ƏN YENİ POEZİYA: “Bir də dünyaya gəlsəm”, Cəlil Cavanşir Featured

“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün sevilən şair Cəlil Cavanşir  “Bir də dünyaya gəlsəm”, söyləyəcək. 

Şeir iyul ayında qələmə alınıb. 

 

bir də dünyaya gəlsəm

sakit-səssiz yaşayaram

bir dağ başında, ya da dəniz kənarında

ya da çay qırağında

təbiətlə iç-içə,

bulaq suyunu içərəm şərab yerinə,

bəlkə ,

bir-iki pişik, bir it bəsləyərəm daxmamda

odundan ocaq çataram,

axşamlar erkən yatararam

günəşdən erkən qalxaram

ömrümdə daha çox yer ayıraram sevincə

yaşamaram bu beton cəngəlliyi şəhərdə

unudaram dünyanı, şəhər-şəhər

küçə-küçə...

 

bir də dünyaya gəlsəm

kitab üzü açmaram

təbiəti oxuyaram varaq-varaq

yarıçılpaq dolaşaram vəhşisayaq

aşiq olmaram, əzab çəkmərəm

yurd salmaram, ev tikmərəm

yalınayaq dolaşaram meşələrdə

həəə, bir də

bir də beynimi yormaram dünyayla

azadlıq dərərəm buludlardan

şərqi öyrənərəm quşlardan

əsla narahat olmaram

bu sonsuz unuduluşlardan...

 

bir də dünyaya gəlsəm,

şeir yazmaram əsla

ömrümü keçirmərəm nə ələmlə, nə yasla,

sıxmaz məni övlad həsrəti, valideyin dərdi

eh, 

dünya başdan başa kədərdi...

 

evlənmərəm, ayrılmaram,

yenidən başlamaram heç nəyə

hər şeyi birdəfəlik unudub

özümə sığınaram

gecələr ulduzlara baxıb uğunaram.

saçımı, saqqalımı kəsmərəm

güzgüyə baxıb qorxmaram özümdən

kimsə də inciməz sözümdən

nə dostum olar, nə sevgilim

nə də yalanlara öyrəşər dilim...

 

o qədər bezmişəm ki, yaşamaqdan

bir də dünyaya gəlsəm

qorxaram adam olmaqdan.

ot olaram, daş olaram

yollarla yoldaş olaram...

 

indi, bu dəqiqə, bu an

qulağımı batırır peşimanlıq nərəsi

ömür qırılıb təsbeh kimi

səpələnib doxsan doqquz yerə

tapılmır bircə dənəsi

 

mənə bax da...

bəlkə də ömrümün sonuncu günü,

ölümsüzlüyün ertəsi

oturub düşünürəm sərsəm-sərsəm

"bir də dünyaya gəlsəm!?"

 

o qədər yorulmuşam ki, həyatdan

ölsəm, dünyaya gəlmərəm,

ölsəm...

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.