Super User

Super User

 

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış yazar, siyasi icmalçı Əkbər Qoşalının növbəti siyasi gündəm yazısını təqdim edir. 

 

Fransa - neokolonializm siyasətinin davamında israr edən respublika;

Fransa - Əlcəzairdə soyqırım törətmiş ölkə;

Fransa - öz ölkələrini savunan əlcəzairli liderlərin kəlləsini Parisdə muzey eksponatı kimi saxlayan, geriyə verməyən idbar dövlət;

Fransa - nəinki Korsika və Bask bölgələrində, dənizaşırı dedikləri çox uzaq yerlərdə xalqların hüquq və azadlıqlarını boğan, sərvətlərini talayan respublika;

Fransa - Hitler Almaniyasına ən urvatsız məğlub olan ölkə;

Fransa - son yüzillikdəki ən böyük liderləri General Şarl De Qollun, alman işğalı illərində 2 ay bizim Bakıda (Qız Qalasının yanında - pəncərəsi Neftçilər prospektinə baxan binada) iqamət etdiyini (“gizləndiyi” yazmaq istəmədim) unudan ölkə…

O ölkə ki, General Prezidentləri Azərbaycanlı döyüşçü Əhmədiyyə Cəbrayılovun (22.09.1920, Oxud, Nuxa (Şəki) – 11.10.1994, Şəki) Fransa üçün tarixi qəhrəmanlıqlarını unutmazkən, onun nəvələri bunu “unuda bilir”… 

Ermənilər Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi, partizan, leytenant

Əhmədiyyə Cəbrayılovun asayiş keşikçisi olan oğlu - baş leytenant Mikayıl Cəbrayılovu 1990-cı il dekabrın 15-də Xocalıda niyə qətl etmişdi? - Hansısa fransız bu barədə azca maraqlanıbmı?..

Fransanın “vəsf”ləri bununla bitirmi? Avropa üçün, dünya üçün etdiyi urvatsız hərəkətləri bitməyən bir ölkədən danışırıq - keçmişdəki yaradıcılıq ruhları əxlaqi aşınmaya uğramış ölkədən… - Ən azı “Müsyo Jordan dönəmi”ndən Qafqaza girməyə, burada möhkəmlənməyə çalışan, bunu bacarmamağının acığını bir başqasından yox, bizdən çıxmağa çalışan ölkə…

 

Bəli, Fransa çağdaş respublikaçılığın, demokratiyanın vətəni olub - amma indi o respublika institutu da öz mahiyyətini itirib, təhdid alətinə çevrilib. Respublikaçılıq müstəmləkəçiliyi qəbul etməməlidir! Respublikaçı ruhu ikili standartı yaxına qoymamalıdır; demokratik institutlar işğalçını müdafiə edib, işğala uğramış tərəfi ittiham edərmi? Təsəvvür edin: fransız parlamentinin hər iki qanadı, bir vaxtlar Xankəndi və çevrəsində yuvalanmış bir ovuc separatçını Ermənistandan da, Rusiyadan da daha çox savunaraq, “müstəqil dövlət” kimi tanımaq haqqında qərar qəbul etmişdi - son 4 ildə iki dəfə belə sarsaq müzakirə aparan, bizi qondarma (və keçmiş!) “DQR”i tanımaqla təhdid etmiş respublikada respublikalıq, demokratiya qalarmı?.. Məgər respublika, demokratiya beynəlxalq hüquqa qarşıdır? Fransa Təhlükəsizlik Şurasının daimi üzvü olduğu BMT-nin qərarlarına qarşıdır məgər?..

 

Və nəhayət!

Demokratik ölkə idmanı siyasətə, siyasəti idmana qatarmı? XXXlll Yay Olimpiya Oyunlarının açılış törəninin Fransanın dövlət kanalında canlı yayınında Azərbaycanı “Ermənistanla ərazi münaqişəsində olan Qafqaz respublikası” kimi tanıtmağın adı, amacı nədir? Hanı sənin ciddiyyətin, urvatın, dövlət ərkanın, dövlətçilik əsalətin? Nədir? - Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməyini sinirə bilmirsiz?..

Fransa bu gedişlə ancaq üzüaşağı gedə bilər. “Paris-2024”-ün açılış törəni bunu bir daha göstərdi… 

Fransa dənizaşırılardan uzaqlaşıb, yaxın-uzaq ölkələri sancmaqdan əl çəkməsə və öz “misaki-milli”sinə yığışmasa gələcəyi çox bərbad olacaq...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

Şəkildə: Fransanın Əlcəzairdə həyata keçirdiyi genosidin bir anı. Az sonra bu insanlar güllələnəcəklər…

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2024)

Günün fotosu: Parisdə Olimpiya oyunlarının açılışı oldu

 

Bəli, Parisdə Yay Olimpiya Oyunları rəsmən açıldı. Çoxları bu ecazkar tamaşanı provakasiya adlandırdılar. 

Mexanik atlar, saqqallı qadınlar, Lady Gaga və Marie Antoinette, əlləri kəsilmiş bir baş və s. - açılış mərasimində bunlar qarışıq reaksiya və duyğulara səbəb oldu.

Tamaşaçılara Sena çayının, eləcə də evlərin körpülərinin və damlarının böyük bir səhnə kimi çıxış etdiyi bir tamaşa təqdim edildi. Fon isə Eyfel qülləsi idi. 

Avropa Komissiyasının sədri Ursula van der Leyen isə öz sosial media hesabında bu tarixi hadisəni "qlobal əməkdaşlıq, həmrəylik naminə addım” adlandırdı.

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün tanınmış şair Əkbər Qoşalı “Dənizi dinləyirəm” söyləyəcək. 

Şeir iyul ayında qələmə alınıb. 

 

 

*

Dənizi dinləyirəm

Nə danışır bilmirəm

Mən dağ dili bilirəm

Çöl dilini bilirəm

Çəməndə gül bilirəm

Dəniz dili bilmirəm

 

Dənizi dinləyirəm

Nə danışır bilmirəm

İnsan bilmədiklərni

Öyrənməyə aşina

Bəlkə ona görə də

Dəniz öyrədən olub

Dağlarsa dərd ortağım

 

Dağlardan qopan çaylar

Dinləyib dərdimizi

Yuxumuzu dinləyib

Nə ki gizlinimiz var

Sulara danışmışıq

Dərdimiz yüngülləşib

Necə dərdlər yüklənib

Nə yuxular eşidib 

Dənizə qaçıb çaylar

 

Bizim bütün çayların 

Son ünvanı Xəzərdi

 

Dədəmiz-babamız da

Hey axın eləyiblər

Dağlardan dənizlərə

Yoxsa öz sirlərinin

yoxsa yuxularının 

    ardınca at çapıblar

    Atlarının ayağı 

      dənizə dəyməyincə 

       dinməyibdi ulular

 

Harda dəniz vardısa

Bir türk at çapıb ora

Bir çay dərd daşıyıbdır

O dənizə əminəm

Yuxumuzun dalınca 

gəlmişik dənizlərə

Qabarırsa dənizlər

Yuxunu xeyrə yozub

Sakit ləpələyirsə 

    qaramatı itirir

Dəniz ana kimidir

Ata Dağlar sussa da 

Ana gah layla çalar

Gah əsib-coşub susar

 

Dənizi dinləyirəm

Dinləyib-öyrənirəm

 

Yuxumuzun ardınca 

sənə gəlmişik dəniz!

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

Rəsm qalereyası: Olqa Novitskaya, “Qızılgüllər”

Bazar ertəsi, 29 İyul 2024 15:42

“Söz yarası” - HEKAYƏ

Samir Mirhüseynzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Saat 16:55-də təcili yardıma bir zəng daxil oldu. Telefon başındakı bəy özünü itirmiş və bir o qədər də həyəcanlı səs tonu ilə danışırdı:

-Alo, xanım, tez təcili yardım göndərin, qəza baş verib. Burada oğlum ağır yaralanıb.

Çağrı mərkəzində əyləşən xanım sual etdi:

-Salam. Haraya təcili yardım göndərək, zəhmət olmasa aydın danışın.

-Bura Nərimanovdadı, “Metropark”ın önüdür,  qəza burda olub. Tez göndərin, xanım.

-Müəllim, xəstənin ad, soyad və ata adını deyərsiz, zəhmət olmasa.

Zəng vuran qəzəblə söylədi:

-Ay qız, sənin başın xarabdı?! Mən deyirəm, burada ağır qəza olub, bu deyir ad soyad.

Bu cümlədən sonra çağrı mərkəzində əyləşən xanım heç bir söz deməyib dəstəyi asdı. Daha sonra vaxt itirmədən təcili yardımı qəzanın olduğu yerə yönləndirdi. Həqiqətən də ağır qəza idi. Maşın sürətlə hərəkət edərkən qarşısına balaca uşağın qaçması ilə sürücü uşağı maşının altına salıb əzməsin deyə sükanı cəld çevirmişdi. Maşında olan ailəsi - atası və anası xəfif cızıqlarla çıxsalar da sürücü özü bu qədər şanslı deyildi. 

Təcili yardımda olan həkim xəstəni maşına götürən kimi Xəstəxana ilə əlaqə saxlayıb Həsən həkimin çağırılmasının vacibliyini söylədi. 

Çox keçməmiş, təcili yardım maşını xəstəxanaya yetişdi, amma həkim hələ ki gəlməmişdi. Xəsarət alanın atası dava salıb həkimi xəstəxanada olmadığı üçün qınamağa başladı:

-Ay qardaşlar, bu nə xəstəxanadı?! Başqa həkim yoxdu? İndi camaat kefinin bəyi olub istirahət edəcək deyə burada xəstə gözləməlidi?

Ona növbətçi həkim cavab verdi:

-Bəy. Sizi başa düşürəm, amma hər adamın öz dərdi var, qınamayın. Bu birincisi. İkincisi isə hər sahənin də öz peşəkarı var. Bizdə beyin əməliyyatını Həsən həkimdən yaxşı edən yoxdur. Biz sizin oğlunuza kömək olmaq istəyirik. 

Növbətçi həkim sözünü tam bitirməmiş Həsən həkim qaranəfəs içəri daxil oldu. Gözlərində yorğunluq hiss olunurdu və üzünü də saqqal basmışdı. İçəri daxil olan kimi digər həkim irəli yüyürüb Həsən həkimi salamladı. Daha sonra hər şeyin hazır olduğunu söylədi. 

Elə bu zaman xəstənln yaxınları narazılıqlarını, hətta qarğışlarını yağdırmaqdan çəkinmədilər: 

“Buna baxe, camaatın balası ölür, bu da kefdə-damaqdadı”…

“Bu həkimlər lap ağını çıxarıblar”…

“Nəyinə lazım, ölən öz balası deyil ki, belə narahat olsun”…

Həsən həkim anidən bu sözləri söyləyənlərə nəzər yetirdi, amma heç nə demədən əməliyyat otağına adladı. Bir də düz üç saatdan sonra oradan çıxdı, yenə də heç kəsə heç bir söz söyləmədən oradan uzaqlaşdı. 

Ardından 10 dəqiqə keçdikdən sonra köməkçi həkim əməliyyat otağından çıxıb əməliyyatın uğurlu olduğunu dilə gətirdi, gözləyənləri sevindirdi. Xəstənin atası Həsən həkimin laqeyidliyini yenidən dillə gətirdi, amma gözləmədiyi sözlərlə qarşı-qarşıya qaldı. 

Köməkçi həkim onu kəsib dedi:

-Bayaq siz bilirsiz kimə qarşı hörmətsizlik  etdiniz? Sizin övladınızın əməliyyatına gələn, o sizin “Laqeyid” dediyiniz Həsən həkimin bu gün öz oğlunun dəfin günü idi. O, dərddən bükülmüş, sizin “kefdə damaqda” dediyiniz insan övladının dəfnini yarımçıq qoyub buraya gəlmişdi. Oğlunu son ünvana yola sala bilməmişdi, övladınızı siz də son ünvana yola salmayasız deyə…

Xəstənin atası uşaq kimi qulaqlarının dibinəcən qızardı. Anladı ki, onun övladının həyatını xilas edən və özü övlad yarası almış həkimə o, əlavə olaraq həm də söz yarası vurub.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

Bazar ertəsi, 29 İyul 2024 12:16

Oxucular daha çox nəyə maraq göstərir? -

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Təbii ki, hər bir KİV üçün hansı səpkili yazılarının daha çox oxunması barədə məlumatlar maraqlıdır. Mən də “Ədəbiyyat və incəsənət” portalının son 10 gününün reytinqini diqqətinizə çatdırmaq istədim. 

Burada həm portalın əməkdaşlarının (Əli Çağla, Nemət Tahir, Sərtyel), həm daimi müəlliflərinin (Əkbər Qoşalı, Təranə Dəmir, Aysel Fikrət, Fəxrəddin Qasımoğlu, Coşğun Xəliloğlu) müəllif yazıları yer alıblar, ilk onbeşlikdə cəmi 3 xəbər var, bu da cəmi-cümlətanı 20 faiz deməkdir. 

İlk onbeşliyin mövzu rəngarəngliyi də qeyd edilməlidir. Sıralanmada birinci qərarlaşmış Əkbər Qoşalının yazısı siyasi icmaldır, ikinci olan Sərtyelin yazısı satıradır, üçüncü yerdəki Nemət Tahirin yazısı isə səfər təəssüratıdır. 

Digər yerlərdə ədəbiyyat və incəsənət xadimləri barədə qeydlər, şeir, hekayə, esselər və qeyd etdiyimiz xəbərlər yer alır. 

Amma günümüzün bir gerçəkliyini də mütləq qeyd edək. Bu gün ölkənin elektron KİV-lərindəki yazı və xəbərlərin oxunma sayı birbaşa onların sosial mediada paylaşılmasından asılıdır. Demək, bəzən çox dəyərli, bir inci olan yazılar sadəcə kölgədə qalır, böyük oxucu auditoriyasına yol aça bilmir. 

Və sonda onu da qeyd edim ki, günümüzdə sırf mədəniyyət sferasında KİV-in mövcud olması elektron KİV deyiləndə yalnız xəbər və futbol saytlarının nəzərdə tutulmasını bir norma hesab edən Azərbaycanda sensasiya hesab edilə bilər. Fədakarlıqla mədəniyyəti təbliğ edən əməkdaşlarımıza alqış düşür! 

 

 

“Ədəbiyyat və incəsənət” portalında son 10 günün reytinqi

 

16 -26 iyul, 2024

 

1.”Görüşdən qaçanlar” - Əkbər Qoşalı

2. Gülüş klubu - Sərtyel 

3. “Özümdən 3 yaş böyük… “- Nemət Tahir 

4. “Gülbəy” - Coşğun Xəliloğlu 

5. “Müşfiq xanın ad günündə…” - xəbər

6. Status yağışı  - Əli Çağla ilə

7. “Ədəbi proses 2023” -xəbər 

8. “Şeytanla bəhsə girib… “- Təranə Dəmir 

9. “Şuşada Emil Əfrasiyab…” - Aysel Fikrət 

10. Poeziyanın yorulmaz əsgəri Eldar Əhədov 

11. “AYB Lənkəran bölməsi…” -xəbər 

12. “Sumqayltda yerli AYB bölməsi… -xəbər 

13. “Urmu gölünün uykusu” - Əkbər Qoşalı

14. “Mahcamal haqqında…”- Aysel Fikrət 

15. “Ruh” - Fəxrəddin Qasımoğlu

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

Bazar ertəsi, 29 İyul 2024 14:38

Yalan danışmağı xoşlamayan xanım...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Alim var ki, bütün ömrü boyu işləyib müdafiə etdiyi, daha çox məlumatlı olduğu mövzunu bir yana tullayıb, tamam başqa mövzuda özünü təsdiq etməyə səy göstərir. Və hərşeyşünas görüntüsünü yaratmağa çalışır. Belə alimləri gah müxalifətdə, gah da iqtidarda təmsil olunmağa can atan siyasi əqidəsizlərə də bənzətmək olar. Obrazlı desək, abırlı “nizamişünas” heç vaxt özünü “füzulişünas” kimi təqdim etməyə çalışmaz…

 

Bütün ömrünü Seyid Nəsimiyə həsr edib və bu mövzuda hər bir suala cavabı var. Bir az da qabağa getsəm, ölkədə onun qədər Nəsimini bilən ikinci alim yoxdur…

Qürurlu xanımdır. Özünə çox güvənir, fəhminə, zəkasına, ağlına həmişə inanıb. Olduqca cəlbedici və xoşagələndir. Amma tələbkar olduğundan onunla ünsiyyət qurmaq elə də asan deyil, xarizmatik insandır. Eyni zamanda idealistdir və hər şeyin yaxşı olmasını arzulayır...

Hər hansı bir tarixi şəxsiyyətin həyat və yaradıcılığını araşdırıb, heç kimin bilmədiyi faktları üzə çıxarmaq, onu fərqli şəkildə təqdim etmək çox çətindir. Tədqiqatçıdan böyük hünər, ciddi təhlil, dərin savad tələb edir. Haqqında söhbət açmaq istədiyim filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva neçə illərdir ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığını araşdırır. Bu istiqamətdə bir sıra uğurlara imza da atıb...

Deyir ki,- “Nəsiminin müraciət etdiyi janrlar və şeirinin poetikası haqqında bir neçə tədqiqat əsərində bəhs olunsa da, bu şairin söz sənəti haqqındakı görüşləri, əsərlərində yer alan ədəbi kateqoriya və terminlərə indiyədək diqqət yetilməmişdir. Adı daha çox hürufiliklə bağlı yad olunan Nəsiminin ədəbi fəaliyyətinin istiqamətləri, ədəbi-tənqidi görüşləri və poetika elmi ilə əlaqəli nəzəri biliyi barədə indiyədək araşdırmalarda pərakəndə və çox zaman səthi məlumatlar verilmişdir. Halbuki onun hər iki divanında yer alan janr və poetik formalar zənginliyi və rəngarəngliyi baxımından divan ədəbiyyatında çox az şairin ədəbi mirası ilə müqayisə oluna bilər. Nəsiminin əsərlərinin arxitektonikası, onun poetik ənənələri sinkretik təqdimi, fərdi yaradıcılıq eksperimentləri, poetik sözə həssas və elmli münasibəti şeir sənətinə dərindən bələdliyini göstərir. Şairin hər iki divanında şərq şeir sənətinin həm təcrübi və tətbiqi şəkillərini, həm də onun nəzəri biliklərinin ifadələrini müşahidə etmək mümkündür”…

Xarekteri olduqca güclüdür. Çalışdığı sahədə özünü yüksəyə qaldırmağı bacarır. Nə istədiyinin fərqindədir və istəyinə çatmaq üçün əzmlə addımlaya bilir. Zamana meydan oxuyur, qarşısına çıxan səddi asanlıqla ram etməyi bacarır...

Nəsiminin diri-diri dərisinin soyulmasını və onun həmin zaman şeir söyləməsini xalqın şairə olan məhəbbətindən yaranmış əfsanə olduğunu düşünür. Nəsiminin iki dəfə ailə qurduğunu iddia edir. Bundan əlavə alimlərin ortaq türk dili təklifinə onun da öz yanaşması vardır:- “Ortaq türk dili fərqli bir anlayışdır. Keçən əsrin əvvəllərində də bu iddianı irəli sürənlər olub. Onlar ortaq türkcə deyəndə tatar türkcəsini, Mərkəzi Asiya xalqlarının, Qafqaz, İran və Türkiyə türklərinin hamısının anlaya biləcəyi ortaq ədəbi dil ideyasını təklif etmişdilər. Amma onu gerçəkləşdirə bilmədilər. Çünki canlı dil hər zaman qalibdir və süni müdaxilələri qəbul etmir. Düşünürəm ki, dilimiz gələcəkdə də bu çoxyönlü, müxtəlif niyyətli gizli və aşkar həmlələrə məğlub olmayacaq. Bu cür müdaxilə - mövcud sözləri, xalq tərəfindən qəbul olunmuş bir çox kəlmələri "ərəbcədir" deyə süni və kütləvi şəkildə dildən çıxartmaq və başqa bir qrup sözü dilə gətirərək, əsassız əvəzetmələr doğru qərar deyil. Sözlərin dildə oturuşması zaman istəyir. Bundan başqa, hər ərəb dilində olan kəlməni də zərurət olmadan dilimizdən çıxara bilmərik. Türkiyə dilçiləri bir əsrə yaxındır ki, ədəbi dildə təmizləmə aparır. Bununla belə, onların da ədəbi dilində yetərincə ərəb sözləri var. Bunlar elə sözlərdir ki, bizdə

onun ya tələffüzə daha yatımlı variantı var, ya da türkcə qarşılığı mövcuddur”- söyləyir...

İşgüzar, çalışqan, əzmkar insandır. Maraqlı iddiaları ilə həqiqətin harada olduğunu ortaya çıxara bilir. Yalan danışmağı xoşlamır. Cəsarətli və mərd xanımdır. Davranışı, yüksək mədəniyyəti ilə seçilir. Müvəffəqiyyət onun üçün çox əhəmiyyətli olduğundan gərgin iş rejiminə, çətinliklərə qatlaşmağı bacarır…

İstirahət günlərində - iyulun 27-si Səadət xanımın növbəti ad günüydü. Ona möhkəm cansağlığı, firəvan həyat və tükənməz nailiyyətlər arzulayırıq. 

Yeni yaşınız mübarək, Səadət xanım!

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

Bazar ertəsi, 29 İyul 2024 13:37

“Türkiyədə yeni əlifba” - ESSAD BEY

Leo Essad –Bey Nusenbaum barədə əfsanələr dolaşmaqdadır. Bir neçə təxəllüslə, o cümlədən azərbaycanlı oxuculara yaxşı tanış olan Məhəmməd Əsəd bəy və Qurban Səid təxəllüsü ilə yazdığı bəllidir. Bu məntiqlə, dünyaşöhrətli “Əli və Nino” romanının müəllifi də odur.

Talehə Əliyeva ötən əsrin 20-ci, 30-cu illərində Almaniya mətbuatında sözügedən müəllifə aid bir neçə məqaləni dilimizə çevirib və redaksiyamıza təqdim edib. Onları diqqətinizə çatdırırıq. 

 

TÜRKİYƏDƏ YENİ ƏLİFBA

Ankaradan xəbər gəldi ki, Türkiyə höküməti Rusiya türkləri kimi ərəb hərflərindən latın əlifbasına keçməyi qərara alıb. Bu qərar Türkiyənin avropalaşmasında yeni bir addım olacaq.

Türk yazısı üç tarıxı mərhələdən keçib: orxon, uyğur və ərəb. Bu üç əlifbadan Türk dilinə bir az uyğun gələni orxondur. Digər yazılarda, xüsusilə ərəb hərflərində ”şərti” işarələrdən istifadə olunmalı idi. Türkcədə bu hərflərlə səlis oxumaq üçün türk dilini çox gözəl bilmək vacibdir, çünki türkcənin öyrənilməsində oxu yazıdan öndə gəlir. Yeni latın əlifbası həm türklərə, həm də əcnəbilərə bu dili öyrənməyi asanlaşdıracaq.

Başqa bir tərəfdən qeyd etmək lazımdır ki, yeni orfoqrafiyanın tətbiqi özünü türkcədə olan bəzi dialektlərin fərqliliyində əks etdirəcək; həmçinin ərəb əlifbasında olan qədim türk ədəbiyyatı nümünələrinin unudulmasına gətirib çıxaracaq, eyniylə uyğurlardakı “Kudatku Bilik” kimi. Ən təəssüfedici hal isə odur ki, ərəb əlifbasından imtina ilə türklərin cox əhəmiyyət verdiyi dekorativ yazı sənəti, gözəl yazı da itəcək.

Ancaq çox yaxşı olardı ki, (bir zamanlar İspaniya və Rusiya akademiyalarındakı kimi) onlar Türkiyə Akademiyasının daha əvvəlki planına, yəni əski əlifbanın birdəfəlik ləğv etmək yox, əsaslı reformasiyaya, uyğun qərar verərdilər.

 

(“Die literarische Welt” qəzeti, Berlin, 2/ 1926-cı il N-36. S.2(1/4) səh.266

Almancadan tərcümə etdi: Talehə Əliyeva

Müəllif hüquqları qorunur. Bakı. 27 iyul 2024-cü il)

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

Bazar ertəsi, 29 İyul 2024 11:51

“Cənnətin möhürü”

Cəlilabad təhsilinin tanınmış nümayəndəsi, istedadlı nasir, ədəbiyyatşünas, pedaqoq İlham Əhmədovun yeni- "Cənnətin möhürü" kitabı çapdan çıxıb. 

 

“Ədəbiyyat və incəsənət” portalına  Cəlilabadda yaşayan pedaqoq Elçin Heseynovun verdiyi məlumata görə, müəllifin “Cənnətin möhürü" kitabında qələmə aldığı hekayə və oçerklər müasir dövrün tələblərinə çox uyğun işlənib. Hadisələr olduqca real təsir bağışlayır, tərbiyəvi mahiyyətilə oxucunu cəlb edir. 

Elçin Hüseynov əminlik də bildirir ki, oxucular əsəri rəğbətlə qarşılayacaqlar. 

 

Şəkildə: Elçin Hüseynov və İlham Əhmədov yeni kitabı nümayiş etdirirlər.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Mahir N. Qarayevin  “Dəmir qapı Dərbənd" silsiləsindən şeirlərini təqdim edəcəyik. 

 

 

 

Nəğmə dedik son baharın adına, Göy üzünün durnaları apardı... - Mahir N.Qarayevin "şeirləri

 

Təbriz bayatısı

 

Dərddən demə, qardaş:

 

Çəkilməz dərdimə,

tikilməz qəlbimə yazığın gəlsin,

dözəndə - səbrimə,

bezəndə - qəbrimə yazığın gəlsin;

 

tanrısız dünyanın bəndəsi yazıq,

şəhərlisi yazıq, kəndlisi yazıq,

hayıfdı bu nəslin 37-si,

əsrin 41-nə yazığın gəlsin!

 

Yurddan demə, qardaş:

 

Hərə bir tərəfdən,

hərə bir qıraqdan çapıb da gələr,

Nəsimi - Hələbdən,

Füzuli - İraqdan qopub da gələr;

 

baxmaz doğanağa, baxmaz örkənə,

dağını, daşını qoşub tərkinə

salamsız... kəlamsız... ərk ilə

Təbriz Araz üstdən aşıb da gələr!

 

 

Qürbət ağısı

 

Nəğmə dedik son baharın adına,

Göy üzünün durnaları apardı.

Həsrət bizi yanar qoydu oduna,

Gəzən olsa, külümüzü taparmı?!

 

Ana Vətən -

Göyçəklərin göyçəyi!

Qərib yurda ürəyimiz qızammaz.

Yad ellərin yüz ölümü, əcəli

Yad torpaqda qəbrimizi qazammaz...

 

Qoxuladıq bu düzləri yurd deyə,

Qurd fələkdi - quzu-quzu otardı.

Bir qəribin gözlərini örtməyə

Yüz yad elin torpaqları çatarmı?!

 

Ana Vətən -

Gerçəklərin gerçəyi!

Ümid dolu xatirələr usanmaz;

Ağardımı anamızın birçəyi?!

Yuxusunu qarışdırar, yozammaz...

 

Nəğmə dedik, dan yerinə üz tutub,

Yad ellərin yad günəşi yubandı;

Dağlarını duman tutub, sis tutub,

Dənizləri - dəniz boyda qubarmı?!

 

Ana Vətən -

Bir ömürlük ruzumuz!

Şəkərimiz, çörəyimiz, duzumuz;

Bu qismət ki haqdan gələn yazımız -

Ölüm belə alnımızdan pozammaz!

 

 

Qərib Nazimin yolçuluğu

 

Nağılım dünya,

gerçəyim dünya,

əzəlim, gözəlim, göyçəyim dünya!

 

Başımın üstündə bir qara bayraq -

baş alıb gedəcəyim,

baş qoyub öləcəyim dünya!

Tutula-tutula dərdinə,

qurşana-qurşana acına -

bu ucundan yol başlayıb

çıxasıyam o ucuna...

 

Yad nəzərdən yaşına-yaşına,

uçuna-uçuna,

yaşara-yaşara

milyon verstlik radiusdan

dolanacam İstanbulun başına!

 

Başımın üstündə bir qara bayraq -

öpəcək nəm çəkən yanaqlarımı;

Başımın üstündə bir qara bayraq -

örtəcək ölüncə ayaqlarımı!

 

Baş alıb gedəcəyim,

Baş qoyub öləcəyim dünya!

 

Sən görəcəkliyin,

çox görmə mənə:

bu həsrəti, bu qisməti, bu dağı,

bir də başım üstdəki bu qara bayrağı...

 

*

Qərib torpaqların göy üzü qərib,

qərib torpaqların

göydə - ayı qərib, ulduzu qərib,

yerdə - suyu qərib, dənizi qərib...

 

Qərib suların aynasında

iri alnın qırış-qırış,

buyur, bu dünyanı gəz qarış-qarış -

qərib torpaqların hər üzü qərib...

 

Yalnız mahnı oxuya bilməkdir

dünyanın ən böyük xoşbəxtliyi!

 

Mahnı ki oxuyammadın -

demək, unudammadın təkliyi;

və bir də quş kimi uçub gedəcək

quşa dönmək ümidinin əl boyda gerçəkliyi...

 

Sonra bir gəmi gedər,

uzaq üfüqlərə tənha bir gəmi -

quruyub qaldığın sahillər yazıq;

üstündən adlayan gecələr yazıq,

içindən keçdiyin səhərlər yazıq!

 

Gəzdin qarış-qarış:

 

Parisli Parisə,

Misirli Misirə yaraşan kimi

yaraşdın dünyanın hər qarışına,

hər addımına;

 

və bir gün beləcə

iri alnın qırış-qırış

qarışdın dünyanın hər qarışına,

hər adamına...

 

 

Cavid əfəndinin buludu

 

Evim yenə eşik mənim,

yerim yenə bayırdımı?!

Yanım-yörəm keşik mənim -

anam, bura Bayıldımı?!

Göy üzünün naçar-naçar

durnaları hara uçar?

 

Bura o çöl-bayır deyil -

dörd yanım qəbirdi, bacım.

Ha baxıram, Bayıl deyil -

deyəsən, Sibirdi, bacım!

 

Dünən gedən qaraçılar

indi görən, hara çatar?

 

Külək döyür otağımı,

yağış kəsənə oxşamır.

Qəbirdən sal yatağımı -

evim damır, damır, damır...

 

Göyün üzü bulud-bulud,

unut daha... unut... unut...

 

 

Şeir bazarı

 

Azğın soyuq

göy üzündə səfil-səfil dolaşan

ruhları da qısnayanda məzara -

şair Məhəmməd Hadi

şeirlərini çəkmişdi bazara.

 

Bir cüt tərəzi gözü kimi

bir cüt əl göylərdən enmişdi yerə:

 

Tanrının sol əlində

dinməz oturmuşdu Məhəmməd Hadi -

ürəyinin başından qoparıb

Tanrının sağ əlinə atırdı şeirlərini.

 

Şeirlərin odu

isidirdi Tanrının sağ əlini -

Tanrının sol əlində

soyuqdan donurdu Məhəmməd Hadi...

 

Eləcə oturmuşdu, baxırdı,

qəhərini güclə boğur, boğulurdu:

 

tərəziyə atılırdı,

tərəziyə qatılırdı şeirləri -

isti təndirdən çıxan buğda çörəyi kimi

buğlana-buğlana satılırdı şeirləri...

Dərisi soyulmuş Allah

 

 

Nəsiminin qətli

 

Soyun bu kafiri!

 

Sabaha qoymayın, sabahdan iraq!

Tövbə eləməkdən sapdırın bunu -

Göydən Allah baxır...

Allahdan iraq!

 

Bir az da sabahın halına yanın -

Sabaha qoymayın, sabahdan iraq.

Nəfəsi bu günü murdarlayanın

Qanı da sabahı murdarlayacaq!

 

Bu fani dünyada zulum görənlər,

Cənnət qapısından gülüb girənlər,

Şükürlər içində ölüb gedənlər

Buna nə deyər?!

 

Soyun bu kafiri!

 

Yaxına qoymayın cavan qızları,

Kimsə ağlamasın qoy oğrun-oğrun;

Allahın yerdəki allahbazları!

Göydən Allah baxır...

Allahdan qorxun!

 

Soyun bu kafiri!

Kəsin bu səsi!

Ayıb, allahsızın sözündən ayıb!

Çılpaq ayaqları, çılpaq sinəsi

Bakirə qızların gözündən ayıb!

 

Halalın-haramın,

dulun-hərəmin

nəfəsindən ayıb, nəfsindən ayıb!

 

Soyun bu kafiri!

 

Çoxdan fürsət gəzən

qansız rəislər -

əmrə müntəzirlər,

qana hərislər,

vəkillər, vəzirlər,

qanunpərəstlər...

 

Kimi baltasıyla, kimi daşıyla,

kimi dırnağıyla, kimi dişiylə -

soyarlar, kəsərlər,

şaqqalayarlar.

 

Günahkar bir günün günortasında,

tamahkar dünyanın tən ortasında

haqqı dana-dana

haqq eləyərlər!..

 

Gizlicə-gizlicə

ağbirçəklilər

ovudar, ovudar cavan qızları.

Gecələr özləri qızlardan betər

qovrular dərdinə allahsızların.

 

Bir kafir

cəhənnəm çöhrəli allahbazların

cənnətə açılan sabahı olar.

Hələ soyulmamış allahsızların

dərisi soyulmuş Allahı olar!

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.