Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Sənin adına şəhər” şeiri ilə.
“Mən sənin adına şəhər salmışam
Ürəyim-şəhərin baş meydanıdı.”
Mükəmməldir, deyilmi?
Xoş mütaliələr!
Mən sənin adına şəhər salmışam,
Bu gün ad qoyuram küçələrinə.
Oturub şəhəri tumarlayıram-
Saçını sərmisən gecələrinə...
Özünə dərd edib bizim şəhəri,
Bu xırda şəhərlər, bu tin-şəhərlər.
Mən sənin adına şəhər salmışam-
Qaçıb xəritədən bütün şəhərlər.
...Gəl, öz şəhərini göstərim sənə,
Uzaqda deyil ki, könlüm yanıdı.
Mən sənin adına şəhər salmışam
Ürəyim-şəhərin baş meydanıdı.
...Tikdim ürəyimin sahillərində,
Qorxdum gözlərimdən keçər, yan keçər.
Qala qapısıyam mən bu şəhərin-
Təkcə sənin adın qapıdan keçər...
Tanrı bu şəhərə səni şah seçib,
Nə fərqi:- sarayı, ya taxtı olsun.
Bir şəhər salmışam sənin adına
Saldım ki, eşqin də paytaxtı olsun!
...Qapını gün açar, pəncərəni ay,
Bir yanı gündüzdü, bir yanı axşam.
Nə olsun, dünyanı verə bilmədim
Sənə SEVGİ adlı şəhər salmışam...
Girib bu şəhəri gəzirəm hərdən,
Çıxmaq istəyəndə kimsə ,,qal" deyir.
Sənə dünya boyda şəhər salmışam-
Gör sənə bu ,,şəhər" darısqal deyil?!..
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)