Kövrək qadının hekayəti - XATİRƏ YAZISI

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Yuxularınız nə zamansa, gerçək olurmu?

Bu sual mənə də o günə kimi maraqlı idi.  Həmin gün gecə qəribə yuxu görmüşdüm. O gün səhər evdən tez çıxmalı oldum. Avtomobilə əyləşəndə gözüm dolmuşdu. Sanki bu günün sonunda pis bir xəbər eşidəcəyimi hiss edirdim. Atam mənə “zəng et, bibinin halını soruş” dedi. Mən də evə qayıdanda mütləq soruşacağımı bildirdim. Evə qayıtdım. Amma bu səfər mən atama bir xəbər verməli yox, atam mənə xəbər verməli oldu. Atam artıq xəstəxanaya yola düşübmüş. Lapdan gələn zəngdən sonra nə baş verdiyindən hamı hali olsa da, xəsiyyətimi bikdiklərindən, mənə heç kim heç nə demirdi. Yəqin ki, mənim nə qədər həssas olduğum hamını qayğılandırırdı.  Amma mən əl çəkmədim. Axır məcbur qalıb evdəkilər bibimin vəziyyətinin pis olduğunu dedilər mənə. Atam da bunu xəbər etmək üçün zəng edibmiş. O andan sonra geri zəng etməyə saatlar keçsə də heç kimin cəsarəti çatmırdı. Mən anama “nə olar, zəng et, vəziyyəti öyrən” dedim. Amma buna rəğmən zəng edilməsini istəmirdim. Çünki ürəyimdə qəribə bir hiss var idi. Pis bir xəbər alacağımı bilirdim. Mən fincanıma su töküb, gəlib oturdum, anam zəng etdi.  Atamın o günki səsi, sözləri heç yadımdan çıxmır. Amma  ən çox yadımdan çıxmayan anamın bizim yanımızda çarəsiz vəziyyətdə “Allah  rəhmət etsin " deməsi oldu. 

Bu gün də bunları yazıya köçürəndə üç il qabaqki hisləri yaşayıram və gözlərimindən bibim üçün axan damcılar növbələşir. 

Mən vəziyyətin nə yerdə olduğunu bildim. Eşidən hamı ağladı, qucaqlaşdı. Mənsə fincanımı əlimdə güclə saxlayıb, donub qalmışdım. Yanlarına çağırsalar da, lazım deyil, yəqin ki, vəziyyət pisdir, ya da yanılırlar deyib özümü yalana inandırıb yatağıma doğru getdim. 

Hər zaman kədərli bir şey olanda mən yata bilmərəm. Bu dəfə yatıb duracam və hər şey bitəcək düşüncəsi ilə yastığıma süzülən damcıları silə-silə özümü yuxuya verdim.

Yuxu idi, ya gerçək?

Yuxu kimi bir gerçək idi. Ancaq çox qəribə bir şey olmuşdu. Mən səhər qalxanda qızdırma içində idim. Mən bu travmaları, əziz insanımı itirməyi qəbul edə bilmədim. Nə mən, nə də ağlım, ürəyim, vücudum. 

Bir dəfə də eyni hal yaşanmışdı. Ölüm halından həyata döndərə bilmişdilər. Onda da eyni duyğuları yaşamışdım. Hər gün hər şey ola biləcəyi duyğusunu yaşadırdı bizə həyat. Hər şeyə hazırlıqlı olun deyirdilər... İnanmayıb, yaxşı olacaq desək də, reallıq göz önündə idi. Əziz insanının ölə biləcəyini bilə-bilə möcüzə diləməkdən daha  betər nə var görəsən bu həyatda... 

Birinci dəfə o  hisləri yaşayanda uşaq olmağıma  rəğmən, əgər, ona bir şey olarsa, mən mərasimdə iştirak edəcəm, onu son mənzilə yola salanda, onunla vidalaşacam deyə hamını lərzəyə gətirmişdim. Uşaq idim... İstəmirdilər bu travma ilə yaşayım. Amma mən bilirdim ki, iştirak etməsəm, ömür boyu özümü bağışlamayacam və bu travmadan qurtulmaq, ümumiyyətlə, mümkünsüz olacaq. 

Axır hamını razı salmışdım. Amma səhər o cür qızdırmalı halda oyanmağım hamını biraz da qorxutdu... Həm mənim üçün, həm də ətrafdakı insanlar üçün təhlükə idi, mənim dəfndə iştirakım. Axı pandemiya dövrü idi. Birtəhər razı saldılar, qaldım evdə.  Yəqin düşünürəm ki, bu Allahın lütfü idi. Mən o mənzərəni yaşasa idim, yəqin ki, orada nəsə olacaqdı mənə. Çünki mən bənzədiyim insanı qucaqlaşmamış, sağollaşmamış, iki ay heç görməmiş soyuq torpağa əmanət edəcəkdim... Bundan əlavə də həm yaşım az idi, həm də əsəbləri gərgin birisi olduğum üçün belə hallarda çox həssas oluram.

Amma indi vəziyyət yaxşıdır? Yox, hər dəfə son dəfə onunla sağollaşmamışam deyə özümü bağışlaya bilmirəm. Bir yandan özüm- özümə sən insanları düşünmüsən desəm də digər tərəfdən özümü necə danlayıram, bir Allah bilir. Bağışla, mələyim, mənim bənzədiyim gözəl qadın, saçları ipək kimi olanım, mənim ipək kimi dümdüz saçlarımın mənə irsən əmanət olunduğu qadın. Bağışla ki, son görüşünə gələ bilmədim. Amma yeni evinə tez- tez gəlirəm. Həmişə də gələcəm. 

Uzun müddət xəstəlik mənim yaxamı  buraxmadı. Düzələn kimi məktəbə güclə getdim. Evdə qalsa idim dəli olacaqmı bilirdim. Hiss edirdim ki, hamı mənə fərqli davranır, qəlbimdə ən çox yeri olanımla otuzdurdular məni, onun nəzarətində idim sanki. 

Və 40 mərasimi də gəldi çatdı...

Artıq tam sağalmışdım. Öz borcumu heç olmasa orda yetirdim. Mənə “oğlumun toyunda kömək edərsən” demişdin, amma  mən sənin yasında kömək etdim... Elə ağladım ki, kim olduğumu bilməyənlər də maraq içərisində idilər. Bu ürəyimdə yığılanların səsi idi, son nəfəsi idi. O gün bu gündür ki, hər gün ağlayıram sənin üçün. Hansı məclisə getsəm, həm rəhmətə gedən üçün  həm də sənin üçün ağlayıram. Öz atanın məclisində də  ikiniz üçün də ağladım - ağladıq. Vaxtsız gedişin ürəyimizə elə bir dağ vurub ki, o çətin sağala. Mən hər həftə, hər gün ağladım. Gözümün yaşı məndən əl çəksə də mən əl çəkmək istəmədim.

Və bu gün səndən mənə əmanət, yadigar qalanlar var.

Heç görmədiyin nəvələrin var. Onları öz canımdan da çox istəyirəm mən. Doğma xalaları olmasam da doğma xaladan da artıq olacam onlara mən. Çünki onlar mənə sənin xatirəndir. Sənin qoxunu alıram. Sənin məni izlədiyini bilirəm və son danışığımızdakı sözlərini heç qulaqlarım unutmaq istəmir.

Rahat uyu, Bibi!

 

Dəyərli izləyicilərim, oxucularım, bu gün sizin oxuduğunuz bu  birinci şəxsin tərəfindən yazılan hekayə Covid19 vaxtında olan ölümlərin ümumiləşdirilməsindən götürülən və həyati hadisələri əks etdirən, real hadisədən bəhs edən hekayədir.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.