“Topla bütün günahlarını, hamısını mən silərəm, gəl..." - ESSE Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Bir damla göz yaşına həsrət qalacaq insanlar bəlkə. Bir-birinin üzündə gördüyü tək damla göz yaşına... Gülüşə həsrət qalmışıq deyəsən ən çox. Səmimi, içdən bir gülüşə. Həsrət deyirəm, amma adı yoxdur bu duyğunun. İllər sonra belə, yenə eyni şəkildə qanayacaq yaralar var qəlbimizdə. Doldurulmayacaq boşluq. Doldurmaq istəsəm qanayacaq. Deyirlər ha, boşa qoysam dolmur, doluya qoysam almır deyə. Tam da bu...

Nə edəsən, nə deyəsən bu hissin adına? Əksik qalış? Hə...

Əslində sevgi deyil bu sətirləri, misraları yazdıran mənə. Bilirsiniz də, sirdaşımdır qələmim. Amma qəlbimdə, ruhumda səbəbsiz bir ağırlıq var uzun müddətdir. Yorğunluq, bilmədiyim yerlərin həsrəti, bildiyim insanların yorğunluğu var. Getməkdən yazıram hey. Ruhdan yazıram, səndən yazıram. Sənin kim olduğunu bilmədən səndən yazıram, sənə yazıram. 

Aclıqdan ağlayan uşaq kimiyəm biraz. Sənsizlikdən ağlayıram. Kor birinin gözlərini istəyərkənki fəryadlarına bənzəyir tanrıya yalvarışlarım. Hər dua gəl deyə. Bəlkə də gəlmək istəyirsən sən də. Bəlkə də qapımdasan indi. Pəncərəmdəki sarı gülü gördün? Köhnə bir inanca görə sarı gül xəstəlik, ayrılıq deməkmiş. Gəl, at o sarı gülləri. Əllərindəki qızılgüllər bəzəsin pəncərəmi. Bəmbəyaz... Həsrət yox, sevgi, xoşbəxtlik qoxsun pəncərəm. Ali Aşikar demişkən, "mənim qaçmaq istədiyimi həmişə bilirdin sən". Qaçacağım yer yox bəlkə, amma mən səninlə bilinməzliyə də qaçardım. Gəl ki, özün də bilinməzsən mənim üçün... Olsun, yenə də gəl sən. Bəlkə yadlarda itirdiyimiz bizi taparıq, səni, məni taparıq. Bəlkə birlikdə böyüdərik qızılgül budaqlarını. Hərgah, əgər qorxursansa sarı gülləri atmağa, utanırsansa qapımı çalmağa, o zaman, Dəli Yazar demiş, "topla bütün günahlarını, hamısını mən silərəm, gəl..."

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.