları ilə yaradılan bu qiymətli xəzinənin böyük bir qismi məhv edilmiş, zaman keçdikdə həmin abidələrin qələmə alındığı yazı şəkilləri unudulmuş” və digər əlifbalardan istifadə edilməyə başlanmışdır.
Tarix göstərir ki, Azərbaycanda əsrlər boyu aşağıda göstərilən müxtəlif quruluşlu əlifbalardan istifadə edilmişdir:
1. qədim milli türk əlifbalarından (qədimdən VII əsrin II yarısınadək)
2. ərəb qrafikalı əlifbadan (VII əsrin II yarısından 1929-cu ilədək)
3. latın qrafikalı əlifbadan (1929 – 1940)
4. kiril qrafikalı əlifbadan (1940 – 1992)
1992-ci ilədən hal-hazıradək ölkəmizdə latın qrafikalı tamamilə yeni
əlifbadan istifadə olunur. Araşdırmalar göstərir ki, Azərbaycanda latın qrafikalı əlifbaya keçid heç də asanlıqla baş tutmamışdır. (Düzdür, Azərbaycan ərazisində qədim latın qrafikalı ilk yazı Qobustan qayasında 1948-ci ildə arxeoloq İ.Cəfərzadə tərəfindən aşkarlanmışdır. Əlbəttə, eramızın I əsrində imperator Domisianın zamanında XII Fulminat Roma legionunun Azərbaycanda olmasını təsdiq edən altı sətrdən ibarət bu kitabə ölkəmizdə bir vaxtlar latın qrafikalı əlifbadan istifadə edilməsi anlamına gələ bilməz.)
Arxiv materialları göstərir ki, latın qrafikalı əlifbaya keçmək cəhdləri və təşəbbüsləri XIX əsrin ikinci yarısından başlamışdır.
Həmin dövrdə cərəyan edən ictimai-siyasi və mədəni proseslərin gedişatı mövcud ərəb əlifbasını daha münasibi ilə əvəz etmək ideyasını meydana çıxarmışdı. Bu, əslində tarixi şəraitdən doğan zərurət idi. Bu zərurəti meydana çıxaran əsas amillər isə bunlar idi:
- birincisi, ərəb qrafikası dilimizin fonetik xüsusiyyətlərini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı.
- İkincisi, öz qaynağını Avropadan alan yeni dövrün maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırırdı.
- Üçüncüsü, ərəb əlifbası ilə yazmaq və oxumaq çox müşkül bir iş idi.Təsadüfi deyil ki, ərəb əlifbası ilə savad almağın çətinliyi haqqındaM.A.Şahtaxtlı “Şərqi-rus”da yazırdı: “İstemal eyləməkdə olduğumuz ərəb əlifbasıyla nəinki özgə dillərin və bəlkə öz türk dilimizin sözlərinin həqiqi tələffüzünü göstərmək mümkün deyil”. C.Məmmədquluzadə isə belə deyirdi: "Bunu hamı bilir ki, müsəlmanca oxumaq və qanmaq bir hünərdir. Əvvələn, o hürufat ki, biz yazırıq, onu oxumaq çətin bir məsələdir. Bu barədə çox danışmışıq. Hazır bu yazdığım "danışmışıq" kəlməsinin on beş nöqtəsinin biri artıq-əskik düşsə, oxumağı çətin olacaq, vay bizim halımıza, vay mürəttiblərin gününə, heyif oxucularımızın gözlərinin işığına".
Məhz bu səbəblər XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar etmişdir.
Bütün türk dünyasında, o cümlədən Azərbaycanda əlifbanın dəyişdirlməsi, latın qrafikalı əlifbaya keçilməsi ilə bağlı ilk təşəbbüs göstərən böyük mütəfəkkir M.F.Axundzadə olmuşdur.Akademik Tofiq Hacıyev bununla bağlı qeyd edir: “Yeni əlifba ideyası, ərəb əlifbasına qarşı mübarizə kimi böyük tarixi hadisə türk dünyasında və ümumən, Şərqdə Azərbaycan milli mədəniyyəti ilə bağlıdır və bütün dünyaya buradan car olmuşdur”.
İlkin olaraq ərəb əlifbasını dəyişdirmək fikrində olan M.F.Axundzadə sonda başa düşmüşdü ki, bu əlifbanı dəyişdirmək mümkün olmayacaq. Ona görə də ərəb yazısını dəyişmək cəhdindən əl çəkib diqqətini bir neçə kiril hərfləri ilə dəyişilmiş latın əlifbasının üzərində cəmləmişdi. Bu, böyük inqilabi ideya idi. O, latın qrafikası əsasında hazırladığı layihəni rəy almaq üçün Paris, London, Berlin, San-Peterburq və başqa şəhərlərə göndərmiş, Rusiyanın, Şərqin və Qərbin bir sıra dövlət və içtimai xadimlərinə müraciət etmişdi. Lakin hazırladığı bu əlifba layihəsinin özünün sözləri ilə desək, “…həyata keçirilməsini caiz görmədilər”. Ruhdan düşməyən M.F.Axundzadə uzagörənliklə akademik B.Dorna məktubunda yazırdı:” 100 ildən sonra mənim əlifbam Şərq ədəbiyyatında layiqli yerini tutacaq, onun vasitəsi ilə yeni əsərlər yaradılacaq. Onda mənim məqsədim yerinə yetəcək və mən qabaqcadan rahat ola bilərəm”.
Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü, şərqşünas,M.F.Axundzadə ilə fikir ortağı olan M.Kazımbəyözünün «İndiki Hindistanda maarifin başlanğıcı» adlı məqaləsində vəziyyəti obyektivcəsinə qiymətləndirərək yazırdı:”…müsəlmanları Avropa əlifbalarının onların əlifbasından yaxşı olması fikrinə inandırmaq çətindir. Lakin hər şey zamanla, vaxtla bağlıdır. Elə mənafelər vardır ki, onlar hər şeyi idarə edə bilirlər”. Alim ”belə mənafelərdən» biri kimi mədəni tərəqqiyə coşqun meyli qeyd edir və göstərir ki, bu meyil gec-tez əlifba ideyasının reallaşmasına gətirib çıxaracaqdır.
M.F.Axundovun əlifba layihələri, o cümlədən latın qrafikalı əlifba layihəsi qəbul edilməsə də, geniş iştimai müzakirələrə səbəb olmuşdu. Onunəlifba islahatı ilə bağlı görüşləri və yeni əlifba uğrunda mübarizəsi Azərbaycanın mütərəqqi fikirli ziyalılarını bu məsələnin geniş aspektdə müzakirəsinə səfərbər etdi, onlara inam və güc verdi. T.Hacıyevin yazdığı kimi, “M. F. Axundzadə … ərəb əlifbasına qarşı mübarizəni böyük ictimai hərəkata çevirdi”.
Məhz bu inam və güc sayəsində M.F.Axundzadənin vəfatından bir neçə ay sonra onun məsləkdaşlarından olan, görkəmli mətbuat işçisi, Bakı Uniuversitetinin professoruM.Şahtaxtlı (1879-cu ilin yanvarında) Tiflisdə “Təkmillənmiş müsəlman əlifbeyi” adlı kitab nəşr etdirdi. Bu əsər Azərbaycanda yeni əlifba uğrunda mübarizə tarixində ilk kitab olub.
1886-cı ildə “Qafqaz” qəzetində M.Əliməhəmmədin ərəb yazısının dəyişdirlməsi barədə məqaləsi çap olundu. Yazıda ərəb əlifbasının dəyişdirlməsinin səbəblərindən və vacibliyindən söz açılırdı.
1898-ci ildə isə tanınmış ədəbiyyatşünas alim F,Köçərli tərəfindən yazılmış “Ərəb əlifbası və onun çatışmazlıqları” məqaləsi nəşr olundu.
Əlifba islahatı ilə bağlı müzakirələr XX əsrin əvvəllərində “İrşad”, “İqbal”, “Tərəqqi”, “Tazə həyat”, “Tərcüman” qəzetlərində, “Molla Nəsrəddin” jurnalında və digər mətbuat orqanlarında davam etdirilirdi.Görkəmli yazıcımız C.Məmmədquluzadə “Molla Nəsrəddin”in səhifələrində ərəb əlifbası barədə yazırdı:”Bu heroqlifləri latın əlifbası ilə əvəzləmək vacibdir”.
M.F.Axundzadədən sonra bu məsələyə öz yaradıcılığında geniş yer verən ziyalılar arasında yuxarıda adları çəkilənlərdən başqa daha çox fəallıq göstərənlər İ.Qaspiralı, R.Əfəndiyev, M.T.Sidqi, F.Ağazadə, S.M.Qənizadə, S.S.Axundov, Ö.F.Nemanzadə, M.Mahmudbəyov, A.Əfəndizadə, A.Tağızadə, M.Seyidov, H.Şahtaxtinski, A.Əmirov, Ə.Pepinov və digərləri idi.
Şübhəsiz ki, əlifba islaharının həyata keçirilməsində bütün mütərəqqi fikirli ziyalılarımızın rolu olmuşdur. Bizcə, onlardan iki nəfəri - M.Şahtaxlını və F.Ağazadəni xüsusi olaraq qeyd etmək lazımdır. Doğrudur, M.Şahtaxlı da yaradıcılığının ilk dövründə ərəb əlifbasının islah edilməsinin tərəfdarı olub. Lakin “Şərqi-Rus” qəzetindən sonrakı dövr yaradıcılığında o artıq latın əlifbasına keçməyin tərəfdarı kimi çıxış edirdi. 1914-cü ildə Peterburqda çıxan “Mir islama” jurnalındakı bir məqalədə qeyd olunurdu ki, M.Şaxtaxtlının 5 əlifba layihəsi olsa da, o daha çox şərq latın əlifbasına ümid bəsləmişdir. Bundan başqa öz dövrünün tanınmış əlifba ıslahatçılarından F.Ağazadə özünün “Nə üçün ərəb hərfləri türk dilinə yaramır?” adlı əsərində əlifba hərəkatı tarixinmdə “Məhəmmədağa dövrü”nü xüsusi fərqləndirir. Hətta bəziləri haqlı olaraq M.Şahtaxtlını “yeni əlifba hərəkatının atası” adlandırırlar.
F.Ağazadə isə ərəb əlifbasından latın əlifbasına keçilməsi prosesində ən fəal iştirak edənlərdən idi. O, həmin dövrdə mətbuat səhifələrində tez-tez yeni əlifba ilə bağlı məqalələrlə çıxış edir, təklif olunan əlifba layihələrinə münasibət bildirirdi. O, mətbuatda çap olunan “Əlifba tarixində türklərin vəziyyəti”, “Dilimizin türkləşməyinə çarələr” adlı silsilə məqalələrində, “Nə üçün ərəb hərfləri türk dilinə yaramır?” adlı əsərində ərəb əlifbasının yararsızlığını sübut edir, ciddi faktlarla latın əlifbasına keçməyin düzgün yol olduğunu əsaslandırırdı.
Cümhuriyyət dövründə ərəb əlifbasının islah edilməsi və latın əlifbasına keçid məsələləri daha qızğın şəkildə müzakirə olunurdu. Bu dövrdə Azərbaycanda ərəb əlifbasından latın əlifbasına keçilməsi prosesi çox geniş vüsət almaqda idi və bu məsələdə ən fəal yenə də Fərhad Ağazadə olmuşdur. Türk dilini dövlət dili elan edən AXC hökuməti latın qrafikalı əlifbanın qəbuluna da laqeyd deyildi.
Artıq əlifba məsələsinin kifayət qədər müzakirə obyektinə çevrildiyini görən hökumət məsələyə müdaxilə edir və 21 mart 1919-cu ildə parlamentdə bu barədə AXC hökumətinin üzvü X.Məlikaslanovun məruzəsi dinlənilir. AXC Nazirlər şurasının qərarı ilə XMN-nə ərəb əlifbasının islahatı üzrə komissiya yaratmaq və komissiyanın hazırladığı təklifləri baxilmaq üçün Nazirlər Şurasına təqdim etmək tapşırılır.Komissiyaya üç layihə təqdim olunur. Uzun mübahisə və müzakirələrdən sonra A.Əfəndizadənin latın qrafikası əsasında tərtib olunmuş “Son türk əlifbası” layihəsi qəbul edilərək çapına icazə verilir. Layihə 1919-cu ildə keçirilən müəllimlər qurultayında müzakirə olunandan sonra parlamentin təsdiqinə verilmişdi. Lakin aprel işğalı və AXC hökumətinin devrilməsi ilə onun reallaşdırılması mümkün olmur.Beləlikllə, əlifba məsələsi aktual olmaqda davam edir.
1921-ci ildən N.Nərimanovun təşəbbüsü ilə əlifba məsələsi yenidən müzakirə obyektinə çevrilir. Əsas mübarizə “latınçılar”la “ərəbçilər” arasında gedirdi. Hər iki tərəfəlayihələr təqdim etmək təklif olunsa da, yalnız “latınçılar” layihə təqdim etdilər və hökumət onu qəbul etdi. 1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (AMİK) yanında yeni əlifba komitəsi (AYTƏK) yaradıldı. AMİK-in20 oktyabr 1923-cü il tarixli qərarı ilə latın əlifbası ərəb əlifbası ilə bərabərhüquqlu hesab edilmiş, lakin 27 iyun 1924-cü il tarixdən məcbiri dövlət əlifbası olmuşdur. Onu da qeyd edək ki, latın qrafikalı hərflərlə yanaşı Avropadakı rəqəm sistemi də qəbul olunmuşdur.01 yanvar 1929-cu ildən etibarən Azərbaycanda ərəb əlifbası rəsmən ləğv edilərək latın əlifbası ilə əvəz olunmuşdur.
Təəssüf ki, 1939-cu ildə latın qrafikalı əlifbadan kiril qrafikası əsasında yaradılmış yeni Azərbaycan yazısına qəti və məcburi keçmək haqqında qərar verildi. Ümummilli liderimiz tərəfindən imzalanmış “Latın qrafikalı Azırbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, “1939-cu ildə latın əlifbasının kiril əlifbası ilə əvəz olunması 30-cu illərin kütləvi repressiyalarının məntiqi davamı olub, türk xalqlarının milli özünüdərk prosesinin qarşısını almaq, onları tədricən yadlaşdırıb bir-birindən uzaqlaşdırmaq məqsədi güdürdü”. Təcrübə də göstərirdi ki, kril qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə də, optimal variantın tapilması mümkün deyildir, bu da nə vaxtsa onun dəyişdiriləcəyi ehtimalını gücləndirirdi.
XX əsrin sonlarında Azərbaycanda azadlıq uğrunda mübarizənin yeni dalğası yüksəldi. Nəhayət, xalqımız XX əsrdə ikinci dəfə, amma bu dəfə daimi və əbədi olmaqla öz müstəqilliyinə qovuşdu. Latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün də tarixi şərait yarandı.
Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonraSSRİ dövründə məcbur qəbul edilmiş qərarlara yenidən baxılmasınabaşlandı. Belə qərarlardan biri də əlifba ilə bağlı oldu. Müstəqillik əldə etdikdən sonra yenidən latın qrafikası əlifbaya keçilməsi təklifi irəli sürüldü. Xeyli müzakirələrdən sonra 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı.
2001-ci il avqustun 9-daAzərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən avqustun birinin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında fərman imzaladı.
“Ədəbiyyat və incəsənət”
(31.07.2024)
“Dəyirmanların ürəyi daşdan olmasaydı…” – CAVİD QASIMOV
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlərə portalın və jurnalın birgə təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyi münasibətilə keçirilən Poeziya müsabiqəsində fərqlənən gənc şairlərin şeirlərini təqdim edirik.
I YER
Cavid QASIMOV
***
Dil bilməyən sərçələr
Bu qışı da qarşıladı
Həyətimizdə.
Yenə dua edirlər:
– Bol olsun süfrələrin çörək qırıntıları...
Dəyirmanların ürəyi daşdan olmasaydı,
Köçməzdi ölkədən ölkəyə quşlar...
Zaman ötdükcə anlayıram ki,
Sünbül günəşdən də yandırıcıdır.
Yoxluğu nəinki yeriməyi bacaranlar,
Uçmağı bilən quşlar üçün də utandırıcıdır.
Gileylənmirəm, İlahi, gileylənmirəm.
Buna da şükür,
Bizi sərçələrin duaları saxlayır,
Sərçələri sən.
***
O gün yadımdadır, qarışqalar da
Yeraltıbahardan qayıdırdılar,
Çiçəklər təzəcə dil açmışdı ki,
Arılar nahardan qayıdırdılar.
Mən isə dənizdən şeir deyirdim
Qanadı qırılmış qağayılara.
O gün yadımdadır, yarasalardan
Gecənin qanını götürürdülər.
Hə, hə...
Yadımdadır çarpayısında
Uzanan adama köçürürdülər.
Mən isə həyatdan şeir deyirdim
Gecəni yatmayan səfil dostuma.
O gün yadımdadır, işıqforların
Gözləri hirsindən qan bağlamışdı.
Görmüşdü uzaqda işıq dirəyin
Kimsəsiz bir uşaq, qucaqlamışdı.
Mən isə anadan şeir deyirdim
Körpələr evinin darvazasında.
O gün yadımdadır, dostum gəlmədi,
Onu da bayraqla gətirmişdilər.
Heç vaxt uzaqlara ata bilməyən
Ayağın uzaqdan götürmüşdülər.
Mən isə yollardan şeir deyirdim
Oğlu itkin düşmüş ata evində.
O gün yadımdadır, ağaclar hələ
Körpə meyvələrin bəsləyirdilər.
Dəcəl uşaqları meyvə dərməyə
Kölgə-kölgə düşüb səsləyirdilər.
Mən isə qocaya şeir deyirdim
Meyvədən xəbərsiz əlağacından.
O gün yadımdadır, xatırlayıram:
Daha günüm yoxdur xatırlanası.
Söz verdim Allaha, şeir yazmaram
Qadın qulağına pıçıldanası.
O gün yadındadır?
– Yadımda deyil...
“Ədəbiyyat və incəsənət”
(31.07.2024)
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş virtual kitab sərgisi istifadəçilərə təqdim edilib
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, ictimai-siyasi xadim, publisist, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama əsasən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Rəsulzadənin zəngin ədəbi, ictimai-siyasi irsinə həsr olunan silsilə materiallar hazırlanır.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində Şərqdə ilk demokratik respublikanın qurulmasındadanılmaz xidmətləri olan Rəsulzadənin ədəbi yaradıcılıq nümunələri haqqında geniş məlumat verilir. Virtual sərgidə Rəsulzadənin müəllifi olduğu və haqqında qələmə alınan“Azərbaycan müstəqillik üçün mübarizə yolunda”, “Azərbaycan şairi Nizami”, “Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında”,“Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri”, “Bir kərə yüksələn bayraq, bir daha enməz!”, “Əsrimizin Siyavuşu”, “İran yazıları”, “Son nəfəsədək Azərbaycan”, “Bakı vəAzərbaycan tarixinə dair əsərlər”, “Rəsulzadə xatirələri” kimi 30-a yaxın kitabın qısa annotasiyası təqdim edilir. Materialda Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan, hürriyyət vəistiqlal haqqında söylədiyi fikirlər, səs yazıları da yer alır.
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/mehemmed-emin-resulzade yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(31.07.2024)
Şəhidlər barədə şeirlər - Arəstə Baxışova
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Arəstə Baxışova
Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadanolub. Arəstə Baxışovanın 2 qardaşı olub. Onun atası — baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.
Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı.
Arəstə Baxışova 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.
Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Arəstə Baxışova ölümündən sonra 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan "Florence Nightingale" medalı ilə təltif edilib.
Laylanı vətən çalır,
Yat, yuxusudaş qadın!
Saçları müharibə,
Gözləri savaş qadın!
Savaşın ortasında
İgidliyin mübarək,
Həkimliyin mübarək,
Şəhidliyin mübarək!
Sənyaralı əsgərin
Ağrısın duyan həkim.
Savaşdaigidlərə,
Şəfapaylayan həkim.
Həkimliyin yetmədi,
Sən ərkimi savaşdın?
Ana kimi vuruşdun,
Əsgər kimi savaşdın.
Kim yazıb bu savaşı,
Ömrünün ağ yerinə?
Sənə güllə atdılar
Çiçək atmaq yerinə...
Yoxdumu indi səni,
Arayan, şəhid qadın.
Saçlarını mərmilər
Darayan şəhid qadın.
Eybi yox, yaraların,
İzləridə itəcək.
Almadığın çiçəklər
Məzarında bitəcək.
Bitəcəksə savaşlar,
Bu dünyaya bir də gəl.
Taleyini bağışla,
Bu dünyaya bir də gəl.
Bir də gəl, anam qadın!
Bir də gəl, qardaş qadın!
Saçları müharibə,
Gözləri savaş qadın!
“Ədəbiyyat və incəsənət”
(31.07.2024)
LİDERLİYİN 21 QANUNU – 7. Hörmət qanunu.
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
7. Hörmət qanunu.
«İnsanlar təbii şəkildə elə bir liderin ardınca gedirlər ki, o, onlardan güclü olur».
1820-ci ildə ABŞ-ın cənubundakı Merilend ştatında anadan olan Qarriet Tabmen adlı zənci qadın cəmi 30 yaşında liderə çevrilərək Peyğəmbərin şərəfinə Musa adlandırıldı. Xırda mehmanxanalarda döşəmələri silən, zibil daşıyan, hədsiz dərəcədə yoxsul olan, savadı olmayan, yeniyetməliyində iş yerində sahibkar tərəfindən başına dəmir parçası ilə vurularaq ağır zədə alıb sağlamlığını belə itirən bir qadının lider olmaq ehtimalı neçə faiz ola bilər? Əlbəttə ki, sıfır deyəcəksiniz.
O dövrdə qara dərililər cənub ştatlarında qul hesab edilirdilər. Bununla əsla razılaşmayaraq «ya azadlıq, ya ölüm» devizi ilə Tabmen şimala – Filadelfiyaya qaçır. Özü azad olur, ancaq Merilenddə qalan qohumlarını da azadlığa çıxarmaq fikri ilə yaşayır. Tezliklə gizli dəmir yolu vasitəsilə gedib onları da Filadelfiyaya gətirə bilir. Bundan sonra qadın hər bahar həyatı ilə risk edərək cənub ştatlarına gedib çox sayda zənciləri xilas edərək Şimala gətirməyə başlayır. O, qorxu bilməz birinə çevrilir, onun liderliyi isə get-gedə möhkəmlənir.
1850-1860-cı illərdə Qarriet Tabmen 19 dəfəyə Cənubdan 300-dən çox qul çıxara bilir, «mənim qatarım bircə dəfə də relsdən çıxmayıb», - söyləyən qadın xilas etdikləri arasında bircə nəfəri belə itirmir.
Cənubdakı ağ ağalar hətta onun başına 12 min dollar pul da qoyurlar. Bununla belə, onun gözünü qorxuda bilmirlər. Tabmenin şöhrəti get-gedə artır, o, Amerika tarixinə ən çox qulun azadlığına nail olmuş insan kimi düşür.
Tabmen şimalda təşkil edilən iclaslarda iştirak edir, onu tək zəncilər deyil, bütün cəmiyyət lider kimi tanımağa başlayır. Hətta Avraam Linkoln hökumətində dövlət katibi olmuş Frederik Duqlas, senator Uilyam Syuard, məşhur inqilabçı Con Braun belə bu qadından liderlik sirlərini öyrənirlər.
Beləliklə, əslində lider olmaqçun heç bir perspektivi görünməyən Qarriet Tabmen inanılmaz gücü və təsiretmə qabiliyyəti ilə liderə çevrilir. Səbəb sadədir: insanlar onların özlərindən güclü olan liderin ardınca gedirlər. Heç vaxt olmur ki, insanlar kiminsə ardınca elə-belə getsinlər. Onlar, liderliyinə hörmət etdikləri adamların ardınca gedirlər.
Əvvəl təqdim edilən qanunlar isə burda sıralanıb:
1.Tavan qanunu.
«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».
Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.
Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.
2.Təsir qanunu.
«Liderliyin həqiqi ölçüsü təsirdir».
Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.
3.Proses qanunu.
«Lider bir gün ərzində deyil, günbəgün olurlar».
Liderə çevrilmək prosesi haradasa aksiya bazarında müvəqqəti kapital investisiyasına bənzəyir. Siz bir günə varidat toplamaq istəyirsinizsə, uğur qazanmağa əsla şansınız yoxdur. Burada ən vacib olan olduqca uzun məsafəyə qaçışda sizin gündəlik hərəkətlərinizdir. Liderlik – çox mürəkkəb məfhumdur. Onun olduqca çox aspektləri var: təcrübə, emosional güc, hörmət, insanlarla ünsiyyət təcrübəsi, nizam-intizam, perspektiv, uzaqgörənlik, vaxtında qərarvermə bacarığı, hücuma keçmə əzmi. Bunların hamısı qeyri-maddi şeylərdir, onları birdən-birə əldə etmək mümkünsüzdür. Məhz buna görə də liderlərə effektiv olmaq üçün belə uzun müddətlik möhkəmlənmə, güclənmə lazım gəlir.
Con Maksvell iddia edir ki, liderliyin bir çox aspektlərini o özü məhz uzun illərdən sonra 51 yaşında hiss etməyə başlayıb. Liderləri digərlərindən fərqləndirən əsas cəhətlər məhz öz bacarıqlarını inkaşaf etdirmək, yaxşılaşdırmaq qabiliyyətidir. Uğurlu liderlər öyrənməyi bacarır və sevirlər. Və öyrənmə prosesi onlarda ömür boyu davam edir.
«İnsan nəyi bilmədiyini bilmirsə, o inkişaf edə bilməz».
4.Liderlik – inkişaf qanunlarına tabedir. Naviqasiya qanunu.
«Gəminin sükanını hər kəs fırlada bilər, ancaq kursu tapmaq üçün lider lazımdır».
Bəzi şturmanlar limanı tərk etməzdən öncə bütün baş tutacaq səyahəti beyin süzgəclərindən keçirə bilirlər. Onlar gözəl bilirlər ki, lazım olan məntəqəyə çatmaq üçün nə qədər güc sərf etmək, komandaya ekspedisiyanın uğur qazanması üçün kimləri salmaq lazımdır. Onlar üfüqdəki maneələri hamıdan tez görürlər.
Lider elə bir şəxsdir ki, başqaları görəndən daha çox görür, başqaları duyandan daha çox duyur.
Bəzən eyni zamanda dörd təyyarənin məhv olmasından danışılır. Bu ona görə olur ki, qırıcı təyyarə dördlükdə sıx halda uçanda mütləq onlardan birinin pilotu aparıcı olur, lider olur. O, öndə gedir, digər üçü ardınca gedərək onun hərəkətlərini təkrarlayır. Bu təkrarlama sonadək, hətta lider sürəti itirib dağa çırpılanda belə davam edir.
Naviqatorlar üçün hər bir keçmiş uğur və uğursuzluq özlüyündə informasiya, müdriklik mənbəyidir. Uğurlar insana özünü daha yaxşı tanımağa, öz bacarıq və istedadına daha çox güvənməyə imkan verir. Uğursuzluqsa səhvləri görüb onların üzərində işləməyə, onları düzəltməyə imkan yaradır.
Naviqatorlar bir çox mənbələrdən informasiya toplayır, aşağı səviyyədə nə baş verdiyini öyrənmək üçün komanda üzvləri ilə daim təmasda olurlar. Onlar situasiyanı dərindən öyrənməyə çalışırlar.
«Əgər siz açıq gözlərlə fəaliyyət göstərməsəniz həyat daim sizə qurşaqdan aşağı gözlənilməz zərbələr vuracaq», - yazır müəllif. O yazır: «Optimizmlə realizmi, intuisiyayla planlaşdırmanı, inamla faktları balanslaşdırmaq çox çətindir. Amma yol göstərən lider kimi effektiv olmaqçün məhz bunlar vacibdir».
Con Maksvell kitabın bu bölümündə öz liderlik fəaliyyətində daim istifadə etdiyi strategiyanı da göstərib:
- Bütün fəaliyyət ardıcıllığını öncədən düşünmək;
- məqsədi lokallaşdırmaq və sistemləşdirmək;
- prioritetləri ünvanlı korrektə etmək;
- əsas personalı müəyyənləşdirib onu məlumatlandırmaq;
- planın bəyənilməsi üçün vaxt rezervasiya etmək;
- reallaşdırmaya fəal qoşulmaq;
- gözlənilən problemlərə uyğunlaşmaq;
- uğurları təbii şəkildə görmək və qeyd etmək;
- hər gün öz planına nəzarət etmək.
Con Maksvellin naviqasiya qanununun əsas məğzi – hazırlıqdır.
5.E.F.Xatton qanunu.
«Əsl lider danışanda insanlar ona qulaq asır».
Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir.
«E.F.Xatton» - maliyyə xidməti göstərən kompaniyadar. ABŞ-da belə bir televiziya reklamı var imiş bir zamanlar: Ağzınadək dolu restoranda iki nəfər maliyyə mövzusunda danışırmış. Biri deyirmiş ki, hansısa investisiya barədə filan şey eləmək lazımdır. Bu vaxt ikinci deyirmiş ki, hər şey yaxşıdır, amma mənim brokerim Xatton deyir ki... Həmin an səs-küylü restoranda lal sükut yaranırmış, hamı gözləyirmiş ki, ikinci personal Xattonun sözlərini söyləsin.
Maksvell məhz buna görə öz növbəti qanununu hamının qulaq asdığı Xattonun adı ilə adlandırıb.
Əgər siz əvvəl heç tanımadığınız insan qrupu ilə görüşə gedirsinizsə, cəmi beş dəqiqəyə onların hansının lider olduğunu sezə biləcəksiniz. Kiminsə sualı yarananda bütün qrup uzvləri kimə baxırlar? Kimin sözlərini gözləyirlər? Bax real lider odur.
Vəzifəcə lider birinci danışır, real lidersə sonda.
- Həqiqi liderlik həmişə daxildən gəlir, xarakterin gücündə özünü göstərir;
- Liderlik ətrafdakılarla yaxşı əlaqə qura bilmək, güclü çevrəyə malik olmaqdan qaynaqlanır; lazımi adamları tapa bilməklə əlaqələndirilir;
- Lider çoxlu informasiyaya malik olur;
- Liderlik intuisiya qabiliyyəti tələb edir;
- Liderlik təcrübədən qaynaqlanır;
Maksvell Xatton qanununun məğzini dərk etməkçün liderlik arzusunda olan insana məsləhət görür ki, özü-özünə bu sualları versin:
- Mən danışanda insanlar həqiqətənmi məni dinləyirlər?
- Onlar bu mövzuda başqa birisinin də danışmasını arzulamırlar ki?
6.Möhkəm özül qanunu
«Liderliyin əsası etibardır»
Sistematik olaraq yaxşı qərarlar qəbul edən, öz hesabına qələbələr yazan lider komandasının etibar kreditini daim yüksəldir. O, hətta nöqsan buraxanda belə etibarına xələl gətirmir.
Özünə etibar qazanmaqçun liderdə kompetentlik, xarakter, habelə ətrafındakılarla əlaqə yaradıb müntəzəm bu əlaqəni saxlamaq bacarığı olmalıdır.
General Şvartskopf yazır: «Liderlik strategiya və xarakterin güclü birliyidir. Əgər siz bu iki keyfiyyətdən birindən imtina etməyə məcbursunuzsa, onda yaxşısı budur strategiyasız qalın».
Liderin xarakteri güclü olanda insanlar ona etibar edirlər, eləcə də onlarda çalışdıqları təşkilatın gözəl gələcəyinə böyük inamları yaranır. Güclü xarakter – liderin möhkəm özül üzərində bərqərar olması deməkdir.
Liderlər necə olur ki, özlərinə hörmət qazanırlar? Ağıllı qərarlar qəbul edəndə, öz səhvlərini etiraf edəndə, bir də ardıcıllarının, təşkilatının maraqlarını öz şəxsi maraqlarından üstün tutanda.
Liderin möhkəm xarakteri ardıcılları arasında ona etibar yaradır. Amma elə ki, lider ümidləri doğrultmur, o, insanları ardınca aparmaq qabiliyyətini itirir. Möhkəm özül qanunu məhz budur.
“Ədəbiyyat və incəsənət”
(31.07.2024)
“Rəngli karandaşlar” - Ayaz Səlimxanoğlunun hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə gənc Ayaz Səlimxanoğlunun “Rəngli karandaşlar” hekayəsini təqdim edəcəyik.
Cəbhəyə yolumuz Cəbrayıl rayonundan keçirdi.
Hava yavaş-yavaş qaralmağa başlamışdı. Sırada sonuncu tank bizim olduğundan komandirimiz gecəni şəhərə yaxın bir yerdə gecələməyi əmr etdi. İkimərtəbəli yaşayış binalarının yaxınlığında uşaq bağçasına oxşar köhnə bir tikili vardı. Tankımızı o tikilinin qarşısında saxlayıb, aşağı endik. Gecə ekipaj ilə birlikdə növbəli olaraq tankın yanında gözətçi olduq. Mənim növbəm gecə saatlarına təsadüf etdi. O gecə qətiyyən gözümə yuxu getmədi. Bağçanın qarşısında, yamyaşıl otların üstündə arxası üstə uzanıb, göyün üzündə sayrışan ulduzlara baxırdım. Ulduzlar sanki Ayın başına dolanır, Ay isə diqqətlə mənim üzümə baxırdı. Uzandığım yerdən ayağa qalxdım. Çox sakit gecə olduğundan, çöməlib dizimin üstündə ayın rəsmini aramla gündəliyimə çəkməyə başladım. Aradan bir neçə saat keçmişdi, elə bil tank komandirim pis yuxu gördü, səs-küylə tankdan endi, gündəliyi əlimdə görüb, özündən çıxdı:
- Ayaz! Gecənin bu vaxtı kimə məktub yazırsan?
- Komandir, məktub yazmıram, rəsm çəkirəm, - gülə-gülə dedim.
- Ayaz, sən cəbhəyə gələndən, özünü lap uşaq kimi aparırsan...
Heç kəsin eşitməyəcəyi asta bir səslə dedim: - Komandir, uşağam da, 18 yaşım təzə tamam olub, bax, hələ uzumdə əməlli tük də çıxmayıb...
...Sentyabr ayının ilk həftəsi idi. Səhər təzə açılırdı. Tanka söykənib təzə doğan günəşə, dağlara, ətrafda olan yaşıllıqlara tamaşa edirdim. Artıq səhər tezdən insanlar küçələrdə dolaşırdı. İşə tələsən adamlar, məktəbə gedən müəllimələr, şagirdlər, hamısı məni salamlayırdı. Ağ önlüklü, uzun saçlı, saçlarında qoşa ağ bant olan kiçikyaşlı bir məktəbli qız mənə tərəf yaxınlaşıb:
- Salam, əsgər əmi, sənə "çətə" gətirmişəm, - dedi.
- Salam, gözəl qız, nə gətirmisən? - mən də təəccüblə soruşdum.
- Çətə! Çətə bilmirsən nədir, əsgər əmi?
Elə bildim mənə məktub gətirib. Qızın qabaq dişləri olmadığından kətə sözü dilində çətə kimi səslənirdi.
Qız çantasını açıb ağa bükülmüş bağlamanı mənə tərəf uzadıb, şirin ləhcə ilə dilləndi:
- Götür, əsgər əmi, anam səninçün göndərib.
Utana-utana ağa bükülmüş bağlamanı əlimə götürdüm. Bağlamanı açanda gördüm ki, göy qutabıdır. Od kimi isti qutabların ətri məni valeh etdi. Göy qutabından elə bil anamın ətri gəldi. Anam göy qutabını tez-tez bişirərdi. Gözümdə anamın ocaqda qutab bişirdiyi anlar canlandı. Bir neçə dəqiqə danışıb-dinmədim, gözlərim doldu, göz yaşlarımı güclə saxladım ki, məktəbli qız göz yaşlarımı görməsin. Boğula-boğula, ona "çox sağ ol" dedim. Ayrılmaq istəyəndə ondan soruşdum:
- Gözəl qız, sənin neçə yaşın var?
- Səkkiz yaşım var, adım da Gülərdi. Məktəbdən qayıdanda bağlamanı götürəcəm, - deyib sevincək uzaqlaşdı.
2
Cəbhə yoldaşlarım tankın içindəki yerlərində əyləşib mürgüləyirdilər. Üç əsgər idik. Bir əsgər yoldaşım da məntəqədə keşik çəkirdi. Bağlamanı yaşıl otların üstündə açıb, onları da dəvət etdim. Birlikdə əyləşib bəh-bəhlə qutabları yedik. Qutablardan birini də keşikdə olan cəbhə yoldaşıma saxladım.
Düzü, kətə nə olduğunu mən bilmirdim. İlk dəfə Gülərin dilindən eşitdim. Biz tərəflərdə kətəyə göy qutabı deyirlər.
Gülərin məktəbdən dönməsini gözləyirdim. Fikirləşdim ki, Gülər üçün nəsə bir maraqlı hədiyyə hazırlayım. Tankın içindən bir "PK" silahının patronunu götürüb, barıtını boşaltdım, çəmənlikdəki rəngbərəng, gözəl çiçəklərdən dərib, patronun içinə yerləşdirdim. Çox əntiqə bir hədiyyə alındı. Onun məktəbdən dönməsini gözləyirdim ki, qutabla gələn boş süfrəni hədiyyəmlə birlikdə ona verim. Kiçik məktəblilər yolboyu gülə-gülə, oynaya-oynaya məktəbdən gəlirdilər. Geyimlərindən bir-birlərinə çox oxşayırdı. Gülərin onlardan fərqi məktəbli çantasının narıncı rəngli olması idi. Uzaqdan gördüm ki, Gülər də gəlir, amma o, mənim üzümə baxmadan düz getdi. Arxasınca "Gülər, Gülərim" səslədim, dönüb arxaya baxmadı. Özüm də təəccüblü qaldım ki, görəsən, bu qıza nə olub. Tez iti addımlarla onun qarşısına çıxıb, şirin-şirin onu dindirdim:
- Salam, Gülər, nəsə olub? Qaşqabaqlı görünürsən, deyəsən, dərsindən iki almısan.
Gözləri dolub qalmışdı, ağlamağı gəlirdi, dodaqlarını büzüb titrək səslə dedi:
- Sən uşaqları tüfəngləyirsən!
Eşitdiklərimə inanmadım, təkrar soruşdum:
- Nə edirəm? Onu sənə kim deyib ki, mən uşaqları tüfəngləyirəm?
Mən onun nə demək istədiyini yaxşı başa düşdüm, amma özümü elə aparırdım ki, guya heç nə bilmirəm. Mən bilirdim ki, o, məktəbdə sinif yoldaşlarına mənim haqqımda danışıb. Ucadan danışdığımı görən qız, göz yaşlarını saxlaya bilməyib, hönkür-hönkür ağladı. Onun göz yaşlarını görüb dizlərimi onun qarşısında yerə qoydum və onu inandırmağa çalışdım:
- Gülər, bax, mənim heç tüfəngim də yoxdur. Olsa da, biz əsgərlər heç düşmən uşaqlarını da tüfəngləmirik, axı uşaqların heç bir günahı yoxdu... Mən də uşaqları dünyalar qədər çox sevirəm.
- Əsgər əmi, doğrudan da, sənin tüfəngin yoxdur?
- Yoxdur, Gülər, yoxdur. Mən rəssamam, istəyirsən, sənin də rəsmini çəkim. Gündəliyi qoltuq cibimdən çıxarıb, çəkdiyim rəsmlərdən ona göstərdim. Gülər rəsmlərə diqqətlə baxdıqdan sonra gülümsədi və dərindən nəfəs alıb dilləndi:
- Əsgər əmi, doğrudan da, bu şəkilləri sən çəkmisən?
- Bəli, mən çəkmişəm. Bax, çəkdiyim son rəsm, "Aylı gecə"dir. Sən dünən gecə mışıl-mışıl yatanda, mən gecə yatmayıb ayın rəsmini çəkirdim.
3
Gülər həqiqətən də, mənim rəssam olduğuma inanıb, ağappaq pambıq kimi əlləri ilə göz yaşlarını silib boynuma sarıldı. Məni bərk-bərk qucaqlayıb titrək əlləri ilə əlimdən tutdu, sevincək gözlərimə baxıb:
- Əsgər əmi, mənim də bacımın şəklini çəkə bilərsən? - ərklə soruşdu.
- Bəli, çəkə bilərəm. Bacın hardadır? Çağır, gəlsin, səninlə birlikdə onun da rəsmini çəkim.
- Bax, bacım pəncərədən bizə baxır, bax, o pəncərədən.
O, sağ əlini qaldırıb bacısı olduğu pəncərəni mənə göstərdi. Gözlərimə inanmadım, tankımızın lüləsi düz onların yaşadığı evin pəncərəsinə tuşlanmışdı.
Pəncərədən bizə boylanan körpə qızın başında qırmızı panama, əynində güllü don var idi. Bir əlini də yuxarı qaldırıb elə bil məni salamlayırdı. Çox dəhşətli bir səhnə idi, körpə pəncərədən baxır, tankın lüləsi də düz körpə olan pəncərəyə tuşlanıb. Mən belə bir rəsmi necə çəkə bilərdim, belə çıxır ki, mən həqiqətən də qatıləm. Nə deyim, necə edim, bilmədim. Özümü itirdim, bir anlıq dilim tutuldu, nəfəsim qurudu. Güləri bu fikirdən daşındırmaq üçün onun üzünə baxıb dedim:
- Gülər, mənim bircə qələmim var, o da qara qələmdir. Mənə rəngli karandaşlar lazımdır ki, sənin bacının şəklini çəkə bilim.
- Əsgər əmi, gözlə, mən indi sənə öz karandaşlarımı gətirirəm, - deyib, qaçaraq evlərinə tərəf getdi.
Onun evdən geri dönməsini gözləyirdim. Pəncərədən boylanan körpəyə diqqətlə baxırdım. Amma nədənsə bu körpə heç yerə tərpənmirdi. Mənə çox qəribə gəldi ki, niyə bu körpə hərəkət etmir.
Gülər rəngli karandaşları gətirib mənə tərəf uzatdı: - Götür, səndə qalsın, anam mənə yeni karandaşlar alacaq.
- Gülər, bacının şəklini bu axşam çəkəcəm. Səhər sən məktəbə gedəndə verərəm. Sinif yoldaşlarına da göstərərsən. Məni komandir çağırır, getməliyəm, sən də get evə, dərslərini oxu.
Onunla sağollaşıb komandirin yanına gəldim.
Komandir: - Ayaz, bilirəm, uşaqları çox sevirsən, onlar bizim gələcəyimizdir, amma biz onları düşməndən qorumalıyıq, ona görə də axşam saat 6-dan sonra silahını da götürüb məntəqəyə gedərsən. Bizim taqımdan olan əsgəri də əvəz edərsən.
Axşama kimi bir neçə dəfə cəhd etsəm də, pəncərədən boylanan körpənin rəsmini çəkə bilmədim. İstəmirdim mən rəsm çəkəndə komandir görsün.
Saat 6-nın yarısı tankın yanından aralanıb, gəzə-gəzə gəlib məntəqəyə çatdım. Məntəqədə keşikdə duran döyüşçü yoldaşımı əvəz etdim. Qaradinməz əsgər idi. Ondan xahiş etdim ki, səhər tez gəlib məni məntəqədə əvəz etsin. O da məndən təəccüblə xəbər aldı: -Səhər tezdən hara getməlisən?
- Gedəsi yerim yoxdur, bu gün səhər balaca bir məktəbli qız bizə göy qutabı gətirmişdi, sənin payını da saxlamışam. Həmin balaca qıza söz vermişəm ki, səhər o, məktəbə gedəndə onunla tankın yanında görüşüm.
4
- Ayaz, səni başa düşdüm, amma sabah bazar günüdür, dərs yoxdur. İnanmırsansa, divardan təqvim asılıb, özün baxa bilərsən. Ayaz, onu da deyim ki, məlumatın olsun, sabah gecə Cəbrayıldan Laçına, ön cəbhəyə yollanırıq. Batalyon komandirinin əmridir!
- Ola bilsin, səhər tezdən məktəbli qız tanka yaxınlaşıb məni xəbər alsın, - deyərsən ki...
- Nə deyim ki, Ayaz?
- Heç nə demə, tankın içində mənim yerimdə onun bağlaması var, bağlamanın yanında onun balaca bir hədiyyəsi var, bağlama ilə birlikdə hədiyyəni də ona verərsən...
Cəbhə yoldaşım məntəqədən uzaqlaşdıqdan sonra, yaxınlaşıb divardan asılan təqvimə baxdım: 06.09.1992-ci il, həqiqətən, bazar günü idi.
Dalğın-dalğın yollara baxırdım. Gülərin o ürək parçalayan sözləri qulağımdan getmirdi. Özlüyümdə fikirləşdim ki, necə olursa-olsun, körpənin rəsmini çəkməliyəm, çəkməsəm, təkcə Gülərin yox, bütün məktəbli şagirdlərin yaddaşında yalançı əsgər kimi qalacam. Gecəni keşikdə durmaq çox məsuliyyətlidir, olduqca ayıq-sayıq və hər an döyüşə hazır vəziyyətdə olmalısan. Səhəri gün axşama yaxın macal tapıb rəsmi gündəliyimə çəkdim. Ola bilsin ki, mən bir daha Güləri görməyim, ona görə də çəkdiyim rəsmin sonunda tarıx, vaxt, bir də keşikdə olduğumu qeyd etdim.
Qaş qaralan vaxtı tankın səsini eşidib məntəqədən çölə çıxdım. Cəbhə yoldaşlarımla birlikdə ön cəbhəyə yollandıq. Əsgər yoldaşımdan tez-tələsik Güləri xəbər aldım.
- Ayaz, Gülər səhər tezdən gəlib səni xəbər aldı, eşidəndə ki, sən yoxsan, çox pərt oldu və üzümə baxıb titrək səslə dilləndi:
- Əsgər əmiyə deyərsən ki, pəncərədən baxan bacım deyil, mənim kuklamdı...
...Cəbhədən sağ-salamat geri dönsəm, Gülərin təhsil aldığı məktəbə yollanacam, çəkdiyim rəsmi sinif yoldaşlarının qarşısında Gülərə verib, qürurla deyəcəm:
- Mən Azərbaycan əsgəriyəm! Mən uşaqları tüfəngləmirəm, mən uşaqları düşmən top-tüfəngindən qoruyuram!
“Ədəbiyyat və incəsənət”
(31.07.2024)
BİR SUAL, BİR CAVAB Musa Ələkbərli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Sən elə o qızsan, həminki qızsan,
Yaxşı bir şeirdən tutulan, dolan.
Şirin duyğuların heyranı olan...
Mən də o oğlanam coşan, çağlayan,
Sevgidən havalı həmin o dəli...
Deyə bilmədiyim sözün qurbanı,
Aça bilmədiyim sirrin heykəli...
(M.Ələkbərli)
Əziz Musa bəy, Sevimli şairimiz, sevginin həmişə cavan qalmasının sehri nədədir? Sevgi niyə qocalmır axı?
CAVAB
Klassik poeziyamızdan kiçik bir örnək gətirmək istəyirəm.
Haqqdan yanan bir çıraq,
Bad ilə sönən deyil.
Sevgi həmişə gənclik, güc-qüvvət, ərşi-əlaya ucalmaq, dünyanı köksünə sıxmaq ehtirası üstündə köklənmiş əbədi bir hissdir. Neçə ki, dünyada gözəllik var, gözəllər var, bu hiss qocalmayacaq.
...Dünyanı köksümə sıxıb gəlmişəm,
Nə desən verərəm təki sən istə.
İndi nağıllardan çıxıb gəlmişəm,
Bir zümrüd quşunun qanadı üstə.
Mənəm göydən düşən almaya ortaq,
İsti kəlmələrdir qızılım, zərim.
Şeirimlə açılar qırxıncı otaq
Xəzinəyə dönər düşüncələrim...
Mənə elə gəlir ki, sevənlərin hər birinin fərqinə vardığı, varmadığı bir qırxıncı otağı var. O otağın açarını itirməyənlər qocalıqdan, düşkünlükdən uzaq olur. Cismən qocalsalar belə. Vallah, bu sualınızın cavabını ürəyimcə ifadə edə bilmirəm. Qoy “Sevgi” adlı bir şeirimi oxuyum:
Çoxdandı sinəmdə mürgüləmişdi
Nə vaxtsız, nə qəfil oyandı sevgi.
Damcı sevincimi tökdü gözümdən,
Dərya kədərimə boyandı sevgi.
Ulduza qanad aç, ayı qucaqla,
Qolların çatmayır? – Axı nə haqla?
Könlündən dilinə köçürmə, saxla,
Səni gözlərindən duyandı sevgi.
Hansı qəlbə axdı, ürəyə sızdı,
Bir tonqal çatacaq... o amansızdı,
Göydə günəş qədər təmənnasızdı,
Yerdə yeri-göyü qıyandı sevgi.
Əlli il yalvaram, yüz il ləliyəm,
Tanrı ağıl verməz mən tək dəliyə.
Süstlüyə, sükuta, biganəliyə
Haraydı, üsyandı, qiyamdı sevgi.
Açıq ürəyimdi, saf niyyətimdi,
Bəlkə ona görə belə yetimdi?!
Tarixdə tarixi həqiqətimdi,
Həqiqətdən doğan röyamdı sevgi.
Dərk edə bilmədim xeyirdi, şərdi?
Yaşadım bu ali, insani dərdi.
Mən belə dünyadan çoxdan gedərdim,
Dünyada ayrıca dünyamdı sevgi.
Şairin ən dəqiq, ən məntiqli intervüsü onun şeirləridir. Qoy başqa bir şeirimdən də sualınıza hardasa tən gələn misraları yada salım:
Döngəyə, dalana dirənir bəzən
Adamı hardasa yollar ləngidir.
Dünyaya ürəklə bağlana bilsən
Yaşın hər çağında sevgi sevgidir.
Yanımdan yan ötsün qanlı süngüsü
Əzrayıl adımı yada salmasın.
Sevgi istəyirəm – tanrı sevgisi
Həyat sevgisini məndən almasın.
Sevgi istəyirəm – qəlbə dəyməyən
Bənzəri, oxşarı olmayan sevgi.
Yaşın yaş hökmünə boyun əyməyən
Bütün fəsillərdə solmayan sevgi.
Sevgi əgər ilahidən gəlirsə, onun sirri də, sehri də ancaq tanrıya məxsus olur. Biz bu sirri-sehri yaşaya bilirik, “nədən”inə vara bilmirik.
“Ədəbiyyat və incəsənət”
(31.07.2024)
Kövrək qadının hekayəti - XATİRƏ YAZISI
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Yuxularınız nə zamansa, gerçək olurmu?
Bu sual mənə də o günə kimi maraqlı idi. Həmin gün gecə qəribə yuxu görmüşdüm. O gün səhər evdən tez çıxmalı oldum. Avtomobilə əyləşəndə gözüm dolmuşdu. Sanki bu günün sonunda pis bir xəbər eşidəcəyimi hiss edirdim. Atam mənə “zəng et, bibinin halını soruş” dedi. Mən də evə qayıdanda mütləq soruşacağımı bildirdim. Evə qayıtdım. Amma bu səfər mən atama bir xəbər verməli yox, atam mənə xəbər verməli oldu. Atam artıq xəstəxanaya yola düşübmüş. Lapdan gələn zəngdən sonra nə baş verdiyindən hamı hali olsa da, xəsiyyətimi bikdiklərindən, mənə heç kim heç nə demirdi. Yəqin ki, mənim nə qədər həssas olduğum hamını qayğılandırırdı. Amma mən əl çəkmədim. Axır məcbur qalıb evdəkilər bibimin vəziyyətinin pis olduğunu dedilər mənə. Atam da bunu xəbər etmək üçün zəng edibmiş. O andan sonra geri zəng etməyə saatlar keçsə də heç kimin cəsarəti çatmırdı. Mən anama “nə olar, zəng et, vəziyyəti öyrən” dedim. Amma buna rəğmən zəng edilməsini istəmirdim. Çünki ürəyimdə qəribə bir hiss var idi. Pis bir xəbər alacağımı bilirdim. Mən fincanıma su töküb, gəlib oturdum, anam zəng etdi. Atamın o günki səsi, sözləri heç yadımdan çıxmır. Amma ən çox yadımdan çıxmayan anamın bizim yanımızda çarəsiz vəziyyətdə “Allah rəhmət etsin " deməsi oldu.
Bu gün də bunları yazıya köçürəndə üç il qabaqki hisləri yaşayıram və gözlərimindən bibim üçün axan damcılar növbələşir.
Mən vəziyyətin nə yerdə olduğunu bildim. Eşidən hamı ağladı, qucaqlaşdı. Mənsə fincanımı əlimdə güclə saxlayıb, donub qalmışdım. Yanlarına çağırsalar da, lazım deyil, yəqin ki, vəziyyət pisdir, ya da yanılırlar deyib özümü yalana inandırıb yatağıma doğru getdim.
Hər zaman kədərli bir şey olanda mən yata bilmərəm. Bu dəfə yatıb duracam və hər şey bitəcək düşüncəsi ilə yastığıma süzülən damcıları silə-silə özümü yuxuya verdim.
Yuxu idi, ya gerçək?
Yuxu kimi bir gerçək idi. Ancaq çox qəribə bir şey olmuşdu. Mən səhər qalxanda qızdırma içində idim. Mən bu travmaları, əziz insanımı itirməyi qəbul edə bilmədim. Nə mən, nə də ağlım, ürəyim, vücudum.
Bir dəfə də eyni hal yaşanmışdı. Ölüm halından həyata döndərə bilmişdilər. Onda da eyni duyğuları yaşamışdım. Hər gün hər şey ola biləcəyi duyğusunu yaşadırdı bizə həyat. Hər şeyə hazırlıqlı olun deyirdilər... İnanmayıb, yaxşı olacaq desək də, reallıq göz önündə idi. Əziz insanının ölə biləcəyini bilə-bilə möcüzə diləməkdən daha betər nə var görəsən bu həyatda...
Birinci dəfə o hisləri yaşayanda uşaq olmağıma rəğmən, əgər, ona bir şey olarsa, mən mərasimdə iştirak edəcəm, onu son mənzilə yola salanda, onunla vidalaşacam deyə hamını lərzəyə gətirmişdim. Uşaq idim... İstəmirdilər bu travma ilə yaşayım. Amma mən bilirdim ki, iştirak etməsəm, ömür boyu özümü bağışlamayacam və bu travmadan qurtulmaq, ümumiyyətlə, mümkünsüz olacaq.
Axır hamını razı salmışdım. Amma səhər o cür qızdırmalı halda oyanmağım hamını biraz da qorxutdu... Həm mənim üçün, həm də ətrafdakı insanlar üçün təhlükə idi, mənim dəfndə iştirakım. Axı pandemiya dövrü idi. Birtəhər razı saldılar, qaldım evdə. Yəqin düşünürəm ki, bu Allahın lütfü idi. Mən o mənzərəni yaşasa idim, yəqin ki, orada nəsə olacaqdı mənə. Çünki mən bənzədiyim insanı qucaqlaşmamış, sağollaşmamış, iki ay heç görməmiş soyuq torpağa əmanət edəcəkdim... Bundan əlavə də həm yaşım az idi, həm də əsəbləri gərgin birisi olduğum üçün belə hallarda çox həssas oluram.
Amma indi vəziyyət yaxşıdır? Yox, hər dəfə son dəfə onunla sağollaşmamışam deyə özümü bağışlaya bilmirəm. Bir yandan özüm- özümə sən insanları düşünmüsən desəm də digər tərəfdən özümü necə danlayıram, bir Allah bilir. Bağışla, mələyim, mənim bənzədiyim gözəl qadın, saçları ipək kimi olanım, mənim ipək kimi dümdüz saçlarımın mənə irsən əmanət olunduğu qadın. Bağışla ki, son görüşünə gələ bilmədim. Amma yeni evinə tez- tez gəlirəm. Həmişə də gələcəm.
Uzun müddət xəstəlik mənim yaxamı buraxmadı. Düzələn kimi məktəbə güclə getdim. Evdə qalsa idim dəli olacaqmı bilirdim. Hiss edirdim ki, hamı mənə fərqli davranır, qəlbimdə ən çox yeri olanımla otuzdurdular məni, onun nəzarətində idim sanki.
Və 40 mərasimi də gəldi çatdı...
Artıq tam sağalmışdım. Öz borcumu heç olmasa orda yetirdim. Mənə “oğlumun toyunda kömək edərsən” demişdin, amma mən sənin yasında kömək etdim... Elə ağladım ki, kim olduğumu bilməyənlər də maraq içərisində idilər. Bu ürəyimdə yığılanların səsi idi, son nəfəsi idi. O gün bu gündür ki, hər gün ağlayıram sənin üçün. Hansı məclisə getsəm, həm rəhmətə gedən üçün həm də sənin üçün ağlayıram. Öz atanın məclisində də ikiniz üçün də ağladım - ağladıq. Vaxtsız gedişin ürəyimizə elə bir dağ vurub ki, o çətin sağala. Mən hər həftə, hər gün ağladım. Gözümün yaşı məndən əl çəksə də mən əl çəkmək istəmədim.
Və bu gün səndən mənə əmanət, yadigar qalanlar var.
Heç görmədiyin nəvələrin var. Onları öz canımdan da çox istəyirəm mən. Doğma xalaları olmasam da doğma xaladan da artıq olacam onlara mən. Çünki onlar mənə sənin xatirəndir. Sənin qoxunu alıram. Sənin məni izlədiyini bilirəm və son danışığımızdakı sözlərini heç qulaqlarım unutmaq istəmir.
Rahat uyu, Bibi!
Dəyərli izləyicilərim, oxucularım, bu gün sizin oxuduğunuz bu birinci şəxsin tərəfindən yazılan hekayə Covid19 vaxtında olan ölümlərin ümumiləşdirilməsindən götürülən və həyati hadisələri əks etdirən, real hadisədən bəhs edən hekayədir.
“Ədəbiyyat və incəsənət”
(31.07.2024)
Bilmirəm əllərindən tutummu, tutmayımmı… - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının daimi müəllifi Təranə Dəmir yeni şeir çələngini oxuculara təqdim edir.
XEYİRLİYƏ YOZULSUN
Yenə sıxır bu səhərin havası,
Ürəyimə bir qurd salıb bu səhər.
Qulaqlarım cingilyir deyəsən,
Harda isə adımızı çəkirlər.
Sən bilirsən yaxşısını, pisini,
Dostumuzu, yadımızı, İlahi.
Təki hər şey xeyirliyə yozulsun,
Kim çəkirsə adımızı, İlahi.
BELƏ DƏ GÜNÜHDIR, ELƏ DƏ
Bir ümid çiçəkləyir başım üstə deyəsən,
Adını nə qoyum mən ilin, günün bu vaxtı?
Bilmirəm əllərindən tutummu, tutmayımmı,
Tutsam günahkar ollam, tutmasam da günahdı.
Payızın ortasında hardan çıxdı bu bahar,
Tanrımı lütf elədi, ya yarımçıq duyğular?
Bəlkə də, irəlidə hələ neçə qınaq var,
Batsam günahkar ollam, batmasam da günahdı.
Min ulduzun birini seçib gəlib bu sevgi,
Arzunun qanadında uçub gəlib bu sevgi,
Tənhalığın içindən keçib gəlib bu sevgi,
Dadsam günahkar ollam, dadmasam da günahdı.
Bəlkə, bu da sınaqdı, imtahandı, bilmirəm,
Ya xəzana, payıza bir üsyandı, bilmirəm,
Hansı hissdi, duyğudu, həyəcandı, bilmirəm,
Atsam günahkar ollam, atmasam da günahdı.
Necə götürüm indi bu eyhamı, minnəti?
Yüz cümlə ovudammaz bir ağrıyan həsrəti,
Hansı zülmətə satım bu boyda həqiqəti?
Satsam günahkar ollam, satmasam da, günahdı.
ÇIXA BİLMİRƏM
Yolumu əyrilər kəsir,
Düzümdən çıxa bilmirəm.
Zaman ölümə tələsir,
Sözündən çıxa bilmirəm.
Göy üzündən düşən dənəm,
Lap zənbillə düşəndənəm,
Öz odumda bişəndənəm,
Közümdən çıxa bilmirəm.
Adam olmaq nə mahalmış,
Görəcəkli günüm varmış,
Bu bədən bu ruha darmış,
Özümdən çıxa bilmirəm.
“Ədəbiyyat və incəsənət”
(31.07.2024)
Öncə Bakıda, sonra Lənkəranda “Buğra tələsi” təqdim olundu
Könül, “Ədəbiyyat və incəsənət”
MUĞAM MƏRKƏZİNDƏ
İyulun 29-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə Ötərxan Eltacın şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan bəhs edən ''Buğra tələsi'' kitabının təqdimatı və Zaur İsmayılzadənin anadan olmasının 29-cu ili münasibəti ilə tədbir keçirildi.
Vətənimizin azadlığı, bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Dövlət himnimiz səsləndirildi. Və beləcə, tədbir başladı. Ənənəyə uyğun olaraq, tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı açaraq şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan danışdı və kitab haqqında məlumat verdi.
Söz Mirvarid Dilbazi Poeziya Məclisinin sədr müavini Vüsal Sehranoğluna veriləndə o, öncə qeyd etdi ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qalib gəldiyi 44 günlük vətən müharibəsində qəhrəmanlıq göstərən, şəhidlik zirvəsinə ucalan Zaur İsmaylzadədən bəhs edən kitab gənclərə bir örnəkdi.
Tədbirdə kitabın müəllifi - AzTV-nin əməkdaşı, hərbi jurnalist Ötərxan Eltac, kitabın redaktoru pedaqogika elmləri doktoru, professor, əməkdar müəllim Pirəli Əliyev, Dədə Ələsgər Ocağı İB-nin sədri Xətai Ələsgərli, Xətai rayon Ağsaqllar Şurasının sədri, şəhid atası Mürvət Əzizov, şair Brilyant Atəş, şəhid bacısı, şair Lalə İsmayıl, Əməkdar Mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva, “Nənə” qızlar ansamblı, bəstəkar Yaqut Almaz, gənc müğənni Arif Mehmandost, şəhid ailələri, qazilər, ziyalılar, jurnalistlər, şairlər, müğənnilər, şəhidin yaxınları, doğmaları çıxış etdilər.
Məclisin üzvü Zülfiyyə İsmayılova şəhid Zaur İsmayılzadənin anasına Azərbaycan xanımlarının simvolu olan ipək kəlağayı hədiyyə verdi.
Şəhid haqqında video-çarx nümayiş olundu.
LƏNKƏRANDA
Tədbirin davamıı Lənkəranda oldu.
30 iyul, 2024-cü iildə Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində- Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan bəhs edən ''Buğra tələsi'' kitabının təqdimatı və anadan olmasının 29-cu il münasibəti ilə tədbir keçirildi.
Yenə öncə şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı. Dövlət himnimiz səsləndirildi. Yenə də tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı açaraq, şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan danışdı.
Lənkəran şəhər İcra başçısının müavini Ülviyyə Əliyeva bizi birliyimizə, bütövlüyümüzə qovuşduran qəhrəman oğulların şücaətindən, dövlətin şəhid ailələrinə diqqət və qayğısından söz açdı.
Zaur İsmayılzadədən bəhs edən video-çarx göstərildi.
Kitabın müəllifi Ötərxan Eltac, Əməkdar Mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva, Brilyant Atəş, Mübariz Süleymanlı, Rafiq Abbasov və neçə-neçə söz sahibi çıxış etdi.
Güllü Eldar Tomarlı sonda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Lənkəran Şəhər İcra Hakimiyyətinə və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Tədbir başa çatdıqdan sonra şəhidin məzarı ziyarət olundu.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.07.2024)