“Söz yarası” - HEKAYƏ Featured

Samir Mirhüseynzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Saat 16:55-də təcili yardıma bir zəng daxil oldu. Telefon başındakı bəy özünü itirmiş və bir o qədər də həyəcanlı səs tonu ilə danışırdı:

-Alo, xanım, tez təcili yardım göndərin, qəza baş verib. Burada oğlum ağır yaralanıb.

Çağrı mərkəzində əyləşən xanım sual etdi:

-Salam. Haraya təcili yardım göndərək, zəhmət olmasa aydın danışın.

-Bura Nərimanovdadı, “Metropark”ın önüdür,  qəza burda olub. Tez göndərin, xanım.

-Müəllim, xəstənin ad, soyad və ata adını deyərsiz, zəhmət olmasa.

Zəng vuran qəzəblə söylədi:

-Ay qız, sənin başın xarabdı?! Mən deyirəm, burada ağır qəza olub, bu deyir ad soyad.

Bu cümlədən sonra çağrı mərkəzində əyləşən xanım heç bir söz deməyib dəstəyi asdı. Daha sonra vaxt itirmədən təcili yardımı qəzanın olduğu yerə yönləndirdi. Həqiqətən də ağır qəza idi. Maşın sürətlə hərəkət edərkən qarşısına balaca uşağın qaçması ilə sürücü uşağı maşının altına salıb əzməsin deyə sükanı cəld çevirmişdi. Maşında olan ailəsi - atası və anası xəfif cızıqlarla çıxsalar da sürücü özü bu qədər şanslı deyildi. 

Təcili yardımda olan həkim xəstəni maşına götürən kimi Xəstəxana ilə əlaqə saxlayıb Həsən həkimin çağırılmasının vacibliyini söylədi. 

Çox keçməmiş, təcili yardım maşını xəstəxanaya yetişdi, amma həkim hələ ki gəlməmişdi. Xəsarət alanın atası dava salıb həkimi xəstəxanada olmadığı üçün qınamağa başladı:

-Ay qardaşlar, bu nə xəstəxanadı?! Başqa həkim yoxdu? İndi camaat kefinin bəyi olub istirahət edəcək deyə burada xəstə gözləməlidi?

Ona növbətçi həkim cavab verdi:

-Bəy. Sizi başa düşürəm, amma hər adamın öz dərdi var, qınamayın. Bu birincisi. İkincisi isə hər sahənin də öz peşəkarı var. Bizdə beyin əməliyyatını Həsən həkimdən yaxşı edən yoxdur. Biz sizin oğlunuza kömək olmaq istəyirik. 

Növbətçi həkim sözünü tam bitirməmiş Həsən həkim qaranəfəs içəri daxil oldu. Gözlərində yorğunluq hiss olunurdu və üzünü də saqqal basmışdı. İçəri daxil olan kimi digər həkim irəli yüyürüb Həsən həkimi salamladı. Daha sonra hər şeyin hazır olduğunu söylədi. 

Elə bu zaman xəstənln yaxınları narazılıqlarını, hətta qarğışlarını yağdırmaqdan çəkinmədilər: 

“Buna baxe, camaatın balası ölür, bu da kefdə-damaqdadı”…

“Bu həkimlər lap ağını çıxarıblar”…

“Nəyinə lazım, ölən öz balası deyil ki, belə narahat olsun”…

Həsən həkim anidən bu sözləri söyləyənlərə nəzər yetirdi, amma heç nə demədən əməliyyat otağına adladı. Bir də düz üç saatdan sonra oradan çıxdı, yenə də heç kəsə heç bir söz söyləmədən oradan uzaqlaşdı. 

Ardından 10 dəqiqə keçdikdən sonra köməkçi həkim əməliyyat otağından çıxıb əməliyyatın uğurlu olduğunu dilə gətirdi, gözləyənləri sevindirdi. Xəstənin atası Həsən həkimin laqeyidliyini yenidən dillə gətirdi, amma gözləmədiyi sözlərlə qarşı-qarşıya qaldı. 

Köməkçi həkim onu kəsib dedi:

-Bayaq siz bilirsiz kimə qarşı hörmətsizlik  etdiniz? Sizin övladınızın əməliyyatına gələn, o sizin “Laqeyid” dediyiniz Həsən həkimin bu gün öz oğlunun dəfin günü idi. O, dərddən bükülmüş, sizin “kefdə damaqda” dediyiniz insan övladının dəfnini yarımçıq qoyub buraya gəlmişdi. Oğlunu son ünvana yola sala bilməmişdi, övladınızı siz də son ünvana yola salmayasız deyə…

Xəstənin atası uşaq kimi qulaqlarının dibinəcən qızardı. Anladı ki, onun övladının həyatını xilas edən və özü övlad yarası almış həkimə o, əlavə olaraq həm də söz yarası vurub.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.