Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” (Naxçıvan bölməsi)
Biri var idi, biri yox idi... bütün heyvanların keçə bilmədiyi bir bağça var idi. Yaşıllıqları sevgi, mavi səması güzgü idi. Heyvanların maraqla seyr etdiyi bu bağça hər kəsə qapısını açsa da, bu qapı keçilməz, həsrət buraxılan çoxlu maneələrlə dolu idi.
Bir gün bu qapının ağzında bir bayquş və bir sərçə sıra gözləyirdi. Sırada o qədər fərqli heyvanlar, həşaratlar var idi ki, bayquş və sərçə yaşadıqları illər ərzində tanış olmadıqları bu canlıları görəndə çox təəccüblənmişdilər. Sıra artıq onlara gəlmişdi, onlar bağçaya girməyin həyəcanını yaşayır, onları nələrin gözlədiyini bilmədikləri üçün qorxurdular. İlk addımı bayquş atmışdı, çünki o, hər zaman qorxusuz, güclü, yırtıcı davranan və uçmağı sevən biri idi. Bayquş addım atdıqca özünü yerdə görür, ancaq gəlib çatdığı yer elə eyni yer olaraq qalırdı. Ən pisi də o idi ki, o yalnız masmavi səmanı görürdü, bunun səbəbi isə bayquşun yalnız mavi rəngi görmə xüsusiyyəti idi. Artıq yeridiyi göy üzündə çox yorulmuş, uçmağa icazə verilmədiyi üçün bezmişdi. Səbri çatmadı, dönmək istədi, başını 270 dərəcə döndərib geri və yana addım atmağa başladı. Yaşadığı müddətcə bütün heyvan və quşlara, həşaratlara eyni davranan bu bayquş nəinki başqalarına, heç özünə belə mərhəmət etməmişdi.
Bu bağça mərhəmət bağçası idi... Ona görə də bayquşun bu bağçadan keçə bilməməsi çox normal idi. Artıq həyatını mavi səmada izləyən bayquş çox incimiş, həmçinin burdan keçə bilmədiyi üçün qəzəblənmişdi. Çox peşman idi, mərhəmət göstərmədiyi özünə, heyvanlara, insanlara görə... Birdən o, bu bağçadakı sədləri keçib ailəsini, sevdiklərini görmə ümidini sanki qanadlarında külə döndərib cəld addımlarla çölə çıxdı. Sərçə yazıq-yazıq ona doğru gəldi və bayquşdan içəridə nələr gördüyünü və bağçadan keçə bilməmə səbəbini soruşdu. Bayquş əhvalatı danışmağa başladı. İllər ərzində insanların evlərinə yaxın yerlərdə mərhəmətsizcə ulayaraq onlara bəd xəbər verməsindən, insanların ağrı-acı duymasına görə necə zövq aldığından danışdı. Ancaq bu onun xisləti olduğunu, əslində, insanları xəbərdar etdiyini, gözlərini açmağa çalışdığını söylədi. Bayquş artıq fərqində idi ki, bu xəbərdarlıq çox acımasız olmuşdu. Sonda bayquş sərçənin əbəs çalışdığını, onsuz də bağçaya düşməyəcəyini izhar elədi.
Bayquş yenə mərhəmətli davranmamış, qarşıdakı sərçəyə əzab vermişdi. Göz yaşlarını balaca gözlərində saxlaya bilməyən sərçə isə hey ağlayır, hər göz yaşı axıtdıqca balaca bədəni taqətdən düşürdü. Son damla göz yaşı gözündən düşən sərçənin son nəfəsi də bədənindən çıxdı və o, yerə yıxıldı.
Axı sərçələr göz yaşı axıdanda ölürdülər…
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)