“Dəyirmanların ürəyi daşdan olmasaydı…” – CAVİD QASIMOV Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlərə portalın və jurnalın birgə təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyi münasibətilə keçirilən Poeziya müsabiqəsində fərqlənən gənc şairlərin şeirlərini təqdim edirik.

 

 

 

I YER

 

 

Cavid QASIMOV

 

 

***

 

Dil bilməyən sərçələr

Bu qışı da qarşıladı

Həyətimizdə.

Yenə dua edirlər:

– Bol olsun süfrələrin çörək qırıntıları...

 

Dəyirmanların ürəyi daşdan olmasaydı,

Köçməzdi ölkədən ölkəyə quşlar...

 

Zaman ötdükcə anlayıram ki,

Sünbül günəşdən də yandırıcıdır.

Yoxluğu nəinki yeriməyi bacaranlar,

Uçmağı bilən quşlar üçün də utandırıcıdır.

 

Gileylənmirəm, İlahi, gileylənmirəm.

Buna da şükür,

Bizi sərçələrin duaları saxlayır,

Sərçələri sən.

 

 

***

 

O gün yadımdadır, qarışqalar da

Yeraltıbahardan qayıdırdılar,

Çiçəklər təzəcə dil açmışdı ki,

Arılar nahardan qayıdırdılar.

Mən isə dənizdən şeir deyirdim

Qanadı qırılmış qağayılara.

 

O gün yadımdadır, yarasalardan

Gecənin qanını götürürdülər.

Hə, hə...

Yadımdadır çarpayısında

Uzanan adama köçürürdülər.

Mən isə həyatdan şeir deyirdim

Gecəni yatmayan səfil dostuma.

 

O gün yadımdadır, işıqforların

Gözləri hirsindən qan bağlamışdı.

Görmüşdü uzaqda işıq dirəyin

Kimsəsiz bir uşaq, qucaqlamışdı.

Mən isə anadan şeir deyirdim

Körpələr evinin darvazasında.

 

O gün yadımdadır, dostum gəlmədi,

Onu da bayraqla gətirmişdilər.

Heç vaxt uzaqlara ata bilməyən

Ayağın uzaqdan götürmüşdülər.

Mən isə yollardan şeir deyirdim

Oğlu itkin düşmüş ata evində.

 

O gün yadımdadır, ağaclar hələ

Körpə meyvələrin bəsləyirdilər.

Dəcəl uşaqları meyvə dərməyə

Kölgə-kölgə düşüb səsləyirdilər.

Mən isə qocaya şeir deyirdim

Meyvədən xəbərsiz əlağacından.

 

O gün yadımdadır, xatırlayıram:

Daha günüm yoxdur xatırlanası.

Söz verdim Allaha, şeir yazmaram

Qadın qulağına pıçıldanası.

O gün yadındadır?

– Yadımda deyil...

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.