ƏN YENİ POEZİYA: “Dənizi dinləyirəm”, Əkbər Qoşalı

“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün tanınmış şair Əkbər Qoşalı “Dənizi dinləyirəm” söyləyəcək. 

Şeir iyul ayında qələmə alınıb. 

 

 

*

Dənizi dinləyirəm

Nə danışır bilmirəm

Mən dağ dili bilirəm

Çöl dilini bilirəm

Çəməndə gül bilirəm

Dəniz dili bilmirəm

 

Dənizi dinləyirəm

Nə danışır bilmirəm

İnsan bilmədiklərni

Öyrənməyə aşina

Bəlkə ona görə də

Dəniz öyrədən olub

Dağlarsa dərd ortağım

 

Dağlardan qopan çaylar

Dinləyib dərdimizi

Yuxumuzu dinləyib

Nə ki gizlinimiz var

Sulara danışmışıq

Dərdimiz yüngülləşib

Necə dərdlər yüklənib

Nə yuxular eşidib 

Dənizə qaçıb çaylar

 

Bizim bütün çayların 

Son ünvanı Xəzərdi

 

Dədəmiz-babamız da

Hey axın eləyiblər

Dağlardan dənizlərə

Yoxsa öz sirlərinin

yoxsa yuxularının 

    ardınca at çapıblar

    Atlarının ayağı 

      dənizə dəyməyincə 

       dinməyibdi ulular

 

Harda dəniz vardısa

Bir türk at çapıb ora

Bir çay dərd daşıyıbdır

O dənizə əminəm

Yuxumuzun dalınca 

gəlmişik dənizlərə

Qabarırsa dənizlər

Yuxunu xeyrə yozub

Sakit ləpələyirsə 

    qaramatı itirir

Dəniz ana kimidir

Ata Dağlar sussa da 

Ana gah layla çalar

Gah əsib-coşub susar

 

Dənizi dinləyirəm

Dinləyib-öyrənirəm

 

Yuxumuzun ardınca 

sənə gəlmişik dəniz!

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.