“Ədəbiyyat və incəsənət” portalı Xalq yazıcısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın yeni yazdığı “Qatardan qalan adam” hekayəsi ilə oxucularını tanış edəcək.
Əlbəttə, sevilən yazıçınının hər bir yeni əsəri bir ədəbi hadisədir.
Hekayə ilk dəfə bir neçə gün öncə “525-ci qəzet”də dərc edilib və böyük rezonans doğurub. Hekayə barədə peşəkar təhlillərlə yanaşı, çox təəssüf ki, dayaz mülahizələr, söz demək xatirinə söz bəsitliyi də yer alıb. Bütün bunlara qarşı ən gözəl cavabı “525-ci qəzet”in baş redaktoru, AYB sədrinin müavini Rəşad Məcid verib. Öncə Rəşad bəyin yazısını, ardınca hekayəni oxucularımıza təqdim edirik.
“HEKAYƏ TƏSADÜFƏN BU QƏDƏR REAKSİYA DOĞURMAYIB”
Anarın “Qatardan qalan adam” hekayəsi barədə əvvəlki statusumda yazmışdım: “Hekayə həqiqətən dərin mülahizələrə, müxtəlif versiya və yanaşmalara imkan verən, çoxlu və fərqli nəticələrə gətirib çıxaran dəyərli bədii nəsr nümunəsidir”.
Düzü, hekayənin bu qədər böyük reaksiya doğuracağını gözləmirdim. Həddindən artıq çoxlu rəylər oldu. Bəzi özünü ciddi ədəbiyyat adamları sayanlar Anara qarşı içinin xıltını gizlədə bilmədən primitiv, üzdən tənqidləri, yaxud hekayəni qaçaraq oxuyub mədhiyyə yazanların təriflərini qoyaq qırağa.
Fərqli qənaətlər də rastıma çıxdı. Yazıçı Mehriban Vəzir bir məqamı tutaraq öz mövqeyindən irəli gələn qənaətlər söyləmişdi. Feysbuk bu statusu niyə sildi, bilmədim. Burda bəlkə hansısa siyasi məqamlar, ölkə adları çəkilmişdi ona görə.
Amma ədəbiyyatşünas alim Asif Hacılının əsasən elmi yanaşmadan ibarət məqaləsi niyə yox oldu, bilmədim. Yaxşı ki, sayta vermişdik.
Sosial media üzrə mütəxəssis Fərid Pərdəşünasdan da səbəblərini öyrənməyə çalışdım. Bəzi incə detalları söylədi və bu iki yazının niyə silinməsinə gümanlarım yarandı.
Yazıçı Sərdar Amin də hekayə barədə məqalə yazdı. Sərdarın müşahidə etdiyi bir detalı Mehriban Vəzirin tutduğu nadir fərqli qənaətlər sırasına əlavə etdim: “Qatardan qalan adam”ın bizə yalnız ismi, bəllidir. İshaq! O da “Salmanzadə” soyadını Amerikada yəhudilərin biznesdə uğur qazanması zərurətindən “sünnət” edib “Salman” etmək istəyir. Mətnin ən uğurlu təqdimatı da elə bu istəyin sondakı cəzasıdır; öldüyü qəsəbədə müsəlman qəbiristanlığı olmadığından yəhudi məzarlığına təhvil verilir, yəhudilərə uyğun heç bir sənədi olmadığından yandırılaraq külü göyə sovrulur. Biznesə görə soyundan keçmək istəyən şərqli yandırılmalıdır. Bu, kiçik ideya deyil!
Ömrünün bir qərinəsini Yazıçılar Birliyində anarxiyanın qarşısını almaqla məşğul olan Anarın 86 yaşlı qəlbində belə bir iddia varsa, təbii alqışlanmalıdır”.
Görünən odur ki, hekayə təsadüfən bu qədər reaksiya doğurmayıb. Üzdən oxuyanlar da nəsə qeyri-adi məqamlar olduğunu hiss ediblər.
“QATARDAN QALAN ADAM”
İshaq Salmanzadə türkiyəli şəriki Ədhəm bəylə Budapeşt dəmir yolu vağzalında vidalaşdı. Ədhəm bəy onu Egerə ötürməyə gəlmişdi. Türkiyə adətiylə bir-birinə sarıldılar, yanaqlarını bir-birinə yapışdırdılar.
Ədhəm bəy: - İnşallah mayısın 5-də Nyu-Yorkda görüşürüz - dedi.
İshaq: - İnşallah - deyib vaqonun pilləsiylə qalxdı, kupesinə girdi, pəncərədən şərikinə əl elədi. Bir an sonra qatar tərpəndi, İshaq Ədhəm bəyin çevrilib uzaqlaşdığını gördü.
Avropa qatarlarına xas olan oturaq kupeni bütünlüklə almışdı ki, yol-yoldaşı olmasın, tanımadığı adamlarla ünsiyyəti sevmirdi. Həm də onsuzda axı macar dilini bilmirdi, Egerə dörd saatlıq yolda özü-özüylə, xatirə və arzularıyla tək qalmaq istəyirdi.
Qalstukunu açdı, şalvar-pencəyini, köynəyini soyunub mavi idman paltarını geyindi. Bir az dar çəkmələrini çıxardı. Ayaqları yumşaq şap-şapları içində xeyli rahatlaşdı. Vərdişli hərəkətlə qol saatına baxmaq istədi, dərhal da yadına düşdü ki, dünən axşam bahalı "Roleks" saatını Ədhəm bəyə bağışlamışdı. Ədhəm bəy bahalı hədiyyəni heç cür qəbul etmək istəmirdi. Nəhayət, bir şərtlə qəbul etdi:
- Söz verin ki, siqara içmeyi burakacaqsınız, Amerikada siqara yasaqı pek ciddidi. Saatlarla çəkən danışıqlarda siqar içmeden dözmeli olacaqsınız.
Otuz iki yaşlı İshaq bir çox ölkələrdə olmuşdusa da, ABŞ-a yolu düşməmişdi. Odur ki, şəriki Ədhəm bəylə bu işgüzar səfəri səbirsizliklə gözləyirdi. Yeni iri bir inşaat layihəsini amerikalı işdaşlarıyla razılaşdırıb imzalamalıydılar. Amerika şirkətiylə əməkdaşlıq təklifi Ədhəm bəydən gəlmişdi və İshaq dərhal razılaşmışdı.
Yeniyetməlik çağından Amerikanın heyranı idi. Ekranlarda gördüyü Amerika filmləri, Dyuk Elinqtonun, Erol Qardnerin, Stiv Vanderin, Sten Kentonun və neçə-neçə başqalarının caz və rok ifalarından ibarət zəngin fonokolleksiyası vardı. Oxuduğu kitablar - əvvəllər Cek Londonun, Drayzerin, Mark Tvenin, daha sonralar Heminqueyin, Folknerin, Skott Fitsceraldın rus dilində çıxmış romanları İshaqı bu ölkəyə valeh etmişdi. İldən-ilə müxtəlif səbəblərdən təxirə saldığı niyyəti ingilis dilini öyrənmək idi. Bu il bu işə mütləq ciddi girişəcəkdi. Ədhəm bəy də "uğurlu biznes üçün bu, ən önəmli şərtdir" - deyirdi. Ədhəm bəyin yarızarafat-yarıciddi bir tövsiyəsi də vardı. Amerika biznesində yəhudilərin çox mühüm nüfuzu olduğunu bildiyinə görə İshaqa təklif edirdi ki, soyadı Salmanzadənin "zadə"sini atsın. Adı da münasibdir, İshaq Salman tam bir yəhudi kimi səslənir. İshaq Salmanın həqiqi mənşəyini müəyyənləşdirənədək onu yəhudi biləcəklər, ona münasibət də özəl olacaq. Ədhəm bəy qəhqəhə çəkib: - Tabii, şaka yapıyorum - desə də, bu sözlər İshaqın yadında qalmışdı.
Ədhəm bəylə iki il öncə Soçidə işgüzar bir toplantıda tanış olmuşdular. İkisi də inşaatçı və eyni yaşda olduqları üçün dərhal dil tapmış, yaxınlaşmışdılar. Ədhəm bəy İshaqı macar iş adamı Lasloyla da tanış etmişdi və elə indi Budapeştdə də birgə lahiyələri dolayısıyla görüşmüşdülər. Amma o Soçi görüşünün İshaqçün daha önəmli bir cəhəti də vardı. Soçidə Laslonun tərcüməçisi tatar qızı Kamilla Kadırovayla tanış olmuş və nağıllarda deyildiyi kimi, bir-birinə bir qəlbdən min qəlbə aşiq olmuşdular.
Kamilla Moskvada Xarici Dillər İnstitutunda macar dilini öyrənmiş, kurs yoldaşı Qaborla ailə qurmuş, institutu bitirdikdən sonra Eger şəhərində yaşamağa başlamışdılar. Az sonra hansı səbəbdənsə (səbəbini İshaqa deməyi lazım bilməmişdi) nigahları pozulmuş, amma artıq Macarıstanda rus dilindən tərcüməçi kimi tanınan və müxtəlif şirkətlərin işinə cəlb edilən Kamilla elə Egerdə də qalmışdı.
İshaq da arvadından bir neçə il qabaq ayrılmışdı. Ərkinazla uğursuz nigahları cəmisi bir il çəkmişdi. Ərkinazın səbəbsiz, mənasız və İshaqı dığ edən qısqanclığına yalnız bircə il tab gətirə bildi. İşdə, ya hansısa tədbirdə qarşılaşdığı, telefonla danışdığı, ya ismarış aldığı hər qadın heç bir əsas olmadan Ərkinazçün qısqanclıq obyektinə çevrilirdi. Yersiz şübhələriylə İshaqı çərlədirdi.
Ərkinaz dünyada bütün qadınlara nifrət edirdi. Bir yarısına ona görə ki, onun fikrincə, həddən artıq gözəl idilər, o biri yarısına da, onun rəyincə yaman kifir olduqlarına görə.
Əlqərəz, göz yaşları, bayılmalar, hədələr, qara-qışqırıqlardan keçərək axır ki, üzülüşdülər.
Bu qısa sürən uğursuz nigahı İshaq vahiməli yuxu kimi, qarabasma kimi xatırlayırdı. Sonralar ara-sıra müxtəlif qadınlarla görüşsə də, bütün varlığıyla qurşandığı biznes aləmi ona şəxsi həyatıyla uğraşmağa macal vermirdi. Hannan-hana ağlına belə fikirlər gələndə, düşünürdü ki, daha heç vaxt sevə və sevilə bilməyəcək. Ta Kamillaya rast gələnəcən.
Neçə il macar qürbətində yaşayan tatar qızının öz millətinə doğma olan bir insanla rastlaşması, keçmiş həyatıyla bağlı nostalji hisslər, ya kim bilir daha nələr Kamillanın elə ilk günlərdən ovqatına hakim kəsildi və bu hisslər İshaqın da qarşılıqlı duyğularına tuş gəldi.
Müşavirə sona yetən günlərdə İshaq dəqiq başa düşdü ki, daha Kamillasız yaşaya bilməyəcək. Lasloyla Ədhəm bəyin şərikli şirkətlərinə Macarıstanı da qoşmaq təklifi bu ölkəyə səfərlə bağlı olduğuna görə dərhal İshaq tərəfindən sevinclə qarşılandı. Və budur, Kamillayla - İshaq ona bizimcə Kamilə deyirdi - ayrıldıqlarından üç ay sonra, Budapeştdən Egerə, onunla görüşə gedir. Dörd saatdan sonra Kamilə onu Eger vağzalında qarşılayacaqdı.
İshaq özünü xoşbəxt adam sayırdı. 44 günlük zəfər savaşından, 23 saatlıq möcüzədən sonra başqa heç bir dərd-səri, narahatçılığı, qayğısı qalmamışdı. Doğrudur, bir illik uğursuz nigahı və müdhiş boşanmanın fəsadları nəticəsində diabet qazanmışdı. Amma vaxtlı-vaxtında vurduğu insulin iynələri, atdığı həblər vasitəsiylə qanında şəkəri tənzimləyə bilirdi və bu xəbis xəstəlik hələ ki, ona ciddi problem yaratmırdı.
Tambura çıxıb siqaret çəkmək istədi, birdən yadına düşdü ki, vağzalda başı Ədhəm bəylə söhbətə qarışıb siqaret almağı unudub. Kupeyə qayıtdı, əlini şalvarının cibinə salıb bir neçə forint çıxardı, vaqon restorana getdi. Ədhəm bəy onu məzəmmət etməkdə haqlı idi. Bizneslə məşğul olasan, doğma dilindən və rus dilindən başqa heç bir əcnəbi dil bilməyəsən?
Macarstanda rus dilində bir şey soruşmaq isə əbəsdi. Hətta rus dilini bilən olsa da, bu dildə cavab verməyəcəkdi. Bunu Budapeştdə olduğu bir neçə gündə anlamışdı.
Vaqon restoranda bufetçiyə siqaret, siqar sözlərini ortaq bir dildə söyləsə də, adam başını buladı. Hətta jestlə siqaret çəkmək istəyini göstərsə də, bir nəticə hasil olmadı.
Bufetçi: elə hey "Ninç" deyirdi. Budapeştdə olduğu bu bir həftədə İshaq yalnız bu sözü öyrənmişdi: "Ninç", yəni "yox".
Bufetdə siqaret yoxmuydu, ya satılımırdımı, bunu anlaya bilmədi. Kupeyə əli ətəyindən uzun qayıtdı. Siqaret çəkmək ehtiyacı isə tərs kimi daha da şiddətlənirdi. Cib telefonunda saata baxdı səkkizə on dəqiqə qalırdı. Egere iki saat iyirmi dəqiqədən sonra çatacaqdılar. Birtəhər dözməliydi.
Bu fikirlər içindəykən birdən qatar dayandı. İshaq pəncərədən baxırdı. Düz onun vaqonun qarşısında köşkdə siqaret satırdılar. İshaq tələsik qatardan endi, köşkə yanaşdı, cibindəki forintləri uzadıb (artıq burda "Kent"in neçə forintə satıldığını bilirdi) bir qutu siqaret aldı. Çevrilib baxanda gördü ki, qatar hərəkət etməyə başladı. Hövlnak yüyürdü, ayağı büdrədi, yıxıldı, güc bəlayla ayağa qalxanda dəhşət içində gördü ki, qatarın son vaqonu uzaqlaşıb getməkdədir.
"Lənət şeytana" deyə bu işdə heç bir günahı olmayan şeytanı söydü. Bir müddət matı-qutu qurumuş halda qaldı. Vəziyyətin ciddiliyini get-gedə daha dərindən dərk edərək elə bil büdrəyən ayağının ağrısını da unutmuşdu. Vağzalın içinə girib qatarların getmə-gəlmə cədvəlinin qarşısında durdu. Egerə gedən qatarın da, Budapeştə gedən qatarın da bu adını bilmədiyi şəhərdə yalnız səhər saat yeddidə və yeddi otuzda duracağını təşvişlə müəyyənləşdirdi.
Narın yağış çisələməyə başlamışdı. Vağzalın içinə keçdi, taxta skamyada əyləşdi və düşünməyə başladı. Düşdüyü vəziyyətin çıxılmazlığı onu daha çox eyməndirir və təlaşlandırırdı. Neyləməli, necə etməli. Hafizəsinə arxalanmadığına görə bütün telefonlar, ünvanlar cib telefonunda, cib telefonu isə Egerə gedən qatarın kupesində idi. Nə qədər səy etsə də, nə Ədhəm bəyin, nə Laslonun, nə Kamilənin, nə də Bakıdakı telefon nömrələrinin heç birini yada sala bilmirdi. Bircə öz ev telefonunun nömrəsi yadındaydı, amma boş mənzildə kimə zəng edəcəkdi? Həm də burdan ora necə, neçəyə zəng edə bilərdi? Cibində bircə forinti də qalmamışdı. Tərs kimi aclıq da hiss etməyə başladı, axı iynəsinin vaxtını ötürmüşdü. İngiliscə cəmi iki-üç söz bilir, macarca isə "ninç"dən başqa bir kəlmə də bilmirdi.
Bu xudmanı vağzaldan aydın olurdu ki, kiçik bir əyalət şəhərində, ya qəsəbəsindədir. Çətin bu şəhərdə rus dili bilən ola, o ki qaldı türk, ya Azərbaycan dilinə. Düşdüyü vəziyyəti kimə və necə izah edə bilərdi? Bu vəziyyətdən hansı çıxış yolu vardı? Axşam saat səkkizdən sonra yəqin ki, bütün rəsmi idarələr bağlıydı. Hara üz tutsun, kimdən imdat diləsin?
Aclığı elə bil dəqiqəbədəqiqə şiddətlənirdi. Yadına düşdü ki, cəmisi iki dəfə iynənin vaxtını ötürüb və hər ikisində az qala koma vəziyyətinə düşmüşdü. Yaxşı ki, hardansa bir parça qənd tapıb ağzına qoymuş, özünü bir təhər iynəyə çatdırmışdı. Ətrafa boylandı. Hər hansı dükandan əsər-əlamət yoxdu. Ağzının içi qupquru qurumuşdu. "Nə olur olsun, ruhdan düşməyib iradəmi toplamalıyam. Ola bilməz ki bir çıxış yolu tapılmasın".
Gözlərini yumub düşünməyə başladı. Az sonra arxadan iki əl onun başını qucaqlayıb gözlərini örtməsini hiss etdi, sərin qadın əlləri idi.
Kamillanın əlləri... Möcüzə baş vermişdi. Kamilla nə sayaqsa onun düşdüyü vəziyyəti duymuş, tələsik özünü bura yetirmiş, İshaqın gözlərini əlləriylə qapamışdı. Yumşaq hərəkətlə sərin əlləri gözlərindən araladı qanrılıb geriyə baxdı. Qarşısında saçları yaşıl rəngə boyanmış, qalın sürməli gözləri və al qırmızı dodaqları olan qadın dayanmışdı. Qadın ona göz vurdu. İshaq başını buladı. Aydındı ki, fahişədi. Qadın diliylə dodaqlarını yaladı və bir daha İshaqa işarə etdi. İshaq: - ninç - dedi. Qadın gülümüsəyib onun saçlarını qarışdırdı və əliylə idman paltarını sığalladı. İshaq başa düşdü ki, əl çəkən deyil və onu cəlb edən yəqin ki, bahalı idman paltarıdır. Durub şalvarının boş ciblərini çevirdi.
Qadın:
- Fu - deyib burula-burula uzaqlaşdı.
İshaq gözlərini ovuşdurdu, yuxuydumu gördüyü, ya həqiqətdi? Əlbəttə, qadının Kamilə olduğunu zənn edəndə mürgüləyirmiş. Amma sonra olanlar real idi. Bəlkə bu qadını tale göndəribmiş, nə şəkildəsə onu çıxılmaz vəziyyətdən qurtara bilərmiş? Bu absurd fikri dərhal beynindən qovdu. Aclığı isə daha da çox hiss edirdi. Bütün vücudunu müc edən, taqətsizləşdirən, qanını soran bir zəliydi sanki...
Niyə vaqon restorona getmişkən vaxtından bir az qabaq nahar eləmədi? Niyə telefonu yanında deyil? Niyə milyonlarından ən çoxu iki yüz dolları götürmədi ki, taksi tutub Egere çatsın? Niyə? Niyə? Niyə? Cavabsız suallar beynini deşirdi.
Çıxılmazlıq az qala onu dəli edəcəkdi. Bir yandan da dəhşətli işəmək ehtiyacı hiss edirdi. Ətrafa boylanıb tualet lövhəsini axtardı, tapdı və ora tələsdi. Kəsilə-kəsilə gedirdi, özünü tualetə güclə çatdırdı. İçəri keçmək istəyirdi ki, qapıda dayanan yaşlı gözətçi qabağını kəsdi. Əvvəl onu niyə saxladığını anlamadı. Hansı dildəsə nə isə demək istədi. Kişi divardakı yazını göstərdi. Tualetə girməyin qiyməti yazılmışdı. İshaq bu axşam ikinci dəfə idman şalvarının ciblərini çevirdi, yəni ki, pulu yoxdu: "Ninç". Kişi laqeydcəsinə başını buladı və yenə yazını göstərdi. İshaq siqaret qutusunu kişiyə uzatdı ki, heç olmasa "Kent"in əvəzinə onu içəri buraxsın. İndi də kişi "ninç" dedi. İshaq özünü saxlaya bilməyəcəyindən, biabır olmaqdan qorxurdu. Daha dözə bilmirdi, kişini itələyib içəri keçdi, qapını bağlıyıb, yüngülləşdi.
Tualetdən çıxanda qapıçının yanında pəzəvəng bir polisi gördü. Polis vərdişli hərəkətlə İshaqın qollarını burdu və dartıb ardınca apardı. Elə buradaca vağzalın içində polis məntəqəsinə girdilər. Polis İshaqı qəfəsə salıb qapısını bağladı. İshaq azərbaycanca və rusca danışa-danışa əlinin işarəsiylə ac olduğunu bildirdi. Polis başını buladı. İshaq: Ay em diabet - dedi, qolunu göstərdi və iynə vururmuş kimi: - insulin - dedi. Polis "ninç" dedi. "İlahi, bu millət ninçdən başqa da bir söz bilirmi?" İshaq lap özündən çıxırdı. Polis bir stəkan su gətirdi və qol saatında 8 göstərdi. Təbii ki, səhər səkkiz. İshaq başa düşdü ki, onun məsələsi səhər səkkizdə həll olunacaq. Deməli, Eger, ya Budapeşt qatarlarına da çatmayacaq. Ancaq bunu polisə necə, hansı dildə izah edə bilərdi? Ona hansı cəzanı verə bilərlər? Cəriməylə canını qurtara bilməyəcək, çünki yanında bir qəpiyi də yoxdu. Səhər birtəhər başa salacaq ki, müstəqil Azərbaycan respublikasının vətəndaşıdır. Budapeştdəki səfirliyimizə müraciət olunmasını tələb edəcək. Amma hələ səhərə çıxmaq lazımdı. Aclıq şüurunu tamamilə dumanlandırmış, iradəsini müc etmişdi. Yox, bütün iradəsini toplayıb, bu gözlənilməz müşkül vəziyyətdən qurturmalıdır. Bəlkə yata, yuxulaya bilsə, aclığı hiss etməz. Divara yaslanıb gözlərini yumdu.
Bakıda, Ağ şəhərdə, yeddinci qatda, bütün mərtəbəni tutmuş mənzilində idi. Eyvana çıxdı. Qarşısında açılan mənzərə - geniş prospektlər, modern binalar, iri meydanlar, kölgəli yaşıl parklar və bir qədər aralıda mavi dəniz... Bol günəşli, mülayim iqlimli bir gün idi. Sərin meh saçlarını oxşayırdı.
Qəfildən evlərinin düz qənşərində, elə binalarının mərtəbələrinin sayı qədər sal bir divar əmələ gəldi. Bu divar yavaş-yavaş əyilib İshaqgilin binasının üstünə yeriməyə başladı. İshaq dərk edirdi ki, bir an sonra bu pəncərəsiz, qapısız məşum divar onların binalarının üstünə yıxılıb yerlə-yeksan edəcək. Eyni anda şəhərin bütün başqa binaları da alt-üst olacaq və dərhal bütün dünyada bütün evlər, şəhərlər, kəndlər tar-mar olacaq. Neçə vaxtdır gözlənilən nüvə müharibəsi belə başlayıb anındaca bitəcəkdi, zəncirvari reaksiya bütün yer kürəsini xarabaya çevirəcəkdi.
Ən qəribəsi oydu ki, İshaq bundan nə kədərlənir, nə vahimələnir, nə dəhşətə gəlirdi. Əksinə, içini qəribə bir fərəh hissi, bəxtəvərlik duyğusu doldurmuşdu. Bütün insanlığın bir an içində birlikdə həlak olması qəlbində bir arxayınlıq hissi oyatmışdı. Heç kəs, heç kəs qalmayacaqdı. Deməli, dünyanın sonu belə imiş, qiyamət günü dedikləri buymuş, tək, fərdi yox, hamılıqla birlikdə əbədi yoxluğa qovuşmaq nə xoş bir hissmiş.
Sübh tezdən polis qəfəsin cəftəsini açanda məhbusu yerə yıxılmış gördü. Nəbzini yoxladı. Tez polis həkimini çağırdı. Həkim adamın təqribən gecə yarısı keçindiyini müəyyənləşdirdi. Morqda məlum əlamətə görə meyitin müsəlman, yaxud yəhudi olduğu aydınlaşdı. Qəsəbədə müsəlman qəbiristanlığı olmadığı üçün yəhudi qəbiristanlığında basdırmağı qərarlaşdırdılar. Amma yəhudiliyini qəti təsdiq edən heç bir sənəd olmadığı üçün ravvin buna izin vermədi. Meyiti krematoridə yandırdılar və külünə yiyə duran olmadığına görə havaya sovurdular.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)