Super User
Qarlı qış günündə payi-piyada Xocalıya köməyə getmək istəyən Astara məktəblisi Pəncəli Teymurov barədə - AİDA EYVAZLI
Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Qarlı qış günündə payi-piyada Xocalıya köməyə getmək istəyən Astara məktəblisi Pəncəli Teymurov. İllər sonra Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-mayor Hikmət Mirzəyev onu Ordunun bel sütunu adlandıracaqdı. Mən“Qalibiyyət: Şahidlər, şəhidlər” kitabımda qəhrəman döyüşçümüz, şəhid Pəncəli Teymurov barədə də yazdım.
Həmin ildə qış həmişəkindən sərt gəlmişdi. Müharibənin ağır havası, gətirdiyi dərd-bəla insanları əlacsız qoymuşdu. Bir tərəfdən də cəbhənin acı xəbərləri, rayonlarımızın bir-bir ermənilər tərəfindən işğal olunması insanların həyata, hökumətə inamını qırmışdı. Elə həmin ağır günlərin birində, səhər açılar-açılmaz, Respublikaya xəbər yayıldı ki, ermənilər gecə Xocalını işğal edərək, orada qalan yaşlı, qoca, cavan - hamını güllədən keçirib, evləri yandırıb, şəhəri viran qoyublar. Gecə qaçıb canını qurtaranlar qarlı dağlara, meşələrə üz tutublar...
Bir neçə gündən sonra da bəlli oldu ki, o şaxtalı-çovğunlu qış gecəsində dağlara, dərələrə səpələnmiş 613 Xocalı sakini şəhid olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi məlum deyil. Xocalıda bir nəfər də yerli sakin qalmayıb, qadınlara, qızlara, gəlinlərə isə ərlərinin, atalarının, qardaşlarının gözü qarşısında təcavüz edilib, onlara göz dağı çəkdiriblər. Bu xəbər hamını için-için yandırırdı, insanlarımızın isə əli heç yerə çatmırdı. Təzə qurmağa başladığımız Müstəqil dövlətimizin nə silahı var idi, nə ordusu, nə də gücü. Könüllülərdən ibarət batalyonlar bacardıqları qədər qeyrət göstərib vuruşurdular... Xocalı Qarabağ savaşının qaysaq tutmayan yaralarından biri idi və xalqımızın qan yaddaşına hopmuşdu. Bu müharibəni gələcək nəsillərə də aşılamaq vacib şərtlərdən sayılırdı. Düşmənin zəbt etdiyi torpaqlar, viran qoyduğu rayonlar, kəndlər-obalar haqqında məlumatları isə vətənpərvər müəllimlərimiz məktəblərdə şagirdlərinə çatdırırdılar. Astara rayonunun Əzərud kənd məktəbinin tarix müəllimi Şirməmməd Fərəcov uşaqlarda vətənpərvərlik ruhunu yüksəltmək üçün əlindən gələni əsirgəmirdi. 1992-ci ildə onun dərs dediyi onlarla məktəblidən biri qardaşı oğlu Pəncəli Teymurov idi. 5-ci sinifdə oxuyan Pəncəli Teymurov əmisindən Xocalı hadisələrini eşidib bərk sarsılmışdı. Həmin ərəfədəki təlatümlü günlərin birində öz tay-tuşlarını başına yığıb, onları qarşıdakı meşəliyə aparmışdı və uşaqlara demişdi ki, əgər buradan yol tapsalar, Xocalıdan qaçıb, dağlarda itkin düşənləri kəndə gətirəcəklər. Bir xeyli gedəndən sonra məktəblilər anlamışdılar ki, bu qarlı qış günündə Qarabağa getmək çətin olacaq və kor-peşman kəndə qayıtmışdılar.Yolda Pəncəli bir ağacın yanında dayanıb gövdəsinə bir tank, bir qartal və bir də ilan şəkli cızmışdı. Yanındakı uşaqlara and içib demişdi ki, böyüyəndə gedib vuruşacaq, tankla o, ermənilərdən qisasını alacaq, tankı ilə onların başını bu ilan kimi əzəcək, sonra isə qartal kimi o dağların başında uçacaq... Uşaqlardan biri ondan soruşmuşdu ki: “Sənin qanadın var ki, uçasan?” Pəncəli ona sərt cavab verərək demişdi: “Adə heyyyy, görərsən, mən böyüyəndə təyyarələrdə, paraşütlərdə uçacağam...”
Hələ uşaqlıqdan Pəncəlinin xasiyyətində liderlik qabiliyyəti var idi. Həm dərslərini yaxşı oxuyardı, həm də ağır-yüngül işlərin qulpundan tutub böyüklərə yardım edərdi. Gah qoyun otarmağa gedər, gah ot yığımında iştirak edər, mal-qaranın damını təmizləyirdi... Bir sözlə, evdəki bütün bacı-qardaşları kimi, o da heç bir işdən çəkinməzdi. Daha çox ana babası Xeybər kişinin yanında qalardı. Xeybər kişinin də bir mahal dolusu ad-sanı var idi. Həm də dünyanın lap qurtaracağında, uca dağ başında yerləşən Əzərud kəndinə də, ətrafdakı digər kəndlərə də işığı o çəkərdi. Xeybər kişi o həndəvərdə peşəkar elektrik kimi ad çıxarmışdı. Bu kəndə işıq xətti çəkildikdən sonra radio işləmişdi, yavaş-yavaş evlərdə televizor da peyda olmağa başlamışdı.
İnsanların yüzilliklər öncə yurd saldıqları bu dağlar başdan-ayağa gözəllik mücəssiməsi idi. Burada mərdlər məskən salmışdılar, mətinliyi, cəsarəti də görünür, uca dağlardan almışdılar. Kişilərinin xasiyyəti bu yerlərin qışı kimi sərt, qadınlarının qəlbi bu yerlərin yazı kimi əsrarəngiz idi. 1986-cı ildə, Pəncəli hələ 5 yaşında olanda, babası Xeybərin yanına düşüb kəndbəkənd gəzər, onun evlərə işıq çəkməsini müşahidə edər, hündür dirəklərdə quraşdırılan transformatora həsədlə baxardı. Bir dəfə isə babasının gözündən oğurlanıb ən uca dirəyə dırmanmışdı və əlindəki naqili transformatora uzatmışdı... Ayılanda, özünü kənd adamlarının əhatəsində görmüşdü. Bu hadisəni özü yaxşı xatırlamasa da, qardaşı Elbrus indiyə kimi xatırlayırdı:
- Elə o zaman Allah Pəncəlini bizə bağışladı. Transformatorun cərəyanı vurub onu yarğana atmışdı.Yer torpaq olduğundan, onu torpağa basdırdım, birtəhər ayıltdım. Çox nadinc və dəcəl uşaq idi... Bir dəfə də kənddə quduz it ona hücum edib, o da itin boğazından yapışıb, itlə əlbəyaxa olub və iti boğmağa başlayıb. İt də uşağın başını alıb ağzına, çeynəyib. Onda Pəncəlinin başına 17 tikiş qoydular. İt kürəyini də yaralamışdı... Belə uşaq idi, heç kimdən, heç kəsdən qorxmazdı.
...Astaraya, Əzərud kəndinə getmək üçün kəndin mərkəzinə gələndə sürücülər bizə dedilər ki, ora gedən yol bağlıdır, yeni yol çəkildiyi üçün kəndə çatmaq müşkül məsələdir. Mənimlə yola çıxan bələdçiyə dedim ki, oğul, bilirsən nə var, mən o şəhidlərimizin adını tutub hara gedirdimsə, yollarım açıq olurdu. O oğulların ruhu məni qorudu və istədiyim yerə aparıb çatdırdı. İndi də o ruhlar bizi aparacaq. Həmin dəqiqələrdə Pəncəlinin ruhu bilirdi ki, mən onun ocağına gedirəm. Yunus Əmrənin bir bəndini xatırladım:
Ərzurumun gədiyinə varanda,
Onda gördüm büləm-büləm qar gəlir.
Lələ dedi: - Gəl bu yoldan qayıdaq,
Kərəm dedi: - Namusuma ar gəlir.
Dağların gədiyinə qədər gəlib, aşağıda Pəncəlinin qardaşını gözlədik. Famil Teymurov Niva avtomobili ilə yetişib, bizi dağ üzü yuxarı apardı. Dedi ki, kəndin yolunu 1 saat bundan əvvəl açıblar.
Mən dağları görəndə, ürəyim də dağlar qədər böyüyür. Avqustun cırhacır isti günlərindən birində baş tutmuşdu bu görüş və yayda dağlar bütün gözəlliyini çılpaqlığı ilə göz önündə sərgiləyirdi. Dağ aşırımlarını aşdıqca təbiət özünün füsünkar mənzərəsi ilə könlümü valeh edirdi. Gah qayalıqlarda bitən cürbəcür ağaclar və kollar, sal daşların arasından axan büllur bulaqlar, dərələrdə çaya dönüb aram-aram axan sular... Mənə elə gəldi ki, bu gözəllikləri görən insanlar heç vaxt pis əməl sahibi ola bilməzlər. Adamlar bəzən yaşadıqları təbiətə oxşayırlar. Bu, birmənalıdır. İnsan təbiətlə harmoniyada yaşayanda, dünyanın maddi nemətlərinə deyil, təbiətin yaratdığı gözəlliklərə könül verdiyindən, gözü-könlü tox olur, təbiəti sevən Tanrısını sevir, Tanrısını sevənin isə vətəninə, elinə, torpağına məhəbbəti bitib-tükənmir...
Kəndin yolunun üstündə səliqə ilə hasara alınmış lövhədə Azərbaycan torpaqlarının müstəqilliyi uğrunda şəhid olmuş üç Əzərudlu gəncin şəkilləri vurulmuşdu. Şəkillərin başı üzərində üç rəngli Azərbaycan bayrağı dalğalanırdı. Onu yüksəklərdə görəndə həmişəki kimi ürəyim nanə yarpağı tək əsdi və titrədi... Bayrağı ucalarda görmək ən gözəl hissdir. Famil müəllim dedi ki, bu abidəni qardaşı şəhid olandan sonra kəndin şəhidlərinin də adına hörmət və ehtiram əlaməti olaraq, öz zəhməti ilə düzəltdirib. Onun söylədiklərindən:
- Çalışırıq ki, nəsə bir iş görək, qardaşımızın ruhu şad olsun. Pəncəli məndən böyük idi. Evin kiçik oğlu mən olmuşam. Atam çox təmkinli, sakit bir adam olub. Kənd məktəbində gözətçi işləyib, zəhməti ilə 7 uşaq böyüdüb. Bizim yaxşı günlərimiz Pəncəlinin əli çörəyə çatandan sonra başlayıb. Pəncəli Xüsusi Təyinatlı Qüvvələrin tərkibində çalışdığı gündən ailəmizə kömək əlini uzadıb. Birimizə ev tikdirib, digərinə toy çaldırıb, məni isə oxutdurub. Bu gün öz kəndimizdə millətimizin balalarına ingilis dilini öyrədirəm. Özü ali təhsil ala bilmədi, ancaq məni oxutdurmağa gücü çatdı. O, uşaqlıqdan cəld və qoçaq idi. Yadımdadır, biz uşaq olanda, kənddə bir nəfərin evində video-maqnitofon var idi, tez-tez o qonşunun evinə gedir, Brüs Linin filmlərinə baxırdıq. Pəncəli bizdən fərqlənirdi, onun üçün Brüs Linin hər bir hərəkəti maraqlı idi. Kinodan öyrəndiyi fəndləri sonra yaşıdları ilə, özündən böyüklərlə təşkil etdiyi idman yarışlarında tətbiq edirdi. Brüs Linin bütün fəndlərini əzbər öyrənmişdi. Pişik kimi cəld idi. Onun üçün bu dağlarda-dərələrdə keçilməz sədd yox idi.
Famil Teymurovdan bu dolanbac dağ yollarını yay-qış, payız fəsillərində necə gedib-gəldiklərini soruşdum. Cavabı belə oldu:
- Kəndimizin hazırda 2000-ə yaxın əhalisi var. Məktəbimizdə 160-dan artıq şagirdə 22 müəllim dərs deyir. İnsanın düşdüyü mühit, doğulduğu yer onun yaşam tərzini formalaşdırır. Bizim kəndin insanları heç vaxt bu yerlərdən şikayətçi olmayıblar. Kəndimizdən dağın ətəyinə ayaqla adi günlərdə bir saata düşmək olur, 1 saat yarıma isə dağa çıxmaq olur. Lap qədimlərdə at-eşşəklə çıxıblar bu yolları. Şükür Allaha ki, evin odununu-istisini, ruzisini elə bu ətrafımızda olan dağlar verib camaata. Uzağa getməmişik. Sonra da bu yolları “TT 75” traktoru ilə gedib-gəliblər. Elə vaxt olub ki, qarlı-yağışlı havalarda traktor da batıb qalırdı. Ancaq insanlarımız bu yerlərin təbiətinə o qədər bələddirlər ki, heç vaxt yolda qalmayıblar. Hər vaxt mənzillərinə salamat gəlib yetişiblər. Qardaşım Pəncəli 10-cu sinfi bitirəndən sonra ilk dəfə hərbi komissarlığa qeydiyyata düşmək üçün bu yolu sevincindən ayaqla getmişdi. Pəncəli 4 il ana babamın yanında qalmışdı. Babam Xeybər kişi ona tapşırmışdı ki, döyülsən, evə gəlmə. Babamın dedikləri onun qulağında vəsiyyət kimi səslənmişdi. O, çətinlikdən qorxmazdı, gücünü bu dağlardan, təbiətdən almışdı, mərdliyi, kişiliyi isə babamdan öyrənmişdi. Onun vətən sevgisi vətənin çölləri, dağları, dərələri, təpələri qədər ucsuz-bucaqsız idi... Şəhidliyindən sonra yoldaşları danışırdılar ki, hərbi hissədə xüsusi tapşırıqlar olanda, tapşırığa onu göndərməyəndə, uşaq kimi küsüb, inciyər, hirslənərmiş. Nə tapşırıq olurdusa, hamıdan əvvəl “mən”, deyib qabağa çıxarmış... Təsəvvür edin ki, 35 yaşında onun hərbi xidmətdə qulluq səlahiyyətləri başa çatacaqdı. Bizimlə oturub söhbət edəndə, deyirdi ki, “Görəsən, mənim qulluq vaxtım bitəndən sonra neyləyəcəyəm? Mən Ordusuz yaşaya bilmərəm”. Onun yas məclisində iştirak edən Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-mayor Hikmət Mirzəyev deyirdi ki, XTQ-nin giziri olan Pəncəli Teymurov Ordunun bel sütunu idi. Onun şücaətlərindən danışırdı. Sonradan bildik ki, qardaşım əks kəşfiyyat əməliyyatlarında necə uğurla iştirak edib, düşmənə qəti və sarsıdıcı zərbələr endirib... İnanıram ki, onun iştirak etdiyi əməliyyatlar haqqında dosye nə vaxtsa açılacaq, Pəncəli Teymurov tarix kitablarında, sənədli filmlərdə xatırlanacaq... Dostları onun həmin aprel döyüşlərində Goranboydan üzü Talış yüksəkliyinə qədər, Ağdərədə necə ürəklə, həvəslə, qəhrəmanlıqla vuruşduğunu və döyüşdüyünü dedilər. Deyirlər ki, həmin gecələrdə Pəncəlinin döyüş ruhu bir ordunun gücünə bərabər idi. Qarşısına çıxan düşmənləri məhv etdikcə, qanı coşub-daşırdı...
Famil müəllim dövrümüzün qəhrəmanı Pəncəli haqqında danışanda, Əmir Teymurun düşmənlə döyüşdən sonra Ordu qarşısında etdiyi bir çıxışını xatırladım. Həmin çıxış “Tüzüklər” kitabında yazılıb: “Düşmənin başını bir zərbə ilə, qılıncla bədənindən üzdüm, onun yerdə qalmış cansız bədənindən qan yaşıl otlar üzərinə axdıqca, mən sanki yenidən güc alırdım. Düşmənin qanını axıtmaq, ona dərs vermək əsl qəhrəmanlıqdır”.
Əzərud kəndinin adı Peştəsər dağ silsiləsinin ətəyindən axan çayın adı ilə bağlıdır. Su aydınlıqdır. Bu kəndin insanları yüzilliklər boyu ocaqlarını sönməyə qoymayıblar. Zaman ötdükcə, nəsillər bir-birini əvəzləyib, soy-kökə bağlı milli dəyərlər bu dağların arasında qorunub, saxlanılıb... Kənddə çalınan toylardan biri 1976-cı ildə çalınıb, Teymurovlar ailəsinin bünövrəsi o zaman qoyulub və bu dağlarda bitən dəmirağacı kimi möhkəm olub. Tanrı da 9 nəfər külfətin ruzisini pis-yaxşı verib. Ötən günlərdən ailənin başçısı Nurməhəmməd kişi danışdı:
- Mən orta məktəbdə oxuyanda Pəncəli adında bir sinif yoldaşım var idi, dost idik, çox cəsur oğlan idi. Məktəbi bitirəndən sonra o, hərbçi oldu.1981-ci ilin martın 24-də oğlum doğulanda, dostumun şərəfinə ona Pəncəli adını qoydum. Pəncəli də dostum kimi, mərd bir oğul oldu, hər zaman üzümü ağ etdi. Əsgərliyə gedəndən 10 ay sonra məktub yazdı ki, ata, izn ver, mən Təlim Tədris Məktəbinə gedib, hərbçi olum. Çarəm nə idi, onun arzusuna qarşı çıxa bilməzdim. Kənddə qalıb neyləyəcəkdi ki... O gündən başlayaraq, hər zaman Pəncəli haqqında xidmət etdiyi hərbi hissələrdən minnətdarlıq və təşəkkür məktubları aldım. Oğlum düz 17 il vətənin keşiyini çəkdi, xalqına, vətəninə, millətinə, torpağına xidmət etdi. Lakin biz bir dəfə də olsun, onun nə işlə məşğul olduğunu bilmədik. Sonradan məlum oldu ki, ermənilərdən qisasımizı layiqincə alıbmış. Onun etdiyi igidlikləri eşidəndə içim qürur hissi ilə dolur... Onun ölümü haqqındakı xəbərə hələ də inanmıram. Elə bilirəm ki, sağdır, nə vaxtsa qayıdacaq. Gözüm onun getdiyi yoldadır... Gəldiyi-getdiyi yollar şəkil kimi qalıb gözlərimdə. Haradan baxıramsa, onu görürəm. Barı özündən sonra bir yadigarı qalsaydı...
Uca dağlar döşündəki həyətə, qocaman çinarın ətrafına yığışan qohum-əqrəba Pəncəli haqqında xatirələri vərəqlədikcə anası Vahimə bibi alışıb yanır, göyüm-göyüm göynəyirdi. İstədim soruşam ki, bibi, Pəncəlinin həlak olması xəbərini eşidəndə nə hisslər keçirdin? Bir an keçməmiş fikirləşdiyim sualdan utandım. Adam da oğlu ölən anaya belə sual verərmi? Araya çökmüş müvəqqəti sükutu Vahimə bibi özü pozdu:
- Pəncəli beşikdə olanda gəlib bu dağın ortasındakı həyətdə yurd saldıq, ocaq qaladıq. O zaman üç övladım var idi. Çox ağır günlərlə onları böyütdük. Zülmlər çəkdik. Kişi fəhlə işlədi, özüm də sovxozda fəhləlik etdim. Səhər 8-də çıxırdıq, axşam saat 8-də gələrdik. Böyük qızımın 8 yaşı olardı. Sonra o biri uşaqlar da gəldi dünyaya. Böyüdükcə, hərəsi bir işin qulpundan yapışdı. Kimi təndir qalayır, bulaqdan su gətirir, kimi çayda paltar yuyur, kimisi də toyuq-cücəni, mal-qaranı rahatlayırdı. Cəsurluqda və zirəklikdə isə Pəncəli o biri uşaqlardan çox seçilirdi. Sonra hərbçi oldu. İş elə gətirdi ki, aylarla üzünü görmədim, səsini eşitmədim. Bir də görürdün dizə qədər yağan qara bata-bata gəlib. Elə keçib təzə otururdu ki, hərbi hissədəki komandanlığından zəng gəlirdi, heç gözlərinin çimirini almamış, yenə də geri qayıdardı. Adına bişirdiyim yemək, adına açdığım süfrə toxunulmamış qalardı. Yanıb-tökülərdim. O bu kəndə gələndə bütün kənd camaatı tamaşasına, söz-söhbətini eşitməyə yığışardı. Hərəni bir şirin dil ilə dindirib, könlünü alardı. Onun gəlişi bu həyəti toy-bayrama bürüyərdi. Bir dəfə də evə gələndə, oturub elə bu ağacın altında söhbət etmişdik. Deyirdi ki, ana, elə ailələr var ki, uşaqları həlak olur, tabutu evlərinə aparanda, valideynləri zabitlərə, əsgərlərə hücum edirlər, bu çox pis işdir.Yazıq əsgər neyləsin ki? Mən də deyirdim ki, ay oğul, sən bu sözləri mənə niyə deyirsən ki? O da cavab verirdi ki, ay ana, belə hadisələr başımıza gəldiyi üçün deyirəm ki, biləsən, bu cür ağır günlərdə o tabutu gətirən əsgər ikiqat əzab çəkir. Yaxın dostunu, xidmət yoldaşını itirmək ağır məsələdir... İndi ölümündən sonra onun hər sözünü xatırlayıram... Fikirləşirəm ki, Pəncəli mənə öz söhbətləri ilə kitablar qoyub gedib, hər xatirəsi bir kitablıq vəsiyyət və nəsihətdir...
Söhbətə Pəncəlinin böyük qardaşı Elbrus Teymurov da qoşuldu:
- Bir dəfə kiçik qardaşımız Əfrailə kimin ona borclu olduğunu, özünün kimə borclu qaldığını sadalamışdı. Əfrail də bunu nə üçün dediyini soruşanda, cavab vermişdi ki, qardaş, bilməyin yaxşıdır. Sonra da əlavə etmişdi ki, biz bu canı vətənə qurban demişik, bir gün gedib dönməyə də bilərik... Qardaşım axırıncı dəfə mart ayının 24-də bizimlə danışdı. Əslində onu gec-gec görməyə, günlərlə telefonunun susmasına alışmışdıq. Tərtər istiqamətində döyüş dostları – Murad Mirzəyev, Samid İmanov, Mühüd Orucovla birgə Talış yüksəkliyinin, Seysulanın alınmasında iştirak etmişdilər. Əməliyyatları da çox uğurla aparmışdılar. Onlar getdikləri yerdən hər zaman “əlidolu” qayıdırdılar, düşmənin qarışıq yuxularına, qorxulu gecələrinə çevrilmişdilər. Onlar ölmək üçün deyil, vətən torpağını geriyə qaytarmaq üçün 24 ildən artıq gözlədikləri döyüşə atılmışdılar və mərdi-mərdanə şanlı bir tarixi yazmışdılar. Bir qoşun əsgər gəlsəydi, o igidlərlə bacara bilməzdi. Onlar gecənin bağrını yaran əməliyyatçılar idilər. Qardaşım aprelin 3-də həlak olubmuş, bizim isə heç nədən xəbərimiz yox imiş. Çünki biz heç vaxt təsəvvürümüzə gətirə bilməzdik ki, pəhləvan və şir cüssəli, xüsusi təyinatlıların əfsanə giziri olan qardaşım, nə vaxtsa erməni gülləsindən həlak olar... Əslində qardaşım şəhidliyi özü arzulamışdı. İndi sosial şəbəkələrdə, saytlarda Pəncəlinin öz toy günündə dediyi sözləri paylaşırlar və bütün dünya onu dinləyir. Orada qardaşım deyir ki: “Dostlar, həqiqətən, bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidqi-ürəklə deyirəm, hər zaman, hər an xalqım üçün, torpağım üçün, vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın...” Bəzən Tanrı insanların arzularını bir göz qırpımında yerinə yetirir. Pəncəli Teymurovu da Tanrı öz dərgahına, bəlkə, ona görə tez apardı.
Pəncəlinin anası Vahimə bibi söhbətə müdaxilə etdi:
- Həmin aprel günlərində bir də baxdım ki, televizorda şəhidlərimizin olması haqqında xəbərlər gedir. Artıq oğlumla xidmət edən zabit və gizirlərin adlarını çəkirdilər. Deyirdilər ki, şəhid olublar. Onlara bu həyətdə o qədər qulluq eləmişdim ki... Özümə zülm etdim. Əllərim göydə, dizlərim yerdə qaldı. O soyuq günlərdə nə evdə duruş gətirə bildim, nə çöldə. Hava da birdən-birə dəyişdi, qar yağmağa başladı. Dedim, görəsən bir dəfə Pəncəlinin səsini eşidə bilərəmmi... Aprelin 3-nə kimi zəng çaldıq, cavab vermədi. Ancaq özümü sakitləşdirirdim ki, Pəncəliyə heç bir şey olmaz. Yoxluğunu qətiyyən ağlıma gətirmirdim. Elə hey, gözüm yolda, qulağım səsdə idi. Aprelin 10-u axşam saat 5 olardı. Ürəyim köksümdə çırpınırdı. Bu evin qapılarını açıb çölə çıxmaq istədim. Bu zaman bir quş içəri keçdi. Gəlinə dedim ki, ay qız, pəncərəni aç, o quşu burax havaya, burda ürəyi partlayar. Famillə atası da evdə oturmuşdular. Qapı-pəncərəni taybatay açdıq, quş evdən çıxmadı. Başladı başımın üstündə qanad çalmağa. Bir də gördüm ki, Famil qışqırır: “Ay ana, evimiz yıxılıb, ay ana tifaqımız dağılıb... Pəncəli ölüb...” Haraydan ürpəndim, başımı götürüb həyətə çıxanda gördüm ki, həyət adamla doludur. Bir nəfər dedi ki, icra nümayəndəliyindən deyirlər ki, qardaşı və atası gəlib yolda tabuta baxsınlar, sonra həyətə aparaq. Özümü ələ alıb təmkinimi pozmadım, dedim ki, oğlumun tabutunu gətirin, açın, özüm də baxım... Pəncəli ölümündən əvvəl mənə nəsihətini etmişdi. Onun sözləri qulaqlarımda cingildədi. Sakitcə balamın buz kimi üzünə baxdım. Dedim, aparın, dəfn edin. Dərd mənim dərdimdir, onu oğlumun adına layiq çəkməliyəm. Kaş ki, ölməyəydilər... O zabitlər, o gizirlər bu dövlətin gərəyi, sütunu idilər. Oğlum 17 yaşından vətəni qorumağa başladı, bizi yox, vətəni seçdi. Vətəni qorudu. Bir çox xarici ölkələrdə təlimlər keçdi. Türkiyənin Özəl Küvvetler Komutanlığının “Yurdda sülh, cahanda sülh” adlı medalına layiq görüldü. Xüsusi əməliyyatları uğurla başa vurduğundan 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olundu. Ölümündən sonra isə yenə ölkə rəhbərinin təqdimatı ilə “Vətən uğrunda” medalı ilə qiymətləndirildi. Mən dövlətimizdən oğlumun xatirəsinin yaşaması üçün adının əbədiləşdirilməsini istəyirəm. Çünki bu tarix bizim silinməyən şərəf tariximizdir.
Pəncəlinin döyüşlərdə göstərdiyi şücaət 1941-1945-ci illərdə şücaət göstərən qəhrəmanlarla – Həzi Aslanovla, Ziya Bünyadovla bərabər tutulur. Onu da bildim ki, Nurməmməd kişinin atası Hənəfə kişi də elə Həzi Aslanovun komandirlik etdiyi 416-cı Taqanroq dviziyasında atıcı olub. Əzərud kəndində Pəncəli Teymurov ocağında söhbət zamanı 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov barədə maraqlı tarixi bir faktı xatırladılar:
- Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı Russkaya Duqa deyilən ərazidə apardığı Oryol - Kursk döyüşünə görə, o döyüşdə göstərdiyi şücaətə görə 47 ildən sonra verildi. Haqq-ədalət öz yerini tapdı. Biz nisbətən gənc idik. O zaman Musa Bağırov adlı bir azərbaycanlı jurnalist Həzi Aslanovun xidmətlərini araşdırırdı. Həzi Aslanova aid olan sənədləri də Moskvanın arxivlərindən tapıb üzə çıxartmışdı. Və həmin sənədləri SSRİ Müdafiə Nazirliyinin baş inspektoru, marşal İvan Baqramyana təqdim etmişdi. Lakin neçə il gözləsə də, bu təqdimat baş tutmamışdı. Sonra isə SSRİ Silahlı Qüvvələri Qərargahının baş katibi, marşal Sergey Fyodroviç Axromeyevə həmin sənədləri çatdırmışdı. Yəhudi kökənli Axromeyev Mərkəzi Komitədə oturan ermənilərdən fərqli olaraq, həm Həzi Aslanova, həm də ki, Azərbaycana xüsusi məhəbbəti olan bir şəxsiyyət idi. O, Musa Bağırovun məktub və təqdimatlarını diqqətdə saxlayıb, Mixail Qorbaçovun köməkçisi erməni Anostas Mikoyanın başı üstündən SSRİ-nin prezident Mixail Qorbaçova təqdim edə bilmişdi. Aradan ötən uzun illər ərzində Mərkəzi Komitədə kök salan ermənilər azərbaycanlılara aid sənədləri hər zaman məhv etməyə çalışmışdılar. Yalnız bu təqdimatdan sonra Mixail Qorbaçov 1991-ci il iyunun 21-də Həzi Aslanovun İkinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi barədə qərarı təsdiqləmişdi. Bu qərar o vaxtkı “Zaman” proqramında səslənəndən sonra erməni düşmənlərimiz Şahnazarov, Aqanbekyan bizim ünvanımıza böhtanlı və qərəzli yazılar yazdılar, lakin biz hədəfimizə nail olmuşduq. Arxivlər açılandan sonra o da məlum oldu ki, Həzi Aslanovun döyüşdə həlak olması planını da elə ermənilər özləri təşkil etmişdilər...
Pəncəlinin orta məktəb müəllimi Şirməmməd Fərəcov əlavə etdi:
-Bu kəndin hər qarışı, hər ocağı qəhrəmanlar yetişdirir. Kəndimizin tarixi eramızdan əvvəl II minilliyə gedib çıxır. Tarixi öyrənmək üçün həmin yerin maddi mədəniyyət nümunələrinə baxmaq yetərlidir. Bizim ən qədim tarixi abidələrimiz qəbirlərdir. Eyni zamanda, eramızdan əvvəl IV-II minilliyə, tunc dövrünə aid bəzək və məişət əşyaları da aşkarlanıb və bütün bunlar bu dağların sirlə dolu olduğunu sübuta yetirir. Kəndimizin ərazisində yaşayış mərhələləri iki-üç dəfə dəyişilib. Müharibələr olub, bu torpağı gah səlcuqlar istila ediblər, gah da ərəblər burada hökmran olublar. Ərdəbildən, Gilandan keçənlərin də izlərini sezmək mümkündür. Biz Az və ya Əz tayfalarından qalanlarıq. O tayfalar da buraya Qaradağdan - talışca “Siya Kuh” deyilən yerlərdən gəlmişlər. Əslində burada məskən salan son tayfalar qaradağlılar olublar. Onların ata-babaları talışlardır. Burada türklərlə talışlar bir yaşayıb, eyni icma sahibi olublar. Aralarında heç bir problem yaşanmayıb və tarixin heç bir səhifəsində heç bir iğtişaş qeydə alınmayıb. Geopolitik sistemlər, siyasətlər nə qədər dəyişsə də türk və talış tayfalarının mehribanlığına, birliyinə xələl gətirə bilməyib, talışla türkü ayrı salmaq mümkün olmayıb. O zamandan bu zamana qaynayıb-qarışıblar. Bizi nə tarix, nə də təbiət dəyişmədi. Pəncəli də kəndimizin, elimizin, obamızın mərdlik xüsusiyyətlərini özündə cəmləşdirmişdi. O, mənim şagirdim idi. Yaxşı oxuyurdu dərslərini. Əslində, bu gün bizim məktəbdə oxuyan bütün uşaqlar Pəncəli kimi vətənpərvər, yurdsevərdirlər. Bizim müəllimlərimiz onları bu cür yetişdiriblər. Artıq Pəncəli öz məsləyini seçmişdi. Bir dəfə yenə bu həyətdə oturmuşduq. Azərbaycan Prezidentinin “İgidliyə görə medalı” ilə təltif olunmuşdu. Soruşdum ki, oğul, o medalı sənə niyə verdilər. Söhbəti yayındırdı. Sonra əlimi apardım başına, saçlarının arasında gəzdirib, uşaqlıqda it gəmirən yerlərin qalıb-qalmadığı ilə maraqlandım. Dedi ki, saçımı dibdən qırxdıranda, görünür yerləri... Həmin günü astaralı digər Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyevi xatırlayıb dedi ki, “Əmi, Mirzə Cəbiyev 19 yaşında qəhrəman oldu. O, Şərqi Prussiyanın Ginzberq şəhərində Qələbə bayrağını yüksəltdi. Gün o gün olsun ki, mən də bayrağımızı Şuşaya asanlardan olum”.
Pəncəlinin qardaşı Famil dedi ki, dünənə qədər məktəblərimizdə Həzi Aslanov, Ziya Bünyadov, Mirzə Cəbiyevlə bağlı dərslər keçirilirdisə, bu gün eyni məhəbbətlə Pəncəli Teymurov, Raquf Orucov, İnqilab Quliyev, Vüqar Yusifov haqqındakı dərslərə xüsusi diqqət yetirilir. Axı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev də öz çıxışlarında daim deyir ki, Aprel döyüşləri Azərbaycanın qəhrəmanlıq salnaməsidir. Bu döyüşləri və o döyüşü aparanları unutmaq olmaz! Aprel döyüşləri haqqında hələ çox kitablar yazılacaq, o döyüşün ruhundan hələ çox danışılacaq.
Kəşfiyyatın əfsanə giziri sayılan, ömrünün 17 ilini Xüsusi Təyinatlı Qüvvələrdə ən ağır əməliyyatlarda keçirən, qəhrəmanımız, Aprel döyüşlərinin unudulmayan şəhidi Pəncəli Teymurovun xatirəsi bu xalqın yaddaşında əbədi yaşasın deyə, onun qardaşı Elburus Teymurov doğulduqları ata ocağında, öz qazancı və halal zəhməti ilə “Pəncəli Teymurov Muzeyi” yaradıb. Muzeyin binasının tikintisi 1 il yarıma başa gəldi. 2018-ci ildə aprel ayında açılışı oldu. Muzeydə Pəncəlinin və aprel döyüşlərinin qəhrəmanlarının həyatından bəhs edən sənədlər, Pəncəli Teymurovun özünə aid olan əşyaları, paltarları saxlanılır. Bundan sonra bu muzey insanlarda qəhrəmanlar dərsinin ünvanı olacaq. Məktəblilər burada qəhrəmanın həyat yolunu öyrənməklə bərabər, həm də əyani tarix dərsləri keçəcəklər.
***
Pəncəli Teymurovun döyüş yoldaşlarının xatirələrindən:
“Həmin gecə... Aprelin 1-dən 2-nə keçəndə, düşmənin təxribatının qarşısını almaq üçün döyüşə yollanan hərbçilərimiz sanki ov ovlamağa, quş quşlamağa çıxmışdılar. Onların oturduğu döyüş maşınının içərisində ancaq gülüş və zarafat səsləri eşidilirdi. Pəncəli də maşının yük hissəsinin baş tərəfinə keçib oturmuşdu. Kefi kök idi. Əslində, döyüşə gedib-gəlmək, ağır əməliyyatlarda iştirak etmək xüsusi təyinatlılar üçün adi həyat tərzidir”...
“Döyüşün əvvəlində Azər Məmmədov ağır yaralanmışdı. Azərin yaralandığını görən digər xüsusi təyinatlı zabit Həsrət Almasov onu kürəyinə alıb, əsgərləri ilə bərabər döyüş bölgəsindən çıxarmışdı. Seysulan düşməndən təmizlənmişdi. İndi növbə xüsusi təyinatlıların idi. Bir neçə qrupa bölünmüş xüsusi təyinatlılar bu dağların-daşların yollarını əzbər bilirdilər. Burada hər kolu-kosu tanıyırdılar, meşəyə, dağa-dərəyə dəfələrlə kəşfiyyata gedib, verilən tapşırıqları uğurla yerinə yetirmişdilər. Nəhayət, verilən tapşırığa əsasən ordumuzun xüsusi təyinatlıları Murad Mirzəyevin, Mühüd Orucovun və Samid İmanovun rəhbərliyi ilə Seysulanda çox uğurlu bir əməliyyatı həyata keçirmişdilər. 6 nəfərlik ilk qrup səhər saat 5-6 radələrində Talış kəndinə girəndə, kənddə ancaq başlı-başına gəzən mal-qara gözə dəymişdi. Pəncəli isə bir neçə saat əvvəl cəbhənin Gülüstan qalası tərəfindən istehkamı açmalı idi. O, ermənilərin nəzarətindəki məntəqəyə uzanan ensiz dağ yoluna tək-tənha çıxmışdı, UAZ-ı saxlayaraq, maşında olan ermənini göz qırpımında məhv etmişdi. Həmin vaxt bir neçə il əvvəl Kəlbəcər istiqamətində etdiyi oxşar bir əməliyyatı da xatırlamışdı. Düşmənin mövqelərinə girərək, təkbaşına 45 nəfəri məhv etmişdi. Bir dəfə isə 4 nəfər erməni hərbçisini minaya salmışdı. Xocalı soyqırımını törədən erməni zabitini səhər tezdən, hava işıqlaşanda izləmişdi. General-mayor rütbəsini almağa yollanan erməni polkovnikini qanına qəltan etmişdi, geri dönərkən əlində çox dəyərli sübut gətirmişdi. Uşaq vaxtı onu rahat buraxmayan Xocalı qurbanlarının qisasını almışdı. Bir dəfə isə sürücüsünü və içərisindəki hərbi heyəti məhv etdiyi düşmən maşınını gətirib öz mövqelərimizə çıxartmışdı. Hətta dostlarına demişdi ki, bu UAZ-ın hissələrini söküb yadigar saxlamaq üçün kəndə aparacaq... 2014-cü ildə isə iştirak etdiyi əməliyyatda 18 nəfər düşməni bir andaca partladaraq məhv etmişdi. Pəncəli Teymurov göstərdiyi igidliyi dilə gətirməz, bəzən onları dostlarının adına yazardı”...
“Son yaz ayında, həmin aprel günlərində əməliyyata çıxmaq Pəncəli üçün yerdən göbələk, çiyələk yığmaq kimi asan bir məşğuliyyət idi. Nahaq yerə ona “Xüsusi Təyinatlıların əfsanəsi” adını verməmişdilər. Həmin aprel səhərində bir dəfə Talış kəndinə girib, daha sonra Seysulan tərəfə keçərək, üzərinə düşən tapşırığı yerinə yetirmişdi. Alınan mövqedə postları möhkəmləndirmək üçün Murad Mirzəyev, Samit İmanov da onun açdığı istehkamla hərəkət edirdilər. Hətta 40 dəqiqəyə 11 kilometrlik kəsmə yolu da qət etmişdilər. Azərbaycan Ordusunun cavab atəşlərindən çaşan, hər zaman “Ohanyan xətti” deyib qoruduqları mövqelərdən qaçan ermənilər pərən-pərən düşmüşdülər. Əsgərlərimizin yenicə aldığı səngərlərdə və mövqelərdə hərbçilərimiz bərkitmə işləri aparırdılar. Arxadan həm də kömək gözləyirdilər... Bir qədər vaxt keçəndən sonra qarşı tərəfdən yenə də artilleriya hücumları şiddətlənməyə başladı... Pəncəlinin və onun yanında olan zabitlərin dayandıqları səngərə düşən mərmidən Pəncəlinin əlindəki avtomat və başındakı qoruyucu şlem yerə düşdü. Top mərmisinin zərbəsi Pəncəlini götürüb səngərin o biri üzünə atdı. 17 ildə heç zaman gizir Pəncəli Teymurov belə zərbə görməmişdi. Ancaq özünü itirmədi, yıxıldığı yerdən ayağa durub, silahını götürərək səngərdən qabağa tullandı... Arxadan Murad Mirzəyev və Samid İmanov onu nə qədər çağırsalar da Pəncəli onlara hay vermədi, çünki eşitmirdi... Pəncəli kontuziya almışdı. O, özündən asılı olmayaraq, döyüş vərdişlərinə əsasən yenidən hücuma keçmişdi. Hücuma keçdiyi ərazidə, qarşıda mənfur düşmən idi. Düşmənin ikinci dəfə atdığı ağır texnika atəşindən Pəncəli yaralanaraq, yerə yıxıldı... Üzbəüz döyüşə qalsaydı, Pəncəli erməniyə can verməzdi... Belə olmamalıydı... Pəncəli hələ Şuşaya bayraq sancmaq istəyirdi axı..”.
“Pəncəlinin ruhu bədənini tərk etdi və Tanrıya qovuşdu. Tanrı dərgahında Yerə baxaraq gülümsəyirdi Pəncəli... Çünki o yüksəklikdən ruhu bütün olanları görürdü... Bir az bundan əvvəl, döyüş yoldaşları ilə birlikdə kömək gözləyirdi... İndi isə Tanrı dərgahında dayanıb, haqq-divanını gözləyirdi... O, Tanrı dərgahına sorğusuz-sualsız gəlmişdi. Çünki Vətən uğrunda həlak olmuş, vətəni qorumuşdu, Vətəni canından da, anasından da əziz bilmişdi. Tanrı vətən və torpaq uğrunda şəhid olanları, dərgahına sorğusuz-sualsız aparır. Sorğu-sualı olanları isə haqq divanına çəkir... O haqq divanında Vüqar Yusifovun, Mühüt Orucovun, Elmidar Səfərovun, Pəncəli Teymurovun... - 2016-cı ilin aprel müharibəsində şəhadətə yüksələn Qalibiyyət şəhidlərinin günahkarlara verilən o qədər sualları var ki...”
P.S. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
“Ədəbiyyatı və incəsənət”
(30.07.2024)
“Burda Müşfiqin dodağının qanı var…” -Allahşükür Ağa
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlərə portalın və jurnalın birgə təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyi münasibətilə keçirilən Poeziya müsabiqəsində fərqlənən gənc şairlərin şeirlərini təqdim edirik.
II YER
Allahşükür AĞA
LƏPİR
Axşam qoyub gəldiyim ayaq izlərimi
Səhər qarşılayıram,
Demək, yaşayıram...
Bir ayaq ləpirim
Axşam yağan yaz yağışından
Bir ovuc su saxlamış içində...
Bir alagöz sərçə su içir
Ayaq ləpirimdən.
Başını yuxarı qaldırdıqca
Sərçənin duasını eşidirəm:
“Allah, sabahımız üçün də
Bir ayaq saxla”.
Elə sevinirəm ki,
əyilib baxıram
ayaqlarıma...
BAYIL TÜRMƏSİ
Bu asfaltın altında
Bayıl türməsi olub bir vaxt.
Bizdə ürəyə bax, gör hardan keçirik?
Ayağımı yerə bərk vururam,
Burda, bax burda
Müşfiqin dodağının qanı var.
Burda, bax burda
Müşfiqin bir şeiri var, divara yazılan,
Hecası cızılan.
Gərək o divar parçasını götürüb saxlayaydıq.
Burda, bax burda,
Torpağın altında
Sızıltılı bir ah var.
Burda, bax burda
Bir günah var...
Yanımdakı qoca bir qadın deyir mənə:
Türməni çoxdan köçürüblər.
Deyirəm: qanı da?
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
“Topla bütün günahlarını, hamısını mən silərəm, gəl..." - ESSE
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Bir damla göz yaşına həsrət qalacaq insanlar bəlkə. Bir-birinin üzündə gördüyü tək damla göz yaşına... Gülüşə həsrət qalmışıq deyəsən ən çox. Səmimi, içdən bir gülüşə. Həsrət deyirəm, amma adı yoxdur bu duyğunun. İllər sonra belə, yenə eyni şəkildə qanayacaq yaralar var qəlbimizdə. Doldurulmayacaq boşluq. Doldurmaq istəsəm qanayacaq. Deyirlər ha, boşa qoysam dolmur, doluya qoysam almır deyə. Tam da bu...
Nə edəsən, nə deyəsən bu hissin adına? Əksik qalış? Hə...
Əslində sevgi deyil bu sətirləri, misraları yazdıran mənə. Bilirsiniz də, sirdaşımdır qələmim. Amma qəlbimdə, ruhumda səbəbsiz bir ağırlıq var uzun müddətdir. Yorğunluq, bilmədiyim yerlərin həsrəti, bildiyim insanların yorğunluğu var. Getməkdən yazıram hey. Ruhdan yazıram, səndən yazıram. Sənin kim olduğunu bilmədən səndən yazıram, sənə yazıram.
Aclıqdan ağlayan uşaq kimiyəm biraz. Sənsizlikdən ağlayıram. Kor birinin gözlərini istəyərkənki fəryadlarına bənzəyir tanrıya yalvarışlarım. Hər dua gəl deyə. Bəlkə də gəlmək istəyirsən sən də. Bəlkə də qapımdasan indi. Pəncərəmdəki sarı gülü gördün? Köhnə bir inanca görə sarı gül xəstəlik, ayrılıq deməkmiş. Gəl, at o sarı gülləri. Əllərindəki qızılgüllər bəzəsin pəncərəmi. Bəmbəyaz... Həsrət yox, sevgi, xoşbəxtlik qoxsun pəncərəm. Ali Aşikar demişkən, "mənim qaçmaq istədiyimi həmişə bilirdin sən". Qaçacağım yer yox bəlkə, amma mən səninlə bilinməzliyə də qaçardım. Gəl ki, özün də bilinməzsən mənim üçün... Olsun, yenə də gəl sən. Bəlkə yadlarda itirdiyimiz bizi taparıq, səni, məni taparıq. Bəlkə birlikdə böyüdərik qızılgül budaqlarını. Hərgah, əgər qorxursansa sarı gülləri atmağa, utanırsansa qapımı çalmağa, o zaman, Dəli Yazar demiş, "topla bütün günahlarını, hamısını mən silərəm, gəl..."
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
ƏN YENİ POEZİYA: “Bir də dünyaya gəlsəm”, Cəlil Cavanşir
“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün sevilən şair Cəlil Cavanşir “Bir də dünyaya gəlsəm”, söyləyəcək.
Şeir iyul ayında qələmə alınıb.
bir də dünyaya gəlsəm
sakit-səssiz yaşayaram
bir dağ başında, ya da dəniz kənarında
ya da çay qırağında
təbiətlə iç-içə,
bulaq suyunu içərəm şərab yerinə,
bəlkə ,
bir-iki pişik, bir it bəsləyərəm daxmamda
odundan ocaq çataram,
axşamlar erkən yatararam
günəşdən erkən qalxaram
ömrümdə daha çox yer ayıraram sevincə
yaşamaram bu beton cəngəlliyi şəhərdə
unudaram dünyanı, şəhər-şəhər
küçə-küçə...
bir də dünyaya gəlsəm
kitab üzü açmaram
təbiəti oxuyaram varaq-varaq
yarıçılpaq dolaşaram vəhşisayaq
aşiq olmaram, əzab çəkmərəm
yurd salmaram, ev tikmərəm
yalınayaq dolaşaram meşələrdə
həəə, bir də
bir də beynimi yormaram dünyayla
azadlıq dərərəm buludlardan
şərqi öyrənərəm quşlardan
əsla narahat olmaram
bu sonsuz unuduluşlardan...
bir də dünyaya gəlsəm,
şeir yazmaram əsla
ömrümü keçirmərəm nə ələmlə, nə yasla,
sıxmaz məni övlad həsrəti, valideyin dərdi
eh,
dünya başdan başa kədərdi...
evlənmərəm, ayrılmaram,
yenidən başlamaram heç nəyə
hər şeyi birdəfəlik unudub
özümə sığınaram
gecələr ulduzlara baxıb uğunaram.
saçımı, saqqalımı kəsmərəm
güzgüyə baxıb qorxmaram özümdən
kimsə də inciməz sözümdən
nə dostum olar, nə sevgilim
nə də yalanlara öyrəşər dilim...
o qədər bezmişəm ki, yaşamaqdan
bir də dünyaya gəlsəm
qorxaram adam olmaqdan.
ot olaram, daş olaram
yollarla yoldaş olaram...
indi, bu dəqiqə, bu an
qulağımı batırır peşimanlıq nərəsi
ömür qırılıb təsbeh kimi
səpələnib doxsan doqquz yerə
tapılmır bircə dənəsi
mənə bax da...
bəlkə də ömrümün sonuncu günü,
ölümsüzlüyün ertəsi
oturub düşünürəm sərsəm-sərsəm
"bir də dünyaya gəlsəm!?"
o qədər yorulmuşam ki, həyatdan
ölsəm, dünyaya gəlmərəm,
ölsəm...
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
“Dənizlə sahil arasında” - 65 İLLİK VAQİF SULTANLI İŞIĞI
Könül, “Ədəbiyyat və incəsənət”
Bu günlərdə yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab nəşr edilib. “Turan evi” nəşriyyatında yayınlanan kitaba müəllifin həyat və yaradıcılıq yolundan bəhs edən müxtəlif səpkili araşdırmalar – yubiley yazıları, esselər, ədəbi portretlər, tanıtım məqalələri, xatirələr daxil edilib.
Yazıçının doğumunun altmış beş illiyinə həsr olunmuş kitabın tərtibçisi və yayına hazırlayanı gənc yazar Fidan Vahid, redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlidir.
“Dənizlə sahil arasında” kitabına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Misir, Böyük Britaniya, Koreya, Rusiya və başqa ölkələrin alimlərinin Vaqif Sultanlı haqqında yazıları yer almışdır. Bunların içərisində Azərbaycan müəlliflərindən Rais Rəsulzadənin “Mənalı ömür yolu”, Əli Şamilin “Vaqif Sultanlının həyatının bəzi anları”, Almaz Əliqızının “Zolaqlı yuva”nın sakinləri”, Cavanşir Yusiflinin “Küldən təpəcik olmaz”, Bədirxan Əhmədlinin “Vaqif Sultanlı portretinin bəzi cizgiləri”, Müzahim İsmayılzadənin “Vaqif Sultanlının “Qul bazarı”, Elnarə Akimovanın “Ədəbi tənqid diskursu: bütöv Azərbaycan məramı ilə”, Salidə Şərifovanın “İnsan dənizi”nin problematikası və bədii üslub palitrası”, Ağaverdi Xəlilin “Vaqif Sultanlının “Kilidli dönüş” hekayəsində dönüş konsepti”, Sürəyya Sultanovanın “Bir ömrün özəti”, İradə Musayevanın “Vaqif Sultanlının “Səhra savaşı” romanı haqqında”, Osman Fərmanoğlunun “Uzaq illərin yaxınlığı – təsadüflər yazısı”, Yusif Yusiflinin “Sənətlə elmin vəhdəti”, Eluca Atalının “Zamanından üstün ziyalı”, Samirə Məmmədlinin “Söz savaşı, səhra günəşi, yaxud axına qarşı”, İlahə Dadaşovanın “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək”, Fərhad Mədətovun “Vaqif Sultanlının “Səhra savaşı” romanında fəlsəfi motivlər”, İlhamə Qəsəbovanın “Öyrədənlərin öyrədəni: Vaqif Sultanlı”, Xəyalə Zərrabqızının “Tək bir insan dənizi”, Şahnaz Kamalın “Mənim elmdə atam”, Ruhəngiz Sultanovanın “Mənim müəllimim”, Fəxriyyə İsayevanın “İnsan dənizi”ndə tənhalaşan qəhrəman”, Gülay Tahirlinin “Kölgə tənhalığı”, Cansel Cavidin “Fenomenal yaddaş tapıntısı”, Nəzrin Rəsulzadənin “Ölümsüz”, Fidan Vahidin “Dənizlə sahil arasında...”, Sel Canın “Həyat, Qələm və Ölüm, ”Fəxriyyə Yüksəlin “Vaqif Sultanlının “İnsan dənizi” romanında şəxsiyyətin ikiləşməsi”, Elmir Həsənin “Ölüm yuxusu” və “Ölməkasan deyil” əsərlərində ölüm mövzusunun mahiyyəti”, Nəzrin Mirzəlinin “Adsız qəhrəmanların taleyi” yazıları diqqəti çəkir.
Kitaba daxil edilmiş Əhməd Sami Elaydinin (Misir) “Keçmiş və gələcək arasında zaman metaforası”, Pərvanə Bayramın (Türkiyə) “Tarixə işıqtutan bir hekayə: “Kulikovo savaşı”, Burak Sarıcının (Türkiyə) “İnsan dənizi” romanı haqqında incələmə”, Alsu Kamaliyevanın (Tatarıstan), “Azərbaycan postmodern romanında fəlsəfi bir arayış”, Salavat İshakovun (Rusiya) “Tarixçinin bir neçə sözü”, Min Can Kimin (Koreya) “Vaqif Sultanlının sönmüş ulduzları”, Bakıtgül Kuljanovanın (Qazaxıstan) “Yaxşılığın özgələşməsi yoxdur”, Xurşidə Qədirovanın (Özbəkistan) “Həyat və xəyalların inikası”, Mixail Brannokun (Böyük Britaniya) “Tərs axın” kitabı ilə bağlı düşüncələr” və başqa yazılar müəllifin yaradıcılığına yanaşma tərzinin fərqliliyi ilə maraq doğurur.
Kitabın mühüm özəlliklərindən biri məqalələrin yazıldığı dildə təqdim olunmasıdır.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olan Vaqif Sultanlı “İnsan dənizi”, “Səhra savaşı”, “Ölüm yuxusu” romanlarının, “Sönmüş ulduzlar”, “Qul bazarı”, “Heçlik vadisi”, “Tərs axın” adlı hekayələr toplusunun müəllifidir. Onun elmi-nəzəri araşdırmaları “Ağır yolun yolçusu”, “Azadlığın üfüqləri”, “Ədəbi-nəzəri illüstasiyalar”, “İstiqlal sevgisi”, “Ömrün nicat sahili”, “Azərbaycan mühacirət ədəbiyyatı”, “Azərbaycan ədəbi tənqidi”, “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək” və başqa kitablarda əksini tapmışdır. Vaqif Sultanlı həmçinin tərcümə yaradıcılığı ilə də məşğul olmuş, Sergey Jitomirskinin “Surakuzlu alim” tarixi romanını, Rəşad Nuri Güntəkinin “Yarpaq tökümü” və “Dəyirman” romanlarını, Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında” kitabını, habelə bir sıra dünya yazıçılarının hekayələrini Azərbaycan türkcəsinə çevirmişdir. Müəllifin bədii və elmi əsərləri dünyanın bir sıra dillərinə çevrilərək yayınlanmışdır.
Bunkar da, əlbəttə ki, qürurvericidir.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Sənin adına şəhər” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Sənin adına şəhər” şeiri ilə.
“Mən sənin adına şəhər salmışam
Ürəyim-şəhərin baş meydanıdı.”
Mükəmməldir, deyilmi?
Xoş mütaliələr!
Mən sənin adına şəhər salmışam,
Bu gün ad qoyuram küçələrinə.
Oturub şəhəri tumarlayıram-
Saçını sərmisən gecələrinə...
Özünə dərd edib bizim şəhəri,
Bu xırda şəhərlər, bu tin-şəhərlər.
Mən sənin adına şəhər salmışam-
Qaçıb xəritədən bütün şəhərlər.
...Gəl, öz şəhərini göstərim sənə,
Uzaqda deyil ki, könlüm yanıdı.
Mən sənin adına şəhər salmışam
Ürəyim-şəhərin baş meydanıdı.
...Tikdim ürəyimin sahillərində,
Qorxdum gözlərimdən keçər, yan keçər.
Qala qapısıyam mən bu şəhərin-
Təkcə sənin adın qapıdan keçər...
Tanrı bu şəhərə səni şah seçib,
Nə fərqi:- sarayı, ya taxtı olsun.
Bir şəhər salmışam sənin adına
Saldım ki, eşqin də paytaxtı olsun!
...Qapını gün açar, pəncərəni ay,
Bir yanı gündüzdü, bir yanı axşam.
Nə olsun, dünyanı verə bilmədim
Sənə SEVGİ adlı şəhər salmışam...
Girib bu şəhəri gəzirəm hərdən,
Çıxmaq istəyəndə kimsə ,,qal" deyir.
Sənə dünya boyda şəhər salmışam-
Gör sənə bu ,,şəhər" darısqal deyil?!..
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
“Mərhəmət bağçası” - ALLEQORİK HEKAYƏ
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” (Naxçıvan bölməsi)
Biri var idi, biri yox idi... bütün heyvanların keçə bilmədiyi bir bağça var idi. Yaşıllıqları sevgi, mavi səması güzgü idi. Heyvanların maraqla seyr etdiyi bu bağça hər kəsə qapısını açsa da, bu qapı keçilməz, həsrət buraxılan çoxlu maneələrlə dolu idi.
Bir gün bu qapının ağzında bir bayquş və bir sərçə sıra gözləyirdi. Sırada o qədər fərqli heyvanlar, həşaratlar var idi ki, bayquş və sərçə yaşadıqları illər ərzində tanış olmadıqları bu canlıları görəndə çox təəccüblənmişdilər. Sıra artıq onlara gəlmişdi, onlar bağçaya girməyin həyəcanını yaşayır, onları nələrin gözlədiyini bilmədikləri üçün qorxurdular. İlk addımı bayquş atmışdı, çünki o, hər zaman qorxusuz, güclü, yırtıcı davranan və uçmağı sevən biri idi. Bayquş addım atdıqca özünü yerdə görür, ancaq gəlib çatdığı yer elə eyni yer olaraq qalırdı. Ən pisi də o idi ki, o yalnız masmavi səmanı görürdü, bunun səbəbi isə bayquşun yalnız mavi rəngi görmə xüsusiyyəti idi. Artıq yeridiyi göy üzündə çox yorulmuş, uçmağa icazə verilmədiyi üçün bezmişdi. Səbri çatmadı, dönmək istədi, başını 270 dərəcə döndərib geri və yana addım atmağa başladı. Yaşadığı müddətcə bütün heyvan və quşlara, həşaratlara eyni davranan bu bayquş nəinki başqalarına, heç özünə belə mərhəmət etməmişdi.
Bu bağça mərhəmət bağçası idi... Ona görə də bayquşun bu bağçadan keçə bilməməsi çox normal idi. Artıq həyatını mavi səmada izləyən bayquş çox incimiş, həmçinin burdan keçə bilmədiyi üçün qəzəblənmişdi. Çox peşman idi, mərhəmət göstərmədiyi özünə, heyvanlara, insanlara görə... Birdən o, bu bağçadakı sədləri keçib ailəsini, sevdiklərini görmə ümidini sanki qanadlarında külə döndərib cəld addımlarla çölə çıxdı. Sərçə yazıq-yazıq ona doğru gəldi və bayquşdan içəridə nələr gördüyünü və bağçadan keçə bilməmə səbəbini soruşdu. Bayquş əhvalatı danışmağa başladı. İllər ərzində insanların evlərinə yaxın yerlərdə mərhəmətsizcə ulayaraq onlara bəd xəbər verməsindən, insanların ağrı-acı duymasına görə necə zövq aldığından danışdı. Ancaq bu onun xisləti olduğunu, əslində, insanları xəbərdar etdiyini, gözlərini açmağa çalışdığını söylədi. Bayquş artıq fərqində idi ki, bu xəbərdarlıq çox acımasız olmuşdu. Sonda bayquş sərçənin əbəs çalışdığını, onsuz də bağçaya düşməyəcəyini izhar elədi.
Bayquş yenə mərhəmətli davranmamış, qarşıdakı sərçəyə əzab vermişdi. Göz yaşlarını balaca gözlərində saxlaya bilməyən sərçə isə hey ağlayır, hər göz yaşı axıtdıqca balaca bədəni taqətdən düşürdü. Son damla göz yaşı gözündən düşən sərçənin son nəfəsi də bədənindən çıxdı və o, yerə yıxıldı.
Axı sərçələr göz yaşı axıdanda ölürdülər…
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
“Qatardan qalan adam” - ANARIN YENİ HEKAYƏSİ və ətrafında yaranan ajiotaj
“Ədəbiyyat və incəsənət” portalı Xalq yazıcısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın yeni yazdığı “Qatardan qalan adam” hekayəsi ilə oxucularını tanış edəcək.
Əlbəttə, sevilən yazıçınının hər bir yeni əsəri bir ədəbi hadisədir.
Hekayə ilk dəfə bir neçə gün öncə “525-ci qəzet”də dərc edilib və böyük rezonans doğurub. Hekayə barədə peşəkar təhlillərlə yanaşı, çox təəssüf ki, dayaz mülahizələr, söz demək xatirinə söz bəsitliyi də yer alıb. Bütün bunlara qarşı ən gözəl cavabı “525-ci qəzet”in baş redaktoru, AYB sədrinin müavini Rəşad Məcid verib. Öncə Rəşad bəyin yazısını, ardınca hekayəni oxucularımıza təqdim edirik.
“HEKAYƏ TƏSADÜFƏN BU QƏDƏR REAKSİYA DOĞURMAYIB”
Anarın “Qatardan qalan adam” hekayəsi barədə əvvəlki statusumda yazmışdım: “Hekayə həqiqətən dərin mülahizələrə, müxtəlif versiya və yanaşmalara imkan verən, çoxlu və fərqli nəticələrə gətirib çıxaran dəyərli bədii nəsr nümunəsidir”.
Düzü, hekayənin bu qədər böyük reaksiya doğuracağını gözləmirdim. Həddindən artıq çoxlu rəylər oldu. Bəzi özünü ciddi ədəbiyyat adamları sayanlar Anara qarşı içinin xıltını gizlədə bilmədən primitiv, üzdən tənqidləri, yaxud hekayəni qaçaraq oxuyub mədhiyyə yazanların təriflərini qoyaq qırağa.
Fərqli qənaətlər də rastıma çıxdı. Yazıçı Mehriban Vəzir bir məqamı tutaraq öz mövqeyindən irəli gələn qənaətlər söyləmişdi. Feysbuk bu statusu niyə sildi, bilmədim. Burda bəlkə hansısa siyasi məqamlar, ölkə adları çəkilmişdi ona görə.
Amma ədəbiyyatşünas alim Asif Hacılının əsasən elmi yanaşmadan ibarət məqaləsi niyə yox oldu, bilmədim. Yaxşı ki, sayta vermişdik.
Sosial media üzrə mütəxəssis Fərid Pərdəşünasdan da səbəblərini öyrənməyə çalışdım. Bəzi incə detalları söylədi və bu iki yazının niyə silinməsinə gümanlarım yarandı.
Yazıçı Sərdar Amin də hekayə barədə məqalə yazdı. Sərdarın müşahidə etdiyi bir detalı Mehriban Vəzirin tutduğu nadir fərqli qənaətlər sırasına əlavə etdim: “Qatardan qalan adam”ın bizə yalnız ismi, bəllidir. İshaq! O da “Salmanzadə” soyadını Amerikada yəhudilərin biznesdə uğur qazanması zərurətindən “sünnət” edib “Salman” etmək istəyir. Mətnin ən uğurlu təqdimatı da elə bu istəyin sondakı cəzasıdır; öldüyü qəsəbədə müsəlman qəbiristanlığı olmadığından yəhudi məzarlığına təhvil verilir, yəhudilərə uyğun heç bir sənədi olmadığından yandırılaraq külü göyə sovrulur. Biznesə görə soyundan keçmək istəyən şərqli yandırılmalıdır. Bu, kiçik ideya deyil!
Ömrünün bir qərinəsini Yazıçılar Birliyində anarxiyanın qarşısını almaqla məşğul olan Anarın 86 yaşlı qəlbində belə bir iddia varsa, təbii alqışlanmalıdır”.
Görünən odur ki, hekayə təsadüfən bu qədər reaksiya doğurmayıb. Üzdən oxuyanlar da nəsə qeyri-adi məqamlar olduğunu hiss ediblər.
“QATARDAN QALAN ADAM”
İshaq Salmanzadə türkiyəli şəriki Ədhəm bəylə Budapeşt dəmir yolu vağzalında vidalaşdı. Ədhəm bəy onu Egerə ötürməyə gəlmişdi. Türkiyə adətiylə bir-birinə sarıldılar, yanaqlarını bir-birinə yapışdırdılar.
Ədhəm bəy: - İnşallah mayısın 5-də Nyu-Yorkda görüşürüz - dedi.
İshaq: - İnşallah - deyib vaqonun pilləsiylə qalxdı, kupesinə girdi, pəncərədən şərikinə əl elədi. Bir an sonra qatar tərpəndi, İshaq Ədhəm bəyin çevrilib uzaqlaşdığını gördü.
Avropa qatarlarına xas olan oturaq kupeni bütünlüklə almışdı ki, yol-yoldaşı olmasın, tanımadığı adamlarla ünsiyyəti sevmirdi. Həm də onsuzda axı macar dilini bilmirdi, Egerə dörd saatlıq yolda özü-özüylə, xatirə və arzularıyla tək qalmaq istəyirdi.
Qalstukunu açdı, şalvar-pencəyini, köynəyini soyunub mavi idman paltarını geyindi. Bir az dar çəkmələrini çıxardı. Ayaqları yumşaq şap-şapları içində xeyli rahatlaşdı. Vərdişli hərəkətlə qol saatına baxmaq istədi, dərhal da yadına düşdü ki, dünən axşam bahalı "Roleks" saatını Ədhəm bəyə bağışlamışdı. Ədhəm bəy bahalı hədiyyəni heç cür qəbul etmək istəmirdi. Nəhayət, bir şərtlə qəbul etdi:
- Söz verin ki, siqara içmeyi burakacaqsınız, Amerikada siqara yasaqı pek ciddidi. Saatlarla çəkən danışıqlarda siqar içmeden dözmeli olacaqsınız.
Otuz iki yaşlı İshaq bir çox ölkələrdə olmuşdusa da, ABŞ-a yolu düşməmişdi. Odur ki, şəriki Ədhəm bəylə bu işgüzar səfəri səbirsizliklə gözləyirdi. Yeni iri bir inşaat layihəsini amerikalı işdaşlarıyla razılaşdırıb imzalamalıydılar. Amerika şirkətiylə əməkdaşlıq təklifi Ədhəm bəydən gəlmişdi və İshaq dərhal razılaşmışdı.
Yeniyetməlik çağından Amerikanın heyranı idi. Ekranlarda gördüyü Amerika filmləri, Dyuk Elinqtonun, Erol Qardnerin, Stiv Vanderin, Sten Kentonun və neçə-neçə başqalarının caz və rok ifalarından ibarət zəngin fonokolleksiyası vardı. Oxuduğu kitablar - əvvəllər Cek Londonun, Drayzerin, Mark Tvenin, daha sonralar Heminqueyin, Folknerin, Skott Fitsceraldın rus dilində çıxmış romanları İshaqı bu ölkəyə valeh etmişdi. İldən-ilə müxtəlif səbəblərdən təxirə saldığı niyyəti ingilis dilini öyrənmək idi. Bu il bu işə mütləq ciddi girişəcəkdi. Ədhəm bəy də "uğurlu biznes üçün bu, ən önəmli şərtdir" - deyirdi. Ədhəm bəyin yarızarafat-yarıciddi bir tövsiyəsi də vardı. Amerika biznesində yəhudilərin çox mühüm nüfuzu olduğunu bildiyinə görə İshaqa təklif edirdi ki, soyadı Salmanzadənin "zadə"sini atsın. Adı da münasibdir, İshaq Salman tam bir yəhudi kimi səslənir. İshaq Salmanın həqiqi mənşəyini müəyyənləşdirənədək onu yəhudi biləcəklər, ona münasibət də özəl olacaq. Ədhəm bəy qəhqəhə çəkib: - Tabii, şaka yapıyorum - desə də, bu sözlər İshaqın yadında qalmışdı.
Ədhəm bəylə iki il öncə Soçidə işgüzar bir toplantıda tanış olmuşdular. İkisi də inşaatçı və eyni yaşda olduqları üçün dərhal dil tapmış, yaxınlaşmışdılar. Ədhəm bəy İshaqı macar iş adamı Lasloyla da tanış etmişdi və elə indi Budapeştdə də birgə lahiyələri dolayısıyla görüşmüşdülər. Amma o Soçi görüşünün İshaqçün daha önəmli bir cəhəti də vardı. Soçidə Laslonun tərcüməçisi tatar qızı Kamilla Kadırovayla tanış olmuş və nağıllarda deyildiyi kimi, bir-birinə bir qəlbdən min qəlbə aşiq olmuşdular.
Kamilla Moskvada Xarici Dillər İnstitutunda macar dilini öyrənmiş, kurs yoldaşı Qaborla ailə qurmuş, institutu bitirdikdən sonra Eger şəhərində yaşamağa başlamışdılar. Az sonra hansı səbəbdənsə (səbəbini İshaqa deməyi lazım bilməmişdi) nigahları pozulmuş, amma artıq Macarıstanda rus dilindən tərcüməçi kimi tanınan və müxtəlif şirkətlərin işinə cəlb edilən Kamilla elə Egerdə də qalmışdı.
İshaq da arvadından bir neçə il qabaq ayrılmışdı. Ərkinazla uğursuz nigahları cəmisi bir il çəkmişdi. Ərkinazın səbəbsiz, mənasız və İshaqı dığ edən qısqanclığına yalnız bircə il tab gətirə bildi. İşdə, ya hansısa tədbirdə qarşılaşdığı, telefonla danışdığı, ya ismarış aldığı hər qadın heç bir əsas olmadan Ərkinazçün qısqanclıq obyektinə çevrilirdi. Yersiz şübhələriylə İshaqı çərlədirdi.
Ərkinaz dünyada bütün qadınlara nifrət edirdi. Bir yarısına ona görə ki, onun fikrincə, həddən artıq gözəl idilər, o biri yarısına da, onun rəyincə yaman kifir olduqlarına görə.
Əlqərəz, göz yaşları, bayılmalar, hədələr, qara-qışqırıqlardan keçərək axır ki, üzülüşdülər.
Bu qısa sürən uğursuz nigahı İshaq vahiməli yuxu kimi, qarabasma kimi xatırlayırdı. Sonralar ara-sıra müxtəlif qadınlarla görüşsə də, bütün varlığıyla qurşandığı biznes aləmi ona şəxsi həyatıyla uğraşmağa macal vermirdi. Hannan-hana ağlına belə fikirlər gələndə, düşünürdü ki, daha heç vaxt sevə və sevilə bilməyəcək. Ta Kamillaya rast gələnəcən.
Neçə il macar qürbətində yaşayan tatar qızının öz millətinə doğma olan bir insanla rastlaşması, keçmiş həyatıyla bağlı nostalji hisslər, ya kim bilir daha nələr Kamillanın elə ilk günlərdən ovqatına hakim kəsildi və bu hisslər İshaqın da qarşılıqlı duyğularına tuş gəldi.
Müşavirə sona yetən günlərdə İshaq dəqiq başa düşdü ki, daha Kamillasız yaşaya bilməyəcək. Lasloyla Ədhəm bəyin şərikli şirkətlərinə Macarıstanı da qoşmaq təklifi bu ölkəyə səfərlə bağlı olduğuna görə dərhal İshaq tərəfindən sevinclə qarşılandı. Və budur, Kamillayla - İshaq ona bizimcə Kamilə deyirdi - ayrıldıqlarından üç ay sonra, Budapeştdən Egerə, onunla görüşə gedir. Dörd saatdan sonra Kamilə onu Eger vağzalında qarşılayacaqdı.
İshaq özünü xoşbəxt adam sayırdı. 44 günlük zəfər savaşından, 23 saatlıq möcüzədən sonra başqa heç bir dərd-səri, narahatçılığı, qayğısı qalmamışdı. Doğrudur, bir illik uğursuz nigahı və müdhiş boşanmanın fəsadları nəticəsində diabet qazanmışdı. Amma vaxtlı-vaxtında vurduğu insulin iynələri, atdığı həblər vasitəsiylə qanında şəkəri tənzimləyə bilirdi və bu xəbis xəstəlik hələ ki, ona ciddi problem yaratmırdı.
Tambura çıxıb siqaret çəkmək istədi, birdən yadına düşdü ki, vağzalda başı Ədhəm bəylə söhbətə qarışıb siqaret almağı unudub. Kupeyə qayıtdı, əlini şalvarının cibinə salıb bir neçə forint çıxardı, vaqon restorana getdi. Ədhəm bəy onu məzəmmət etməkdə haqlı idi. Bizneslə məşğul olasan, doğma dilindən və rus dilindən başqa heç bir əcnəbi dil bilməyəsən?
Macarstanda rus dilində bir şey soruşmaq isə əbəsdi. Hətta rus dilini bilən olsa da, bu dildə cavab verməyəcəkdi. Bunu Budapeştdə olduğu bir neçə gündə anlamışdı.
Vaqon restoranda bufetçiyə siqaret, siqar sözlərini ortaq bir dildə söyləsə də, adam başını buladı. Hətta jestlə siqaret çəkmək istəyini göstərsə də, bir nəticə hasil olmadı.
Bufetçi: elə hey "Ninç" deyirdi. Budapeştdə olduğu bu bir həftədə İshaq yalnız bu sözü öyrənmişdi: "Ninç", yəni "yox".
Bufetdə siqaret yoxmuydu, ya satılımırdımı, bunu anlaya bilmədi. Kupeyə əli ətəyindən uzun qayıtdı. Siqaret çəkmək ehtiyacı isə tərs kimi daha da şiddətlənirdi. Cib telefonunda saata baxdı səkkizə on dəqiqə qalırdı. Egere iki saat iyirmi dəqiqədən sonra çatacaqdılar. Birtəhər dözməliydi.
Bu fikirlər içindəykən birdən qatar dayandı. İshaq pəncərədən baxırdı. Düz onun vaqonun qarşısında köşkdə siqaret satırdılar. İshaq tələsik qatardan endi, köşkə yanaşdı, cibindəki forintləri uzadıb (artıq burda "Kent"in neçə forintə satıldığını bilirdi) bir qutu siqaret aldı. Çevrilib baxanda gördü ki, qatar hərəkət etməyə başladı. Hövlnak yüyürdü, ayağı büdrədi, yıxıldı, güc bəlayla ayağa qalxanda dəhşət içində gördü ki, qatarın son vaqonu uzaqlaşıb getməkdədir.
"Lənət şeytana" deyə bu işdə heç bir günahı olmayan şeytanı söydü. Bir müddət matı-qutu qurumuş halda qaldı. Vəziyyətin ciddiliyini get-gedə daha dərindən dərk edərək elə bil büdrəyən ayağının ağrısını da unutmuşdu. Vağzalın içinə girib qatarların getmə-gəlmə cədvəlinin qarşısında durdu. Egerə gedən qatarın da, Budapeştə gedən qatarın da bu adını bilmədiyi şəhərdə yalnız səhər saat yeddidə və yeddi otuzda duracağını təşvişlə müəyyənləşdirdi.
Narın yağış çisələməyə başlamışdı. Vağzalın içinə keçdi, taxta skamyada əyləşdi və düşünməyə başladı. Düşdüyü vəziyyətin çıxılmazlığı onu daha çox eyməndirir və təlaşlandırırdı. Neyləməli, necə etməli. Hafizəsinə arxalanmadığına görə bütün telefonlar, ünvanlar cib telefonunda, cib telefonu isə Egerə gedən qatarın kupesində idi. Nə qədər səy etsə də, nə Ədhəm bəyin, nə Laslonun, nə Kamilənin, nə də Bakıdakı telefon nömrələrinin heç birini yada sala bilmirdi. Bircə öz ev telefonunun nömrəsi yadındaydı, amma boş mənzildə kimə zəng edəcəkdi? Həm də burdan ora necə, neçəyə zəng edə bilərdi? Cibində bircə forinti də qalmamışdı. Tərs kimi aclıq da hiss etməyə başladı, axı iynəsinin vaxtını ötürmüşdü. İngiliscə cəmi iki-üç söz bilir, macarca isə "ninç"dən başqa bir kəlmə də bilmirdi.
Bu xudmanı vağzaldan aydın olurdu ki, kiçik bir əyalət şəhərində, ya qəsəbəsindədir. Çətin bu şəhərdə rus dili bilən ola, o ki qaldı türk, ya Azərbaycan dilinə. Düşdüyü vəziyyəti kimə və necə izah edə bilərdi? Bu vəziyyətdən hansı çıxış yolu vardı? Axşam saat səkkizdən sonra yəqin ki, bütün rəsmi idarələr bağlıydı. Hara üz tutsun, kimdən imdat diləsin?
Aclığı elə bil dəqiqəbədəqiqə şiddətlənirdi. Yadına düşdü ki, cəmisi iki dəfə iynənin vaxtını ötürüb və hər ikisində az qala koma vəziyyətinə düşmüşdü. Yaxşı ki, hardansa bir parça qənd tapıb ağzına qoymuş, özünü bir təhər iynəyə çatdırmışdı. Ətrafa boylandı. Hər hansı dükandan əsər-əlamət yoxdu. Ağzının içi qupquru qurumuşdu. "Nə olur olsun, ruhdan düşməyib iradəmi toplamalıyam. Ola bilməz ki bir çıxış yolu tapılmasın".
Gözlərini yumub düşünməyə başladı. Az sonra arxadan iki əl onun başını qucaqlayıb gözlərini örtməsini hiss etdi, sərin qadın əlləri idi.
Kamillanın əlləri... Möcüzə baş vermişdi. Kamilla nə sayaqsa onun düşdüyü vəziyyəti duymuş, tələsik özünü bura yetirmiş, İshaqın gözlərini əlləriylə qapamışdı. Yumşaq hərəkətlə sərin əlləri gözlərindən araladı qanrılıb geriyə baxdı. Qarşısında saçları yaşıl rəngə boyanmış, qalın sürməli gözləri və al qırmızı dodaqları olan qadın dayanmışdı. Qadın ona göz vurdu. İshaq başını buladı. Aydındı ki, fahişədi. Qadın diliylə dodaqlarını yaladı və bir daha İshaqa işarə etdi. İshaq: - ninç - dedi. Qadın gülümüsəyib onun saçlarını qarışdırdı və əliylə idman paltarını sığalladı. İshaq başa düşdü ki, əl çəkən deyil və onu cəlb edən yəqin ki, bahalı idman paltarıdır. Durub şalvarının boş ciblərini çevirdi.
Qadın:
- Fu - deyib burula-burula uzaqlaşdı.
İshaq gözlərini ovuşdurdu, yuxuydumu gördüyü, ya həqiqətdi? Əlbəttə, qadının Kamilə olduğunu zənn edəndə mürgüləyirmiş. Amma sonra olanlar real idi. Bəlkə bu qadını tale göndəribmiş, nə şəkildəsə onu çıxılmaz vəziyyətdən qurtara bilərmiş? Bu absurd fikri dərhal beynindən qovdu. Aclığı isə daha da çox hiss edirdi. Bütün vücudunu müc edən, taqətsizləşdirən, qanını soran bir zəliydi sanki...
Niyə vaqon restorona getmişkən vaxtından bir az qabaq nahar eləmədi? Niyə telefonu yanında deyil? Niyə milyonlarından ən çoxu iki yüz dolları götürmədi ki, taksi tutub Egere çatsın? Niyə? Niyə? Niyə? Cavabsız suallar beynini deşirdi.
Çıxılmazlıq az qala onu dəli edəcəkdi. Bir yandan da dəhşətli işəmək ehtiyacı hiss edirdi. Ətrafa boylanıb tualet lövhəsini axtardı, tapdı və ora tələsdi. Kəsilə-kəsilə gedirdi, özünü tualetə güclə çatdırdı. İçəri keçmək istəyirdi ki, qapıda dayanan yaşlı gözətçi qabağını kəsdi. Əvvəl onu niyə saxladığını anlamadı. Hansı dildəsə nə isə demək istədi. Kişi divardakı yazını göstərdi. Tualetə girməyin qiyməti yazılmışdı. İshaq bu axşam ikinci dəfə idman şalvarının ciblərini çevirdi, yəni ki, pulu yoxdu: "Ninç". Kişi laqeydcəsinə başını buladı və yenə yazını göstərdi. İshaq siqaret qutusunu kişiyə uzatdı ki, heç olmasa "Kent"in əvəzinə onu içəri buraxsın. İndi də kişi "ninç" dedi. İshaq özünü saxlaya bilməyəcəyindən, biabır olmaqdan qorxurdu. Daha dözə bilmirdi, kişini itələyib içəri keçdi, qapını bağlıyıb, yüngülləşdi.
Tualetdən çıxanda qapıçının yanında pəzəvəng bir polisi gördü. Polis vərdişli hərəkətlə İshaqın qollarını burdu və dartıb ardınca apardı. Elə buradaca vağzalın içində polis məntəqəsinə girdilər. Polis İshaqı qəfəsə salıb qapısını bağladı. İshaq azərbaycanca və rusca danışa-danışa əlinin işarəsiylə ac olduğunu bildirdi. Polis başını buladı. İshaq: Ay em diabet - dedi, qolunu göstərdi və iynə vururmuş kimi: - insulin - dedi. Polis "ninç" dedi. "İlahi, bu millət ninçdən başqa da bir söz bilirmi?" İshaq lap özündən çıxırdı. Polis bir stəkan su gətirdi və qol saatında 8 göstərdi. Təbii ki, səhər səkkiz. İshaq başa düşdü ki, onun məsələsi səhər səkkizdə həll olunacaq. Deməli, Eger, ya Budapeşt qatarlarına da çatmayacaq. Ancaq bunu polisə necə, hansı dildə izah edə bilərdi? Ona hansı cəzanı verə bilərlər? Cəriməylə canını qurtara bilməyəcək, çünki yanında bir qəpiyi də yoxdu. Səhər birtəhər başa salacaq ki, müstəqil Azərbaycan respublikasının vətəndaşıdır. Budapeştdəki səfirliyimizə müraciət olunmasını tələb edəcək. Amma hələ səhərə çıxmaq lazımdı. Aclıq şüurunu tamamilə dumanlandırmış, iradəsini müc etmişdi. Yox, bütün iradəsini toplayıb, bu gözlənilməz müşkül vəziyyətdən qurturmalıdır. Bəlkə yata, yuxulaya bilsə, aclığı hiss etməz. Divara yaslanıb gözlərini yumdu.
Bakıda, Ağ şəhərdə, yeddinci qatda, bütün mərtəbəni tutmuş mənzilində idi. Eyvana çıxdı. Qarşısında açılan mənzərə - geniş prospektlər, modern binalar, iri meydanlar, kölgəli yaşıl parklar və bir qədər aralıda mavi dəniz... Bol günəşli, mülayim iqlimli bir gün idi. Sərin meh saçlarını oxşayırdı.
Qəfildən evlərinin düz qənşərində, elə binalarının mərtəbələrinin sayı qədər sal bir divar əmələ gəldi. Bu divar yavaş-yavaş əyilib İshaqgilin binasının üstünə yeriməyə başladı. İshaq dərk edirdi ki, bir an sonra bu pəncərəsiz, qapısız məşum divar onların binalarının üstünə yıxılıb yerlə-yeksan edəcək. Eyni anda şəhərin bütün başqa binaları da alt-üst olacaq və dərhal bütün dünyada bütün evlər, şəhərlər, kəndlər tar-mar olacaq. Neçə vaxtdır gözlənilən nüvə müharibəsi belə başlayıb anındaca bitəcəkdi, zəncirvari reaksiya bütün yer kürəsini xarabaya çevirəcəkdi.
Ən qəribəsi oydu ki, İshaq bundan nə kədərlənir, nə vahimələnir, nə dəhşətə gəlirdi. Əksinə, içini qəribə bir fərəh hissi, bəxtəvərlik duyğusu doldurmuşdu. Bütün insanlığın bir an içində birlikdə həlak olması qəlbində bir arxayınlıq hissi oyatmışdı. Heç kəs, heç kəs qalmayacaqdı. Deməli, dünyanın sonu belə imiş, qiyamət günü dedikləri buymuş, tək, fərdi yox, hamılıqla birlikdə əbədi yoxluğa qovuşmaq nə xoş bir hissmiş.
Sübh tezdən polis qəfəsin cəftəsini açanda məhbusu yerə yıxılmış gördü. Nəbzini yoxladı. Tez polis həkimini çağırdı. Həkim adamın təqribən gecə yarısı keçindiyini müəyyənləşdirdi. Morqda məlum əlamətə görə meyitin müsəlman, yaxud yəhudi olduğu aydınlaşdı. Qəsəbədə müsəlman qəbiristanlığı olmadığı üçün yəhudi qəbiristanlığında basdırmağı qərarlaşdırdılar. Amma yəhudiliyini qəti təsdiq edən heç bir sənəd olmadığı üçün ravvin buna izin vermədi. Meyiti krematoridə yandırdılar və külünə yiyə duran olmadığına görə havaya sovurdular.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
“İşığa doğru” sənədli filminin çəkilişləri tamamlanıb
“OB FILM” və “KİNOBİZ” şirkətləri tərəfindən birgə istehsal olunan “İşığa doğru” sənədli filminin çəkilişləri başa çatıb.
AzərTAC xəbər verir ki, müşahidə və subyektiv kamera üsullarından istifadə edilməklə ərsəyə gətirilən və iki paralel süjet xətti üzərində qurulan filmdə hadisələr Qarabağda işğaldan azad olunmuş ərazidə cərəyan edir.
Torpaqlar azad olunub, ancaq müharibənin insanların həyatında buraxdığı dərin izlər və yaralar hələ də qalır, ağrılar davam edir. Film Qarabağda 30 il əvvəl itirdiklərini axtaran qəhrəmanların hekayəsindən bəhs edir.
Real hadisələr əsasında çəkilən filmin ssenari müəllifi və rejissoru Elşad Ərşadoğlu, təsvir rejissoru Vasif Vəlizadə, səs rejissoru Hafiz İbrahimli, montaj rejissoru Murad Şükürlü, prodüserləri Ramil Ələkbərov və Orxan Behbiddir. Ərşad Əliyev, Rəsul Kamal və Elşad Ərşadoğlunun iştirak etdiyi filmin hazırda post-prodakşn işləri davam etdirilir.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
Beynəlxalq Teatr Festivalında Qran-Pri - GƏNCƏ TEATRININ UĞURU
Teatrlarımızın beynəlxalq arenada uğur qazanması bu son müddətdə bir adət halını alın. Növbəti uğura Gəncə Dövlət Milli Dram Teatrı imza atıb.
Portuqaliyanın Braqa şəhərində III Beynəlxalq Teatr Festivalı keçirilib. Avrasiya Teatrlar Birliyi, Portuqaliya Mədəniyyət Nazirliyi, CTB (Comphania de Teatro de Braga) və Braqa Şəhər Bələdiyyəsinin birgə keçirdiyi festivalda 8 ölkədən teatr kollektivləri iştirak edib. Festivalda ölkəmizi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə Dövlət Milli Dram Teatrı təmsil edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, yaradıcı kollektiv rejissor Tural Vaqifoğlunun quruluşunda Ejen İoneskonun “Kral ölür” tamaşasını uğurla nümayiş etdirib. Əsərində rolları Əməkdar artistlər Elxan Yunis, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova, aktyorlar Güntəkin Mehdiyeva və Ruslan Hüseynov canlandırıblar.
Münsiflər heyətinin qərarına əsasən, Gəncə teatrı “Ən yaxşı tamaşa geyimi” nominasiyasında qalib elan edilib və festivalın Qran-Pri mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)