“Rəngli karandaşlar” - Ayaz Səlimxanoğlunun hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə gənc Ayaz Səlimxanoğlunun “Rəngli karandaşlar” hekayəsini təqdim edəcəyik. 

 

Cəbhəyə yolumuz Cəbrayıl rayonundan keçirdi.

Hava yavaş-yavaş qaralmağa başlamışdı. Sırada sonuncu tank bizim olduğundan komandirimiz gecəni şəhərə yaxın bir yerdə gecələməyi əmr etdi. İkimərtəbəli yaşayış binalarının yaxınlığında uşaq bağçasına oxşar köhnə bir tikili vardı. Tankımızı o tikilinin qarşısında saxlayıb, aşağı endik. Gecə ekipaj ilə birlikdə növbəli olaraq tankın yanında gözətçi olduq. Mənim növbəm gecə saatlarına təsadüf etdi. O gecə qətiyyən gözümə yuxu getmədi. Bağçanın qarşısında, yamyaşıl otların üstündə arxası üstə uzanıb, göyün üzündə sayrışan ulduzlara baxırdım. Ulduzlar sanki Ayın başına dolanır, Ay isə diqqətlə mənim üzümə baxırdı. Uzandığım yerdən ayağa qalxdım. Çox sakit gecə olduğundan, çöməlib dizimin üstündə ayın rəsmini aramla gündəliyimə çəkməyə başladım. Aradan bir neçə saat keçmişdi, elə bil tank komandirim pis yuxu gördü, səs-küylə tankdan endi, gündəliyi əlimdə görüb, özündən çıxdı:

- Ayaz! Gecənin bu vaxtı kimə məktub yazırsan?

- Komandir, məktub yazmıram, rəsm çəkirəm, - gülə-gülə dedim.

- Ayaz, sən cəbhəyə gələndən, özünü lap uşaq kimi aparırsan...

Heç kəsin eşitməyəcəyi asta bir səslə dedim: - Komandir, uşağam da, 18 yaşım təzə tamam olub, bax, hələ uzumdə əməlli tük də çıxmayıb...

...Sentyabr ayının ilk həftəsi idi. Səhər təzə açılırdı. Tanka söykənib təzə doğan günəşə, dağlara, ətrafda olan yaşıllıqlara tamaşa edirdim. Artıq səhər tezdən insanlar küçələrdə dolaşırdı. İşə tələsən adamlar, məktəbə gedən müəllimələr, şagirdlər, hamısı məni  salamlayırdı. Ağ önlüklü, uzun saçlı, saçlarında qoşa ağ bant olan kiçikyaşlı bir məktəbli qız mənə tərəf yaxınlaşıb:

- Salam, əsgər əmi, sənə "çətə" gətirmişəm, -  dedi.

- Salam, gözəl qız, nə gətirmisən? - mən də təəccüblə soruşdum.

- Çətə! Çətə bilmirsən nədir, əsgər əmi?

Elə bildim mənə məktub gətirib. Qızın qabaq dişləri olmadığından kətə sözü dilində çətə kimi səslənirdi. 

Qız çantasını açıb ağa bükülmüş bağlamanı mənə tərəf uzadıb, şirin ləhcə ilə dilləndi:

- Götür, əsgər əmi, anam səninçün göndərib.

Utana-utana ağa bükülmüş bağlamanı əlimə götürdüm. Bağlamanı açanda gördüm ki, göy qutabıdır. Od kimi isti qutabların ətri məni valeh etdi. Göy qutabından elə bil anamın ətri gəldi. Anam göy qutabını tez-tez bişirərdi. Gözümdə anamın ocaqda qutab bişirdiyi anlar canlandı. Bir neçə dəqiqə danışıb-dinmədim, gözlərim doldu, göz yaşlarımı güclə saxladım ki, məktəbli qız göz yaşlarımı görməsin. Boğula-boğula, ona "çox sağ ol" dedim. Ayrılmaq istəyəndə ondan soruşdum:

- Gözəl qız, sənin neçə yaşın var?

- Səkkiz yaşım var, adım da Gülərdi. Məktəbdən qayıdanda bağlamanı  götürəcəm, - deyib sevincək uzaqlaşdı.

 

2

 

Cəbhə yoldaşlarım tankın içindəki yerlərində əyləşib mürgüləyirdilər. Üç əsgər idik. Bir əsgər yoldaşım da məntəqədə keşik çəkirdi. Bağlamanı yaşıl otların üstündə açıb, onları da dəvət etdim. Birlikdə əyləşib bəh-bəhlə qutabları yedik. Qutablardan birini də keşikdə olan cəbhə yoldaşıma saxladım.

Düzü, kətə nə olduğunu mən bilmirdim. İlk dəfə Gülərin dilindən eşitdim. Biz tərəflərdə kətəyə göy qutabı deyirlər.

Gülərin məktəbdən dönməsini gözləyirdim. Fikirləşdim ki, Gülər üçün nəsə bir maraqlı hədiyyə hazırlayım. Tankın içindən bir "PK" silahının patronunu götürüb, barıtını boşaltdım, çəmənlikdəki rəngbərəng, gözəl çiçəklərdən dərib, patronun içinə yerləşdirdim. Çox əntiqə bir hədiyyə alındı. Onun məktəbdən dönməsini gözləyirdim ki, qutabla gələn boş süfrəni hədiyyəmlə birlikdə ona verim. Kiçik məktəblilər yolboyu gülə-gülə, oynaya-oynaya məktəbdən gəlirdilər. Geyimlərindən bir-birlərinə çox oxşayırdı. Gülərin onlardan fərqi məktəbli çantasının narıncı rəngli olması idi. Uzaqdan gördüm ki, Gülər də gəlir, amma o, mənim üzümə baxmadan düz getdi. Arxasınca "Gülər, Gülərim" səslədim, dönüb arxaya baxmadı. Özüm də təəccüblü qaldım ki, görəsən, bu qıza nə olub. Tez iti addımlarla onun qarşısına çıxıb, şirin-şirin onu dindirdim:

- Salam, Gülər, nəsə olub? Qaşqabaqlı görünürsən, deyəsən, dərsindən iki almısan.

Gözləri dolub qalmışdı, ağlamağı gəlirdi, dodaqlarını büzüb titrək səslə dedi:

- Sən uşaqları tüfəngləyirsən!

Eşitdiklərimə inanmadım, təkrar soruşdum:

- Nə edirəm? Onu sənə kim deyib ki, mən uşaqları tüfəngləyirəm?

Mən onun nə demək istədiyini  yaxşı başa düşdüm, amma özümü elə aparırdım ki, guya heç nə bilmirəm. Mən bilirdim ki, o, məktəbdə sinif yoldaşlarına mənim haqqımda danışıb. Ucadan danışdığımı görən qız, göz yaşlarını saxlaya bilməyib, hönkür-hönkür ağladı. Onun göz yaşlarını görüb dizlərimi onun qarşısında yerə qoydum və onu inandırmağa çalışdım:

- Gülər, bax, mənim heç tüfəngim də yoxdur. Olsa da, biz əsgərlər heç düşmən uşaqlarını da tüfəngləmirik, axı uşaqların heç bir günahı yoxdu... Mən də uşaqları dünyalar qədər çox sevirəm.

- Əsgər əmi, doğrudan da,  sənin tüfəngin yoxdur?

- Yoxdur, Gülər, yoxdur. Mən rəssamam, istəyirsən, sənin də rəsmini çəkim. Gündəliyi qoltuq cibimdən çıxarıb, çəkdiyim rəsmlərdən ona göstərdim. Gülər rəsmlərə diqqətlə baxdıqdan sonra gülümsədi və dərindən nəfəs alıb dilləndi:

- Əsgər əmi, doğrudan da, bu şəkilləri sən çəkmisən?

- Bəli, mən çəkmişəm. Bax, çəkdiyim son rəsm, "Aylı gecə"dir. Sən dünən gecə mışıl-mışıl yatanda, mən gecə yatmayıb ayın rəsmini çəkirdim.

 

3

 

Gülər həqiqətən də, mənim rəssam olduğuma inanıb, ağappaq pambıq kimi əlləri ilə göz yaşlarını silib  boynuma sarıldı. Məni bərk-bərk qucaqlayıb titrək əlləri ilə əlimdən tutdu, sevincək gözlərimə baxıb:

- Əsgər əmi, mənim də bacımın şəklini çəkə bilərsən? - ərklə soruşdu.

- Bəli, çəkə bilərəm. Bacın hardadır? Çağır, gəlsin, səninlə birlikdə onun da rəsmini çəkim.

- Bax, bacım pəncərədən bizə baxır, bax, o pəncərədən.

O, sağ əlini qaldırıb bacısı olduğu pəncərəni mənə göstərdi. Gözlərimə inanmadım, tankımızın lüləsi düz onların yaşadığı evin pəncərəsinə tuşlanmışdı.

Pəncərədən bizə boylanan körpə qızın başında qırmızı panama, əynində güllü don var idi. Bir əlini də yuxarı qaldırıb elə bil məni salamlayırdı. Çox dəhşətli bir səhnə idi, körpə pəncərədən baxır, tankın lüləsi də düz körpə olan pəncərəyə tuşlanıb. Mən belə  bir rəsmi necə çəkə bilərdim, belə çıxır ki, mən həqiqətən də qatıləm. Nə deyim, necə edim, bilmədim. Özümü itirdim, bir anlıq dilim tutuldu, nəfəsim qurudu. Güləri bu fikirdən daşındırmaq üçün onun üzünə baxıb dedim:

- Gülər, mənim bircə qələmim var, o da qara qələmdir. Mənə rəngli karandaşlar lazımdır ki, sənin bacının şəklini çəkə bilim.

- Əsgər əmi, gözlə, mən indi sənə öz karandaşlarımı gətirirəm, - deyib, qaçaraq evlərinə tərəf getdi.

Onun evdən geri dönməsini gözləyirdim. Pəncərədən boylanan körpəyə diqqətlə baxırdım. Amma nədənsə bu körpə heç yerə tərpənmirdi. Mənə çox qəribə gəldi ki, niyə bu körpə hərəkət etmir.

Gülər rəngli karandaşları gətirib mənə tərəf uzatdı: - Götür, səndə qalsın, anam mənə yeni karandaşlar alacaq.

- Gülər, bacının şəklini bu axşam çəkəcəm. Səhər sən məktəbə gedəndə verərəm. Sinif yoldaşlarına da göstərərsən. Məni komandir çağırır, getməliyəm, sən də get evə, dərslərini oxu.

Onunla sağollaşıb komandirin yanına gəldim.

Komandir: - Ayaz, bilirəm, uşaqları çox sevirsən, onlar bizim gələcəyimizdir, amma biz onları düşməndən qorumalıyıq, ona görə də axşam saat 6-dan sonra silahını da götürüb məntəqəyə gedərsən. Bizim taqımdan olan əsgəri də əvəz edərsən.

Axşama kimi bir neçə dəfə cəhd etsəm də, pəncərədən boylanan körpənin rəsmini çəkə bilmədim. İstəmirdim mən rəsm çəkəndə komandir görsün.

Saat 6-nın yarısı tankın yanından aralanıb, gəzə-gəzə gəlib məntəqəyə çatdım. Məntəqədə keşikdə duran döyüşçü yoldaşımı əvəz etdim. Qaradinməz əsgər idi. Ondan xahiş etdim ki, səhər tez gəlib məni məntəqədə əvəz etsin. O da məndən təəccüblə xəbər aldı: -Səhər tezdən hara getməlisən?

- Gedəsi yerim yoxdur, bu gün səhər balaca bir məktəbli qız bizə göy qutabı gətirmişdi, sənin payını da saxlamışam. Həmin balaca qıza söz vermişəm ki, səhər o, məktəbə gedəndə onunla tankın yanında görüşüm.

 

4

 

- Ayaz, səni başa düşdüm, amma sabah bazar günüdür, dərs yoxdur. İnanmırsansa, divardan təqvim asılıb, özün baxa bilərsən. Ayaz, onu da deyim ki, məlumatın olsun, sabah gecə Cəbrayıldan Laçına, ön cəbhəyə yollanırıq. Batalyon komandirinin əmridir!

- Ola bilsin, səhər tezdən məktəbli qız tanka yaxınlaşıb məni xəbər alsın, - deyərsən ki...

- Nə deyim ki, Ayaz?

- Heç nə demə, tankın içində mənim yerimdə onun bağlaması var, bağlamanın yanında onun balaca bir hədiyyəsi var, bağlama ilə birlikdə hədiyyəni də ona verərsən...

Cəbhə yoldaşım məntəqədən uzaqlaşdıqdan sonra, yaxınlaşıb divardan asılan təqvimə baxdım: 06.09.1992-ci il, həqiqətən, bazar günü idi.

Dalğın-dalğın yollara baxırdım. Gülərin o ürək parçalayan sözləri qulağımdan getmirdi. Özlüyümdə fikirləşdim ki, necə olursa-olsun, körpənin rəsmini çəkməliyəm, çəkməsəm, təkcə Gülərin yox, bütün məktəbli şagirdlərin yaddaşında yalançı əsgər kimi qalacam. Gecəni keşikdə durmaq çox məsuliyyətlidir, olduqca ayıq-sayıq və hər an döyüşə hazır vəziyyətdə olmalısan. Səhəri gün axşama yaxın macal tapıb rəsmi gündəliyimə çəkdim. Ola bilsin ki, mən bir daha Güləri görməyim, ona görə də çəkdiyim rəsmin sonunda tarıx, vaxt, bir də keşikdə olduğumu qeyd etdim.

Qaş qaralan vaxtı tankın səsini eşidib məntəqədən çölə çıxdım. Cəbhə yoldaşlarımla birlikdə ön cəbhəyə yollandıq. Əsgər yoldaşımdan tez-tələsik Güləri xəbər aldım.

- Ayaz, Gülər səhər tezdən gəlib səni xəbər aldı, eşidəndə ki, sən yoxsan,  çox pərt oldu və üzümə baxıb titrək səslə dilləndi:

- Əsgər əmiyə deyərsən ki, pəncərədən baxan bacım deyil, mənim kuklamdı... 

...Cəbhədən sağ-salamat geri dönsəm, Gülərin təhsil aldığı məktəbə yollanacam, çəkdiyim rəsmi sinif yoldaşlarının qarşısında Gülərə verib, qürurla deyəcəm:

- Mən Azərbaycan əsgəriyəm! Mən uşaqları tüfəngləmirəm, mən uşaqları düşmən top-tüfəngindən qoruyuram!

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.