BİR SUAL, BİR CAVAB Musa Ələkbərli ilə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Sən elə o qızsan, həminki qızsan, 

Yaxşı bir şeirdən tutulan, dolan. 

Şirin duyğuların heyranı olan... 

Mən də o oğlanam coşan, çağlayan, 

Sevgidən havalı həmin o dəli... 

Deyə bilmədiyim sözün qurbanı, 

Aça bilmədiyim sirrin heykəli... 

(M.Ələkbərli) 

 

Əziz Musa bəy, Sevimli şairimiz, sevginin həmişə cavan qalmasının sehri nədədir? Sevgi niyə qocalmır axı? 

 

 CAVAB

Klassik poeziyamızdan kiçik bir örnək gətirmək istəyirəm.  

 

Haqqdan yanan bir çıraq, 

Bad ilə sönən deyil. 

 

 Sevgi həmişə gənclik, güc-qüvvət, ərşi-əlaya ucalmaq, dünyanı köksünə sıxmaq ehtirası üstündə köklənmiş əbədi bir hissdir. Neçə ki, dünyada gözəllik var, gözəllər var, bu hiss qocalmayacaq.  

 

...Dünyanı köksümə sıxıb gəlmişəm, 

Nə desən verərəm təki sən istə. 

İndi nağıllardan çıxıb gəlmişəm, 

Bir zümrüd quşunun qanadı üstə. 

 

Mənəm göydən düşən almaya ortaq, 

İsti kəlmələrdir qızılım, zərim. 

Şeirimlə açılar qırxıncı otaq 

Xəzinəyə dönər düşüncələrim... 

 

Mənə elə gəlir ki, sevənlərin hər birinin fərqinə vardığı, varmadığı bir qırxıncı otağı var. O otağın açarını itirməyənlər qocalıqdan, düşkünlükdən uzaq olur. Cismən qocalsalar belə. Vallah, bu sualınızın cavabını ürəyimcə ifadə edə bilmirəm. Qoy “Sevgi” adlı bir şeirimi oxuyum: 

 

Çoxdandı sinəmdə mürgüləmişdi 

Nə vaxtsız, nə qəfil oyandı sevgi. 

Damcı sevincimi tökdü gözümdən, 

Dərya kədərimə boyandı sevgi. 

 

 Ulduza qanad aç, ayı qucaqla, 

Qolların çatmayır? – Axı nə haqla? 

Könlündən dilinə köçürmə, saxla, 

Səni gözlərindən duyandı sevgi. 

 

 Hansı qəlbə axdı, ürəyə sızdı, 

Bir tonqal çatacaq... o amansızdı, 

Göydə günəş qədər təmənnasızdı, 

Yerdə yeri-göyü qıyandı sevgi. 

 

 Əlli il yalvaram, yüz il ləliyəm, 

Tanrı ağıl verməz mən tək dəliyə. 

Süstlüyə, sükuta, biganəliyə 

Haraydı, üsyandı, qiyamdı sevgi. 

 

 Açıq ürəyimdi, saf niyyətimdi, 

Bəlkə ona görə belə yetimdi?!  

Tarixdə tarixi həqiqətimdi, 

Həqiqətdən doğan röyamdı sevgi. 

 

 Dərk edə bilmədim xeyirdi, şərdi? 

Yaşadım bu ali, insani dərdi. 

Mən belə dünyadan çoxdan gedərdim, 

Dünyada ayrıca dünyamdı sevgi. 

 

 Şairin ən dəqiq, ən məntiqli intervüsü onun şeirləridir. Qoy başqa bir şeirimdən də sualınıza hardasa tən gələn misraları yada salım: 

 

Döngəyə, dalana dirənir bəzən 

Adamı hardasa yollar ləngidir. 

Dünyaya ürəklə bağlana bilsən 

Yaşın hər çağında sevgi sevgidir. 

 

Yanımdan yan ötsün qanlı süngüsü 

Əzrayıl adımı yada salmasın. 

Sevgi istəyirəm – tanrı sevgisi 

Həyat sevgisini məndən almasın. 

 

Sevgi istəyirəm – qəlbə dəyməyən 

Bənzəri, oxşarı olmayan sevgi. 

Yaşın yaş hökmünə boyun əyməyən 

Bütün fəsillərdə solmayan sevgi. 

 

Sevgi əgər ilahidən gəlirsə, onun sirri də, sehri də ancaq tanrıya məxsus olur. Biz bu sirri-sehri yaşaya bilirik, “nədən”inə vara bilmirik.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.